Wednesday, December 25, 2019

Azərbaycan: radikal siyasi transformasiya yoxsa sıradan kosmetik əməliyyat? (3-cü hissə)

İkinci yazımın sonunda bunları qeyd etmişdim:
"Amma hakimiyyət bunu da anlamalıdır ki, ölkədə sosial-iqtisadi irəliləyiş olmayacağı halda atılan bütün digər addımlar əks-effekt verəcək və onu özünün illər boyu qazdığı quyuya daha sürətlə yaxınlaşdıracaq. Bu yol da sonsuz deyil. Əlbəttə ki, həmin yolda ona opponentləri tərəfindən yardım əli uzadılmayacaqsa."
Bu, həm də müxalifətə aiddir, çünki hakimiyyətə ən loyal ekspertlər də qarşıdan gələn ildə Azərbaycanın iqtisadi göstəricilərinin ürəkaçan olacağını iddia eləmirlər. Sosial-iqtisadi vəziyyət isə elə bu gün də yetərincə aydındır və deməli, iqtisadi göstəricilərin bir qədər də aşağı düşəcəyi qaçılmazdır. Hələ əvvəlki şərhlərimdə də göstərmişdim ki, hakimiyyəti növbədənkənar parlament seçkilərinə getməyə sövq edən əsas səbəblərdən biri, bəlkə də birincisi məhz budur. Şübhəsiz ki, iqtidar cəmiyyətdəki əhvalı da, əhalinin özünə münasibətini də yaxşı bildiyindən vəziyyət döməz nöqtəyə çatmamış bütün hakimiyyət qanadlarını növbəti müddətə legitimləşdirməyə çalışır. Parlament seçkiləri də onun istədiyi şəraitdə keçərsə yaxın 5 ildə Əliev hakimiyyətinə narahatlıq yarada biləcək siyasi hadisələr olmayacaq. Bu isə onun üçün hakim mövqeyini azı 5 il də qoruyub saxlamaq deməkdir. Şübhəsiz ki, müxalifət də bunu anlamamış deyil və həmçinin hakimiyyətin bu gün əvvəlki seçkilərdəkindən daha həssas durumda olduğunu da. Həssaslığı artıran amillərdən biri də son 26 il ərzində seçki saxtakarlıqlarını sistemli şəkildə həyata keçirmiş komandanın artıq iş başında olmamasıdır. Azərbaycanın bugünkü ictimai-siyasi reallığını əvvəlki seçkilər dövründən fərqləndirən daha bir səbəb isə xarici təsirlə bağlıdır. Belə ki, 2018-ci ilədək Azərbaycan hakimiyyəti balanslaşdırılmış xarici siyasət kursu yürütdüyünü iddia edirdi və bu da ona bölgəyə təsiri olan əsas güclər arasında manevr etməyə imkan verirdi. İndiki halda isə Azərbaycan birmənalı olaraq Rusiyanın təsir dairəsindədir və bu da ölkəni tam olaraq şimal qonşusundan asılı edir. Odur ki, Azərbaycan parlamentinin başı üzərində Rusiya kabusunun dolaşması (bəzi mənbələrdən verilən məlumatlara görə Rusiya Azərbaycan parlamentinin formalaşdırılmasında öz 60 mandatlıq "payını" istəyir) qaçılmazdır. Təkcə yuxarıda sadalanan amillər gələn ilin fevralında keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkisini əvvəlki seçkilərdən daha diqqətçəkən edir, amma təəssüf ki, müxalif düşərgədə ona bu cür münasibətin olması görünmür.
Azərbaycan müxalifəti niyə birləşə bilmir? Bu sual həm ölkə ictimaiyyətini, həm də beynəlxalq dairələri azı 20 ildir düşündürsə də, ona əsaslı cavab hələ yoxdur. Doğrudanmı, bu birləşə bilməmək sindromunun (artıq ona xroniki xəstəlik də demək olar) səbəbi müxalifət liderlərinin bir-birini həzm edə bilməməsi, qarşılıqlı qısqanclıq və ya sadəcə partiya maraqlarının bütün digər maraqlardan daha üstün tutulmasıdır? Bəli, bu səbəblər də var, amma fikrimcə əsl səbəblər daha dərindədir. Hətta belə bir cavabla da razılaşsaq, o zaman burda sadə bir həqiqəti etiraf etməliyik ki, daimi məğlub statusunda qalmağa məhkumdur. Amma bunun özündən də başqa bir sual doğur ki, müxalifət öz missiyasını bundamı görür? Yoxsa Azərbaycan müxalifətinin hədəfi elə 3, 5 və ya 10 deputatla saxta parlamentdə təmsil olunmaqdır? Məgər hətta bu, nəyisə dəyişməyə qadirdirmi? Əlbəttə ki, yox. Məntiqlə istənilən müxalifət partiyasının hakimiyyətə gəlmək istəyi onun apardığı mübarizənin əsas hədəflərindən olmalıdır və yəqin ki, Azərbaycan müxalifəti də bu mənada istisna deyil və ya olmamlıdır. Hər kəsə bəlli olan həm də budur ki, obyektiv və subyektiv səbəblərdən ölkə müxalifəti siyasi proseslərdən kənarda qalıb. Amma bu halda da Azərbaycan müxalifətinin əsas problemləri ilk növbədə onun daxilindədir:

1. Müxalifət partiyaları artıq 10-20 ildir ki, eyni liderlər tərəfindən idarə olunur. Bəli, məhz liderlər tərəfindən, çünki partiyaların heç birinin daxilində kollegial idarəçilik yoxdur. Bu, azmış kimi, üstəlik partiyalardan heç birinin daxilində daimi diskussiya şəraiti də yoxdur, çünki istənilən mövzuda diskussiya açan fərd və ya qrup tezliklə partiyanı tərk etməli olur;

2. Burdan belə qənaətə gəlmək olar ki, partiyadaxili demokratiya da yox dərəcəsindədir, bu isə sadəcə partiyadaxili məsələ deyil, həm də partiyanın cəmiyyətə təklif etdiyi modeldir. Deməli, öz daxilində demokratik dəyərlərin təşəkkül tapmasına imkan verməyən, fikir ayrılığına (bəzən ifrat) dözümsüzlük göstərən, daxili diskussiyaları beşiyində boğan partiyaların (daha doğrusu, partiya liderlərinin) hakimiyyətə sahib olacağı halda cəmiyyətə təqdim edəcəyi modeli də təsəvvür etmək bir o qədər çətin deyil;

3. Müxalifət partiyaları həm obyektiv, həm də subyektiv səbəblərdən cəmiyyətdən xeyli dərəcədə təcrid olunub və əksər partiyalarda cəmiyyət barədə təsəvvürlər ya partiyanın daxilindəki ab-hava ilə eyniləşdirilir, ya da bu, onları sadəcə maraqlandırmır. Bu səbəbdən də ortaya atılan populist ideya və çağırışlar da bir sıra hallarda əks-effekt verir, bəzən isə müxalifəti cəmiyyət qarşısında gülünc vəziyyətə qoyur;

4. Müxalifət partiyaları bir-birilə mübarizəyə daha çox güc, enerji, vaxt və resurs sərf edir, nəinki iqtidarla mübarizəyə. Belə təəssürat yaranır ki, mübarizə iqtidar yox, müxalifət olmaq uğrunda gedir, bu isə tamamilə fərqli mübarizə müstəvisində olmaq deməkdir. Daha dəqiq desək, siyasi mübarizə müstəvisindən kənarda olmaq;

5. Son illər uzunmüddətli mübarizə təcrübəsinə malik olan onlarla, yüzlərlə üzvünü və tərəfdaşını itirmiş müxalifət partiyaları təkcə kəmiyyətcə deyil, həm də keyfiyyətcə xeyli geriləyib. Bu isə həm də onun cəmiyyətdəki sosial bazasını nəzərə çarpacaq dərəcədə daraldıb;

Başqa amilləri də göstrəmək olardı, amma fikrimcə hətta bütün bunlar da müxalifətin vəziyyətini ümidsiz eləmir, onu ümidsiz duruma salan israrla yanlış addımlar atmaqda davam etməsidir.
Vəziyyətin yuxarıdakı qısa təsviri mövcud şəraitdə istənilən ölkədə müxalifətdən aşağıdakı addımları atmağı tələb edir(di):

- Seçkilərin saxtalaşdırılacağına əmin olaraq belə seçkidə mütləq iştirak etmək zəruri idi. Ona görə ki, hal-hazırki şərait (yuxarıda qeyd etdiyim kimi) əvvəlkilərdən əsaslı şəkildə fərqlənir və deməli, ona uyğun da taktika işləmək və müxalifətdaxili anlaşma əldə edərək, maksimum sayda namizədlə və vahid düşərgə şəklində seçkiyə qatılmaq;

- seçki kampaniyasını namizədlərin özü tərəfindən "evdən-evə" sxemi üzrə həyata keçirməklə maksimal sayda seçicini (əhalini) əhatə etmək və onları ölkədə baş verməsi həm zəruri, həm də qaçılmaz olan dəyişikliklərə hazırlamaq;

- heç bir halda müxalifətdaxili münaqişələrə yol verməmək;

- seçki kampaniyası üçün bütün bu məsələlərə dair müntəzəm qısa videoçarxlar və müraciətlər hazırlayıb yaymaq;

- mediada (o cümlədən də sosial mediada) durmadan dəyişikliklər olacağını vurğulamaqla cəmiyyətdə müvafiq əhvalı formalaşdırmaq;

- seçkilər saxtalaşdırılacağı halda ölkədə inqilabi dəyişikliklərin baş verəcəyini gündəmdən düşməyə qoymamaq, saxtakarlıq olduğu halda isə (bizdə bu, qaçılmazdır və son bələdiyyə seçkiləri də ona əyani sübutdur) etirazlara start vermək və s.

Amma bu gün Azərbaycanın müxalif düşərgəsinə nəzər salsaq, orada müşahidə olunan bundan tamamilə fərqli bir mənzərədir: Müsavat və REAL seçkidə iştiraka, Milli Şura (AXCP+) isə onlarla mübarizəyə start verib. Belə qeyri-siyasi mübarizə isə son nəticədə yalnız hakimiyyətin maraqlarına və onun ömrünün uzadılmasına xidmət edən texnologiyadır. Bu texnologiyada iştirak etməyin səbəblərinin məqsədli və ya kor-koranə olması isə başqa bir müzakirənin predmetidir.
Amma bir məqam artıq bu gün aydındır: biz bu dərsi artıq keçmişik, özü də dəfələrlə... 

(davamı var)

Wednesday, December 18, 2019

Azərbaycan: radikal siyasi transformasiya yoxsa sıradan kosmetik əməliyyat? (2-ci hissə)

Beləliklə, əvvəlki yazımda qeyd etdim ki, Azərbaycanda baş verənlərin siyasətlə heç bir əlaqəsi yoxdur və fikrimcə bu, təkcə hal-hazırki dövrə aid deyil. Ölkənin nə sosial-iqtisadi, nə siyasi, nə təhlükəsizlik, nə də beynəlxalq əməkdaşlıq (və ya inteqrasiya) siyasətində heç vaxt aydın hədəflər, konturlar və bunlara uyğun proqramlar olmayıb. Azərbaycan göstərilən bütün istiqamətlərdə faktiki olaraq spontan addımlayıb. Əksər hallarda da geriyə. Bunun da səbəbi hakim zümrənin maraqlarının milli maraqlardan daim öndə olması olub və vəziyyət bu gün də belədir. Bir o fərqlə ki, bu gün hakim zamrənin maraqları dövlət maraqlarını ümumiyyətlə tam arxa plana atıb. Ölkənin neft ixracından əldə etdiyi gəlirlər primitiv bölüşmə yolu ilə hakim ailələr arasında paylaşdırılıb ki, bunun da nəticəsində cəmiyyətdə ifrat sosial qütbləşmə baş verib. Başqa sözlərlə, bu gün Azərbaycan bir tərəfdən oğurluq yolu ilə son dərəcə zənginləşmiş hakimiyyət ierarxiyasından, digər tərəfdən isə əksər hissəsi ifrat yoxsullaşmış əhalidən ibarətdir. Amma hətta bu halda da həmin mənimsənilmiş resurslar ölkə daxilində investisiya olunsaydı bu, ölkədəki sosial-iqtisadi durumu yaxşılaşdırmaqla cəmiyyətin hər iki qütbü üçün müsbət rol oynaya bilərdi: hakim zümrə bir qədər də zənginləşər və öz hakimiyyətini möhkəmləndirərdi, əhali isə işlə və yaşayın minimumu ilə təmin olunardı. Belə bir modelin tətbiq olunduğu bir çox ölkələr var ki, son nəticədə onlar iqtisadi inkişafa nail olublar. Amma Azərbaycandakı hakim zümrənin bu modeli heç bir halda məqbul saymamasının çoxsaylı səbəbləri var:
1. Azərbaycan hakimiyyətində təmsil olunanlar xalqa sözün həqiqi mənasında ikrahla baxır və onu özündən aşağı zümrə sayır ki, bu da kolonial siyasətin yaratmış olduğu dərin natamamlıq kompleksinin təsahürlərindəndir. Elə bu səbəbdən də hakimiyyət nümayəndələri əminliklə hesab edirlər ki, azərbaycanlılar yalnız yoxsulluq içində çapaladıqda daha sözəbaxan olurlar;

2. Azərbaycan hakimiyyəti xaricdən təyin olunub və ordan da idarə olunur, bu səbəbdən də onun nümayəndələri xalqın rəyinə ehtiyac duymur və məhz xarici havadarlarının məsləhəti (bəlkə də tapşırığı) ilə topladıqları sərvəti xarici ölkələrdə yerləşdirirlər. Bu mənada onların ən az etibar elədikləri ölkə elə özlərinin idarə etdiyi Azərbaycandır;

3. Azərbaycan hakimiyyətində təmsil olunanların real təsirə malik olan bir hissəsi özünü idarə etdiyi millətdən saymadığından ona qarşı xüsusi amansızlıq nümayiş etdirir və eyni zamanda anlayır ki, əlindəki təsir vasitələri (hakimiyyət) itiriləcəyi halda nəinki topladığı kriminal sərvətə, heç özlərinə də hansısa təminatlardan söhbət də gedə bilməz;

4. Hakimiyyət ölkədəki idarəetmə sisteminin mövcud olmuş bütün institusional elementlərini sıradan çıxarıb və belə şəraitdə nə hərhansı investisiyaya, nə də dövlət rəsmiləri olan oliqarxların özünə heç bir hüquqi təminat ola bilməz və s.

Bu gün ölkədəki "idarəetmə sistemi" elə bir xaotik həddə çatıb ki, o, artıq özü-özünü addım-addım sıradan çıxarmaqdadır və bu səbəbdən də müəyyən bir daxili kompromiss əldə olunmazsa (bu da yüksək ehtimalla artıq alınmayacaq) xaricdən və daxildən hərhansı təsir olmadan belə o, (hakimiyyət) iflasa uğrayacaq. Bəs bu kompromiss nədən ibarət ola və necə əldə oluna bilər? Hal-hazırda görünən budur ki, elə bu məsələdə də ortaq məxrəcə gəlmək mümkün olmayıb. Buna görə də yüksək ehtimalla İlham Əliyev və Mehriban Əliyeva Rusiya ilə sazişə gedərək onun bütün tələblərini yerinə yetirmək öhdəliyi götürüblər. Rusiyanın bu gün Azərbaycanla bağlı başlıca hədəfi isə (Xəzərin stutusunda tam və hərtərəfli üstünlüyə nail olduqdan sonra) ölkə ərazisinə sülhməramlı adı altında öz silahlı qüvvələrini yerləşdirməkdir. Əlbəttə söhbət Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhəddi boyu Rusiya Silahlı Qüvvələrinin yerləşdirilməsindən gedir ki, bu da təkcə Qarabağın deyil, ümumiyyətə ölkənin suverenliyinin itirilməsi deməkdir. Yəni, hakimiyyətin daxilində əldə edə bilmədikləri kompromiss əvəzinə Rusiya ilə kompromissə (əslində isə təslimçi sülhə) razılaşıblar. Aşağı Qarabağın işğal altında olan 5 rayonunun Azərbaycana qaytarılacağı halda hakimiyyət bunu böyük uğur və qələbə kimi təqdim etməklə belə bir təslimçi sülhə imza ata bilər əlbəttə, amma Qarabağ məsələsinin azərbaycanlılar üçün nə dərəcədə həssas məsələ olduğunu nəzərə alsaq, həmin planın müqavimətlə üzləşəcəyini də istisna etmək olmaz. Özü də təkcə ölkə əhalisi tərəfindən yox, həm də Azərbaycanın yeganə milli qurumu olan ordu tərəfindən. Görünür elə bu səbəbdən də 2016-cı ilin aprel döyüşlərində uğur qazanan hərbçilərə qarşı 2017-ci ildən etibarən erməni kəşfiyyatına işləmək saxta ittihamları ilə faktiki divan tutuldu. Ölkə ordusunun ən döyüşkən hissələrinin hərbçiləri hərbi prokurorluğun və Müdafiə Nazirliyinin xain rəhbərlərinin tapşırığı ilə ən amansız şəkildə işgəncələrinə məruz qoyuldu, əsassız mühakimə olundu və öldürüldü. Sual olunur ki, bu ağır cinayətin iki ildən artıqdır ölkə gündəmindən düşmədiyi, öldürülənlərin və tutulanların ailə üzvlərinin etirazlarının dayanmadığı bir şəraitdə Ali Baş Komandan niyə əmr verib ön cəbhəyə yolladığı hərbçilərin müdafiəsinə qalxmır? Yoxsa həqiqətənmi İlham Əliyevin bu işlərdən xəbəri yoxdur? Xeyr, var, çünki bu cinayətlər haqqında ona dəfələrlə ətraflı məruzə olunub, amma...
Amma ölkə başçısı 2014-15 illərdə Hərbi-Dəniz Qüvvələrinin eyni dəstə tərəfindən (Xanlar Vəliyev, Nəcməddin Sadıkov və Zakir Həsənov) və eyni dəst-xəttlə sıradan çıxarılması əməliyyatına susduğu kimi, bu cinayətləri də görməzdən gəlir. Burda da təbii sual ortaya çıxır: niyə? Məsələ burasındadır ki, Azərbaycan torpaqlarının işğalının arxasında duran bir dövlətin (Rusiyanın) hərbi hissələrinin ölkə ərazisində yerləşdirilməsi üçün öncə ona mane ola biləcək bütün amillər aradan qaldırılmalıdır ki, bunlardan da biri və ən birincisi Milli Ordudur. Odur ki, ordunun planlı, mərhələli və ardıcıl şəkildə alçaldılması, sındırılması və tam sıradan çıxarılması baş verir. Yoxsa paytaxtda minlərlə ailənin evini uçurub bayıra atan fırıldaqçı tikinti baronlarına "gözün üstündə qaşın var" deyilməyən bir ölkədə Lələtəpəyə bayraq sancan polkovnikin gülünc "xuliqanlıq" ittihamı ilə həbs olunmasını başqa necə anlamaq olar?
Başqa bir sual: növbədənkənar seçkiyə hazırlaşan hakimiyyətin xarici ölkələrdəki tənqidçilərini ələ keçirərək (faktiki, oğurlayaraq) ölkəyə gətirməkdə məqsədi nədir? Əminəm ki, hakimiyyətdəkilər bunun seçkilər ətrafında hansı neqativ ab-hava yaradacağını anlayırlar, amma görünür bu tip əməliyyatların məqsədi həm ölkədəki, həm də onun hüdudlarından kənardakı (müxtəlif qəbildən olan) opponentlərinə "əlimiz hər yerə və hər kəsə çatır" mesajını verməkdir. Başqa sözlərlə, xof yaratmaq taktikası, bu isə eyni zamanda hakimiyyətin özünü bir o qədər də rahat hiss etmədiyinin əlamətidir. Belə texnologiyalar isə adətən, ölkədəki sosial-iqtisadi vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümid olmayanda aktuallaşır.

Amma hakimiyyət bunu da anlamalıdır ki, ölkədə sosial-iqtisadi irəliləyiş olmayacağı halda atılan bütün digər addımlar əks-effekt verəcək və onu özünün illər boyu qazdığı quyuya daha sürətlə yaxınlaşdıracaq. Bu yol da sonsuz deyil. Əlbəttə ki, həmin yolda ona opponentləri tərəfindən yardım əli uzadılmayacaqsa.
Bu barədə gələn yazımda.

(Davamı var)

Tuesday, December 17, 2019

Azərbaycan: radikal siyasi transformasiya yoxsa sıradan kosmetik əməliyyat? (1-ci hissə)

Milli Məclisin buraxılması və ondan əvvəl də hakimiyyətdəki çoxsaylı kadr dəyişiklikləri bu gün Azərbaycan ictimaiyyətində xeyli suallar doğurur və hələlik, əksər rəsmilər, müxalif siyasətçilər və ekspertlər tərəfindən verilən izahat və şərhlərin baş verənlərin mahiyyətini tam açmadığını desəm, yəqin ki, yanılmaram. Nədən belə düşündüyümü izah etməyə çalışım: əvvəla, az qala bütün şərhlərdə ana xətt kimi Mehriban Əliyevanın prezident postuna gətirilməsinə hazırlıq getdiyi iddia olunur və eyni zamanda da onun haqqında nəinki ekspertlər, hətta müxalifət rəhbərləri də son dərəcə ehtiyatla danışırlar, sanki bu tip açıqlamalarda yeganə məqsəd bu fikri, yəni, Mehriban Əliyevanın prezident olacağını ictimai rəyə yeritməkdən ibarətdir. Bunun məqsədli və ya bilməyərəkdən edildiyini iddia eləməkdən uzağam, amma məntiq və siyasi mübarizənin fəlsəfəsi belə olduğu halda məhz onun - Mehriban Əlievanın tənqid hədəfinə çevrilməsini diqtə edir. Amma dediyim kimi, bunun tam əksini müşahidə edirik. İlham Əliyevin ünvanına səsləndirilən tənqidlərin artması və onların tonunun sərtləşməsi fonunda Mehriban Əliyevanın ünvanına tənqidin niyə olmaması təbii ki, açıq qalan suallardandır. Başqa bir sual da elə həmin açıqlamaların özündən doğur: doğrudanmı Mehriban Əliyevanın həyat yoldaşını əvəzləməsinə qərar verilib? Amma bu suala müsbət cavabın özü də daha çox suallar doğurur ki, onların da cavablandırılması baş verənlərin ümumi mənzərəsini az-çox tamamlaya bilərdi. Eyni zamanda bu da maraqlıdır ki, hətta hakimiyyətə qarşı barışmaz mövqedə olanlar da bir sıra hallarda Əliyevanın prezident postuna gəlişinin az qala müsbət hal olduğunu və bunun nəticəsində onların təbirincə desək, 50 ildir Azərbaycanı idarə edən klanın siyasi arenadan silinəcəyini iddia edirlər. Başqa sözlə, əliyevlər klanını paşayevlər klanının əvəz edəcəyi deyilir və bunu az qala müsbət hal kimi təqdim edirlər. Deyək ki, həqiqətən belədir (hərçənd mən klanlararası mübarizə olmasına daim skeptik yanaşmışam, amma bu haqda bir qədər sonra), o zaman bir klanın digərini (klanı) əvəzləməsində müsbət nə ola bilər? Digərləri iddia edir ki, Mehriban Əliyevanın prezidentliyi üçün bazanın hazırlanması prosesində "köhnə qvardiya" sıradan çıxarılır və gənc nəslin nümayəndələrilə əvəzlənir ki, bu da birmənalı olaraq müsbət haldır. Amma bu halda da bir şey nəzərdən qaçırılır ki, bu, kəmiyyət (yaş) dəyişikliyidir, keyfiyyət (mahiyyət) yox və son nəticədə hakimiyyətin nə siyasətini, nə də onun özünün məzmununu dəyişmir. Bunu görmək üçün də artıq bir neçə il əvvəl təyin olunmuş nazirlərin və digər yüksək dövlət rəsmilərinin fəaliyyətini nəzərdən kemçirmək kifayət edər.
Amma hətta bu halda da necə deyərlər, "açar sual" cavabsız qalır: İlham Əliyevi Mehriban Əliyeva ilə əvəzləmək zərurəti nədən və hardan qaynaqlanır? İlham Əliyev özünün 4-cü prezidentlik müddətini cəmi ilyarım əvvəl rəsmiləşdirib və bu dəfə artıq daha uzun müddətə. Düzdür, burda da müxtəlif versiyalar və ehtimallar irəli sürülsə də (məsələn, İlham Əliyevin səhhət probleminin olması, Avropada və xüsusilə də, Maltada ifşa olunan korrupsiya və digər cinayət əməlləri və s.), onların heç biri hələlik əsaslı faktlara öz söykənmir. Nəhayət, belə bir əvəzləmə həqiqətən olacaqsa, onun səbəbi kimi nə göstəriləcək və burda hansı hüquqi mexanizmlərdən istifadə olunacaq? Daha bir sual budur ki, ölkənin iqtisadi durumun durmadan pisləşdiyi, sosial qütbləşmənin kəskin şəkildə dərinləşdiyi və ölkə ətrafında geosiyasi mübarizənin kəskinləşdiyi bir dövrdə belə dəyişikliyi həyata keçirmək nə dərəcədə rasionaldır və hansı fəsadlara səbəb ola bilər? Axı Azərbaycanın yerləşdiyi onsuz da yetərincə mürəkkəb coğrafiyada bolgəyə təsiri olan güclər arasındakı ziddiyyətli münasibətlər və potensial konfliktlər bu gün əvvəlki dövrlərdən daha qabarıq görünür ki, bu da öz-özlüyündə belə bir keçid üçün riskləri daha da artıra bilər.
Amma qayıdaq klan məsələsinə. Fikrimcə Azərbaycanda bir klan olub, bir klan var və ziddiyyətlər də onun daxilindəki müxtəlif qruplar arasındadır və bunlar antaqonist ziddiyyətlər deyil. Başqa sözlərlə, hakimiyyətdaxili qruplar arasındakı fikir ayrılığı nə ideoloji zəmində, nə də ölkənin gələciyilə bağlı baxışlar arasında deyil, banal resurs (pul) bölgüsü ətrafında gedən sönük çəkişmələrdir. Klan isə, dediyim kimi, birdir və onun üzvlərinin də maraqları tam üst-üstə düşür: daha çox sərvət əldə etmək üçün mümkün qədər çox hakimiyyətdə qalmaq və hakimiyyətdə qalmaq üçün mümkün qədər çox sərvət əldə etmək. Bir-birini tamamlayan bu, iki hədəfin də siyasətə heç bir aidiyyatı yoxdur. Bunu oğurluq, talançılıq, soyğunçuluq və s. adlandırmaq daha dəqiq olardı. 

(Davamı var)     

Wednesday, October 30, 2019

ABŞ xarici siyasətinin prioritetləri varmı?

21-ci yüzilliyin ikinci onilliyinin hələ başa çatmamasına baxmayaraq, qlobal siyasətin arxada qalan 19 il ərzində ikinci dəfə gərgin fazaya keçməsi bu gün artıq qaçılmaz görünür. 2001-ci ilin məlum 11 sentyabr terroru və onun ardınca baş verənlər artıq o zaman dünyanın geosiyasi mənzərəsini xeyli dəyişdi, amma belə görünür ki, uzun müddət bir tərəfdən antisovetizmə, digər tərəfdən isə antiamerikanizmə köklənmiş ikiqütblü dünyada SSRİ dağıldıqdan sonra ciddi motivasiya qıtlığı yaranmışdı. Bu mənada hətta Buş administrasiyasının qlobal terrora qarşı mübarizə doktrinası da həmin boşluğu yetərincə doldura bilmədi. Əslində, bu heç mümkün də deyildi, çünki yarım əsrə yaxın qarşı-qarşıya durmuş iki supergücün (SSRİ və ABŞ) sərt, bəzən isə təhlükəli rəqabəti şəraitində formalaşmış motivasiyanı cahil başkəsənlərə qarşı səfərbərliklə əvəzləmək nə “soyuq müharibənin” vediyi stimulu, nə də əvvəlki bipolyarlıq (ikiqütblülük) şəraitini əvəzləyə bilməzdi. Görünür elə bu səbəbdən də növbəti qlobal qarşıdurmaya ehtiyac yaranırdı və bu ehtiyacın reallaşdırılmasının təməli artıq 2008-ci ildə qoyulmağa başladı. 2001-ci ilin 11 sentyabr terrorundan cəmi 7 il sonra. Daha dəqiq desək, 2008-ci ilin avqustundakı separatçı Cənubi Osetiyadan başlayan Rusiya-Gürcüstan münaqişəsi növbəti qarşıdurma mərhələsinin “ilk qaranquşu” sayıla bilər. Ardınca Ukraynadakı “Avromaydan inqilabı” və bunun nəticəsində Rusiyanın bu ölkəyə müdaxilə edərək onun bir hissəsi olan Krımı ilhaq etməsi və həmçinin Şərqi Ukraynada separatçı rejimlərin yaranmasına açıq dəstək verməsi münaqişəni tam yetkin mərhələyə çatdırdı. Vəziyyət elə bir həddə çatdı ki, hətta Rusiyaya loyal siyasət yürüdən Obama administrasiyası bu ölkəyə qarşı sərt iqtisadi, siyasi və digər sanksiyalar rejiminə keçməyə vadar oldu. Həmin qarşıdurmalar burulğanında görünən həm də Qərbin, xüsusilə də ABŞ-ın postsovet məkandakı yeni müttəfiqlərini ya qorumaq fikrində olmadığı, ya da sadəcə bunu bacarmadığı idi. Bu isə artıq bütövlükdə postsovet dünyanın yeni geosiyasi mənzərəsinin spesifik cizgiləri oldu. Bunun ardınca Şimali Afrikanı və Yaxın Şərqi xaosa çəkmiş “ərəb baharı” nəticəsində hakimiyyətə gəlmiş əksər yeni rejimlərin Vaşinqton və müttəfiqləri tərəfindən dəstəklənməməsi (bəzi hallarda isə boykot etməsi və hətta hərbçiləri onların devrilməsinə təhrik eləməsi) isə ABŞ xarici siyasətində yeni trendlərin, bəlkə də yeni strategiyanın əlamətləri kimi qəbul olunmağa başladı. Məhz "Ərəb baharının" törətdiyi fəsadlar yaranmaqda olan yeni dünya düzəninin mənzərəsini tamamlayırdı. Kütləvi qaçqın axının yaratdığı sosial və siyasi gərginlik nəticəsində özünə münbit zəmin tapan radikal irqçi, millətçi və avroskeptik platformalara sahiblənmiş sağ (və ifrat sağ) populizm İkinci Dünya Müharibəsindən sonra siyasi radikalizmdən uzaq olmuş Avropanın siyasi mənzərəsinə korrektələr etməyə başladı. İlk baxışdan həmin proseslərdən kənarda qala bildiyi ehtimal edilən ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkiləri isə bu ehtimalları tamamilə alt-üst elədi. Demokratların bütün siyasi spektr üzrə məğlubiyyəti eyni tendensiyaların Yeni Dünyada da yer aldığını üzə çıxardı. Həmin seçkilərdə ABŞ prezidenti seçilən Donald Trampın uğuruna Rusiya siyasi dairələrinin emosional reaksiyasından belə görünürdü ki, rəsmi Moskva qlobal siyasətin hansı istiqamətə getdiyini nəinki dəqiq hesablaya bilmişdi, hətta buna demək olar ki, tam hazır idi. Moskvada çox da yanılmamışdılar, çünki respublikaçıların adətən xüsusi sərtliyi ilə seçilən Moskva siyasəti Donald Tramp administrasiyası dövründə o dərəcədə yumşaldı ki, hətta adətən Rusiyaya qarşı nisbətən loyal siyasət yürütməyə çalışan demokratlar da buna həsəd apara bilərdilər. Baxmayaraq ki, qeyd etdiyim kimi, respublikaçıların xarici siyasəti, o cümlədən də Rusiyaya yönəlik siyasəti ənənəvi olaraq demokratların siyasətindən daha sərt olub. Amma çox çəkmədi ki, 2018-ci il aralıq seçkilərində ABŞ Konqresinin Nümayəndələr Palatasında çoxluq əldə edən demokratlar faktiki olaraq, respublikaçı rəqiblərinin xarici siyasət kursuna sahib çıxdılar və bu dəfə Konqres Rusiyaya qarşı Ağ Evdən daha sərt mövqe sərgiləməyə başladı. Bu mövqenin başlıca səbəbi kimi isə Rusiyanın 2016-cı il ABŞ prezidenti seçkilərinə müdaxiləsi və nəticələrin Donal Trampın xeyrinə olmasına təsiri göstərilirdi. Şübhəsiz ki, böyük gücə malik olan qanunverici orqanın belə mövqeyi də təsirsiz ötüşmürdü. Beləliklə, ABŞ xarici siyasəti faktiki olaraq daha çox ölkədaxili mübarizənin alətinə və girovuna çevrilirdi ki, həmin tendensiya bu gün də davam etməkdə və daha da güclənməkdədir. Yaranmış siyasi şəraitdə administrasiyanın xarici siyasətdə atdığı istənilən addım Nümayəndələr Palatasındakı demokrat çoxluq tərəfindən sərt təpkilərlə üzləşir. Donald Trampın ABŞ hərbi kontingentini Suriyadan çıxararaq, Türkiyənin bu ölkəyə hərbi müdaxiləsinə imkan verməsi isə ölkə siyasətinin ən qalmaqallı hadisələrindən biri oldu. Belə ki, ABŞ hərbçilərinin həm İraqdakı, həm də Suriyadakı kürd silahlı dəstələrinə uzun müddət göstərdiyi hərbi yardım heç kəsdən sirr deyildi. Bir çox Amerika siyasətçisi kürdləri, xüsusilə də Suriyadakı YPG-ni ABŞ-ın bölgədəki əsas müttəfiqlərindən biri hesab edirdi. Odur ki, həmin kürd silahlı birləşmələrini terrorçu hesab edən və ölkə sərhədləri böyünca kürd dövlətinin yaranması ehtimalını haqlı olaraq özü üçün təhdid qəbul edən Türkiyənin Suriyaya hərbi müdaxiləsinə ABŞ prezidentinin imkan yaratması təkcə demokratların deyil, elə əksər respublikaçıların da hiddətinə səbəb oldu. ABŞ siyasi arenasında təkcə Donal Trampa deyil, həm də Türkiyəyə münasibətdə sözün həqiq mənasında isterik əhval elə bu gün də qalmaqdadır. Belə görünür ki, yaxın zamanda "Erməni soyqırımının" tanınması da aktuallaşacaq və ən azı Konqresdə bu haqda qərarın qəbul olunacağı istisna deyil. Bir çox demokrat konqresmenlər artıq bunun anonsunu da veriblər. Belə olduqda isə ABŞ təkcə Suriyadakı kürd müttəfiqlərini itirmiş olmayacaq, o, həm də NATO üzrə çox önəmli müttəfiqi olan Türkiyəni də itirmək reallığı ilə üzləşəcək. Baxmayaraq ki, 2 ölkə arasındakı münasibətləri artıq bu gün müttəfiqlik kimi dəyərləndirmək belə də asan deyil. Bəli, ABŞ xarici siyasətinin daxili siyasi mübarizə alətinə çevrilməsinin ağır fəsadları qaçılmazdır və bu, Vaşinqtonun qlobal maraqlarına ağır zərbələr vurmaqda davam edir. ABŞ-ın etibarsız tərəfdaş imici artıq onun müttəfiqləri tərəfindən də nəzərdən keçirilməkdədir. İş o yerə çatır ki, Vaşinqtonun Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi sabit müttəfiqləri də qarşıdurmadan qaçmaq məqsədilə Pakistanın vasitəçiliyilə İranla danışıqlar aparmağa başlayır. Donal Trampın 6 ölkə ilə İran arasında əldə olunmuş nüvə sazişindən birtərəfli qaydada çıxması, onun Qüdsü İsrailin paytaxtı, Qolan yüksəkliklərini isə İsrail ərazisi kimi tanıması, ABŞ-ın Venesuelada müxalif parlamentin prezident elan etdiyi spikeri əvvəl prezident səlahiyyətlərini icra edən şəxs kimi tanıyaraq, sonra isə faktiki olaraq onun arxasından çəkilməsi, İraqda və Suriyada formalaşdırıb silahlandırdığı kürd silahlı dəstələrini asanlıqla qurban verməsi, həmin silahlı dəstələrdən hərbi müttəfiqi olan Türkiyəyə potensial təhdid mənbəyi yaratması və bir sıra digər addımları Vaşinqtonun etibarsız müttəfiq imicini daha da möhkəmləndirməkdədir. Bundan başqa, Ağ Evin Almaniya, Fransa, Yaponiya və Cənubi Koreya kimi müttəfiq ölkələrin ABŞ-a ixrac etdiyi mallarına əlavə tariflər tətbiq etməsi Avroatlantik Təhlükəsizlik Sisteminin özünü təhlükə altına atır. Digər bir məqam isə Amerika siyasətçilərinin, xüsusilə də respublikaçıların və onların lideri prezident Trampın Avropa ölkələrində baş qaldıran ifrat sağçılara simpatiyasını gizlətməməsidir. Bu gün Avropa ölkələrində hakimiyyətdə olan ifrat mühafizəkar liderlər Ağ Evdə ən arzu olunan qonaqlara çevriliblər. Bu isə Köhnə Dünayda haqlı suallar, şübhələr yaradır və bu mənada Almaniya kansleri Angela Merkelin "Avropa təhlükəsizliyinin təminatı haqda özü düşünməlidir" fikri də artıq təkcə quru bəyanat deyil. Avropanın əsas iqtisadi və hərbi gücləri sayılan Almaniya və Fransa artıq bir neçə birgə hərbi layihə, o cümlədən tank və hərbi təyyarə istehsalı üzərində çalışmaqdadılar. Belə bir dinamika isə heç də taktiki addımlar təəssüratı bağışlamır və hətta 2020-ci il prezident seçkilərindən sonra Ağ Evə demokratların sahiblənəcəyi halda da vəziyyətin tam əksinə dəyişəcəyini güman etmək mümkün görünmür. Görünür, həm də bu gün yürüdülən izolyasionist siyasətin nəticəsidir ki, qlobal siyasətə qayıdan Rusiya və yenicə daxil olan Çin yaranan boşluqları sürətlə doldurmaqdadır. Bu mənada onların hər ikisi ən azı indiki mərhələdə həm də ABŞ-dan daha güvənli tərəfdaş təəssüratı bağışlayır. Məsələn, Venesuelada olduğu kimi. Görünən həm də budur ki, hal-hazırki ABŞ xarici siyasətinin aydın prioritetləri yoxdur. Elə bu səbəbdən də Vaşinqtonun dünənki bir çox müttəfiqləri və tərəfdaşları asanlıqla xarici siyasət kursuna korrektələr edərək, paralel olaraq Rusiyaya və Çinə də meyllənir. Bu da anlaşılandır, çünki az və ya çox dərəcədə xarici faktorun təsiri olan ölkələrdə siyasətdə yaranmış boşluqlar çeşidli sağ və sol populistlər üçün cəlbedici görünə bilər. Bu isə xüsusilə də qarşıdan gəldiyi proqnozlaşdırılan növbəti iqtisadi böhran şəraitində davamlı xaos demək olardı.

P.S.: Bu yazı təxminən 10 gün əvvəl yazılmışdı. Bir neçə saat əvvəl isə ABŞ Konqresinin Nümayəndələr Palatası "Erməni soyqırımı" haqda qətnaməni qəbul elədi. Bu, qondarma soyqırımı tanımaq deməkdir. Səbəb əlbəttə ki, heç də mənəvi deyil (ABŞ siyasətində mənəviyyat anlayışı xeyli nisbidir), əsl səbəb yuxarıda qeyd elədiyim kimi, Türkiyənin Suriyadakı ABŞ-ın silahlandırdığı kürd yaraqlılarına qarşı keçirdiyi hərbi əməliyyatdır. Maraqlıdır ki, vaxtilə İranın ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınan İslam İnqilabı Keşikçiləri Korpusu eyni tipli əməliyyatı İraqın Şimalındakı kürd muxtariyyətinə qarşı keçirəndə ABŞ siyasətinin heç səsi də çıxmamışdı, amma NATO üzrə müttəfiqi bu addımı atanda ABŞ mediasında və siyasi dairələrində sözün həqiqi mənasında isteriya başladı və nəhayət, Türkiyəyə qarşı dünən həm də sanksiyalar tətbiq olundu, halbuki Türkiyə Suriyaya hərbi müdaxiləni ABŞ prezidenti ilə razılaşdırmışdı. Amma dünənki qətnamə və sanksiyalar həmin kürd yaraqlılarının əslində kimə qarşı silahlandırılmış olduğunun daha bir əyani sübutu oldu. Bu günlərdə o da bəlli oldu ki, qondarma DQR-in xarici işlər naziri ABŞ Konqresində çıxış edəcək. Zaman baxımından təsadüfdürmü? Xeyr, mən belə təsadüflərə inanmıram, amma bir şeyə dəqiq əminəm ki, ABŞ-ın xarici siyasəti (elə daxili də) lobbiçiliyin və puldan başqa heç bir mənəvi dəyərləri olmayan çoxsaylı lobbiçilərin əlində girovdur. 
İndi yazacağım isə fikrimcə Azərbaycan cəmiyyəti və xüsusilə də ölkənin siyasi kəsimi üçün maraqlı olmalıdır. ABŞ-da "Erməni soyqırımı tanınmalıdır!" deyə aylardır özünə əl qatanlardan biri də bizim cəmiyyətə daim Azərbaycanın dostu kimi təqdim olunan David Harrisdir. Bəli, həmin o, Amerika Yəhudi Komitəsinin baş icraçı direktoru.
Buyurun, onun əsl siması ilə elə özünün təqdimatında tanış olun:
https://twitter.com/DavidHarrisAJC/status/1188863975733235712

 Məncə əlavə şərhə ehtiyac yoxdur. Allah Azərbaycanı belə "dostlardan" qorusun.

Sunday, October 27, 2019

Etiraz eləmək niyə vacibdir.

Demokratik Qüvvələrin Milli Şurası noyabrın 2-nə yenidən etiraz aksiyası təyin etdi. Adətən, etiraz aksiyaları ərəfəsində sosial şəbəkələrdə "Aksiyalara qoşulmaq lazımdırmı?" mövzusunda müzakirələr açılır, müxtəlif şaiyələr yayılır, təşkilatçıları nüfuzdan salmaq, onlara etimadsızlıq yaratmaq məqsədilə bütün mümkün olan və olmayan vasitələrə əl atılır. Təəssüf ki, bir sıra hallarda belə çirkli texnologiyalar öz bəhrəsini verir və ayrı-ayrı insanları etiraz aksiyalarına qoşulmaqdan çəkindirir. Bunun üzərinə dövlət və hakimiyyət orqanları tərəfindən hədələnmələri, şərlənib həbsə alınmaları və s. təzyiqləri də gəlsək, nəticədə etiraz aksiyalarına qatılan vətəndaşların sayı kəskin şəkildə azalır. 19 oktyabr aksiyası ərəfəsində də belə oldu, amma buna baxmayaraq, etiraz aksiyası baş tutdu və bu aksiya hakimiyyətdə əsl xof yaratdı. Sosial şəbəkələrdə yayılan çoxsaylı foto və videolardan göründüyü kimi, polis əməkdaşları etirazçılara qarşı amansızlıq nümayiş etdirsə də, Bakının mərkəzinə çıxan etirazçılar geri çəkilmədi.
Bu mənada fikrimcə qarşıdan gələn 2 noyabr aksiyasına təşkilatçılar daha yaxşı hazırlaşarsa və insanlarımız daha mütəşəkkil, kütləvi qatılarsa, aksiyanın nəticəsi də əvvəlkindən dəfələrlə təsirli olar. İstənilən etiraz aksiyası, xüsusilə də illərdir sərbəst toplaşma azadlığı qadağan olunmuş Azərbaycanda, ən azı 2 məqsədə nail olmağa kömək edəcək:

1. Xalq öz gücünü duyacaq və öz gücünü qaytarmış xalqla əvvəlki kimi davranmaq, onu aşağılamaq, talamaq, döymək artıq mümkün olmayacaq. Belə xalqa bu gün hücum edənlər sabah onun gücünün qarşısından qaçacaqlar. Çox sadə səbəbdən: çünki öz gücünü duymuş xalq bütün bunlara görə layiqli cavab verə bilər və o zaman bu, həm də 26 ildə onun başına gətirilənlərin hamısına adekvat cavab ola bilər. Bu cavabın həmin 26 ildə xalqı talamış, hər addımda onun qürurunu sındırmağa, ləyaqətini alçaltmağa çalışmış hakimiyyətə nəyin bahasına başa gələ biləcəyini təsəvvür eləməmək mümkün deyil. Başqa sözlərlə, qalib xalqla yalnız tərəf kimi danışmaq mümkündür. Onda bu gün xalqı saymayanlar sabah onun ayağına gedəcəklər, onun qarşısında diz çökəcəklər, ona baş əyəcəklər. Yox, onu sevdiklərinə görə deyil, ondan qorxduqlarına görə. Bütün avtoritar, totalitar kriminal rejimləri idarə edən yeganə etibarlı vasitə isə əlahəzrət qorxudur.

2.  Xalqdan etiraz görməyən və xüsusilə də həmin xalqa yad olan hakimiyyət onun gücündən qorxmayınca tutduğu yoldan - talançılıqdan, zorakılıqdan, soyğunçuluqdan heç vaxt geri çəkilməyəcək, çünki bu əməllər birbaşa onun məqsədinə xidmət edir. Yalnız etirazın miqyasını görəndə o, mövqeyini, cinayətkar yolla toplamış olduğu sərvətini və hətta sağlamlığını itirə biləcəyini düşünəcək, çünki belə situasiya ekstremal vəziyyətdir, ekstremal vəziyyət isə insanları heç vaxt düşünə bilmədiyi kimi düşünməyə vadar edir. Yalnız bu halda hakimiyyəti zəbt edənlər onun əbədi olmadığını düşünə biləcəklər ki, bu da onlar üçün iflasın başlanğıcı olacaq.

Etiraz aksiyalarına divan tutanlara isə sərt müqavimət göstərmək lazım deyil, çünki bu, daha amansız zoraklığa rəvac verməklə və aksiya iştirakçılarının səhhətinə xələl gətirməklə yanaşı, həm də insanlarda ehtiyatlılıq və qorxu yarada bilər. Zorakılıq əmri verənlərə də, həmin cinayətkar əmrləri icra edənlərə də daim bir şeyi xatırlatmaq kifayət edər: Əliyev hakimiyyətinin sonu çatmaqdadır və onda təkcə zorakılıq haqda əmrləri verənlər yox, həm də bu əmrləri icra edənlərin hamısı cəzalandırılacaq, çünki Azərbaycan qanunvericiliyi deyir ki, heç kim qanunsuz əmri icra etməyə məcbur edilə bilməz. Öz konstitusion hüquqlarını təmin etməyə çalışan insanları döymək, onlara xəsarət yetirmək və işgəncə vermək isə təkcə qanunsuz əmrin icrası deyil, bu, ilk növbədə cinayətdir. Elə bunu da aksiya ərəfəsində həmin zorakılıq edənlərə dönə-dönə xatırlatmaq lazımdır. Həm sosial şəbəkələrdəki paylaşımlarda, həm də aksiyaya gedərkən plakatlarda yazılı şəkildə.
İnanıram ki, ən yaxın zamanlarda biz də qalib xalq olacağıq!

Saturday, October 12, 2019

Baş nazir niyə dəyişdirildi? ("Turan" agentliyinə müsahibəm)

- Ərəstun bəy, baş nazir Novruz Məmmədov istefa verdi və dərhal yerinə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təyin olundu. Sizcə, bu istefanın və təyinatın arxasında hansı görünən və görünməyən səbəblər dayanır?
- Əvvəla, Novruz Məmmədov istefaya göndərildi desək, məncə daha dəqiq olar və Əli Əsədovun da siz deyən kimi, dərhal təyin olunması da onu göstərir ki, hər şey artıq hazır imiş, qalıbmış həmin o, “ev tapşırığını” reallaşdırmaq. Səbəblərə gəlincə, burda görünən səbəblər görünməyənlərdən müqayisə olunmaz dərəcədə az olduğundan daha çox ehtimallara söykənmək lazım olacaq. Əlbəttə ki, söhbət bugünkü siyasi konyunkturanı əks etdirən reallığa söykənən ehtimallardan gedir. Bu mənada ilk diqqətçəkən məqam baş nazirin dəyişdirilməsinin hansı dövrə təsadüf etməsidir. Bu gün ölkənin media məkanında Azərbaycan-Rusiya münasibətləri ətrafında sözün həqiq mənasında bir toy-bayram əhvalı duyulur. Söhbət əlbəttə ki, ilk növbədə rəsmi mediadan və hakimiyyətə yaxın informasiya resurslarından gedir. Putn – Əliyev görüşü, İlham Əliyevin Qarabağ haqqında nida (!) işarəli bəyanatı, 2 ölkə arasında münasibətlərin guya, keyfiyyətcə yeni mərhələyə keçməsi və s. kimi mövzular ətrafında gedən və bəzən absurd həddə çatan müzakirələr bir sıra çox maraqlı mətləblərdən xəbər verir. Bu yerdə onu qeyd edim ki, şəxsən mənim üçün bütün bunlar nəinki sürpriz deyil, əksinə, 2 il yarım əvvəl “Azadlıq” radiosuna və ilyarım əvvəl də şəxsən sizə müsahibəmdə söylədiyim mümkün dinamikanın artıq aydın görünən təzahürləridir. Xatırladım ki, o zaman Azərbaycanda Rusiya təsirinin daha da artacağını, ölkənin digər xarici partnyorlarından təcrid olunacağını və son nəticədə də bütün bunların Azərbaycanda siyasi hakimiyyətin dəyişməsilə yekunlaşacağını demişdim. Bu gün bir daha eyni fikirləri təkrar edirəm və o zaman olduğu kimi, bu gün də deyirəm ki, əgər Azərbaycanda siyasi hakimiyyət Rusiyanın təsirilə dəyişəcəksə, buna da çox qısqanc yanaşmaq lazım deyil, çünki əvvəla, buna alternativ yoxdur, ikincisi də önəmli olan indiki “siyasi bataqlığın” tərpənməsinə təkan verəcək istənilən bir dəyişiklikdir, onun necə və kimin təsirilə baş verəcəyi yox. Xüsusilə də onun baş verməsi üçün zəruri olan təsir baxımından seçim imkanı olmayanda. Bəli, bu gün artıq əminliklə Azərbaycanın tam Rusiya təsir dairəsində olduğunu demək olar və ölkədə baş verən bütün görünən və ilk baxışdan görünməyən dəyişikliklərin də hamısı məhz həmin təsirdən qaynaqlanır. Bu yerdə haşiyə çıxmaq istərdim ki, bir vaxtlar mövcud olmuş Qərb-Rusiya rəqbəti indi artıq yalnız tarix kimi nəzərdən keçirilə bilər, reallıq isə tamamilə başqadır. Burda da təbii bir sual ortaya çıxır ki, baş nazirin kim olması bu mənada beləmi əhəmiyyətlidir? Cavab verirəm: bəli, hətta baş nazir postunun həm de jure, həm də de facto siyasi baxımdan nominal post olmasına rəğmən, bu, yetərincə təsiri olan bir postdur və həmin postda kimin əyləşməsi siyasi intriqalar baxımından kifayət qədər önəmlidir. Bu mənada da Əli Əsədov ya Rusiyaya daha loyal olduğu, ya da ssenariyə daha çox uyğun gəldiyi üçün baş nazir postuna məsləhət görülüb. Bundan başqa, yeni baş nazir mövcud siyasi konyunkturanın bütün zəruri tələblərinə cavab verir: dövlət dilində yumşaq desək, çox zəif danışır (belə görünür ki, dilimizə bir o qədər də sayğısı yoxdur, əks halda yüksək dövlət postlarında çalışdığı 20-25 ildə onu heç olmazsa bir çox xarici diplomatların mənimsədiyi səviyyədə öyrənərdi), bundan əvvəl prezidentin iqtisadi məsələlər üzrə müşaviri və sonra da iqtisadi məsələlər üzrə köməkçisi postlarında çalışıb və deyilənlərə görə, həm də Rusiyaya yetərincə loyaldır. İstisna eləmirəm ki, başqa səbəblər də var əlbəttə, amma fikrimcə, göstərdiyim amillərin bu dəyişikliyə az təsiri olmayıb.         

- Bu təyinatı hakimiyyətdaxili klanlardan birinin yüksək postlardan birində qələbəsi kimi qələmə verirlər. Əli Əsədov necə biri kimi tanınır və onun hansı klanla daha yaxşı münasibətləri mövcuddur? Yəni hansı klanın üzvüdür?
-  Azərbaycan hakimiyyətinin daxilində gedən və günü-gündən sərtləşən klanlararası mübarizədə qələbə və qalıb yoxdur. Hamı uduzur – ölkə də, onun vətəndaşları da, öz aralarında mübarizəyə cəlb olunmuş qruplar da. Səbəb isə budur ki, həmin mübarizə ölkənin onsuz da kövrək olan, heç bir fundamental hüquqi dayaqlara və mexanizmlərə söykənməyən, hakimiyyət qanadları arasında heç bir səlahiyyət bölgüsü olmayan siyasi sisteminin olan-qalan müxanizmlərini də sürətlə sıradan çıxarmaqdadır. Yəni, hərhansı bir qrupun hakimiyyət ierarxiyasında yüksək post əldə etməsi hətta qısa vadəli baxdıqda da qələbədən daha çox ilğım effektidir, illüziyadır. Bütün bu tip mübarizələr həmin qrupları bir-birindən daha da uzaqlaşdırır, onların bir araya gələ bilməsini getdikcə daha da çətinləşdirir və hakimiyyət daxilində baş vermiş çatı bir qədər də dərinləşdirir. Bura hakimiyyətdaxili mübarizə fonunda sosial-iqtisadi vəziyyətin durmadan ağırlaşmasını, özbaşınalığın və xaosun artmasını və parallel olaraq, ölkədəki olan-qalan müxalifət partiyalarının da məqsədyönlü dağıdılmasını əlavə etsək, ölkənin təhlükəli bir boşluğa və xaosa sürükləndiyini deyə bilərik. Bu isə son nəticədə hər kəs üçün məğlubiyyət, daha dəqiq desək, fəlakət demək olardı. Əli Əsədovun necə tanınmasına gəlincə, fikrimcə o, hər zaman daha çox kölgə fiquru kimi qalmağa çalışdığından xüsusi diqqətçəkən olmayıb və siyasi terminologiya ilə ifadə etsək, daha çox texnokrat təəssüratı bağışlayıb. Bu adamın hətta kifayət qədər əhatəli olan şəxsi biznesi haqda da ölkə mətbuatında elə də çox danışılmayıb, yazılmayıb. Eyni zamanda, Əli Əsədov hərhansı bir uğura imza atmış şəxs kimi də gündəmdə olmayıb, əksinə, fiaskoya uğramış “Bayraq Meydanı” layihəsi ilə və İlham Əliyev hakimiyyətinin ən uğursuz naziri olmuş, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun himayəçisi kimi adı hallanmış məmurdur. İstisna eləmirəm ki, hansısa qrup bu təyinatdan yararlanmağa çalışıb və ya çalışacaq, amma eyni zamanda onun təyinatında daha çox xarici amilin rolunun olduğunu düşünürəm.
- Əli Əsədovun Eldar Mahmudovla qohumluq əlaqələrinin olduğu deyilir. Amma Eldar Mahmudov vurulan ərəfədə Əli Əsədov ziyan görmədi. Və hətta həmin vaxtlarda  prezidentin köməkçisi təyin olundu. Sizcə, Əli Əsədov həmin proseslərdən özünü necə sığortalaya bilib?
-  Qohumluq əlaqəsi haqda deyə bilmərəm, amma düşünmürəm ki, Eldar Mahmudov həmin posta Əli Əsədovun təqdimatı və ya dəstəyilə gətirilmişdi. Mahmudovun güc strukturlarından birinin başına gətirilməsi hələ İlham Əliyevin atasının hakimiyyəti dövründəki təşəbbüsü olub. O zaman onu daha çox DİN-nin rəhbəri etmək istəyi vardı və Eldar Mahmudov bu məqsədlə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəis də gətirilmişdi, amma bildiyim qədər, nazir Ramil Usubovun və Ramiz Mehdiyevin təkidilə həmin postdan uzaqlaşdırıldı. İlham Əliyev o zaman artıq Heydər Əliyevdən sonra hakimiyyətə gəlməyə hazırlaşırdı və ona güc strukturlarında ciddi dayaqlar lazım idi. Bu məqsədlə də hələ Moskvada yaşadığı dövrlərdən tanıdığı Eldar Mahmudovu gələcəkdə hakimiyyətini qorumalı olan güc strukturu rəhbəri kimi görürdü. Xoşbəxtlikdən Mahmudova DİN orqanlarında irəli getməyə imkan verilmədi, daha doğrusu, o, qısa zamanda bu nazirlikdən kənarlaşdırıldı, yoxsa polis kimi güclü və təsirli bir struktura rəhbərlik etməklə onun nələr törədə biləcəyini təsəvvür eləmək belə qorxuludur. Bu plan baş tutmadıqda isə Mahmudov MTN rəhbəri təyin olundu və bunun nəticəsində ölkənin ən intellektual dövlət qurumunun hansı əməllərə cəlb olunduğunu, necə kriminallaşdığını yenidən xatırlatmağa məncə ehtiyac yoxdur. Azərbaycan həmin təyinatın ağrı-acısını çəkməkdədir və hələ çox çəkəcək. Odur ki, Əli Əsədovun bu təyinatda hansısa xüsusi rolunun olduğunu düşünmürəm, çünki elə olsaydı, onun üçün “xilas olmaq” xeyli çətin olardı.
- Novruz Məmmədovun vurulmasının səbəbi nədir? Versiyalardan biri istefaya Novruz Məmmədovun son verdiyi müsahibənin səbəb olduğu deyilir. Yəni bunun əslində istefa olmadığı da söylənilir. Deyilənə görə istefa ərizəsi yazmaq üçün tapşırıq yuxarıdan gəlib. Sizcə, hakimiyyət Novruz Məmmədov kimi sadiq bir kadrından belə rahatlıqla imtina edəcəkmi?
-  Səbəblər çox müxtəlif ola bilər, amma yenə də o fikirdə qalıram ki, əsas səbəb Əli Əsədovu həmin vəzifəyə gətirmək olub. Belə görünür ki, bu, qaçılmaz bir şərt olub. İstefa olmadığını elə ilk sualınıza cavab verərkən mən də bildirmişəm. Novruz Məmmədovun son müsahibəsinə gəldikdə, həmin müsahibə ilə tanışam, amma o müsahibədə baş nazir postundan kənarlaşdırılmaq üçün elə bir ciddi səbəb yox idi. Həmin müsahibədə Novruz Məmmədov hər bir azərbaycanlının öz ölkəsi, xalqı haqda deməli olduğu, deyə biləcəyi fikirləri səsləndirib. Bəlkə də mən öz meyarlarımla yanaşdığımdan belə düşünürəm və ya əsas qıcıq yaradan müsahibənin məhz ailə tərəfindən sevilməyən “Space” telekanalına verilməsi olub, amma istənilən halda səbəbin bu müsahibə olduğu mənə inandırıcı görünmür. Hakimiyyət mətbəxində hazırlandığı açıq-aydın görünən və bir çox media vasitələrində yayılmış yazıda deyilir ki, Novruz Məmmədov işinin öhdəsindən gəlməyib. Bəli, Novruz Məmmədov baş nazir olduğu qısa müddətdə qeyri-populyar qərarlarla və onların bəzilərinin sonradan ləğv olunması ilə yadda qaldı, amma Azərbaycanda baş nazirin səlahiyyətləri hansısa uğurlu addımlar atmağa, nəyəsə nail olmağa da imkan vermir. Yuxarıda qeyd etdiyim kimi, bu, nominal postdur, çünki ali icra hakimiyyətinin başçısı olan prezident bütün icra qurumlarının, o cümlədən də nazirliklərin, komitələrin və dövlət şirkətlərinin  fəaliyyətinə ya birbaşa özü rəhbərlik edir, ya da bunu köməkçisinin və ya mühafizəçisinin vasitəsilə həyata keçirir. Bundan başqa, ölkənin iqtisadi inkişafı ilə bağlı məsələlər də onun səlahiyyətlərinə aiddir. Belə olduğu halda baş nazir postu faktiki olaraq, formal mövcud olan vəziyifəyə çevrilir. İronik bir vəziyyət alınır: prezidentin köməkçisi və xüsusilə də onun mühafizə rəisi ölkənin yüksək siyasi postlar tutan rəhbərlərindən daha təsirli fiqura çevrilir. Belə olduqda isə baş nazir faktiki “toy generalına” çevrilir. Yəqin yadınızdadır, Novruz Məmmədovdan əvvəlki baş nazir Artur Rasizadəni ölkə əhalisi hətta unutmuşdu da. Qaldı hakimiyyətin ondan imtina edib-etməyəcəyinə, düşünürəm ki, bu, artıq elə də əhəmiyyətli məsələ deyil. Bəlkə elə Novruz Məmmədovun özü üçün də. Hər halda, onun yuxarıda qeyd etdiyimiz müsahibəsində özü də vəzifəyə can atan insan olmadığını dəfələrlə vurğulayıb. Üstəlik də ölkənin baş naziri kimi formal da olsa yüksək bir postu tutmuş şəxsin bundan aşağı və ya ola bilsin xeyli aşağı vəzifəyə gedə biləcəyi nə dərəcədə inandırıcıdır? Bilmirəm, yəqin ki, bu sualın ən dəqiq cavabını yalnız Novruz Məmmədovun özü verə bilər.
- Əli Əsədovun təyinatı nəyi dəyişəcək? Ölkədə, hakimiyyətdaxili siyasətdə hansı dəyişikliklər, yeniliklər olacaq?
- Bu təyinat ölkənin sosial-iqtisadi inkişafında heç nəyi dəyişməyəcək. Azərbaycanda nə normal bazar iqtisadiyyatı var, nə onun fəaliyyət göstərməsi üçün hüquqi şərait, nə də həmin şəraiti təmin edə biləcək dövlət və hakimiyyət institutları. Bazar iqtisadiyyatının fəaliyyəti üçün hüquqi mexanizmlərin işləkliyini qoruyan, mülkiyyət toxunulmazlığını, azad rəqabət mühitini təmin edən müstəqil məhkəmə sistemi yoxdursa, hansı yeniliklərdən və ya dəyişikliklərdən danışmaq olar?! Əgər ölkənin ali qanunverici orqaninda yeni baş nazirin təyinatına bir nəfər də olsun nəinki etiraz eləmir, hətta bitərəf qalmırsa bu, ölkədəki hakimiyyət bölgüsünün necə acınacaqlı bir durumda olduğunu əks etdirən real mənzərədir. Digər tərəfdən, uzun illər boyu prezidentin iqtisadi məsələlər üzrə müşaviri və sonra da iqtisadi məsələlər üzrə köməkçisi vəzifələrində çalışmış şəxs həmin dövrlərdə heç bir iqtisadi yeniliyə, inkişafa nail ola bilməyibsə, heç bir real səlahiyyətləri olmayan baş nazir postunda ondan nəsə gözləməyə dəyərmi? Əlbəttə ki, dəyməz və burda söhbət heç şəxslərdən də getmir, sistem budur, onun xarakteri, fəaliyyət prinsipləri və mexanizmləri yeniliyə, inkişafa xidmət edə bilməz. Sistem dəyişməyəcəksə, ölkədə əsaslı hüquqi, siyasi və iqtisadi islahatlar həyata keçirilməyəcəksə, institusional hakimiyyət bölgüsü təmin olunmayacaqsa, mülkiyyətin statusu müəyyən olunmayacaqsa və atılan bütün addımlar yalnız səmərəliliyini tam itirmiş ierarxiyanı qorumağa xidmət edəcəksə, artıq bütün əlamətlərilə açıq-aydın görünən sistem böhranı da öz məntiqi sonluğunadək davam edəcək. Bu halda da bölgəni nəzarətində saxlamaq istəyən xarici güclər üçün Azərbaycanı istədiyi istiqamətə yönəltmək hətta indikindən də qat-qat asan olacaq. Xüsusilə də onlara loyal şəxslərin aşağıdan yuxarı bütün hakimiyyət strukturlarına yerləşdirilmiş olduğu halda. Hal-hazırda Rusiyanın Azərbaycan da daxil olmaqla, əksər postsovet ölkələrdə həyata keçirdiyi plan məhz belə görünür. Həmin plan baş tutandan sonra isə yüksək ehtimalla, varlanmış, şişmiş və klanlaşmış oliqarxiyaya ehtiyac olmayacaq, çünki siyasi və iqtisadi dayaqları zəif olan hakimiyyətləri idarə etmək daha asandır.

Friday, October 11, 2019

Azərbaycan Ordusuna qarşı təxribatlar niyə dayandırılmır?

Bu günlərdə "Tərtər işi" ilə bağlı baş verən hadisələrdə yeni bir çalar müşahidə olunmağa başladı. Şərlənib tutularaq və işgəncələr verilərək qətlə yetirilmiş hərbçilərin heç bir dövlət orqanından cavab ala bilməyən, ölkənin müxalifəti və hüquq müdafiəçiləri tərəfindən talenin hökmünə buraxılan ailə üzvləri Azərbaycan Ordusunun birinci ordu korpusunun komandanlığının yerləşdiyi hərbi hissə qarşısında etiraz aksiyası keçirdilər. Etiraz aksiyasının keçirildiyi yer hər mənada heç də təsadüfi seçilməyib. Əvvəla, həmin hərbçilərin başına gətirilənlər məkan baxımından həmin korpusun tabeliyində olan hərbi hissə ərazisində törədilib, ikincisi, görünən həm də budur ki, artıq etirazlar məqsədli şəkildə tamamilə fərqli və konkret hədəfə qarşı yönəldilir və bu da səbəbsiz deyil. Belə ki, korpusun komandiri, general-mayor Hikmət Həsənov şəxsi heyət arasında nüfuzu olan komandirlərdən sayılmaqla yanaşı, həm də Milli Ordunun zabitlərinin xeyli hissəsinin inandığı və güvəndiyi komandirlərdən biridir. Ona görə də Milli Ordunun hərbçilərinə qarşı törədilmiş amansız cinayətlərin müəllifləri həm də öz cinayətlərini onun ayağına yazmaqla onu ləkələmək və həm də cəmiyyətdə səngiməyən müzakirə mövzusu olan "Tərtər işi"ni onun üzərində qapatmaq istəyirlər. Məsələnin indi və bu şəkildə gündəmə gəlməsi isə heç də təsadüfi deyil. Rusiya Hərbi prokuroru Valeriy Petrov böyük nümayəndə heyətilə Azərbaycana səfər edir, hərbi prokuror Xanlar Vəliyevlə, müdafiə naziri Zakir Həsənovla və baş prokuror Zakir Qaralovla görüşür. Bu, faktiki olaraq, "Tərtər işi"nin təşkilatçılarına Rusiyanın dəstəyinin ifadəsidir. Beləliklə də Rusiya Azərbaycan Ordusuna qarşı törədilmiş həmin genişmiqyaslı cinayətin arxasında durduğunu açıq şəkildə nümayiş etdirir və bu da zaman baxımından yenə də təsadüfi olmur. Əvvəla, qeyd etdiyim kimi, "Tərtər işi" ölkə gündəmindən düşmür və bu da son nəticədə cinayətkarların ifşasına və ölkədəki ictimai-siyasi durumun dəyişməsinə səbəb ola bilər və ikincisi, hal-hazırda Rusiyanın Azərbaycan hakimiyyətinə təsiri özünün pik nöqtəsindədir və deməli, Moskva üçün onun sifarişilə Azərbaycan Ordusuna qarşı cinayətlər törətmiş əlaltılarını qorumağın əsl zamanıdır. Digər tərəfdən də "Tərtər işini" general Həsənovun üzərində bağlamaqla, Rusiya ölkəsinə xidmət edən daha bir azərbaycanlı zabiti sıradan çıxarmış olacaq.
Beləliklə, Rusyanın ordumuza qarşı təxribatları davam edir və bu təxribatların uğurla davam etməsi üçün Moskva həmin cinayətlərin icraçılarını onların missiyası bitənədək qorumalıdır. Görünür, elə bu səsəbdən də hərbçilərə qarşı törədilmiş qeyri-insani işgəncələrin icrasına birbaşa rəhbərlik etmiş polkovnik-leytenant Cəfər Seyidov da məhz cinayətlərin izini itirmək üçün ölkədən çıxarılaraq, deyilənə görə, Azərbaycanın ABŞ-dakı səfirliyinə hərbi attaşe vəzifəsinə göndərilib. Bu da anlaşılandır, çünki işgəncələrə məruz qalaraq qətlə yetirilən hərbçilərə işgəncə verənlər bunu onun birbaşa rəhbərliyi altında həyata keçiriblər, o isə öz növbəsində bu əmrləri Baş Qərargah rəisi Nəcməddin Sadiqovdan və onun bacısı oğlu, MN Daxili Təhlükəsizlik İdarəsinin rəisi Ramil Əkbərovdan alıb. Deməli, Cəfər Seyidov təkcə cinayətdə şübhəli şəxs deyil, həm də bu cinayıtin açılmasında və təçkilatçıların ifşa olunmasında rolu ola biləcək əsas şahiddir.
Göründüyü kimi, təxribatçı şəbəkə öz fəaliyyətini sistemli və ardıcıl şəkildə davam etdirir: 2013-2015 illərdə ölkənin Hərbi-Dəniz Qüvvələri, 2017-2018 illərdə isə Quru Qoşunlarının xüsusi təyinatlı əsas zərbə qüvvələri casus şəbəkəsi tərəfindən sıradan çıxarıldı. Nəhayət, bu ilin iyul ayında MİQ-29 təyyarəsinin "qəzaya uğraması" nəticəsində ölkənin Hərbi-Hava Qüvvələri hədəfə alınmışdı, lakin hadisənin cəmiyyətdə doğurduğu ictimai rezonans buna mane oldu. Bu səbəbdən də belə görünür ki, şəbəkəyə taktikanı dəyişib, hələlik Azərbaycan Ordusunun aparıcı generalları olan korpus komandirlərini hədəfə almaq tapşırığı verilib.
Casuslar və təxribatçılar tarix boyu öz missiyasını sahiblərindən aldıqları təlimatlar əsasında həyata keçirib və bu gün Azərbaycanda baş verənlərdə də eyni dəst-xətt görünür. Amma faciə burasındadır ki, bütün bu, ağır dövləti cinayətlər silsiləsi ölkənin siyasi rəhbərliyinin, ilk növbədə də Ali Baş Komandanın tam susqunluğu və fəaliyyətsizliyi fonunda davam edir. Görünür, ölkə rəhbərliyini narahat edən daha ciddi məsələlər var, amma əslində məhz elə bu məsələnin hər mənada ən ciddi təhdid olduğunu hələ qəbul edə bilmirlər.

Monday, September 16, 2019

Azərbaycanın hərbi təyyarəsi vuruldu yoxsa qəzaya uğradı? (2-ci yazı)

Bu ilin iyulunda ordumuzun MİQ-29 təyyarəsinin Xəzərə düşməsilə bağlı bir daha yazmayacaqdım. Ona görə yox ki, məsələ tam aydınlaşdırılıb və bütün suallar cavablandırılıb. Xeyr, sadəcə ona görə ki, nə qədər və nə yazsan da, buna əhəmiyyət verən yoxdur. Azərbaycanda hakimiyyət yoxdur, bu gün onu əvəz edən isə 2-3 qrupdur və onlar da öz aralarında ölkənin olan-qalan sərvətini bölüşdürməklə məşğuldular. Dövlət maraqları, milli təhlükəsizlik məsələləri isə bu qrupların heç birini maraqlandırmır. Bu da təbiidir, çünki bütün bu qruplar xarici dövlətlərin maraqlarına xidmət edir, çünki tutduqları yüksək postları və bu postların sayəsində taladıqları sərvəti xarici himayədarlarının əlilə əldə ediblər və həm də bunun nəticəsi olaraq, onlardan tam asılıdılar.
Amma Müdafiə naziri Zakir Həsənovun 15 sentyabr tarixdə "Mir Şahinin vaxtı"na verdiyi müsahibəsindəki savadsız və yalanlarla dolu müsahibəsi məni mövzuya yenidən qayıtmağa vadar etdi. Əslində Zakir Həsənovdan bundan artığını gözləmirdim də. Ona görə gözləmirdim ki, onun tərcümeyi-halını, nazir postuna hansı dövlətə xidmət edənlərin vasitəsilə gətirildiyini və nazir kimi fəaliyyətini detallarına qədər dəqiqliklə bilirəm. Nazir olduğu ilk gündən şoumenlikdən uzağa gedə bilməyən və öz müavini olan Baş Qərərgah rəisi Nəcməddin Sadıkovdan faktiki asılı olan şəxsdən nəsə gözləməyə dəyməz də.
Beləliklə, qayıdaq Zakir Həsənovun bədnam müsahibəsinə. Bu başdan qeyd edim ki, nazir ya bilərəkdən (yüksək ehtimalla), ya da səriştəsizliyi üzündən ordunun vəziyyəti, ordudakı mənəvi atmosfer və Silahlı Qüvvələrə ictimai nəzarət haqda ucdantutma ağ yalanlar danışır. Zakir Həsənov bəyan edir ki, Rəşad Atakişiyev çox yüksək səviyyəli pilot idi (buna ilk gündən heç kimin şübhəsi olmayıb) və idarə etdiyi MİQ-29 təyyarəsi suya düşənədək saz vəziyyətdə olub. Sual olunur ki, o zaman yüksək peşəkar pilotun idarə etdiyi saz vəziyyətdə olan təyyarə suya niyə düşməli idi? Əlbəttə, Zakir Həsənov yenə iddia edəcək ki, çünki təyyarə quş sürüsü ilə toqquşub və müsahibədə elə bunu da edir. Bunun ağ yalan olduğunu isə həm MİQ-29 təyyarəsinin qəza statistikası göstərir, həm də təyyarənin istehsalçısı olan Rusiyanın sınaq uçuşları keçirən mütəxəssisləri (o cümlədən də pilotlar). Bir daha deyirəm, MİQ-29 təyyarəsinin pilot kabinasının örtüyü (həm də açılıb-örtülən şüşə örtüyü) güllə keçirməyən xüsusi materiallardan hazırlanır və quş sürüsü onu heç bir halda sındıra bilməzdi. Bundan əvvəlki yazımda da qeyd eləmişdim ki, 2008-ci ildə eyni məkanda qəzaya uğrayan eyni tip təyyarə (MİQ-29) sudan bütöv olaraq çıxarılmışdı və onun videosunu da paylaşmışdım. Videonu bir daha diqqətinizə təqdim edirəm:

https://www.youtube.com/watch?v=RwktWDFAAJI&t=92s

 Rəşad Atakişiyevin idarə etdiyi təyyarə isə sudan çoxsaylı fraqmentlər şəklində çıxarıldı və onun qaynatası Qabil Hüseynlinin də dediyi kimi, təyyarənin gövdəsinin alt hissəsi çıxarılmamışdı. Niyə? Əlbəttə ki, yüksək ehtimalla, təyyarəyə atılan raket onun məhz həmin hissəsindən dəydiyi üçün. Buna hüquq praktikasında "cinayətin əşyayi-dəlilini məhv etmək" deyilir. Müsahibədə Zakir Həsənov yalanlarını davam etdirərək, israr edir ki, "qara qutu" oxunub və orda pilotun səsinin niyə olmadığını sual edənlərə bildirir ki, "qara qutuda" pilotun danışıqları qeyd olunmur. Düz deyir, amma həm də yalan deyir, çünki təyyarələrdə pilotun danışıqlarını qeydə alan "registrator" adlı cihaz olur və orda pilotun həm dispetçerlərlə, həm də həmin anda uçuş həyata keçirən digər pilotlarla olan bütün danışıqları əks olunur. MİQ-29 isə həmin təlim uçuşunda iştirak edən 3 təyyarədən biri olub və təbii ki, belə uçuşlar zamanı pilotlar hərbi-taktiki məsələləri öz arasında müzakirə edirlər. Deməli, səs qeydləri digər 2 təyyarənin də "registratorunda" qalmalı idi. Bu da bir yana, pilotun dispetçerlə danışıqları həm də uçuşun idarə olunduğu məkandakı dispetçer xidmətində də səs yazısı şəklində qeydə alınır. Deməli, ən azı 4 yerdə bu səs yazısı olmalı idi və sual olunur ki, pilot təyyarə qəzaya uğramazdan və ya vurulmazdan əvvəl dispetçerlə, pilot yoldaşları ilə nə danışıb, onlara nə məlumat verib ki, Müdafiə Nazirliyinin rəhbərliyi həmin məlumatı xalqdan gizlədir.  Nəhayət, Zakir Həsənov deyir: "İkinci məqam: əgər təyyarə ilə toqquşma olsaydı, bu, "qara qutuda" öz əksini tapacaqdı. Bütün Azərbaycanda olan digər qurumların radarları və bizim radarların məlumatları üst-üstə düşdü". Deyək ki, Zakir Həsənov düz deyir və o zaman sual meydana çıxır ki, təyyarənin düşdüyü yeri müəyyən etmək üçün niyə 3 həftədən çox vaxt lazım oldu? Axı radar və üstəlik də bütün radarlar həmin nöqtəni dəqiqliyilə göstərməli idi. Amma bu, olmadı və hamımızın bildiyimiz kimi, təkcə MİQ-29 təyyarəsinin yerini müəyyən etməyə 3 həftəyədək vaxt sərf olundu.
Müdafiə Nazirliyi, onun rəhbəri Zakir Həsənov danışdıqca batırlar, odur ki, cənab nazirə bir tövsiyyəm var: Zakir Həsənov, susun, siz susanda daha ciddi görünürsünüz! Qalanlarını isə zaman və yaxın gələcəkdə təyin olunacaq istintaqlar müəyyən edəcək. Həm də təkcə bu, təyyarə məsələsini yox, ordudakı təyyarələrin, tankların və digər ağır silahların neçə faizinin və niyə işlək vəziyyətdə olmamasını da.
Gedin həmişə getdiyiniz hərbi hissəyə, fotolar çəkdirib yayın və ya Nəcməddin Sadıkovla Bakı Qarnizonunda xidmət edən xanımları toplayıb "baxış" keçirin! Nəyə və kimə baxış? Ehtiyacınız varsa, detalları ilə xatırlada bilərəm. Bir də dillənin və məmnuniyyətlə xatırladacağam...

İstəyən oxucular nazirin məlum müsahibəsinə burda baxa bilər:
https://www.youtube.com/watch?v=ktIyx_FvuJA&app=desktop

Thursday, September 5, 2019

Əsrin cinayətini törədənlər niyə cəzasız qalmaqdadır (3-cü yazı)

Son günlər əldə etdiyimiz yeni və faktlarla təsdiqlənən məlumatlara əsasən, 2017-ci ildə erməni kəşfiyyatına işləmək saxta ittihamı əsasında həbs olunan hərbçilərimizin mütləq əksəriyyəti 2016-cı ilin aprelində ön cəbhədə döyüşmüş əsgər və zabitlər olub. Olub, çünki hərbi prokuror Xanlar Vəliyevin və Baş Qərərgah rəisi Nəcməddin Sadıkovun birbaşa rəhbərliyi altında işgəncələrə məruz qalan bu insanlardan (200 nəfərdən artıq) 14-ü işgəncə verilərək öldürülüb, 200 nəfərə qədəri isə işgəncələrdən aldıqları ağır fiziki və psixi travmalar səbəbindən ordu sıralarından tərxis olunublar. Bir daha qeyd edim ki, həmin işgəncələrə rəhbərliyi Nəcməddin Sadıkovun bacısı oğlu, Müdafiə Nazirliyi Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik Ramil Əkbərov həyata keçirib. Öldürülənlərdən bir neçə nəfərinə artıq bəraət verilsə də, nə Xanlar Vəliyevdən, nə də Nəcməddin Sadıkovdan Azərbaycan Ordusuna qarşı bu miqyasda xəyanətkar əməli, qəddar və insan ləyaqətini alçaldan cinayətləri niyə törətdiklərini soruşan yoxdur. Bunu nəinki soruşan yoxdur, əksinə, son günlər hətta onların bu cinayətlərini ifşa eləmiş məmurların dövlət orqanlarından ən qətiyyətli şəkildə (başqa sözlərlə, heç bir səbəb göstərilmədən və izahat verilmədən) kənarlaşdırılması haqda tapşırıq verilib və proses də artıq başlayıb. Bunun daha böyük miqyas alacağı da şübhə doğurmur, çünki həmin "intiqam aksiyasının" arxasında çox güclü təsirə malik olan hakimiyyətdaxili qrupun durduğu deyilir. Məsələ burasındadır ki, ölkəyə yalnız müvəqqəti işğal olunmuş ərazi və gəlir mənbəyi kimi baxan, öz çirkin niyyətlərini rahat həyata keçirmək və kritik məqamda qarşıdurma yaratmaq məqsədilə Azərbaycanın müxtəlif bölgələrində və dövlət orqanlarının nəzdində çoxsaylı və faktiki qeyri-qanuni silahlı dəstələr yaratmış bu qrup Azərbaycan dövlətinin özünə və bu dövlətə sadiq azərbaycanlılara düşmən gözü ilə baxır, elə bu səbəbdən də ölkə ordusunu sındırmaq, alçaltmaq üçün öz cinayətkar təbiətinə uyğun olan ən yaramaz metodlara əl atır. Amma xəyanətkarların təxribat fəaliyyəti təkcə ön cəbhədə fədakarlıqla döyüşərək həyatını riskə atmış hərbçilərə qarşı erməni kəşfiyyatına işləmək kimi saxta və şərəfsiz ittiham verməklə bitmir. Azərbaycan Ordusunun iflic olunması, onun döyüş ruhunun öldürülməsi və "döyüşən cəzalandırılacaq" xofunun yaradılması bu dəstənin ölkəni tam ələ keçirmək planının çox kiçik bir hissəsidir. Həmin plana ölkə əhalisinə keyfiyyətsiz və müxtəlif xəstəliklər törədən maddələr qatılmış ərzaq məhsullarının satılması (kürd əsilli İran vətəndaşı Abdulbarı Goozal və onun "Azərsun" şirkətinin həmin əməlləri haqda ətraflı yazmışam) və ölkədə narkotik maddələrin yayılması da daxildir. Xainlərin niyyət və planları bəllidir, amma sual olunur ki, həmin cinayətkar əməllərə Azərbaycan rəsmiləri və ölkənin hüquq-mühafizə orqanları (DİN və Respublika Prokurorluğu) nədən reaksiya vermir? Prezident Administrasiyası rəsmiləri Ramiz Mehdiyev, Fuad Ələsgərov, Əli Həsənov və digərləri Azərbaycan xalqının soyqırımına xidmət edən bu cinayətkar əməllərə dair ölçü götürülməsi barədə niyə məsələ qaldırmır? Gələn (4-cü) yazımda bütün bu baş verənlərə daha geniş rakursdan baxışımızı təqdim edəcəyəm.

Thursday, August 22, 2019

Azərbaycanın hərbi təyyarəsi vuruldu yoxsa qəzaya uğradı?

İyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinin Xəzər dənizi üzərində təlim uçuşu keçirərkən dənizə düşən təyyarəsinin hissələri və pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi hadisədən 27-28 gün sonra nəhayət, tapılıb çıxarıldı. Amma hadisə ilə bağlı elə ilk günlərdən ortaya çıxan suallar, müəmmalar nəinki gündəmdən çıxmadı, əksinə, xeyli yeni suallar da əlavə olundu. Bu, da təbiidir, çünki müvafiq qurumlar, ilk növbədə də ölkənin Müdafiə Nazirliyi (MN) arxada qalan az qala bir ay ərzində bir neçə məsələdə tam səriştəsizlik (hüquq dilində buna "cinayətkar səhlənkarlıq" deyirlər)  nümunəsi ortaya qoydular. Əvvəla, MN ictimai rəylə, cəmiyyətlə işləyə bilmədiyini bütün çılpaqlığı ilə nümayiş etdirdi və bu da tamamilə anlaşılandır: ictimai rəylə işləmək mütəmadi olaraq, eyni hərbi hissəyə gedib fotolar çəkdirib, onları paylaşmaq deyil. Bu şoumenliyi şəxsən nazir Zakir Həsənov primitiv metodlarla da olsa, hər halda bir az bacarır. MN-nin hadisə ilə bağlı susqunluğu və ya tutumsuz, ziddiyyətli açıqlamaları fonunda medianın maraqlı qüvvələr tərəfindən çaşqınlıq yaratmağa yönəlmiş məqsədli dezinformasiyalarla doldurulması göstərdi ki, Azərbaycan öz torpaqlarını azad etmək uğrunda savaşa başlayarsa biz, ən azı informasiya müharibəsini fəciəvi şəkildə uduzmuş olarıq. Bu isə müasir şəraitdə müharibə aparan ölkə üçün faktiki məğlubiyyət deməkdir. Amma qayıdaq həmin o dezinformasiya dalğalarının hədəflərinə. İlk olaraq, ortaya versiya atıldı ki, guya təyyarə ya texniki səbəbdən, ya da pilotun səhhəti üzündən qəzaya uğraya bilərdi. MN isə hər zaman olduğu kimi, bu dəfə də susaraq xalqa demədi ki, əvvəla, təlim uçuşunda təkcə mərhum pilot Rəşad Atakişiyevin idarə etdiyi MİQ-29 təyyarəsi yox, 3 təyyarə olub və bu da tamamilə normal praktikadır, çünki təlim uçuşu zamanı onların hər biri öz vəzifəsini yerinə yetirir. İkinci, Milli Ordunun ən təcrübəli pilotlarından olan Rəşad Atakişiyev şübhəsiz ki, təyyarənin texniki vəziyyətini dəyərləndirməyə qadir idi və bütün pilotlar kimi mütəmadi tibbi müayinə keçirdi və deməli, onun səhhətində problemlər ola bilməzdi. Nəhayət, texniki nasazlıq adətən, təyyarənin bir anda qəzaya düşməsinə səbəb olmur və deməli, pilot katapultdan istifadə etməli idi. Digər məqamlar da var, amma oxucunu çox yükləməmək üçün daha əhəmiyyətli olan bir açıqlamaya da diqqət çəkmək istərdim. Bu, hərbi ekspert Üzeyir Cəfərovun Azərbaycanın hərbi təyyarəsinin Rusiyanın REM (Radioelektron müdafiə) sistemi vasitəsilə sıradan çıxarıla biləcəyi haqda ehtimalı idi. Heç də təsadüfi deyldi ki, məhz bu açıqlamadan sonra vaxtilə Azərbaycan dövlətinə qarşı casusluq, çoxsaylı təxribatlar törətmiş, nəhayət, 1993-cü ilin hərbi qiyamında iştirak edərək prezident qvardiyasının əsgərlərini xaincəsinə güllələmiş, bu gün isə Rusiyaya sığınmış cinayətkarlar Üzeyir bəyi hədəfə aldılar, onu sosial şəbəkələrdə ələ salmağa, təhdid etməyə çalışdılar. Maraqlıdır ki, bu açıqlamaya nə Rusiyanın, nə də Azərbaycanın hərbi qurumları heç bir münasibət bildirmədi. Ən azı, Rusiya tərəf buna münasibət bildirməli idi. Təbii ki, istifadə olunmuş törtöküntülərinin dililə yox.
Ardınca təyyarənin axtarışına Rusiyadan və Türkiyədən mütəxəssislərin dəvət oluna biləcəyi mövzusu ortaya atıldı və burda çox təbii olaraq "Niyə?" sualı ortaya çıxır. Bu da təsadüfi deyil. Hələ 2008-ci ilin yanvarında anoloji hadisə baş verəndə axtarış üçün heç bir xarici ölkəni dəvət etməyə ehtiyac olmamışdı, çünki o zaman ölkənin Hərbi Dəniz Qüvvələrinin arsenalında təyyarənin axtarışı üçün həm müvafiq elektron-texniki vasitələr, həm də hazırlıqlı peşəkar mütəxəssislər vardı. Ona görə də ölkənin öz potensialı hesabına (qış mövsümü olmasına rəğmən) qəzaya uğrayan təyyarəni elə MN-nin Hərbi-Dəniz Qüvvələri tapıb çıxarmışdı. Bəli, ölkənin belə resursları vardı, amma Şimal qonşumuzdan sifariş alan Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun rəhbərliyinin səyləri sayəsində həmin arsenal 2013-2015 illərdə saxta ittihamlar əsasında açılmış cinayət işi vasitəsilə darmadağın edildi. Bu haqda əvvəlki bloq yazılarımda ətraflı yazmışam.
Bu yerdə bir məqamı da diqqətinizə çatdırmaq yerinə düşərdi. 2008-ci ildə sudan çıxarılan təyyarənin əsasən yalnız burun hissəsi zədələnsə də, bu dəfə çıxarılan təyyarənin faktiki çoxsaylı hissələrə parçalanması məlum oldu. Bundan başqa, o da məlum oldu ki, pilotun nəşi kresloya bağlı vəziyyətdə tapılsa da, əslində onun bədəni parçalanmış və hətta pilot kreslosu iki hissəyə bölünübmüş. Bu mənada, Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynlinin BBC radiosunun Azərbaycan xidmətinə verdiyi müsahibə əhəmiyyətli dərəcədə informativdir. Müsahibənin önəmini nəzərə alaraq, onu təqdim edirəm:

 https://www.youtube.com/watch?v=IVWV2BWXvKg&app=desktop

Məsələ burasındadır ki, kifayət qədər güclü konstruksiyaya malik olan MİQ-29 döyüş təyyarəsidir və o, suya düşərkən zərbədən bu dərəcə parçalana bilməzdi və bu, 2008-ci ildə qəzaya uğrayan eyni tip təyyarə dənizdən çıxarılarkən çəkilən videomaterialdan da aydın görünür. Halbuki, həmin təyyarə təxminən 14 m dərinlikdə dənizin dibinə dəyib zədə almışdı, Rəşad Atakişiyevin idarə etdiyi təyyarə isə dənizin ondan azı 2 dəfə dərin yerinə düşüb və deməli, dənizin dibindən aldığı zərbə də daha az dağıdıcı təsir göstərməli idi. Bu, fizika qanunlarıdır və bunu anlamaq üçün mütəxəssi olmağa ehtiyac yoxdur.

https://www.youtube.com/watch?v=RwktWDFAAJI&t=92s

Amma Qabil Hüseynlinin də qeyd etdiyi və yayılan fotolardan göründüyü kimi, iyulda qəzaya uğrayan təyyarə faktiki kiçik parçalara bölünüb. 2008-ci ildəki qəzada həlak olan pilotun nəşi tam şəkildə çıxarılsa da (birinin, digəri tapılmayıb), Rəşad Atakişiyevin nəşi BBC-nin yuxarıda paylaşdığım materialından görünür ki, faktiki kiçik fraqmentlərə parçalanıb. Mütəxəssislərin fikrincə, bu, yüksək ehtimalla, təyyarə raketlə vurulduğu halda mümkün ola bilər. Görünür istintaqın aparılmasında da bu versiya arxa plana keçirilməməlidir. Amma...
Amma AR Hərbi Prokurorluğu tərəfindən cinayət işi AR CM-nin 342.2 maddəsi ilə açılıb. Həmin maddəni diqqətinizə təqdim edirəm:

Maddə 342. Qulluğa səhlənkar yanaşma 342.1. Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna səhlənkar yanaşması əhəmiyyətli zərər vurduqda— iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 342.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—
iki ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Beləliklə, gördüyümüz kimi, yüzlərlə Azərbaycan hərbçisini şərləyərək həbsə atan, cəza verən, işgəncələrə məruz qoyaraq qətlə yetirən hərbi prokuror Xanlar Vəliyev öz ampluasındadır. Əvvəlcə ölkənin Hərbi-Dəniz Qüvvələrininin komandanlığını şərləyərək bu qurumu dağıdan, ardınca 2016-cı ilin aprel döyüşlərində ön cəbhədə olmuş hərbçiləri Ermənistan kəşfiyyatına işləmək saxta ittihamlarına məruz qoyan (xatrıladım ki, həmin işgəncələrdə 14 nəfərin qətlə yetirilməsinə və 200-dən çox hərbçinin ağır fiziki və psixi travma almasına rəğmən bu cinayətə rəhbərlik etmiş Xanlar Vəliyev, Nəcməddin Sadıkov və onunbacısı oğlu Ramil Əkbərov hələ də tutduqları vəzifələrdədilər, halbuki onlar həbsdə olmalıdılar) hərbi prokuror təyyarənin "qara qutusu" hələ deşifrə olunmadan hadisənin səbəbini niyə Hərbi Hava Qüvvələrinin rəhbərliyinin səhlənkarlığında axtarır? Bəlkə təyyarə həqiqətən raketlə vurulub? Xeyr, xanlar vəliyevləri, nəcməddin sadıkovları bu, maraqlandırmır, çünki onların missiyası ölkənin silahlı qüvvələrini ardıcıl şəkildə dağıtmaqdır, çünki onlar sahiblərindən belə tapşırıq alıblar. Bu arada onu da qeyd edim ki, hadisə zamanı havada olan 3 təyyarədən birini də Rəşad Atakişiyevin komandiri idarə edirmiş və əgər təyyarə raketlə vurulubsa, deməli digər 2 pilot bunun canlı şahidi olublar və elə buna görə də cəzalandırılmalıdılar. Xanlar Vəliyevin açdığı cinayət işindəki maddə də birbaşa mümkün cinayətin şahidlərini hədəfə alır. Faciə burasındadır ki, vəliyevlərin, sadıkovların cinayətləri haqda ətraflı məlumatı olan İlham Əliyev də Ali Baş Komandanı olduğu hərbçiləri onların təcavüzündən qorumayıb və bu dəfə də qorumayacaq. Odur ki, hərbçilərimizi qorumaq artıq bizim - bütün azərbaycanlıların üzərinə düşən məsuliyyətdir. Çünki bu ordu onların yox, bizim Milli Ordumuzdur, bu ordu bizim torpaqları qoruyur və ümid edirəm, nəhayət ordu özünü də daxili təcavüzkarlardan qorumağın zamanının çatdığını qəbul edir.

P.S.: Dünən Rəşad Atakişiyev dəfn olundu. Allah rəhmət eləsin. Amma bu, mənə bir tarixi xatırlatdı:
2009-cu il fevralın 11-də Hərbi_Hava Qüvvələri komandanı, Müdafiə nazirinin müavini, general Rail Rzayev evinin qarşısında qətlə yetirildi. Onu elə həmin gün təcili dəfn elədilər, dəfn mərasiminə nə Müdafiə naziri, nə onun müavinləri, nə də Baş Qərərgah rəisi qatılmadılar. Sanki cinayətin izini tezliklə itirməyə çalışırdılar və itirdilər də.
Dünən də belə oldu...

Tuesday, June 11, 2019

Cəhalətin təntənəsi yoxsa onunla pərdələnən başqa niyyətlər?

Bu haqda çoxdan yazmaq istəyirdim və bu günlərdə sosial şəbəkələrdə geniş yer alan "Dəlməmmədli piri" mövzusu buna əlavə təkan verdi. Bu yazımda keçən yay Bakıdakı həmsöhbətlərimdən birinin bu mövzuda danışıdıqlarını da bölüşmək istədim. Amma bu haqda bir qədər sonra.
"Şeyx Nəsrullah" kabusu başıbəlalı məmləkətimizin üzərindən heç vaxt əskik olmayıb və bu gün də 100 il (bəlkə də yüz illər) əvvəl olduğu kimi, dara düşən həmən özünü verir cadugərlərin, falçıların, baxıcıların yanına. Oturuşmuş bir fikir var ki, həmin o, şeyxnəsrullahların kliyentləri də əsasən çətin sosial-iqtisadi duruma düşmüş imkansız və təhsilsiz təbəqənin nümayəndələridir. Amma yaşadıqlarımız və gördüklərimiz deyir ki, onların arasında yetərincə təhsillilər də olur, zənginlər də, vəzifəlilər də və hətta sözün həqiq mənasında intellektuallar da.
Bunu deyim ki, lap erkən uşaqlıq illərimdən şeyxnəsrullah "fenomeninə" təkcə neqativ yox, həm də ikrahla yanaşmışam və bunun səbəbkarları da yaxın qohumlarım arasındakı şeyxnəsrullahsevərlər olub. Təsəvvür edin, adam Şəmkirdən Gəncəyə gedir (söhbət nəqliyyatın qıt olduğu 1969-70 illərdən gedir) və orda yaşayan baxıcı erməni "Tamara xalasından" aldığı təlimatları uşaqlı-böyüklü hər kəsin beyninə yeritməyə çalışır. Mən hələ o zamankı 6-7 yaşlı uşaq ağlımla bunun hamısının cəfəngiyyat olduğunu fikirləşirdim, amma bir neçə il sonra həmin qohumum cinlərlə söhbətlərini danışanda anladım ki, vəziyyət düşündüyümdən daha ağırdır. Bəli, cəhalətin intellektdən, elmdən daha sürətlə yayılmaq və durmadan "inkişaf etmək" kimi bir üstün cəhəti var. Və yaxud başqa bir misal: 5-6 il əvvəl Şəmkirdə başqa bir qohumum məni ağır seyid dediyi baxıcının yanına aparmaq istəyəndə cavab vermişdim ki, mən özüm külli-siyasət aləminə "baxıcılıq" edirəm, görən-bilən deməzmi ki, bunun burda nə ölümü var? Yeri gəlmişkən, diqqət yetirmisinizsə, bütün şeyxnəsrullahlar özünü seyid kimi təqdim edir. Bir neçə il əvvəl Avropa təhsilli gənc bir xanımın həyat yoldaşı ilə aralarında olan münaqişəni çozmək üçün onun fotosunu götürüb rayonlardan birinə falçıya getdiyini biləndə də təəccüblənmədim. Ona görə ki, şeyxnəsrullahsevərlik yuxarıda qeyd etdiyim kimi, nə təhsillə, nə sosial statusla, nə də maddi durumla bağlı deyil. Düşünürəm ki, bu, fərdi səviyyədə psixoloji, cəmiyyət səviyyəsində isə ictimai-siyasi fenomendir. Bəli, şeyxnəsrullah fenomeni məhz daim problemlər işərisində boğulan ölkələrdə sosial-iqtisadi və ictimai-siyasi böhran ərəfəsində "xortlayır". SSRİ dağılması ərəfəsində sovet TV-lərinin ekranları kaşpirovskilərlə, çumaklarla doldurulduğu kimi, Azərbaycan mediası da baxıcı məlahətlərlə, tofiqdadaşovlarla və digər şeyxnəsrullahlarla zənginləşmişdi.
Bilgili insanlar deyirdilər ki, yenidən hakimiyyətə qayıdan Heydər Əliyev də yanında baxıcı bir qadın gəzdirirmiş. Təbii ki, falçı və cadugər bir qədər köhnəlik qalığı kimi səsləndiyindən onları başqa adlarla - ekstrasens, telepat və s. adlandırırlar. Sonuncu məlumata inansaq, o zaman icra başçılarının, polis rəislərinin, nazirlərin müntəzəm olaraq və çox böyük mükafatlar müqabilində "şeyxnəsrullahların" xidmətinə müraciət etməsində qeyri-adi heç nə yoxdur.
Etiraf edim ki, keçən ilin yayında Bakıda eşitdiyim bir söhbət əvvəlcə mənə çox qeyri-ciddi görünsə də, onula təkrar-təkrar qarşılaşdıqdan sonra məsələni araşdırmağa qərar verdim. Beləliklə, yaxşı tanıdığım və ciddiliyinə güvəndiyim bir alim söhbət zamanı dedi ki, dövlət rəhbərlərinin tapşırığı ilə Yaxın Şərq ölkələrinin birindən Azərbaycana gətirilmiş ekstrasenslər (cadugərlər) insanlarımıza təsir edərək, onları müti vəziyyətdə saxlayırlar. Həmsöhbətim hətta bunu da bildirdi ki, onların 3-4 nəfəri gün ərzində ayrılmış maşınlarda şəhər boyu hərəkət edərək, Bakı sakinlərinə təsir edirlər. Digər bir qrup guya, Moskva Dövlət Universitetinin Bakı filialının zirzəmisinə yerləşdirilmiş hansısa mürəkkəb radioelektron qurğunun şüalandırdığı siqnallar vasitəsilə əhaliyə təsir edir və üçüncü qrupun cadu etdiyi suyu böyük qablarla aparıb Ceyranbatan su anbarına tökürlər. Həmsöhbətimə yerindəcə sual verdim ki, əgər belə metodlar varsa və onlar işləyirsə, o zaman İlham Əliyevin dostları niyə illərdir daş-kəsəklə silahlanmış fələstinlilərin əlində girinc qalıb, silahlanmaya milyardlarla pul xərcləyirlər? Elə onları mütiləşdirib 70 ildir həll edə bilmədikləri bütün məsələləri birdəfəlik yerbəyer eləmək daha ucuz və itkisiz başa gəlməzdimi? Deyəcəksiniz ki, cəfəngiyyatdır? Bəli, haqlı olacaqsınız və mən də həmən elə düşündüm, amma yuxarıda qeyd etdiyim kimi, araşdırdım da və çox təəssüf ki, fərqli mənbələrdən də oxşar məlumarlar aldım. Bütün bu məsələdə səhərdən axşamadək şəhəri avtomobildə dolaşan şeyxnəsrullahlardan və onların hardan, necə gətirilməsindən tutmuş guya, universitetin zirzəmisində yerləşdirilmiş mürəkkəb elektron qurğuyadək hamısı mənasız, cəfəng söhbətlər kimi qəbul edilə bilər, amma bir məsələ var ki, onu həqiqətən ciddi qəbul etməyə ehtiyac var və bu da "cadu edildikdən" sonra Bakını içməli su ilə təhciz edən su anbarına tökülən mayenin kimyəvi tərkibidir. Zənnimcə, bu, heç də üzərindən asanlıqla keçiləsi məsələ deyil, çünki söhbət əhalinin sağlamlığından və həyatından gedir. Ona görə də bu mövzunu təqib etmək təkcə jurnalistlərin və ya araşdırmaçıların işi deyil, həmin sudan içən hər kəsin marağında olmalıdır. Xüsusilə də Daxili İşlər və Dövlət Təhlükəsizlik Xidməti orqanlarında çalışanların.

P.S.: "Ərəb baharının" ilk başladığı Tunisin birinci xanımı Leyla Trabelsi ölkədə olan və xaricdən gətirilmiş onlarla baxıcı, ekstrasens, telepat və digər şeyxnəsrullahları başına yığıb Tunis xalqına təsir edirmiş. Amma bu, onların hakimiyyətini qoruya bilmədi, ölkədə inqilab baş verdi və illər boyu taladıqları sərvəti, mülklərini, gənə kimi xalqın canına daraşıb onun qanını içən qohum-əqrabalarını atıb Səudiyyə Ərəbistanına qaçmalı oldular...

Friday, May 31, 2019

Azərbaycanda xərçəng xəstəliyi niyə artır?

Dünyada olduğu kimi, Azərbaycanda da xərçəng xəstəliyinə tutulanların və ondan dünyasını dəyişənlərin sayı sürətlə artmaqdadır. Dünya ölkələrində onkologiya və ümumiyyətlə, əhalinin sağlamlığı ilə bağlı mükəmməl elmi-statistik iş aparılsa da, bizdə etimad doğuran statistika olmadığından yalnız şəxsi müşahidələr əsasında bu bəlanın daha sürətlə artdığını demək olar. Bunun da çoxsaylı səbəbləri var. Onların hələlik ən zəruri və aradan qaldırılması təxirsalınmaz olan bir neçəsi aşağıdakılardır:

1. Ölkənin qida təhlükəsizliyi siyasəti yoxdur və hətta bununla bağlı müasir tələblərə cavab verən müvafiq hüquqi baza da yaradılmayıb. Həyata keçirildiyi iddia olunan tədbirlər isə yalnız imitasiyadır. Bütün sahələrdə olduğu kimi...

2. İnhisarçılıq səbəbindən nə ölkəyə idxal olunan, nə də onun daxilində istehsal edilən kənd təsərrüfatı və ərzaq məhsullarının keyfiyyətinə nəzarəti həyata keçirmək qeyri-mümkündür.
Məsələn, ölkədə ərzaq və kənd təsərrüfatı məhsullarının əsas kütləvi istehsalçısı olan və hakim ailənin biznesi sayılan "Azersun Holding"də çalışan və on minlərlə manat maaş müqabilində bütün yüksək vəzifələri tutan xarici (milliyyətcə qeyri-azərbaycanlı) əməkdaşlar heç vaxt bu şirkətin istehsal etdiyi ərzaq məhsullarını almırlar. Ümumiyyətlə, şirkətə rəhbərlik edən və hələ gənc yaşlarından "satranç" ləqəbilə ən çirkli bizneslərdə olmuş, bu gün isə həmin fəaliyyəti daha böyük miqyasda həyata keçirməyə davam edən kürd əsilli Abdulbori Goozal şirkətə yüksək vəzifələrə yalnız kürd milliyyətindən olan əsasən İran və Türkiyə vətəndaşlarını gətirir. Şirkətdə bacarıqlı İT mütəxəssisi kimi çalışan azərbaycanlılar 800-1.200 AZM maaş aldığı halda, həmin sahəyə rəhbərlik edən və nə qədər ironik görünsə də, kompüter haqqında bəsit təsəvvürü olan xarici vətəndaş 30.000 AZN əməkhaqqı alır və bu da şirkətin bütün sahələrində belədir.
Belə bir şirkətin Azərbaycanda fəaliyyətinin nəyə və kimlərə xidmət etdiyini isə yalnız ehtimal etmək olar.

3. Ölkədə pulsuz tibbi xidmət yoxdur və üstəlik də onkoloji xəstəliklərin müalicəsilə bağlı bütün məsələlər İlham Əliyevin dayısı Cəmil Əliyevin inhisarındadır, halbuki, onun rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzi büdcədən maliyyələşdirilən dövlət müəssisəsidir.  Amma buna rəğmən, həmin mərkəzdə ödəniş məsələsində bir nəfərə də olsun güzəşt edilmir. İsrarla endirim xahiş edən qaçqın və ya şəhid ailələrinə isə nadir hallarda aıçaldıcı 10-15% güzəşt olunur. Ölkəyə kimyəvi preparatların gətirilməsi də bu mərkəzin inhisarındadır, həyata keçirilən müalicə prosedurlarının effektivliyi isə olduqca aşağıdır.

4. Bakı şəhərinə verilən içməli suyun tərkibindəki radioaktiv maddələrin qatılığı sağlımlıq üçün zərərsiz sayılan normalardan dəfələrlə yüksəkdir. Görünür elə bu səbəbdən də hakim zümrənin bir çox ailələri üçün içməli su xarici ölkələrdən gətirilir. Məsələn, hakim ailə üçün bu su Böyük Britaniyadan gətirilir.

5. Müəmmalı reputasiyaya malik və məqsədləri bəlli olmayan bir sıra xarici ölkələrin kommersiya və qeyri-kommersiya tibbi laboratoriya və qurumlarına Azərbaycanda əhalinin sağlamlığı sahəsində tam sərbəst tədqiqat fəaliyyəti imkanları yaradılıb. Onların nəinki fəaliyyəti, hətta mövcudluğu belə əhalidən gizli saxlanılır. 

Göstərdiyim bütün bu məqamlar ölkə üçün strateji əhəmiyyətli məsələ olan demoqrafik göstəricilərə birbaşa təsir edən amillərdən cəmi bir neçəsidir.
Amma elə bunlar göstərir ki, ölkədə faktiki olaraq əhalinin sayının "tənzimlənməsi" həyata keçirilir. Buna işarə edən başqa bir məqam da ölkədə heç bir demoqrafik araşdırma aparılmadığı halda,  əhalinin sayı və artımı ilə bağlı ortaya saxta rəqəmlər atılaraq onların ətrafında müxtəlif şoular düzəldilir.
Halbuki, artıq bu gün əhalinin sağlamlığı və artımı ilə bağlı həyəcan təbili çalınmalıdır. 
Əgər artıq gec deyilsə...

Thursday, April 25, 2019

Ədəbi vandalizm

Əslində, yazıçıların, bəstəkarların, memarların və digər yaradıcı insanların ictimai mövqeyinə çox nadir hallarda diqqət yetirirəm, çünki mənə görə onların işi tarixdə və yaddaşlarda öz əsərlərilə iz buraxmaq, millətin bir neçə nəslinin maariflənməsinə xidmət etməkdir. Amma hərdən elə hadisələr baş verir ki, susmağın özü həmin maarifləndirməyə qarşı olur, formalaşmaqda olan gənc nəsillərin bir növ çaşqınlığına şərait yaradır. Gənc nəsil demişkən, bu gün gənc azərbaycanlılar daha çox Avropa, Rusiya və Türkiyə yazarlarını mütaliə edir, yerlilərdən isə daha çox gənc yazarları izləyir. Bu da təbiidir, çünki problemlər və ümidsizlik içində boğulan gənclik ədəbiyyatda, sənətdə öz çabalarına dəstək, onların haraylarına həmrəylik, problemlərinə üsyan görmək istəyir. Bu - gənclikdir və o, həmişə belə olub, belə də olacaq. Amma həmin gənclik müasir Azərbaycan ədəbiyyatında, sənətində öz səsinə səs görmək əvəzinə onların haqqını yeyənlərə mədhiyyələrlə, təriflərlə üzləşəndə təbii ki, diksinir, iyrənir və belə ədəbiyyata da, onun yaradıcılarına da arxa çevirir. Bəla bununla da bitmir. Gənclik özünə məxsus olan, daha doğrusu, məxsus olmalı olan hər şeydən və ən əsası da ölkəsindən, mədəniyyətindən, xalqından üz döndərir. Bəli, bu, bizim hal-hazırda müşahidə etdiyimiz vəziyyətdir və həmin vəziyyətə görə də yaşlı nəslin nümayəndələri olaraq hamımız məsuliyyət daşıyırıq. Bugünkü dövlətə ümidsizliyin, gələcəyə inamsızlığın səbəbkarı mənim yaşda və məndə bir qədər yaşlı, bir qədər də gənc nəslin nümayəndələri olmaqla hamımızıq. Bu mənada bizim hamımız gələcək nəsillərə borclu qalmışıq və bir çoxumuz da həmin borc belimizdə bu dünyadan köç edəcəyik. Ona görə borclu qalmışıq ki, bizim gənclik illərimizdə başqa ədəbiyyat, başqa sənət vardı, bizimsə özümüzdən sonrakı nəsillərə eyni dəyərləri ötürmək kimi borcumuz. Amma bu borcun daha ağır hissəsi dediyim kimi, yaradıcı insanların üzərindədir. Məsələn, mən gənc olanda yazıçı Anarın əsərlərini oxuyurdum və etiraf edim ki, Anar mənim ən sevimli yazıçılarımdan idi. Amma gənc nəsil bunu edə bilməz, çünki Anar indi "Dədə Qorqud" əvəzinə dövlət rəhbərinə mədhiyyə, "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əvəzinə isə icra başçısının müavininə dəstək məktubu yazır, onun rəhbəri olduğu Azərbaycan Yazıçılar Birliyi isə bütövlükdə antixalq və hətta antiədəbiyyat mahiyyətli bir quruma çevrilib. Başqa sözlərlə, bu qurumun rəhbərləri mediadakı çıxışları, cəmiyyəti narahat edən məsələlərə bağlı açıqlamaları (həm də susmaları), ölkənin problemləri ilə bağlı münasibətlərilə ədəbiyyatda mürtəce bir cərəyanın təmsilçilərinə çevriliblər. Kimliyindən və əməlindən asılı olmayaraq, kimsənin ünvanına ağır sözlər işlədilməsini heç zaman alqışlamamışam, amma eyni zamanda, hər bir əməlin də öz adı var. Belələrinin əməlinin adı da ədəbi vandalizmdir, çünki onların yazıçı, yaradıcı olaraq cəmiyyətə təqdim etdikləri mövqe, daha doğrusu, mövqesizlik həmin cəmiyyətin üzərində dayandığı dəyərlər sistemini sarsıdır, təhqir edir və son nəticədə dağıdır. Bunun da adı vandalizmdir. Yoxsa yazıçı Anar Səbail RİH başçısının birinci müavini Xalidə Bayramovanın müdafiəsinə niyə qalxsın ki? Daha dəqiq desək, cinayət törətməkdə şübhəli bilinən və bu səbəbdən də barəsində cinayət işi başladılmış həmin o xanımın. Özü də o Xalidə Bayramovanın ki, haqqında qaldırılmış cinayət işi azyaşlı günahsız körpənin intiharı ilə bağlıdır. "Dədə Qorqud"dan Xalidə Bayramova səviyyəsinə enmək məgər ədəbi vandalizm deyilmi?
Əlbəttə, indi yaşlı nəslin nümayəndələri məni qınayacaqlar ki, məgər 1989-cu ildə millət Qarabağ deyib hayqıranda Anarın Azərbaycanın kommunist rəhbəri Ə. Vəzirovdan mənzil istəməsini xatırlamırammı? Xatırlayıram əlbəttə, ata və oğul əliyevlərdən əldə etdiklərini də yaxşı xatırlayıram, ölkədə baş verən qanunsuzluqlara susaraq, ondan münasibət istəyən mediaya qəzəblənməsini də xatırlayıram, amma yenə də içimdə bir ümid qığılcımı vardı ki, bəlkə hələ hər şey dəyişəcək. Dəyişdi də, amma miqyas dəyişdi: əvvəl Heydər Əliyevə, İlham Əliyevə mədhiyyə deyən ağsaqqal yazıçı bu kəlmələri yazacaq qədər kiçildi: "Şübhəsiz obyektiv istintaq bu faciədə kimin nə dərəcədə təqsirkar olduğunu aşkarlayacaq, amma hələ istintaq tamamlanmamış kimisə «niyə ora gəldi, nə üçün gəldi, saat neçədə, hansı dəqiqədə hadisəyə müdaxilə etdi» üstündə suçlamaq, məncə, ədalətsizlikdir. Konkret olaraq yaxşı tanıdığım Xalidə xanım Bayramovaya qarşı yönəlmiş ittihamları nəzərdə tuturam. Yazıçılar Birliyi Səbail rayonun ərazisində yerləşir və bu rayonun İcra başçısının birinci müavini Xalidə xanım uzun illər boyu təşkilatımıza xeyirxah münasibət bəsləyir, tədbirlərimizdə iştirak edir, yazıçıların ona aid olan bütün məsələlərini həll etməkçün əlindən gələni əsirgəmir. Əsas vəzifəsindən başqa yeniyetmələr və uşaqlarla iş üzrə rayon komissiyasının sədri kimi, Xalidə xanımın bu məsələyə necə sədaqətlə və məsuliyyətlə yanaşmasını bilirəm."  Özü də nə qədər kiçilmək lazımdır ki, "xeyirxah" münasibətinə görə hansısa İH başçısı müavininin müdafiəsinə qalxasan, amma həyatında bir dəfə də olsun nə siyasi məhbuslara, nə Vətən Müharibəsi əlillərinə, nə də sadəcə adi azərbaycanlılara qarşı törədilən haqsızlıqlara bircə dəfə də səsini çıxarmayasan. Mənəvi çərçivələri, cəmiyyət qarşısında məsuliyyət hissini nə qədər silməlisən, itirməlisən ki, körpə bir qızcığazın intihar etməsinə bütün ölkənin kükrədiyi vaxt susub, sonra onun ölüm ayağında olduğu vəziyyətində hansısa motivlərlə məktəb direktorunun müdafiəsinə çəkiliş aparan, fakt toplayan xanım adına ləkə olan bir məxluqu müdafiə edəsən?
Bir də bir incə məqam var. Anar yaşda olanda istənilən insanı adətən tarixdə, yaddaşlarda necə qalacağı narahat edir və bu mənada onun özündən əvvəlki nəsil bir sıra yazıçıların, şairlərin, sənətkarların acınacaqlı aqibəti haqda çox ətraflı məlumatı olmalıdır. Bu gün haqlı olaraq unudulmuş, xatırlandıqda isə yalnız lənətlənən həmin satqın, xain, donosbaz yazarlar haqda kimin də olmasa, Anarın məlumatı yetərincədir...
Amma hətta bu halda da ədalət naminə onu da etiraf edək ki, onlar bəşəriyyət tarixinin ən qanlı, ən qəddar rejimlərindən olmuş Stalin diktaturası qarşısında əyilib, sınıb satqına çevrilmişdilər. Daha İHB-nın müavininə dəstək məktubu yazacaq qədər enməmişdilər.

P.S.: Yadınızdadırsa, Elinanın ölüm ayağında olduğu vaxt onu soyuqqanlı şəkildə sorğulayaraq telefona çəkən və sonra da həmin videonu yayan qadının məhz Xalidə Bayramova olmasını müğənni Röya açıqlamışdı. Ona görə də desəm ki, bu gün azərbaycanlılar müğənni Röyanı yazıçı Anardan daha yaxşı tanıyır və ona daha çox hörmət edir, yəqin ki, yanılmaram. Bu da təbiidir, çünki özünə münasibəti hər kəs öz əməli ilə qazanır.
    

Friday, April 12, 2019

Yolunu azmış oğulun dönüşü yoxsa tutuquşu Keşa yenidən qayıdır?


Rembrandt Harmensz. van Rijn - The Return of the Prodigal Son.jpg
Yazı üçün bu adı təsadüfən seçməmişəm. Rembrandtın məşhur pritça əsasında yaratdığı və dünya incəsənətinin nadir nümunələrindən sayılan şedevr əsərində (əslində) sətiraltı dini məzmunlu pritçanın sonunda yolunu azmış oğulun ailəsinə (bir qədər interpretasiya edərək desək, haqq yoluna) dönüşü təsvir olunub. Bəli, məhz pritçanın sonunda və bunu xüsusilə vurğulamaq istəyirəm, çünki elə yazacağım da illərdir azərbaycanlılara sırınan psevdopritçanın sonudur. Əsl pritçadan fərqli olaraq, qəmgin və məyusedici sonu.
Öncə bir haşiyə çıxım: bu yazını təxminən 2 ay əvvəl - Rüstəm İbrahimbəyov uzunmüddətli fasilədən sonra Bakıya gələndə yazmışdım, yazı üçün materialları isə daha çoxdan toplamışdım. Amma elə oldu ki, yazını paylaşmaq ərəfəsindən Milli Şuranın mitinqi təyin olundu və düşündüm ki, zamanı deyil. Sadəcə həmin mitinqə qarşı primitiv və çirkli təbliğat aparanlarla bir sıraya qoyulmaq istəmədim, çünki məni öz yerim daha çox qane edir. Amma Rüstəm İbrahimbəyovun Rusiyanın "Дождь" telekanalına aprelin 10-da verdiyi müsahibə yazını yenidən aktuallaşdırdı. Xüsusilə də onun müxalifət, Milli Şura və İlham Əliyevlə münasibətləri haqda dedikləri. Rüstəm müəllim deyir ki, onun İlham Əliyevlə heç vaxt heç bir problemi olmayıb və ümumiyyətlə siyasətə onu "так называемая оппозиция" qatıb və "так называемая" Milli Şuranın sədri, ardınca da bu qurumdan prezidentliyə namizəd edib. Halbuki, 2015-ci ildə Moskvada dərc olunan liberal "Новая время" jurnalına müsahibəsində o, tamamilə əks fikirlər söylərirdi. Maraqlananlar həmin müsahibə ilə burda tanış ola bilərlər:

https://newtimes.ru/articles/detail/117180/

Onu da qeyd edim ki, bu yazını yazmaqda öz əsrini yaşamış kinodramaturqla nə hansısa haqq-hesab çəkmək fikrim yoxdur, nə də buna əsasım. Açığı, İbrahimbəyovu həyatda cəmi bircə dəfə görmüşəm, o da düz 31 il əvvəl. O zaman Qarabağ ətrafında ermənilərin hay-küyü təzə başlamışdı və hər iki respublikada partiya rəhbərliyi təzəcə dəyişdirilmişdi və ona görə də Moskva öz emissarlarını Rusiyada təhsil alan azərbaycanlı və erməni tələbələr qarşısında çıxış etməyə yollayırdı. İbrahimbəyov da həmin missiya ilə mən oxuduğum Leninqrada gəlmişdi. Ədalət naminə qeyd edim ki, o zamankı İbrahimbəyov ermənilərə bugünkü qədər loyal deyildi və çıxışında "ermənilər" sözündən daha çox "məkrli düşmənlərimiz" kəlməsini işlədirdi. Nəhayət, millətimin İbrahimbəyov miqyasda bir nümayəndəsinin millətin taleyinə belə yanaşmasını hamımız üçün böyük faciə hesab edirəm.
Beləliklə...
2013-cü ildə kinorejissor Rüstəm İbrahimbəyovun yenicə yaradılan Milli Şuranın sədri seçilməsi və ardınca da bu qurumun prezidentliyə namizədi irəli sürülməsi siyasətdən və hüquqdan az da olsa xəbərdar hər kəsdə təəccüb doğurmuşdu. Xeyr, söhbət heç də məşhur sovet kinorejissorunun xeyli suallar doğuran millətə münasibətindən, ziddiyyətli hadisələrlə dolu həyat yolundan və ya siyasi səriştəsinin olub-olmamasından, onun prezidenti seçilməyə hazırlaşdığı xalqı necə təmsil edə biləcəyindən getmirdi. Söhbət məsələnin sırf hüquqi aspektdə perspektivindən gedirdi. Belə ki, Azərbaycan qanunvericiliyi haqda az-çox məlumatlı hər kəs bilirdi ki, Azərbaycan prezidenti yalnız son 10 il ərzində ölkə ərazisində fasiləsiz yaşamış, heç bir xarici ölkə qarşısında öhdəliyi olmayan şəxs seçilə bilər və uzun illərdir vətəndaşı olduğu Rusiyada yaşayan, həmçinin ABŞ-da daimi yaşayış statusuna (Legal Permanent Residence) malik olan Rüstəm müəllim azı bu iki səbəbdən namizədliyə ən az uyğun gələn şəxs idi. Amma məlum oldu ki, sırf hüquqi baxımdan xeyli suallar doğuran bu səbəblər də önəmli deyilmiş, baxmayaraq ki, yenicə yaradılmaqda olan Milli Şuraya toplaşanların hamısı bunu çox gözəl bilirdi. Bilirdilər, amma İbrahimbəyovun namizədliyini irəli sürdülər. Əslində fikrim heç bunu da saf-çürük eləmək deyil, çünki zaman və bugünkü reallıqlar baxımından əhəmiyyətini tamamilə itirmiş bir mövzudur. Toxunmaq istədiyim məsələnin bəlkə də heç kəsin gözləmədiyi, cəmiyyətin bir hissəsinin isə sadəcə bilmədiyi aspektidir və burda da Bakıda "Ziyalılar Forumu", ardınca da Moskvada "Milyarderlər İttifaqı", Bakıda isə "Milli Şura" adlı qurumların yaradılmasının retrospektiv baxışda səbəbini və bugünkü nəticələrini göstərməkdir.
Beləliklə, qayıdaq həmin 2013-ə...
O zaman ilk ağla gələn sual bu idi ki, geniş formata malik müxalif "İctimai Palata" mövcud ola-ola yeni bir qurumun - "Milli Şura"nın yaradılmasına nə ehtiyac vardı? Elə həmin o zaman da bu sualı yeni yaradılmaqda olan quruma qoşulmağa hazırlaşan partiyalardan birinin rəhbərinə ünvanlasam da, məntiqli, aydın və qənaətbəxş cavab ala bilməmişdim. İkinci sual isə daha ciddi idi - yeni qurumun "Ziyalılar Forumu" və həmin ərəfədə Moskvada yaradılmış və Azərbaycanda daha çox "Milyarderlər İttifaqı" kimi tanınan qurumla hər hansı bir əlaqəsi vardımı? Sual təsadüfi deyil, çünki "Milli Şura"nın sədri seçilərək prezidentliyə namizədliyi irəli sürülən cənab İbrahimbəyov adı çəkilən digər iki qurumun da hər birində əsas fiqurlardan və təsisçilərdən idi və ən sadəlövh insana da bəllidir ki, burda mütləq bir əlaqə olmalıdır. Qeyd etdiyim kimi, hər üç qurumun təsisçilərindən olan İbrahimbəyovun "Milyarderlər İttifaqı"nın da həmtəsisçisi olması başqa bir sualı da ortaya qoyurdu: bütün bu zərcirdə Rusiya faktoru vardımı? Yəqin ki, sual bir qədər sadəlövh kimi göründü, elə deyilmi? Amma hər bir kiçik detalın da dəqiqləşdirmələrə ehtiyacı var, o cümlədən "Milyarderlər İttifaqı"na daxil olan rusiyalı azərbaycanlılarla yanaşı bu qurumda Dağıstan lideri olmuş Ramazan Abdulatipovun 3 təsisçidən biri olması. Elə bu faktın özü də bütün bu projenin məhz Rusiyanın olmasına birbaşa işarə idi. Bu "xırda" detala hələ qayıdacağıq. Sadaladıqlarımdan savayı, Bakıdakı Qərb ölkələri səfirliklərinin və beynəlxalq təşkilarların nümayəndəliklərinin "Milli Şura" ideyasına soyuq yanaşması da vardı. Məsələn, Milli Şuranın təklifi ilə təşkil olunan görüşə Qərb ölkələri səfirliklərinin ən yaxşı halda 2-ci və 3-cü şəxsləri qatılmışdı, Böyük Britaniya səfirliyi isə həmin nahar-görüşə səfirin azərbaycanlı köməkçisini yollamışdı. ABŞ səfirliyi həmin görüşə ümumiyyətlə qatılmamışdı. Belə olduqda, suallar zəncirinə bir halqa da əlavə olunurdu: yarandığı gündən özünü qərbpərəst, Qərbin demokratik dəyərlərinin daşıyıcısı, onun müttəfiqi elan eləmiş partiya və QHT-lərin sadə dildə desək, Rusiya ilə nə alış-verişi? Axı Rüstəm İbrahimbəyov Rusiya emissarı idi və həmin qurumların rəhbərləri də bunu bilməmiş deyildilər, çünki hörmətli kinorejissor bundan əvvəl ölkənin ictimai-siyasi həyatında düz 20 il əvvəl - digər bir Rusiya emissarı, keçmiş Az.KQB sədri Vaqif Hüseynov həbs ediləndə onun azad olunması üçün çalışanda "görünmüşdü". Xatırladım ki, Vaqif Hüseynov 1990-cı il yanvarın 19-da AzTv-nin enerji blokunun partladılması ilə əlaqədar aparılan istintaqla bağlı həbs olunmuşdu. Əlbəttə, hamısını bilirdilər və elə bilə-bilə də hələ yaradılmadan yalnız istifadə olunmağa hesablanmış və məğlubiyyətə məhkum olan həmin Rusiya projesinə qoşuldular. Bəli, "Milli Şura" Rusiyanın projesi idi və bunu anlamamaq üçün yalnız anlamaq istəməmək lazımdır. Yadımdadır, həmin dövrdə Qərb ölkələrinin birinin səfiri ilə gərgin söhbətimiz də olmuşdu. Səfir israrla məni inandırmağa çalışırdı ki, bütün bu işlərin arxasında Rusiya durur və Rusiya Azərbaycanın milli-demokratik qüvvələrini nəinki hakimiyyətə gətirməz, hətta onların özünün də gəlməsinə yol verməz. O zaman həmsöhbətimə bildirdim ki, onun dediklərini iki qatı ilə deyə bilərəm, amma görünür, Qərb ölkələrinin Azərbaycanda demokratik təsisatların qurulması adı altında yürütdükləri siyasətdən hamı doyub artıq və bu da həqiqətən belə idi, bu gündə belədir. Amma deyək ki, demokratiyaya dəstək vədləri fonunda davamlı olaraq, əvvəl Heydər Əliyevi, ardınca da İlham Əliyevi açıq dəstəkləyən Qərbin riyakar siyasətindən üz çevirməyi anlamaq olar, amma əsas prioritetlər kimi bəyan elədiyin demokratik dəyərlərin Rusiya ilə nə əlaqəsi? Milli-demokratlarımız ümumiyyətlə, Rusiyanın Azərbaycana yönəlik bu silsilə addımlarının arxasında hansı niyyət və planların dayandığını anlayırdılarmı? Bəlkə də anlamırdılar, amma o zaman bunun adı siyasi naşılıqdır və mən də ürəkdən istərdim ki, belə olmuş olsun. Amma belə deyildi əlbəttə, çünki elə olsaydı, siyasətə milli-azadlıq mübarizəsindən gəlmiş siyasətçilər həmin dövrdə Rusiyanın xeyrinə ağ yalanlarla, tarixi təhriflərlə dolu gülünc mesajlar verməzdilər. Elə olsaydı, həmin 2013-ün avqustunda ölkə mətbuatının Rusiya prezidentinin "Putin Bakıya gəmi ilə gəldi" kimi təqdim edilən səfərinin həmən ardınca Rüstəm İbrahimbəyov namizədliyini geri götürəndə anlamalı idilər. Əlbəttə ki, hər kəs qatıldığı oyunun şərtlərini çox gözəl bilirdi. Bilirdi və elə ona görə də qatılırdı. Bəlkə də "Milyarderlər İttifaqı" adındakı ilk söz kimlərə qazana bilməyəcəyinə çoxdan əmin olduğu siyasi uğurdan daha cəlbedici görünürdü, amma Moskva ənənəvi olaraq Bakıdan daşımağa öyrənib, əksinə yox. Odur ki, Bakıdakı yeni Rusiya tərəfdaşlarına yollanılan dəstək azərbaycanlı oliqarxlara tapşırılmışdı ki, bu yardımın da cəmi üçdə biri ünvana çatmışdı və hətta onda da biri digərinə sadə dildə desək, atmışdı. Bu haqda da lazım olarsa, daha detallı gələcəkdə... Bəli, bütün bu zəncir Rusiyanın Azərbaycanı illər boyu israrla öz mövqeyində dayandığı Xəzərin bölünməsi məsələsindən çəkindirmək, onu öz xeyrinə həll etmək məqsədi güdürdü. Milli Şura ideyası da rəsmi Bakını təhdid etməyə hesablanmış planın detallarından idi. Digər bloq yazılarımda başqa detallar haqda da ətraflı oxuya bilərsiniz, odur ki, onların üzərində xüsusi dayanmağa ehtiyac duymuram. Bakıya "gəmi ilə gələn" Putin ("xırda detalın" biri də həmin gəminin adının "Dağıstan" olması idi) Xəzər dənizi hövzəsində hərbi-strateji maraqları olan tərəflərə "Xəzərin sahibi Rusiyadır" mesajını verirdi. Gəminin kapitanının azərbaycanlı olması faktı da heç təsadüfi deyildi.
Image result for putin bakıya gəmi ilə gəldi
 Beləliklə, missiya öz hədəfinə çatmışdı və elə buna görə də artıq emissarın seçkiyə qatılmasına ehtiyac qalmırdı və əslində elə İbrahimbəyovun davranışından da görünən bu idi ki, əvvəldən də planda belə bir bənd olmamışdı. Bütün bu qurumların yaradılması, hərəkətə gətirilməsi Əliyev hakimiyyətinə əlavə təzyiq məqsədi güdürdü, çoxgedişli planın başlıca hədəfi isə Azərbaycanın Xəzərin ona aid hissəsində mövcud olan iqtisadi gücünə, infrastrukturuna müvafiq və onun davamı olan, maraqlarını qoruyan, ölkənin Hərbi-Dəniz Qüvvələrinin inkişafına yönəlmiş proqrama, müstəqil naviqasiya sisteminin yaradılmasına son qoymaq, Azərbaycanın Xəzərin statusu haqda danışıqlarda maraqlarını peşəkar səviyyədə müdafiə edən və qoruyan kadrları sıradan çıxarmaq idi. Növbəti mərhələdə isə məqsəd Xəzərin əsasən Rusiyanı qane edən statusunu müəyyən etmək idi ki, bu da artıq baş verib. Konkret halda isə, məqsəd seçkiqabağı vəziyyəti gərginləşdirə biləcəyilə təhdidlərlə Azərbaycanı buna məcbur etmək. Bəli, Azərbaycanı, təkcə Əliyev hakimiyyətini yox, çünki Xəzərin statusu ölkə üçün həyati əhəmiyyətli məsələlərdən biri və bəlkə də birincisidir. Hər iki hədəfə çatmaq üçün hakimiyyəti naminə hər cür güzəştə hazır olan İlham Əliyevdən təminat və öhdəlik alan Rusiyanın artıq hər hansı bir quruma ehtiyacı qalmırdı və onlar da qısa zamanda tarıxə qovuşdu. "Milli Şura"dan başqa. Görünür, "Milli Şura"ya girmək bir ayıb, çıxmaq - iki prinsipinə sadiq qalaraq onu saxladılar. Amma prinsipcə adın nə fərqi var ki, əsas mahiyyətdir!? Təbii ki, bütün bu planda yuxarıda göstərdiyim qurumlar və şəxslər Rusiyanın Əliyev hakimiyyətinə yeganə təzyiq vasitəsi deyildi, çünki məhz Putinin "Bakıya gəmi səfərinin"ardınca Azərbaycan Respublikası Hərbi-dəniz Qüvvələrinin baş komandanı, ölkənin yeganə admiralı Şahin Sultanov başda olmaqla, Xəzərdə Azərbaycanın iqtisadi və təhlükəsizlik maraqlarını həyata keçirməyə cəlb olunmuş peşəkar komandanın əksər üzvlərinə saxta cinayət işləri açıldı və ardınca da onlar həbs olundu. Qondarma itihamlar əsasında həyata keçirilən həbsləri Rusiyanın əlaltısı olan Xanlar Vəliyevin başçılıq etdiyi Hərbi Prokurorluq reallaşdırmışdı, bütün bu, ağır dövlətin cinayətin arxasında isə daha 3 Rusiya əlaltısı - generallar Vahid Əliyev (Azərbaycan prezidentinin o zamankı köməkçisi), Nəcməddin Sadıkov (Müdafiə nazirinin birinci müavini, Baş Qərərgah rəisi) və vaxtilə Vahid Əliyevin təqdimatı və dəstəyilə bu posta təyin olunmuş Müdafiə naziri Zakir Həsənov dayanırdı. Şübhəsiz ki, İlham Əliyevin birbaşa xeyir-duası ilə. Onun üçün kimin tutulması, kimin vurulması, kimin hətta öldürülməsi artıq önəmli deyildi, əsas məsələ həll olunmuşdu - Rusiya onun hakimiyyətinə toxunmayacaqdı. Bu yerdə bir haşiyə də çıxım ki, sonrakı mərhələdə (Azərbaycan Orudusunun 2016-cı ilin aprelində keçirdiyi əməliyyatdan sonra) Zakir Həsənov, Xanlar Vəliyev və Nəcməddin Sadıkov üçlüyü Azərbaycan dövlətinə qarşı daha bir miqyaslı xəyanətə imza atacaqlar. Söhbət Tərtər qarnizonunun 200-dən yuxarı hərbçisini erməni kəşfiyyatına işləmək saxta ittihamı ilə həbslərə, təzyiqlərə, işgəncələrə məruz qoymaq və 14 nəfərini qətlə yetirməkdən gedir. Bu haqda "Əsrin cinayətini törədənlər niyə cızasız qalmaqdadır?" adlı 2 yazımda ətraflı oxuya bilərsiniz.
Beləliklə, gördüyümüz kimi, Azərbaycan müxalifətinin və vətəndaş cəmiyyətinin bir çox nümayəndələri (ümid edirəm, Rusiyanın pərdəarxası planları və bölgədə baş verənlər haqda məlumatsız olduqlarından) faktiki olaraq anti-Azərbaycan missiyanın fəal iştirakçısına çevriliblər.
Qaldı İbrahimbəyova, o, qayıtdı öz "status quo"suna, 6-illik fasilədən sonra yenidən Bakıda və yenidən iliyinə qədər xalqa yad olan öz doğma əhatəsinə qovuşmaq şansı qazandı. Amma necə ki, bu da yeni bir missiyanın başlanğıcı olmaya. Müdriklərimiz demiş: "ilan vuran ala çatıdan qorxar". Müdriklərimiz bunu da deyib ki, öyrənmişə "tövbə" yoxdur. Qaldı onun Bakıya hakimiyyətlə anlaşıb gəlməsinə yoxsa Moskvadan göndərilməsinə, bu, bir o qədər də əhəmiyyəli deyil, çünki indi Rusiya artıq Azərbaycanın hər qarışında təmsil olunub. Amma onun səfərilə bağlı bir detalı da görməmək mümkün deyildi: 2013-cü ildə missioner-kinorejissoru Azərbaycan xalqına xüsusi cənfəşanlıqla sırıyanlar onun bu dəfəki səfərinin üzərindən sükutla keçməyə üstünlük verdilər. Niyə? Bəlkə utandıqlarından? Xeyr, tanıdığım qədər, onlardan bir çoxunun utanmaq kimi zərərli bir vərdişi yoxdur. Bəlkə aldadıldıqlarını (və həm də aldatdıqlarını) etiraf eləmək istəmədilər? Bu daha inandırıcı görünür. Olsun, onsuz da nə etiraflar, nə də üzrhaqlıqlar artıq heç nəyi dəyişməyəcək. Artıq gecdir, psevdopritça bitib.
Amma bir sual qalmaqdadır: 80 yaşlı kinorejissoru bugünkü aktivliyə, dünən kəskin sözlərlə tənqid etdiyi Azərbaycan hakimiyyətinə və onun başçısı İlham Əliyevə reveranslara sövq edən nədir? Güman etmək olar ki, bunu da yaxın zamanlarda görə və ya eşidə biləcəyik.

P.S.: Psevdopritça demiş, deyəsən, Rembrandtın məşhur panosu ilə bağlı bir az ağ elədim axı.
Sovet multiplikatorları Aleksandr Kurlyandskinin və Valentin Karavayevin gözəl bir cizgi filmi vardı - "Yolunu azmış tutuquşunun dönüşü". Başina topladığı boz sərçələrə, qarğalara heç vaxt üzünü görmədiyi və öz təxəyyülünün məhsulu olan "Taiti" haqda cəfəngiyyatlar danışan həmin o, "Keşa" adlı tutuquşu yadınızdadır?

  Image result for возвращение блудного попугая