Saturday, October 19, 2013

Seçkidə Hafiz Hacıyev "fenomeni" və ya rəsmi siyasətə kimlər təsir edir (təhlil)

Seçkidə Hafiz Hacıyev "fenomeni" və ya rəsmi siyasətə kimlər təsir edir (təhlil)

Oktyabrın 9-da keçirilən prezident seçkisinin ən yaddaqalan məqamlarından biri prezidentliyə namizəd, “Müasir Müsavat” partiyasının sədri Hafiz Hacıyevin koloritli çıxışları oldu. Əslində onun seçkiyə namizəd olaraq qatılması da, icra etdiyi rol da sürpriz deyildi. Belə ki, 2003-cü ildən başlayaraq ölkə iqtidarının opponentlərinə qarşı istifadə etdiyi “qara piar” texnologiyası onun daxili siyasətinin zəruri elementlərindən olub. Bu texnologiya hələ o zaman prezidentliyə namizəd olan İlham Əliyevin özü və yaxın ətrafı tərəfindən dəfələrlə siyasi gündəmə gətirilmişdi. Odur ki, Hafiz Hacıyevin “təbliğat kampaniyasının” üslubunda və mahiyyətində elə bir yeniliklər olmadı, hərçənd ki, iqtidar dairələri tərəfindən seçki ərəfəsində intensiv yayılan şaiyələrdə guya İsraildən, ABŞ-dan dəvət olunmuş siyasi texnologların köməyilə müasir qeyri-ənənəvi siyasi texnologiyaların tətbiq ediləcəyi iddia edilirdi. Sonda ölkə ictimaiyyəti teledebatlar və mitinqlər zamanı Azərbaycan iqtidarının ən “müasir” “siyasi” texnologiyalarının şahidi oldu. Beləliklə, Hafiz Hacıyev “fenomeninə” zərurətin haradan və nədən qaynaqlandığının önəmli olmadığını nəzərə alaraq, məsələnin digər aspektinə nəzər salmaq fikrimizcə daha maraqlıdır: bəlli “siyasi” mübarizə üsulunun arxasında hansı iqtidar rəsmisi dayanırdı? İlk baxışdan elə də ciddi siyasi əhəmiyyət kəsb eləmədiyi zənn edilən bu sualın pərdəarxasında maraqlı məqamların gizləndiyini nəzərə alaraq, onları araşdırmağa qərar verdik. Hakimiyyətin seçki strategiyasına ümumi rəhbərliyi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin həyata keçirməsinə baxmayaraq, bizə daxil olan məlumatlarda məhz cənab Mehdiyevin Hafiz Hacıyevin seçkiyə cəlb olunmasına etiraz etdiyi iddia olunur. Bu faktın və Hacıyevin adının namizədlər sırasında çəkilməsilə eyni zamanda yayılan şaiyələrin araşdırılması seçki ilə bağlı maraqlı detalları üzə çaıxardı. Belə ki, ilkin mərhələdə Hacıyev amilinin arxasında prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubovun durması haqda şaiyələr yayılırdı. Digər qaynaqlar isə bu məlumatın məqsədli dövriyyəyə buraxılan dezinformasiya olduğunu bildirirdi. Bu ən azı 2 mühüm səbəbdən anlaşılandır: əvvəla, belə bir layihənin müəllifi olmaq cəmiyyətdə müvafiq reputasiya qazandırır, ikincisi, general Əyyubovun adının dövriyyəyə buraxılması həm də dəqiq hesablanmış məntiqli gediş idi. Özü və qohumları haqda mətbuatda müntəzəm olaraq ən müxtəlif neqativ tutumlu məlumatların yayılmasına baxmayaraq, şəxsi mühafizə xidmətinin rəhbəri (həmçinin onun yaxınları) belə məlumatlara çox nadir hallarda reaksiya verirlər. Bəylər Əyyubovun adının bu məsələdə hallanması həm də generalın vaxtilə Hafiz Hacıyevlə eyni missiyanı yerinə yetirmiş Əhəd Abıyevi himayə etməsilə möhkəmləndirilirdi. Amma, bizim mərkəzə ölkənin məlumatlı qurumlarının birindən daxil olan məlumatda deyilir ki, oktyabrın 8-də (!?) Hafiz Hacıyevin qızı çalışdığı Fövqəladə Hallar Nazirliyində vəzifədə yüksəldilərək şöbə müdiri təyin olunmuşdur. Məlumatda həmçinin namizədin seçki kampaniyasının da nazir Kəmaləddin Heydərova yaxın çevrələr tərəfindən dəstəkləndiyi iddia olunur. Təbii ki, bu tipli addımların təşəbbüs olduğunu iddia eləmirik, lakin eyni zamanda, hakimiyyət üçün əsas siyasi kampaniya sayılan prezident seçkisində kimlərə namizəd vermək kimi yüksək etimadın göstərilməsi diqqət çəkməyə bilməz. Fövqəlnazirin seçkidə himayə etdiyi namizədlərin sayının ən azı 2 nəfər olması (BAXCP sədri Qüdrət Həsənquliyev və “Müasir Müsavat” partiyasının sədri Hafiz Hacıyev) isə nazir Heydərova dövlət başçısı İlham Əliyev tərəfindən etimad göstərilməsinə işarə idi. Xüsusilə də Hafiz Hacıyevin məlum çıxışları kimi həssas bir məsələdə. Düzdür, bizə daxil olan məlumatlarda Heydərovun seçkidə iştirak edən 3-cü namizədlə bağlı da iş aparması iddia olunur, lakin məlumatın tam təsdiqlənmədiyini nəzərə alaraq, buna hələlik toxunmamağı qərara aldıq. Etimadın bu səviyyədə olması isə anlaşılandır, çünki hələ seçkidən xeyli əvvəl müxtəlif media vasitələrində fövqəlnazirin Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşdırılması istiqamətində intensiv səylər göstərdiyi qeyd olunurdu. Bəzi diplomatik dairələr daxil xeli mənbələr nazirin Rusiya hərbi-sənaye dairələrindəki əlaqələri vasitəsilə Putin-Əliyev münasibətlərini müsbətə doğru dəyişmək isiqamətində çalışdığı bildirilirdi. Lakin bu münasibətlərin Rusiya üçün əsas hədəfi - Azərbaycanın Avrasiya İttifaqına və Gömrük Birliyinə daxil edilməsi məsələsi gündəmə gəldiyi zamandan rəsmi Bakı tərəfindən neqativ qarşılanmışdı. Maraqlıdır ki, prezidentliyə namizəd, BAXCP sədri teledebatlar zamanı ölkənin bu qurumlara və həmçinin Kollektiv Təklükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olması zərurətindən bir neçə dəfə xüsusilə danışmışdı. Güman etmək olar ki, bu bəyanatlar siyasi rəhbərliyin xeyir-duasilə verilirdi və iki məqsədə xidmət edirdi: seçkiyə tənqidi münasibət sərgiləyəcəyi gözlənilən Qərbə və ilk növbədə ABŞ-a “Biz Rusiya ilə də yaxınlaşa bilərik” mesajını vermək və Rusiya tərəfə yuxarıda qeyd olunan qurumlara üzvlük məsələsinin prezident seçkisindən sonra həll edilə biləcəyi ümidini vermək. Bu fikirlərin məhz namizəd Həsənquliyev tərəfindən səsləndirilməsi həmçinin onunla yaxın olan və Rusiya ilə əlaqələrin qurulmasında əsas fiqura çevrilən fövqəlnazirin bu mövqedə olmasına işarə kimi də qəbul edilə bilərdi. Yaranmış durumda ən maraqlı detal isə ənəvi olaraq Rusiyaya loyal sayılan PA-nın rəhbəri Ramiz Mehdiyevin qeyd olunan məsələlərə dair heç bir münasibət ifadə etməməsi idi. Görünür, daha təcrübəli aparatçı olan Mehdiyev məlum durumda beynəlxalq çözümün bütün zəruri detallarının çatışmadığını və eyni yolu tutan Ermənistana Qərbin sərt reaksiyasını nəzərə alaraq, işə “qarışmamağa” üstünlük vermiş və meydanı Kəmaləddin Heydərov üçün “boşaltmışdı”. Bir sıra iddialara görə Rusiya prezidenti Vladimir Putinin Bakı səfəri zamanı onu müşaiyət edən nümayəndə heyətinin tərkibində hərbi-sənaye kompleksi təmsilçilərinin xüsusi çəkisi olması da təsadüfi deyildi. Görünür Bakı buxtasına yan alan 2 köhnə hərbi gəmi vasitəsilə Putin azərbaycanlı həmkarına müəyyən mesajlar çatdırmaq istəyirdi. Mesajların Qərbə ünvanlanması inandırıcı deyil və ABŞ, Avropa mediasında bu səfərlə bağlı sərgilənən ironik ekspert rəyləri də deyilənə sübutdur. O zaman Putinin Əliyevə “əsgəri” çalarlı mesajları nədən ibarət idi? Bir çox ekspertlərin fikrincə Rusiya prezidenti bununla ehtiyac olarsa Azərbaycanı hətta hərbi güc vasitəsilə öz iradəsinə tabe edəcəyini və KTMT daxil bütün qurumlara üzvlüyə cəlb etməyə çalışacağını çatdırmaq istəyirdi. Belə dəyərləndirmələr də mövcuddur ki, uzun illərdir bölgə uğrunda gedən geosiyasi mübarizədə mövqeləri zəifləmiş tərəf kimi təqdim olunan Rusiya mövcud stereotipi dağıtmağı və özünü yeni keyfiyyətdə nümayiş etdirməyi düşünürdü. Fikrimizcə, hər ikisi yetərincə inandırıcı və bir-birini tamamlayan versiyalar kimi görünən bu dəyərləndirmələrin arxasında həmçinin Rusiya hərbiyyəsinin birbaşa maraqları da dayanırdı. Yəni, Rusiyanın bütün bu planları reallaşdırmasının yolu Azərbaycanın hal-hazırda daha çox qeyri-rusiya hərbi dairələrilə əməkdaşlığı olan hərbi və hərbi-sənaye çevrələrini öz nəzarətinə almaq iradəsi dayanırdı. Başqa sözlərlə, Azərbaycanın Müdafiə və Müdafiə Sənayesi nazirliklərini Rusiyaya loyal şəxslərin tabeliyinə keçirmək. Bu baxımdan uzun müddətdir Müdafiə naziri Səfər Əbiyevin rusiyapərəst dirələrə yaxın medianın hədəfində olması da təsadüfi görünməməlidir. Lakin geosiyasi mübarizənin bu müstəvisində Rusiyanın bölgə uğrunda mübarizədəki əsas rəqibi Vaşınqton da “mürgüləmir”. 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gətirilməsində önəmli rol oynamış səfir Riçard Morninqstar vasitəsilə dövlət başçısı ilə birbaşa yaxın əlaqələr quran Ağ Ev Azərbaycanın müdafiə nazirini də “unutmur”. Odur ki, Səfər Əbiyevin Vaşonqtona dəvətindən və ABŞ səfirinin onunla seçkisonrası görüşündən həmən sonra Prezident Administrasiyasından “açılan atəşlə” Vaşinqtonun və biləvasitə səfirin hədəfə alınması heç də təsadüfi görünməməlidir. Ən diqqətçəkəni isə bu atəşin "ağır artilleriyadan" – birbaşa şəxsən Ramiz Mehdiyev tərəfindən açılmasıdır. Müdafiə Nazirliyi ilə səfir arasında yaranan “səs yazısı” qalmaqalına gəlincə isə, istisna olunmur ki, ehtiyatlı şəxs olan hərbi nazir bu qalmaqalda iştiraka “xüsusi xahişdən” sonra imza atmışdır. Əks-halda, Səfər Əbiyevə indiki həssas durumunda belə bir qalmaqalın lazım olması inandırıcı görünmür. Bu kontekstdə, ABŞ Dövlət Departamentinin özünü çox gözlətməyən sərt reaksiyasında məhz Ramiz Mehdiyevin hədəfə alınması da anlaşılandır. Beləliklə, Rusiyaya loyallıq uğrunda mübarizədə meydana qayıdan Mehdiyevin Vaşıqtona qarşı açıq döyüşə girməsi Bakı-Vaşinqton diplomatik savaşının başlandığına mesaj kimi qəbul edilə bilər. Əslində bu savaşın anonsu ABŞ-ın 9 oktyabr seçkisinə münasibətində öz əksini tapmışdı. Məhz bu anonsu verməklə Vaşinqton administrasiya rəhbərini səngərdən çıxarmağa və açıq döyüşə çəkməyə müvəffəq oldu. Döyüşün necə bitəcəyi hələ bəlli olmasa da üç sualın cavabı yaxın gələcəkdə bu məsələdə, rəsmi Bakının siyasətinə təsir edən konturların müəyyənləşməsində, o cümlədən Mehdiyevin siyasi taleyinin perspektivində özünü göstərəcəkdir:
1. ABŞ-ın seçki təzyiqlərilə sinxron olaraq Azərbaycana qarşı isterik təbliğat müharibəsi açmış Rusiya bu savaşda administrasiya rəhbərini açıq müdafiə edəcək, yoxsa Əliyev hakimiyyətindəki yeni tərəfdaşları üçün yeni imkanların açılmasında Vaşinqtonun səylərindən yararlanmağa üstünlük verəcək?
2. İlham Əliyev Bakı-Vaşinqton qarşıdurmasına şəxsən qatılacaq, yoxsa indiki gözləmə mövqeyində qalaraq bu işi daha təcrübəli administrasiya rəhbərinin öhdəsinə buraxmaqda davam edəcək?
3. Nəhayət, savaş tərəflərindən kimsə geriyə çəkilməyə qərar verəcək, yoxsa başlanmış diplomatik müharibə öz məntiqi sonluğunadək davam edəcək?
Təhlillər göstərir ki, savaşın sonadək davam edəcəyi ehtimalı daha yüksəkdir. Çünki məhz bu ssenarinin bütün tərəflərin maraqlarına cavab verməsi daha inandırıcı görünür: Əliyevlə əlaqələrini möhkəmləndirərək onu islahatlara çəkmək istəyən Vaşinqtonun da, Bakıdakı “yeni” tərəfdaşları (fövqəlnazir və onun komandası) üçün yeni imkanların açılmasında maraqlı olan Rusiyanın da, diplomatik qarşıdurmada Mehdiyevin məğlub olacağına xeyli dərəcədə haqlı olaraq ümid bəsləyən hakimiyyətdaxili qrupların da və nəhayət, görünən budur ki, hətta başı üzərində qara buludlar toplaşan Ramiz Mehdiyevin də. Belə ki, görünür administrasiya rəhbəri meydanı asanlıqla, tezliklə və təslimçiliklə tərk eləmək fikrində deyil və Azərbaycanın siyasətində mühüm rol oynamaqda israrlıdır.

"Şərq-Qərb" Araşdırmalar Mərkəzi

Sunday, October 13, 2013

Milyarderlərin hipnozundan ATƏT-in seytnotunadək

Cəmil Həsənlidən ayıltma effektli "şapalaq"

Etiraf edək ki, "Milyarderlər İttifaqının" hipnozunu dağıdıb, "İbrahimbəyov tilsimini" sındırıb Əliyev iqtidarının tək rəqibləri olduğunu iddia edənləri tarixi xəcalətdən qurtaran sayın professorumuzun seçki kampaniyasında və xüsusilə də teledebatlarda nümayiş etdirdiyi prinsipial mövqe təkcə müxalifəti deyil, elə cəmiyyətin özünü də xeyli "ayıltdı". Bu "ayıltmaya" Cəmil müəllimin iqtidara vurduğu "şapalaqların" dalğalarının da xeyli təsiri oldu. 
Bu arada deyirlər ki, Cəmil müəllimin namizədliyinin irəli sürülməsində gənclərin müstəsna rolu olub. Belədirsə, sevinməyə dəyər. Demək ki, həqiqətən güvəniləsi yerimiz var artıq.

Estafet ötürülür müşahidəçilərə və ATƏT-dən ikinci "şapalaq" gəlir

Hər şey sakit, öz 20-illik axarı üzrə gedirdi ki, qəfildən ikinci "şapalaq" açıldı. Özü də, nənəm demiş "Həzrət Abbas şapalağı" oldu bu. Bu dəfə bir çoxlarının təsəvvür etmədiyinə və gözləmədiyinə rəğmən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatı ortalığı qarışdırdı. Özü də elə qarışdırdı ki, belə bir qarışıqlığı hətta iqtidar da gözləmirdi, onda ki, ola onun fil qulağında yatan iddiaçıları. Bu yerdə, İlham Əliyev demiş, təvazökar adam olsam da, xatırladım ki, bu "şapalağın" anonsunu bəndəniz seçkilərdən hələ bir həftə əvvəl vermişdi. İndi Əliyev iqtidarı gözlənilməzlikdən "seytnotda", Cəmil Həsənlinin namizədliyini dəstəkləyən Milli Şura isə eyforik tormozlanma vəziyyətindədir. Bunu həm hakimiyyətin baş verənlərə qeyri-adekvat reaksiyalarından, həm də onun opponentlərinin çaşğınlığından asanlıqla sezmək olar. Düzdür, bunu da hamıya aid eləmək ədalətsizlik olardı. Məsələn, professor Həsənlinin namizədliyinə hər çür mane olanların, bunu sabotaj edənlərin bəzilərini bugünkü mitinqin tribunasında görmək sürpriz olmasa da, çox maraqlı və ümidverici idi. Mənimçün yox, onların özləri üçün. Ona görə ümidvericidır ki, bu insanların bəzilərinin hakimiyyətin dadı hələ də damağından getməyib və iybilmə hisslərinin itiliyinə zərrə qədər şübhəm yoxdur. Dünənki sabotajdan bugünkü aktivliyə keçmələri bu mənada pis siqnal deyil. Demək, hər şey düşündüyümüz qədər də ümidsiz deyil. 
Beləliklə ATƏT-dən zərbə və bu zərbənın effektindən nə hakimiyyət, nə də Milli Şura (belə bir qurumun Putinin Bakı səfərindən sonra mövcud olmasının özü xeyli suallar doğursa da) dərin fikrə dalıb nə edəcəklərini bilmirlər. Amma Şura tezcə durumdan çıxış yolunu tapır və mitinqə qərar verır. Bütün zamanların və xalqların universal mübarizə vasitəsinə əl atmaqla o, (Şura) əslində hakimiyyətə də seytnotdan çıxış yolunu göstərir. Öncədən deyim ki, bununla mitinq keçirməyin heç də hakimiyyətin planlarına uyğun olduğunu iddia eləmək fikrində deyiləm. Ən azı ona görə ki, bu hakimiyyətin heç zaman heç bir planı olmayıb və yoxdur da və olmayacaq da. Odur ki, qaraguruhçu "dostlarıma" mənə növbəti dəfə qara yaxmaqda tələsməməyi məsləhət görürəm 

Gedək mitinqə

Bu gün getdim və əmin oldum ki:
1. Mitinq öz uğuruna və kütləviliyinə rəğmən hələ müxalif çevrədən çox da kənara çıxa bilməyib, yəni xalq hələ gözə dəymir.
2. Mitinq ruhlandırıcı notlarda keçməklə yanaşı, həm də illərdir bu mübarizədə olanları, bu yolda hər şeydən keçən mübariz insanları yenidən bir araya gətirdi
3. Mitinqdə yeni tipli çıxışlar da oldu
4. Gənclik prosesin mərkəzindədir

P.S.: Gənclik demiş, gənc nəslə təşəkkürünü bildirən oratorlardan biri "NİDA"nı xüsusilə vurğuladı. Razıyam, amma ədalət naminə, mitinqin sonunda buna onsuz da hazır olan polisi təxribata çəkənləri də qeyd eləmək olardı. Hərə bir işi bacarır və kim necə bacarırsa elə də alındırır. Bu yerdə...

Lətifə

Amerikanın "Vəhşı Qərb" dönəmlərində birisi bara gəlir və qapıdakı elanı görür: "Xahiş edirik, pianoçuya güllə atmayın! O bacardığı kimi ifa edir"
Müştəri qarsondan soruşur: "Bəs pianoçu hanı? Görünmür."
Qarson məyus halda cavab verir: "Bilirsiniz, ser, dünən bizə yazıb-oxumağı bacarmayan bir kovboy gəlmişdi..." 

Nəhayət

P.P.S.: Əmin olun ki, 12 oktyabr mitinqinin uğurlu olması iqtidara "naşatır spirti" təsiri bağışladı və sabahkı istirahət gününü dağda-bağda keçirəndən sonra iqtidar cənabları bazar ertəsindən artıq seytnotdan çıxmış durumda əks-hücuma başlayacaqlar. Bax bu yerdə də sual gəlir ki,  

Bəs onda taktika nədən ibarət olacaq?

Mən hələ strategiyanı soruşub bu söyüşə oxşayan sözlə qanınızı qaraltmaq istəmirəm...