Tuesday, May 8, 2018

Fuad Poladov və digərləri: ağır itkilərimiz və əvəzsiz qazancımız

Fuad Poladov haqqında yazarkən onun sənətinə toxunmaq istəmirəm. Əvvəla ona görə ki, mən bu sahədə peşəkar söz deyə biləcək, onun sənətinə qiymət verəcək şəxs deyiləm, ikincisi, aktyora, sənətkara ən dəqiq, dürüst qiymət verə biləcək şəxs tamaşaçıdır ki, o da Fuad Poladovun qiymətini verib və hələ verəcək də. Bunu biz görkəmli aktyoru itirəndə gördük. Amma ölümünün üstündən bircə həftə keçməmiş həyatı boyü obrazlar yaradan, amma bu gün özü şəxsiyyətli, qürurlu azərbaycanlı obrazına çevrilmiş Fuad Poladovun şəxsində demək istədiklərim var. Məhz bu birləşdirici obrazın çox ehtiyac duyduğumuz insani keyfiyyətləri haqqında. Bu gün Azərbaycanı işğal edən və şəxsiyyət, mənlik, kimlik, qürur kimi keyfiyyətləri özündə olmaması səbəbindən sevməyənlər bu keyfiyyətlərin daşıyıcılarına da dərindən nifrət edirlər. Başqa cür ola da bilməz. Bəli, elə bu səbəbdən də Fuad Poladov da Səyavuş Aslan kimi işğalçı rejim tərəfindən sevilməyən şəxsiyyətlərdən oldu. Yəqin yadınızdadır, Əliabbas Qədirovu da hörmətsiz yola saldı bunlar. Çünki onların hamısına Əliyev rejimi nifrət edir. Ona görə nifrət edir ki, bu insanların yüksək insani keyfiyyətləri və şəxsiyyət göstəriciləri vardı. Məlumatlı dostlardan biri danışırdı ki, mərhum Əliabbas Qədirov Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktotu olarkən iş intizamını müntəzəm pozan bir aktrisaya töhmət elan edibmiş. Bundan qəzəblənən hikkəli rejim fahişəsi çox yüksək vəzifəli oynaşına (üzr istəyirəm, amma ana dilimizdə bu, belə adlanır) şikayətlənir, o isə zəng edib mərhum aktyoru təhdid edir və həmin əmri lövhədən çıxarmağa vadar edir. Məhz bu hadisədən sonra Əliabbas Qədirovun səhhəti bir qədər də pisləşir, çünki qürurlu, şəxsiyyətli insan şəxsiyyətsizin, şərəfsizin fahişəsini haqlı cəzalandırdığına görə onun təhdidinə məruz qalmışdı. Bəlkə Rasim Balayevi xatırlayaq? Azərbaycan kinosunun siması olan bu insanın bircə kəlmə işlətməsi kifayət elədi ki, millətə düşmən kəsilmiş qansız rejim onu əzablı ölümə məhkum eləsin, müalicəsinə borclu olduğu yardımı göstərməkdən intina eləsin. O zaman Zeynəb Xanlarova parlamentdə bu məsələni qaldırmasaydı sizi əmin edirəm ki, bu gün artıq Rasim Balayev haqqında da keçmiş zamanda danışırdıq. Bəs unudulmuş Azər Zeynalov? Nadir səsə, istedada, yüksək insani keyfiyyətlərə malik olan bu böyük sənətkara 2003-cü ildə müxalifəti dəstəkləməsini kinli, haytalı rejim hətta o, üzr istədikdən sonra da bağışlamadı, onu səhnədən sildi.
Fuad Poladovu da itirdik, amma o, və onun kimi böyük insanlar, vətəndaş mövqeyi olan sənətkarlar yaddaşımızda əbədi qalacaq. Xoşbəxtlikdən bu gün öz Youtube-u, Facebook-u, Twitteri-i ilə zəngin İnternet var və onun sayəsində bu insanlar heç vaxt unudulmayacaq, rejimlər isə onları ancaq özünün çirkab maşını olan üfunətli telekanallarından silə bilər. Günü-gündən daha az insanın baxdığı həmin o pozğunluq, əxlaqsızlıq, şəxsiyyətsizlik təbliğ edən telekanallarından. Bizim qəhrəmanlarımız isə sözün həqiqi mənasında çox xoşbəxtdilər, çünki dünən səhnədə ən müxtəlif obrazları canlandıran bu şəxsiyyətlər indi özləri vətəndaş mövqeyi, qürur, mənlik nümunəsi olacaq bir obraza çevriliblər. Kimisi ölümündən sonra, kimisi isə sağlığında.
Yəqin bu da yadınızdadır ki, Mədəniyyət naziri Əbülfəz Qarayev İlhamə Quliyeva ilə vida mərasiminə təşrif buyuranda rejimin ana-bacı simvolu olan İlhaməni "şəhid" adlandırmışdı. Bunu elə-belə sözgəlişi yazmadım. Həmin gün ictimai nəqliyyatda, mağazada, kafedə bu haqda danışan az qala hər kəs onun hələ qovuşmağa macal tapmadığı məzarını lənətləyirdi. Etiraf edim ki, insan kimi bunları görmək, eşitmək çox ağır idi. Amma nazir Qarayev başqa cür edə bilməzdi, çünki o, İlhamə Quliyeva əxlaqının daşıyıcısı olan rejimin naziridir. Biz isə Fuad Poladov, Rasim Balayev, Azər Zeynalov, Əliabbas Qədirovla bir millətdənik. Bax, onlarla bizim daha bir böyük fərqimiz də elə budur və onların bütün səylərinə baxmayaraq, Fuad Poladov (və digərləri) əxlaqını İlhamə Quliyeva "əxlaqına" dəyişməməyimiz bizim əvəzsiz qazancımızdır. Bunun çox böyük qazanc olduğunu isə tarix özü sübut edəcək. Tarix isə hökmən keçmiş və keçilməli olan 1000 il demək deyil, yaşanaraq axada qalacaq aylar da bir gün tarix olacaq.