Thursday, February 22, 2018

Paşayevlərin insanlarımızdan təmiz olan aristokrat iti

Bu günlərdə nədənsə ictimai diqqətdən kənarda qalan bir hadisə baş verdi. İlk baxışdan kiçik bir hadisə idi. Amma davamı olmasaydı...
Mediada xəbər yayıldı ki, guya "Nargis" jurnalının baş redaktoru, Mehriban Əliyevanın bacısı Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovanın özünün təbirincə desək, əziz və sevimli iti Karabası "Park Cinema" kinoteatrına buraxmayıblar. Hadisənin nə dərəcə gerçəkdən olub-olmadığı suallar doğura bilər, çünki ardınca mediada peyda olan Ülviyyə Mahmudova bildirir ki, bir daha həmin kinoteatra getməyəcək, əvəzinə isə "Cinema Plus"a təşrif buyuracaq. Həqiqətən kifayət qədər bəsit bir məsələdir, çünki ola bilsin ki, belə hadisə ümumiyyətlə olmayıb, Nərgiz Paşayevanın qızı isə bu artistliyilə ərinə məxsus olan "Cinema Plus" kinoteatrını bu cür özünəməxsus primitivliklə reklam edir. Amma məsələ bununla bitmiş olsaydı və dediyim kimi, davamı gəlməsəydi.
Mövzunu inkişaf etdirən yumşaq desək, xanım səhərisi gün Instagram Story-də paylaşdığı videoda təəssüflə bildirir ki, kinoteatra buraxılmadığı an telefonunun şarjı bitdiyindən o, nəzərdə tutduğu planını həyata keçirə bilməyib. Aristokrat cinsindən olan xanım Mahmudova sən demə zalda əyləşənləri telefona çəkib onların arasında son dərəcə natəmiz olub, amma itdən iyrənənləri göstərmək istəyirmiş.
Daha maraqlı bir məqam da budur ki, həmin videonun bir neçə sayt tərəfindən yayılmasına rəğmən, ölkədə demək olar ki, heç kəs buna münasibət bildirməyib. Heç kəs dedikdə ilk növbədə üzərində ictimai-siyasi yükü olan insanları və özünə ziyalı adı götürüb, faktiki isə rejimdən sədəqə dilənənləri nəzərdə tuturam. Belə çıxır ki, idarə etdikləri xalqdan özünəməxsus əxlaq və mənəviyyat kriteriyaları ilə fərqlənənlər artıq talayıb yoxsullaşdırdıqları insanları aristokrat cinsindən olan itlərindən də aşağı görürlər. Əslində buna da bir qədər ərköyün, bir qədər də intellekt və tərbiyə qıtlığı olan əziz-xələf uşağın şıltaqlığı kimi baxıb üstündən keçmək olardı. Bir məqam olmasaydı: vaxtilə rayon icra hakimiyyəti başçısının Quba əhalisini və ondan sonra isə artıq sabiq nazir Füzuli Ələkbərovun azğın, harın törəməsinin İsmayıllıda insanları təhqir etməsi və hər iki hadisə nəticəsində təhqirlərə etiraz edən yüzlərlə sadə insanın bu günədək Əliyev həbsxanalarında çürüməsini nəzərə almasaq. Amma burda da təəccüblü bir şey yoxdur, çünki xalqdan olmayan və onunla işğalçı kimi davranan yadellilərdən nə desən gözləmək olar. Elə həmin seriyadan növbətisi olan bu təhqiri də gözləmək lazım idi, amma ictimai təpki görməyən bu təhqirlərin bununla bitəcəyini də düşünməyək. Odur ki, gözləyək, görək bunlar sabah milləti daha hansı əziz-xələf heyvanlarından aşağı tutacaqlar.

Həmin videoya isə aşağıdakı linkdə baxa bilərsiniz. Materialın saytdan silinəcəyi halda xahiş edirik, şərh bölməsinə yazın ki, videonun çıxardığımız surətini bura bir daha əlavə edək.

http://1news.az/news/glavreda-zhurnala-nargis-ul-viyu-mahmudovu-ne-pustili-v-bakinskiy-kinoteatr---video

Friday, February 16, 2018

Gerçəklər həqiqət ola bilməyəndə

Təxminən iki il bundan əvvəlin söhbətidir. Azərbaycan Yazıçılar Birliyində dostum Sevinc Səfərovanın "Günah" romanının təqdimatına toplaşmışdıq. Ziddiyyətli bir mövzuya həsr olunmuş romanda söhbət qeyri-ənənəvi münasibətlərdən - iki gənc oğlanın sevgi münasibətlərindən gedirdi. Tədbirdə çıxış edən yazıçılardan birinin sevgi haqqında danışarkən "Şərqdə sevgi Leyli və Məcnun, Qərbdə isə seksdir" deməsi mənə çox tanış gəldi. Yaddaşıma əziyyət verib xatırladım: əlbəttə, "Dərviş Parisi partladır" filmində Hatəmxan ağanın Fransa ilə Azərbaycanı müqayisəsi idi bu. Amma bu dəfə eyni fikirləri söyləyən 21-ci əsrin "Hatəmxan ağası" idi. Bəli, Hatəmxan ağa heç də hökmən çuxa, saqqal, buxara papaq deyil, bu, düşüncə tərzidir və həmin düşüncə tərzi mənə bir daha dahi Mirzə Fətəlinin nə qədər uzaqgörən olduğunu və mübarizə hədəflərini hansı dəqiqliklə seçdiyini göstərdi. Onda çıxışım zamanı çox korrekt şəkildə etiraz edərək Qərbim "Jizelini", "Romeo və Cülyettasını", "Otellosunu", bütün bu dramatik sevgi əfsanələrinin öz əksini təkcə romanlarda, poemalarda deyil, operalarda, baletlərdə, dünya mədəniyyətinin şedevrləri sayılan minlərlə təsviri sənət nümunələrində tapmasını xatırlatmalı oldum.Etiraf edim ki, elə o zaman da içimdə dərin bir narahatlıq, hətta qorxu da yarandı, çünki bu sözlərin müəllifi kitabları onlarla ölkədə çap olunmuş bir yazıçı idi. Belə bir 21-ci əsrin "hatəmxan ağası". Bu gün Azərbaycandakı hakimiyyəti seçkidə dəstəkləməyə çağıran "hatəmxan ağaların" bir nümayəndəsi. Dəhşətli o deyildi ki, bu cür yanaşma mühafizəkarlıqdır. Xeyr, qəbul edib-etməməyimizdən asılı olmayaraq, mühafizəkarlıq normal və geniş yayılmış, sabit dəyərlərə söykənən bir mövqedir, həyat və düşüncə tərzidir. Nəhayət, mühafizəkarlıq geniş yayılmış siyasi cərəyandır. Amma cəhalət mühafizəkarlıq cildinə girəndə bu, həqiqətən çox qorxuludur. Avropoid qiyafəsindəki cahilin özünü mühafizəkar kimi göstərməsi təsəvvür edə bilmədiyimiz dərəcədə qorxuludur. Belə bir "liberal-mühafizəkar-cahil" konqlomerat. Ana dilimizdə desək, həftəbecər.     
Bunu da birmənalı qeyd edim ki, xərçəng, vəba insan orqanizmi üçün nə dərəcədə öldürücüdürsə, söyüş, təhqir, böhtan da cəmiyyət üçün bir o qədər və bəlkə də onlardan qat-qat təhlükəlidir, çünki onlar ictimai şüuru aşındırır, cəmiyyətin mənəviyyatını pozur, yüz, min illər boyu oturuşmuş və ictimai münasibətləri tənzimləyən dəyərlər sistemini dağıdır. Bu baxımdan sosial şəbəkələrdə İlham Əliyevi dəstəkləməyə çağıran yazıçılara və digər yaradıcı peşə sahiblərinə qarşı təhqir və söyüşlər qətiyyətlə pislənməlidir. Belə epitetlər heç vaxt polemika vasitəsi olmayıb və ümid edək ki, olmayacaq da. Amma elə şeylər də var ki, cəmiyyət, xalq, fərd üçün daha təhlükəli və daha dağıdıcıdır. Məsələn, rüşvətxorluq, haqsızlıq, ədalətsizlik, özbaşınalıq, mənəvi və psixoloji nəhayət, fiziki zorakılıq. Bu haqda bir qədər sonra.
Hələlik isə bir neçə kəlmə ziyalılar haqqında. Məqsədim heç də kimin ziyalı olub-olmamasını müzakirəyə çıxarmaq deyil və heç özümü buna haqqı çatan birisi hesab etmirəm də. Həm də ona görə ki, ziyalı anlayışının özü vaxtilə sovet ideologiyası və sovet təbliğatı tərəfindən xüsusilə geniş istismar edilmiş və hətta sovet mənşəli bir məfhumdur. Düzdür, o zaman yaradıcılar özünə xalqın ziyalısı demirdilər, onları həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə sovet ziyalıları adlanırdılar və bu da tamamilə ədalətli idi. Çünki onlar sovet rejiminin ziyalıları idilər, həmin rejimə xidmət edirdilər. Xalqın ziyalıları isə ya Stalin düşərgələrində, ya da adsız məzarlarda çürüməkdə idi. Hüseyn Cavid, Mikayıl Müşviq, Əhməd Cavad və bir çoxları kimi. Bu da tamamilə təbii idi, hər qəbildən olan antixalq, antiinsani rejimlərin öz ziyalıları, xalqın isə öz ziyalıları olur və bu mənada bugünkü özünü ziyalı sayanların və arxaik rejimlərə xidmət edənlərin beşiyi olan stalinizm tək deyildi. Stalinistlərdən fərqli olaraq bu gün tarixdə hitlerizm ziyalılarının adı da qalmayıb, çünki onlar da xidmət etdikləri faşist rejimi ilə birlikdə əbədiyyətə qovuşublar. Bəzilərinə isə bu şərəfi yaşamaq hətta sağ ikən nəsib olub. Fiziki olaraq sağ, əlbəttə. Mənəvi və ruhən isə onlar artıq antiinsani rejimin maraqlarına xidmət edəndə ölü idilər. Necə ki, bu gün stalinizm ziyalı məktəbinin ölü məzunları yalnız fiziki mövcudluğunu davam etdirməkdədir. Çox misallar gətirmək olardı, amma məncə buna ehtiyac yoxdur. Görünən dağa bələdçi lazım deyil. Təhqirlərə, söyüşlərə məruz qalanların belə ağrılı reaksiya verməsi də, elə hərdən özlərinin də bənzər epitetlərə müraciət etməsi də anlaşılandır. Medianı günahlandırmaq, jurnalistin üzünə telefonu qapamaq, qəliz suallara sərt ittihamla cavab vermək və başqa vərdişlər də tanışdır, elə deyilmi? Amma çirkab leysanı yağdıran telekanallardan hakimiyyət siyasi opponentlərini küçə söyüşlərilə təhqir etdirəndə bu insanların səsi çıxmırdı və bu gün də həmin ənənələrə çox sakit, çox dözümlü yanaşırlar. Belə də olmalıdır, çünki onlar hakimiyyətin ziyalılarıdır. Korrupsioner, oğru, savadsız, antimilli hakimiyyətin ziyalıları. Qəribə səslənir, elə deyilmi? Amma nə qədər qəribə səslənsə də anlaşılandır. Anlaşılmayan isə onlardan nəsə umanların mövqeyidir. Əvvəla, nəyisə o kəsdən umarlar ki, o, həqiqətən ziyalıdır və xalqın ziyalısıdır. İkinci, rejimin kiçicik bir hacıbalasının qeyri-adekvat davranışı, aşağılayıcı təhdidləri qarşısında qınına çəkilənlərdən bu boyda rejimə qarşı çıxmağı tələb etməzlər. Özü də fəxri adlar, təqaüdlər, mənzillər verən bir rejimə. Bu, nankorluq olardı. Qaldı onların kimi dəstəkləməsinə, buna bir fərdin yaxşı tanıdığı başqa bir fərdə münasibətinin ifadəsi kimi baxmaq lazımdır. Özləri də "30 ildir yaxşı tanıyıram", "kitablarımı oxuyub" dedikdə elə bunu nəzərdə tuturlar. Qaldı xalqın güzaranına, 30 il ərzində üzünü də görmədikləri, onların kitablarını oxumayan Məmmədağa kişinin və ya Fatmanisə qarının işgəncə kimi həyatına, cəmiyyətdə baş verən eybəcərliklərə münasibət bildirmək məsələsinə, bunu hakimiyyətin ziyalılarından ummazlar. Onlardan yeganə uma biləcəyimiz özlərini sovet vaxtı olduğu kimi adlandırmaqları ola bilər. Məsələn, hakimiyyətin ziyalısı, amma xalqın yox. Çünki xalqın ziyalısı "hansı rejimə istəyirəm dəstək verirəm" ifadəsini dilinə gətirməz, xalqının yanında olub onun da maraqlarına dəstək verər, gənclərin şərlənib tutulmasına, insanlara işgəncə verilməsinə, pozğun həyat tərzinin məqsədli təbliginə etiraz edər. Bu gün bunu görə bilməməyimizin isə tarixi-ideoloji kökləri var. Hakimiyyət ziyalılarının mənəvi babası Lenin onun inqilab avantürasına dəstək verməyən aydınları "yumşaqbədən ziyalılar" adlandırıb onlara qarşə amansız mübarizəyə çağırırdı, Stalin isə həmin "yumşaqbədən ziyalıları" fiziki məhv edib əvəzində "bədənin yumşaq yeri olan ziyalıları" yaratdı. Ölü stalinizmin diri vücudu olan həmin o ziyalıları.
Nəhayət, korrupsiyaya, rüşvətxorluğa, ədalətsizliyə, özbaşınalığa münasibətə gəldikdə, yalnız şəxsi maraqlarına toxunulduqda etiraz edənlərdən ölkədəki talana, quldurluğa, mənəvi terrora, intiharlara münasibət gözləməyə dəyməz. Bütün bu bəlalar xalq üçün öldürücü epidemiyadır, rejim ziyalılarının müdafiə etdikləri üçün isə - statistika.
25 il əvvəl olmuş bir görüşün gündəliyinin bu gün təhrif olunmuş şəkildə ictimai şüura sırınmasını nəzərə alaraq bir faktı da xatırlatmaq çox yerinə düşərdi məncə. 1993-cü ildə Əbülfəz Elçibəylə görüşən keçmiş sovet və bugünkü rejim ziyalılarının dərdi xalq, Vətən, Qarabağ dərdi deyildi. O zaman onların məqsədi 20 yanvar cinayətində fəal işrirakına görə həbs olunmuş keçmiş Az.KGB sədri Vagif Hüseynovun həbsdən azad edilməsi idi. Hələ keçən əsrin altmışıncı illərindən "qızıl şəhər uşaqları" kimi tanınanların bir qrupu digərinin müdafiəsinə qalxmışdı. Bu isə artıq tarıxdır və tarixdə elə bu cür də qalacaq. KGB şinelindən çıxanlar öz məsləkdaşlarının himayəsinə qalxmışdı. Elə deyilsə, bu gün niyə İlham Əliyevlə görüşüb guya o vaxt Elçibəy qarşısında qaldırdıqları məsələləri müzakirə eləmirlər? Eləmirlər və eləyə də bilməzlər, çünki onlara belə bir hüquq, belə bir səlahiyyət verilməyib və hətta bu haqda düşünmək haqları da tanınmır. Qaldı "26" kafesini qorumaq uğrunda mübarizənin emosional fonunda deyilmiş "rüşvətxor məmur fahişədən pisdir" iddiasına, əmin edirəm ki, bu iddianın müəlliflərinə "bəs rüşvətxor məmurların hakimiyyəti və ona dəstək verənlər necə adlanır?" sualını versəniz ya telefon üzünüzə qapadılacaq ya da "kəs səsini, axmaq!" deyib sizi qapıdan qovacaqlar. Suala isə tarixdə yer iddiasında olanların əvəzinə elə tarixin özü cavab verəcək. Özü də kiminsə gerçəkləri prizmasından yox, həqiqətin gözlərilə.
Məşhur bir kəlamda deyildiyi kimi "hər kəsin öz gerçəyi var, həqiqət isə birdir". Həqiqət də gerçəklərdən doğur, gerçəklərdən qidalanıb böyüyür. Təbii ki, gerçəklər həqiqət ola biləndə. 

Monday, February 5, 2018

Növbədənkənar seçki: səbəblər və mümkün nəticələr.

Bu gün baş verən əslində gözlənilən idi. Hələ keçən ilin sonunda hakimiyyət qanunvericilikdə dəyişikliklər edəndə bir çoxları, o cümlədən də bəndəniz bu haqda yazmışdı.
Bəli, Rusiyada prezident seçkilərinin keçirilməsinin vaxtının dəyişməsi Azərbaycan üçün siqnal idi, çünki Azərbaycan siyasi sistemi Rusiya modelinin təkcə zəif parodiyası yox, həm də satellitidir. Bu səbəbdən də Rusiyada baş verən siyasi dəyişikliklər demək olar ki, tam formatda Azərbaycana da tətbiq olunur. O cümlədən də avtoritar prezident üsul-idarəsinin "təkmilləşdirilməsi". Amma Azərbaycandan fərqli olaraq Rusiyada "yeniliklər" təkcə daxili siyasi səbəblərdən deyil, həm də qlobal və reqional amillərin təsiri altında həyata keçirilir. O zaman apardığımız təhlillər göstərirdi ki, Rusiyada növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün ən azı bir neçə səbəb var:
1. Rusiyaya tətbiq olunmuş sanksiyalar səbəbindən sürətlə dərinləşən sosial-iqtisadi böhran mart ayı ilə müqayisədə 2018-ci ilin sonunda daha ağır fəsadlar verəcək.
2. Hər gün itkilər verən oliqarxiya Putin hakimiyyətindən məsafələşməyə başlayacaq.
3. Yaxın Şərqdə Rusiya-İran-Türkiyə üçlüyü tərəfindən formalaşdırılmağa başlayan yeni regional düzən sonda həmin bölgədə Suriyadakından və Yəməndəkindən daha böyük miqyaslı hərbi qarşıdurmalara gətirib çıxara bilər.
Başqa səbəblər də var, amma fikrimizcə bunlar əsas səbəblər idi.
Beləliklə, Azərbaycan tərəfindən də eyni addımların atılacağı artıq zamana bağlı məsələ idi və həmin addımların hüquqi bazasının formalaşdırılması yuxarıda qeyd etdiyim kimi, artıq keçən ilin sonundan başlamışdı. Haşiyə çıxım ki, elə Azərbaycanda da bu addım təkcə daxili siyasi səbəblərdən qaynaqlanmır. Yuxarıda göstərdiyim kimi, Yaxın Şərq böyük qarşıdurma mərhələsinə yaxınlaşır və bu, baş verəcəyi halda coğrafi və geosiyasi səbəblərdən Azərbaycanın da həmin prosesə cəlb olunacağı qaçılmazdır. Belə ki, yeni Yaxın Şərq böhranın hədəflərindən biri və bəlkə də birincisi İran ola bilər ki, bu dövlət də Azərbaycanla təkcə həmsərhəd olması ilə əhəmiyyətli deyil. İran əhalisinin 40% qədərinin azərbaycanlı olması və Azərbaycanın Rusiya ilə Iran arasında yeganə quru yolu mövqeyində yerləşməsi potensial münaqişənin tərəflərinin bizə diqqətini daha da artırır. Belə ki, İraqda və Suriyada kürd dövləti qurmaq planlarının uğursuzluqla nəticələnməsi İranı Cənub-Qərbdən, Türkiyəni isə Cənubdan mümkün təhdidlərdən xeyli dərəcədə sığortalamış oldu. Bu şəraitdə İran ətrafında "zəif nöqtələri" yalnız Əfqanıstanda və İran körfəzində qalmış olur ki, bunlar da yetərli deyil. Bu səbəb Azərbaycanı bir tərəfdən Rusiya-İran-Türkiyə üçlüyünə qarşı olan güclər üçün əhəmiyyətli edirsə, digər tərəfdən də yuxarıda qeyd etdiyim kimi, Rusiya ilə İran arasında yeganə quru yolu olan Azərbaycan bu iki həmsərhəd dövlət üçün strateji əhəmiyyət kəsb edir. Amma uzun illərdir tərəflər arasında tərəfsiz qaldığını iddia edən Bakı üçün belə böyük miqyaslı maraq toqquşması sonda hər tərəfdən ciddi təhdidlər doğura bilər. Bildiyimiz kimi, istənilən avtoritar hakimiyyət üçün də ən ciddi təhdidlərdən biri daxili siyasi qarşıdurmaların aktiv fazaya keçməsidir. Buna başqa sözlərlə inqilab, üsyan, iğtişaş və s. də demək olar. Deməli, sərt seçim mərhələsinədək Əliyev hakimiyyəti öz mövqeyini möhkəmləndirməlidir ki, həmin mərhələdə hakimiyyətin müqəddaratı müzakirə predmeti və ya təhdid hədəfi olmasın. Digər tərəfdən də belə bir həssas məqamda hakimiyyətin taleyini həll etmək hakimiyyətdaxili mübarizəyə son qoymaq üçün də uyğun şansdır. Bir çoxları 2018-ci il prezident seçkilərində Mehriban Əliyevanın namizədliyinin veriləcəyini iddia eləsə də, etiraf edim ki, buna hər zaman skeptik yanaşmışam. Bunun da ən azı 4 ciddi səbəbi var:
1. Paşayevlər qruplaşması digər 2 qruplaşma (Mehdiyev və "Kürd" qruplaşması) tərəfindən birinci rola məqbul sayılmır. Belə ki, xanım Əliyeva hakimiyyət üçün nəinki birləşdirici fiqur sayılmır, əksinə, onun birliyinə təhdid kimi qəbul olunur.
2. Paşayevlər mövcud siyasi reallıqda alternativ ola bilmədilər, halbuki onların bu şansı vardı. Bu haqda əvvəl də yazmışam və həmin yazım ciddi narazılıqlar doğurub. Buna baxmayaraq bir daha qeyd etməliyəm ki, bu qrupun əksəriyyəti yoxsullardan və kasıblardan ibarət olan cəmiyyətə dəbdəbəli həyat tərzi ilə təqdim olunması paşayevləri ciddi sosial dayaqlar qazanmaq imkanından məhrum etdi.
3. İkinci bənddə göstərilən səbəblərdən və həmçinin siyasi güc faktoru olaraq təqdim oluna bilməmələri üzündən beynəlxalq aləmdə (xüsusilə də Qərbdə) paşayevlərə münasibətdə yaranan ümid qığılcımları qısa zamanda söndü. Azərbaycanın hüdudlarından kənarda da Mehriban Əliyevanın komandası ciddi siyasi klandan daha çox var-dövlət içində üzən elitar bir kəsim kimi tanındı.
4. Kifayət qədər inzibati, maliyyə və iqtisadi resursların əllərində cəmlənməsinə rəğmən paşayevlər ictimai-siyasi institutlar formalaşdıra bilmədilər. Bu institutlar olmadan isə siyasətdə uğur qazanmaq möcüzə olardı. Amma siyasətdə möcüzələr olmur...
Beləliklə, YAP İlham Əliyevin 4-cü dəfə namizədliyini irəli sürəcəyini bəyan etdi və belə görünür ki, bu da yekun qərar olacaq.
Seçkilərin necə keçiriləcəyi haqda isə nəsə yazmağa xüsusi ehtiyac duymuram. Bu başdan onu deyə bilərəm ki, zaman uğurlu seçilib və indi geosiyasi mübarizə aparan tərəflərin heç birinə Azərbaycanda keçiriləcək seçkilərə xüsusi tənqidi münasibət bildirib İlham Əliyevlə münasibətləri korlamaq lazım deyil. Bu seçkilərin əvvəlkilərdən bircə fərqi o olacaq ki, uduzan təkcə biz - azərbaycan xalqı olmayacaq. İllər boyu bizim "siyasi" reallığa tolerantlıq və hətta dəstək göstərən qlobal güclərdən də hansısa mütləq uduzacaq. Çünki qlobal, regional siyasi mübarizənin konteksti buna işarə edir. Final oyununda heç-heçə olmur. Amma bizim üçün bu, kiçik təskinlikdən başqa bir şey olmayacaq.