Monday, November 24, 2014

Etnik nifrət və etnik natamamlıq kompleksi. 2-ci yazı: Milli dövlətçilik

"Etnik nifrət çox iyrənc şeydir, onun ən iyrənc forması isə mənsub olduğun etnosa nifrətdir" (c) Ərəstun Oruclu


Milli dövlətçiliyin formalaşmasında milli kimliyin və milli özünüdərkin rolu (davamı)
Milli dövlətçiliyin və ya müstəqilliyin milli özünüdərk üzərində qurulması səbəbindən o (milli özünüdərk), təkcə dinlər tərəfindən deyil, həm də imperiyalar tərəfindən hədəfə alınırdı və bir çox hallarda hər ikisi bu məsələdə çox səmərəli əməkdaşlıq da qururdu. Bu gün də bu belədir və sovet imperiyası Azərbaycanın tarixini, əlifbasını deyil, həm də millətin adını dəyişməkdə məhz milli özünüdərkdən, sonda isə milli dövlətçilik ideyalarından uzaqlaşdərmaq məqsədi güdürdü. Bu işdə nəzərə çarpacaq uğurlar əldə edən sovet rejimi bu məsələdə özünün potensial opponenti olan dini amansızcasına təqib edir, bütün mümkün olan və olmayan vasitələrlə sıxışdırıb ideoloji mübarizə müstəvisindən çıxarırdı. 1920-1950 illərdə bu təqib total xarakter daşıyırdı və insanlar təkcə milli özünüdərkdən deyil, həm də dini dəyərlərindən uzaqlaşdırılırdı. Kommunist ideoloqları yaxşı anlayırdılar ki, cüzi bir boşluq həm dini, həm də milli düşüncə tərəfindən doldurula bilər və ona görə də bir çox hallarda hər ikisi sinfi mübarizənin düşməni kimi təqdim edilirdi. O da təsadüfi deyil ki, SSRİ-nın dağılması ərəfəsində hər iki düşüncə yaranan siyasi-ideoloji boşluğu sürətlə doldurmağa başladı. Bu baxımdan onilliklər boyu milli dövlətçilikdən məhrum edilmiş xalqların milli-azadlıq mübarizəsinin başlanğıcında millətçiliyi əsas ideoloji xətt kimi seçməsi də təsadüfi deyildi. Millətçilik, milli köklərə və milli özünüdərkə dönüş milli-azadlıq mübarizəsində uğura aparan ən qısa və ən uğurlu yol idi. Belə də oldu. Millətçi ideologiya ilə silahlanan azadlıq mübarizələri bəzən ifrat millətçiliyə yuvarlanır, bəzən isə digər millətlərin aşırı şovinist düşüncəsi ilə qarşılaşırdı. Azərbaycan da sonunculardan biri oldu.     
Müasir siyasi və hüquqi kontekstdə milli və etnik mənsubiyyətlər fərqli mahiyyət daşıyır: milli mənsubiyyət dedikdə bu gün daha çox vətəndaşlıq nəzərdə tutulur, etnik mənsubiyyət isə tamamilə fərqi bir kateqoriya hesab edilir. 
Siyasi baxışlar ictimai-siyasi fəaliyyətin bazis prinsiplərini təşkil edir və onlar heç bir halda etnik mənsubiyyətlə qarşı-qarşıya qoyula bilməz. Bütün dinlər milli kimliyə qarşı olub və bu gün də ona qarşıdır. "Dini kimlik" anlayışı da milli kimliyə alternativ kimi süni yaradılmışdır və burda da məqsəd etnik kimliyi onunla əvəzləməkdən ibarətdir. Dini mənsubiyyət kimliyi formalaşdıra bilməz, çünki din dəyərlər sistemidir, milli kimlik isə hətta marksist kontekstdə də soy-kök və etnik bağlılıq üzərində qurulur. Bu mənada ən maraqlı nümunə kimi İsrail dövləti yarananda (elə bu gün də) dinin ona qarşı ən barışmaz münasibət sərgiləməsini misal gətirmək olar. Xeyr, söhbət İslamdan yox, yəhudilərin milli dini olan İudaizmdən gedir (təbii ki, İudaimizmi şərti olaraq belə adlandırmaq olar, amma bu da faktdır ki, İudaizmi qəbul edən şəxs yəhudi sayılır). Hindistan dini baxımdan ən rəngarəng ölkədir, amma bu ölkədə İslama, Xristianlığa, Buddizmə və ya Hinduizmə mənsub olmaq etnik baxımdan hindli olmağa qarşı getmir (və ya gedə bilmir). Hindistanda da azadlıq hərəkatı heç də dini deyil, məhz milli zəmində başlandı və qalib gəldi, yəni milli-azadlıq mübarizəsinin tiik nümunəsi oldu. 
Ötən yazıda qeyd etdiyim kimi dini mənsubiyyətin önə çəkilməsi, siyasi baxışlara müvafiq çalarların verilməsi, aşırı millətçiliyin təbliği və psevdomillətçilik mahiyyət etibarilə milli özünüdərkə qarşı istifadə edilir və bunun da konkret səbəb və hədəfləri var. Dini baxışlarla milli özünüdərkin toqquş(durul)masının səbəblərinə yuxarıda nəzər saldıq. Siyasi baxışlar (siyasi əqidə) heç bir halda milli təfəkkürlə nə eyniləşdirilə, nə də onunla təzad təşkil edə bilməz. Mühafizəkar, sosialist və ya liberal siyasi baxışları olmaq fransız, italyan, rus və ya azərbaycanlı olmağa qarşı deyil və ola da bilməz. Çünki bunlar tamailə ayrı-ayrı kateqoriyalardır. Məncə burda sadə bir arqument kifayətdir ki, bu gün liberal, sabah baxışlarını dəyişib sosialist olmaq mümkündür, amma bu gün ingilis olaraq, sabah fransıza çevrilmək qeyri-mümkündür. Azərbaycanda müasir siyasi cərəyanlara (baxışlara) mənsub olmağı "milli mentalitetə" qarşı təqdim etmək kimi absurd bir praktikadan tez-tez istifadə edilir. Səbəbləri bəllidir: əvvəla, insanları ümumiyyətlə siyasi bilgilərdən və siyasi baxışlardan çəkindirmək, ikincisi də, bütün avtoritar və totalitar rejimlərin populyar platforması olan millətçiliyi (daha doğrusu, psevdomillətçiliyi) önə çəkmək. Diqqət yetirsək görərik ki, bizim ölkədə özünü millətçi təqdim edənlərin mütləq əksəriyyəti (eynilə dini kəsimdə olduğu kimi) hakimiyyətə daha loyaldır, nəinki ona sivil opponentlik edənlərə. Halbuki, ilk baxışdan mövcud hakimiyyət bir çox səbəblərdən məhz özünü millətçi kimi təqdim edənlərin hədəfinə tüş gəlməli idi. Burda mən əsla hakimiyyətin etnik və ya başqa tərkibini nəzərdə tutmuram, söhbət konkret olaraq onun apardığı siyasətdən gedir. Məncə bu loyallığın səbəbləri üzərində də xüsusi dayanmağa ehtiyac yoxdur. Digər tərəfdən, hakimiyyət tez-tez özünü milli maraqların yeganə müdafiəçisi kimi təqdim edərək, milli mövzunu istismar edir. Təəssüf ki, əksər hallarda hər iki qrup cəmiyyətin müəyyən kəsiminin həssas nöqtələrinə toxuna bilir. Daha doğrusu, bu hissləri tez-tez "alışdırıb-söndürməklə" onların kütləşməsinə çalışır. Bunun da səbəbləri aydındır - hüquqların pozulduğu, azadlıqların alındığı, mülkiyyətin talandığı bir ölkədə milli-azadlıq ideyaları hüquq və azadlıqlar uğrunda mübarizə üçün ən optimal platforma ola bilər.  Belə olan şəraitdə də milli-azadlıq hərəkatının ikinci mərhələsini - hüquq və azadlıqlar uğrunda mübarizəni təsəvvür etmək belə çətidir. Hərəkatın növbəti mərhələsi olaraq bu mübarizə də yalnız milli özünüdərkin önə çıxdığı bir şəraitdə mümkündür. Məhz bunun qarşısını almaq üçün həm xarici, həm də daxili maraq dairələri milli düşüncəni bütün mümkün vasitə və üsullarla gözdən salmağa çalışır və bu istiqamətdə müəyyən uğurlar da nail olublar. Əgər bu gün Azərbaycan insanı öz vətəndaşlığı ilə qürur duya bilmirsə, hakimiyyətin siyasətindəki bütün eybəcərlikləri az qala milli düşüncənin və milli ənənələrin məhsulu kimi qəbul edirsə, nəhayət, milli mənsubiyyətinə görə utanırsa, deməli hakimiyyət və onun "millətçi" satellitləri xeyli uğura imza ata biliblər. Hakimiyyətin və onun xarici havadarlarının da məqsədi elə bundan ibarət idi. Bu isə o deməkdir ki, sosial yönümlü, mühafizəkar və ya liberal siyasi modelindən asılı olmayaraq, qanunun aliliyinin təmin olunduğu, vətəndaş hüquq və azadlıqlarının qorunduğu demokratik dövlət uğrunda mübarizə milli özünüdərkin üzərində qurulmalıdır. 

Sunday, November 23, 2014

Etnik nifrət və etnik natamamlıq kompleksi. 2-ci yazı: Milli dövlətçilik

"Etnik nifrət çox iyrənc şeydir, onun ən iyrənc forması isə mənsub olduğun etnosa nifrətdir" (c) Ərəstun Oruclu


Milli dövlətçiliyin formalaşmasında milli kimliyin və milli özünüdərkin rolu

Xatırlayırsınızsa, bu mövzuda birinci yazımı Əkrəm Əylislinin "Daş yuxuları"na həsr eləmişdim. Həmin vaxtdan keçən ilyarım ərzində dəfələrlə mövzuya təkrar müraciət etmək istəsəm də, hər dəfə başqa işlər bu fikirdən yayındırdı. Nəhayət, dünən noyabrın 22-də böyük bəstəkarımız Fikrət Əmirovun doğum günü bu yazıya stimul verdi. Amma bu dəfə bu mövzuda məsələnin bir sıra tarixi-praktiki və nəzəri aspektlərinə də toxunacağıq. 
Beləliklə, 19-cu əsrin ikinci yarısı və 20-ci əsrin birinci yarısı tarixdə daha çox milli dövlətçilik ənənələrinin formalaşması və bu yolda (və ya bu məqsədlə) milli kimliyin önə çıxması ilə yadda qaldı. Milli dövlətlərin sərhədlərinin müəyyənləşməsi, bu yolda aparılan qanlı savaşlar, kolonial xalqların milli-azadlıq mübarizəsi fonunda imperializmin süqutuna gətirən üsyanlar və nəhayət, nasional-sosialistlərin milli imperiya yaratmaq uğrunda aprdığı qanlı savaşın uğursuz sonluğu. Napoleon Bonapartdan başlayan və kilsənin dominantlığının (dini birliyin) pozulmasına gətirən tarixi mərhələnin bünövrəsi əslində 16-cı əsrin birinci yarısında Roma Katolik Kilsəsini islahata çağıran alman ilahiyyatçısı Martin Lüterin nəzəri və praktiki çalışmalarından qoyulmuşdu. Martin Lüter Vatikanın vahid Avropa xristian birliyini pozmağa, katolik kilsəsinin "iki addımlığında" yeni reformist cərəyanın meydana gəlməsinə nail olmuşdu. Bu məqsədlə o, hətta Vatikanın əsas qadağalarından biri olan Bibliyanın tərcüməsinə də əl ataraq, onu alman dilinə çevirmişdi. Sonralar bu cərəyanın adı "protestantizm" və ya "lüteranlıq" olacaqdı və Vatikanın hakimiyyətini Lüteri lənətləyib kilsədən uzaqlaşdırmaqdan tutmuş iki mərhələdə inkvizisyaya əl atması və hətta "Varfolomey gecəsi" adı ilə tarixə düşən dəhşətli qətliamı törətməsi belə xilas edə bilməyəcəkdi. Lüteranlıq isə daha çox milli cərəyan olaraq German tayfaları arasında yayılaraq gələcək vahid alman dövlətinin təməlini qoyacaqdı. Əlbəttə ki, bu proses mərhələli olaraq gedəcək və həm Prussiya kralı II Fridrixin, həm də Bismarkın siyasəti də əslində məhz vahid milli kökə malik olan pərakəndə tayfalardan vahid milli dövlət qurmaqdan ibarət olacaqdı. Bismark bu yolda daha uğurlu oldu və şübhəsiz ki, bütün tarixi kataklizmlərdən, ağrılı, itkili savaşlardan keçməsinə rəğmən dinamik sürətlə inkişaf edən alman dövlətinin təməli milli ideya ətrafında yaradılan milli dövlətdən başlandı. Bu da təbiidir, çünki milli ruh (mədəniyyət, ədəbiyyat və s.) milli özünüdərkin təməlini qoymuş olur, milli özünüdərk də milli dövlətçiliyin formalaşmasında, güclənməsində həlledici rol oynayır. 
Amma milli özünüdərkin qarşısında əsas maneələr təkcə dinin milli kimliyi əvəzləməsi cəhdlərilə kifayətlənmir. Onun (milli özünüdərkin) formalaşmasının qarşısını almağa yönələn metodlar və amillər təsəvvür elədiyimizdən daha zəngin və daha rəngarəngdir, həm də onların bir hissəsi süni olaraq milli mənsubiyyətə və milli özünüdərkə qarşı qoyulur. Gördüyümüz kimi, bu barədə xeyli ətraflı yazmaq lazım gələcək. Odur ki, bu yazıda hələlik onlardan daha geniş tətbiq edilənlərini sadalamaqla kifayətlənək:
-   Müxtəlif siyasi baxışlar (məsələn, solçuluğun və ya liberalizmin milli dövlətçilik ideyasına qarşı qoyulması;
- Milli özünüdərkin milli ayrı-seçkilik kimi təqdim edilməsi;
- Aşırı millətçilik və şovinizm;
- Psevdomillətçilik yaymaqla milli kimliyin və milli mənsubiyyətin utanc mənbəyinə çevrilməsi;
və s.
(davamı var)

Thursday, September 18, 2014

Görünən kimin "qulaqlarıdır"?

Bir qədər əvvəl Bakıda saxlanılan və sonra prokurorluqda dindirilən ABŞ vətəndaşı Səid Nuri Turan agentliyinə bunları bildirib:
“Mənə MKİ ilə ehtimal olunan əlaqələrim haqqında absurd suallar verirdilər. Məndən Stenli Makkristal, Devid Petreus və digər yüksək səviyyəli hərbiçilərlə şəxsən tanış olduğumu, guya onların mənə təlimat verdiyini etiraf etməyimi tələb ediblər. Başa düşdüm ki, məni həbs etmək və Qərb və yerli QHT-lərin Azərbaycan hakimiyyətinə qarşı əsli olmayan sövdələşmənin iştirakçısı kimi təqdim etmək istəyirlər”, 
Səid Nurinin dediklərinə zərrə qədər də şübhəm yoxdur, çünki vaxtilə belə bir presedent hələ 2005-ci ildə dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunan nazirlərdən biri ilə bağlı da olmuşdu. O zaman müstəntiqlər sabiq nazirdən ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayta qarşı ifadə istəyərək, həbsdə olan nazirdən Olbraytın onu inqilaba sövq etməsi barədə ifadə istəmişdilər. Sanki nazır bunu "etiraf eləsəydi", Olbraytı tutub gətirib içəri salacaqdılar. Olbraytla bağlı anlamaq olardı, çünki o, dünyanın ən tanınan siyasətçilərindən biridir və mümkündür ki, Azərbaycan müstəntiqləri onun adına hardasa rast gəliblər, hərçənd ki, müstəntiqin belə bir cəhdi onun şəxsi təşəbbüsünün məhsulu olardısa, işin onun üçün nə ilə bitəcəyini təsəvvür eləmək çətin deyil. Başqa sözlərlə, o zaman müstəntiq siyasi sifarişi yerinə yetirmişdi, amma sifarişçilərinin istəyini yerinə yetirməyə müvəffəq olmamışdı. Amma Pentaqon generallarına gəlincə, situasiya bir qədər fərqli, daha doğrusu, bir qədər daha aydın görünür. Belə ki, Azərbaycan istintaqına ABŞ-ın adlı-sanlı generalları Devid Petreus və Stenli Makkristal haqda hansısa məlumatların lazım olması xeyli şübhəli görünür. Bir də ki, kiçik bir ölkənin prokurorluğunun istintaqının bu ranqda ABŞ hərbçilərilə maraqlanmasının və ya onlara qarşı ifadə almaq cəhdinin arxasında başqa mətləblər dayana bilər. Əvvəla, dünyadan xəbəri olmaları xeyli suallar doğuran prokurorluq müstəntiqlərinin bu adları bilməsi belə şübhəli görünür, nəinki onların fəaliyyətilə maraqlanması, ikincisi, Olbrayt məsələsində olduğu kimi, burda da Səid Nuridən onlara qarşı ifadə ala bilmək belə heç nə demək deyil. Bircə şeydən savayı, əlbəttə. Olbrayt məsələsində olduğu kimi, burda da Azərbaycan istintaqının "maraqlı sualları" ABŞ administrasiyasına çatır və ikitərəfli münasibətlərə öz təsirini göstərir. Bu təsirin necə olacağını isə ehtimal etmək bir o qədər də çətin deyil. Bu dəfəki halda Olbrayt məsələsindən fərqli daha bir detal diqqət çəkir: istintaqın ABŞ rəsmisi ilə bağlı məqsədli sualları haqda məlumat cəmiyyətə agentura vasitəsilə "sızdırılmır", birbaşa ABŞ vətəndaşına ünvanlandığından sonradan mətbuata çıxır. Hələliksə aydın olmayan bircə sualdır ki, bu rəsmi Bakının artıq xarici siyasət kursunu müəyyənləşdirməsinin anonsudur, yoxsa Pentaqon generalları ilə bağlı Azərbaycan prokurorluğunun suallarının arxasından görünən hansısa xarici dövlətin kəşfiyyat orqanlarının "qulaqlarıdır"? Bəlkə də elə hər ikisi, kim bilir...

Sunday, June 8, 2014

4 iyun həqiqətləri. 4-cü yazı: Qazandıqlarımız və itirdiklərimiz

"Dövlətə qarşı silah qaldıran istənilən insan onun düşməninə çevrilir, düşmən isə məhv edilməlidir!" 
AXC iqtidarı dövlətçilik fəlsəfəsinin bu sadə həqiqətini ya bilmədiyindən, ya da onu reallaşdıra bilmədiyindən 1993-cü ilin iyununda baş verən çevriliş nəticəsində Azərbaycan dəhşətli fəlakətlər yaşamalı oldu və bu gün də yaşamaqdadır. 21 ildir ki, məhz həmin qiyamın ardınca və onun nəticəsi olaraq işğal olunmuş 5 rayon hələ də danışıqlarda müzakirə (mübadilə) predmetidir. Bu rayonların əhalisi isə öz torpağında qaçqına çevrilərək, hər cür maddi, mənəvi və psixoloji işgəncələrə məruz qalmaqdadır. Cəsarətsiz və qətiyyətsiz siyasətin nəticəsində 1-illik fasilədən sonra 20 il (1969-cu ildən) xalqı rəzil edən rüşvətxorluq, korrupsiya, tayfabazlıq, regionçuluq, saxtakarlıq və şər əl-ələ verib hakimiyyətə qayıtdı. Amma bu dəfə yeni enerji ilə, yeni motivlərlə və yeni situasiyada. Ən böyük fəlakət isə bu oldu ki, Azərbaycan insanı sındırıldı, o məğlub insana çevrildi, ölkəsinin, torpağının, hüququnun, işinin, evinin sahibi olmaqdan məhrum edildi. Azərbaycan insanının azadlığa, demokratiyaya, müstəqilliyə olan inamı və ümidi puç oldu. Vətəndaşları ilə birlikdə ölkə oğurluğun, talançılığın, soyğunçuluğun hədəfinə çevrildi. Azərbaycanlıların ləyaqəti addımbaşı alçaldıldı. Lakin bütün bu "prinsiplərə" söykənən idarəçilik modeli isə özünü qorumağın bütün mümkün variantlarına əl ətdı. Hakimiyyətə gələn Heydər Əliyev əvvəlcə qiyamçıları parçalayaraq təklədi, sonra isə bir-bir məhv elədi. Bəzilərini mənəvi, bəzilərini isə hətta fiziki. Yaxşı yadımdadır, Baş nazir Surət Hüseynov "Talış-Muğan Respublikasına" rəsmi səfərə getmişdi və "TMR" "prezidenti" Ələkrəm Hümmətov onu "TMR"-nin himni, dövlət bayrağı və öz fəxri qarovulu ilə qarşılayırdı. Yetərincə gülməli səhnə idi, amma televiziyada bunu görəndə bu insanlara yazığım da gəldi. Ona görə ki, onlar düşdükləri oyunun girovuna çevrilmişdilər və bu girovluqdan çıxa bilmirdilər. Ona görə ki, onlar qarşılarındakı adamın mərkli təcrübəsindən xəbərsiz idilər. Ona görə ki, onların necə amansızcasına məhv ediləcəyini artıq yaxşı təsəvvür edirdim. Amma bir həqiqəti də etiraf edim: Heydər Əliyevi heç zaman sevməmişəm, sevə də bilməzdim, çünki onun hakimiyyətə necə və niyə gəldiyini çox yaxşı bilirdim. Amma bu da həqiqətdir ki, dövlət bu dəstənin əlinə düşsəydi, hələ bilmirəm indi o ümumiyyətlə mövcud idi ya yox!? İndi bu sual tez-tez verilir: Qiyamın qarşısını almaq olardımı? Bu suala qısaca "Hə" deyirəm, amma detallara varmaq istəmirəm və varmayacağam da. Çünki bunu deyəcək və deməyə borclu olan məndən qat-qat səlahiyyətli insanlar var. 
Dövlətin marağı istənilən qiyamın yatırılmasını tələb edir. Bu gün Ukraynada olduğu kimi... !993-cü ildə Rusiyada olduğu kimi.... Nəhayət, Heydər Əliyevin 1994-cü ildə etdiyi kimi. Lakin 1993-cü ildə bu edilmədi. Bəlkə də ona görə ki, bunun üçün qətiyyət və cəsarət yetərincə olmadı. Amma ən azı bu tarixi dövrlə bağlı həqiqətləri demək üçünsə 1993-cü ildəki qədər cəsarət tələb olunmurdu və bu gün də tələb olunmur. Lakin bu da edilmədi və bəlkə də elə buna görədir ki, 1993-cü ilin iyununun kabusu hakimiyyətdən gedənlərin başı üzərində əbədi dolaşmaqda davam elədi. Bəlkə də elə buna görə bütün bu gün yaşadıqlarımız 21 ildir davam edir. Bəlkə elə buna görə də 1993-cü ildə iqtidardan gedən AXC hakimiyyəti yüksək ehtimalla bir daha heç zaman hakimiyyətə qayıda bilməyəcək. Bəlkə elə buna görə də Azərbaycanın milli-azadlıq hərəkatının önündə gedən, onun ərazi bütovlüyü uğrunda minlərlə qurbanlar verən, əlini bir qəpik haram pula toxundurmadan həyatını, varlığını, enerjisini verərək milli dövlətini qurmaq istəyən bir fədakar nəsil artıq yoxdur. Mən də o nəslin və o hakimiyyətin nümayəndəsi olmuşam və 1993-cü ilin iyununda baş verənlərə görə sizlərdən üzr istəyirəm! Çünki mənim gələcək nəsillər üçün, o nəsillərin nümayəndələri olan övladlarım üçün qurmaq istədiyim və qurmalı olduğum müstəqil dövlət indi onların "yaşadığı" Aərbaycan deyildi...

Friday, June 6, 2014

4 iyun həqiqətləri. 3-cü yazı: Qiyam

Nəhayət, bu baş verdi və qiyamın ilk saatlarında, belə hadisələrdə hər zaman olduğu kimi, ən müxtəlif şaiyələr dolaşırdı. Amma axşama yaxın mənzərə xeyli aydınlaşmışdı və artıq bəlli olan detallar ortada idi. Bu detallar isə heç də ürəkaçan deyildi. Hakimiyyətin bir qrup yüksək rəsmisi Gəncədə Surət Hüseynovun qiyamçılarına görov düşmüşdü, Prezident Qvardiyasının başda komandir Tahir Məmmədov olmaqla xeyli hərbçisi qətlə yetirilmişdi. MTN-nin Gəncə şöbəsinin binası zəbt olunmuş və həmin anda orada olan nazirin 1-cü müavini Sülhəddin Əkbərov, Baş prokuror İxtiyar Şirinov və MTN-nin xüsusi təyinatlı dəstəsinin üzvləri girov götürülmüşdü. Hakimiyyət susurdu, dağıdıcı şaiyələr isə yayılmaqda davam edirdi. Qiyamın arxasınca parlamentin bir qrup deputatı Məclisin təcili sessiyasını çağırmağı tələb edirdi. Gəncədə Surət Hüseynova qarşı əməliyyatın uğursuz keçirilməsi və bu əməliyyata Baş Nazir Pənah Hüseynovun Daxili İşlər naziri Abdulla Allahverdiyevin kabinetindən birbaşa rəhbərlik etdiyi danışılırdı. Bir qədər sonra hədəfdə olan və baş verənlərdə adı ən çox hallanan Pənah Hüseynovun istefası xəbəri yayıldı və bu sarsıdıcı effekt doğurmaya bilməzdi. Hakimiyyət düşərgəsində xaos və xof saatbasaat dərinləşirdi... 
Milli Məclisin toplantısı köhnə "qvardiyadan" olan bir qrup deputatın fəal hücumu ilə başladı, amma ən çox fəallıq göstərən və ən ağır ittihamlar yağdıran isə AMİP sədri Etibar Məmmədov idi. Hədəfdə olan isə təbii ki, parlamentin sədri İsa Qəmbər idi. Məsələ burasındadır ki, o zaman mövcud olan qanunvericiliyə əsasən parlamentin spikeri dövlətin ikinci şəxsi sayılırdı və buna zərurət yarandıqda prezidenti məhz o, əvəzləyə bilərdi. Deməli qiyamın siyasi komponenti düzgün sxem üzrə inkişaf edirdi, çünki hakimiyyətə yol parlament spikerinin kürsüsündən keçirdi. Hakimiyyət uğrunda canfəşanlıq edənlər arasında iki qrup aydın sezilirdi - Heydər Əliyevin (YAP) və Etibar Məmmədovun (AMİP) qrupları. Maraqlı burası idi ki, hər iki qrup eyni zamanda Gəncədə də təmsil olunmuşdu. Qiyamçıların Gəncə İcra Hakimiyyəti qarşısında təşkil etdiyi mitinqlərdə ən çox və ən radikal çıxışları Heydər Əliyevin "elçisi" Nemət Pənahlı və Etibar Məmmədovun Gəncədəki təmsilçisi, deputat Şadman Hüseynov edirdilər. Parlamentdə revanş götürənlər isə prezident Elçibəyin gəlməsini tələb edir və İsa Qəmbəri fasiləsiz ittihamlar atəşinə tuturdular. Prezident parlamentə gələcəkdi hələ, amma bu dönəmdə parlament spikeri faktiki olaraq meydanda tək qalmışdı (və ya tək buraxılmışdı). Digər bir hakimiyyət rəsmisi, 27 yaşlı dövlət katibi (o zamanlar prezident administrasiyasının rəhbəri postu belə adlanırdı) Əli Kərimovun çıxışı ilkin mərhələdə həm Gəncədəki qiyamçılar, həm də onların Bakıdakı silahdaşları arasında çaşqınlıq yaratdı. Bu çıxışda rəsmi səviyyədə ilk dəfə baş verənlər "hərbi qiyam" adlandırıldı və qiyamçılara amnistiya təklif olundu. Lakin hakimiyyət nümayəndələrinin pərakəndəliyi və parlamentdə təmsil olunan AXC üzvü deputatların bir hissəsinin çaşqınlığı bu təklifin dəstəklənərək parlamentin qərarına çevrilməsinə imkan vermədi. Məğlubiyyət ab-havası artıq hakimiyyətin ən yüksək pillələrinə də çökmüşdü. Gəncədəki qiyamçılar prezident Elçibəyin, onların Bakıdakı silahdaşları isə İsa Qəmbərin istefasını tələb edirdi.
Bu yerdə ən maraqlı bəyanat isə Naxçıvandan gəldi - Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəyi dəstəklədiyini bildirirdi.
Bunun arxasınca Heydər Əliyev Bakıya dəvət olunacaqdı, əsasən onun adamlarından təşkil olunmuş parlament komissiyası Gəncəyə səfər edib, məsələni "araşdırıb", baş verənlərdə Elçibəy hakimiyyətini günahlandıracağdı, separatist Ələkrəm Hümmətov qiyamçılara qoşularaq "Talış-Muğan Respublikasını" (TMR) elan edəcəkdi. Bunların hamısı hələ irəlidə idi. Amma hakimiyyətin gələcək sahibi artıq Bakıya gəlmişdi və Naxçıvandakından fərqli olaraq, o, parlamentdəki qısa çıxışında baş verənlərə münasibət bildirməkdən imtina edərək, Gəncəyə getnəli və oradakı vəziyyəti yerində öyrənməli olduğunu bildirdi. Belə də oldu. Lakin Gəncədən qayıdan Heydər Əliyev parlamentdə çıxışa deyil, prezident Elçibəylə görüşə hazırlaşırdı. Bu görüş saat 14.00-ə planlaşdırılmışdı. 
Saat 11 radələrində yüksək vəzifəli rəislərimdən birindən zəng gəldi. Həmin yüksək vəzifəli rəisim məni çağırdı və mən qapını döyüb kabinetə daxil olanda yanındakı digər bir yüksək rütbəli zabitlə belə bir söhbətlərinin şahidi oldum:
- ... müəllim, bu gecə Bill Klinton açıq kanalla səfir Riçard Maylsa zəng edərək onu Heydər Əliyevlə görüşdüyünə görə sərt şəkildə danlayıb və deyib ki, Heydər Əliyev rəsmi şəxs deyil və səfirin görüşməsi ABŞ-ın ona dəstəyi kimi qəbul edilə bilər.
- Açıq kanalla niyə zəng edirdi ki?
- Yəqin istəyib ki, biz danışığı tutub dövlət rəhbərliyinə ABŞ-ın mövqeyini çatdıraq.
- ...., yaxşı bəsdir, hər halda bu əməliyyat sirridir və işçimiz də olsa, Ərəstuna dəxli yoxdur bunun."
Anladım ki, bunu təsadüfən danışmadılar mənim yanımda və məqsəd o idi ki, bu məlumat təcili ünvanına çatdırılsın. Bundan sonra, məni çağıran həmin rəis nəsə mənasız bir tapşırıq verdi və mən iş yerimdən çıxıb yollandım Prezident aparatına doğru. Yol boyu isə bu məlumatla bağlı bütün mümkün variantları təhlil etməyə çalışırdım. Beləcə prezident aparatına yetişib, məlumatı ünvanına çatdırdım və həmin şəxs də elə burdaca prezidentlə əlaqə saxlayıb görüş istədi. O, görüşə, mən isə öz iş yerimə yollandım. Düşünməkdə davam edirdim və getdikcə də suallar artırdı. Bu telefon söhbətindən görünürdü ki, amerikalılar Heydər Əliyevin hakimiyyətə gəlməsini istəmirlər. Bəs o zaman niyə bunu birbaşa prezidentə demirlər? Belə suallar çox idi, amma cavabları yalnız ehtimal etmək olardı. Nəhayət bütün bu düşüncələrə son qoyub, işlərimin arxasınca yollandım. Əlimdə maraqlı məlumatlar vardı və onlardan birini detalları ilə araşdırmalı idim. Qiyamçı Ələkrəm Hümmətovun ələ keçirdiyi xeyli sayda zirehli texnikanın akkumulyatorları olmadığından, onları Badamdardakı hərbi hissədən Lənkərana yollamağa hazırlaşırdılar...
Digər bir məlumat isə bu idi ki, parlamentdə İsa Qəmbərin kabinetində 5 AXC rəsmisi arasında ciddi müzakirələr olmuşdu. Belə ki, bu şəxslərdən biri təkidlə parlament spikerinin istefa verməli olduğunu tələb edərək, əks-halda İsa Qəmbərin tökülmüş qana görə məsuliyyət daşıyacağını iddia eləmişdi. Hər şey aydın idi - Heydər Əliyevin hakimiyyətə gətirilməsi planı var gücü ilə işə düşmüşdü. 
Səhərisi gün toplaşan parlament istefaya gedən İsa Qəmbərin yerinə Heydər Əliyevi seçdi...
Bir gün sonra isə Əbülfəz Elçibəy Kələkiyə yollandı. Səmimi və bəzən sadəlövh cəbhəçilər bunu hələ aylar boyu "böyük siyasi gediş" adlandıraraq, özünə təskinlik verəcək, Bəyin ən yaxın günlərdə getdiyi kimi də qəflətən Bakıya dönəcəyini deyirdilər. İkinci ilə razılaşmamaq mümkün deyildi, sadəcə kiçik bir düzəlişlə - bu 1997-ci ilin sonunda, Əbülfəz Elçibəyin səlahiyyət müddəti başa çatandan sonra olacaqdı. Hələliksə, qiyamın bu mərhələsi yekunlaşmaq üzrə idi. Növbəti mərhələlərə (və ya buna cəhdlərə) keçmək üçün. Bir qədər daha sonra Surət Hüseynov Baş nazir təyin olunacaqdı. Prezident səlahiyyətlərini götürən Heydər Əliyev isə Əbülfəz Elçibəyə etimadsızlığa dair referendum, oktyabr ayında isə prezident seçkisi təşkil edib, öz  statusunu rəsmiləşdirəcəkdi. Amma bundan əvvəl o, Ələkrəm Hümmətovu və onun qondarma TMR-nı cəmi bir neçə saata darmadağın edib, qoyamçı ilə necə davranmaq lazım olduğunun nümunəsini göstərəcəkdi...
Qiyam zamanı atəşkəsin pozulması nəticəsində isə Azərbaycan yeni-yeni ərazilər itirəcək, minlərlə insan həlak olacaq, minlərlə itkin düşəcək, yüz minlərlə isə məcburi köçkünə çevriləcəkdi.
Bəli, bu bütün əlamətlərilə əsl qiyam idi və bu qiyam fonunda baş verənlərin təhlili göstərirdi ki, üzdə olan qiyamçılar çox böyük oyunun kiçik marionetləri idi. Bu da təbiidir. Amma böyük sifarişçilər başqa böyük işlər də görürdülər. Məsələn, 4 iyun qiyamından sonra atəşkəsin pozulması həmin böyük oyunçular üçün yeni imkanlar da yaratmışdı. Həmin dövrdə Azərbaycandan bir neçə qırıcı və bombardmançı təyyarənin qaçırılması da baş verməli idi (digər bir ölkəyə satmaq üçün). Belə bir əməliyyatın həyata keçirilməsində bu təyyarələrin guya Qarabağ səmasında vurulması barədə informasiya təminatını həyata keçirməli olan məmurlar, təyyarələri idarə etməli olan pilotlar, onların uçuşuna təminat yaradan digərləri həmin o görünməyən daha böyük şəbəkənin üzvləri (və ya agentləri) olmalı idilər. Əks-halda, bu miqyasda əməliyyatı həyata keçirmək mümkün olmazdı. Xoşbəxtlikdən olmadı da. Bu haqda ayrıca yazım da olacaq. Bir qədər sonra...
Bu gün bu hadisələrin üstündən 21 il keçdiyindən, bəzən qiyamçıları az qala qəhrəman kimi təqdim etmək cəhdləri də nəzərə çarpır. Amma fakt ortadadır - 1993-cü ilin iyununda Azərbaycanda hərbi qiyam baş verdi.

4 iyun həqiqətləri. 2-ci yazı: Azərbaycan hərbi qiyam ərəfəsində.

AXC hakimiyyətinin devrilməsinə hazırlıq bir neçə cəbhədə və bir neçə müstəvidə gedirdi. 
Rusiya əsasən Azərbaycana hərbi uğursuzluqlar təşkil edir, ölkəni tərk etməyə hazırlaşan Rusiya qoşunları silah-sursatı Azərbaycan hakimiyyətinə təhvil verməklə yanaşı, həm də özünə loyal siyasiləşmiş hərbi qrupları silahlandırırdı. Ölkə ərazisindəki Rusiya casus şəbəkəsinin fəallığı da gündən-günə artırdı. Bir tərəfdən Rusiya xəfiyyələri Ayaz Mütəllibovu hakimiyyətə qaytarmağı hədəfləyən qrupları dəstəkləyirdisə, digər tərəfdən də Rusiya Silahlı Qüvvələri Baş Qərərgahının Baş Kəşfiyyat İdarəsi (ГРУ) Azərbaycan Ordusunda pozuculuq, təxribat və diversiya fəaliyyətini genişləndirirdi. Azərbaycanın Müdafiə Nazirliyi faktiki olaraq ölkənin siyasi rəhbərliyinə tabe olmurdu və bu da Elçibəy hakimiyyətinin nüfuzunu (o cümlədən, beynəlxalq nüfuzunu) sürətlə aşağı salırdı. Ölkədə xaos yaranması təhlükəsi artırdı. Bundan başqa, bir sıra siyasi partiyalar da müəmmalı yollarla əldə etdikləri vəsaitlər hesabına silahlı birləşmələr təşkil etmişdi. Belə silahlı birləşmələr adətən döyüş bölgələrində deyil, Bakı ətrafında (məsələn, Biləcəridə) yerləşdirilir və yalnız həmin siyasi müxalifət liderlərinə tabe olurdu. Digər tərəfdən də "Hərbi birlik" adlı zabitlər qrupunun fəallığı artır, bu birlik artıq siyasi bəyanatlar səsləndirirdi. Hakimiyyətin qətiyyətli addımlar atmaması bu cür zərərli təşəbbüsləri daha da ruhlandırır və separatçı mövqedən çıxış edən hərbi-siyasi qrupların təhlükə dolu nümunəsi Milli Ordu sıralarına da nüfuz edirdi. Belə təşəbbüslərdən birinin durmadan artan fəallığı xüsusilə nəzərə çarpırdı. "De-facto" korpus komandiri, polkovnik Surət Hüseynovun ətrafına toplaşmış kriminal və yarımkriminal qruplarda "Azərbaycanın gələcək prezidenti" haqda təbliğat xarakterli məlumatlar dövriyyəyə buraxılır, hətta bir sıra el şənliklərində bu şərəfə tostlar səsləndirilir, badələr qaldırılırdı. Elçibəy hakimiyyəti susur, cəzasızlıq isə yeni-yeni özbaşınalıqlar doğururdu...
Azərbaycanın müstəqilliyini ilk gündən aqressiv qarşılayan digər bir qonşu dövlər - İran da pozuculuq fəaliyyətini gücləndirir, bu ölkənin kəşfiyyat orqanları bir neçə istiqamətdə aktivlik göstərirdi. İran xəfiyyələri orduya nüfuz edir, dini dəyərlərin təbliği adı altında sərbəst olaraq məsçidlərdə antiazərbaycan təbliğatı aparır, qurduqları casus şəbəkəsinin vasitəsilə Elmlər Akademiyasının müxtəlif strukturlarında çalışan alimlərin iştirakilə müxtəlif "konfranslar" təşkil edir və hətta bəzən belə "elmi konfransların" iştirakçılarına qonorarlar verməyi də unutmurdu. Bundan başqa, İran xəfiyyələri sürətlə Azərbaycanın media məkanına nüfuz edir, bu işlərə son dərəcə səxavətlə "investisiyalar" yatırırdılar. Ümumiyyətlə müxtəlif mənbələrdən İranın 1992-93 illərdə Azərbaycandakı pozuculuq fəaliyyətinə 14-16 milyon ABŞ dolları məbləğində vəsait ayırdığı haqda məlumatlar daxil olmuşdu. Bu ölkənin xəfiyyə şəbəkəsinin üzvləri və onları idarə edən diplomatik pərdə altında çalışan kəşfiyyatçıları xüsusi həyasızlığı ilə fərqlənirdilər. Bəzən bu hətta ironik həddə çatırdı və Azərbaycan əks-kəşfiyyatı öz ölkəsində İran casuslarından daha ehtiyatlı davranmağa çalışırdı ki, bu da öz növbəsində İran casuslarını daha da ruhlandırırdı. 
Həmin dönəmdə ən sakit davranan isə Heydər Əliyevin komandası idi. Heydər Əliyevin özü sakitlik nümayiş etdirir, Türkiyəyə və Moskvaya səfərlər edir, onun komandasının üzvləri isə müntəzəm olaraq Naxçıvan Ali Məclisi sədrinin hələ kommunist partiyasına rəhbərliyi dönəmində köməkçisi olmuş Rəfail Allahverdiyevin evində toplaşaraq məsləhətləşmələr aparır, verilən tapşırıqlara uyğun planlar qururdu. Bu qrupun fəaliyyətini Heydər Əliyevin qardaşlarından biri koordinasiya edirdi. Bundan savayı, Heydər Əliyevin Türkiyənin bəzi siyasi çevrələrilə qurduğu münasibətlər də öz bəhrəsini verməkdə idi. Türkiyə banklarından biri Naxçıvana böyük həcmdə kredit ayırmışdı ki, bu da Azərbaycanın mərkəzi hökumətilə hətta müzakirə də olunmamışdı. Lakin Heydər Əliyevin fəaliyyəti bununla bitmirdi. O, 1993-cü ilin fevralında Bakıya gəlmişdi və səfərinin rəsmi səbəbi kimi qardaşı, akademik Həsən Əliyevin ölümünün 40-cı günü mərasimində iştirak etmək istəyi göstərilirdi. Lakin ilk baxışdan adi bir ailə-matəm tədbiri ilə bağlı olan bu gəlişin maraqlı bir detalı da vardı - həmin səfər zamanı Heydər Əliyevlə prezident Əbülfəz Elçibəy arasında bağlı qapılar arxasında 8 saatadək çəkən görüş olmuşdu. Yəqin ki, bu görüşdə nələrin müzakirə edildiyini biz daha heç vaxt bilməyəcəyik... İkinci belə görüş(lər) Tükiyədə, mərhum prezident Turqut Özalın dəfn mərasimi ilə bağlı səfər zamanı baş tutmuşdu. Bu görüşlərinsə bir şahidi hələ də var, amma Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl də yəqin ki, bu barədə heç zaman danışmayacaq. Maraqlı məqamlardan biri də budur ki, prezident Özalın dəfn mərasiminə qatılmaq istəyən bəzi Azərbaycan rəsmilərinin Türkiyəyə səfəri müxtəlif yollarla əngəllənmişdi. Bunların arasında Heydər Əliyevə qarşı xüsusi neqativ münasibətilə seçilən xarici işlər naziri Tofiq Qasımovun və daxili işlər naziri İsgəndər Həmidovun olduğu bildirilirdi. 
Üzdə görünən digər iki müxalifət partiyaları - AMİP (sədri Etibar Məmmədov) və MAP (sədri Nizami Süleymanov) isə əslində yetərincə zəif və sistemsiz mübarizə aparmaları ilə təklikdə və hətta tandemdə ciddi təhlükə mənbəyi hesab edilmirdilər. Bir amili - AMİP-ə bağlılığı iddia edilən bir sıra nəzarətsiz hərbi birləşmələri nəzərə almasaq. Daxil olan məlumatlarda iddia edilirdi ki, bunlardan biri yuxarıda qeyd etdiyim Biləcəridə dislokasiya olunmuş iki batalyondan ibarət idi.
Beləliklə, oyunlar genişləndikcə, çevrə daralır, manevr etmək imkanları məhdudlaşırdı. 1993-cü ilin yanvarında Surət Hüseynovun nəzarətində olan korpusun hərbi birləşmələrini Seyfəli poliqonuna çəkərək, Tərtər-Kəlbəcər yolunu müdafiəsiz qoyması və bunun ardınca aprelin ilk günlərində Kəlbəcərin Ermənistan qoşunları tərəfindən işğalı sürətlə daralan halqanı qapadı. Ölkədə fövqəladə vəziyyət elan edildi, amma bu hakimiyyətin süqutunu ən yaxşı halda bir qədər uzada bilərdi. Onu xilas etmək isə artıq gec idi...      

Wednesday, June 4, 2014

4 iyun həqiqətləri. 1-ci yazı: süqut həqiqətənmi qaçılmaz idi?

SSRİ dağılandan sonra demək olar ki, əksər postsovet müstəqil ölkələrdə hakimiyyətə gələn milli-azadlıq hərəkatlarından çıxmış yeni siyasi qüvvələr idi. AXC (Elçibəy) hakimiyyəti də bu mənada istisna deyildi. Qanunauyğunluğa yaxın olanlardan biri də bir çox belə hakimiyyətlərin hərbi qiyamlarla hakimiyyətdən getməsi idi. Bu da təbii idi, çünki özünü SSRİ-nin varisi elan etmiş Rusiya bu ölkələrin bir çoxunda iki mühüm, həmçinin bir-biri ilə sıx əlaqəli təsir vasitəsi yaratmışdı ki, onların vasitəsilə də bütün siyasi proseslərə müdaxilə (bəlkə də nəzarət) edirdi: etnik-ərazi münaqişələri və silahlı qüvvələrin rəhbərliyi. Ən azı bu qanunauyğunluq 3 Cənubi Qafqaz ölkəsi üçün özünü qabarıq şəkildə göstərirdi. Məhz bu iki təsirli amilin vasitəsilə Rusiya həm Azərbaycanda, həm Ermənistanda, həm də Gürcüstanda hakimiyyəti dəyişməyə müvəffəq oldu. Amma bu iki amildən başqa digər məqamlar da vardı ki, elə bu yazının da əsas məqsədi onları nəzərdən keçirmək və mümkün qədər təhlil etməkdir. 
1. AXC 1992-ci ildə hakimiyyətə gələndə keçirilən prezident seçkisinin nəticələri hakimiyyət üçün artıq ciddi siqnal idi. Əbülfəz Elçibəyə əsas opponentlik edən akademik Nizami Süleymanov xeyli seçki dairəsi üzrə kifayət qədər səs toplamışdı və bunun da səbəbi heç də iddia edildiyi kimi, təkcə onun populist çıxışları deyildi. AXC-nin hakimiyyətə gəlişi ərəfəsində baş verən hərbi məğlubiyyətlər və siyasi böhranlar bu təşkilatdan da yan keçməmişdi. AXC 1992-ci ilin ilk 4-5 ayı ərzində əhali arasında olan nüfuzunun önəmli bir hissəsini artıq itirmişdi və bir çox hallarda milli-azadlıq hərəkatı kimi deyil, hakimiyyətə can atan siyasi qüvvə kimi qəbul edilirdi ki, bu da təşkilatın cəmiyyətdəki mövcud stereotipik imicinin transformasiyası demək idi. Təsadüfi deyildi ki, həmin seçkidən sonra hakimiyyətə qarşı saxtakarlıqla və silah gücünə hakimiyyəti zəbt etməklə bağlı xeyli ittihamlar səsləndirilirdi. Az ya çox, amma fakt budur ki, cəmiyyətdə belə fikirlər dolaşırdı.
2. Opponentləri AXC-ni hakimiyyətə gəlmək üçün Şuşanı və Laçını təhvil verməkdə ittiham edirdilər. AXC hakimiyyətinin təbliğat siyasəti isə son dərəcə zəif qurulduğundan, bu ittihamların miqyası getdikcə daha da artır və genişlənirdi. 
3. Həmin tarixi dövrün bütün çətinliklərinə baxmayaraq, AXC hakimiyyəti qısa müddətdə əldə etdiyi uğurları əhaliyə çatdıra bilmirdi və bunun da səbəbi yuxarıda qeyd etdiyim təbliğat siyasətinin zəifliyi, qeyri-peşəkar qurulması idi.
4. AXC hakimiyyətində təmsil olunan qruplar arasında mövqelər uğrunda daxili mübarizə getdikcə vüsət alırdı və bəzən bu qruplar bir-birinə qarşı daha barışmaz olurdular, nəinki ümumi rəqibə qarşı.
5. Hakimiyyətin vahid idarəçilik mərkəzi yox dərəcəsində idi və qruplararası çəkişmələr bu istiqamətdə pozitiv addımların atılmasına ciddi mane olurdu.
6. Bu və digər səbəblərdən AXC hakimiyyəti yeni parlament seçkiləri keçirməyə tələsmir və hələ sovet dönəmindən qalan, legitimliyi xeyli suallar doğuran parlamenti qruyub saxlamağa çalışırdı. 
7. Təkcə hakimiyyət qanadları arasında deyil, bir çox nazirliklər arasında əlaqələrdə də açıq-aşkar pərakəndəlik, qarşıdurmalar, qeyri-sağlam rəqabət vardı və bunlar durmadan yüksələn xətt üzrə davam edirdi.
8. Hakimiyyət ierarxiyası yox dərəcəsində idi və bəzən elə şəxslər elə siyasi bəyanatlar verirdilər ki, bunun, yumşaq desək, siyasətə heç bir aidiyyatı olmurdu. Bəzən isə buna oxşar bəyanatlar ən yuxarı səviyyələrdən səsləndirilirdi və bu da öz növbəsində beynəlxalq aləmdə hakimiyyətin nüfuzuna ciddi xələl gətirirdi. Məsələn, tutduğu vəzifə statusuna uyğun olaraq funksiyası sirf yerli idarəçilik məsələləri olan bəzi hakimiyyət nümayəndələri türkçülük, turançılıq haqda boş və mənasız mülahizlər irəli sürürdülər ki, bu da bir sıra hallarda hakimiyyətin qeyri-ciddi, xaotik bir qrupdan ibarət olması təəssüratını yaradırdı. 
9. Azərbaycan üzərində Qəırb şirkətləri ilə imzalanmağa hazırlanan neft müqaviləsinin kabusu dolaşırdı və bu da ən təhlükəli, amma təəssüf ki, çox da ciddi yanaşılmayan bir məqam idi.
10. Əslində özünü daha çox sözdə göstərən ifrat ideolojiləşmə həm ölkənin daxilində, həm də ondan xaricdə hakimiyyətin əleyhdarlarının ümumi çəkisini sürətlə artırırdı. 
11. AXC hakimiyyətə gələnədək ölkədə əsas idarəçilik sistemi olan korrupsiya mexanizmləri sıradan çıxarılsa da, əvəzində yeni, sağlam sistem qurulmamışdı. Bir növ idarəçilik boşluğu və hətta idarəçilik böhranı mövcud idi. 
13. Sistemsiz, qeyri-ardıcıl və pərakəndə də olsa, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar bir sıra qonşu dövlətlərdə (xüsusilə, İran və Rusiyada) ciddi təlaş yaradırdı ki, bu da onların Azərbaycana ənənəvi düşmənçilik münasibətini bir qədər də kəskinləşdirir və dərinləşdirirdi. Bu ölkələr artıq sistemli pozuculuq fəaliyyətinə başlamışdılar ki, bu da 4 iyun hadisələri dövründə özünü açıq şəkildə göstərəcəkdi. 

Bütün bu sadalananların fonunda ölkənin daxilində və onun xaricində AXC hakimiyyətinin devrilməsinə ciddi hazırlıq gedirdi...        

Monday, May 5, 2014

Yeni repressiyalar dalğası "yeni regional siyasətin" simptomları kimi

Azərbaycan artıq öz xarici siyasət kursunu seçmiş kimi görünür və əslində son ayların həbsləri, ölkədə gaş verən digər siyasi gəlişmələr də bu kursun leqallaşdırılması (daha doğrusu, rəsmiləşdirilməsi) prosesinə hazırlıq mərhələsi təəssüratı bağışlayır. İndiki və qarşıdan gələn fazada cəmiyyətin ictimai-siyasi fəal kəsiminə təzyiqlər bir neçə istiqamətdə güclənəcək: "Ermənistan izi", "İran izi" və hətta "Rusiya izi". Hər 3 dövlət də öz növbəsində müxtəlif üsullarla buna dəstək verəcək, çünki hədəfdə Rusiya-İran-Azərbaycan enerji əməkdaşlığıdır ki, bu barədə da artıq hansısa üçtərəfli məxfi anlaşmanın olması istisna edilmir. Qalır bircə Azərbaycan cəmiyyətində bu xarici siyasət kursuna etiraz edən və potensial olaraq, etiraz edə biləcək kəsimi susdurmaq. İroniya doğuran isə budur ki, ölkənin Avrointeqrasiya və demokratik inkişaf tərəfdarlarını məhz İran, Rusiya və Ermənistanla casusluq əlaqələrində saxta ittihamlar əsasında repressiya edə bilərlər. Bu isə artıq ehtimal və ya fantaziya deyil. Ortada Rauf Mirqədirov olayı var. "Niyə məhz Rauf Mirqədirov?" sualının cavabını isə istintaq özü artıq verib. Bu cavabı görmək üçün həbs olunan jurnalistlə əlaqədar istintaqa cəlb edilənlərin siyahısına diqqət yetirmək kifayət edir. Diqqət yetirdikdə isə asanlıqla görünən həm də budur ki, son bir ildə Azərbaycanda saxta ittihamlarla həbs olunanların az qala hamısı məhz Qərblə, Avropa ilə əməkdaşlıq tərəfdarlarıdır. Bu da öz növbəsində onun göstəricisidir ki, Azərbaycan hakimiyyəti yuxarıda qeyd edilən xarici siyasət kursunu seçməyə qərarı ən azı bir il əvvəl verib. Elə həmin dövrdən də Azərbaycanda müvafiq istiqamətlərdə təbliğat başladılıb və həmin təbliğat bu gün də davam etdirilir. Üstəlik bir qədər daha geniş formatda və həcmdə. Lakin bu prosesdə təkcə yuxarıda sadaladığımız 3 dövlətdən başqa digərlərinin də iştirakı istisna olunmur. Ən azı Ərdoğan Türkiyəsinin bu "yeni regional siyasətin" içində olması artıq faktdır. Təsadüfi deyil ki, Ərdoğan hökuməti aşağıdakı 3 addımı artıq atdı:
1. Avropa üçün həyati əhəmiyyət kəsb edən TANAP-ın tikintisi müxtəlif bəhanələrlə bir il geriyə atıldı və eyni zamanda, ləngimənin guya əsas səbəbi kimi Bakı ilə Ankara arasında pay bölgüsü ətrafında fikir ayrılığının olması haqda rəy formalaşdırmaq məqsədilə mətbuata məlumatlar sızdırıldı;
2. Tanınmış jurnalist və ictimai xadim Rauf Mirqədirov heç bir hüquqi prosedura əməl olunmadan tutularaq Azərbaycana təhvil verildi və Türkiyə tərəfi bu həbsin ardınca Azərbaycanda hansı kəsimin hədəfə alınacağını hesablamaya bilməzdi. Ehtimal etmək olar ki, Ankaranın bu cür hesablamaya heç bir ehtiyacı da yox idi, çünki Ərdoğan hökuməti hansı oyuna qol qoyduğunu dəqiq bilir;
3. "Nurçu" kampaniyası adı altında ölkədəki məmurlar arasında xof yaradılır ki, bunun da ilk qığılcımı məhz Türkiyədən gəldi və prosesə əsas informasiya dəstəyini də Türkiyə mətbuatı verir. Təsadüfi deyil ki, "nurçu ovu" Azərbaycanda da konkret media vasitələrinin manşetindən düşmür. 
Bu kontekstdə İsrailin xarici işlər naziri Aviqdor Libermanın 4-günlük Azərbaycan səfəri də diqqətçəkən məqamlardandır, hərçənd ki, səfərlə bağlı bir və ən əsas sual hələlik açıq qalır: Liberman Azərbaycana hansı tərəfin müttəfiqi qismində gəlmişdi: Rusiya-İran-Türkiyə koalisiyasının yoxsa ABŞ-Avropa? Sual mürəkkəb olduğu qədər də maraqlıdır. Eyni zamanda bu da maraqlıdır ki, Libermanın səfərini ən çox diqqət mərkəzində saxlayan məhz ABŞ idi. Belə həssas yanaşma yeni deyil və xüsusilə də ABŞ-İsrail münasibətlərinin indiki soyuq mərhələsində tamamilə anlaşılandır. 
Beləliklə, ilk baxışdan Azərbaycan hakimiyyətinin daxili siyasətdəki repressiv kursu gücləndirməsinin hakimiyyətin bir qədər də möhkəmləndirilməsinin və qarşıdan gələn 2015-ci il parlament seçkilərinə hazırlığın əlamətləri kimi təqdim olunsa da, əslində isə böyük və yeni regional konstruksiyanın yaranmasının simptomları kimi də dəyərləndirilə bilər. 

"Şərq-Qərb" Araşdırmalar Mərkəzi