Wednesday, December 25, 2019

Azərbaycan: radikal siyasi transformasiya yoxsa sıradan kosmetik əməliyyat? (3-cü hissə)

İkinci yazımın sonunda bunları qeyd etmişdim:
"Amma hakimiyyət bunu da anlamalıdır ki, ölkədə sosial-iqtisadi irəliləyiş olmayacağı halda atılan bütün digər addımlar əks-effekt verəcək və onu özünün illər boyu qazdığı quyuya daha sürətlə yaxınlaşdıracaq. Bu yol da sonsuz deyil. Əlbəttə ki, həmin yolda ona opponentləri tərəfindən yardım əli uzadılmayacaqsa."
Bu, həm də müxalifətə aiddir, çünki hakimiyyətə ən loyal ekspertlər də qarşıdan gələn ildə Azərbaycanın iqtisadi göstəricilərinin ürəkaçan olacağını iddia eləmirlər. Sosial-iqtisadi vəziyyət isə elə bu gün də yetərincə aydındır və deməli, iqtisadi göstəricilərin bir qədər də aşağı düşəcəyi qaçılmazdır. Hələ əvvəlki şərhlərimdə də göstərmişdim ki, hakimiyyəti növbədənkənar parlament seçkilərinə getməyə sövq edən əsas səbəblərdən biri, bəlkə də birincisi məhz budur. Şübhəsiz ki, iqtidar cəmiyyətdəki əhvalı da, əhalinin özünə münasibətini də yaxşı bildiyindən vəziyyət döməz nöqtəyə çatmamış bütün hakimiyyət qanadlarını növbəti müddətə legitimləşdirməyə çalışır. Parlament seçkiləri də onun istədiyi şəraitdə keçərsə yaxın 5 ildə Əliev hakimiyyətinə narahatlıq yarada biləcək siyasi hadisələr olmayacaq. Bu isə onun üçün hakim mövqeyini azı 5 il də qoruyub saxlamaq deməkdir. Şübhəsiz ki, müxalifət də bunu anlamamış deyil və həmçinin hakimiyyətin bu gün əvvəlki seçkilərdəkindən daha həssas durumda olduğunu da. Həssaslığı artıran amillərdən biri də son 26 il ərzində seçki saxtakarlıqlarını sistemli şəkildə həyata keçirmiş komandanın artıq iş başında olmamasıdır. Azərbaycanın bugünkü ictimai-siyasi reallığını əvvəlki seçkilər dövründən fərqləndirən daha bir səbəb isə xarici təsirlə bağlıdır. Belə ki, 2018-ci ilədək Azərbaycan hakimiyyəti balanslaşdırılmış xarici siyasət kursu yürütdüyünü iddia edirdi və bu da ona bölgəyə təsiri olan əsas güclər arasında manevr etməyə imkan verirdi. İndiki halda isə Azərbaycan birmənalı olaraq Rusiyanın təsir dairəsindədir və bu da ölkəni tam olaraq şimal qonşusundan asılı edir. Odur ki, Azərbaycan parlamentinin başı üzərində Rusiya kabusunun dolaşması (bəzi mənbələrdən verilən məlumatlara görə Rusiya Azərbaycan parlamentinin formalaşdırılmasında öz 60 mandatlıq "payını" istəyir) qaçılmazdır. Təkcə yuxarıda sadalanan amillər gələn ilin fevralında keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkisini əvvəlki seçkilərdən daha diqqətçəkən edir, amma təəssüf ki, müxalif düşərgədə ona bu cür münasibətin olması görünmür.
Azərbaycan müxalifəti niyə birləşə bilmir? Bu sual həm ölkə ictimaiyyətini, həm də beynəlxalq dairələri azı 20 ildir düşündürsə də, ona əsaslı cavab hələ yoxdur. Doğrudanmı, bu birləşə bilməmək sindromunun (artıq ona xroniki xəstəlik də demək olar) səbəbi müxalifət liderlərinin bir-birini həzm edə bilməməsi, qarşılıqlı qısqanclıq və ya sadəcə partiya maraqlarının bütün digər maraqlardan daha üstün tutulmasıdır? Bəli, bu səbəblər də var, amma fikrimcə əsl səbəblər daha dərindədir. Hətta belə bir cavabla da razılaşsaq, o zaman burda sadə bir həqiqəti etiraf etməliyik ki, daimi məğlub statusunda qalmağa məhkumdur. Amma bunun özündən də başqa bir sual doğur ki, müxalifət öz missiyasını bundamı görür? Yoxsa Azərbaycan müxalifətinin hədəfi elə 3, 5 və ya 10 deputatla saxta parlamentdə təmsil olunmaqdır? Məgər hətta bu, nəyisə dəyişməyə qadirdirmi? Əlbəttə ki, yox. Məntiqlə istənilən müxalifət partiyasının hakimiyyətə gəlmək istəyi onun apardığı mübarizənin əsas hədəflərindən olmalıdır və yəqin ki, Azərbaycan müxalifəti də bu mənada istisna deyil və ya olmamlıdır. Hər kəsə bəlli olan həm də budur ki, obyektiv və subyektiv səbəblərdən ölkə müxalifəti siyasi proseslərdən kənarda qalıb. Amma bu halda da Azərbaycan müxalifətinin əsas problemləri ilk növbədə onun daxilindədir:

1. Müxalifət partiyaları artıq 10-20 ildir ki, eyni liderlər tərəfindən idarə olunur. Bəli, məhz liderlər tərəfindən, çünki partiyaların heç birinin daxilində kollegial idarəçilik yoxdur. Bu, azmış kimi, üstəlik partiyalardan heç birinin daxilində daimi diskussiya şəraiti də yoxdur, çünki istənilən mövzuda diskussiya açan fərd və ya qrup tezliklə partiyanı tərk etməli olur;

2. Burdan belə qənaətə gəlmək olar ki, partiyadaxili demokratiya da yox dərəcəsindədir, bu isə sadəcə partiyadaxili məsələ deyil, həm də partiyanın cəmiyyətə təklif etdiyi modeldir. Deməli, öz daxilində demokratik dəyərlərin təşəkkül tapmasına imkan verməyən, fikir ayrılığına (bəzən ifrat) dözümsüzlük göstərən, daxili diskussiyaları beşiyində boğan partiyaların (daha doğrusu, partiya liderlərinin) hakimiyyətə sahib olacağı halda cəmiyyətə təqdim edəcəyi modeli də təsəvvür etmək bir o qədər çətin deyil;

3. Müxalifət partiyaları həm obyektiv, həm də subyektiv səbəblərdən cəmiyyətdən xeyli dərəcədə təcrid olunub və əksər partiyalarda cəmiyyət barədə təsəvvürlər ya partiyanın daxilindəki ab-hava ilə eyniləşdirilir, ya da bu, onları sadəcə maraqlandırmır. Bu səbəbdən də ortaya atılan populist ideya və çağırışlar da bir sıra hallarda əks-effekt verir, bəzən isə müxalifəti cəmiyyət qarşısında gülünc vəziyyətə qoyur;

4. Müxalifət partiyaları bir-birilə mübarizəyə daha çox güc, enerji, vaxt və resurs sərf edir, nəinki iqtidarla mübarizəyə. Belə təəssürat yaranır ki, mübarizə iqtidar yox, müxalifət olmaq uğrunda gedir, bu isə tamamilə fərqli mübarizə müstəvisində olmaq deməkdir. Daha dəqiq desək, siyasi mübarizə müstəvisindən kənarda olmaq;

5. Son illər uzunmüddətli mübarizə təcrübəsinə malik olan onlarla, yüzlərlə üzvünü və tərəfdaşını itirmiş müxalifət partiyaları təkcə kəmiyyətcə deyil, həm də keyfiyyətcə xeyli geriləyib. Bu isə həm də onun cəmiyyətdəki sosial bazasını nəzərə çarpacaq dərəcədə daraldıb;

Başqa amilləri də göstrəmək olardı, amma fikrimcə hətta bütün bunlar da müxalifətin vəziyyətini ümidsiz eləmir, onu ümidsiz duruma salan israrla yanlış addımlar atmaqda davam etməsidir.
Vəziyyətin yuxarıdakı qısa təsviri mövcud şəraitdə istənilən ölkədə müxalifətdən aşağıdakı addımları atmağı tələb edir(di):

- Seçkilərin saxtalaşdırılacağına əmin olaraq belə seçkidə mütləq iştirak etmək zəruri idi. Ona görə ki, hal-hazırki şərait (yuxarıda qeyd etdiyim kimi) əvvəlkilərdən əsaslı şəkildə fərqlənir və deməli, ona uyğun da taktika işləmək və müxalifətdaxili anlaşma əldə edərək, maksimum sayda namizədlə və vahid düşərgə şəklində seçkiyə qatılmaq;

- seçki kampaniyasını namizədlərin özü tərəfindən "evdən-evə" sxemi üzrə həyata keçirməklə maksimal sayda seçicini (əhalini) əhatə etmək və onları ölkədə baş verməsi həm zəruri, həm də qaçılmaz olan dəyişikliklərə hazırlamaq;

- heç bir halda müxalifətdaxili münaqişələrə yol verməmək;

- seçki kampaniyası üçün bütün bu məsələlərə dair müntəzəm qısa videoçarxlar və müraciətlər hazırlayıb yaymaq;

- mediada (o cümlədən də sosial mediada) durmadan dəyişikliklər olacağını vurğulamaqla cəmiyyətdə müvafiq əhvalı formalaşdırmaq;

- seçkilər saxtalaşdırılacağı halda ölkədə inqilabi dəyişikliklərin baş verəcəyini gündəmdən düşməyə qoymamaq, saxtakarlıq olduğu halda isə (bizdə bu, qaçılmazdır və son bələdiyyə seçkiləri də ona əyani sübutdur) etirazlara start vermək və s.

Amma bu gün Azərbaycanın müxalif düşərgəsinə nəzər salsaq, orada müşahidə olunan bundan tamamilə fərqli bir mənzərədir: Müsavat və REAL seçkidə iştiraka, Milli Şura (AXCP+) isə onlarla mübarizəyə start verib. Belə qeyri-siyasi mübarizə isə son nəticədə yalnız hakimiyyətin maraqlarına və onun ömrünün uzadılmasına xidmət edən texnologiyadır. Bu texnologiyada iştirak etməyin səbəblərinin məqsədli və ya kor-koranə olması isə başqa bir müzakirənin predmetidir.
Amma bir məqam artıq bu gün aydındır: biz bu dərsi artıq keçmişik, özü də dəfələrlə... 

(davamı var)

Wednesday, December 18, 2019

Azərbaycan: radikal siyasi transformasiya yoxsa sıradan kosmetik əməliyyat? (2-ci hissə)

Beləliklə, əvvəlki yazımda qeyd etdim ki, Azərbaycanda baş verənlərin siyasətlə heç bir əlaqəsi yoxdur və fikrimcə bu, təkcə hal-hazırki dövrə aid deyil. Ölkənin nə sosial-iqtisadi, nə siyasi, nə təhlükəsizlik, nə də beynəlxalq əməkdaşlıq (və ya inteqrasiya) siyasətində heç vaxt aydın hədəflər, konturlar və bunlara uyğun proqramlar olmayıb. Azərbaycan göstərilən bütün istiqamətlərdə faktiki olaraq spontan addımlayıb. Əksər hallarda da geriyə. Bunun da səbəbi hakim zümrənin maraqlarının milli maraqlardan daim öndə olması olub və vəziyyət bu gün də belədir. Bir o fərqlə ki, bu gün hakim zamrənin maraqları dövlət maraqlarını ümumiyyətlə tam arxa plana atıb. Ölkənin neft ixracından əldə etdiyi gəlirlər primitiv bölüşmə yolu ilə hakim ailələr arasında paylaşdırılıb ki, bunun da nəticəsində cəmiyyətdə ifrat sosial qütbləşmə baş verib. Başqa sözlərlə, bu gün Azərbaycan bir tərəfdən oğurluq yolu ilə son dərəcə zənginləşmiş hakimiyyət ierarxiyasından, digər tərəfdən isə əksər hissəsi ifrat yoxsullaşmış əhalidən ibarətdir. Amma hətta bu halda da həmin mənimsənilmiş resurslar ölkə daxilində investisiya olunsaydı bu, ölkədəki sosial-iqtisadi durumu yaxşılaşdırmaqla cəmiyyətin hər iki qütbü üçün müsbət rol oynaya bilərdi: hakim zümrə bir qədər də zənginləşər və öz hakimiyyətini möhkəmləndirərdi, əhali isə işlə və yaşayın minimumu ilə təmin olunardı. Belə bir modelin tətbiq olunduğu bir çox ölkələr var ki, son nəticədə onlar iqtisadi inkişafa nail olublar. Amma Azərbaycandakı hakim zümrənin bu modeli heç bir halda məqbul saymamasının çoxsaylı səbəbləri var:
1. Azərbaycan hakimiyyətində təmsil olunanlar xalqa sözün həqiqi mənasında ikrahla baxır və onu özündən aşağı zümrə sayır ki, bu da kolonial siyasətin yaratmış olduğu dərin natamamlıq kompleksinin təsahürlərindəndir. Elə bu səbəbdən də hakimiyyət nümayəndələri əminliklə hesab edirlər ki, azərbaycanlılar yalnız yoxsulluq içində çapaladıqda daha sözəbaxan olurlar;

2. Azərbaycan hakimiyyəti xaricdən təyin olunub və ordan da idarə olunur, bu səbəbdən də onun nümayəndələri xalqın rəyinə ehtiyac duymur və məhz xarici havadarlarının məsləhəti (bəlkə də tapşırığı) ilə topladıqları sərvəti xarici ölkələrdə yerləşdirirlər. Bu mənada onların ən az etibar elədikləri ölkə elə özlərinin idarə etdiyi Azərbaycandır;

3. Azərbaycan hakimiyyətində təmsil olunanların real təsirə malik olan bir hissəsi özünü idarə etdiyi millətdən saymadığından ona qarşı xüsusi amansızlıq nümayiş etdirir və eyni zamanda anlayır ki, əlindəki təsir vasitələri (hakimiyyət) itiriləcəyi halda nəinki topladığı kriminal sərvətə, heç özlərinə də hansısa təminatlardan söhbət də gedə bilməz;

4. Hakimiyyət ölkədəki idarəetmə sisteminin mövcud olmuş bütün institusional elementlərini sıradan çıxarıb və belə şəraitdə nə hərhansı investisiyaya, nə də dövlət rəsmiləri olan oliqarxların özünə heç bir hüquqi təminat ola bilməz və s.

Bu gün ölkədəki "idarəetmə sistemi" elə bir xaotik həddə çatıb ki, o, artıq özü-özünü addım-addım sıradan çıxarmaqdadır və bu səbəbdən də müəyyən bir daxili kompromiss əldə olunmazsa (bu da yüksək ehtimalla artıq alınmayacaq) xaricdən və daxildən hərhansı təsir olmadan belə o, (hakimiyyət) iflasa uğrayacaq. Bəs bu kompromiss nədən ibarət ola və necə əldə oluna bilər? Hal-hazırda görünən budur ki, elə bu məsələdə də ortaq məxrəcə gəlmək mümkün olmayıb. Buna görə də yüksək ehtimalla İlham Əliyev və Mehriban Əliyeva Rusiya ilə sazişə gedərək onun bütün tələblərini yerinə yetirmək öhdəliyi götürüblər. Rusiyanın bu gün Azərbaycanla bağlı başlıca hədəfi isə (Xəzərin stutusunda tam və hərtərəfli üstünlüyə nail olduqdan sonra) ölkə ərazisinə sülhməramlı adı altında öz silahlı qüvvələrini yerləşdirməkdir. Əlbəttə söhbət Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhəddi boyu Rusiya Silahlı Qüvvələrinin yerləşdirilməsindən gedir ki, bu da təkcə Qarabağın deyil, ümumiyyətə ölkənin suverenliyinin itirilməsi deməkdir. Yəni, hakimiyyətin daxilində əldə edə bilmədikləri kompromiss əvəzinə Rusiya ilə kompromissə (əslində isə təslimçi sülhə) razılaşıblar. Aşağı Qarabağın işğal altında olan 5 rayonunun Azərbaycana qaytarılacağı halda hakimiyyət bunu böyük uğur və qələbə kimi təqdim etməklə belə bir təslimçi sülhə imza ata bilər əlbəttə, amma Qarabağ məsələsinin azərbaycanlılar üçün nə dərəcədə həssas məsələ olduğunu nəzərə alsaq, həmin planın müqavimətlə üzləşəcəyini də istisna etmək olmaz. Özü də təkcə ölkə əhalisi tərəfindən yox, həm də Azərbaycanın yeganə milli qurumu olan ordu tərəfindən. Görünür elə bu səbəbdən də 2016-cı ilin aprel döyüşlərində uğur qazanan hərbçilərə qarşı 2017-ci ildən etibarən erməni kəşfiyyatına işləmək saxta ittihamları ilə faktiki divan tutuldu. Ölkə ordusunun ən döyüşkən hissələrinin hərbçiləri hərbi prokurorluğun və Müdafiə Nazirliyinin xain rəhbərlərinin tapşırığı ilə ən amansız şəkildə işgəncələrinə məruz qoyuldu, əsassız mühakimə olundu və öldürüldü. Sual olunur ki, bu ağır cinayətin iki ildən artıqdır ölkə gündəmindən düşmədiyi, öldürülənlərin və tutulanların ailə üzvlərinin etirazlarının dayanmadığı bir şəraitdə Ali Baş Komandan niyə əmr verib ön cəbhəyə yolladığı hərbçilərin müdafiəsinə qalxmır? Yoxsa həqiqətənmi İlham Əliyevin bu işlərdən xəbəri yoxdur? Xeyr, var, çünki bu cinayətlər haqqında ona dəfələrlə ətraflı məruzə olunub, amma...
Amma ölkə başçısı 2014-15 illərdə Hərbi-Dəniz Qüvvələrinin eyni dəstə tərəfindən (Xanlar Vəliyev, Nəcməddin Sadıkov və Zakir Həsənov) və eyni dəst-xəttlə sıradan çıxarılması əməliyyatına susduğu kimi, bu cinayətləri də görməzdən gəlir. Burda da təbii sual ortaya çıxır: niyə? Məsələ burasındadır ki, Azərbaycan torpaqlarının işğalının arxasında duran bir dövlətin (Rusiyanın) hərbi hissələrinin ölkə ərazisində yerləşdirilməsi üçün öncə ona mane ola biləcək bütün amillər aradan qaldırılmalıdır ki, bunlardan da biri və ən birincisi Milli Ordudur. Odur ki, ordunun planlı, mərhələli və ardıcıl şəkildə alçaldılması, sındırılması və tam sıradan çıxarılması baş verir. Yoxsa paytaxtda minlərlə ailənin evini uçurub bayıra atan fırıldaqçı tikinti baronlarına "gözün üstündə qaşın var" deyilməyən bir ölkədə Lələtəpəyə bayraq sancan polkovnikin gülünc "xuliqanlıq" ittihamı ilə həbs olunmasını başqa necə anlamaq olar?
Başqa bir sual: növbədənkənar seçkiyə hazırlaşan hakimiyyətin xarici ölkələrdəki tənqidçilərini ələ keçirərək (faktiki, oğurlayaraq) ölkəyə gətirməkdə məqsədi nədir? Əminəm ki, hakimiyyətdəkilər bunun seçkilər ətrafında hansı neqativ ab-hava yaradacağını anlayırlar, amma görünür bu tip əməliyyatların məqsədi həm ölkədəki, həm də onun hüdudlarından kənardakı (müxtəlif qəbildən olan) opponentlərinə "əlimiz hər yerə və hər kəsə çatır" mesajını verməkdir. Başqa sözlərlə, xof yaratmaq taktikası, bu isə eyni zamanda hakimiyyətin özünü bir o qədər də rahat hiss etmədiyinin əlamətidir. Belə texnologiyalar isə adətən, ölkədəki sosial-iqtisadi vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümid olmayanda aktuallaşır.

Amma hakimiyyət bunu da anlamalıdır ki, ölkədə sosial-iqtisadi irəliləyiş olmayacağı halda atılan bütün digər addımlar əks-effekt verəcək və onu özünün illər boyu qazdığı quyuya daha sürətlə yaxınlaşdıracaq. Bu yol da sonsuz deyil. Əlbəttə ki, həmin yolda ona opponentləri tərəfindən yardım əli uzadılmayacaqsa.
Bu barədə gələn yazımda.

(Davamı var)

Tuesday, December 17, 2019

Azərbaycan: radikal siyasi transformasiya yoxsa sıradan kosmetik əməliyyat? (1-ci hissə)

Milli Məclisin buraxılması və ondan əvvəl də hakimiyyətdəki çoxsaylı kadr dəyişiklikləri bu gün Azərbaycan ictimaiyyətində xeyli suallar doğurur və hələlik, əksər rəsmilər, müxalif siyasətçilər və ekspertlər tərəfindən verilən izahat və şərhlərin baş verənlərin mahiyyətini tam açmadığını desəm, yəqin ki, yanılmaram. Nədən belə düşündüyümü izah etməyə çalışım: əvvəla, az qala bütün şərhlərdə ana xətt kimi Mehriban Əliyevanın prezident postuna gətirilməsinə hazırlıq getdiyi iddia olunur və eyni zamanda da onun haqqında nəinki ekspertlər, hətta müxalifət rəhbərləri də son dərəcə ehtiyatla danışırlar, sanki bu tip açıqlamalarda yeganə məqsəd bu fikri, yəni, Mehriban Əliyevanın prezident olacağını ictimai rəyə yeritməkdən ibarətdir. Bunun məqsədli və ya bilməyərəkdən edildiyini iddia eləməkdən uzağam, amma məntiq və siyasi mübarizənin fəlsəfəsi belə olduğu halda məhz onun - Mehriban Əlievanın tənqid hədəfinə çevrilməsini diqtə edir. Amma dediyim kimi, bunun tam əksini müşahidə edirik. İlham Əliyevin ünvanına səsləndirilən tənqidlərin artması və onların tonunun sərtləşməsi fonunda Mehriban Əliyevanın ünvanına tənqidin niyə olmaması təbii ki, açıq qalan suallardandır. Başqa bir sual da elə həmin açıqlamaların özündən doğur: doğrudanmı Mehriban Əliyevanın həyat yoldaşını əvəzləməsinə qərar verilib? Amma bu suala müsbət cavabın özü də daha çox suallar doğurur ki, onların da cavablandırılması baş verənlərin ümumi mənzərəsini az-çox tamamlaya bilərdi. Eyni zamanda bu da maraqlıdır ki, hətta hakimiyyətə qarşı barışmaz mövqedə olanlar da bir sıra hallarda Əliyevanın prezident postuna gəlişinin az qala müsbət hal olduğunu və bunun nəticəsində onların təbirincə desək, 50 ildir Azərbaycanı idarə edən klanın siyasi arenadan silinəcəyini iddia edirlər. Başqa sözlə, əliyevlər klanını paşayevlər klanının əvəz edəcəyi deyilir və bunu az qala müsbət hal kimi təqdim edirlər. Deyək ki, həqiqətən belədir (hərçənd mən klanlararası mübarizə olmasına daim skeptik yanaşmışam, amma bu haqda bir qədər sonra), o zaman bir klanın digərini (klanı) əvəzləməsində müsbət nə ola bilər? Digərləri iddia edir ki, Mehriban Əliyevanın prezidentliyi üçün bazanın hazırlanması prosesində "köhnə qvardiya" sıradan çıxarılır və gənc nəslin nümayəndələrilə əvəzlənir ki, bu da birmənalı olaraq müsbət haldır. Amma bu halda da bir şey nəzərdən qaçırılır ki, bu, kəmiyyət (yaş) dəyişikliyidir, keyfiyyət (mahiyyət) yox və son nəticədə hakimiyyətin nə siyasətini, nə də onun özünün məzmununu dəyişmir. Bunu görmək üçün də artıq bir neçə il əvvəl təyin olunmuş nazirlərin və digər yüksək dövlət rəsmilərinin fəaliyyətini nəzərdən kemçirmək kifayət edər.
Amma hətta bu halda da necə deyərlər, "açar sual" cavabsız qalır: İlham Əliyevi Mehriban Əliyeva ilə əvəzləmək zərurəti nədən və hardan qaynaqlanır? İlham Əliyev özünün 4-cü prezidentlik müddətini cəmi ilyarım əvvəl rəsmiləşdirib və bu dəfə artıq daha uzun müddətə. Düzdür, burda da müxtəlif versiyalar və ehtimallar irəli sürülsə də (məsələn, İlham Əliyevin səhhət probleminin olması, Avropada və xüsusilə də, Maltada ifşa olunan korrupsiya və digər cinayət əməlləri və s.), onların heç biri hələlik əsaslı faktlara öz söykənmir. Nəhayət, belə bir əvəzləmə həqiqətən olacaqsa, onun səbəbi kimi nə göstəriləcək və burda hansı hüquqi mexanizmlərdən istifadə olunacaq? Daha bir sual budur ki, ölkənin iqtisadi durumun durmadan pisləşdiyi, sosial qütbləşmənin kəskin şəkildə dərinləşdiyi və ölkə ətrafında geosiyasi mübarizənin kəskinləşdiyi bir dövrdə belə dəyişikliyi həyata keçirmək nə dərəcədə rasionaldır və hansı fəsadlara səbəb ola bilər? Axı Azərbaycanın yerləşdiyi onsuz da yetərincə mürəkkəb coğrafiyada bolgəyə təsiri olan güclər arasındakı ziddiyyətli münasibətlər və potensial konfliktlər bu gün əvvəlki dövrlərdən daha qabarıq görünür ki, bu da öz-özlüyündə belə bir keçid üçün riskləri daha da artıra bilər.
Amma qayıdaq klan məsələsinə. Fikrimcə Azərbaycanda bir klan olub, bir klan var və ziddiyyətlər də onun daxilindəki müxtəlif qruplar arasındadır və bunlar antaqonist ziddiyyətlər deyil. Başqa sözlərlə, hakimiyyətdaxili qruplar arasındakı fikir ayrılığı nə ideoloji zəmində, nə də ölkənin gələciyilə bağlı baxışlar arasında deyil, banal resurs (pul) bölgüsü ətrafında gedən sönük çəkişmələrdir. Klan isə, dediyim kimi, birdir və onun üzvlərinin də maraqları tam üst-üstə düşür: daha çox sərvət əldə etmək üçün mümkün qədər çox hakimiyyətdə qalmaq və hakimiyyətdə qalmaq üçün mümkün qədər çox sərvət əldə etmək. Bir-birini tamamlayan bu, iki hədəfin də siyasətə heç bir aidiyyatı yoxdur. Bunu oğurluq, talançılıq, soyğunçuluq və s. adlandırmaq daha dəqiq olardı. 

(Davamı var)