Monday, November 2, 2020

Yeni dövlətimizi necə qurmalı

 Müharibə başa çatdıqdan sonra növbəti və bəlkə də daha məsuliyyətli bir mərhələ başlayır, çünki bu mərhələdən ölkənin və xalqın bəlkə 30, bəlkə də 50-illik gələcəyi asılı olacaq. Əlbəttə söhbət bütün sahələrdə normal fəaliyyət göstərə bilən çevik dövlət modelindən gedir.

Bizim kimi kiçik ölkələr yaxın onilliklər üçün öz modelini qurmağa çalışanda dünyadakı qlobal tendensiyaları nəzərə almaya bilməz. Dünyadakı müasir tendensiyaları isə son 75 ildə sülhün və əminamanlığın, sosial və iqtisadi inkişafın təminatçısı olmuş legitimliyin və qlobal institutların arxa plana keçməsi kimi xarakterizə etmək olar. 

Müasir dünyanın texnoloji inkişafda sıçrayışla irəli getməsilə yanaşı, dövlətlərarası və qlobal münasibətlərin tənzimlənməsində sürətlə geriləməsi baş verir. Legitim (hüquqi) mexanizmlərlə yanaşı onların işləkliyini təmin edən beynəlxalq institutlar da çökür ki, bu da həmin münasibətlərin tənzimlənməsində başqa amillərin rolunu ön plana çıxarır. 

Bu amillər çoxdur, amma onlardan əsas qarşılıqlı əlaqəli ikisini xüsusi vurğulamağa ehtiyac var: korporativ maraqlar və yeni siyasi elitalar.

Korporativ maraqların təsirinin artması təkcə 2-ci və 3-cü dünya ölkələrində deyil, elə aparıcı ölkələrdə də siyasi elitanın yeni tipinin formalaşmasını və idarəçiliyə gətirilməsini diqtə edir. 

Bu gün baş verən də elə budur: siyasi hakimiyyətin korporativ maraqların təsirindən daha çox asılı olması və bu, qlobal prosesdir. İdeoloji yönümündən, dövlət-idarəetmə modelindən asılı olmayaraq dövlətlər daha çox maraqlarla idarə olunur, nəinki qanunlarla. Bu isə artıq yeni siyasi reallığı gündəmə gətirir.

Uzun yazmamaq barədə vədimə əməl edərək burda fikrimi tamamlamaq istərdim: gələcək Azərbaycanı qurmaq üçün ilk növbədə dünyada baş verən tendensiyaları və reallıqları öyrənməli, təhlil etməli və dövlət quruculuğunda onları nəzərə almalıyıq. Yeniliyə isə ehtiyac var və o, təkcə qlobal proseslərdən yaranmayıb.

Müstəqillik dövründə ilk dəfə ərazi bütövlüyünü öz gücü hesabına bərpa etməyə yaxın olan ölkəmiz artıq heç 2-3 ay əvvəlki də deyil. Qarşımızda təkcə başqa azərbaycanlı deyil, həm də başqa cəmiyyət var, onlarla dövlət arasında yarana biləcək ziddiyyət və münaqişələrdən qaçmaq üçün isə başqa, yeni bir ölkəyə ehtiyac var. 

Həm də ona görə ki, əslində heç köhnə ölkənin özü də yoxdur artıq.