Saturday, June 18, 2011

Ona da Ramil müəllim deyərlər!

Deyirəm, hər dəfə jurnalist, hüquq müdafiəçisi, müxalifətçi döyüləndə Ramil müəllimin əsəbləri tarıma çəkilir, çünki yenə də çağırıb deyəcəklər ki, bəs götür bu işi də araşdır. O da bilir ki, açıb deyə bilməyəcək axı "Ay millət, bunların hamısını döydürən filankəslərdir, özləri də mənə torba tikmək üçün edirlər bunu! İnanmırsınız? Bir baxın, qətlləri araşdırmağı heç zaman mənə vermirlər, elə özləri də araşdırırlar." Cənab generaı yaxşı bilir ki, bunu desə aləm qarışacaq. Odur ki, başını aşağı salıb illərlə bu cinayətləri "araşdırır" və məsələnin unudulması üçün istintaqı acı bağırsaq kimi uzadır. Kim nə deyir desin, Ramil müəllim ağıllı və bəxti gətirən adamdır. Hələ mən onun yaradıcılığını demirəm: məsələn, dostum Üzeyir Cəfərov döyüləndə Ramil müəllim öz istedadını azacıq işə salıb deyəndə ki, "Üzeyir Cəfərov özü özünə xəsarət yetirib", hamının matı-qutu qurumuşdu. İndi artıq Üzeyir bəyin özü də qalıb çaş-baş ki, görəsən o, bunu necə bacarmışdı o zaman. Amma Ramil müəllim onda yəqin ürəyində demişdi: "Ay siz öləsiniz! Bir o qalmışdı ki, dünənə qədər göyərti, kartof, xiyar-pomidor satanların "qulağını kəsib" gətirənlər indi mənə torba tiksinlər!"  Bu dəfə isə Ramil müəllimin bədhaxları baltanı lap kökündən vurublar: nə az, nə çox, Bahəddin Həziyevi döydürdükləri gədələrinə bir amerikalı və bir ingilis xanımı döyməyi tapşırıblar. Gədələr də eləmə tənbəllik, vurublar hər ikisinin mitilinə. Xanimlar da adi xanımlar deyilmiş-biri New York Times və Washington Post  kimi iki xırda qəzet üçün məqalələr yazır, o biri də ki, hüquq müdafiəçisi. Di gəl indi Ramil müəllim cavab ver! Üstəlik də sənə dedirdələr ki, məsələnin təhqiqatını götürmüşəm şəxsi nəzarətimə. Bundan sonra da cavab ver görüm, nə deyəcəksən? Amma ona da Ramil müəllim deyərlər! Bir də görəcəksən bəlli oldu ki, sən demə qızlar sevgili imişlər və dava da elə qısqanclıq zəminində baş verib. Beyinləri qızıb, birinin yadına rəfiqəsinin filan gün filan müxalifətçiyə necə ehtirasla baxması düşüb, vurub nə vurub qızı. Niyə də yox? Məgər bu gün hamının mələk kimi qələmə verdiyi Məhərrəm müəllim rəhmətlik Con Elvisin ölüsünə yükləmədi bu adı? Heç bu gün də soruşan yoxdur ki, "Ay Məhərrəm müəllim, sən o canfəşanlıq edib səni Bakıya qaytaran dostunun ölmüşü, bunu sən özün görmüşdün ki, belə deyirdin, yoxsa şam tutmuşdun?"  İndi də Ramil müəllim belə bir versiyanı irəli sürsə, guya kim nə deyəsidir ki? Ya da ki, ingilis qız amerikalıya vaxtilə İngiltərə müstəmləkəsi olmalarını xatırladıb, qürurlu amerikalı da dözməyib çırpıb onun meyidinə. Niyə də yox? Sonra da gələcək Mirzə Sakiti müayinə edən məhkəmə-tibb eksperti, mənasız sifətinə ağıllı ifadə verməyə çalışıb deyəcək ki, bəs bu cür xəsarətlər yalnız amerikalı qızın zərbəsindən ola bilər. Bir də görəcəksən üstəlik hələ Amandanı da soxdular qoduqluğa. Bu da sizə çıxış yolu! Ona da Ramil müəllim deyərlər!