Tuesday, August 8, 2017

Əzdiyi xalqın ayaqları altında bitən tiranlar

İstər yaxın, istərsə də uzaq tarixə nəzər saldıqda bir qanunauyğunluğu asanlıqla sezmək olur: sərhədsiz, hüdudsuz hakimiyyət talançılığa başlayıb, sonra mənəvi aşınmaya keçir, sonda isə sıradan küçə əxlaqsızlığına yuvarlanır. Bütün bu ardıcıllığın da məntiqi sonu bəllidir. Roma boyda imperiyadan tutmuş Sovetlər Birliyinədək hamısı məhz bu yolu keçib. Kiçik Azərbaycan da bu mənada istisna deyil, çünki bu, ümumi ictimai inkişafın qanunauyğunluğudur. Orta əsrlərin içki məclislərindən başı açılmayan oyuncaq krallarından, qadın düşkünü olan kəmağıllı şahlarından tutmuş üzdə qüdrətli görünən imperatorlara, yeri-göyü lərzəyə gətirdiyi iddia edilən müasir diktatorlaradək hamısı bu qanunauyğunluğun qurbanı olub. Çünki sönmək bilməyən hakimiyyət ehtirasının və bu hakimiyyət vasitəsilə acgözlüklə varlanmağın apardığı yolun məntiqi sonu budur.  
İndi bir çoxları sual verir ki, son günlər baş verən avtoqətliama görə İlham Əliyev kimisə (konkret halda, "Qaçqınkom" sədri Əli Həsənovu) tutduğu vəzifədən kənarlaşdıracaqmı? Əslində sualın özü çox sadəlövh görünsə də, Mehdiyev klanına xidmət edənlərin "baba nəvəyə görə məsuliyyət daşımır" "tezisini" ortaya atması bir çox pərdəarxası mətləblərə işıq salır. Elə Əli Həsənovun özünün ilk baxışdan adi görünən açıqlaması da. Amma bu barədə bir qədər sonra.
Son avtoqətliam sadə azərbaycanlılar üçün bəzi məqamları üzə çıxardı. Məsələn, sıradan azərbaycanlı üçün məlum oldu ki, Əli Həsənovun aşıb-daşan, harın, qudurğan, indi isə həm də qatil 21 yaşlı nəvəsi bir neçə həftə əvvəl Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızı ilə evlənib. Onunla ötüşən digər "avtoş"un atası isə Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovla bacanaqdır. Elçin Quliyev - Kəmaləddin Heydərov sıx əlaqələrini də bura əlavə etsək, deməli söhbət artıq kifayət qədər böyük bir klandan gedir. Burdan da belə nəticə ortaya çıxır ki, bu iki "avtoş" təsadüfən rastlaşıb ötüşməyə başlamayıblar, onlar eyni çevrədə, eyni klanda olanların törəmələridir. Bütün bu ierarxiyanın başında duran Ramiz Mehdiyevi və onun etibarlı silahdaşı Ramil Usubovu da bura əlavə edəndə çevrə bir qədər də genəlir. O zaman ölkəni hörümçək toru kimi bürümüş bu çevrənin başında duran Ramiz Mehdiyevin yaxın qohumu olan Əli Həsənovun özünün "hüquqi məsuliyyət fərdi məsələdir" açıqlaması da "çevrənin" və ya klanın mesajı kimi qəbul olunmalıdır. Xeyr, bu heç də cəmiyyətə verilən mesaj deyil. Mesajın ünvanı birbaşa əliyevlər ailəsidir. Qaldı "Qaçqınkom" sədrinin açıqlaması ilə unison səslənən deputat Astan Şahverdiyevin sərsəmləməsinə və nəhayət, Mehdiyev klanına işləyən psevdomüxalifət nümayəndələrinin "baba nəvəyə görə məsuliyyət daşımır" iddialarına, onlar da bir növ həmin mesajın gücləndirilməsinə yönəlmiş addmlar kimi qəbul edilməlidir. Klan demək istəyir ki, Əli Həsənovdan əlinizi çəkin, ona toxunmağınız sizə baha başa gələ bilər. Deməli, indi İlham Əliyev də ciddi-ciddi düşünməli olacaq: ya o, heç nəyə məhəl qoymadan Əli Həsənovu işdən kənarlaşdıracaq, ya da klanla mübadiləyə (daha doğrusu, alverə) gedib Əli Həsənovun öz ərizəsi ilə işdən getməsinə razılaşacaq. Özü də indi yox, bir neçə aydan sonra. Çünki birinci halda yuxarıda qeyd etdiyim mesajları verən klan əks-hərəkətə keçə bilər ki, bu da indiki həssas dönəmdə ailə hakimiyyətinə əlavə problemlər yaradar. Bütün sadaladıqlarıma Mehdiyev klanının həm də "kolon" olmasını (Rusiyanın 5-ci kolonu) da əlavə edəndə vəziyyət bir qədər də qəlizləşir. Ən azı cəsarətsiz, iradəsiz və qətiyyətsiz İlham Əliyev təxminən belə hesablama aparacaq. Artıq dəfələrlə açıq-aydın görünüb ki, İlham Əliyevin kök atmış klanlara və onların yüksək vəzifəli təmsilçilərinə gücü çatmır və bu da təbiidir. Çünki Əliyevlərin hakimiyyəti və ailə rifahı məhz həmin klanın vasitəsilə əldə olunub və qorunmaqdadır. Amma bu klanlar- və ailələrarası savaşda artıq tam unudulmuş bir tərəf də var ki, onun hərəkətə keçmək zamanı sürətlə yaxınlaşmaqdadır. Həm də o dərəcə sürətlə ki, artıq İlham Əliyevin Əli Həsənov və ya başqa birisi, hətta Ramiz Mehdiyev barəsində belə verəcəyi qərarın ona heç bir təsiri olmayacaq. Bu, ataları və babaları tərəfindən amansızcasına talandıqdan sonra onların özləri kimi əxlaqdan, mənəviyyatdan və intellektdən uzaq törəmələri tərəfindən təkərlər altına atılan xalqdır. İndi onun zamanı başlayır. Çünki yuxarıda qeyd etdiyim həmin ictimai qanunauyğunluğun əsas və son (həlledici) iştirakçısı talanmış, əzilmiş, sındırılmış xalq olur. Bu da həmin qanunauyğunluğun ayrılmaz tərkib hissəsidir. Ən qəddar, ən amansız tiranlar da əzdiyi xalqın ayaqları altında can verir. 

Demədi deməyin...     

Friday, August 4, 2017

Harın törəmələr və qaçqınların yanan pulları

Dünən baş verən və cəmiyyəti silkələyən avtomobil qəzasında yanan bir neçə yüz minlik "Mercedes Gelendewagen" deyildi, yurd-yuvasından didərgin düşmüş insanlarımızın pulları idi. Yoxsa kimsə düşünür ki, "Qaçqınkom" sədrinin nəvəsi müstəsna biznes istedadı ilə qazanıb bu pulları? Yoxsa elə bilirsiniz bu hakimiyyətdə oturanların kəmağıllı törəmələri ucdantutma nadir istedad sahibləridir? Xeyr, bunların hamısı bizim, sizin, millətimizin, dövlətimizin talanmış sərvətləri hesabına yaranmış "vunderkindlərdir". Biri bütün tələbatlarını ödəyib şairliyə keçib, sərsəm "şerlərilə" milləti dolayır, digəri uğurlu "biznes" qurub üstəlik də öz nadir istedadını rəssamlıqda tapıb, üçüncüsü bəstəkarlıq edir, qalanları da sən demə anadangəlmə Formula pilotu imiş. Yeri gəlmişkən, kimsə hesablayıb bu azğınların nə qədər insanı (təbii ki, kasıb, kimsəsiz insanları) yollarda vurub öldürdüyünü? Xeyr. Əgər DİN rəsmiləri Əli Həsənovun azğın nəvəsinin adını belə çəkmirsə, hansı statistikadan söhbət gedə bilər? Anlaşılandır ki, DİN bu məsələdə xüsusilə maraqlı tərəfdir. Necə? Çox sadə: Ramiz Mehdiyevin əbədi silahdaşı olan Ramil Usubovun obyektində kimin ağzı nədir ki, bu adı çəksin. Yəqin bilirsiniz niyə. Bilməyənlər bilsin ki, Baş nazirin müavini Əli Həsənov Ramiz Mehdiyevin dosdoğmaca qohumudur. Belə ki, onlar iki xalaqızı ilə evləniblər. Əslində, bundan sonrasını yazmaq mənim qaydalarıma ziddir, amma məsələnin məhz qaçqınlarla, Qarabağın işğalı ilə birbaşa bağlı olduğunu nəzərə alaraq yazmalıyam. Belə ki, həmin xalaqızıların ikisi də erməni millətindəndir. İndi görün biz nə qədər avam bir cəmiyyətik ki, erməni işğalından əzab çəkən millətimizin yüz minlərlə nümayəndəsinə dövlətdən (heç kimin dədəsinin cibindən yox!) ayrılan pulları erməni törəmələrinin yediyi azmış kimi, hələ üstəlik də qudurub at oynadır, milləti ayaqları altında məhv edirlər.
Odur ki, yanan pullar öz ölkələrində haqsız-hüquqsuz insana çevrilən və həmin o ayaqlar altında qalan qaçqına məxsus pullar idi. Çünki onlar qaçqına çatmalı idi, Əli Həsənovun azğın nəvəsinə yox.
Məndən bu qədər, çünki daha deyəcək sözüm yoxdur.

Tuesday, July 11, 2017

Düzənsiz dünya yeni düzən ərəfəsində


2016-cı ildə keçirilən ABŞ prezidentinin seçkiləri nəticəsində İkinci Dünya Müharibəsindən sonra mövcud olan və qlobal stabilliyin təminatçısı kimi mühüm əhəmiyyət kəsb edən geosiyasi konstruksiya sürətlə dağılmaqdadır. Belə ki, əvvəllər də geniş müttəfiq düşərgəsinə malik olan, SSRİ dağıldıqdan sonar isə bu düşərgəni bir qədər də genişləndirən və həm də öz hərbi-siyasi müttəfiqlərinin təhlükəsizliyinin əsas təminatçısı kimi çıxış edən Amerika Birləşmiş Ştatlarının mövcud administrasiyası indi səylərini daha çox ölkənin daxili məsələlərinin həllinə yönəltməkdədir. Hələ Barak Obama administrasiyası dövründə başlayan və bu yeni siyasi tendensiyanın Donald Tramp tərəfindən daha qabarıq və sistemsiz şəkildə davam etdirilməsi müşahidə olunmaqdadır. Dünənki tərəfdaşları üçün etibarlı təminatçı rolunda çıxış edən ABŞ bu gün az qala onların rəqibinə çevrilir. Ən azı hələlik iqtisadi cəhətdən bu, məhz belədir. Tramp administrasiyasının yürütdüyü və heç bir strateji vektoru olmayan sistemsiz xarici siyasət son 70 ildə ABŞ-ın ən yaxın iqtisadi və hərbi müttəfiqi olmuş Avropa ölkələrində çaşqınlıq yaratmaqla yanaşı, həm də Avropa Birliyinin Fransa və Almaniya kimi aparıcı ölkələrinin siyasi rəhbərliyini Avropanın öz xarici siyasət konsepsiyasının yaradılması üzərində düşünməyə vadar edir. ABŞ-ın Avropadakı ən yaxın müttəfiqlərindən sayılan Almaniyanın kansleri Angela Merkelin NATO sammitindən həmən sonar səsləndirdiyi "Biz artıq heç kəsə güvənə bilmərik və Avropa öz müqəddəratını özü həll etməlidir" bəyanatı və bir qədər sonra "Fransa və Almaniya Avropanın mühərriki rolunu öz üzərinə götürməlidir" mesajını təkcə seçkiqabağı populist çıxış kimi dəyərləndirmək yanlış olardı. Şübhəsizdir ki, məhz bu tip bəyanatların ardınca keçirilən rəy sorğuları xanım Merkelin və onun rəhbərlik etdiyi Xristian Demokratik İttifaqının reytinqinin sürətlə yüksələrək bu partiyanın payızdakı federal seçkilərdə inamlı qələbə çalacağını üzə çıxardı. Amma məsələyə bir qədər fərqli rakursdan baxdıqda bunu həm də alman cəmiyyətində mövcud olan siyasi ab-havanın göstəricisi kimi anlamaq olar. Görünür, Tramp administrasiyasının Avropaya yönəlik siyasəti fonunda ictimai rəyin ABŞ-Almaniya münasibətlərində yer alan yeni tendensiyaları necə dəyərləndirməsi məsələsində təcrübəli lider xanım çox da yanılmamışdı. Başqa sözlərlə, bəyanatların verəcəyi effekt seçkiqabağı təbliğat baxımından da dəqiq hesablanmışdı.

Digər tərəfdən, prezident seçkisi ərəfəsində Rusiya ilə münasibətləri yaxşılaşdırmağı vəd edən Donald Tramp Ağ Evə sahib olduqdan sonra bu vədin reallaşdırılmasının düşünüldüyü qədər də asan olmayacağını qəbul etməkdədir. Yeni prezidentin bu istiqamətlə atmaq istədiyi bütün addımlar təkcə rəqib Demokratlar partiyasının deyil, onun sədri olduğu və Konqresin hər iki palatasında söz sahibi olan Respublikaçılar partiyasının əsas liderləri tərəfindən də sərt və ardıcıl müqavimətlə üzləşdi. Bu fonda Tramp administrasiyası öz xarici siyasətində hələlik 2 vektor üzrə hərəkət etməyə  məcburdur - Yaxın Şərq və Sakit okean hövzəsi. Başqa sözlə, Suriya və Şimali Koreya. Lakin bu istiqamətlərdə də Vaşinqtonun xarici siyasəti sistemli və ardıcıl görünmür. Xüsusilə də Yaxın Şərq siyasəti. Amma Suriyada gah Əsəd ordusuna, gah da onun opponentlərinə qarşı sərt addımlar atan Vaşınqtonun bu ölkəyə dair siyasətinin konturları belə aydın görünmür. Digər tərəfdən də ABŞ-ın bölgədə əsas müttəfiqləri kimi İsraili, Səudiyyə Ərəbistanını və Misiri görməsinin öz-özlüyündə xeyli ziddiyyətlər doğurması azmış kimi, Suriyada kürd silahlı qruplarının silahlandırılması hımin ziddiyyətləri bir qədər də dərinləşdirir. Bu gün öz təsirini Yaxın Şərqə yaymağa çalışan Rusiya isə öz növbəsində bölgənin ən önəmli ölkəsinin Türkiyə olduğunu yaxşı anlayaraq Ankara ilə münasibətlərə xüsusi həssaslıqla yanaşır. Vaşinqton NATO üzrə müttəfiqinin milli təhlükəsizliyinə təhdid yaradan kürd silahlılarına dəstək verməklə sanki Türkiyə-Rusiya ittifaqının yaranmasına təkan verir. Təsadüfi deyil ki, Qətər böhranı zamanı ABŞ birmənalı olaraq Səudiyyə Ərəbistanını və onun müttəfiqlərini dəstəkləsə də, Türkiyə açıq şəkildə Qətəri müdafiə mövqeyini tutdu və bu, özünü təkcə Dohaya siyasi və iqtisadi deyil, həm də hərbi dəstək şəklində ifadə etdi. Mövcud şəraitdə bölgədə həmçinin Rusiya-Türkiyə-İran əməkdaşlığının güclənməsi ehtimalı artır ku, bu da Yaxın Şərqdə əvvəlkilərdən tamamilə fərqli geosiyasi mənzərənin yaranması demək olardı. Digər tərəfdən də Pakistanın və həmçinin Küveyt, Oman kimi körfəz ölkələrinin də Qətər böhranında ehtiyatlı mövqe nümayiş etdirməsi, “Müsəlman NATO-su” kimi təqdim edilən hərbi alyansdan məsafələşməsi Vaşinqtonun onsuz da solğun görünən Yaxın Şərq müttəfiqlik formatında daha ciddi boşluqlar yarada bilər. Lakin problem bununla da bitmir. Belə ki, ABŞ-ın Yaxın Şərq müttəfiqlərinin ən azı ikisi - İsrail və Səudiyyə Ərəbistanı supergüclə müttəfiqliyi həm də İranı cilovlamaq imkanı kimi nəzərdən keçirərək, bu istiqamətdə böyük ğözləntilər qurur. Prezident D. Trampın və Pentaqon şefi C. Mətisin zaman-zaman Iran əleyhinə səsləndirdikləri sərt bəyanatlar də həmin gözləntilər üçün əlavə ümidlər verir. Amma ABŞ-ın hətta bölgədəki müttəfiqləri ilə birlikdə Tehrana qarşı bu və ya digər hərbi güc xarakterli addımlar atacağı inandırıcı görünmür. Bunun üçün Vaşinqtona  Avropadakı NATO üzvü ölkələrlə anlaşa bilmək lazımdır ki, bu da vacib olduğu qədər də inandırıcı görünmür. Avropa ölkələrinə Yaxın Şərqdə yeni destabilizasiya amilinin yaranması və bunun ardınca baş verə biləcək hərbi-siyasi, iqtisadi və humanitar böhranlar lazım deyil. Xüsusilə də söhbət 80 milyona yaxın əhalinin yaşadığı ölkədən gedirsə. Üstəlik, Avropada İranın Iraq, Suriya və ya Əfqanıstan olmadığını da nəzərə alırlar. Digər tərəfdən isə yuxarıda qeyd etdiyim kimi, Almaniya və Fransa kimi ölkələr Tramp Amerikasını sabit və güvənli müttəfiq kimi qəbul etmir.

Nəhayət, mövcud ABŞ administrasiyasının aydın strateji hədəflərə söykənən xarici siyasət doktrinasının olmaması Avropadakı ənənəvi tərəfdaşlarını onunla münasibətlərdə bir qədər də ehtiyatlı olmağa sövq edir. Vaşinqtonun bəzi Şərqi Avropa ölkələrindən Qərbi Avropa ölkələrinə təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri və Rusiyaya loyallığı isə onun Avropa siyasətindəki xaotikliyi və etimadsızlığı bir qədər də dərinləşdirir.

Nəticədə isə bütövlükdə Avropa Birliyi və ayrı-ayrılıqda onun aparıcı dövlətləri bu qurumun fərqli və tamamilə yeni xarici siyasət strategiyasının yaradılması zərurəti ilə üzləşməli olurlar. Bu isə yalnız Rusiyanın maraqları üçün münbit zəmin yaradır. Son 10 il ərzində ABŞ-Avropa münasibətlərində “çatlar” axtaran Moskva bu gün ona geniş manevr imkanları yarada biləcək vakuumla “mükafatlandırılmış” olur, amma bir o fərqlə ki, həmin vakuumu bu dəfə Qərb ölkələrinin özləri yaradır. Daha doğrusu, əsasən mövcud ABŞ administrasiyası. Lakin belə bir boşluğun yaranması da hələ Moskva üçün qarşısına qoyduğu hədəflərə çatmaq demək deyil. İkinci Dünya Müharibəsindən sonra məlum səbəblərdən qlobal siyasətdən uzaqlaş(dırıl)mış Berlin də bunu qlobal siyasətə qayıtmaq üçün son 70 ildə yaranmış ən real imkan kimi nəzərdən keçirə bilər. Almaniya iqtisadiyyatının miqyasını və mövcud geosiyasi reallığı (xüsusilə də Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi barədə referendumun qərarı) nəzərə aldıqda isə Almaniya-Fransa cütlüyü üçün bu, heç də əlçatmaz hədəf kimi görünməməlidir. Deməli, yaxın zamanlarda Vaşinqton-Brüssel (daha dəqiq desək, Paris və Berlin), Vaşinqton-Ankara, Vaşinqton- Tehran münasibətlərinə aydınlıq gətirilməyəcəyi halda dünyanın böyük dəyişikliklər ərəfəsində olması iddiası heç də təxəyyül məhsulu kimi görünməməlidir. 21-ci əsr qlobal siyasətində hələlik “müşahidəçi” kimi görünməyə üstünlük verən və sürətlə həm iqtisadi intervensiyasını, həm də hərbi potensialını artırmağa davam edən daha bir supergücün – Çinin də gözləmə mövqeyində olduğunu nəzərə aldıqda nizamsız-düzənsiz dünyanın növbəti inkişaf mərhələsinə keçid prosesində olduğu aydın görünür.  Qlobal miqyasda böyük dəyişikliklər isə əksər hallarda həm də böyük münaqişələr, böyük kataklizmlər və təəssüf ki, böyük insan itkiləri deməkdir. Ən azı son yüzilliyin tarixi belə deyir.

Tuesday, June 6, 2017

Niyə Qərb yox, Rusiya?

Azadlıq radiosuna son müsahibəmdə Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiqləri barədə söylədiyim fikirlər çoxsaylı suallar, iradlar və tənqidlər doğurdu. Bunun belə olacağını da bilirdim və müsahibəni götürərkən hörmətli jurnalistimiz Şahnaz Bəylərqızının bu barədə xəbərdarlığına da elə müsahibənin sonunda cavab vermişəm. Hər şey bir yana, məni hətta Rusiyapərəstlikdə ittiham edənlər də tapıldı. Təbii ki, söhbət ciddi insanlardan gedir, layk sayı xatirinə sosial şəbəkələrdə yaşayanlardan yox.  Beləliklə.
Əvvəla, demokratiya, qanunun aliliyi, insan hüquq və azadlıqlarınin qorunması kimi dəyərlər ümumbəşəri dəyərlərdir və azadlığa, müstəqilliyə can atan hər bir fərd və toplum üçün ən əhəmiyyətli hədəflərdir. Elə Azərbaycan və azərbaycanlılar üçün də bu belə idi və ölkədəki kütləvi məyusluğa baxmayaraq, bu gün də belədir. 25 illik müstəqillik tariximizdə bu yolda nə qədər səylərimizin və qurbanlarımızın olduğunu sadalamağa da məncə ehtiyac yoxdur, amma 25-illik, başqa sözlərlə bir qərinəlik dövr özü müəyyən qənaətlər üçün yetərincə əhatəli müddətdir. Bu illər ərzində Baltikyanı ölkələrin və ya elə Ukraynanın demokratiya baxımından nələri və necə əldə etdiyi və ya itirdiyi barədə danışmaq istəmirəm, çünki bu mənada bizə həm tarixi, həm coğrafi, həm də xeyli digər parametrlər üzrə daha yaxın olan örnək var - Gürcüstan. Məhz bu ölkə ilə bizi azı son 200-illik, yəni, Rusiyanın Qazqaza gəlişindən bu günədək olan dövrü əhatə edən oxşar tarixi inkişaf bağlayır. Amma fərqli məqamlar da var. Məsələn, keçən əsrin 80-cı illərinin sonlarından başlayan milli-azadlıq hərəkatı Azərbaycanda ifrat demokrat Elçibəyi, Gürcüstanda isə ifrat millətçi və ekstremist Zviad Qamsaxurdiyanı hakmiyyətə gətirmişdi. Və yaxud, hər 2 ölkədə Rusiya çevriliş edib milli hakimiyyətləri dəyişdikdə Rusiya Gürcüstanda hakimiyyətə Eduard Şevardnadzeni, Türkiyə və Qərb isə Azərbaycanda Heydər Əliyevi gətirmişdi. Və yaxud... 2003-cü ildə Rusiya və Ərdoğan Türkiyəsilə birləşib Azərbaycanda korrupsioner İlham Əliyevi saxtakarlıqla hakimiyyətə gətirən Qərb bunun ardınca Gürcüstanda "Qızılgül inqilabını" uğurla həyata keçirib islahatçı Mixeil Saakaşvilini hakimiyyətə gətirmişdi. Sonuncu faktın özü bir çox mətləblərə aydınlıq gətirsə də, amma Qərbin Azərbaycanda demokratiya istəməsi barədə nağıllara inananlar hələ də var. Daha çox faktlar sadalamaq olar, amma məncə buna ehtiyac yoxdur, çünki elə son 1 ayda baş verənlərə diqqət yetirmək kifayət edəcək. Son bir ayda baş verənlər isə bunlardır: Azərbaycanda bir vətəndaş fəalı həbsxanada öldürülür, 48 ordu zabiti Ermənistan kəşfiyyatına işləmək saxta ittihamı ilə həbs olunur (onlardan 4-ü həbsdə "ölür"), bir jurnalist Gürcüstandan oğurlanaraq Bakıya gətirilir, digəri elə Bakıda həbs olunur, üçüncüsü isə Gəncədə həbs olunaraq vəhşicəsinə işgəncələrə məruz qoyulur. İndi gəlin, bunlara olan reaksiyalara baxaq: ABŞ-ın və Böyük Britaniyanın Gürcüstandakı səfirləri Əfqan Muxtarlının oğurlanaraq Azərbaycana gətirilməsilə bağlı Gürcüstan hökumətindən izahat istəyir. Britaniyanın Azərbaycandakı səfiri isə digər avropalı həmkarları kimi susur, çünki ingilis atalarsözündə deyildiyi kimi, susmaq - neftdir, qazdır. Düzdür, ABŞ-ın Azərbaycandakı səfiri danışır, amma... Azərbaycanla ABŞ arasındakı strateji partnyorluq, enerji əməkdaşlığı barədə. Maraqlıdır, elə deyilmi? Bəs Qərb ölkələrinin bəyan etdikləri demokratik dəyərlər Azərbaycanda niyə yada düşmür? Sanki Əfqan Muxtarlını Gürcüstandan oğurlayıb Marsa aparıblar. Ümumiyyətlə, son illər kimsə Qərb diplomatlarından (hüquq müdafiəçilərilə qarışdırmayaq) insan hüquqları ilə bağlı vəziyyətin Azərbaycanda günü-gündən pisləşməsinə nəsə bir münasibət görüb və ya eşidibmi? Azərbaycandakından qat-qat yumşaq olan Belarus rejiminin başçısı Lukaşenkonu "Avropanın sonuncu diktatoru" elan edib, ona sanksiyalar tətbiq edən Qərbin...

Bəli, mən də daim Azərbaycanın Avropaya inteqrasiyasının, ölkədə demokratik və hüquqi idarəçiliyin qurulmasının, Avropada və ABŞ-da mövcud olan cəmiyyət modelinin təşəkkül tapmasının tərəfdarı olmuşam, tərəfdarıyam və bu mövqedə də qalacağam, amma bu, bizə lazım olan, bizim arzuladığımız modeldir. Qərb necə, Azərbaycanı demokratik, azad, hüquqi cəmiyyət kimi görmək istəyirmi? Xeyr, istəmir, çünki onun Azərbaycandan istədiyi və əldə etdiyi tamamilə fərqli "dəyərlərdir". Onları isə təmin edən bugünkü Azərbaycan hakimiyyətidir. Məhz buna görə də qərblilərin azərbaycanlılar haqqında tez-tez işlətdiyi "tolerant xalq" ifadəsi özündə bizə münasibətdə heç bir müsbət yük daşımır və tərcümədə də Heydər Əliyevin "Azərbaycan xalqı dözümlü xalqdır" tezisindən başqa bir şey deyil. Yəni, itaətkar xalq. Odur ki, deyəsən, bizim ən böyük yanlışımız da elə itaətkar olmağımızdır. 
Rusiya haqqında söylədiyim fikrə gəlincə, əvvəla, qeyd edim ki, bizim Rusiyadan onsuz da xüsusi bir umacağımız heç zaman olmayıb və bu gün də yoxdur. Biz Rusiyanın özümüzə münasibətini 200 ildir görürük, onun acısını çəkirik və bu münasibət dəyişən deyil. Amma müsahibədəki fikrimi bir daha təkrarlamaq istəyirəm: əgər Azərbaycandakı bugünkü siyasi şəraiti Rusiya dəyişəcəksə, bu, onun 200 ildə Azərbaycan xalqına ən böyük və ən əvəzsiz töhfəsi olardı, çünki Qərb bunu nəinki heç zaman etməyəcək, hətta hakimiyyətin ailə üzvlərinin birindən digərinə keçməsini var gücü ilə təmin edəcək və sonra da onu qoruyacaq. 2003-cü ildə olduğu və bu gün də davam etdiyi kimi... Necə ki, bu gün "şirə qoxusunun" haradan gəldiyini duyan qərbli diplomatlar paşayevlər klanının hakimiyyətdəki ən cılız, bəzən isə adi ailə tərbiyəsindən belə uzaq olan təmsilçilərinin çağırışlarına qaçaraq gedirlər. Bu isə artıq görə-görə gəldiyimiz sadə bir həqiqətdir. Əlbəttə ki, görə bilənlər və görmək istəyənlər üçün. 
Odur ki, Qərbin Azərbaycanda demokratiya, insan haqları, fundamental azadlıqlar kimi dəyərlərin təşəkkül tapmasını istəməsi barədə illüziyalardan xilas olub soyuqqanlı mövqe ortaya qoymalıyıq. Çünki bugünkü real siyasət belə tələb edir. Xüsusilə də dünya siyasətinin indiki vəziyyətində, İkinci Dünya Müharibəsindən sonra yaranmış və 70 il qlobal sabitliyi, qlobal təhlükəsizliyi təmin etmiş geosiyasi konstruksiyanın sürətlə çökdüyü, mövcud ABŞ administrasiyasının Almaniya, Fransa, Kanada, Türkiyə kimi ənənəvi strateji tərəfdaşları ilə münasibətləri dağıdıb, Səudiyyə Ərəbistanı tipli dövlətlərlə əlaqələri özünün xarici siyasət prioritetinə çevirdiyi bir vaxtda. Bu kontekstdə Azərbaycan hakimiyyətinin son zamanlar Səudiyyə Ərəbistanı kimi yumşaq desək, bir dövlətlə tərəfdaşlığa bu qədər can atması, Ər-Riyadın ölkə mətbuatında Azərbaycanın strateji müttəfiqi olması barədə beyinlərə yeridilən təbliğat anlaşılan deyilmi? Qərb üçün neft və qaz mənbəyi olduğumuz azmış kimi, indi də Səudiyyə Ərəbistanı və onun tipli dövlətlər üçün 30 milyon azərbaycanlının yaşadığı İrana qarşı hərb meydançasına çevrilməliyik ki, sonra da hansı bataqlığa girdiyimizi anlayaq? Nəhayət, bizə daha nələr eləməlidilər ki, sadə həqiqətləri görə, reallığı anlaya bilək, "bu nə takkatukdur?" deyib baş sındırmayaq? Əlbəttə, ABŞ-da keçirilən son seçkilərdən sonra rəsmi Bakının bir növ himayəsiz qalması anlaşılandır. Elə bu səbəbdən Amerikanın özündə fasiləsiz olaraq tənqidlərə, istehzalara, sərt ittihamlara məruz qalan Donald Trampın şəninə söylənilən fikirlər də başa düşüləndir. Əliyev hakimiyyətinin xarici himayədarlara sonsuz ehtiyacı var, çünki o, xaricdən təyin olunub və daim xarici maraqların diqtəsi altında işləyib. Təbii ki, üzdə özünü daim müstəqil göstərməklə və elə həmin himayədarlarına arxalanaraq bir sıra hallarda həm də diş qıcamaqla. Amma istənilən halda Səudiyyə Ərəbistanı hətta bu məsələdə də alternativ deyil və ola da bilməz. Ən azı ona görə ki, Tacikistan prezidentilə də əl tutub görüşən Donal Trampın İlham Əliyevə də quruca bir əl uzatmasına nail ola bilmədi. Adi bir salam-əleykümü də strateji tərəfdaşa çox gördülər və imkan vermədilər ki, indi bu barədə qalaq-qalaq məqalələr yazılaydı, müdrik siyasətin Azərbaycan xalqının rifahına, ölkənin analoqu olmayan inkişafına verəcəyi bəhrələr barədə ağıllı-ağıllı şərhlər veriləydi, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı barədə reportajlarla ölkə oxucusunun beyni aparılaydı. Keçmiş olsun, deyək. Atalar demiş, ağası Gülüm olanın... Bu, Əliyev iqtidarıdır və onun istənilən seçimi, addımı, davranışı təəccüb doğurmamalıdır, çünki onun davranışı siyasət deyil... 
Amma çox təəssüf ki, Azərbaycanda hələ də Qərb təmsilçiləri qarşısında dördqat əyilib, bununla da onların lütfkarlığına nail olacağını, hakimiyyətə gətiriləcəyini sadəlövhcəsinə düşünən başqaları da var. Xeyr, bu olmayacaq, çünki əvvəla bu Qərb artıq o Qərb deyil və ikincisi, Qərb düşüncəsi mütiliyi tərəfdaşlıq kimi yox, elə mütilik kimi qəbul edir. Ona görə də Qərblə istənilən əməkdaşlıq yalnız  bütün həqiqətləri olduğu kimi ortaya qoymaq və bərabərtərəflilik üzərində qurula bilər. İtaətkarlıq göstərmədən, öz şəxsiyyətinə və milli heysiyyatına hörmət eləməklə. Nəhayət, dünənki, həm də bugünkü Qərb Azərbaycandakı tərəfdaşını çoxdan seçib. 
Mən belə görürəm. Başqalarının da başqa cür görmək haqqı var. Amma görmək üçün də heç olmazsa baxmaq lazımdır.   

Yeri gəlmişkən:   Bu günlərdə Vaşingtonda amerikalı tarixçi alim, Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə mütəxəssis sayılan xanım Odri Altştatın (Audrey Altstadt) Azərbaycanla bağlı yeni kitabının təqdimatı keçirilmişdi. Təqdimatdan sonra ukraynalıların təsis etdiyi və Youtube portalında 70-ə yaxın baxış sayı olan internet tv kanalına müsahibəsində xanım-professor aparıcının Azərbaycanda insan haqları və demokratiya sahəsində ciddi problemlər olması barədə sualına cavabında deyir: "Mən bu ölkənin müstəqilliyinin ilk illərindən başlayaraq Azərbaycan arxivlərində xeyli çalışmışam və anladığım bu olub ki, Azərbaycan milli düşüncəsində hələ sovetlər dönəmindən əvvəl də güclü lider, "güclü əl" amilləri mühüm rol oynayıb. Bu baxımdan da 2015-ci ildən bu yana ölkədə rəy sorğuları keçirilməməsinə rəğmən düşünürəm ki, əhalinin əhəmiyyətli hissəsi İlham Əliyevi tam dəstəkləyir."
Bu da sizə azərbaycanlıların tolerant, daha doğrusu itaətkar xalq olması barədə qərb siyasətinin baş tezisinin "elmi əsaslandırılması". 

Maraqlıdır ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri (yəni, bizi də siyasi baxımdan Gürcüstanla və Ermənistanla birlikdə Qafqazda deyil, məhz Mərkəzi Asiyada görürlər) üzrə mütəxəssis olan xanım Altştat həm də ABŞ hökumətinin bu ölkələr üzrə məsləhətçisidir. 
Güclü əl demişkən, Sovet imperiyasının Stalin, Beriya və Orcenikidze kimi "güclü əlləri" bəşəriyyətə Azərbaycan xalqı deyil, Qərbin israrla demokratik inkişafa yönəltdiyi və dəstəklədiyi Gürcüstan bəxş edib.  

Azadliq radiosuna son müsahibəm

‘Əliyevlər yoxdur artıq, paşayevlər var...’

İyun 02, 2017

Birinci vitse-prezident Mehriban Əliyeva atası Arif Paşayevlə. Jurnalist araşdırmalarında Paşayevlərin bir çox gəlirli biznes sahələrinə nəzarət etdikləri göstərilir.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, ABŞ-da yaşayan Ərəstun Oruclu AzadlıqRadiosu-na müsahibəsində Azərbaycanda baş verənlərdən danışıb.
– Ərəstun bəy, bu aralar hadisələr ard-arda baş verdi, əvvəla, Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresi ləğv edildi, Azərbaycan ordusunda Ermənistana casusluqda ittiham edilən qüvvələr tapıldı, Gürcüstanda həbslər aparıldı, iyunun 1-də prezident administrasiyasına yeni təyinatlar oldu, kimlərsə qıraqda qaldı. Nə baş verir? Son baş verənlərin bir-biriylə və ən əsası, Rusiya ilə bağlılığı varmı? Statuslarınızdan birində yazmışdınız ki, Rusiya Azərbaycanda hakimiyyəti dəyişir.
Ərəstun Oruclu
Ərəstun Oruclu
– Hələlik, görünən budur ki, xaricdən ciddi təzyiq var. İlham Əliyev də çıxışında xüsusi vurğuladı ki, ölkənin daxilində heç bir problem yoxdur, Azərbaycana təhdidlər yalnız xaricdəndir. Başqa bir məqama diqqət yetirək, son vaxtlar ABŞ prezidenti Donald Trump-ın Əliyevə adi, ənənəvi bir məktubunun hökumətə yaxın və hökumət mətbuatında bəh-bəhlə, ABŞ-la Azərbaycanın strateji müttəfiqliyi kimi təqdim olunmasından belə qənaətə gəlmək olar ki, təhdid Rusiyadan gözlənilir. Məhz həmin diaspora təşkilatının Rusiya Ədliyyə Nazirliyi tərəfindən ləğvi, hakimiyyətə yaxın mətbuatın Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ilə məişət səviyyəsində atışması, antirusiya məqalələrinin tonunun və həcminin artması təsadüfi deyil, əlbəttə. Təzyiqlər var. Bu təzyiqlərin fonunda hakimiyyətin daxildən möhkəmləndirilməsi istiqamətində addımlar atılır. İlham Əliyev deyəndə ki, daxildə heç bir təhdid yoxdur, yumşaq desək, qeyri-səmimiliyə yol vermişdi. Onun komandasının bəlkə də 90 faizi rusiyapərəst və Rusiya 5-ci kolonuna daxil olan şəxslərdir. Bu gün (iyunun 1-də) onların bir hissəsi kənarlaşdırıldı.
“Moskva yaxınlarda hərəkətə keçəcək və Azərbaycanda müəyyən dəyişikliklər edə bilər”
– Siz Prezident Administrasiyasına yeni təyinatları nəzərdə tutursunuz?
– Bəli. Bu gün onların bir hissəsi kənarlaşdırılır, hakimiyyətə, daha doğrusu, hakim ailəyə daha sadiq, etibarlı və kor-koranə qulluq edənlər irəli çəkilir. Bununla da ailə hakimiyyəti möhkəmləndirilir. Nəzərə alsaq ki, hakim ailə özünə təhdidi Rusiyadan görür, Rusiya isə balaca dövlət deyil və onun Azərbaycandakı imkanları 500 nəfər məmurla məhdudlaşmır, deməli, atılan addımlara kompleks şəkildə baxmalıyıq. Hakimiyyətin sərtləşməsini, həbslərin artmasını, onların daha da kriminallaşmasını görürük. Bunların hamısını bir yerə yığanda, paralel olaraq, iki prosesin getdiyini görürük və ikisi də eyni məqsədə xidmət edir. Həm hakimiyyətin daxildən möhkəmləndirilməsi, həm də cəmiyyətdə qorxunun, xofun artırılması.
– Rusiya indiki məqamda Azərbaycana niyə təzyiq edir?
– Bu, artıq geosiyasi müzakirənin predmetidir, ilk növbədə də Vaşinqtondakı hakimiyyət dəyişikliyi, ötənilki prezident seçkiləriylə bağlıdır. Rusiya bilir ki, okeanın o tayından təhdid var və bu təhdidin istiqamətləri aydın görünür. O da buna hazırlıq görür. Bu gün Trump-la ABŞ hakimiyyət iyerarxiyası arasında sərt dava gedir. Trump komandasının ətrafındakı həlqə daralmaqdadır, bir sıra məmurları Rusiyayla əlaqələrinə görə ifşa olunub, bunun davamı da gəlir. Nə qədər ki, Vaşinqtonda baş qarışıb Rusiya müəyyən profilaktik addımlar ataraq ətrafını möhkəmləndirilməlidir. Bu halda da Azərbaycan prioritet hesab olunur.
– Niyə Azərbaycan?
“Deməli, Gürcüstan hökuməti Azərbaycanla bilavasitə işbirliyindədir. Bu, yenilik deyil. Ruslan Bəşirli məsələsini yada salaq. O zaman - 2005-ci ildə hələ demokrat Saakashvili hakimiyyətdə idi”
– Məsələ burasındadır ki, Trump komandası küncə sıxışdırıldıqca İranla münaqişə daha ciddi şəkildə gündəmə gələ bilər. Vaşinqtonda xeyli suallar doğursa da, Trump ilk xarici səfərini Səudiyyə Ərəbistanına etdi və ABŞ-dan 110 milyard dollarlıq silah alınması ilə bağlı anlaşma əldə olundu. Bu silahlar İrana yönəlib. ABŞ hakimiyyəti ətrafındakı həlqə daraldıqca böhrandan çıxmaqdan ötrü İranla münaqişəni gündəmə gətirə bilər. İran da Rusiyanın cənub cinahıdır, onun Yaxın Şərqdə etibarlı, daimi müttəfiqidir. Yəni bu halda Rusiya İrana birbaşa çıxış əldə etmək, İranla silah alış-verişini, hərbi əməkdaşlığı nəzarətdə saxlamaq üçün Azərbaycana çox böyük ehtiyac duyur. Azərbaycanın İranla birbaşa sərhədi var. Bütün bunları nəzərə alanda Rusiya Azərbaycandan ciddi güzəştlər gözləyir, o cümlədən, Bakının öz xarici siyasət kursunu müəyyənləşdirib Avrasiya İqtisadi Birliyinə, Gömrük İttifaqına daxil olmasını istəyir. Düşünürəm ki, Kremlin emissarı Dugin (Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin-i nəzərdə tutur) Bakıya bu məqsədlə gəlmişdi. Məhz bundan sonra Azərbaycan ordusunda kütləvi həbslər başladı, hərbçilər Ermənistana işləməkdə suçlandılar. Bildiyim qədər, 48 hərbçi həbs edilib, onlardan 4-ü həbsxanada qətlə yetirilib. Tutalım, bu adamlar casusdur. Niyə onların günahı məhkəmədə sübuta yetirilmir? Düzü, bu qədər zabitin erməni kəşfiyyatına işləməsinə inanmıram. Bu, elə vətəndaş cəmiyyəti fəallarına, jurnalistlərə, müxalifətçilərə irəli sürülən saxta ittihamların digər bir formasıdır. Görünür, Kremldən Bakıya hansısa hədə gəlib, o da əks addım atmağa məcbur qalıb, yəni bəlkə də hesab edib ki, İlham Əliyev hakimiyyəti üçün ən ciddi təhdid ordu ola bilər. Bu gün ordu ilə bağlı atılan addımların xüsusi çəkisi var. Əvvəla bilirsiniz ki, prezidentin hərbi məsələlər üzrə köməkçisi işindən uzaqlaşdırıldı.
– Vahid Əliyev.
– Bəli. Ardınca bu işlərlə məşğul olan Məhərrəm Əliyev də işdən uzaqlaşdırıldı. Son təyinatlarla Ramiz Mehdiyevin mövqelərinin zəiflədilməsi prosesi gedir. Düşünürəm ki, yaxın zamanlarda ordu rəhbərliyində də dəyişiklik olacaq. Bundan sonra ailə hakimiyyəti güc strukturlarında da möhkəmlənəcək. Onu da istisna etmirəm ki, daxili işlər naziri dəyişdirilə bilər.
– “Ailə hakimiyyəti” deyəndə kimləri nəzərdə tutursunuz, – əliyevləri ya paşayevləri?
– Əliyevlər yoxdur artıq, paşayevlər var. Vaxtilə prezidentin dost-doğmaca əmisi Cəlal Əliyev bunu deyib. Artıq söhbət paşayevlər ailəsindən gedir.
– Ərəstun bəy, gözləmək olarmı, 2018-ci il prezident seçkiləri zamanı paşayevlərin hakimiyyətə gəlişi rəsmiləşəcək?
– Bu qədər qarışıq vəziyyətdə hələ gedib 2018-ci ilə çatmaq lazımdır. Prinsipcə, 2018-ci ildə kimin prezident olmasının əhəmiyyəti də yoxdur, bu, İlham Əliyev olacaq, ya Mehriban Əliyeva. Bu gün biz siyasətdə ifrat dərəcədə dözümsüzlük görürük. Məsələn, Gürcüstanda belə bir əməliyyatın keçirilməsi və jurnalist Əfqan Muxtarlının Azərbaycana gətirilməsi normal hakimiyyətə lazım olmayan addımdır. Yəni bununla göstərdilər ki, baxın, bizim əlimiz Gürcüstana da çatdı, orda da kimlərisə tutdururuq, qovdururuq, tutub gətiririk.
– Yeri gəlmişkən, Gürcüstanın bu məsələdə mövqeyini necə dəyərləndirirsiniz?
– Artıq Eynulla Fətullayevin məqaləsində adı çəkilən 3 nəfər bu və ya başqa formada Gürcüstanda neytrallaşdırılıb: Fərman Ceyranlı, Daşqın Ağalarlı, Əfqan Muxtarlı. Deməli, Gürcüstan hökuməti Azərbaycanla bilavasitə işbirliyindədir. Bu, yenilik deyil. Ruslan Bəşirli məsələsini yada salaq. O zaman - 2005-ci ildə hələ demokrat Saakashvili hakimiyyətdə idi. Gürcüstan hökuməti demokratik imic yaratsa da, bütün bu cinayətlərdə iştirak edib. Azərbaycan hakimiyyətinin məqsədi isə primitiv xofyaratma əməliyyatıdır. Amma bütün bu intriqalar, xofyaratma, resursların bir ailə əlində toplanması fonunda Azərbaycan cəmiyyətində ifrat yoxsullaşma gedir. Bu şəraitdə cəmiyyəti bir tək xofla qidalandırmaq mümkün olmayacaq. Cəmiyyətin kütləvi etirazı zamana bağlı məsələdir. İqtisadi iflas bu sürətlə davam edəcəksə, 2018-ci ilə qədər yaşaya bilmək lazımdır.
– Bu durumda Azərbaycan hakimiyyəti Rusiyayla mübarizədə dirəşəcək, yoxsa geri çəkiləcək?
“Əgər Azərbaycandakı siyasi vəziyyəti Rusiya dəyişəcəksə, buna da çox neqativ yanaşmaq lazım deyil. Bu, ictimai inkişaf baxımından müsbət tendensiya kimi dəyərləndirilməlidir”.
– Əslində, İlham Əliyev ölkənin Moskvanın nəzarətinə qaytarılmasına razılaşa bilər. Başqa tərəfdən görünən budur ki, Rusiya bunu istəmir. Rusiya bilir ki, Əliyev İsrailə, ABŞ-ın müəyyən çevrələrinə sıx bağlıdır, Türkiyə ilə birbaşa əlaqəlidir, Səudiyyə Ərəbistanıyla çox ehtiyatlı şəkildə əlaqələr yaratmağa çalışır. Rəsmi mətbuatda Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı Azərbaycanın siyasi müttəfiqi kimi qələmə verilir. Bu da acınacaqlı durumdur, bu üç dövlətdən ikisi terroru rəsmən dəstəkləyir. Türkiyə isə elə bir yoldadır ki, bizə verəcəyi heç bir müsbət örnək yoxdur. Azərbaycan dövlət olaraq həqiqətən çox çətin dönəmdədir, bunda da İlham Əliyev və komandasının müstəsna xidmətləri var. İndi də hakimiyyəti itirməmək üçün hər şeyə əl atır. Buna görə də korrupsioner, əliəyri, zorakılığa meylli, terrorçu tör-töküntülərlə əməkdaşlıq edir. Bu da ölkəyə yaxşı heç nə vəd etmir.
– Yaxın aylarda proseslər hansı istiqamətdə davam edəcək?
"Bu gün reallıq budur ki, Azərbaycanda dövlət yoxdur, bütün dövlət institutları darmadağın olub".
– Trump administrasiyasına bel bağlamaq, onun Azərbaycan üçün Rusiyayla döyüşə girməsini gözləmək düz deyil. Rusiyanın təsir imkanlarını isə sadalamaqla bitməz. Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyi düz anlamışamsa, Moskva yaxınlarda hərəkətə keçəcək və burda müəyyən dəyişikliklər edə bilər. Hətta düşünürəm ki, bu, Azərbaycan üçün də pis olmaz. Bataqlıq çürüməyə doğru gedir, nəsə tərpəniş olmalıdır ki, cəmiyyətdə yeni tendensiyalar yaransın. Əlbəttə, heç zaman arzulamamışam ki, Azərbaycan Rusiyanın təsir dairəsində olsun, 200 ildə Rusiyanın Azərbaycanda nələr etdiyini yaxşı bilirik. Amma çox təəssüf ki, milli azadlıq hərəkatının ilk günlərindən özünün demokratik, hüquqi dövlət yaratmaq istəyini Qərblə bağlamaq istəyən Azərbaycan cəmiyyəti də Qərbin korrupsioner siyasəti sayəsində məyus oldu. 1991-ci ildə Azərbaycanın tarixi şansı yaranmışdı ki, normal dövlət qursun. Amma Azərbaycan xalqının bu səyləri bir qrup qərbli korrupsionerin, lobbiçinin, dələduzun maraqlarına qurban verildi. Əgər Azərbaycandakı siyasi vəziyyəti Rusiya dəyişəcəksə, buna da çox neqativ yanaşmaq lazım deyil. Bu, ictimai inkişaf baxımından müsbət tendensiya kimi dəyərləndirilməlidir.
– Bu fikrinizə görə, yəqin ki, tənqid olunacaqsınız.
– Məni tənqid edənlər desinlər görüm Azərbaycan 25 il Qərblə əməkdaşlıqda nə əldə etdi?
– Ərəstun bəy, biz işğalçı, Azərbaycanı təxminən 200 il əsarətdə saxlayan dövlətdən danışırıq. Onun burda nəzarəti bərpa etməsi ölkənin süqutu, müstəqilliyin sonudur. Bununla necə barışmaq olar?
– Bunu çox yaxşı anlayıram. Bunu məndən çox danışan, məndən çox antirus mövqeli ekspert olmayıb. Ancaq Qərb bizə nə verdi? Rusiyanın əyaləti olan Ermənistan Azərbaycandan daha demokratikdir. Təbii ki, mən də ürəyimin dərinliyində Azərbaycanın müstəqilliyini itirməsini, Rusiyanın təsir dairəsinə qayıtmasını istəmirəm. Amma etiraf edək ki, müstəqillik azərbaycanlıları çox məyus etdi, azərbaycanlıların fərqli gözləntiləri vardı. Bu gün reallıq budur ki, Azərbaycanda dövlət yoxdur, bütün dövlət institutları darmadağın olub. Kimsə düşünürsə ki, Rusiyanın Azərbaycana siyasi müdaxiləsindənsə, bugünkü status-kvonu qoruyub saxlamaq daha məqbuldur, buyursunlar, xoşbəxt olsunlar. Onlara uğur arzulayıram.

Sunday, March 12, 2017

Ayaq səsləri gələn Azərbaycan faciəsi

Hər şeydən əvvəl qeyd edim ki, məsələni hərtərəfli araşdırdıqdan sonra bu yazını yazmaq qərarına gəldim.
Bunu ən müxtəlif yollarla gizlətmək cəhdlərinə baxmayaraq, Beyləqanda 17 yaşlı məktəbli qızla bağlı baş verən dəhşətli hadisə müstəqil mənbələrlə yanaşı, artıq rəsmilər tərəfindən də təsdiqlənir. Belə ki, bu rayondan olan deputat Şahin İsmayılov Meydan TV-yə açıqlamasında zorlama faktını təsdiqləməklə yanaşı, onun bir sıra detallarına da diqqət çəkib.  https://www.meydan.tv/az/site/news/21757/
Deputat o cümlədən törədilmiş əməllə bağlı 2 nəfərin polis tərəfindən saxlandığını da qeyd edib. Baxmayaraq ki, hadisənin sinfində baş verdiyi müəlliməni məktəbə direktor təyin etmiş Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova isə bütün bu məlumatların yalan, şaiyə və böhtan olduğunu iddia edir. Bu başdan qeyd edim ki, əgər təhsil şöbəsinin müdiri yalan danışırsa o, təcili olaraq vəzifəsindən kənarlaşdırılmalıdır, çünki yalan danışan şəxsin böyük bir rayonun təhsil sisteminə rəhbərlik eləməsi nəinki mənəvi cəhətdən yolverilməzdir, hətta təhlükəlidir. Baxmayaraq ki, Azərbaycanda seçki saxtakarlıqlarına da elə təhsilə rəhbərlik edənlər vasitəçilik edirlər. Yəqin elə ona görə də məktəblərdə bu cür hadisələr baş verir.
Amma mənim yazmaq istədiyim məsələnin tamamilə başqa bir tərəfidir. Azərbaycanda sanki oturuşmuş bir ənənə var: cinsi zəmində baş verən cinayətlərdə mütləq təcavüzə məruz qalanı qınayanlar da tapılır. Özü də belələri bəzən onlarla, bəzən isə yüzlərlə və minlərlə olur. Sanki qadın olmağın özü bir qəbahətdir. Amma bu cür olaylarda sifarişlilərin canfəşanlığı xüsusilə "gözə girir". Yəqin ki, Lamiyə Quliyeva olayını çoxumuz yaxşı xatırlayırıq. Əminəm ki, hadisənin qızmar vaxtlarında zorakılıqların qurbanı olmuş bu qadının haqqında hansı böhtanların yazıldığını da. Səbəbindən asılı olmayaraq, boşanmış qadına damğalar vuranların yaşadığı cəmiyyətdə başqa cür də ola bilməz. Cinsi təcavüzə məruz qalan qadının başına gələnlərdə onun günahı axtarılan (tapmayanda isə uydurulan) mühitdə də. Sevdiyi insan olmaması səbəbindən ailə qurmayan qızda bəlli "qüsurların" olduğu iddia edilən yerdə də. Ən faciəvisi isə budur ki, bunu bəzən qadınların özü edir. Bilmirəm, "Günah öləndə olar" kimi məsəl olan toplumda bu, bəlkə də tamamilə adidir. Adi ola bilər, amma normal ola bilməz və normal deyil də. Bunu dəqiq bilirəm.
Bu gün dostlardan biri dedi ki, sosial şəbəkələrdə kimlərsə yazıb ki, Beyləqanda zorlanmış qızın nənəsi sən demə erməni imiş. Artıq insanlarımızın şüuru ilə də manipulyasiya edirlər. Özü də adi bir kriminal hadisəni ötr-basdır etmək üçün. Hnasısa xırda, cılız, illərdir millətin qanını içən, həyatını alt-üst edən məmurcuğazı qorumaq üçün. Elə deyək ki, yuxarıda qeyd elədiyim Təhsil Şöbəsinin müdirini. Yadınızdadırsa, ADNA terrorunu təşkil edən də erməni çıxmışdı. Özü də nə az, nə çox, Gürcüstanın kəndlərindən birində yaşayan taksi şoferi idi həmin erməni "casus". Azərbaycan hakimiyyətini bizim hüquqlarımızı pozduğuna görə tənqid edən beynəlxalq təşkilatların hesabatlarının da arxasından erməni çıxarırlar. Elə burda da "vətənpərvərlər" işə düşür. Erməni mövzusu ilə bizi talayanlar bizim düşüncələrimizi, şüurumuzu da istismar etməyə çalışırlar və bir çox hallarda da buna nail olurlar. Bütün bu "vətənpərvər" isteriyanın sifarişçiləri olan dövlət rəsmilərinin isə ən azı yüksək vəzifədə olan 7-nin ermənilərlə uzaq və yaxın qohumluğu var, amma "vətənpərvərlər" bunu görmürlər. Çünki görməli deyillər.
Bu gün sürətlə inkişaf edən dünyamızda hamımızı riqqətə gətirən elmi-texniki yeniliklər yalnız insan şüurunun, insan düşüncəsinin məhsuludur. Bəşəriyyət tarixinin ən ali nailiyyətləri də elə həmin şüur və düşüncədir. Ona görə də şüurumuzla, düşüncələrimizlə bu qədər kobud və bəsit manipulyasiya olunmasına imkan verməməliyik.
Məşhur ingilis yazıçısı, böyük patriot Samuel Conson təxminən 300 il bundan əvvəl demişdi: "Vətənpərvərlik yaramazların son dayanacağıdır". Conson özü vətənpərvər idi və təbii ki, onun 300 ildir əhəmiyyətini itirməyən bu kəlamında vətənpərvərliyi istismar edənlər nəzərdə tutulurdu.
Qaldı Beyləqanda baş verən dəhşətli hadisəyə, ona heç bir halda və heç bir şəkildə bəraət qazandırıla bilməz, çünki cəzasız qalan cinayət bir gün hər kəsin qapısını döyə bilər və heç bir "qapı" da bundan sığortalanmayıb. Çünki bu, bir ailənin, bir kəndin, bir rayonun başına gəlmiş ürəkbulandırıcı cinayət deyil, bütöv bir ölkənin faciəsinin ayaq səsləridir.

P.S.: Bu günlərdə yaxın bir dostum belə bir əhvalat danışdı. Onun Britaniyada doğulmuş və orada yaşayan Suriya əsilli tanışı deyirmiş ki, son illər Suriyada insanlar arasında yalançılıq, böhtan, şər, nifrət, kin, həsəd o qədər artmışdı ki, bu mənəvi aşınmanın bir sonu olmalı idi. Təəssüf ki,çox ağır son oldu...

Thursday, February 9, 2017

12-ci yazı: General Rail Rzayevin açılmayan qətli

2009-cu il fevral ayının 11-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri komandanı, general-leytenant Rail Rzayev evinin yaxınlığında başına açılan atəşlə qətlə yetirildi. Həmin qətlin cəmiyyətdə əks-səda doğurması təkcə qurbanın general olmasilə bağlı deyildi. Rail Rzayev həm də son 15 ildə (1994-2009) qətlə yetirilən ən yüksək dövlət rəsmisi idi. Xatirladım ki, ondan əvvəl 1994-cü ildə Milli Məclis sədrinin 1-ci müavini Afiyəddin Cəlilovla hərbi əks-kəşfiyyat qurumu olan Xüsusi İdarənin rəisi, general-mayor Şəmsi Rəhimov eyni gündə qətlə yetirilmişdilər. 
Yüksək çinli dövlət rəsmilərinin qətlini araşdırdıqda əsas diqqətçəkən məqamlardan ikisi bunlardır: Qətlə dövlət rəsmilərinin münasibəti və cinayətin mediada işıqlandırılması. Hər iki əlamət üzrə müşahidələrin nəticəsi qətlin hazırlanmış sifarişli cinayət olduğuna işarə edirdi. Burada bir haşiyə çıxım. Dövlət rəsmilərinin sifarişli qətlləri ən müxtəlif ölkələrdə baş verir. Bir tək fərq budur ki, "qocaman", təcrübəli dövlətlərdə belə qətllər baş verdikdə (və ya təşkil olunduqda) qurban bütün rituallara riayət edilməklə hörmətlə dəfn olunur, onun əzabkeş, şəhid obrazı yaradılır və dövlətin bütün resurslarının cinayətin istintaqına yönəldilməsi görüntüsü yaradılır. Təcrübəsiz, kriminal dövlətlərdə isə hər şey tamamilə əksinə baş verir - qurban sıradan birisi kimi dəfn olunur, onu unutdurmağa çalışırlar və araşdırma görüntüsü yaratmaq əvəzinə ortaya mətbuat vasitəsilə ən axmaq versiyalar atılır. Hər iki halda cinayət açılmamış qalsa da, birinci halda qətlin icraçısı ya həbsə müqavimət göstərərkən öldürülür, ya da tutulduqdan sonra onun anlaqsız birisi olduğu "üzə çıxır". İkinci halda isə günahsız və müdafiəsiz insan(lar) şərlənərək həbsə atılır. 
İndi qayıdaq Rail Rzayevin qətlinə. Qətldən sonra KİV-lərdə İlham Əliyevin sensasion kimi təqdim olunan "Dövlətimiz özünü qorumağa qadirdir" fikri tirajlandı. Amma Azərbaycan dövlətinin milli təhlükəsizliyi ilə bağlı bir sıra strateji əhəmiyyətli vəzifələr etibar olunmuş general kimsəsiz birisi kimi dəfn olundu - Rail Rzayevə nəinki məzarı başında avtomatlardan açılan atəşləri, hətta dövlət rəsmilərinin dəfndə iştirakı belə çox görüldü. Bir qədər sonra isə generalı qaralayan müxtəlif neqativ tutumlu açıqlamalar dövriyyəyə buraxıldı - generalın guya ailəsinin İsraildə olması, özünün də İsrailə uçmağa biletinin mövcud olduğu, onun biznes maraqlarının toqquşması zəminində qətlə yetirilməsi və s. kimi çoxsaylı dezinformasiyalar media səhifələrini bəzəməyə başladı. İndi qayıdaq İlham Əliyevin yuxarıda sitat olaraq gətirdiyim bəyanatına. Əgər generalın qətli həqiqətən də Azərbaycan dövləti üçün təşlükə siqnalı idisə, o zaman hər şey tamamilə başqa cür olmalı idi: generala layiq dəfn mərasimi təşkil olunmalı idi, həmin vaxt Əbu Dabidə silah sərgisində olan Müdafiə naziri Səfər Əbiyev təcili Bakıya dönməli idi, ölkənin Milli Təhlükəsizlik Şurasının təxirəsalınmaz iclası çağırılmalı idi. Amma... Azərbaycan Milli Ordusunun generalları arasında belə xüsusi çəkiyə malik olan general-leytenant Rail Rzayev kimsəsizlər qəbristanlığında torpağa tapşırılan birisi kimi dəfn olundu. Səfər Əbiyev Birləşmiş Ərəb Əmirliklərində "mühüm dövlət tapşırıqlarını" yerinə yetirməkdə davam etdi və başqaları da eynilə. Ümumiyyətlə, belə göründü ki, Rail Rzayev Azərbaycanın ən bəxtsiz generallarından imiş. Onun bir qədər obrazlı desək, günün günorta çağı şəhərin ortasında açıq-aşkar qətlə yetirilməsi, hörmətsiz şəkildə son mənzilə yola salınması, barəsində nüfuzdan salan dezinformasiyaların dövriyyəyə buraxılması azmış kimi, hətta Azərbaycandakı diplomatik korpusun nümayəndələri belə ölkələrinə göndərdikləri məxfi hesabatlarda generalın qətlinin səbəblərini ölkə saytlarından götürülmüş informasiyalarla zənginləşdirmişdilər. Məsələn, ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörs Vaşinqtona göndərdiyi "Tam məxfi" qrifli məlumatda Rzayevin qətlinin səbəbini Rauf Mirqədirovun "Zerkalo" qəzetindəki məqaləsindən götürmüşdü. Sonralar bunu WikiLeaks açıqlamalarında görmək mümkün idi. Qeyd edim ki, general Rzayevlə bağlı apardığımız araşdırmalar zamanı onun hansısa biznesə sahib olması məlumatı öz təsdiqini tapmadı. Təbii ki, bu, bizim imkanlarımız çərçivəsində aparılmış araşdırma idi və generalın biznesinin olduğunu istisna edə bilməzdi, amma Azərbaycanda hansı generalın biznesi olmayıb və ya yoxdur ki? Maraqlıdır ki, Rail Rzayevin qətlinin mümkün səbəblərindən biri kimi biznes maraqlarının toqquşması versiyasını kimsə yox, şəxsən Milli Təhlükəsizlik naziri Eldar Mahmudov açıqlamışdı. Nazir bəlkə heç özü də bilmədən əslində həqiqəti demişdi, çünki Rail Rzayev elə məhz "biznes" maraqları səbəbindən qətlə yetirilmişdi və bunu Eldar Mahmudovdan dəqiq heç kəs bilə bilməzdi. Rail Rzayev Eldar Mahmudovun yaşadığı binaya yaxın binada yaşayırdı və elə MTN rəhbərinin evinin 20-30 metrliyində də qətlə yetirilmişdi. Bəli, Eldar Mahmudov haqlı idi - Rail Rzayev biznesə görə öldürülmüşdü, amma hansı biznesə? Bu suala cavab tapmaq üçün bir qədər uzaqdan başlamalı olacağıq. General Rzayev ölkə gündəmində görünən, geniş ictimaiyyət tərəfindən tanınan şəxslərdən deyildi. Onun mətbuatın diqqət mərkəzinə düşməsinə səbəb qətlindən bir qədər əvvəl FHN rəhbəri Kəmaləddin Heydərovla münaqişəsi olmuşdu. Bu başdan deyim ki, belə bir münaqişənin olması öncə bizə də inandırıcı görünmüşdü, amma general qətlə yetirildikdən və adı çəkilən münaqişənin guya qətlə səbəb olması barədə şaiyələr dolaşmağa başlayandan sonra apardığımız araşdırmalar belə münaqişənin baş verdiyini təsdiqləyə bilmədi. Etimad doğuran mənbələrin heç biri onu faktlarla təsdiqləmədi. Mətbuata atılan həmin o hadisə haqqında məlumatlarda isə deyilirdi ki, guya xarici səfərə yollanan İlham Əliyevin təyyarəsi Bakıdan havaya qalxdıqdan bir qədər sonra helikopterlə Qəbələyə yola düşən Kəmaləddin Heydərovun helikopteri uçuşa rəsmi icazəsi olmadığı üçün Rail Rzayev tərəfindən geriyə qaytarılmışdı və bu zəmində də iki general arasında ciddi qarşıdurma yaranmışdı. Rzayev qətlə yetirilən kimi də mətbuatın "yadına düşən" ilk versiya həmin deyilən münaqişə olmuşdu. Sadəlövh insan qavrayışı üçün məntiqi görünən versiyadır əlbəttə, amma burdan başqa bir qənaətə də gəlmək olar: əgər deyilən münaqişə kiminsə uydurması olubsa, demək o, generalın qətlinə verilmiş fərmanın icrasına hazırlıq xarakteri daşıyırmış. Əks-halda Rzayevi bu şəkildə gündəmə gətirmək kimə və nəyə lazım idi? Bu versiyanın inandırıcı olmamasına dəlalət edən başqa bir amil də bu idi ki, Rail Rzayev yuxarıda qeyd elədiyim kimi, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən fəaliyyətlə məşğul idi. Bu, Azərbaycanın hava məkanını kənar müdaxilələrdən qoruamağa qadir olan müasir hava hücumundan müdafiə sisteminin qurulması idi. Həmin sistem isə İsrail hərbi sənayesi ilə birlikdə qurulmuşdu və sistemin "açarları" da Azərbaycanın öz əlində idi. Bu mənada Azərbaycan postsovet məkanda öz hava məkanına tam nəzarət imkanı olan yeganə dövlət idi. Təbii ki, NATO-nun hava hücumundan vahid müdafiə sisteminin tərkibində olan Baltikyanı ölkələr də daxil olmaqla. Bundan başqa general Rzayevin üzərinə düşən vəzifələrdən biri də ölkə başçısı təyyarədə uçarkən onun Azərbaycan hava məkanında təhlükəsizliyini təmin etmək idi. Deməli, Rzayevi qətlə yetirməyin ağır fəsadları ola bilərdi. 
Amma dönək biznes məsələsinə. Beynəlxalq praktikadan məlumdur ki, silah alqı-satqısında 15%-lik "bonus" praktikası mövcuddur. Yəni, silah alan tərəf silahı satan tərəfə öncə müqavilədə göstərilən məbləği tam ödəyir və bir qədər sonra onun 15%-i geriyə - silahı alan tərəfə qaytarılır. Normalda həmin məbləğ ya vasitəçi şirkətə çatır, ya da dövlətin hesabına qayıdır. Rail Rzayevin qətlində bir qədər sonra onu yaxından tanıyan yüksək çinli bir hərbçi bizimlə söhbətində bildirdi ki, generalın hansısa pul mənimsəmə əməliyyatlarında iştirak etdiyinə inanmır və çox yüksək ehtimalla o. məhz bu cür çirkli əməliyyatların qarşısında ciddi maneə olduğu üçün də aradan götürülmüşdü. Dövriyyəyə buraxılmış başqa bir informasiyaya - Rzayevin, guya Çindən və Dubaydan qaçaqmalçılıq yolu ilə hərbi-nəqliyyat təyyarələrilə ona məxsus yükləri daşıması haqda sualımıza isə həmsöhbətimiz çox çılğın şəkildə etiraz eləmişdi. Hər halda, bunlar da müəyyən göstəricilər idi. 
Belə olduqda təbii bir sual ortaya çıxır ki, nazir Mahmudovun qətlə yetirilmiş general haqqında belə bir versiya irəli sürməsinin səbəbi nə idi? Bu suala ən dəqiq cavabı əminəm ki, keçmiş "Ceym Bondun" özü verə bilər. Bu sualı ona vermək üçünsə yetərincə ciddi əsaslar var. Məsələn, MTN-nin "məxfi müşahidə" (izləmə) xidməti qətlindən bir neçə gün əvvəl Rail Rzayevi niyə izləyirmiş? Həmin izləmə generalın qətlindən iki gün əvvəl niyə dayandırılmışdı? İzləmə zamanı Rzayevin yaşadığı məkanı öyrənən qrupun aşkarlanması barədə nazir müavini Hilal Əsədova olunan məruzədən sonra məruzəni edən şöbə rəisi niyə bir neçə gün ərzində özünə gələ bilməmişdi? Onunla Hilal Əsədov arasında 2 saata qədər çəkən söhbətin məzmunu, detalları nədən ibarət olmuşdu? Şübhəsiz ki, başqa suallar da ortaya çıxacaq, amma onları gedişatdan asılı olaraq istintaq müəyyənləşdirməlidir. Qətlin istintaqı yenidən aparılacağı halda təbii ki.
Başqa bir məqam: ölkə məmurlarından birinin hüzr mərasiminə qatılarkən generala ona qarşı sui-qəsd hazırlandığı barədə məlumat verilir. Amma onun yanındakı həmkarı - müdafiə nazirliyinin daha yüksək çinli rəsmisi qıcıqlanaraq "Все это ерунда", yəni "bunların hamısı boş şeylərdir" deyə sərt cavab verir. Niyə? Söhbət axı ona yox, general Rail Rzayevə qarşı hazırlanmış qətldən gedirdi.
Göründüyü kimi, suallar da sualların verilməli olduğu şəxslər də kifayət qədərdir, amma hələlik ortada  yalnız iki cavab, daha doğrusu, fakt var:
1. Yaxın günlərdə Rail Rzayevin qətlinin 8 ili tamam olacaq. 

2. Generalın qətli ilə bağlı cinayətin üstü hələ açılmayıb.

P.S.: Azərbaycanın yaxın keçmişində törədilmiş cinayətlərdən olan Əjdər Xanbabayevin qətlində keçmiş təhlükəsizlik polkovniki Sadıx Əliyev ittiham olunaraq həbs edilmişdi. İstintaq zamanı müəyyən edilmişdi ki, mərhum Xanbabayev qətlindən əvvəl bir neçə gün ərzində "məxfi müşahidə" xidməti tərəfindən izlənmişdi və izləmə əməliyyatı qətldən 2 gün əvvəl dayandırılmışdı. 

P.P.S.: Bir neçə gün əvvəl ADNA terroru barədə yazmışdım. Yəqin terror aktının səhərisi ADNA binasının divar və pilləkənlərində terror qurbanlarının xatirəsinə yazılmış ürək sözlərinin silinməsi, ərazinin polis tərəfindən əhatəyə alınaraq qurbanların xatirəsinin yad olunmasına, şamların yandırılmasına imkan verilməməsi hamının yaxşı yadındadır. Yəqin ki, terror aktından cəmi 10 gün sonra hadisə yerinin bir neçə yüz metrliyində keçirilən "Gül bayramına" etiraz edən gənclərin vəhşicəsinə döyülməsi də. Sanki kimsə bütün bu qanlı cinayəti tarixdən və yaddaşlardan silməyə, onun qurbanlarını unutdurmağa çalışırdı. Eynilə həmin hadisədən ay yarım əvvəl öldürülmüş generalın qətlində olduğu kimi. General Rail Rzayevin qətlində də 3 nəfər sıradan və kimsəsiz insan - köməkçi, mühafizəçi və digəri şərlənərək mühakimə olundu. Bəli, elə ADNA terrorunda olduğu kimi...