Wednesday, December 5, 2012

İlham Əliyevə "Ayı xidməti"

Qərb öz ampluasındadır və çoxmənalı, ikibaşlı bəyənatları ilə İlham Əliyevə "ayı xidməti" göstərməkdə davam edir. Bu dəfə bu xidməti Avropa Birliyinin səfiri Rolan Kobia göstərdi. AB səfiri deyib ki, İlham Əliyevin gələn ilki seçkilərdə qalib gəlmək şansı çoxdur. Özü də Rusiyanın İlham Əliyevə təzyiqinin pik nöqtəyə çatdığı bir zamanda və İlham Əliyevin MDB ölkələri başçılarının Türkmənistan görüşünə getmədiyi bir gündə. Rusiyanın reaksiyasının özünü çox gözlətməyəcəyini ehtimal etmək olar, əlbəttə ki, bəyənatlarda yox...
Amma səfir Kobianın "... amma biz düşünürük ki, İlham Əliyevin bu seçkilərdə qalib gəlməyə daha çox şansı var, çünki o xalq arasında tanınır..." fikri isə yaxşı-yaxşı düşünməyə əsas verir. Məgər prezidenti xalq arasında tanınmağa görə seçirlər, yoxsa prezidentlik müddətində gördüyü işlərə görə? Düzü, deyə bilmərəm cənab Kobia bununla nə demək istəyib, amma özünə hörmət edən prezident bu cür "dəyərləndirməni" ən yaxşı halda onunla məzələnmək, ən pis halda isə düşündürücü xəbərdarlıq kimi qəbul edərdi. 

Tuesday, November 27, 2012

Qurtuluş (2 pardəli tragikomediya)

 İ pərdə.

2013-cü il, mart ayının təxminən 20-25-i. Milli Məclisin yaz sessiyasının iclası
Oqtay Əsədov: - Hörmətli millət vəkilləri! Bilirsiniz ki, mən spiker olaraq hər zaman demokratiyanın tərəfdarı olmuşam və bu gün də sizdən ölkədə baş verənlərə münasibət bildirmənizə şərait yaratdığıma çox şadam. Bu gündən etibarən heç kimə imkan vermərəm ki, bizim hörmətli millət vəkillərinin mikrofonunu söndürsün. Buyurun, danışın, fikrinizi bildirin. Beləliklə, carı məsələlərə dair çıxış üçün siyahıya 128 millət vəkili yazılıb...
Qüdrət Hədənquliyev (yerindən): - Oqtay müəllim, sizin o siyahı da Rövnəq Abdullayevin neft kontraktı  kimi donqilidir. 125 millət vəkili olan yerdə 128-i necə yazıla bilər çıxışa?
Oqtay Əsədov:-Qüdrət müəllim, üzr istəyirəm Qüdrət bəy, burda belə yazılıb, günah məndə deyil. Biz hətta bilirik ki, 5 nəfər artıq xaricə qaçıb, amma çıxışa yazılan doğrudan da 128-dir.
Fəzail Ağamalı:-Qüdrət bəy, mən 2 dəfə yazılmışam, çünki 2 müxtəlif mövzuda: biri bu iqtidarın səhvləri barədə, o birisi isə bizim hörmətli müxalifətimiz və onun möhtərəm liderləri barədə...
Sabir Rüstəmxanlı: - Qüdrət bəy, mən də 2 çıxışa yazılmışam
Əli Əhmədov:- mən də.
Qüdrət Həsənquliyev (istehza ilə):-Əli müəllim siz də YAP adından müxalifətə alqış çıxışı edəcəksiniz?
Əli Əhmədov: - Mən sizin istehzanızı başa düşmürəm. Məgər YAP nə zamansa bizim hörmətli müxalifətin ya da demokratiyanın əleyhinə olub? Siyavuş müəllimdən, ya Mübariz müəllimdən soruşa bilərsiniz. Biz üçümüz də hər zaman müxalifətlə dialoqun tərəfində olmuşuq. Hətta birlikdə məktub da imzalamışıq. Mən göstərə də bilərəm. Onların da hər biri 2 çıxışa yzılıb.
Qüdrət Həsənquliyev: - Onda belə çıxır ki, kimsə ümumiyyətlə çıxışa yazılmayıb...
(Bu an zala sükut çökür və bir qədərdən sonra spiker bu sükutu pozur).
Oqtay Əsədov (məyusluqla): Bəylər və xanımlar, yəni aramızda kimsə var ki, bu gün ölkənin hörmətli müxalifəti ilə birləşmək məsələsinə münasibət bildirmək istəməsin?
(bir qədər sükutdan sonra)
Vahid Əhmədov (kinayə ilə):-mən çıxışa yazılmamışam, çünki sözümü çoxdan demişəm. Qoy bu gün müxalifəti söyməkdən doymayanlar danışsınlar
Ziyafət Əsgərov (yerindən dik atılaraq): -Vahid bəy, yəni siz deyirsiniz Azərbaycan siyasətində kişilik qalmayıb? Bu nə münasibətdir ölkədəki demokratik inkişafa?
Vahid Əhmədov: - Mən sözümü hər zaman demişəm və burda heç oturmaq da istəmirəm.
(Aramla qapıya tərəf gedərək iclas zalını tərk edir)
Oqtay Əsədov: - Beləliklə ilk çıxış üçün siyahıda Rəbiyyət xanım Aslanova yazılıb. Buyurun!
Rəbiyyət Aslanova:- Hörmətli millət vəkilləri! Hamınız bilirsiniz ki, mən İnsan Haqları Daimi Komitəsinin sədri kimi, hər zaman ölkədəki müxalifət nümayəndələrinin hüquqlarını qorumuşam və (bu yerdə dözməyən və mandatı alınmasına baxmayaraq iclasa qatılan Gülər Əhmədova yerindən replika atır:- Buna bax ey, utanmır da gör nə danışır, hələ də nala-mıxa vurur! Mən Facebook-da yazanda ki, bizə inqilab lazımdır mənə ağzına gələni deyirdi. Camaatda üz var ey!!!!)
Rəbiyyət Aslanova onu kinayə ilə süzərək, davam edir: Haminiz bilirsiniz ki, mən bütün həbs olunanlarla bağlı hər zaman düşünmüşəm, bəzən açıq deyə bilməsəm də, yeyəndə də, yatanda da və hətta başqa situasiyalarda da ürəyim onlarla olub, qəlbimdə onlara olan sevgimi gəzdirmişəm...
Fazil Mustafa (onun sözünü kəsərək): - Rəbiyyət xanım düz deyir, bunlar hamısı yalan deyil, biz bunu birlikdə Ramiz müəllimin rəhbərliyi altında eləmişik. 
Bu yerdə zala səs küy düşür və Pişmillah! Pişmillah! sədaları ilə Hacı Allahşükür daxil olur və qalxır birbaşa tribunaya: Pişmillah-ir-Rəhmanirrəhim, mən xeyir-dua verməliyəm...
Oqtay Əsədov (onun sözünü kəsərək): - Hacı, sizin işinizə hələ var, əvvəl köhnəni yola salaq, sonra təzəyə xeyir-dua verərsiniz.
Bu yerdə zalda səs-küy bir az da artır və Siyavuş Novruzov şeyxin tribunanı tərk etməsini tələb edir. Mübahisə başlayır və bitməmiş zala Səfər Əbiyev daxil olur. 
Səfər Əbiyev: - Mən söz verirəm ki, ordu hər zaman xalqın tərəfində olub və belə də olacaq.
Ondan bir az geri qalan Ramil Usubov qışqırır:-Şərəfli Azərbaycan polisi də hər zaman olduğu kimi xalqı dəstəkləyir....
Bahar Muradova: - Bəs Eldar Mahmudov hanı? 
İqbal Ağazadə: - İndi zəng edib dostlardan öyrənərəm.
Oqtay Əsəsdov: - Lazım deyil, Eldar bəy, müəllim komandirovkadadır.
İqbal ağazadə: - Harda? Moskvada?
Ogtay Əsədov: - Xeyr, Tel-Əvivdə.
Bunu eşidən bütün məclis əhli sükuta dalır.
Pərdə enir. Növbəti günədək fasilə elan edilir...


Reallığımız budur...

Mənə jurnalist dostlarım tez-tez ölkədəki ictimai-siyasi durumu dəyərləndirmək haqda sualla müraciət edirlər. Dostlar, durum yetərincə acınacaqlıdır. Belə ki,
illər boyu iqtidara ölkənin siyasi sistemini dağıtmamağı tövsiyyə edirdik.
İllər boyu deyirdik ki, bütün siyasi opponentləri sıradan çıxarmaq lazım deyil.
İllər boyu xəbərdarlıq edirdik ki, Azərbaycan tipli dövlətlərdə "fors-major" situasiyalar istisna edilə bilməz. 
İllər boyu "balanslaşdırılmış xarici siyasət kursu" adlandırılan primitiv yalandan imtina edib prioritetləri müəyyənləşdirmək lazımdır.
Nəhayət illər boyu dönə-dönə təkrarlayırdıq ki, milləti aclığa, yoxsulluğa, səfalətə, mənəvi deformasiyaya məruz qoymaq lazım deyil.
Amma dediklərimizi özümüz eşidir, əvəzində isə iqtidardan "müdrik, uzaqgörən siyasətin" uğurları haqda reaksiyalar alırdıq. Deyirdik belə siyasətin olması üçün müdriklik, uzaqgörənlik bir yana, heç olmazsa azca siyasətçi olmaq lazımdır.
İndi o zaman yetişdi. Təssüf ki... Ona görə təssüf ki, iqtidar komandası və onun "müdrik, uzaqgörən siyasəti" qum dolu çürük torba kimi hər tərəfindən dağıldığı bir zamanda ölkədə siyasi münasibətlər sistemi yoxdur, qanunçuluq anlayışı itib-batıb, ağır durumda ölkəyə nəzarəti üzərinə götürə biləcək siyasi qüvvə yoxdur, millət acınacaqlı sosial durumdadır, xarici siyasət iflasa uğrayıb,
Bu günün və sabahın durumu budur.
Qorxuncdur, elə deyilmi? Bəli, amma budur.
Ümidverici deyil, elə deyilmi?
Razıyam, amma budur.
Reallığımız budur...

Monday, November 26, 2012

Putinin əsas müxalifəti hücuma keçir və ya Rusiya yeni "saray çevrilişi" ərəfəsində

Rusiya siyasəti hər zaman özünəməxsusluğu ilə seçilib. İnstitusional quruluşu və idarəçiliyi zəif olan superdövlətdə SSRİ dağıldıqdan sonra ictimai-siyasi sistemdə sabit, oturuşmuş, strateji hədəfləri müəyyənləşmiş siyasi partiya və birliklərin olmaması siyasi mübarizənin daim pərdəarxası getməsinə səbəb olub və bu münasibətlər sistemi hələ də davam etməkdədir. Buna misal olaraq deyə bilərik ki, sabit siyasi komandası olmayan ilk prezident Boris Yeltsinin rəhbərliyi dönəmində də, ondan sonra əsasən xüsusi xidmətlərin siyasi təmsilçisi olan Vladimir Putinin prezidentliyi dönəmində də Rusiya siyasətində qanunlara, əsasən də Konstitusiyaya söykənən real siyasət həyata keçirilməyib. Bu da son nəticədə özünü münasibətlərində real səlahiyyət bölgüsü olmayan hakimiyyət qanadları arasında balansın pozulmasında - əsasən də ali qanunverici və məhkəmə hakimiyyətlərinin zəifliyində və bu fonda icra hakimiyyəti qanadının dominantlığında göstərir. Rusiya siyasətinin digər bir spesifikliyi də bütün hakimiyyət qanadlarının legitimlik probleminin olmasıdır. Belə ki, mərkəzləşmiş avtoritar sistem və onun bütün elementləri əsasən qanunlar üzərində yox, onların icrasının imitasiyası üzərində fəaliyyət göstərir. Əlbəttə ki, belə bir şəraitdə funksional ictimai-siyasi münasibətlər sisteminin mövcud olmasından danışmağa belə dəyməz. Görünür məhz bu səbəbdən də Rusiyada müxalifətin özünün belə legitim statusu xeyli suallar doğurur və məhz bu səbəbdən də Dövlət Dumasında təmsil olunan partiyalar "sistem müxalifəti" adlandırılır, yəni mərkəzləşmiş avtoritar sistemin tərkib hissəsi. Amma siyasi məntiq belə bir şəraitdə "Bəs Rusiyadakı sistemin müxalifəti kimdir?" sualını gündəmə gətirir. Müxtəlif institut və analitiklərin dəyərləndirməsinə əsasən Rusiyada mərkəzləşmiş korrupsioner-avtoritar hakimiyyətin əsas opponenti də elə sistemin daxilindədir və bu ölkənin hərbi-sənaye kompleksidir. Bu cür hakimiyyətdaxili rəqabətin bünovrəsi hələ "xalqlar atası" İosif Stalinin dönəmində qoyulmuşdu və totalitar sistemin konkret məqsədlərinə xidmət edirdi. Əsas məqsədlər isə bunlar idi: cəmiyyətdə alternativ siyasi qüvvənin yaranmasına imkan verməmək və hakimiyyətdaxili mübarizəni 2-ci, 3-cü səviyyələrdə qapamaqla diktaturanın yuxarı eşolonlarının sabit hakim mövqeyini təmin eləmək. Stalin dönəmində nisbətən uğurlu olan bu modeli Nikita Xruşovun və Mixail Qorbaçovun rəhbərliyi dönəmində islah etmək iradəsilə yanaşı, Leonid Brejnev dönəmində onu tam funksional durumda qoruyub saxlamaq cəhdləri də boşa çıxdı. Nəticə isə bəllidir: SSRİ dağıldı. Lakin sistemin əsas elementləri öz mövcudluğunu qoruyub saxlaya bildi və müstəqil Rusiyada hakimiyyətdaxili mübarizənin əsas tərəfləri kimi aktuallığını itirmədi. Bu bir tərəfdən partiya-təsərrüfat nomenklaturası, digər tərəfdən isə hərbi-sənaye kompleksidir və bu pərdəarxası mübarizə bu gün də davam etməkdə, son zamanlar isə daha da kəskinləşməkdədir. Üzdə hər şey vaxtilə nomenklatura tərəfindən "Podmoskovyenin" qubernatoruna qədər "alçaldılmış" Sergey Şoyqunun Müdafiə naziri postuna gətirilməsilə başlasa da, əslində nomenklatura-generalitet mübarizəsinin ən kəskin dönəmi Putin-Medvedyev cütlüyünün hakimiyyətinin pik nöqtəsinə təsadüf edirdi. Xüsusilə dəMedvedyevin prezidentliyi dövrünə. Həmin dövrdə Rusiya hərbiyyəsi küncə sıxılmış kimi görünürdü və zəif prezident generalları dəstə-dəstə istefaya, pensiyaya göndərməklə nomenklaturanın mövqeyini gücləndirirdi. Bu möhkəmlənmənin nəticəsi olaraq Rusiyada hətta mülki şəxs də hərbiyyəyə rəhbərliyə gətirildi. Məhz həmin dövrü generalitetin ağır itkilər verdiyi dönəm kimi xarakterizə etmək olar. Belə itkilərdən biri də 2010-cu ilin yayında QRU (Rusiya hərbi kəşfiyyatı) rəisinin müavini general-mayor Yuriy İvanovun Suriyada çimərkən dənizdə "batması" oldu.  
Nəhayət, Vladimir Putinin ikinci dövrə prezidentliyə qayıtmasına Rusiya cəmiyyətində baş qaldıran etirazlar, elə həmin ərəfədə əsas ixracat məhsulu olan neftin qiymətlərinin düşməsi küncə sıxılmış hərbiyyənin özünə gəlməsinə imkan yaratdı və o (hərbi-sənaye kompleksi), elə küncdən də dəqiq zərbə endirdi. Öz  komandasının üzvü olan mülkü Müdafiə naziri Anatoliy Serdyukovun korrupsiya ittihamı ilə biabırçı şəkildə kənarlaşdırılması və onun yerinə dördulduzlu general Sergey Şoyqunun gətirilməsi qərarını verəndə prezident Putinin hansı sərt reallıqla üz-üzə qalmasını yalnız təsəvvür eləmək olar. Reallıqlar isə həm də bundan ibarətdir ki, artıq özünə sahib çıxmış generalitetin Rusiya siyasətində də mövqeləri təsəvvür edildiyi qədər zəif deyil. Rusiya siyasətində hələ də aktuallığını saxlayan sabiq Baş Nazirin müavini Aleksandr Şoxin, ondan daha yüksək dövlət postları tutmuş həmkarı, dördulduzlu general Sergey İvanov və Rusiya Federasiyası Baş Nazirinin müavini Dmitriy Rogozin generalitetin lobbiçilik etdiyi siyasi fiqurlardandılar. Bu hələ necə deyərlər,  aysberqin görünən hissəsidir. Onun suyun altında olan parçasına isə Rusiya cəmiyyətin və siyasətinin böyük bir hissəsini təşkil edən "milli-vətənpərvər qüvvələrin" aid olduğunu nəzərə alsaq perspektiv bir qədər də aydınlaşır. İstisna olunmur ki, Qərbdə davam edən iqtisadi böhran nəticəsində enerji daşıyıcılarının qiymətinin gözlənilən kəskin enməsi və bunun Rusiya üçün sosial-iqtisadi fəsadları hərbiyyəni ruhlandıra və bu dəfə daha ciddi hədəfi vurmağa sövq edə bilər. Bu hədəf isə yüksək ehtimalla Baş Nazir Dmitriy Medvedyev olacaq və bu addımın da uğurlu alınacağı təqdirdə hərbi-sənaye kompleksi de-fakto hökuməti nəzarətə götürmüş olardı. Belə bir durumda prezident Putinin real statusunu amerikan siyasi leksikonunda deyildiyi kimi "axsaq ördək" adlandırmaq olardı, amma bildiyimiz kimi Rusiya siyasətində "axsaq ördəklər"dənsə "ölü ördəklərə" üstünlük vermək ənənəsi mövcuddur. Ən azı ona görə ki, Rusiya siyasi reallığında ikinci variant daha etibarlı və zərərsiz sayılır...            

Monday, November 12, 2012

ABŞ seçkiləri: Respublikaçılar niyə məğlub oldular?

ABŞ-da növbəti prezident seçkiləri arxada qaldı və demokrat prezident Barak Obama qalib gələrək Ag Evi növbəti 4 il müddətinə əldə saxlamağa müvəffəq oldu. Seçkilərə ciddi hazırlaşan Respublikaçılar partiyası isə təkcə Ağ Ev uğrunda mübarizəni deyil, həm də Konqresin hər iki palatasında çoxluq əldə etmək uğrunda mübarizəni də uduzdu. Nə idi bunun səbəbi? Niyə son 4 ildə daxili siyasətdə ciddi uğur əldə edə bilməyən demokrat administrasiya seçkilərdə belə uğurlu oldu? ABŞ cəmiyyətində hansı dəyərlər bu gün dominantlıq təşkil edir? 21-ci əsrin Amerikası 15-20 il əvvəlkindən çoxmu fərqlənir? Çalışacağam bu yazımda həmin suallara cavablar axtarım. Əlbəttə ki, mənim bilgilərim və təsəvvürlərim çərçivəsində.  
Öncə tərəflərin seçki strategiyasında müxtəlif məsələlərə yanaşmalarına diqqət yetirmək məncə maraqlı olardı. Belə ki, respublikaçıların sərt sosial siyasət təklif elədikləri halda, demokratlar daha çox məhz sosial məsələlərə diqqət çəkməyə üstünlük verirdilər. Amma hələ də böhran içində olan və yoxsulluq həddi 15%-ə çatan (bu isə 45 milyon insan deməkdir) əhali arasında sərt sosial siyasətin dəstək qazanacağına ümid bəsləmək seçki marafonunun elə ilk günlərindən real görünmürdü. Digər maraqlı məqam respublikaçıların azadlıqlar məsələsinə münasibətində öz əksini tapmışdı. Daha çox dəyərləri qabardan və ənənəviliyə üstünlük verən mühafizəkar xristian dəyərlərinə istinad edən respublikaçılar əhalisinin 60%-ə qədəri 18-35 yaş hüdudlarında olan (bu isə seçicilərin mütləq əksəriyyəti deməkdir) əhaliyə çox da cəlbedici görünə bilməzdilər. Demokratlar isə əksinə, daha çox azadlıqların qorunmasına və genişləndirilməsinə yönəlik mövqedən çıxış edirdilər. Görünür bu yanaşmada respublikaçılar öz ənənəvi sosial bazası olan anqlo-saks mənşəli xristian çoxluğun dəstəyinə ümid bəsləyirdilər, demokratlar isə sosial baza baxımından strategiyanı müxtəlif (etnik, dini, irqi və s.) azlıqların maraqlarını ifadə edərək onların dəstəyini qazanmaq üzərində qurmuşdular. Amma maraqlı da elə budur ki, ABŞ-kı azlıqlar birləşəndə artıq çoxluğa çevrilirlər və bu da seçkilərin nəticələrində öz əksini tapdı. Bu baxımdan elə namizədlərin tərcümeyi-halı və onların şəxsiyyətləri də kəskin kontrast təşkil edirdi: demokratların xarizmatik orator olan liberal baxışlı namizədi "xalqdan birisi" obrazına daha çox uyğun gəlirdi, nəinki respublikaçıların mühafizəkar mormon Uoll Strit milyarderi imicli namizədi. Mühacirət məsələsinə fərqli yanaşmalar da seçkilərin nəticəsinə təsir baxımından öz rolunu az dərəcədə oynamadı - Latın Amerikası mənşəli mühacirlərinin xüsusilə çoxluq təşkil etdiyi Cənub ştatlarında demokratlar birmənalı dəstək qazandılar. Seçkilər ərəfəsində qızğın müzakirə olunan sosial mövzulardan biri də seksual azlıqlara münasibət və abortlarla bağlı oldu. Burada da demokratlar liberal, respublikaçılar isə ifrat mühafizəkar mövqedən çıxış edirdilər. Bu baxımdan seksual azlığın açıq nümayəndəsi olan xanım Tammi Bolduinin Viskonsin ştatından senator seçilməsi cəmiyyətin respublikaçılara əsl xəbərdarlığı idi: obrazlı desək, "bu artıq nə sizin düşündüyünüz, nə də görmək istədiyiniz Amerika deyil"! Viskonsindəki senator seçiminin əlamətdar detallardan biri də budur ki, Temmi Boldunin üzərində qələbə çaldığı respublikaçı opponenti bu ştatı Senatda təmsil edən, abortla bağlı qadağaların qızğn tərəfdarı, həmin məsələdə öz ifrat və bəzən də absurd mühafizəkar ideyaları ilə tanınan Tommi Tompson idi. Elə bu faktın özü da göstərdi ki, respublikaçıların inadcıl mühafizəkar siyasəti yanlış hesablamalar üzərində qurulmuşdu. 
Nəhayət iqtisadi siyasət məsələlərində respublikaçılar daha praqmatik görünsələr də, onların "antisosial" yanaşması orta statistik amerikan seçicisinə Obamanın sosial-liberal yönümlü (Qərbi Avropa sosial-iqtisadi modelinə yaxın) mövqeyindən daha inandırıcı görünə bilmədi. Demokratlar isə əksinə, vergi yükünün çoxunu daha zəngin təbəqənin üzərinə yönəltmək təkliflərilə xeyli əlavə xallar qazandılar. Xüsusilə də yoxsul və orta təbəqə arasında. Amma son seçkilərdə ziddiyyətli görünən bir məqam bundan ibarət idi ki, bütövlükdə daha liberal mövqe tutan demokratlar iqtisadi məsələlərə yanaşmada mühafizəkar respublikaçıların libertarian iqtisadçılardan xeyli fərqli görünürdülər, belə demək olarsa, daha çox sosialist təmayüllü. 
Nəhayət xarici siyasətdə Obama birmənalı olaraq üstün görünürdü. Mitt Romninin İran məsələsinə yanaşmada silahlı gücə sətiraltı eyhamları Buş administrasiyasının İraq və Əfqanıstan siyasətindən "əlləri yanmış" amerikalılarda xüsusi rəğbət yarada bilməzdi və bilmədi də. ABŞ seçicisi demokratların rəqabətdən çox əməkdaşlıq üzərində qurulan "Multipolyar dünya dokrtinasına" "hə" dedi.  
Beləliklə, son seçkilərin nəticələrindən belə qənaətə gəlmək olar ki, ənənəvi mühafizəkar Amerika getdikcə liberallaşır. Supergüc iddiaları baxımından bu perspektivli görünməsə də, qloballaşan dünya üçün daha çox sabitlik və inkişaf şansları vəd edir. Ən azı mən belə düşünürəm... 
Təki yanılmayım!

Thursday, October 18, 2012

İctimai Palatadan niyə getdim?

Dünən, oktyabrın 17-də İctimai Palatadan istefa qərarımı açıqladıqdan sonra gələn reaksiyalar göstərdi ki, bu istafaya səbəb olmuş göstərdiyim səbəblər ya yetərli olmayıb, ya da onlar hamını qane eləməyib və bu səbəbdən də istefam ətrafında ən müxtəlif mülahizələr yürüdülür ki, bunu da normal qarşılayıram. Odur ki,hər şeydən öncə bu fakta diqqət yetirən, istefam ətrafında müzakirələrdə iştirak edən hər kəsə səmimi təşəkkürümü bildirirəm! Eyni zamanda, ünvanıma təhqirlər və ittihamlar yağdıranları isə bir qədər səbrli və dözümlü olmağa çağırıram.
Keçək mətləbə. Mənim istefamın eyni gündə İctimai Palatanı tərk etmiş Müsavat başqanının müşaviri hörmətli Yadigar Sadıqovun istefası ilə heç bir əlaqəsi yoxdur və bu istefaların səbəbləri də tam fərqlidir. Mənim istefa qərarım son 2 ayda tədricən yetişən bir qərar idi və onu prezident seçkilərinə hazırlıq kimi dəyərləndirənlərə də birbaşa demək istəyirəm ki, mən 2013-cü il prezident seçkilərində iştirak haqda qərar versəm, bunu açıq və birbaşa elan edəcəyəm. İstefanın səbəbləri bundan qat-qat ciddidir, sadəcə ola bilsin ki, demokratik dəyərlərə fərdi yanaşmalar fərqli olduğundan burda bir anlaşılmazlıq üzə çıxır. 
Beləliklə, əsl səbəblər haqda elə istefa bəyanatımda yazmışdım və indi də bunlara bir qədər aydınlıq gətirim. 2000-ci ildən bəri heç bir siyasi partiyanın, qurumun üzvü olmamişdım və İctimai Palataya üzv olanda da ümid edirdim ki, partiya təmsilçilərilə yanaşı bu quruma qatılan çoxsaylı bitərəf (partiyasız) fəalların da birgə səyi nəticəsində prinsipcə yeni, səmərəli və kollegial fəaliyyət göstərən bir hərəkat formalaşa biləcək. Tam məsuliyyətlə deyirəm ki, İctimai Palata milli-azadlıq hərəkatından sonra özündə cəmiyyətin ən müxtəlif kəsimlərinin təmsilçilərini birləşdirən, geniş ictimai-siyasi spektrə malik bir qurum kimi yaranmışdı. Bu isə onun şansları ilə yanaşı, həm də üzərinə düşən tarixi vəzifələri və tarixi məsuliyyəti artırırdı. Bu baxımdan qurum ictimai maraqları ifadə edən aparıcı kütləvi bir hərəkata çevrilə bilərdi. Lakin təəssüf ki, bu baş vermədi, əksinə İctimai Palata partiya, qrup və fərdi maraqların mübarizəsi meydanına çevrilməyə başladı. O, özü demokratik qurum ola bilmədi və fəaliyyətində rasionallıq ortaya qoymağa müvəffəq olmadı. Qərarların qəbulunda kollegiallıq yarada bilmədi, adından bəlli olduğu kimi, koordinasiya funksiyasını yerinə yetirməli olan Koordinasiya Şurası isə  de-fakto İctimai Palatanın qərarverici qurumuna çevrildi. Demokratik dəyərlər uğrunda mübarizəni məhəlli maraqlar uğrunda pərdəarxası çəkişmə və yarışma meylləri əvəz etdi. Yeni Azərbaycan partiyasının Avropa Parlamentinin bəlli qətnaməsinə etiraz məktubunun imzalanması məsuliyyətinin İctimai Palata ilə bölüşdürülməsi isə beynəlxalq aləmdə həm partiyaların, həm də İP-nın nüfuzuna son dərəcə ciddi zərbə oldu.
Nəhayət, 2012-ci ilin payızında baş verənlər göstərdi ki, artıq İctimai Palata tam olaraq böhrana düşüb və ölkədə mövcud olan siyasi partiyaların onlardan daha uğursuz modelinə çevrilib, bu isə heç bir halda ölkədə müsbət dəyişikliyə aparan yol ola bilməz. Olsyadı, bu elə keçən 19 ilin ərzində baş verərdi.
Son 2 ayda İctimai Palata ilə hakimiyyət arasında guya danışıqlar getməsi haqda mətbuatda, cəmiyyətdə yayılan məlumatlara və mülahizələrə bir dəfə də olsun təkzib verilmədi, münasibət bildirilmədi, əksinə Mediadan yayınma tendensiyaları artdı. Mən əsla iddia eləmirəm ki, bütün bunlar həqiqətdir və Medianı bu cür fikirlər yaymaqda suçlamıram da (istənilən mülahizələr, məlumatlar yaymaq Medianın müqəddəs hüququdur), amma belə məlumatların təkzib edilməməsi İctimai Palatanın cəmiyyətdə onsuz da bir o qədər yüksək olmayan nüfuzuna ciddi xələl gətirdi. Bunu sadəcə görməyə çalışmaq lazımdır. Nəhayət, bütün bu sadaladıqlarım İctimai Palatanın ölkədə demokratik islahatlar uğrunda mübarizəyə başçılıq edən quruma çevrilməsinə ciddi manelər yaratdı və ümumiyyətlə bu missiyanı artıq bitirmiş oldu.
Belə olan halda isə İctimai Palata üzvlüyündə qalmağın özünün səmərəsiz və qeyri-rasional göründüyündən mən bu qurumdan istefa vermək qərarına gəldim. 
Məgər bütün bunlar istefa üçün yətərli deyildimi?  

P.S.: İctimai Palata üzvü olan və olmayan bütün məsləkdaşlarıma uğurlar arzulayıram və hər kəsdən mənim fikirlərimi ittiham kimi qəbul etməməyi xahiş edirəm! Bunlar sadəcə mənim dəyərləndirməmin açıq, səmimi ifadəsidir. Hər zaman olduğu kimi.  

Sunday, August 12, 2012

Seçki-2013: siyasi müxalifət, yoxsa vətəndaş cəmiyyəti?

2013-cü ilin prezident seçkiləri yaxınlaşdıqca seçkilər ətrafında müzakirə və fikir mübadilələri də intensivləşir. Lakin bu müzakirələr əsasən yalnız müxalifətin mümkün vahid namizədi ərtafında gedir. Bu gün nə əsas müxalif güc mərkəzi sayıla biləcək İctimai Palatanın, nə də ayrı-ayrılıqda aparıcı müxalif AXCP və Müsavat partiyalarının seçki platforması və ümumiyyətlə seçkilərə dair mövqe ifadə edən digər rəsmi konseptual sənədi hələ də ictimai müzakirəyə təqdim edilməyib. Halbuki seçkilərə 1 ildən bir qədər artıq vaxt qaldığı bir zamanda buna kəskin ehtiyac duyulur. Digər diqqət çəkən məqamlardan biri isə budur ki, siyasi mübarizənin əsasən (bəzən isə yalnız) kütləvi aksiyalar üzərində qurmaq cəhdlərindən ibarət olduğu qabarıq görünür, yəni "mitinq edəkmi, etməyəkmi?" sualı günün ən aktual sualı olaraq qalmaqdadır. Təbii ki, bu şəraitdə nəinki 1, hətta 10 il sonra belə siyasi mübarizədə uğur qazanılacağına ümid bəsləmək yalnız utopiya həvəskarlarına inandırıcı görünə bilər. Bu gün bir mövzu da açıq olaraq qalmaqdadır: müxalifət seçkiyə hansı formatda getməyə hazıtlaşır: ayr-ayrılıqda hər siyasi partiya öz namizədilə, İctimai Palata vahid namizədlə, yoxsa daha genişformatlı müxalifət koalisiyası vahid namizədlə? Zənnimcə, elə bu məsələdən də başlamaq ən səmərəli yanaşma olardı, lakin mətbuatda dəfələrlə bu cür təkliflər, çıxışlar olsa da, hələlik bu istiqamətdə irəliləyişin olması nəzərə çarpmır. Əlbəttə, bəzi ayrı-ayrı siyasi partiyaların müxtəlif müttəfiq formatlar qurmaq cəhdilə qurulan kontaktlarını nəzərə almasaq.  
Əslində bütün demokratik islahatlar prosesini yalnız bir neçə siyasi partiyanın üzərində qurmaq cəhdinin özü də uğurlu deyil, belə ki, səriştəsiz, korrupsiyaya uğramış və səmərəli idarəetmə sisteminə malik olmayan iqtidarı əvəzləmək üçün az-çox idarəetmə potensialı olan peşəkarlar əsasən vətəndaş cəmiyyətində toplaşıb (və ya səpələnib). Bu baxımdan ölkədəki yeni siyasi situasiyaya hazırlıq baxımından çox şey vətəndaş cəmiyyətinin səfərbər edilməsindən və gələcək idarəetmə komandasının onun potensialı üzərində qurulmasından asılı olacaq. Maraqlıdır ki, Azərbaycanda islahatlar yolu ilə yumşaq keçid tərəfdarı olan beynəlxalq qurum və institutların da diqqətini çəkən əsas sfera məhz vətəndaş cəmiyyətidir. Bütün ictimai-siyasi rəngarəngliyinə və pərakəndəliyinə baxmayaraq vətəndaş cəmiyyətinin durumu siyasi partiyaların durumu ilə müqayisədə xeyli fərqlidir və yuxarıda qeyd etdiyim kimi onun önəmli bir hissəsi gələcəkdə səmərəli idarəetmə üçün zəruri olan siyasiləşməmiş peşəkarlardan ibarətdir. Bundan başqa, son 10-15 il ərzində vətəndaş cəmiyyəti təmsilçiləri geniş beynəlxalq ələqələr və əməkdaşlıq sayəsində müasir idarəetmə təcrübəsinə də müəyyən qədər yiyələnə bilmişlər. Bu müddət həm də onların beynəlxalq səviyyədə tanınmasına da xidmət göstərmişdir. Beləliklə, yaxın zamanlarda biz Azərbaycanda mövcud hakim siyasi komandaya real alternativin vətəndaş cəmiyyətində formalaşmasının şahidi ola bilərik. Bu sektorun nümayəndələrinin son zamanlar təmsil olunduqları İctimai Palatada fəaliyyətdən uzaqlaşması bu ehtimalı bir qədər də gücləndirir. Buna işarə edən digər bir amil də vətəndaş cəmiyyətində özünü nüfuzdan salmamış kifayət qədər yeni siyasi simaların yetişməsidir. Bu yerdə son illər yaranmış liberal-demokrat təmayüllü çoxsaylı gənclər təşkilatlarını da qeyd etmək yerinə düşər. Müşahidələrimizə görə bu təşkilatların böyük əksəriyyəti siyasi partiyalarla müqayisədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa daha meylli görünürlər. 
Beləliklə, əhalinin siyasi fəal kəsiminin əksəriyyətinin nəzərlərinin ənənəvi olaraq siyasi partiyalara yönəlməkdə davam etdiyi bir zamanda alternativ siyasi komandanın başqa məkanda - vətəndaş cəmiyyətində  formalaşa biləcəyi təəccüblü görünməməlidir.

Saturday, April 7, 2012

"20-ci sahə" adlı tapmaca

Beləliklə, bir il əvvəl israrla şəhərin mərkəzinə can atan bizlər sabah Bayıldakı  "20-ci sahəyə" razılaşdırılmış mitinqə gedirik. Bu yaxşıdır, ya pis? Artıq bu barədə çoxsaylı mülahizələr, fikirlər, münasibətlər və hətta ittiham və təhqirlər də geninə-boluna yayılmaqdadır. Çalışacağam, məsələyə qərəzsiz və realist münasibət göstərim. 
İlk oncə bunu etiraf edim ki, mən belə seçimlə razılaşmıram, amma indi ki, üzvü olduğum İctimai Palata belə qərar verib, fikrimi bildirməklə yanaşı qərara da tabe olacağam. Yəni, sabahkı mitinqdə iştirak edəcəyəm, ən adi bir iştirakçı qismində. Bu mitinqin kimə nələr vəd elədiyini araşdırmaq üçün isə öncə bir az tarixə ekskursa ehtiyac olacaq.

Tarix

Hər şey gənclərin 11 mart 2011-ci il tarixli və Müsavat partiyasının 12 mart aksiyalarından başlandı. Bu iki aksiyayadək İctimai Palatada kütləvi aksiyalara hazırlıq olmadığını əsas gətirərək tormozlayan çoxluq mitinqlərə qərar vermək zərurəti ilə üzləşdi ki, "Ərəb baharı" dalğasında başlayan həmin fəallıq 2 aprel aksiyasında öz pik nöqtəsinə çatdı və hakimiyyəti öz ənənəvi tədbirlərinə əl atmağa vadar etdi. Beləliklə, 17 silahdaşımız şərlənib həbs edildi. Elə bu fakt da hakimiyyətə qarşı sərt tədbirlər əleyhdarlarının kütləvi aksiyalara stop qərarına təkan verdi və İctimai Palata düz bir il kütləvi aksiyalar mövzusunu demək olar ki, tamamilə gündəlikdən çıxardı və hətta hakimiyyətin daxili, xarici siyasətinin iflası belə mövzuya qayıtmağa əsas vermədi. Həmin bir il ərzində həmçinin həbsdəki dostlarımızın da azad ediləcəyinə ümidlər puç oldu və nəhayət,

"20-ci sahə": dönüş nöqtəsi, yoxsa iflas meydanı?

Sabah, aprelin 8-də bu meydan həm iqtidar, həm də müxalifət üçün sınaq meydanına dönəcək. Bir tərəfdən müxalifət yetərincə əzmkar tərəfdar toplaya bilməsə (ən azı 3-4 min nəfər) həmin yerdə razılaşdırılmış aksiya keçirmək əleyhdarlarının tənqidinin yeni və daha güclü dalğasına tuş gələcək. Bu halda mən ən kəskin ittihamların da səslənəcəyini istisna eləməzdim. Digər tərəfdən isə aksiya iştirakçıları mütəşəkkillik və mübarizə əzmi nümayiş etdirə bilsələr, bu hakimiyyət üçün iflasın başlanğıcı ola bilər. Belə ki, özündə güc duyan müxalifət növbəti dəfə də elə bu meydanı istəsə, hakimiyyət rədd cavabı verməklə artıq güclənmiş opponentlərini şəhərin mərkəzinə keçməyə təhrik edə bilər. Bununsa hakimiyyətin indiki durumunda nə ilə yekunlaşacağını proqnozlaşdırmaq bir o qədər də çətin deyil. Məhz bu səbəbdəndir ki, hakimiyyət özünün razılıq verdiyi yerdə belə mitinqə çağırış vərəqələri yayanları həbs edir. 
Beləliklə, desəm ki, Azərbaycan siyasətinin taleyi sabah Bayıldakı "20-ci sahədə" həll olunur, lütfən sözümü qəribçiliyə salmayın!

Tuesday, January 24, 2012

Fransaya cavabımız

Fransa Senatının qondarma erməni soyqırımı ilə bağlı məlum qanunu təsdiqləməsi ölkəmizdə bu məsələyə dair geniş müzakirələrin yeni dalğasına təkan verdi. Bu dalğada ən müxtəlif düşüncələrə - praqmatik təkliflərdən tutmuş, ən qeyri-adekvat reaksiyalaradək görmək olar. Amma məncə məsələnin hüquq çərçivəsində həlli ən optimal yol olardı.
Beləliklə məlum qanuna əsasən Fransa ərazisində erməni soyqırımının inkarı 45 min Avro cərimədən 1 illik həbsədək cəza nəzərdə tutulur. Belə olan halda Azərbaycan həmin qanunla mübarizəni bir neçə hüquqi müstəvidə qura bilər:

1. Əvvəla, biz Xocalı soyqırımı ilə bağlı əlimizdə olan bütün dəlil və sübutları Fransa parlamentinə təqdim edərək bu cinayətin soyqırım kimi tanınmasını xahiş edə bilərik. Baxaq, Fransa qanunvericiləri bu xahişimizə necə cavab verəcəklər...

2.  İkincisi, Azərbaycan Respublikası Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin üzvləri hər dəfə AŞPA-ya səfərləri zamanı Assambleyanın yerləşdiyi Strasburqda (yəni Fransa ərazisində) toplantı keçirərək bu qanuna etirazlarını bildirib, "erməni soyqırımı olmayıb!" desələr Fransa Femidası pat vəziyyətinə düşəcək. Bir tərəfdən qanuna əsasən bizim deputatlar məhkəməyə cəlb olunmalıdırlar, digər tərəfdən isə onların diplomatik immunitetinin olması məhkəməyə cəlb olunmalarına yol vermir. Ən pis halda Fransa onların vizasını ləğv edə bilər ki, bu halda da Avropa Şurası ilə üz-üzə gələcək və deməli məsələ çıxacaq beynəlxalq müstəvidə müzakirəyə.

3. Azərbaycanda xüsusi fond yaradılır (dövlət vəsaitləri hesabına) və Fransa məhkəməsi tərəfindən Azərbaycan vətəndaşlarına kəsilən cərimələr, məhkəmə xərcləri və s. bu fonddan  ödənilir. Bədnam qanunu pozduğuna görə həbs olunan Azərbaycan vətəndaşlarının ailələrinə müavinətlər də bu fonddan ödənilir. Bir şərtlə ki, Fransaya yollanan hər bir azərbaycanlı rəsmisi və ictimai xadimi ictimai yerlərdə erməni soyqırımı olmadığını israr edir. Bundan sonra Fransa məhkəməsinin hər bir belə halla bağlı qərarına dair İnsan Haqları üzrə Avropa Məhkəməsinə şikayət olunur və Fransa dövləti cərimələnir. Bu halda işi udmaq şansları kifayət qədər yüksəkdir, çünki məlum bədnam qanunun mahiyyəti Avropa İnsan Hüquq və Azadlıqları haqqında Konvensiyasının bir çox müddəaları ilə təzad təşkil edir. Beləliklə, bir neçə bu cür presedentdən sonra qanunun özü barədə İnsan Haqları üzrə Avropa Məhkəməsinə şıkayət vermək olar.
Amma bütün bu tədbirlər yalnız Azərbaycan iqtidarının məsələ ilə bağlı siyasi iradə və qətiyyət nümayiş etdirəcəyi halda mümkündür. Siyasi iradə nümayişi həm də Fransa mükafatlarından imtinadan tutmuş Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədrinin Bakıda rəsmi səviyyədə qəbul etməkdən imtinayadək olmalıdır. 
Biz bu siyasi iradənin nümayişini görə biləcəyikmi? Bilmirəm düzü, amma mən daha çox bunun olmayacağını düşünürəm. 

Wednesday, January 18, 2012

Milli mentalitetimiz və milli seçimimiz

İnkişaf strategilaları baxımından müasir dünyamızda müxtəlif modellər mövcuddur ki, bu gün də əsasən ideoloji dartışmalar əsasən iki cərəyan arasında gedir: liberal və mühafizəkar cəmiyyət modeli tərəfdarları arasında. Bu yerdə solçuluq tərəfdarları mənə etiraz edə bilərlər, amma qeyd eləməliyəm ki, solçuluğun əsas ideoloji qida mənbəyi olan sosial yönümlülük artıq həm liberallar, həm də mühafizəkarlar tərəfindən qismən də olsa həzm olunub. Bunun üçün hər iki cərəyanın Avropa modellərinə nəzər salmaq məncə kifayət edər. Sadəcə birində az, o birində bir qədər çox solçuluq elementləri var. Bizim misalda liberal və ya mühafizəkar cəmiyyətdən danışmaq hələ bir qədər tezdir. Yalnız oturuşmuş, mükəmməl ictimai-siyasi münasibətlər sisteminə malik olan cəmiyyətlər önə çıxır və dövlət-cəmiyyət münasibətlərini, onlar arasında balansı qoruyub saxlaya bilir. Bizdə hələlik həm önə çıxan, həm də cəmiyyətə yaşam qaydaları qəbul etdirən dövlətdir (və ya dövlət adından çıxış edənlər) Müasir cəmiyyətin modeli isə Azərbaycanda hələ yoxdur. Ümumiyyətlə formalaşmamış cəmiyyəti müxtəlif formalar ala bilən (və ya verilə bilən) plastik bir kütləyə bənzətmək olar. Bəzən bu formalar çox təhlükəli də ola bilir. Onun, yəni cəmiyyətin formalaşması isə öz formasının verilməsində özünün iştirakının, rolunun olması deməkdir. Zənnimcə, burda da kəşfə ehtiyac yoxdur. Məsələn, cəmiyyətin müasir Avropa modelində əsas amillər insan hüquq və aadlıqlarının təminatçıları olan vətəndaş cəmiyyəti institutları, həm onların, həm də şəxsin yerini və rolunu müəyyənləşdirən qanunlar, qanunların toxunulmazlığını (aliliyini) həyata keçirən isə müstəqil məhkəmə hakimiyyətidir. Bu üç amil arasında mövcud olan münasibətlər sistemi insan hüquq və azadlıqlarının, mülkiyyət toxunulmazlığının və dövlətin inkişaf strategiyasının əsasını təşkil edir. Fikrimcə, biz də elə əsas amillər kimi bunları qəbul etsək yanılmarıq. Bu gün Azərbaycan vətəndaşının düşüdüyü durumun əsas səbəbləri kimi mən bunların olmamasını görürəm. Müxtəlif əhali qrupları arasında gedən debatları model axtarışı kimi qəbul etsək, deməli həqiqətən də nə model var, nə də təbii ki, onun təminatçısı olan amillər və mexanizmlər. Bəzən bir çox axtarışlar milli adət-ənənəyə, inanca və tarixi təcrübəyə əsaslanmağa yönəlir, yəni insan hüquq və azadlıqlarının ikinci dərəcəli olmasına. Bu halda biz ciddi uğursuzluqlarla üləşə bilərik. Ən azı ona görə ki, həmin sferadakı kriteriyalar hamı üçün universal olmadığı kimi, hamı üçün məqbul da olmaya bilər. Xüsusilə də ictimai münasibətləri tənzimləyən dəyərlərin müəyyənləşdirilməsi məsələsində. Bu sahədə problemli məqamlardan biri də mentalitet adlandırılan amilə tez-tez istinad olunmasıdır. Çünki mentalitetin təməl komponentlərinə yanaşmada biz ciddi fikir ayrılıqlarının şahidi oluruq: biri bunun təməlində milli, digəri-dini, üçüncüsü isə milli-dini-tarixi təcrübədə qazanılmış ictimai münasibətləri və dəyərləri görür. Deməli ən azı bir neçə mentalitet modeli haqqında təsəvvürlər mövcuddur. O aman "mentalitet nədir?" sualının özü elə uzun illərin davamlı mübahisə predmeti ola bilər. Bunu da deyim ki, mənə görə mentalitet anlayışının ictimai-siyasi hədəfi cəmiyyəti çərçıvələrə salmaq cəhdidir və ən təhlükəlisi də budur ki, bu çərçıvələrin hüdudları çox nisbidir. Mentalitet abstrakt kateqoriya olduğundan onun çərçivələri də nisbidir. Qısası, hər kəsin mentalitet adlanan öz çərçivəsi var ki, qalanlarını da bu çərçıvəyə soxmağa çalışır. İnkişaf strategiyası baxımından "milli adət-ənənələrimiz, inancımız, tarıxımiz var" tezisini mən keçmişə baxış, nastolji kimi qəbul edirəm. Bir çox hallarda çox da yaxşı təsəvvür eləmədiyimiz keçmişə, təxəyyül üzərində qurulan keçmişə.
Mənsə keçmişə yox, gələcəyə getmək istəyirəm. İşıq gələn tərəfə.

Saturday, January 14, 2012

Hakimiyyətin "Yeni Avropa Projesi"

Beynəlxalq dəstəkdən sürətlə məhrum olan Azərbaycan iqtidarı öz hakimiyyətini qorumaq üçün yeni texnologiya və üsullara əl atmaqda davam edir. Beynəlxalq faktorun hakimiyyət üçün (həlledici) önəmini yaxşı anlayan rəsmi Bakı bu dəfə keyfiyyətcə yeni bir lahiyə həyata keçirməyə hazırlaşır. Əslində mahiyyətcə əvvəlki projelərdən prinsipial fərqlənməsə də "Yeni Avropa Projesi" fərqli fiqurlar və fərqli ideyalar üzərində qurulur. Belə ki, bu dəfə hakimiyyətə dəstək verən yeni Avropa şəbəkəsi Azərbaycanda və Qərbdə hakimiyyətə opponentlik edən şəxslər tərəfindən təşkil olunur və əvvəlkindən fərqli olaraq, Azərbaycan müxalifətinın öncə deyildiyi kimi, guya, zəif, sistemsiz, qeyri-demokratik və marqinal olması barədə mövqe ortaya qoymayacaq. Bu variant artıq istismar olunub və effekti də gözlənildiyindən qat-qat aşağı alınıb.  Avropada və Azərbaycanda sabit hakimiyyət opponentləri kimi tanınan bir neçə şəxs təşkilatlanaraq kollektiv şəkildə hakimiyyəti kəskin tənqid etməklə yanaşı, müxalifəti də qabiliyyətsizlikdə və.... İranla əməkdaşlıqda ittiham edəcək. Buna əsas olaraq fakt kimi Hacı İlqar İbrahimoğlunun İctimai Palatanın Koordinasiya Şurasında üzvlüyü və guya, bunun nəticəsi olaraq, bu qurumu ələ keçirməsi göstəriləcək.  Nəzərə alsaq ki, bu planı "dinçilərlə" münaqişədə olan və onlar tərəfindən "hədələrə", "təzyiqlərə" məruz qalmış siyasi fəalların iştirakılə reallaşdırmaq nəzərdə tutulur, müəyyən effekt istisna edilmir. Beləliklə, iqtidar demokratik müxalifətin əsas qurumu olan İctimai Palatanı Avropaya və dünyaya bu dəfə İran təsiri altında olan dinçi qurum kimi təqdim etməyi və özünə ölkədə dünyəvi alternativin olmadığını göstərməyi nəzərdə tutur. Bu məqsədlə yaxın zamanlarda "dinçilərin" "təzyiq və təhdidləri" ilə üzləşən bir neçə tanınmış dünyəviçilik tərəfdarının Avropada siyasi sığınacaq almaq üçün Avropa Birliyi ölkələrinə müraciət edəcəyi gözlənilir. Təşkilatda birləşən həmin şəxslər Avropanın müxtəlif ölkələrində dəyirmi masalar, konfranslar təşkil edərək Azərbaycanda dünyəvilik üzərinə çökmüş təhlükə barədə geniş müzakirələr aparacaqlar. Həmin tədbirlərdə hakimiyyət kəskin tənqid olunmaqla yanaşı, əsas müxalifət də dini meylli kimi təqdim olunacaq. Avropadakı Azərbaycan sekulyaristlərinin təşəbbüsü Azərbaycanda dəstək tapacaq, lakin həmin dəstək bu dəfə nə iqtidar, nə də iqtidaryönümlü düşərgədən gəlməyəcək. Bu məqsədlə illər boyu müxtəlif Avropa və ABŞ qurumlarına yerləşdirilmiş kadrlar işə salınacaq. Belə ki, həmin qrupa aid olan insanlar Azərbaycan cəmiyyətində sabit qərbpərəst imicə malik olmaqla yanaşı, eyni zamanda, onların bəziləri mütəmadi olaraq ölkəyə gələn yüksək çinli ABŞ və Avropa rəsmilərilə görüşlərə də cəlb olunublar. Bu görüşlərin iştirakçılarının adı adətən Qərb ölkələrinin müxtəlif missiyalarının görüşlər barədə hesabatlarına düşür. Beləliklə, qərbpərəstlərin Azərbaycanda dünyəviliyə təhlükə olması barədə müxtəlif müraciət və bəyanatları axın şəklində Qərbə doğru yönəldiləcək. Eyni zamanda, müxtəlif ABŞ və Avropa qurumlarında çalışan həmin şəxslərin yuxarıda göstərilən narahatlığı Azərbaycan cəmiyyətinə Qərbin mövqeyi kimi təqdim olunacaq. 
Təsvir edilən planın Avropa hissəsinin koordinasiyası Almaniyada biznes fəaliyyəti ilə məşğul olan və hakimiyyətə bağlı bir neçə şəxsin vasitəsilə birbaşa Bakıdan gələn təlimatlar üzrə həyata keçiriləcək. Səfirliklər və digər dövlət nümayəndəlikləri isə onların fəaliyyətini etirazlarla qarşılayaraq bu şəbəkənin fəaliyyətinə bu yolla piar dəstəyi verəcək. 
Lakin Avropa Birliyinin müxtəlif institutlarının və Avropa ölkələrinin dövlət qurumlarının məlum plan haqda məlumatlı olduğu da istisna edilmir və bəlkə də "Spiegel" jurnalının 4 yanvar tarixli nömrəsindəki məlum məqalə də elə Azərbaycan hakimiyyətinə bu fəaliyyətdən çəkinmək barədə mesaj xarakteri daşıyırdı...