Tuesday, February 7, 2017

11-ci yazı: Azərbaycan - casusların yeni döyüş meydanı

Qeyd etdiyim kimi, Azərbaycanın əsas milli təhlükəsizlik qurumu olan MTN-nin sıradan çıxarılması ilk növbədə ölkə ərazisini casus yuvasına döndərməyi planlaşdıran xarici kəşfiyyatların da marağında idi. Dövlətin güclü peşəkar xüsusi xidmət orqanları ölkə ərazisinə soxulan bütün xarici xəfiyyələri nəzarətdə saxlaya bilir ki, bu da heç kəsə lazım deyildi. Tarixdən bəllidir ki, bəzi ölkələr məqsədli olaraq öz ərazilərində xarici casusların fəaliyyətinə nəinki imkan yaradıblar, hətta bir sıra hallarda onların arasında vasitəçilik də ediblər. Məsələn, bundan əvvəlki yazımda qeyd etdiyim kimi, Birinci Dünya Müharibəsi dövründə İspaniya alman, fransız və ingilis xəfiyyələri üçün "açıq qapı" siyasəti yürüdürdü. Alman hərbi şifrələrinə yol axtaran ingilislərə bunu ispan kəşfiyyatçısının satması barədə maraqlı bir fakt məlumdur. Məlumatı satan ispan kəşfiyyatçı həmin əməliyyat üzərindən çoxmərhələli informasiya alveri edərək, iki dəfə almanlardan, iki dəfə də ingilislərdən yüksək məbləğdə pul almışdı. Onun növbəti dəfə sövdələşməyə gedərkən ingilislər tərəfindən hədələnməsi kifayət eləmişdi ki, İspaniya hakimiyyəti ingilis rezidenti və bir neçə Britaniya agentini ölkədən qovsun. Bu misaldan aydın görünür ki, ispan kəşfiyyatçının arxasında sifarişlərini yerinə yetirdiyi dövləti durur və bununla da xarici xəfiyyələrin fəaliyyətinə nəzarət edirmiş. Ümumiyyətlə isə, ölkə ərazisində xarici kəşfiyyatlara və onlarla bağlı müxtəlif qurumlara fəaliyyət imkanı yaradılması milli təhlükəsizlik baxımından yolverilməz haldır, çünki belə fəaliyyət ölkədə xarici kəşfiyyatların ölkə vətəndaşlarının da cəlb olunduğu agentura şəbəkəsi qurmasına imkan yaradır ki, bu da ölkə vətəndaşlarının həaytı, təhlükəsizliyi, nəhayət, dövlətin milli təhlükəsizliyi üçün ciddi təhdiddir. Lakin Azərbaycan hakimiyyətinin ölkənin milli maraqlarına və milli təhlükəsizliyinə nə dərəcədə etinasız yanaşdığı heç kəs üçün sirr deyil. Ölkə vətəndaşlarının hüquq və azadlıqları, rifahi və sağlamlığı isə yəqin ki, heç bir dövlət rəsmisini narahat edən məsələlərdən deyil. Görünür elə bu səbəbdən də Mahmudov bandasının xarici kəşfiyyatlara bu qədər geniş meydan verməsi ölkənin siyasi rəhbərliyini zərrə qədər də narahat eləmir. Özü də həmin o ölkə rəhbərliyini ki, durmadan öz siyasi opponentlərini, onu tənqid edənləri xarici kəşfiyyatlara işləməkdə, satqınlıqda, dövlətə xəyanətdə ittiham edir. Mahmudov bandasının ağlasığmaz miqyas almış casusluq fəaliyyətinin nəinki ölkə ictimaiyyətindən gizlədilməsi, hətta bu istiqamətdə heç bir təhqiqatın aparılmaması ənənəvi "Kim kimdir?" sualının gün kimi aydın cavabını bütün çılpaqlığı ilə ortaya qoyur. Belə cinayətlərin isə çoxsaylı qurbanları olub. İlk növbədə bu, Mahmudov MTN-nin satqınlığı nəticəsində müxtəlif xarici kəşfiyyatların toruna düşmuş çoxsaylı ölkə vətəşlarıdır. İkinci, həmin qurbanlardan başqa öz prinsipial vətənpərvər mövqeyinə görə xarici kəşfiyyatların təhdidilə şərlənərək həbsə atılmış, ləkələnmiş azərbaycanlılar və onların ailə üzvləri. Nəhayət, xarici xəfiyyələrin savaşı nəticəsində sağlamlığını, həyatını itirmiş ölkə vətəndaşları. Azərbaycan hakimiyyəti sadə bir həqiqəti nəzərə də almaq istəmir ki, Azərbaycan adlanan bu ölkənin qanuni sahibləri ruslar, israillilər, iranlılar, avropalılar və ya amerikalılar yox, azərbaycanlılardır.
2008-ci ilin sonları idi. ABŞ-ın nüfuzlu media vasitələrindən birini təmsil edən jurnalistin xahişilə onunla görüşdüm. Xüsusi xidmət orqanları ilə əlaqəli olduğunu gizlətməyə də cəhd etməyən həmin amerikalını maraqlandıran nə Rusiya idi, nə də İran. "Pentaqonda və CIA-də İsrailin Azərbaycana təsirini durmadan artırması ciddi narahatlıq doğurur" deyən jurnalisti (!?) ölkəsinin əsas müttəfiqinin Azərbaycandakı hərbi və kəşfiyyat fəaliyyəti maraqlandırırdı. Söhbətimiz alınmadı, çünki əvvəla həmsöhbətimi maraqlandıran mövzu bizim araşdırma predmetimiz deyildi, ikicisi isə belə mövzularda məlumat verməkdən daha çox məlumat almağa üstünlük verirəm. Aradan bir müddət keçmişdi ki, yaxın jurnalist dostlarımızdan biri bu kontekstdə maraq doğuran bir hadisəni danışdı. Livanda səfərdə olarkən həmin jurnalistə "Huzbullah" lideri Şeyx Həsən Nəsrullahla görüş imkanı yaradılır. Görüşdə Hizbullah lideri həmvətənimizə israilli sahibkarların Azərbaycanın cənub bölgələrində (yəni İrana yaxın ərazilərdə) böyük torpaq sahələri alması barədə detallı danışdıqdan sonra, belə şeylərə şərait yaratmağın ölkəmiz üçün çətinliklər törədə biləcəyini də xatırlatmağı unutmur.
2011-ci il fevralın 7-də Masallı Rayon Telekommunikasiya Qovşağında baş verən güclü partlayış qovşaqda çalışan 2 nəfərin ölümünə, 3 nəfərin isə yaralanmasına səbəb oldu. Hadisə yerindən çəkilmiş foto və videolarda binanın yalnız beton karkasının qaldığı görünsə də, nə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (o zaman bu qurum belə adlanırdı), nə də Fövqəladə Hallar Nazirliyi partlayışın səbəbləri barədə məlumat vermirdilər. Partlayışın texnogen mənşəli olması isə istisna olunurdu. Məsələn, partlayışa səbəb binada qaz sızıntısı olsaydı bu, zamanında hiss olunar və sızmanın qarşısı alınardı. Çünki partlayış saat 14.40-da, yəni iş gününün qızmar vaxtında baş vermişdi. Amma baş verən hadisənin mediada çox az işıqlandırılması da müəyyən mülahizələrə əsas verirdi. Qovşağın mütəxəssislərindən biri ölkə telekananllarından birinin kamerası qarşısında sevincək bəyan etdi ki, partlayış nəticəsində binanın altından keçən TAE (Trans - Avropa - Asiya) beynəlxalq fiber optik magistralına xətər toxunmayıb. Məlumat üçün qeyd edim ki, Çinin Şanxay şəhərindən Almaniyanın Frankfurt-Mayn şəhərinədək uzanan TAE beynəlxalq fiber optik magistralı Azərbaycandan əsasən 3 istiqamətə şaxələnir - İran, Gürcüstan-Ukrayna və Rusiya. Bütün bunları konspiroloji xarakterli ehtimallar hesab etmək də olardı əlbəttə. Amma mərkəzimizin hadisə yerinə yollanan əməkdaşı Masallıdan hadisə yerinin xüsusi güclü nəzarətdə olduğunu xəbər verməsi partlayışın terror aktı olması ehtimallarını artırırdı. Kiberkəşfiyyat əməliyyatları və müxtəlif xarakterli kiberhücumlar, o cümlədən də kiberdiversiyalar yenilik deyil. Amma Azərbaycan ərazisinin belə əməliyyatlar meydanına çevrilməsi kifayət qədər qaranlıq perspektivlərdən xəbər verirdi. Ölkə ərazisində kimlərəsə belə fəaliyyət üçün geniş imkanlar yaradılmışdı. Bu isə o demək idi ki, internetlə sıx bağlı olan bütün həyatımız, məlumat bazalarımız, bank hesablarımız (bu haqda növbədi yazılarımda daha ətraflı oxuya biləcəksiniz) və hətta yerdəyişmələrimiz tam nəzarət altında ola bilər. Özü də xarici dövlətlərin nəzarəti altında. Bir daha qeyd edim ki, Masallıda baş verən partlayışa diqqət çəkməmək olardı. Amma bundan sonra bir neçə başqa hadisələr olmasaydı. Həmin ilin noyabrında Tehranın 80 kilometrliyində yerləşən və İran İnqilab Keçikçiləri Korpusuna məxsus olan "Əmir əl-Mömin" hərbi bazasında güclü partlayış baş verir. İran hərbiyyəsinin ballistik raket proqramına aid olan bazada baş verən partlayış nəticəsində ölkənin raket qüvvələrinə rəhbərlik edən general da daxil olmaqla 30-dək hərbçi həlak olur və bir o qədəri də ağır yaralanır. İran ordusunun ən müasir raketlərindən sayılan "Şahab-3" ballistik raketlərinin bir neçəsi sıradan çıxır. Mediaya sızan məlumatlardan biri də partlayış nəticəsində orda təlim keçən Hizbullah hərbi mütəxəssislərindən bir neçəsinin həlak olması və 20-ə qədərinin də yaralanması barədə
 idi. Hadisədən bir neçə gün sonra ABŞ-da nəşr olunan Time jurnalı partlayışın Mossad və CIA tərəfindən hərbi bazadakı kompüterlərə internet vasitəsilə yeridilən xüsusi virusun köməyilə törədildiyini iddia etdi. Ardınca mövzuya dəstək verən bir sıra İtaliya, Fransa, Böyük Britaniya və ABŞ media vasitələrində isə artıq CIA-in adı yox idi. Həmin dövrdə ikitərəfli münasibətləri yaxşılaşdırmağa dair İranla məxfi danışıqlar aparan amerikalıların bu prosesi poza biləcək məlumata bu şəkildə dərhal rekasiya verməsi təsadüfi deyildi. Maraqlıdır ki, rəsmi Tehran bu məlumatları birmənalı rədd edərək, hadisənin ehtiyatsızlıq üzündən baş verdiyini bildirirdi. Belə bir kiberdiversiyanın törədldiyinin nə dərəcədə həqiqət olub-olmadığını, onun Azərbaycan üzərindən həyata keçirilib-keçirilmədiyini iddia eləmək fikrim yoxdur, amma İranın nüvə fiziklərinin bir neçəsinin qətlə yetirilməsində Azərbaycan ərazisindən istifadə edilməsi faktdır və bu haqda vaxtilə Londonda nəşr olunan The Times qəzetinə verdiyim açıqlama bütün aparıcı dünya mediasında da öz əksini tapmışdı və bu media vasitələri arasında mütləq çoxluq təşkil edən ABŞ mediası idi. Yuxarıda qeyd etdiyim kimi, bütün bu tipli təhlükəli əməliyyatların hətta passiv iştirakçısı olmaq Azərbaycanı ciddi təhdidlərlə üz-üzə qoya bilər və bu, artıq reallıqdır.
2015-ci il noyabr ayının 16-da Bakıda, ölkənin əsas internet provayderi olan "Delta Telekom" MMM-in Data Mərkəzində yanğın baş verdi və ölkənin böyük bir hissəsində internet təhcizatı dayandı. İlk baxışdan adi bir texnogen qəza sayıla biləcək bu hadisənin mediada ən müxtəlif rakurslarda hallandırılması xeyli suallar doğurdu. Bəzi mənbələr onu yanğın, digərləri isə sadəcə tüstülənmə adlandırdı. Bir qədər sonra isə müxtəlif media resurslarında qəzanın baş verdiyi məkanda MTN tərəfindən quraşdırılmış hansısa xüsusi avadanlığın yandığı barədə məlumatlar peyda oldu. İrəli sürülən versiyalar arasında biri də bu idi ki, guya yanğının sifarişçisi keçmiş MTN rəhbərliyi idi və bunu törətməklə o, ğlkənin internet məkanında həyata keçirmiş olduğu nəzarətin izlərini itirməyə çalışır. Verisya heç də inandırıcı görünmür, çünki:
- əvvəla, MTN-nin hər hansı internet provayderində və ya rabitə qovşağında quraşdırdığı izləyici-dinləyici qurğular nazirliyin öz təşəbbüsü ilə deyil, hakimiyyətin siyasətinin tərkib hissəsi olaraq həyata keçirilmişdi;
- ikinci, belə bir avadanlığın vasitəsilə görülmüş işlərin izini itirmək üçün onu yandırmaq və ya başqa formada sıradan çıxarmaq hökmən deyil;
- üçüncü, MTN "Delta Telekom"da özbaşına ümumiyyətlə nəzərdə tutulmayan heç bir avadanlıq quraşdıra bilməzdi. Ən azı ona görə ki, bu provayder İlham Əliyevin yaxın və etibarlı adamı olan general Bəylər Əyyubovun nəzarətində olub və belə də qalmaqdadır. Deməli, "Delta Telekom"un Data Mərkəzində quraşdırılmış avadanlıq yalnız ölkənin siyasi rəhbərliyinin xeyir-duası ilə ora yerləşdirilə bilərdi.
Burdan belə nəticəyə gəlmək olar ki, yüksək ehtimalla, avadanlıq bir təyinat adı altında yerləşdirilsə də, tamamilə başqa məqsədlər üçün istifadə edilirmiş "Hansı məqsədlər üçün?", "kim tərəfindən?" və "necə?" suallarınıın cavabı isə yanğın baş verəndən bir neçə saat sonra Azərbaycanı Türkiyə istiqamətində tərk edərək, sonra da "qeybə çəkilən" Delta Telekom"un mühəndisi tapılandan sonra mümkün olacaq. Təbii ki, o, ümumiyyətlə tapılarsa.

No comments:

Post a Comment