Tuesday, June 6, 2017

Niyə Qərb yox, Rusiya?

Azadlıq radiosuna son müsahibəmdə Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiqləri barədə söylədiyim fikirlər çoxsaylı suallar, iradlar və tənqidlər doğurdu. Bunun belə olacağını da bilirdim və müsahibəni götürərkən hörmətli jurnalistimiz Şahnaz Bəylərqızının bu barədə xəbərdarlığına da elə müsahibənin sonunda cavab vermişəm. Hər şey bir yana, məni hətta Rusiyapərəstlikdə ittiham edənlər də tapıldı. Təbii ki, söhbət ciddi insanlardan gedir, layk sayı xatirinə sosial şəbəkələrdə yaşayanlardan yox.  Beləliklə.
Əvvəla, demokratiya, qanunun aliliyi, insan hüquq və azadlıqlarınin qorunması kimi dəyərlər ümumbəşəri dəyərlərdir və azadlığa, müstəqilliyə can atan hər bir fərd və toplum üçün ən əhəmiyyətli hədəflərdir. Elə Azərbaycan və azərbaycanlılar üçün də bu belə idi və ölkədəki kütləvi məyusluğa baxmayaraq, bu gün də belədir. 25 illik müstəqillik tariximizdə bu yolda nə qədər səylərimizin və qurbanlarımızın olduğunu sadalamağa da məncə ehtiyac yoxdur, amma 25-illik, başqa sözlərlə bir qərinəlik dövr özü müəyyən qənaətlər üçün yetərincə əhatəli müddətdir. Bu illər ərzində Baltikyanı ölkələrin və ya elə Ukraynanın demokratiya baxımından nələri və necə əldə etdiyi və ya itirdiyi barədə danışmaq istəmirəm, çünki bu mənada bizə həm tarixi, həm coğrafi, həm də xeyli digər parametrlər üzrə daha yaxın olan örnək var - Gürcüstan. Məhz bu ölkə ilə bizi azı son 200-illik, yəni, Rusiyanın Qazqaza gəlişindən bu günədək olan dövrü əhatə edən oxşar tarixi inkişaf bağlayır. Amma fərqli məqamlar da var. Məsələn, keçən əsrin 80-cı illərinin sonlarından başlayan milli-azadlıq hərəkatı Azərbaycanda ifrat demokrat Elçibəyi, Gürcüstanda isə ifrat millətçi və ekstremist Zviad Qamsaxurdiyanı hakmiyyətə gətirmişdi. Və yaxud, hər 2 ölkədə Rusiya çevriliş edib milli hakimiyyətləri dəyişdikdə Rusiya Gürcüstanda hakimiyyətə Eduard Şevardnadzeni, Türkiyə və Qərb isə Azərbaycanda Heydər Əliyevi gətirmişdi. Və yaxud... 2003-cü ildə Rusiya və Ərdoğan Türkiyəsilə birləşib Azərbaycanda korrupsioner İlham Əliyevi saxtakarlıqla hakimiyyətə gətirən Qərb bunun ardınca Gürcüstanda "Qızılgül inqilabını" uğurla həyata keçirib islahatçı Mixeil Saakaşvilini hakimiyyətə gətirmişdi. Sonuncu faktın özü bir çox mətləblərə aydınlıq gətirsə də, amma Qərbin Azərbaycanda demokratiya istəməsi barədə nağıllara inananlar hələ də var. Daha çox faktlar sadalamaq olar, amma məncə buna ehtiyac yoxdur, çünki elə son 1 ayda baş verənlərə diqqət yetirmək kifayət edəcək. Son bir ayda baş verənlər isə bunlardır: Azərbaycanda bir vətəndaş fəalı həbsxanada öldürülür, 48 ordu zabiti Ermənistan kəşfiyyatına işləmək saxta ittihamı ilə həbs olunur (onlardan 4-ü həbsdə "ölür"), bir jurnalist Gürcüstandan oğurlanaraq Bakıya gətirilir, digəri elə Bakıda həbs olunur, üçüncüsü isə Gəncədə həbs olunaraq vəhşicəsinə işgəncələrə məruz qoyulur. İndi gəlin, bunlara olan reaksiyalara baxaq: ABŞ-ın və Böyük Britaniyanın Gürcüstandakı səfirləri Əfqan Muxtarlının oğurlanaraq Azərbaycana gətirilməsilə bağlı Gürcüstan hökumətindən izahat istəyir. Britaniyanın Azərbaycandakı səfiri isə digər avropalı həmkarları kimi susur, çünki ingilis atalarsözündə deyildiyi kimi, susmaq - neftdir, qazdır. Düzdür, ABŞ-ın Azərbaycandakı səfiri danışır, amma... Azərbaycanla ABŞ arasındakı strateji partnyorluq, enerji əməkdaşlığı barədə. Maraqlıdır, elə deyilmi? Bəs Qərb ölkələrinin bəyan etdikləri demokratik dəyərlər Azərbaycanda niyə yada düşmür? Sanki Əfqan Muxtarlını Gürcüstandan oğurlayıb Marsa aparıblar. Ümumiyyətlə, son illər kimsə Qərb diplomatlarından (hüquq müdafiəçilərilə qarışdırmayaq) insan hüquqları ilə bağlı vəziyyətin Azərbaycanda günü-gündən pisləşməsinə nəsə bir münasibət görüb və ya eşidibmi? Azərbaycandakından qat-qat yumşaq olan Belarus rejiminin başçısı Lukaşenkonu "Avropanın sonuncu diktatoru" elan edib, ona sanksiyalar tətbiq edən Qərbin...

Bəli, mən də daim Azərbaycanın Avropaya inteqrasiyasının, ölkədə demokratik və hüquqi idarəçiliyin qurulmasının, Avropada və ABŞ-da mövcud olan cəmiyyət modelinin təşəkkül tapmasının tərəfdarı olmuşam, tərəfdarıyam və bu mövqedə də qalacağam, amma bu, bizə lazım olan, bizim arzuladığımız modeldir. Qərb necə, Azərbaycanı demokratik, azad, hüquqi cəmiyyət kimi görmək istəyirmi? Xeyr, istəmir, çünki onun Azərbaycandan istədiyi və əldə etdiyi tamamilə fərqli "dəyərlərdir". Onları isə təmin edən bugünkü Azərbaycan hakimiyyətidir. Məhz buna görə də qərblilərin azərbaycanlılar haqqında tez-tez işlətdiyi "tolerant xalq" ifadəsi özündə bizə münasibətdə heç bir müsbət yük daşımır və tərcümədə də Heydər Əliyevin "Azərbaycan xalqı dözümlü xalqdır" tezisindən başqa bir şey deyil. Yəni, itaətkar xalq. Odur ki, deyəsən, bizim ən böyük yanlışımız da elə itaətkar olmağımızdır. 
Rusiya haqqında söylədiyim fikrə gəlincə, əvvəla, qeyd edim ki, bizim Rusiyadan onsuz da xüsusi bir umacağımız heç zaman olmayıb və bu gün də yoxdur. Biz Rusiyanın özümüzə münasibətini 200 ildir görürük, onun acısını çəkirik və bu münasibət dəyişən deyil. Amma müsahibədəki fikrimi bir daha təkrarlamaq istəyirəm: əgər Azərbaycandakı bugünkü siyasi şəraiti Rusiya dəyişəcəksə, bu, onun 200 ildə Azərbaycan xalqına ən böyük və ən əvəzsiz töhfəsi olardı, çünki Qərb bunu nəinki heç zaman etməyəcək, hətta hakimiyyətin ailə üzvlərinin birindən digərinə keçməsini var gücü ilə təmin edəcək və sonra da onu qoruyacaq. 2003-cü ildə olduğu və bu gün də davam etdiyi kimi... Necə ki, bu gün "şirə qoxusunun" haradan gəldiyini duyan qərbli diplomatlar paşayevlər klanının hakimiyyətdəki ən cılız, bəzən isə adi ailə tərbiyəsindən belə uzaq olan təmsilçilərinin çağırışlarına qaçaraq gedirlər. Bu isə artıq görə-görə gəldiyimiz sadə bir həqiqətdir. Əlbəttə ki, görə bilənlər və görmək istəyənlər üçün. 
Odur ki, Qərbin Azərbaycanda demokratiya, insan haqları, fundamental azadlıqlar kimi dəyərlərin təşəkkül tapmasını istəməsi barədə illüziyalardan xilas olub soyuqqanlı mövqe ortaya qoymalıyıq. Çünki bugünkü real siyasət belə tələb edir. Xüsusilə də dünya siyasətinin indiki vəziyyətində, İkinci Dünya Müharibəsindən sonra yaranmış və 70 il qlobal sabitliyi, qlobal təhlükəsizliyi təmin etmiş geosiyasi konstruksiyanın sürətlə çökdüyü, mövcud ABŞ administrasiyasının Almaniya, Fransa, Kanada, Türkiyə kimi ənənəvi strateji tərəfdaşları ilə münasibətləri dağıdıb, Səudiyyə Ərəbistanı tipli dövlətlərlə əlaqələri özünün xarici siyasət prioritetinə çevirdiyi bir vaxtda. Bu kontekstdə Azərbaycan hakimiyyətinin son zamanlar Səudiyyə Ərəbistanı kimi yumşaq desək, bir dövlətlə tərəfdaşlığa bu qədər can atması, Ər-Riyadın ölkə mətbuatında Azərbaycanın strateji müttəfiqi olması barədə beyinlərə yeridilən təbliğat anlaşılan deyilmi? Qərb üçün neft və qaz mənbəyi olduğumuz azmış kimi, indi də Səudiyyə Ərəbistanı və onun tipli dövlətlər üçün 30 milyon azərbaycanlının yaşadığı İrana qarşı hərb meydançasına çevrilməliyik ki, sonra da hansı bataqlığa girdiyimizi anlayaq? Nəhayət, bizə daha nələr eləməlidilər ki, sadə həqiqətləri görə, reallığı anlaya bilək, "bu nə takkatukdur?" deyib baş sındırmayaq? Əlbəttə, ABŞ-da keçirilən son seçkilərdən sonra rəsmi Bakının bir növ himayəsiz qalması anlaşılandır. Elə bu səbəbdən Amerikanın özündə fasiləsiz olaraq tənqidlərə, istehzalara, sərt ittihamlara məruz qalan Donald Trampın şəninə söylənilən fikirlər də başa düşüləndir. Əliyev hakimiyyətinin xarici himayədarlara sonsuz ehtiyacı var, çünki o, xaricdən təyin olunub və daim xarici maraqların diqtəsi altında işləyib. Təbii ki, üzdə özünü daim müstəqil göstərməklə və elə həmin himayədarlarına arxalanaraq bir sıra hallarda həm də diş qıcamaqla. Amma istənilən halda Səudiyyə Ərəbistanı hətta bu məsələdə də alternativ deyil və ola da bilməz. Ən azı ona görə ki, Tacikistan prezidentilə də əl tutub görüşən Donal Trampın İlham Əliyevə də quruca bir əl uzatmasına nail ola bilmədi. Adi bir salam-əleykümü də strateji tərəfdaşa çox gördülər və imkan vermədilər ki, indi bu barədə qalaq-qalaq məqalələr yazılaydı, müdrik siyasətin Azərbaycan xalqının rifahına, ölkənin analoqu olmayan inkişafına verəcəyi bəhrələr barədə ağıllı-ağıllı şərhlər veriləydi, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı barədə reportajlarla ölkə oxucusunun beyni aparılaydı. Keçmiş olsun, deyək. Atalar demiş, ağası Gülüm olanın... Bu, Əliyev iqtidarıdır və onun istənilən seçimi, addımı, davranışı təəccüb doğurmamalıdır, çünki onun davranışı siyasət deyil... 
Amma çox təəssüf ki, Azərbaycanda hələ də Qərb təmsilçiləri qarşısında dördqat əyilib, bununla da onların lütfkarlığına nail olacağını, hakimiyyətə gətiriləcəyini sadəlövhcəsinə düşünən başqaları da var. Xeyr, bu olmayacaq, çünki əvvəla bu Qərb artıq o Qərb deyil və ikincisi, Qərb düşüncəsi mütiliyi tərəfdaşlıq kimi yox, elə mütilik kimi qəbul edir. Ona görə də Qərblə istənilən əməkdaşlıq yalnız  bütün həqiqətləri olduğu kimi ortaya qoymaq və bərabərtərəflilik üzərində qurula bilər. İtaətkarlıq göstərmədən, öz şəxsiyyətinə və milli heysiyyatına hörmət eləməklə. Nəhayət, dünənki, həm də bugünkü Qərb Azərbaycandakı tərəfdaşını çoxdan seçib. 
Mən belə görürəm. Başqalarının da başqa cür görmək haqqı var. Amma görmək üçün də heç olmazsa baxmaq lazımdır.   

Yeri gəlmişkən:   Bu günlərdə Vaşingtonda amerikalı tarixçi alim, Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə mütəxəssis sayılan xanım Odri Altştatın (Audrey Altstadt) Azərbaycanla bağlı yeni kitabının təqdimatı keçirilmişdi. Təqdimatdan sonra ukraynalıların təsis etdiyi və Youtube portalında 70-ə yaxın baxış sayı olan internet tv kanalına müsahibəsində xanım-professor aparıcının Azərbaycanda insan haqları və demokratiya sahəsində ciddi problemlər olması barədə sualına cavabında deyir: "Mən bu ölkənin müstəqilliyinin ilk illərindən başlayaraq Azərbaycan arxivlərində xeyli çalışmışam və anladığım bu olub ki, Azərbaycan milli düşüncəsində hələ sovetlər dönəmindən əvvəl də güclü lider, "güclü əl" amilləri mühüm rol oynayıb. Bu baxımdan da 2015-ci ildən bu yana ölkədə rəy sorğuları keçirilməməsinə rəğmən düşünürəm ki, əhalinin əhəmiyyətli hissəsi İlham Əliyevi tam dəstəkləyir."
Bu da sizə azərbaycanlıların tolerant, daha doğrusu itaətkar xalq olması barədə qərb siyasətinin baş tezisinin "elmi əsaslandırılması". 

Maraqlıdır ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri (yəni, bizi də siyasi baxımdan Gürcüstanla və Ermənistanla birlikdə Qafqazda deyil, məhz Mərkəzi Asiyada görürlər) üzrə mütəxəssis olan xanım Altştat həm də ABŞ hökumətinin bu ölkələr üzrə məsləhətçisidir. 
Güclü əl demişkən, Sovet imperiyasının Stalin, Beriya və Orcenikidze kimi "güclü əlləri" bəşəriyyətə Azərbaycan xalqı deyil, Qərbin israrla demokratik inkişafa yönəltdiyi və dəstəklədiyi Gürcüstan bəxş edib.  

Azadliq radiosuna son müsahibəm

‘Əliyevlər yoxdur artıq, paşayevlər var...’

İyun 02, 2017

Birinci vitse-prezident Mehriban Əliyeva atası Arif Paşayevlə. Jurnalist araşdırmalarında Paşayevlərin bir çox gəlirli biznes sahələrinə nəzarət etdikləri göstərilir.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, ABŞ-da yaşayan Ərəstun Oruclu AzadlıqRadiosu-na müsahibəsində Azərbaycanda baş verənlərdən danışıb.
– Ərəstun bəy, bu aralar hadisələr ard-arda baş verdi, əvvəla, Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresi ləğv edildi, Azərbaycan ordusunda Ermənistana casusluqda ittiham edilən qüvvələr tapıldı, Gürcüstanda həbslər aparıldı, iyunun 1-də prezident administrasiyasına yeni təyinatlar oldu, kimlərsə qıraqda qaldı. Nə baş verir? Son baş verənlərin bir-biriylə və ən əsası, Rusiya ilə bağlılığı varmı? Statuslarınızdan birində yazmışdınız ki, Rusiya Azərbaycanda hakimiyyəti dəyişir.
Ərəstun Oruclu
Ərəstun Oruclu
– Hələlik, görünən budur ki, xaricdən ciddi təzyiq var. İlham Əliyev də çıxışında xüsusi vurğuladı ki, ölkənin daxilində heç bir problem yoxdur, Azərbaycana təhdidlər yalnız xaricdəndir. Başqa bir məqama diqqət yetirək, son vaxtlar ABŞ prezidenti Donald Trump-ın Əliyevə adi, ənənəvi bir məktubunun hökumətə yaxın və hökumət mətbuatında bəh-bəhlə, ABŞ-la Azərbaycanın strateji müttəfiqliyi kimi təqdim olunmasından belə qənaətə gəlmək olar ki, təhdid Rusiyadan gözlənilir. Məhz həmin diaspora təşkilatının Rusiya Ədliyyə Nazirliyi tərəfindən ləğvi, hakimiyyətə yaxın mətbuatın Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ilə məişət səviyyəsində atışması, antirusiya məqalələrinin tonunun və həcminin artması təsadüfi deyil, əlbəttə. Təzyiqlər var. Bu təzyiqlərin fonunda hakimiyyətin daxildən möhkəmləndirilməsi istiqamətində addımlar atılır. İlham Əliyev deyəndə ki, daxildə heç bir təhdid yoxdur, yumşaq desək, qeyri-səmimiliyə yol vermişdi. Onun komandasının bəlkə də 90 faizi rusiyapərəst və Rusiya 5-ci kolonuna daxil olan şəxslərdir. Bu gün (iyunun 1-də) onların bir hissəsi kənarlaşdırıldı.
“Moskva yaxınlarda hərəkətə keçəcək və Azərbaycanda müəyyən dəyişikliklər edə bilər”
– Siz Prezident Administrasiyasına yeni təyinatları nəzərdə tutursunuz?
– Bəli. Bu gün onların bir hissəsi kənarlaşdırılır, hakimiyyətə, daha doğrusu, hakim ailəyə daha sadiq, etibarlı və kor-koranə qulluq edənlər irəli çəkilir. Bununla da ailə hakimiyyəti möhkəmləndirilir. Nəzərə alsaq ki, hakim ailə özünə təhdidi Rusiyadan görür, Rusiya isə balaca dövlət deyil və onun Azərbaycandakı imkanları 500 nəfər məmurla məhdudlaşmır, deməli, atılan addımlara kompleks şəkildə baxmalıyıq. Hakimiyyətin sərtləşməsini, həbslərin artmasını, onların daha da kriminallaşmasını görürük. Bunların hamısını bir yerə yığanda, paralel olaraq, iki prosesin getdiyini görürük və ikisi də eyni məqsədə xidmət edir. Həm hakimiyyətin daxildən möhkəmləndirilməsi, həm də cəmiyyətdə qorxunun, xofun artırılması.
– Rusiya indiki məqamda Azərbaycana niyə təzyiq edir?
– Bu, artıq geosiyasi müzakirənin predmetidir, ilk növbədə də Vaşinqtondakı hakimiyyət dəyişikliyi, ötənilki prezident seçkiləriylə bağlıdır. Rusiya bilir ki, okeanın o tayından təhdid var və bu təhdidin istiqamətləri aydın görünür. O da buna hazırlıq görür. Bu gün Trump-la ABŞ hakimiyyət iyerarxiyası arasında sərt dava gedir. Trump komandasının ətrafındakı həlqə daralmaqdadır, bir sıra məmurları Rusiyayla əlaqələrinə görə ifşa olunub, bunun davamı da gəlir. Nə qədər ki, Vaşinqtonda baş qarışıb Rusiya müəyyən profilaktik addımlar ataraq ətrafını möhkəmləndirilməlidir. Bu halda da Azərbaycan prioritet hesab olunur.
– Niyə Azərbaycan?
“Deməli, Gürcüstan hökuməti Azərbaycanla bilavasitə işbirliyindədir. Bu, yenilik deyil. Ruslan Bəşirli məsələsini yada salaq. O zaman - 2005-ci ildə hələ demokrat Saakashvili hakimiyyətdə idi”
– Məsələ burasındadır ki, Trump komandası küncə sıxışdırıldıqca İranla münaqişə daha ciddi şəkildə gündəmə gələ bilər. Vaşinqtonda xeyli suallar doğursa da, Trump ilk xarici səfərini Səudiyyə Ərəbistanına etdi və ABŞ-dan 110 milyard dollarlıq silah alınması ilə bağlı anlaşma əldə olundu. Bu silahlar İrana yönəlib. ABŞ hakimiyyəti ətrafındakı həlqə daraldıqca böhrandan çıxmaqdan ötrü İranla münaqişəni gündəmə gətirə bilər. İran da Rusiyanın cənub cinahıdır, onun Yaxın Şərqdə etibarlı, daimi müttəfiqidir. Yəni bu halda Rusiya İrana birbaşa çıxış əldə etmək, İranla silah alış-verişini, hərbi əməkdaşlığı nəzarətdə saxlamaq üçün Azərbaycana çox böyük ehtiyac duyur. Azərbaycanın İranla birbaşa sərhədi var. Bütün bunları nəzərə alanda Rusiya Azərbaycandan ciddi güzəştlər gözləyir, o cümlədən, Bakının öz xarici siyasət kursunu müəyyənləşdirib Avrasiya İqtisadi Birliyinə, Gömrük İttifaqına daxil olmasını istəyir. Düşünürəm ki, Kremlin emissarı Dugin (Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin-i nəzərdə tutur) Bakıya bu məqsədlə gəlmişdi. Məhz bundan sonra Azərbaycan ordusunda kütləvi həbslər başladı, hərbçilər Ermənistana işləməkdə suçlandılar. Bildiyim qədər, 48 hərbçi həbs edilib, onlardan 4-ü həbsxanada qətlə yetirilib. Tutalım, bu adamlar casusdur. Niyə onların günahı məhkəmədə sübuta yetirilmir? Düzü, bu qədər zabitin erməni kəşfiyyatına işləməsinə inanmıram. Bu, elə vətəndaş cəmiyyəti fəallarına, jurnalistlərə, müxalifətçilərə irəli sürülən saxta ittihamların digər bir formasıdır. Görünür, Kremldən Bakıya hansısa hədə gəlib, o da əks addım atmağa məcbur qalıb, yəni bəlkə də hesab edib ki, İlham Əliyev hakimiyyəti üçün ən ciddi təhdid ordu ola bilər. Bu gün ordu ilə bağlı atılan addımların xüsusi çəkisi var. Əvvəla bilirsiniz ki, prezidentin hərbi məsələlər üzrə köməkçisi işindən uzaqlaşdırıldı.
– Vahid Əliyev.
– Bəli. Ardınca bu işlərlə məşğul olan Məhərrəm Əliyev də işdən uzaqlaşdırıldı. Son təyinatlarla Ramiz Mehdiyevin mövqelərinin zəiflədilməsi prosesi gedir. Düşünürəm ki, yaxın zamanlarda ordu rəhbərliyində də dəyişiklik olacaq. Bundan sonra ailə hakimiyyəti güc strukturlarında da möhkəmlənəcək. Onu da istisna etmirəm ki, daxili işlər naziri dəyişdirilə bilər.
– “Ailə hakimiyyəti” deyəndə kimləri nəzərdə tutursunuz, – əliyevləri ya paşayevləri?
– Əliyevlər yoxdur artıq, paşayevlər var. Vaxtilə prezidentin dost-doğmaca əmisi Cəlal Əliyev bunu deyib. Artıq söhbət paşayevlər ailəsindən gedir.
– Ərəstun bəy, gözləmək olarmı, 2018-ci il prezident seçkiləri zamanı paşayevlərin hakimiyyətə gəlişi rəsmiləşəcək?
– Bu qədər qarışıq vəziyyətdə hələ gedib 2018-ci ilə çatmaq lazımdır. Prinsipcə, 2018-ci ildə kimin prezident olmasının əhəmiyyəti də yoxdur, bu, İlham Əliyev olacaq, ya Mehriban Əliyeva. Bu gün biz siyasətdə ifrat dərəcədə dözümsüzlük görürük. Məsələn, Gürcüstanda belə bir əməliyyatın keçirilməsi və jurnalist Əfqan Muxtarlının Azərbaycana gətirilməsi normal hakimiyyətə lazım olmayan addımdır. Yəni bununla göstərdilər ki, baxın, bizim əlimiz Gürcüstana da çatdı, orda da kimlərisə tutdururuq, qovdururuq, tutub gətiririk.
– Yeri gəlmişkən, Gürcüstanın bu məsələdə mövqeyini necə dəyərləndirirsiniz?
– Artıq Eynulla Fətullayevin məqaləsində adı çəkilən 3 nəfər bu və ya başqa formada Gürcüstanda neytrallaşdırılıb: Fərman Ceyranlı, Daşqın Ağalarlı, Əfqan Muxtarlı. Deməli, Gürcüstan hökuməti Azərbaycanla bilavasitə işbirliyindədir. Bu, yenilik deyil. Ruslan Bəşirli məsələsini yada salaq. O zaman - 2005-ci ildə hələ demokrat Saakashvili hakimiyyətdə idi. Gürcüstan hökuməti demokratik imic yaratsa da, bütün bu cinayətlərdə iştirak edib. Azərbaycan hakimiyyətinin məqsədi isə primitiv xofyaratma əməliyyatıdır. Amma bütün bu intriqalar, xofyaratma, resursların bir ailə əlində toplanması fonunda Azərbaycan cəmiyyətində ifrat yoxsullaşma gedir. Bu şəraitdə cəmiyyəti bir tək xofla qidalandırmaq mümkün olmayacaq. Cəmiyyətin kütləvi etirazı zamana bağlı məsələdir. İqtisadi iflas bu sürətlə davam edəcəksə, 2018-ci ilə qədər yaşaya bilmək lazımdır.
– Bu durumda Azərbaycan hakimiyyəti Rusiyayla mübarizədə dirəşəcək, yoxsa geri çəkiləcək?
“Əgər Azərbaycandakı siyasi vəziyyəti Rusiya dəyişəcəksə, buna da çox neqativ yanaşmaq lazım deyil. Bu, ictimai inkişaf baxımından müsbət tendensiya kimi dəyərləndirilməlidir”.
– Əslində, İlham Əliyev ölkənin Moskvanın nəzarətinə qaytarılmasına razılaşa bilər. Başqa tərəfdən görünən budur ki, Rusiya bunu istəmir. Rusiya bilir ki, Əliyev İsrailə, ABŞ-ın müəyyən çevrələrinə sıx bağlıdır, Türkiyə ilə birbaşa əlaqəlidir, Səudiyyə Ərəbistanıyla çox ehtiyatlı şəkildə əlaqələr yaratmağa çalışır. Rəsmi mətbuatda Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı Azərbaycanın siyasi müttəfiqi kimi qələmə verilir. Bu da acınacaqlı durumdur, bu üç dövlətdən ikisi terroru rəsmən dəstəkləyir. Türkiyə isə elə bir yoldadır ki, bizə verəcəyi heç bir müsbət örnək yoxdur. Azərbaycan dövlət olaraq həqiqətən çox çətin dönəmdədir, bunda da İlham Əliyev və komandasının müstəsna xidmətləri var. İndi də hakimiyyəti itirməmək üçün hər şeyə əl atır. Buna görə də korrupsioner, əliəyri, zorakılığa meylli, terrorçu tör-töküntülərlə əməkdaşlıq edir. Bu da ölkəyə yaxşı heç nə vəd etmir.
– Yaxın aylarda proseslər hansı istiqamətdə davam edəcək?
"Bu gün reallıq budur ki, Azərbaycanda dövlət yoxdur, bütün dövlət institutları darmadağın olub".
– Trump administrasiyasına bel bağlamaq, onun Azərbaycan üçün Rusiyayla döyüşə girməsini gözləmək düz deyil. Rusiyanın təsir imkanlarını isə sadalamaqla bitməz. Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyi düz anlamışamsa, Moskva yaxınlarda hərəkətə keçəcək və burda müəyyən dəyişikliklər edə bilər. Hətta düşünürəm ki, bu, Azərbaycan üçün də pis olmaz. Bataqlıq çürüməyə doğru gedir, nəsə tərpəniş olmalıdır ki, cəmiyyətdə yeni tendensiyalar yaransın. Əlbəttə, heç zaman arzulamamışam ki, Azərbaycan Rusiyanın təsir dairəsində olsun, 200 ildə Rusiyanın Azərbaycanda nələr etdiyini yaxşı bilirik. Amma çox təəssüf ki, milli azadlıq hərəkatının ilk günlərindən özünün demokratik, hüquqi dövlət yaratmaq istəyini Qərblə bağlamaq istəyən Azərbaycan cəmiyyəti də Qərbin korrupsioner siyasəti sayəsində məyus oldu. 1991-ci ildə Azərbaycanın tarixi şansı yaranmışdı ki, normal dövlət qursun. Amma Azərbaycan xalqının bu səyləri bir qrup qərbli korrupsionerin, lobbiçinin, dələduzun maraqlarına qurban verildi. Əgər Azərbaycandakı siyasi vəziyyəti Rusiya dəyişəcəksə, buna da çox neqativ yanaşmaq lazım deyil. Bu, ictimai inkişaf baxımından müsbət tendensiya kimi dəyərləndirilməlidir.
– Bu fikrinizə görə, yəqin ki, tənqid olunacaqsınız.
– Məni tənqid edənlər desinlər görüm Azərbaycan 25 il Qərblə əməkdaşlıqda nə əldə etdi?
– Ərəstun bəy, biz işğalçı, Azərbaycanı təxminən 200 il əsarətdə saxlayan dövlətdən danışırıq. Onun burda nəzarəti bərpa etməsi ölkənin süqutu, müstəqilliyin sonudur. Bununla necə barışmaq olar?
– Bunu çox yaxşı anlayıram. Bunu məndən çox danışan, məndən çox antirus mövqeli ekspert olmayıb. Ancaq Qərb bizə nə verdi? Rusiyanın əyaləti olan Ermənistan Azərbaycandan daha demokratikdir. Təbii ki, mən də ürəyimin dərinliyində Azərbaycanın müstəqilliyini itirməsini, Rusiyanın təsir dairəsinə qayıtmasını istəmirəm. Amma etiraf edək ki, müstəqillik azərbaycanlıları çox məyus etdi, azərbaycanlıların fərqli gözləntiləri vardı. Bu gün reallıq budur ki, Azərbaycanda dövlət yoxdur, bütün dövlət institutları darmadağın olub. Kimsə düşünürsə ki, Rusiyanın Azərbaycana siyasi müdaxiləsindənsə, bugünkü status-kvonu qoruyub saxlamaq daha məqbuldur, buyursunlar, xoşbəxt olsunlar. Onlara uğur arzulayıram.