Sunday, March 27, 2011

Sürünən işğal və azadlıq mücadiləsi

O mərhələdə biz məğlub olduq! Yox, Qarabağda deyil, biz Azərbaycanda məğlub olduq. Bizi aldatdılar və biz 18 il ərzində başa düşmədik ki, niyə Qarabağın işğalını prioritet kimi Azərbaycanın gündəmində saxladılar, bilməyərəkdən özümüz də buna dəstək olduq. Onlar isə Qarabağ səs-küyü altında hər şeyimizi işğal etdilər. Biz həyatımızı, gücümüzü, varlığımızı 20 faiz torpağımızın azadlığına yönəltdik, onlar isə bizim qalan torpaqlarımızı, evimizi-eşiyimizi, sərvətlərimizi, əxlaqımızı, mənəviyyatımızı, bir sözlə, qalan hər şeyimizi işğal etdilər. Biz erməni işğalından qurtulmağa çalışdıq, onlar isə asta-asta bizi daha böyük işğala məruz qoydular. Biz dedik ki, erməni nankordur, torpağımıza qonaq gəlib, sonra da onun 20 faizinə sahib çıxdı. Onlar isə ermənidən də nankor, amansız, gizli düşmən olaraq, qalan hər şeyimizə sahib çıxdılar. Biz Vətənimizə sahib çıxa bilmədik, onlar isə əllərindəki qaşovları bizə verib, özləri yiyələndilər ona. Biz hisslərimizə güc verdik, onlar isə soyuqqanlı şəkildə bizi əzdilər. Bizə az qala öz milli kimliyimizi unutdurmuşdular, onlar isə illərdən bəri gizlətdikləri kimliklərini açıb üzə çıxarmağa, torpaqlarımızda özlərinə ölkə qurmağa başladılar. Biz TORPAĞIMIZ uğrunda döyüşdük, onlar isə VƏTƏN qazilərimizi öldürdülər, həbsxanalarda çürütdülər, ÖLKƏMİZDƏN qovdular. Biz az qala düşünməyi unutmuşduq, onlar isə düşündülər ki, artıq bununla hər şeyi bitiriblər, sürünən işğalı başa çatdırıblar. 
Amma bir şeyi düşünmədilər, işqaldan sonra nəyin gəldiyini: unutdular ki, işğalın ardınca azadlıq mücadiləsi başlayır!!!     

Monday, March 14, 2011

Gənclərin mübarizə strategiyası: nəyi və necə etməli?

Məndən hər hansı bir avtoritar ölkədə gənclərə hansı mübarizə üsullarını tövsiyyə etdiyimi soruşsaydılar, aşağıdakıları vurğulamağı zəruri sayardım:

1. Bütün ali məktəblərdə etiraz aksiyalarını eyni mövzuda, eyni gündə, eyni saatda və eyni tələblərlə başlamalı,

2. Bütün tələblər təhsillə, tələbərin hüquqları ilə, ali məktəblərdəki korrupsiya ilə bağlı olmalıdır,

3. Aksiyalar zorakılıq olmadan, dinc və mütəşəkkil həyata keçirilməli, bütün növ radikalizmin və təxribatçılığın qarşısı qətiyyətlə alınmalıdır,

4. Tələblər divar yazıları, sosial şəbəkələrdə çağırışlar, SMS-lər, şifahi şüarlar və pəncərələrdən atılan vərəqələr şəklində ortaya qoyulmalıdır,

5. Çalışıb aksiyaya maksimal dərəcədə iştirakçı cəlb etmək lazımdır,

6. Cəzalandırılan (tutulan, döyülən, ali məktəbdən qovulan və digər cəzalara məruz qalan) yoldaşlarınıza qəti və güclü dəstək verilməlidir.

7. Sonrakı günlər (aksiyanın 3-4-cü günü) ali məktəb rektorlarının istefası tələb olunmalıdır,

8. Aksiyanın ilk günlərində heç bir siyasi tələblər irəli sürülməməli, bütün aksiyalara mətbuat dəvət olunmalı, çəkilmiş şəkillər və aksiya barədə məlumatlar intensiv şəkildə sosial şəbəkələrdə yayılmalı və müzakirə olunmalıdır.

9. Bütün bu presesdə asta-asta tələbə gənclərin ümumölkə aksiyasına hazırlıq görülməlidir və bu aksiyanın Təhsil Nazirliyi qarşısında keçirilməsi üçün dəqiq vaxt və gün müəyyən edilməlidir. Aksiya zamanı polisə heç bir müqavimət göstərilməməli, əksinə, polisi öz tərəfinizə çəkməyə cəhd olunmalıdır. 

10. Müqavımət üçün yetərli sayda etirazçı toplandıqda isə davamlı aksiyaya keçmək və siyasi tələblər irəli sürmək olar.

Tuesday, March 8, 2011

İflasın anatomiyası: Azərbaycan hakiliyyəti inqilab yetişdirir

Bizim də hər zaman qeyd etdiyimiz kimi, bu gün artıq tam bəlli olur ki, bütün inqilabların əsas müəllifləri qabiliyyətsiz hakimiyyətlərin özləridir. Azərbaycan da bu prosesdə istisna deyil. Qırğızıstanda Kurmanbek Bakiyev müxalifət liderlərini həbs edəndən və qəzetləri bağlayandan 2 həftə sonra inqilab baş verdi. Eynilə buna bənzər addımları da Misir və Tunisdə atdılar. Liviyada isə qorxuya düşən hakimiyyət İnternetə girişi bağladı və inqilab qaçılmaz oldu. Özü də hakimiyyətlərin bütün bu aksiyaları, bir qayda olaraq, total saxtalaşdırılmış seçkilərin davamı idi. Sadaladığım ölkələrin hamısında hakimiyyətlər bu addımları ən yaxşı niyyətlərlə atırdılar: özlərini qorumaq məqsədilə. Amma....hər bir ölkədə də nəticə gözlənilənin tam əksinə oldu. Təzyiqlərdən, həbslərdən, zorakılıqdan onsuz da bezmiş xalq bir az da hiddətlənib, nifrət hədəfi olan rejimlərə son qoydu. Siyəsətdə buna "Bumeranq effekti" deyirlər. Bumaranqı atan harın rejimlər, onu geri qaytaran isə əzilməkdən doymuş xalq olur. Bəli, məhz xalq! Sadaladığım üsyanların klassik inqilablardan elə əsas fərqi də budur ki, burada əsas təşkilatçı da, iştirakçı da xalq özüdür. Bütün avtoritar rejimlərin saymadığı, aşağıladığı, əzdiyi və talan etdiyi XALQ. Desəm ki, Azərbaycandakı üsul-idarə və sistem bu ölkələrdəkindən fərqlənmir, yəqin ki, çox da yanılmaram. Əlbəttə ki, fərqlər var deyənlər də tam haqlı olacaq və heç mən də bunu inkar etməyəcəyəm. Amma, məncə, elə bu fərqlərə də diqqət yetirəndə, hətta onların da Azərbaycan hakimiyyətinın xeyrinə olmadığını görərik. Əvvəla, Azərbaycandakı hakimiyyət bu ölkələrin rejimlərindən fərqli olaraq, daha çox marionet rejimdir-Misir, Tunis və Liviya öz siyasətlərində bir tək ABŞ-la hesablaşırdılarsa, Azərbaycan hakimiyyəti bundan savayı Rusiya və İranı da nəzərə almalı olur. Bu ölkələrdəki məmur ordusu da Azərbaycandakı kimi korrupsioner olması ilə yanaşı, Əliyev-Mehdiyev komandasından müqayisəolunmaz dərəcədə savadlı və peşəkar idi. Nəhayət, bu ölkələrdə peşəkar və intizamlı ordu var idi. Amma gördüyümüz kimi, hətta bu amillər belə Bin Əlini, Mübarəki və Qəzzafini xilas etmədi. Liviyanın Azərbaycandan başqa bir fərqi də  o idi ki, bu ölkənin əhalisi əsasən, təminatlı yaşayırdı, sadəcə onlar ölkənin inkişafı naminə ağır ruhi xəstə olan Qəzzafinin 40-illik hakimiyyətinə son qoymaq istəyirdilər. 
İllər boyu Azərbycanda aparılan antixalq siyasəti bu gün öz bəhrəsini verir. Gənclərin 11 Mart aksiyası cəmiyyətin bütün təbəqələrində dəstək tapdı və qısa müddətdə minlərlə tərəfdar topladı. Kimlərdir bu tərəfdarlar? - İllər boyu rüşvətə, korrupsiyaya və haqsızlığa məruz qalan tələbələr; soyulan və əmlakı talanan sahibkarlar; etiqadı və heysiyyatı təhqir olunan dindarlar; mülkləri qarət edilən sadə vətəndaşlar; yoxsulluğa məruz qoyulan tədaüdçülər. Bir sözlə, bütün Azərbaycan insanları. Hakimiyyətsə, bu etirazlara özünəməxsus tərzdə reaksiya verir. O (hakimiyyət), hesab edir ki, birinin 12 yaşlı oğlunun 50-60 milyonluq sərvətə sahib olmaq hüququ var, digərininsə acından ölsə belə səsini çıxarmaq haqqı yoxdur. Birinin ailəsı milyardlarla vəsaitin sahibi ola bilər, çörəyə möhtac qalan digərinınsə yalnız birincinin özünə və atasına mədhiyyə deməkdən başqa haqqı yoxdur. Əcəba, onlara bu haqqı kim verib? Bu sualın bir gün veriləcəyini düşünmürdülərmi? İndi nədən hakimiyyət belə qeyri-adekvat reaksiya verir gənclərin etiraz etmək hüququna? Özü də necə reaksiya...
Azərbaycan hakimiyyətinin son günlər həyata keçirdiyi "profilaktik tədbirlər" özünün qanunsuz mahiyyəti, son dərəcə qeri-peşəkar icraatı və təhrikediciliyi ilə yalnız bir məqsədə xidmət edir-gəncliyi daha da qıcıqlandırmaq və mübarizəyə sövq etmək. Bu da baş verir: hətta xarici Media da hadisələrin məhz bu cür inkişaf etdiyini qeyd edir. Biabırçı şəkildə gənc fəalları həbs edənlər, onlara absurd ittihamlar irəli sürənlər düşünürlərmi nəyə xidmət etdiklərini? Düşünmürlərsə, deyim: İNQİLABA. O zaman belə qənaətə gəlmək olar ki, hakimiyyətin zorakılıq siyasəti birmənalı olaraq məhz inqilaba yol açır. Bu da sizə "inqilabı kim yaradır?" sualının cavabı. Əlbəttə ki, Azərbaycan hakimiyyəti.

Tuesday, March 1, 2011

Hakimiyyətin qanlı antiinqilab planı?

Ərəb ölkələrindəki xalq üsyanlarından qorxuya düşən Azərbaycan hakimiyyətinin təcili olaraq bir neçə bənddən ibarət özünümüdafiə planı hazırlaması barədə məlumatlar sızmaqda davam edir. Planın təfərrüatları tam bəlli olmasa da, artıq əsas fəaliyyət ardıcıllığı məlumdur. Beləliklə, hakimiyyətin məlumatına əsasən xalq etirazlarının əsasən Azərbaycanın qərb bölgəsindən başlanacağı gözlənilir. Məhz bu bölgədəki son dəyişikliklər də buna işarə edir. Azərbaycanın 2-ci şəhəri olan və uzun illərdir Azərbaycan Prezidentinin şəxsi mühafizə rəisi Bəylər Əyyubovun bir qrup ailə üzvünün nəzarətinə verilmiş Gəncədə narazılıqların səviyyəsinin yüksək olması və bu şəhərin üsyankar ənənəsi hakimiyyəti narahat etsə də, hakim dairələr narazılıqları aradan qaldırmaq üçün vaxtın az olduğunu əsas götürərək, bölgədə baş verəcək xalq etirazlarının silahlı güc vasitəsilə yatırılmasına hazırlaşırlar. Sadəcə bir fərq ondadır ki, bu dəfə xalqa qarşı güc amili olaraq təkcə polisin deyil, eyni zamanda, həmin regiona nəzarət edən Bəylər Əyyubov qruplaşmasının sərəncamında olan qanunsuz silahlı dəstələrin də iştirakı planlaşdırılır. Həmin dəstələrin təxminən 2 gizli təlim düşərgəzində yerləşdirildiyi və əsasən İran, İraq və Türkiyədən gətirilmiş xüsusi hazırlıqlı kürd yaraqlılarından təşkil olunduğu bildirilir. Müxtəlif mənbələrdən daxil olan məlumatlara əsasən bu yaraqlıların mütləq əksəriyyəti terrorçu Kürd İşçi Partiyasına (PKK) aid olan və barələrində öz ölkələrində axtarış elan edilmiş şəxslərdir. Qısa müddət ərzində bölgənin 2 mühüm şəhərinə (Gəncə və Daşkəsən) Əyyubov qruplaşmasına aid olan İcra Hakimiyyəti başçılarının təyinatı da belə niyyətlərin olmasına işarədir. Bir sıra xarıcı qaynaqlardan daxil olan bilgilərə əsasən, Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Bakıya son səfəri zamanı Azərbaycan rəhbərliyi ilə yuxarıda göstərilən təlim bazalarının təcili qapadılması, axtarışda olan terrorçuların həbs edilərək Türkiyə dövlət orqanlarına təhvil verilməsi və PKK-nın Azərbaycandakı infrastrukturunun sıradan çıxarılmasını müzakirə etmişdir. Amma, göründüyü kimi, məhz bu səfərdən sonra sürətlə kadr dəyişiklikliyi aparılmış və Azərbaycanın qərb bölgəsində Bəylər Əyyubov qruplaşmasının mövqeləri ciddi şəkildə möhkəmləndirilmişdir. Bu da bildirilir ki, Əyyubovun belə çevik addımlar atmasına WikiLeaks saytının ona işarə ilə yaydığı məlumatlar da səbəb olub (oxuculara xatırladım ki, sayt tərəfindən aşıqlanan həmin məxfi teleqramlarda İrandan keçən narkotrafikə Azərbaycanda kürd əsilli bir generalın rəhbərlik etdiyi bildirilirdi).  O da məlum olub ki, MİT rəhbərinin səfəri zamanı anlaşmanın əldə olunmaması səbəbindən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Işık Koşanerin Bakıya nəzərdə tutulan səfəri təxirə salınıb. Eyni zamanda, Göy-Göl (keçmiş Xanlar) rayonu ərazisindəki hərbi hissədə əsgərlərin kütləvi qətli, bu müəmmalı cinayətin müdafiə naziri Səfər Əbiyevin Əbu Dabi silah yarmarkasında olduğu zaman baş verməsi və bunun da ardınca təcili olaraq Milli Ordunun Şəmkir Korpusunun komandiri Çingiz Şəfiyevin daxili qiyamların yatırılmasına görə Milli Qəhrəman adı almış Rövşən Əkbərovla əvəzlənməsi də bölgə ilə bağlı məkrli və qanlı planların olmasından xəbər verir. Amma bütün bu planda anlaşılmayan bir məqam var: doğrudanmı Azərbaycan rəhbərliyi xalq etirazlarının qarşısını hər ikisi qanunsuz olan yollarla almağa hazırlaşır (Birinci halda, Silahlı Qüvvələrin daxili proseslərə cəlb edilməsinə Azərbaycan Konstitusiyası yol vermirsə, ikinci halda isə söhbət dünya tərəfindən terrorçu təşkilat kimi tanınmış PKK-nın cəlb edilməsindən gedir)? Hadisələrin bu ssenari üzrə inkişafı Azərbaycanda vətəndaş müharıbəsinə gətirib çıxara biləcək qədər təhlükəlidir. Digər tərəfdən isə, Azərbycan rəhbərliyinin bölgədə maraqları olan goesiyasi gücləri Dağlıq Qarabağ uğrunda müharibəyə başlayacağı ilə təhdid etməsi Dağlıq Qarabağ bölgəsinə sülhməramlı qüvvələr adı altlnda xarici hərbi müdaxiləyə rəvac verə bilər. Lakin bu təhlükəli planın bütün bölgədə sabitliyi poza biləcəyini nəzərə alan dünya gücləri pərdə arxasında olsa da artıq əks-fəaliyyətə keçiblər. Görünür "Bizim müstəqil siyasətimiz Azərbaycanın xaricində kimlərisə qane etmir" dedikdə, İlham Əliyev məhz onu bu tipli avantürist planlardan çəkindirmək istəyənləri nəzərdə tutur. Planlar isə doğrudan da çox təhlükəli və qanlı ola bilər.