Thursday, February 9, 2017

12-ci yazı: General Rail Rzayevin açılmayan qətli

2009-cu il fevral ayının 11-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri komandanı, general-leytenant Rail Rzayev evinin yaxınlığında başına açılan atəşlə qətlə yetirildi. Həmin qətlin cəmiyyətdə əks-səda doğurması təkcə qurbanın general olmasilə bağlı deyildi. Rail Rzayev həm də son 15 ildə (1994-2009) qətlə yetirilən ən yüksək dövlət rəsmisi idi. Xatirladım ki, ondan əvvəl 1994-cü ildə Milli Məclis sədrinin 1-ci müavini Afiyəddin Cəlilovla hərbi əks-kəşfiyyat qurumu olan Xüsusi İdarənin rəisi, general-mayor Şəmsi Rəhimov eyni gündə qətlə yetirilmişdilər. 
Yüksək çinli dövlət rəsmilərinin qətlini araşdırdıqda əsas diqqətçəkən məqamlardan ikisi bunlardır: Qətlə dövlət rəsmilərinin münasibəti və cinayətin mediada işıqlandırılması. Hər iki əlamət üzrə müşahidələrin nəticəsi qətlin hazırlanmış sifarişli cinayət olduğuna işarə edirdi. Burada bir haşiyə çıxım. Dövlət rəsmilərinin sifarişli qətlləri ən müxtəlif ölkələrdə baş verir. Bir tək fərq budur ki, "qocaman", təcrübəli dövlətlərdə belə qətllər baş verdikdə (və ya təşkil olunduqda) qurban bütün rituallara riayət edilməklə hörmətlə dəfn olunur, onun əzabkeş, şəhid obrazı yaradılır və dövlətin bütün resurslarının cinayətin istintaqına yönəldilməsi görüntüsü yaradılır. Təcrübəsiz, kriminal dövlətlərdə isə hər şey tamamilə əksinə baş verir - qurban sıradan birisi kimi dəfn olunur, onu unutdurmağa çalışırlar və araşdırma görüntüsü yaratmaq əvəzinə ortaya mətbuat vasitəsilə ən axmaq versiyalar atılır. Hər iki halda cinayət açılmamış qalsa da, birinci halda qətlin icraçısı ya həbsə müqavimət göstərərkən öldürülür, ya da tutulduqdan sonra onun anlaqsız birisi olduğu "üzə çıxır". İkinci halda isə günahsız və müdafiəsiz insan(lar) şərlənərək həbsə atılır. 
İndi qayıdaq Rail Rzayevin qətlinə. Qətldən sonra KİV-lərdə İlham Əliyevin sensasion kimi təqdim olunan "Dövlətimiz özünü qorumağa qadirdir" fikri tirajlandı. Amma Azərbaycan dövlətinin milli təhlükəsizliyi ilə bağlı bir sıra strateji əhəmiyyətli vəzifələr etibar olunmuş general kimsəsiz birisi kimi dəfn olundu - Rail Rzayevə nəinki məzarı başında avtomatlardan açılan atəşləri, hətta dövlət rəsmilərinin dəfndə iştirakı belə çox görüldü. Bir qədər sonra isə generalı qaralayan müxtəlif neqativ tutumlu açıqlamalar dövriyyəyə buraxıldı - generalın guya ailəsinin İsraildə olması, özünün də İsrailə uçmağa biletinin mövcud olduğu, onun biznes maraqlarının toqquşması zəminində qətlə yetirilməsi və s. kimi çoxsaylı dezinformasiyalar media səhifələrini bəzəməyə başladı. İndi qayıdaq İlham Əliyevin yuxarıda sitat olaraq gətirdiyim bəyanatına. Əgər generalın qətli həqiqətən də Azərbaycan dövləti üçün təşlükə siqnalı idisə, o zaman hər şey tamamilə başqa cür olmalı idi: generala layiq dəfn mərasimi təşkil olunmalı idi, həmin vaxt Əbu Dabidə silah sərgisində olan Müdafiə naziri Səfər Əbiyev təcili Bakıya dönməli idi, ölkənin Milli Təhlükəsizlik Şurasının təxirəsalınmaz iclası çağırılmalı idi. Amma... Azərbaycan Milli Ordusunun generalları arasında belə xüsusi çəkiyə malik olan general-leytenant Rail Rzayev kimsəsizlər qəbristanlığında torpağa tapşırılan birisi kimi dəfn olundu. Səfər Əbiyev Birləşmiş Ərəb Əmirliklərində "mühüm dövlət tapşırıqlarını" yerinə yetirməkdə davam etdi və başqaları da eynilə. Ümumiyyətlə, belə göründü ki, Rail Rzayev Azərbaycanın ən bəxtsiz generallarından imiş. Onun bir qədər obrazlı desək, günün günorta çağı şəhərin ortasında açıq-aşkar qətlə yetirilməsi, hörmətsiz şəkildə son mənzilə yola salınması, barəsində nüfuzdan salan dezinformasiyaların dövriyyəyə buraxılması azmış kimi, hətta Azərbaycandakı diplomatik korpusun nümayəndələri belə ölkələrinə göndərdikləri məxfi hesabatlarda generalın qətlinin səbəblərini ölkə saytlarından götürülmüş informasiyalarla zənginləşdirmişdilər. Məsələn, ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörs Vaşinqtona göndərdiyi "Tam məxfi" qrifli məlumatda Rzayevin qətlinin səbəbini Rauf Mirqədirovun "Zerkalo" qəzetindəki məqaləsindən götürmüşdü. Sonralar bunu WikiLeaks açıqlamalarında görmək mümkün idi. Qeyd edim ki, general Rzayevlə bağlı apardığımız araşdırmalar zamanı onun hansısa biznesə sahib olması məlumatı öz təsdiqini tapmadı. Təbii ki, bu, bizim imkanlarımız çərçivəsində aparılmış araşdırma idi və generalın biznesinin olduğunu istisna edə bilməzdi, amma Azərbaycanda hansı generalın biznesi olmayıb və ya yoxdur ki? Maraqlıdır ki, Rail Rzayevin qətlinin mümkün səbəblərindən biri kimi biznes maraqlarının toqquşması versiyasını kimsə yox, şəxsən Milli Təhlükəsizlik naziri Eldar Mahmudov açıqlamışdı. Nazir bəlkə heç özü də bilmədən əslində həqiqəti demişdi, çünki Rail Rzayev elə məhz "biznes" maraqları səbəbindən qətlə yetirilmişdi və bunu Eldar Mahmudovdan dəqiq heç kəs bilə bilməzdi. Rail Rzayev Eldar Mahmudovun yaşadığı binaya yaxın binada yaşayırdı və elə MTN rəhbərinin evinin 20-30 metrliyində də qətlə yetirilmişdi. Bəli, Eldar Mahmudov haqlı idi - Rail Rzayev biznesə görə öldürülmüşdü, amma hansı biznesə? Bu suala cavab tapmaq üçün bir qədər uzaqdan başlamalı olacağıq. General Rzayev ölkə gündəmində görünən, geniş ictimaiyyət tərəfindən tanınan şəxslərdən deyildi. Onun mətbuatın diqqət mərkəzinə düşməsinə səbəb qətlindən bir qədər əvvəl FHN rəhbəri Kəmaləddin Heydərovla münaqişəsi olmuşdu. Bu başdan deyim ki, belə bir münaqişənin olması öncə bizə də inandırıcı görünmüşdü, amma general qətlə yetirildikdən və adı çəkilən münaqişənin guya qətlə səbəb olması barədə şaiyələr dolaşmağa başlayandan sonra apardığımız araşdırmalar belə münaqişənin baş verdiyini təsdiqləyə bilmədi. Etimad doğuran mənbələrin heç biri onu faktlarla təsdiqləmədi. Mətbuata atılan həmin o hadisə haqqında məlumatlarda isə deyilirdi ki, guya xarici səfərə yollanan İlham Əliyevin təyyarəsi Bakıdan havaya qalxdıqdan bir qədər sonra helikopterlə Qəbələyə yola düşən Kəmaləddin Heydərovun helikopteri uçuşa rəsmi icazəsi olmadığı üçün Rail Rzayev tərəfindən geriyə qaytarılmışdı və bu zəmində də iki general arasında ciddi qarşıdurma yaranmışdı. Rzayev qətlə yetirilən kimi də mətbuatın "yadına düşən" ilk versiya həmin deyilən münaqişə olmuşdu. Sadəlövh insan qavrayışı üçün məntiqi görünən versiyadır əlbəttə, amma burdan başqa bir qənaətə də gəlmək olar: əgər deyilən münaqişə kiminsə uydurması olubsa, demək o, generalın qətlinə verilmiş fərmanın icrasına hazırlıq xarakteri daşıyırmış. Əks-halda Rzayevi bu şəkildə gündəmə gətirmək kimə və nəyə lazım idi? Bu versiyanın inandırıcı olmamasına dəlalət edən başqa bir amil də bu idi ki, Rail Rzayev yuxarıda qeyd elədiyim kimi, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən fəaliyyətlə məşğul idi. Bu, Azərbaycanın hava məkanını kənar müdaxilələrdən qoruamağa qadir olan müasir hava hücumundan müdafiə sisteminin qurulması idi. Həmin sistem isə İsrail hərbi sənayesi ilə birlikdə qurulmuşdu və sistemin "açarları" da Azərbaycanın öz əlində idi. Bu mənada Azərbaycan postsovet məkanda öz hava məkanına tam nəzarət imkanı olan yeganə dövlət idi. Təbii ki, NATO-nun hava hücumundan vahid müdafiə sisteminin tərkibində olan Baltikyanı ölkələr də daxil olmaqla. Bundan başqa general Rzayevin üzərinə düşən vəzifələrdən biri də ölkə başçısı təyyarədə uçarkən onun Azərbaycan hava məkanında təhlükəsizliyini təmin etmək idi. Deməli, Rzayevi qətlə yetirməyin ağır fəsadları ola bilərdi. 
Amma dönək biznes məsələsinə. Beynəlxalq praktikadan məlumdur ki, silah alqı-satqısında 15%-lik "bonus" praktikası mövcuddur. Yəni, silah alan tərəf silahı satan tərəfə öncə müqavilədə göstərilən məbləği tam ödəyir və bir qədər sonra onun 15%-i geriyə - silahı alan tərəfə qaytarılır. Normalda həmin məbləğ ya vasitəçi şirkətə çatır, ya da dövlətin hesabına qayıdır. Rail Rzayevin qətlində bir qədər sonra onu yaxından tanıyan yüksək çinli bir hərbçi bizimlə söhbətində bildirdi ki, generalın hansısa pul mənimsəmə əməliyyatlarında iştirak etdiyinə inanmır və çox yüksək ehtimalla o. məhz bu cür çirkli əməliyyatların qarşısında ciddi maneə olduğu üçün də aradan götürülmüşdü. Dövriyyəyə buraxılmış başqa bir informasiyaya - Rzayevin, guya Çindən və Dubaydan qaçaqmalçılıq yolu ilə hərbi-nəqliyyat təyyarələrilə ona məxsus yükləri daşıması haqda sualımıza isə həmsöhbətimiz çox çılğın şəkildə etiraz eləmişdi. Hər halda, bunlar da müəyyən göstəricilər idi. 
Belə olduqda təbii bir sual ortaya çıxır ki, nazir Mahmudovun qətlə yetirilmiş general haqqında belə bir versiya irəli sürməsinin səbəbi nə idi? Bu suala ən dəqiq cavabı əminəm ki, keçmiş "Ceym Bondun" özü verə bilər. Bu sualı ona vermək üçünsə yetərincə ciddi əsaslar var. Məsələn, MTN-nin "məxfi müşahidə" (izləmə) xidməti qətlindən bir neçə gün əvvəl Rail Rzayevi niyə izləyirmiş? Həmin izləmə generalın qətlindən iki gün əvvəl niyə dayandırılmışdı? İzləmə zamanı Rzayevin yaşadığı məkanı öyrənən qrupun aşkarlanması barədə nazir müavini Hilal Əsədova olunan məruzədən sonra məruzəni edən şöbə rəisi niyə bir neçə gün ərzində özünə gələ bilməmişdi? Onunla Hilal Əsədov arasında 2 saata qədər çəkən söhbətin məzmunu, detalları nədən ibarət olmuşdu? Şübhəsiz ki, başqa suallar da ortaya çıxacaq, amma onları gedişatdan asılı olaraq istintaq müəyyənləşdirməlidir. Qətlin istintaqı yenidən aparılacağı halda təbii ki.
Başqa bir məqam: ölkə məmurlarından birinin hüzr mərasiminə qatılarkən generala ona qarşı sui-qəsd hazırlandığı barədə məlumat verilir. Amma onun yanındakı həmkarı - müdafiə nazirliyinin daha yüksək çinli rəsmisi qıcıqlanaraq "Все это ерунда", yəni "bunların hamısı boş şeylərdir" deyə sərt cavab verir. Niyə? Söhbət axı ona yox, general Rail Rzayevə qarşı hazırlanmış qətldən gedirdi.
Göründüyü kimi, suallar da sualların verilməli olduğu şəxslər də kifayət qədərdir, amma hələlik ortada  yalnız iki cavab, daha doğrusu, fakt var:
1. Yaxın günlərdə Rail Rzayevin qətlinin 8 ili tamam olacaq. 

2. Generalın qətli ilə bağlı cinayətin üstü hələ açılmayıb.

P.S.: Azərbaycanın yaxın keçmişində törədilmiş cinayətlərdən olan Əjdər Xanbabayevin qətlində keçmiş təhlükəsizlik polkovniki Sadıx Əliyev ittiham olunaraq həbs edilmişdi. İstintaq zamanı müəyyən edilmişdi ki, mərhum Xanbabayev qətlindən əvvəl bir neçə gün ərzində "məxfi müşahidə" xidməti tərəfindən izlənmişdi və izləmə əməliyyatı qətldən 2 gün əvvəl dayandırılmışdı. 

P.P.S.: Bir neçə gün əvvəl ADNA terroru barədə yazmışdım. Yəqin terror aktının səhərisi ADNA binasının divar və pilləkənlərində terror qurbanlarının xatirəsinə yazılmış ürək sözlərinin silinməsi, ərazinin polis tərəfindən əhatəyə alınaraq qurbanların xatirəsinin yad olunmasına, şamların yandırılmasına imkan verilməməsi hamının yaxşı yadındadır. Yəqin ki, terror aktından cəmi 10 gün sonra hadisə yerinin bir neçə yüz metrliyində keçirilən "Gül bayramına" etiraz edən gənclərin vəhşicəsinə döyülməsi də. Sanki kimsə bütün bu qanlı cinayəti tarixdən və yaddaşlardan silməyə, onun qurbanlarını unutdurmağa çalışırdı. Eynilə həmin hadisədən ay yarım əvvəl öldürülmüş generalın qətlində olduğu kimi. General Rail Rzayevin qətlində də 3 nəfər sıradan və kimsəsiz insan - köməkçi, mühafizəçi və digəri şərlənərək mühakimə olundu. Bəli, elə ADNA terrorunda olduğu kimi... 

No comments:

Post a Comment