Tuesday, August 8, 2017

Əzdiyi xalqın ayaqları altında bitən tiranlar

İstər yaxın, istərsə də uzaq tarixə nəzər saldıqda bir qanunauyğunluğu asanlıqla sezmək olur: sərhədsiz, hüdudsuz hakimiyyət talançılığa başlayıb, sonra mənəvi aşınmaya keçir, sonda isə sıradan küçə əxlaqsızlığına yuvarlanır. Bütün bu ardıcıllığın da məntiqi sonu bəllidir. Roma boyda imperiyadan tutmuş Sovetlər Birliyinədək hamısı məhz bu yolu keçib. Kiçik Azərbaycan da bu mənada istisna deyil, çünki bu, ümumi ictimai inkişafın qanunauyğunluğudur. Orta əsrlərin içki məclislərindən başı açılmayan oyuncaq krallarından, qadın düşkünü olan kəmağıllı şahlarından tutmuş üzdə qüdrətli görünən imperatorlara, yeri-göyü lərzəyə gətirdiyi iddia edilən müasir diktatorlaradək hamısı bu qanunauyğunluğun qurbanı olub. Çünki sönmək bilməyən hakimiyyət ehtirasının və bu hakimiyyət vasitəsilə acgözlüklə varlanmağın apardığı yolun məntiqi sonu budur.  
İndi bir çoxları sual verir ki, son günlər baş verən avtoqətliama görə İlham Əliyev kimisə (konkret halda, "Qaçqınkom" sədri Əli Həsənovu) tutduğu vəzifədən kənarlaşdıracaqmı? Əslində sualın özü çox sadəlövh görünsə də, Mehdiyev klanına xidmət edənlərin "baba nəvəyə görə məsuliyyət daşımır" "tezisini" ortaya atması bir çox pərdəarxası mətləblərə işıq salır. Elə Əli Həsənovun özünün ilk baxışdan adi görünən açıqlaması da. Amma bu barədə bir qədər sonra.
Son avtoqətliam sadə azərbaycanlılar üçün bəzi məqamları üzə çıxardı. Məsələn, sıradan azərbaycanlı üçün məlum oldu ki, Əli Həsənovun aşıb-daşan, harın, qudurğan, indi isə həm də qatil 21 yaşlı nəvəsi bir neçə həftə əvvəl Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızı ilə evlənib. Onunla ötüşən digər "avtoş"un atası isə Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovla bacanaqdır. Elçin Quliyev - Kəmaləddin Heydərov sıx əlaqələrini də bura əlavə etsək, deməli söhbət artıq kifayət qədər böyük bir klandan gedir. Burdan da belə nəticə ortaya çıxır ki, bu iki "avtoş" təsadüfən rastlaşıb ötüşməyə başlamayıblar, onlar eyni çevrədə, eyni klanda olanların törəmələridir. Bütün bu ierarxiyanın başında duran Ramiz Mehdiyevi və onun etibarlı silahdaşı Ramil Usubovu da bura əlavə edəndə çevrə bir qədər də genəlir. O zaman ölkəni hörümçək toru kimi bürümüş bu çevrənin başında duran Ramiz Mehdiyevin yaxın qohumu olan Əli Həsənovun özünün "hüquqi məsuliyyət fərdi məsələdir" açıqlaması da "çevrənin" və ya klanın mesajı kimi qəbul olunmalıdır. Xeyr, bu heç də cəmiyyətə verilən mesaj deyil. Mesajın ünvanı birbaşa əliyevlər ailəsidir. Qaldı "Qaçqınkom" sədrinin açıqlaması ilə unison səslənən deputat Astan Şahverdiyevin sərsəmləməsinə və nəhayət, Mehdiyev klanına işləyən psevdomüxalifət nümayəndələrinin "baba nəvəyə görə məsuliyyət daşımır" iddialarına, onlar da bir növ həmin mesajın gücləndirilməsinə yönəlmiş addmlar kimi qəbul edilməlidir. Klan demək istəyir ki, Əli Həsənovdan əlinizi çəkin, ona toxunmağınız sizə baha başa gələ bilər. Deməli, indi İlham Əliyev də ciddi-ciddi düşünməli olacaq: ya o, heç nəyə məhəl qoymadan Əli Həsənovu işdən kənarlaşdıracaq, ya da klanla mübadiləyə (daha doğrusu, alverə) gedib Əli Həsənovun öz ərizəsi ilə işdən getməsinə razılaşacaq. Özü də indi yox, bir neçə aydan sonra. Çünki birinci halda yuxarıda qeyd etdiyim mesajları verən klan əks-hərəkətə keçə bilər ki, bu da indiki həssas dönəmdə ailə hakimiyyətinə əlavə problemlər yaradar. Bütün sadaladıqlarıma Mehdiyev klanının həm də "kolon" olmasını (Rusiyanın 5-ci kolonu) da əlavə edəndə vəziyyət bir qədər də qəlizləşir. Ən azı cəsarətsiz, iradəsiz və qətiyyətsiz İlham Əliyev təxminən belə hesablama aparacaq. Artıq dəfələrlə açıq-aydın görünüb ki, İlham Əliyevin kök atmış klanlara və onların yüksək vəzifəli təmsilçilərinə gücü çatmır və bu da təbiidir. Çünki Əliyevlərin hakimiyyəti və ailə rifahı məhz həmin klanın vasitəsilə əldə olunub və qorunmaqdadır. Amma bu klanlar- və ailələrarası savaşda artıq tam unudulmuş bir tərəf də var ki, onun hərəkətə keçmək zamanı sürətlə yaxınlaşmaqdadır. Həm də o dərəcə sürətlə ki, artıq İlham Əliyevin Əli Həsənov və ya başqa birisi, hətta Ramiz Mehdiyev barəsində belə verəcəyi qərarın ona heç bir təsiri olmayacaq. Bu, ataları və babaları tərəfindən amansızcasına talandıqdan sonra onların özləri kimi əxlaqdan, mənəviyyatdan və intellektdən uzaq törəmələri tərəfindən təkərlər altına atılan xalqdır. İndi onun zamanı başlayır. Çünki yuxarıda qeyd etdiyim həmin ictimai qanunauyğunluğun əsas və son (həlledici) iştirakçısı talanmış, əzilmiş, sındırılmış xalq olur. Bu da həmin qanunauyğunluğun ayrılmaz tərkib hissəsidir. Ən qəddar, ən amansız tiranlar da əzdiyi xalqın ayaqları altında can verir. 

Demədi deməyin...     

7 comments:

  1. Dəqiq və detallı analiz!

    Lakin bir sual açıq qalır - nə vaxt?

    ReplyDelete
  2. Təşəkkür edirəm!
    Azərbaycan hakimiyyətinin qərarlarında institusionallıq və siyasi idarəçilik mexanizmləri kimi amillər olmadığından bunu birmənalı söyləmək çətindir.

    ReplyDelete
  3. institusionallıq və siyasi idarəçilik mexanizmləri olsaydı normal hakimiyyət olardı. Braun hərəkətidir idarəçilik deyil......

    ReplyDelete
    Replies
    1. Braun hərəkəti də fiziki qanunlara söykənir. Bunların davranışı sadəcə özbaşınalıqdır.

      Delete
    2. Bu günkü xəbər - Mehman Əliyevin həbsi fikrimcə hamının bildiyi amma dilə gətirmək istəmədiyi bir siyasi faktı reallaşdırır - Qarabağın statusunun rəsmiləşdirilməsi prosesinin son akkordlarına hazırlıq gedir.

      Delete
    3. Məncə Mehman bəyin həbsi tamamilə başqa mətləblərdən xəbər verir. Yeri gəlmişkən, yeni bloq yazım da bu mənada maraqlı ola bilər sizinçün.
      Diqqətiniz üçün bir daha təşəkkür edirəm!

      Delete