Wednesday, October 30, 2019

ABŞ xarici siyasətinin prioritetləri varmı?

21-ci yüzilliyin ikinci onilliyinin hələ başa çatmamasına baxmayaraq, qlobal siyasətin arxada qalan 19 il ərzində ikinci dəfə gərgin fazaya keçməsi bu gün artıq qaçılmaz görünür. 2001-ci ilin məlum 11 sentyabr terroru və onun ardınca baş verənlər artıq o zaman dünyanın geosiyasi mənzərəsini xeyli dəyişdi, amma belə görünür ki, uzun müddət bir tərəfdən antisovetizmə, digər tərəfdən isə antiamerikanizmə köklənmiş ikiqütblü dünyada SSRİ dağıldıqdan sonra ciddi motivasiya qıtlığı yaranmışdı. Bu mənada hətta Buş administrasiyasının qlobal terrora qarşı mübarizə doktrinası da həmin boşluğu yetərincə doldura bilmədi. Əslində, bu heç mümkün də deyildi, çünki yarım əsrə yaxın qarşı-qarşıya durmuş iki supergücün (SSRİ və ABŞ) sərt, bəzən isə təhlükəli rəqabəti şəraitində formalaşmış motivasiyanı cahil başkəsənlərə qarşı səfərbərliklə əvəzləmək nə “soyuq müharibənin” vediyi stimulu, nə də əvvəlki bipolyarlıq (ikiqütblülük) şəraitini əvəzləyə bilməzdi. Görünür elə bu səbəbdən də növbəti qlobal qarşıdurmaya ehtiyac yaranırdı və bu ehtiyacın reallaşdırılmasının təməli artıq 2008-ci ildə qoyulmağa başladı. 2001-ci ilin 11 sentyabr terrorundan cəmi 7 il sonra. Daha dəqiq desək, 2008-ci ilin avqustundakı separatçı Cənubi Osetiyadan başlayan Rusiya-Gürcüstan münaqişəsi növbəti qarşıdurma mərhələsinin “ilk qaranquşu” sayıla bilər. Ardınca Ukraynadakı “Avromaydan inqilabı” və bunun nəticəsində Rusiyanın bu ölkəyə müdaxilə edərək onun bir hissəsi olan Krımı ilhaq etməsi və həmçinin Şərqi Ukraynada separatçı rejimlərin yaranmasına açıq dəstək verməsi münaqişəni tam yetkin mərhələyə çatdırdı. Vəziyyət elə bir həddə çatdı ki, hətta Rusiyaya loyal siyasət yürüdən Obama administrasiyası bu ölkəyə qarşı sərt iqtisadi, siyasi və digər sanksiyalar rejiminə keçməyə vadar oldu. Həmin qarşıdurmalar burulğanında görünən həm də Qərbin, xüsusilə də ABŞ-ın postsovet məkandakı yeni müttəfiqlərini ya qorumaq fikrində olmadığı, ya da sadəcə bunu bacarmadığı idi. Bu isə artıq bütövlükdə postsovet dünyanın yeni geosiyasi mənzərəsinin spesifik cizgiləri oldu. Bunun ardınca Şimali Afrikanı və Yaxın Şərqi xaosa çəkmiş “ərəb baharı” nəticəsində hakimiyyətə gəlmiş əksər yeni rejimlərin Vaşinqton və müttəfiqləri tərəfindən dəstəklənməməsi (bəzi hallarda isə boykot etməsi və hətta hərbçiləri onların devrilməsinə təhrik eləməsi) isə ABŞ xarici siyasətində yeni trendlərin, bəlkə də yeni strategiyanın əlamətləri kimi qəbul olunmağa başladı. Məhz "Ərəb baharının" törətdiyi fəsadlar yaranmaqda olan yeni dünya düzəninin mənzərəsini tamamlayırdı. Kütləvi qaçqın axının yaratdığı sosial və siyasi gərginlik nəticəsində özünə münbit zəmin tapan radikal irqçi, millətçi və avroskeptik platformalara sahiblənmiş sağ (və ifrat sağ) populizm İkinci Dünya Müharibəsindən sonra siyasi radikalizmdən uzaq olmuş Avropanın siyasi mənzərəsinə korrektələr etməyə başladı. İlk baxışdan həmin proseslərdən kənarda qala bildiyi ehtimal edilən ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkiləri isə bu ehtimalları tamamilə alt-üst elədi. Demokratların bütün siyasi spektr üzrə məğlubiyyəti eyni tendensiyaların Yeni Dünyada da yer aldığını üzə çıxardı. Həmin seçkilərdə ABŞ prezidenti seçilən Donald Trampın uğuruna Rusiya siyasi dairələrinin emosional reaksiyasından belə görünürdü ki, rəsmi Moskva qlobal siyasətin hansı istiqamətə getdiyini nəinki dəqiq hesablaya bilmişdi, hətta buna demək olar ki, tam hazır idi. Moskvada çox da yanılmamışdılar, çünki respublikaçıların adətən xüsusi sərtliyi ilə seçilən Moskva siyasəti Donald Tramp administrasiyası dövründə o dərəcədə yumşaldı ki, hətta adətən Rusiyaya qarşı nisbətən loyal siyasət yürütməyə çalışan demokratlar da buna həsəd apara bilərdilər. Baxmayaraq ki, qeyd etdiyim kimi, respublikaçıların xarici siyasəti, o cümlədən də Rusiyaya yönəlik siyasəti ənənəvi olaraq demokratların siyasətindən daha sərt olub. Amma çox çəkmədi ki, 2018-ci il aralıq seçkilərində ABŞ Konqresinin Nümayəndələr Palatasında çoxluq əldə edən demokratlar faktiki olaraq, respublikaçı rəqiblərinin xarici siyasət kursuna sahib çıxdılar və bu dəfə Konqres Rusiyaya qarşı Ağ Evdən daha sərt mövqe sərgiləməyə başladı. Bu mövqenin başlıca səbəbi kimi isə Rusiyanın 2016-cı il ABŞ prezidenti seçkilərinə müdaxiləsi və nəticələrin Donal Trampın xeyrinə olmasına təsiri göstərilirdi. Şübhəsiz ki, böyük gücə malik olan qanunverici orqanın belə mövqeyi də təsirsiz ötüşmürdü. Beləliklə, ABŞ xarici siyasəti faktiki olaraq daha çox ölkədaxili mübarizənin alətinə və girovuna çevrilirdi ki, həmin tendensiya bu gün də davam etməkdə və daha da güclənməkdədir. Yaranmış siyasi şəraitdə administrasiyanın xarici siyasətdə atdığı istənilən addım Nümayəndələr Palatasındakı demokrat çoxluq tərəfindən sərt təpkilərlə üzləşir. Donald Trampın ABŞ hərbi kontingentini Suriyadan çıxararaq, Türkiyənin bu ölkəyə hərbi müdaxiləsinə imkan verməsi isə ölkə siyasətinin ən qalmaqallı hadisələrindən biri oldu. Belə ki, ABŞ hərbçilərinin həm İraqdakı, həm də Suriyadakı kürd silahlı dəstələrinə uzun müddət göstərdiyi hərbi yardım heç kəsdən sirr deyildi. Bir çox Amerika siyasətçisi kürdləri, xüsusilə də Suriyadakı YPG-ni ABŞ-ın bölgədəki əsas müttəfiqlərindən biri hesab edirdi. Odur ki, həmin kürd silahlı birləşmələrini terrorçu hesab edən və ölkə sərhədləri böyünca kürd dövlətinin yaranması ehtimalını haqlı olaraq özü üçün təhdid qəbul edən Türkiyənin Suriyaya hərbi müdaxiləsinə ABŞ prezidentinin imkan yaratması təkcə demokratların deyil, elə əksər respublikaçıların da hiddətinə səbəb oldu. ABŞ siyasi arenasında təkcə Donal Trampa deyil, həm də Türkiyəyə münasibətdə sözün həqiq mənasında isterik əhval elə bu gün də qalmaqdadır. Belə görünür ki, yaxın zamanda "Erməni soyqırımının" tanınması da aktuallaşacaq və ən azı Konqresdə bu haqda qərarın qəbul olunacağı istisna deyil. Bir çox demokrat konqresmenlər artıq bunun anonsunu da veriblər. Belə olduqda isə ABŞ təkcə Suriyadakı kürd müttəfiqlərini itirmiş olmayacaq, o, həm də NATO üzrə çox önəmli müttəfiqi olan Türkiyəni də itirmək reallığı ilə üzləşəcək. Baxmayaraq ki, 2 ölkə arasındakı münasibətləri artıq bu gün müttəfiqlik kimi dəyərləndirmək belə də asan deyil. Bəli, ABŞ xarici siyasətinin daxili siyasi mübarizə alətinə çevrilməsinin ağır fəsadları qaçılmazdır və bu, Vaşinqtonun qlobal maraqlarına ağır zərbələr vurmaqda davam edir. ABŞ-ın etibarsız tərəfdaş imici artıq onun müttəfiqləri tərəfindən də nəzərdən keçirilməkdədir. İş o yerə çatır ki, Vaşinqtonun Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi sabit müttəfiqləri də qarşıdurmadan qaçmaq məqsədilə Pakistanın vasitəçiliyilə İranla danışıqlar aparmağa başlayır. Donal Trampın 6 ölkə ilə İran arasında əldə olunmuş nüvə sazişindən birtərəfli qaydada çıxması, onun Qüdsü İsrailin paytaxtı, Qolan yüksəkliklərini isə İsrail ərazisi kimi tanıması, ABŞ-ın Venesuelada müxalif parlamentin prezident elan etdiyi spikeri əvvəl prezident səlahiyyətlərini icra edən şəxs kimi tanıyaraq, sonra isə faktiki olaraq onun arxasından çəkilməsi, İraqda və Suriyada formalaşdırıb silahlandırdığı kürd silahlı dəstələrini asanlıqla qurban verməsi, həmin silahlı dəstələrdən hərbi müttəfiqi olan Türkiyəyə potensial təhdid mənbəyi yaratması və bir sıra digər addımları Vaşinqtonun etibarsız müttəfiq imicini daha da möhkəmləndirməkdədir. Bundan başqa, Ağ Evin Almaniya, Fransa, Yaponiya və Cənubi Koreya kimi müttəfiq ölkələrin ABŞ-a ixrac etdiyi mallarına əlavə tariflər tətbiq etməsi Avroatlantik Təhlükəsizlik Sisteminin özünü təhlükə altına atır. Digər bir məqam isə Amerika siyasətçilərinin, xüsusilə də respublikaçıların və onların lideri prezident Trampın Avropa ölkələrində baş qaldıran ifrat sağçılara simpatiyasını gizlətməməsidir. Bu gün Avropa ölkələrində hakimiyyətdə olan ifrat mühafizəkar liderlər Ağ Evdə ən arzu olunan qonaqlara çevriliblər. Bu isə Köhnə Dünayda haqlı suallar, şübhələr yaradır və bu mənada Almaniya kansleri Angela Merkelin "Avropa təhlükəsizliyinin təminatı haqda özü düşünməlidir" fikri də artıq təkcə quru bəyanat deyil. Avropanın əsas iqtisadi və hərbi gücləri sayılan Almaniya və Fransa artıq bir neçə birgə hərbi layihə, o cümlədən tank və hərbi təyyarə istehsalı üzərində çalışmaqdadılar. Belə bir dinamika isə heç də taktiki addımlar təəssüratı bağışlamır və hətta 2020-ci il prezident seçkilərindən sonra Ağ Evə demokratların sahiblənəcəyi halda da vəziyyətin tam əksinə dəyişəcəyini güman etmək mümkün görünmür. Görünür, həm də bu gün yürüdülən izolyasionist siyasətin nəticəsidir ki, qlobal siyasətə qayıdan Rusiya və yenicə daxil olan Çin yaranan boşluqları sürətlə doldurmaqdadır. Bu mənada onların hər ikisi ən azı indiki mərhələdə həm də ABŞ-dan daha güvənli tərəfdaş təəssüratı bağışlayır. Məsələn, Venesuelada olduğu kimi. Görünən həm də budur ki, hal-hazırki ABŞ xarici siyasətinin aydın prioritetləri yoxdur. Elə bu səbəbdən də Vaşinqtonun dünənki bir çox müttəfiqləri və tərəfdaşları asanlıqla xarici siyasət kursuna korrektələr edərək, paralel olaraq Rusiyaya və Çinə də meyllənir. Bu da anlaşılandır, çünki az və ya çox dərəcədə xarici faktorun təsiri olan ölkələrdə siyasətdə yaranmış boşluqlar çeşidli sağ və sol populistlər üçün cəlbedici görünə bilər. Bu isə xüsusilə də qarşıdan gəldiyi proqnozlaşdırılan növbəti iqtisadi böhran şəraitində davamlı xaos demək olardı.

P.S.: Bu yazı təxminən 10 gün əvvəl yazılmışdı. Bir neçə saat əvvəl isə ABŞ Konqresinin Nümayəndələr Palatası "Erməni soyqırımı" haqda qətnaməni qəbul elədi. Bu, qondarma soyqırımı tanımaq deməkdir. Səbəb əlbəttə ki, heç də mənəvi deyil (ABŞ siyasətində mənəviyyat anlayışı xeyli nisbidir), əsl səbəb yuxarıda qeyd elədiyim kimi, Türkiyənin Suriyadakı ABŞ-ın silahlandırdığı kürd yaraqlılarına qarşı keçirdiyi hərbi əməliyyatdır. Maraqlıdır ki, vaxtilə İranın ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınan İslam İnqilabı Keşikçiləri Korpusu eyni tipli əməliyyatı İraqın Şimalındakı kürd muxtariyyətinə qarşı keçirəndə ABŞ siyasətinin heç səsi də çıxmamışdı, amma NATO üzrə müttəfiqi bu addımı atanda ABŞ mediasında və siyasi dairələrində sözün həqiqi mənasında isteriya başladı və nəhayət, Türkiyəyə qarşı dünən həm də sanksiyalar tətbiq olundu, halbuki Türkiyə Suriyaya hərbi müdaxiləni ABŞ prezidenti ilə razılaşdırmışdı. Amma dünənki qətnamə və sanksiyalar həmin kürd yaraqlılarının əslində kimə qarşı silahlandırılmış olduğunun daha bir əyani sübutu oldu. Bu günlərdə o da bəlli oldu ki, qondarma DQR-in xarici işlər naziri ABŞ Konqresində çıxış edəcək. Zaman baxımından təsadüfdürmü? Xeyr, mən belə təsadüflərə inanmıram, amma bir şeyə dəqiq əminəm ki, ABŞ-ın xarici siyasəti (elə daxili də) lobbiçiliyin və puldan başqa heç bir mənəvi dəyərləri olmayan çoxsaylı lobbiçilərin əlində girovdur. 
İndi yazacağım isə fikrimcə Azərbaycan cəmiyyəti və xüsusilə də ölkənin siyasi kəsimi üçün maraqlı olmalıdır. ABŞ-da "Erməni soyqırımı tanınmalıdır!" deyə aylardır özünə əl qatanlardan biri də bizim cəmiyyətə daim Azərbaycanın dostu kimi təqdim olunan David Harrisdir. Bəli, həmin o, Amerika Yəhudi Komitəsinin baş icraçı direktoru.
Buyurun, onun əsl siması ilə elə özünün təqdimatında tanış olun:
https://twitter.com/DavidHarrisAJC/status/1188863975733235712

 Məncə əlavə şərhə ehtiyac yoxdur. Allah Azərbaycanı belə "dostlardan" qorusun.

No comments:

Post a Comment