Sunday, April 24, 2011

Avtoritar liderin düşüncələri

....Ay siz öləsiniz! Bunların ürəyindən keçənə bax hələ... Azadlıq, İstefa, Yüksək maaş... Qulaqlarınız dibini görərsiniz bunların əvəzinə! Ağzınıza bir parça çörək atacağam, səsnizi kəsib oturacaqsınız yerinizə. Siz adamsınız ki, ləyaqətli həyat tələb edirsiniz? Siz mənim, ailəmin ayaqlarımız altında dolaşan həşəratsınız, elə həşərat kimi də yaşayacaqsınız: bax bu da sizin ləyaqətli həyatınız! Siz mənə pişik kimi yaltaqlanıb, it kimi qarşımda quyruq bulayıb, özümə, atama-anama, arvadıma, oğluma-qızıma yaltaqlanacaqsınız ki, acından öldürməyim sizi. Siz öz əllərinizlə körpə qızlarınızı mənim əlaltılarıma, qulbeçələrimə, nökərlərimə verəcəksiniz ki, onlardan bir tulapayı alıb acından ölməyəsiniz! Siz buna layiqsiniz! Budur sizin ləyaqətli həyatınız! Siz bunu istəyirsiniz? Mən də sizə elə bunu vermişəm, hələ verəcəyəm də! Mənsə sizə vədlər verməklə, 5-10%  pensiyalarınızı, maaşlarınızı artırmaqla ələ salacağam, necə ki, illərlədir bunu edirəm. Əvəzində namusunuzdan tutmuş evlərinizə qədər hər şeyi alacağam. Çünki siz buna layiqsiniz! Mən oturuşumla, duruşumla, sözlərimlə, jestlərimlə sizi hər zaman təhqir edirəm və edəcəyəm də. Sizsə mənə yarınmağı, ac küçə iti kimi qarşımda quyruq bulamağı özünüzə şərəf biləcəksiniz! Siz buna layiqsiniz! Siz yoxsulluq, zülm içində gözünüz qarşısında övladınızı itirəndə də, ac-yalavac balalarınıza yedizdirməyə bir parça çörək tapanda da mənə dua edəcəksiniz, mən sizə bunu etdirəcəyəm! Allaha yox, mənə! Sizin Allahınız da, Peyğəmbəriniz də, İmamınız da mənəm!!! Siz ömrünüzün son günlərini də mənə bağışlayacaqsınız! Necə? Mənim əlimin, ayağımın altındakılar sizə bunu öyrədəcəklər. Mən onları bütün bu alçaqlıqlardan keçirib, onlara imkan verdim ki, indi də onlar öz keçdikləri yolu sizlərə göstərsinlər. Siz buna layiqsiniz!  Bilirsiniz niyə layiqsiniz? Çünki siz məni sevmirsiniz, siz mənə səs vermədiniz! Siz elə bilirdiniz ki, sizin səsiniz, sözünüz nəyisə həll edir? Ay siz öləsiniz! İndi mən sizə bunu izah edirəm, hələ bu harasıdır! Hələ ölməyin, sürünün bir az da, alçalın bir az da, onda görəcəksiniz sizə nə divan tutacağaçam.
Başınızı qaldıracaqsınız? Qaldırın, görün sizdən də yaramazların əlilə sizə necə od qoyuram! Siz məndən nəsə tələb edəcəksiniz? Ha-ha-ha! Cəhd eləyin, amma bilin ki, sizinlə ən amansız şəkildə rəftar edəcəyəm! Çünki siz buna layiqsiniz! Siz insan deyilsiniz! Mən sizə nifrət edirəm! Bax belə!!! 

Sunday, April 17, 2011

Gizli kameralardan necə qorunmalı (praktiki təlimat)

(Bu təlimat layihə deyil və heç bir xarici qurum tərəfindən maliyyələşdirilməyib)

Həyatımızın tərkib hissəsinə çevrilmiş gizli kameralar bəzən bizləri çətin durumlara salır. Belə duruma düşməmək və sonra da Lider TV-nin ekranını, internet səhifələrini bəzəmək istəməyənlərə aşağıdakı qaydalara ciddi şəkildə riayət etməyi məsləhət görürük:
1. Şəhərdə və küçədə:
- qadınlar olan səmtə boylanmayın,
- küçədə uşaq yaxınlaşıb nəsə soruşsa, ona tərəf boylanmadan və cavab vermədən hərəkətinizi davam etdirin, yoxsa sizi kameraya çəkib pedofil kimi təqdim edəcəklər, 
- günün saatından asılı olmayaraq tünd rəngli eynəkdən istifadə edin,
- kişilərlə belə əl tutub görüşməyin (sizi kameraya çəkib mavilikdə ittiham edə bilərlər), ümumiyyətlə, mavi rəngi unudun. Kimsə sizə mavi rəngdə paltar, avtomaşın, hətta təyyarə bağışlamaq istəsə, bilin ki, bu təxribatdır və nəzakətli şəkildə imtina edin,
- SOS: ictimai tualetdən heç bir halda istifadə etməyin!!! (ümumiyyətlə isə, ən etibarlısı evdən çıxanda böyük ölçüdə pampers geyinib çıxmaqdır)
- sex sözünü eşidəndə belə diqqətinizi o sözü deyənə çəkməyin (bu an sizi kənardan çəkə bilərlər). Səfirliklərdə viza üçün anket doldurduqda oradakı sex sözünün üstündən xətt çəkib, qarşısına "Bu bizim milli mentalitetimizə ziddir" yazıb, altından imza atın,
- çalışın internetdən (xüsusilə də sosial şəbəkələrdən) istifadə etməyin, etdikdə isə profilinizə xüsusi adlar seçin ("YAPsevər", "Mən dəstəkləyirəm", "Müxalifətə ölüm!", "Vətən xainlərinə ar olsun!" və s.),
- toyda, ad günlərində qızlardan-qadınlardan uzaqda oturun, gəlinə və ya müğənniyə tərəf heç zaman boylanmayın-sizi gizli kameraya çəkib sonra namussuzluqda ittiham edə bilərlər,
- hüzr məclislərinə getdikdə isə mərhumdan maksimum uzaq olun, yoxsa gizli kamera sizi bu dəfə nekrofil kimi göstərəcək,
2. Evdə:
- qapıdan girdikdə həyat yoldaşınızla rəsmi görüşün və belə də müraciət edin (əl tutmayın, məsələn, "necəsiniz Kəmalə xanım?"- deyə salamlaşın)
- uşaqları soruşduqda yalnız "uşaqlar necədir?" kəlməsindən istifadə edin (uşaqlarımız desəniz, sizi həyat yoldaşınızla intim əlaqədə olmaqda ittiham edə bilərlər. Sonra da bunu hökmən Lider TV-də göztərəcəklər),
- gecə saat 12-dən tez duşdan isifadə etməyin, vannanı isə, ümumiyyətlə unudun, vanna otağına daxil olduqda işığı mütləq söndürün,
- həyat yoldaşınızla ayrı-ayrı otaqlarda yatın və təxəyyülünüzə güc verib, bütün intim tələbatlarınızı xəyalən təmin edin, yatanda heç zaman paltarlarınızı soyunmayın,
- SOS: tualetdə xüsusilə ehtiyatlı olun: unitaza əyləşməzdən öncə onun içində Lider TV-nin çəkiliş qrupunun, rəhbərlərinin və xüsusi xidmət orqanları (təbii ki, xarici!!!) əməkdaşlarının olmadığına əmin olun. Hər ehtimal üçün əyləşməzdən əvvəl suyu buraxmağı vərdiş edin ki, yuxarıdakılar varsa, su yuyub aparsın. Tualet kağızı almayın, rulonun içində kamera gizlədilə bilər. Xanimlara isə gigiyenik paketlərdən istifadə zamanı xüsusilə diqqətli olmağı tövsiyyə edirik,
- çirkli alt paltarlarınızı vannaya atıb getsəniz, əmin olun ki, onları hökmən çəkib Lider TV-də göztərəcəklər,
- evdə hərəkət edəndə ciddi olun, yerli-yersiz gülümsəməyin və xaniminizdan bəlli məsafə saxlayın. Oturub-durduqda isə şalvarınızı öndən və ya arxadan düzəltməyin, bu hərəkətiniz gizli kameraya tuş gələ bilər və onda siz zəhmətkeşlərə anonist kimi təqdim olunacaqsınız,
3. Əgər siz kənddə yaşayırsınızsa və heç olmazsa bir dəfə dolanışıqdan gileylənmisinizsə:
- çalışın, həyətdən bayıra çixmayın
- ev heyvanlarına 30 metrdən yaxına getməyin, xüsusilə də dişi heyvanlara. Bilin sizi çəkib göstərəcəklər və zoofiliyada ittiham edəcəklər,
- Eşşəklərə və qoyunlara tərəf isə hətta boylanmayın, burda təhlükə risqi ikiqatdır: zoofiliya ittihamından savayi, siz kiminsə qohum-əqrabasına təcavüzdə şübhəli bilinib, onların qəzəbinə tuş gələ bilərsiniz. Bu isə artıq namus məsələsidir.
- həyat yoldaşınızın tənbəlliyi və ya pintiliyi sizi hövsələdən çıxaranda söyüşdən istifadə etməyin. Onu (söyüşü) "sənin var-yoxununun ömrü uzun olsun!", "ay atanın goru nurla dolsun!", "sənin nəslinə qurban olum!" kimi diplomatik ifadələrlə əvəzləyin. Bilin, gizli kamera sizin yanınızdadır, o, sizin ehtiyatsızlığınızı gözləyir...

Təlimatın hazırlanmasında əvəzsiz məsləhətlərinə və göstərdikləri təmənnasız dəstəyə görə VÇK rəhbəri Edmund Dzerjinskiyə, NKVD sədri Lavrentiy Beriyaya, Gestapo şefi Henrix Müllerə, 3-cü Reyxin kəşfiyyat şefi Valter Şellenberqə və onlarla digər dəyərli insansevər yoldaşlara səmimi təşıkkürümü bildirirəm!

Saturday, April 9, 2011

Xaricdən dəstək alan müxalifət, yoxsa....?

İqtidar tərəfindən son günlər siyasi leksikona daxil edilməsinə cəhd olunan "xaricdən dəstək alan dağıdıcı müxalifət" kəlməsinin dərin siyasi məzmununu və mənasını başa düşmək üçün münəccim və yaxud siyasi ekspert olmağa heç bir ehtiyac yoxdur. Bunun bütün izahını yaxın tariximiz özü verib. 2003-cü ilin prezident seçkiləri ərəfəsində dağıdıcı müxalifətin namizədi İsə Qəmbərin görüşlərində və mitinqlərindəki izdihamlar seçicilərin kimə səs verəcəyini açıqca göstərirdi. Amma, hətta "karusellərin" və "əlibabaların" köməyilə toplanan səslərin belə iqtidar namizədi İlham Əliyevin köməyinə çatmayacağını duyanda ABŞ Dövlət Katibinin müavini Riçard Armitac seçkilərin ilkin nəticələrinin elan olunmasını belə gözləmədən Bakıya telefon açıb dostu İlham Əliyevi təbrik etdi. Əlbəttə ki, bu iqtidara xaricdən dəstək deyildi, sadəcə "dosta zəng" idi. Amma bu "dosta zəngin" taleyi hələ 2002-ci ildə keçirilən "referendumda" həll edimişdi. Hörmətli oxucuya xatırladım ki, 2002-ci ildə bütün susqun dünyanın gözü qarşısında Azərbaycan Konstitusiyası saxtalaşdırılaraq, hakimiyyətin İlham Əliyevə ötürülməsi üçün "hüquqi baza" yaradılmışdı. Mən qətiyyən iddia eləmirəm ki, bu susqunluq Azərbaycan iqtidarına xaricdən dəstəyin ifadəsi idi. Sadəcə, görünür o zaman dünyada total eşitmə və görmə problemi yaranmışdı ki, bu da bəzilərinin gözünə Azərbaycan iqtidarına xaricdən dəstək kimi görünə bilərdi. Məncə, elə 2005-ci ilin parlament seçkilərində də YAP-ın "Azadlıq" bloku tərəfindən darmadağın edilməsinə və bundan sonra seçkilərin total saxtalaşdırılmasına dünyanın göz yumması da Azərbaycan iqtidarına xaricdən dəstək kimi başa düşülməməlidir. Görünür o zaman dünyanın başı başqa işlərə qarışıbmış, məsələn, terrorla mübarizəyə. Eynilə də Azərbaycanda "hakim şeçkilərinə", 2008-ci ilin prezident "seçkilərinə", 2009-cu ilin "referendumuna"  Avropa Şurasının, ATƏT-in, ABŞ-ın məmnun reaksiyası da iqtidara xarici dəstəyin deyil, Azərbaycanın hüquqi dövlət olması istəyinin təzahürləri idi. Bax belə!
Amma indi deyəsən dünyanın gözü, qulağı və hətta dili açılmağa başlayıb ki, bu da yəqin dağıdıcı müxalifətə dəstyin ifadəsidir. Elə buna görə də iqtidar yetkililəri hirslənib qışqırırlar ki, "dünya kar, kor və lal ol, çünki sən eşidəndə, görəndə və xüsusilə də danışanda dağıdıcı müxalifətə xaricdən dəstək verirsən!"

Sunday, April 3, 2011

Azərbaycan siyasətində "Mən də varam!" sindromu

Cəmiyətin siyasiləşməsindən əldə etdiyimiz "qazanclardan" biri də son illər çeşidli "siyasi düşüncə" sahiblərinin meydana çıxmasıdır. Əlbəttə, siyasi meydana çıxması onların öz təbirincə desək. Ölkədə ictimai-siyasi proseslər qızışan kimi ayrı-ayrı fərdlər var gücü ilə öz fəaliyyətini gözə soxmağa çalışır və hətta sonucda özləri də inanırlar ki, bu fəaliyyətləri ilə nəinki hadisələrə təsir göstərirlər, hətta bütün siyasət burulğanı belə onların olmayan iradəsi ilə idarə olunur. İctimai əhəmiyyəti  öz avtomaşının salonundan kənara çıxmayan birisi, yumşaq desək, analitik məqalə yazaraq və ya reportaj hazırlayaraq, bununla da ölkədəki siyasətin taleyinə təsir etdiyini düşünür. İkincisi, özünə sığal verib, önəmi dəniz səviyyəsindən 27,5 metr aşağı olan diplomatlara əcaib ingiliscədə öz dərin siyasi "mülahizələrini" soxuşdurmaqla, qlobal siyasət üçün onun əvəzsiz "zəkasının" nə dərəcədə önəmliliyini beynində fırladır (Ay-hay, nə asan aldanırlarmış bu iliyinə qədər "səmimi" qərblilər!). Üçüncüsü, bir qədər də uzağa gedərək, ölkənin 20 ildən sonra başlayacaq siyasi intibahı üçün artıq bu gün təhsilin və mədəniyyətin inkişafının zəruriliyindən ağıllı-ağıllı danışır. Ən maraqlısı isə budur ki, əslində ölkədəki real siyasətdən danışmağa cəsarətləri çatmayan (təbii, bəs öhdəliklər?) və siyasi çuğulluqla (xalq arasında buna donosbazlıq və ya stukaçlıq da deyirlər) məşqul olan bu siyasətçi-analitik-münəccimlər, bəlkə doğrudan da səmimi olaraq düşünürlər ki, beləliklə də hər şey onların nəzarətindədir və məhz onların "uzaqgörən rəyləri" Azərbaycan siyasətinin nəinki bugününü, hətta uzaq gələcəyini də həll edir. Amma, türklər demiş, o kadar da diyil. Əgər belədirsə, o zaman hər iki tərəfdən (Azərbaycan hakimiyyətindən və yurtdışından) alınan ənamlar nə üçün verilir? Əlbəttə ki, göstərdikləri çuğulluğ xidmətinin müqabilində. Bu da məsələnin başqa tərəfi. 
İndi hörmətli oxucum sual verə bilər ki, o zaman belələrinə vaxt sərf edib, hələ bir onlar haqqında nəsə yazmağa dəyərmi? Sual haqlıdır, elə cavab da: Əslində dəyməz, amma atalar demiş "Milçək murdar deyil, könül bulandırır".
Könül bulandırırlar axı! 

Friday, April 1, 2011

Gülnaz nənənin işdanı və 12 milyon manat

Bu günlərdə bir iş adamının evindən 12 milyon manatın oğurlanması barədə hay-küy uşaqlığımı xatırlatdı mənə:
...Mən kənddə böyümüşəm və o vaxtın bütün kənd uşaqları kimi, mən də işdanın nə olduğunu yaxşı bilirdim. O zamanlar kənd arvadları, xüsusilə də yaşlıları, isti qış alt paltarı geyərdilər ki, özlərini soyuqdan qorusunlar və aşağıdan-yuxarıdan rezinlərlə boğulub kipləşdirilmiş bu geyimə doğma azəricəmizdə işdan deyirdilər. Adətən, sərgidə gördüyümüz bu geyim tək bir öz möhtəşəm görünüşü ilə deyil, həm də universal təyinatı ilə diqqəti çəkərdi. Mənimsə yadımda qalan nənəmin yaxın bacılığı olan Gülnaz nənənın işdanı olub. Gülnaz nənə bütün büdcəsini işdanda gəzdirərdi. Bu 70 yaşlı gümrah və ucaboy qadın doqqazda görünəndə, müştüklə çəkdiyi "Prima" siqareti və içində pulunu gizlətdiyi işdanı gələrdi gözümün önünə. Hər gələndə bizə 20 qəpik "marojna" pulu verən Gülnaz nənə bizim sevgimizi də elə o 20 qəpiklə qazanmışdı (O zaman uşaq ağlımla elə bilidim ki, pula öz məhəbbətini təkcə uşaqlar satır). Amma əsas məsələ də elə bu 20 qəpiyin harada gizlədilməsi idi: Gülnaz nənə geniş balaqlı tumanını qaldırar, işdanından düyünlənmiş əl dəsmalını çıxarar və düyünü səliqə ilə açıb, bizə pul verərdi-"marojna" pulu. Sonra isə bütün bu əməliyyatı əksinə icra edərdi. Beləcə də uşaqlıqdan başa düşdüm ki, pulun ən etibarlı saxlanma yeri Gülnaz nənənin işdanıdır. O zamandan 42-43 il keçdiyindən mən bu yaxınlaradək elə bilirdim ki, pul saxlama yeri kimi işdan aktuallığını çoxdan itirib: 21-ci əsrdir, banklar var, kredit kartları, ayrı nə bilim nələr icad olunub... Sən demə yox, kiminçünsə evdəki seyf daha etibarlıymış. Amma 12 milyonun seyf qarışıq oğurlanması göstərdi ki, seyfdən də, döşəyin altından da, balışın içindən də etibarlısı elə Gülnaz nənənin işdanıdır, ən azı ona görə ki, tarıxın sınağından uğurla çıxıb. Üstəlik 21-ci əsr Atropaten iş adamının biznes təfəkkürü də heç Gülnaz nənənin işdanından o yana getməyib, yoxsa 12 milyon manat evdə nə gəzirdi? Yadımdadır, bir dəfə Gülnaz nənədən soruşanda ki, o, pulunu niyə işdanda gizlədir, demişdi: Bala kasıbın malı gözünün önündə olar!