Friday, June 6, 2014

4 iyun həqiqətləri. 2-ci yazı: Azərbaycan hərbi qiyam ərəfəsində.

AXC hakimiyyətinin devrilməsinə hazırlıq bir neçə cəbhədə və bir neçə müstəvidə gedirdi. 
Rusiya əsasən Azərbaycana hərbi uğursuzluqlar təşkil edir, ölkəni tərk etməyə hazırlaşan Rusiya qoşunları silah-sursatı Azərbaycan hakimiyyətinə təhvil verməklə yanaşı, həm də özünə loyal siyasiləşmiş hərbi qrupları silahlandırırdı. Ölkə ərazisindəki Rusiya casus şəbəkəsinin fəallığı da gündən-günə artırdı. Bir tərəfdən Rusiya xəfiyyələri Ayaz Mütəllibovu hakimiyyətə qaytarmağı hədəfləyən qrupları dəstəkləyirdisə, digər tərəfdən də Rusiya Silahlı Qüvvələri Baş Qərərgahının Baş Kəşfiyyat İdarəsi (ГРУ) Azərbaycan Ordusunda pozuculuq, təxribat və diversiya fəaliyyətini genişləndirirdi. Azərbaycanın Müdafiə Nazirliyi faktiki olaraq ölkənin siyasi rəhbərliyinə tabe olmurdu və bu da Elçibəy hakimiyyətinin nüfuzunu (o cümlədən, beynəlxalq nüfuzunu) sürətlə aşağı salırdı. Ölkədə xaos yaranması təhlükəsi artırdı. Bundan başqa, bir sıra siyasi partiyalar da müəmmalı yollarla əldə etdikləri vəsaitlər hesabına silahlı birləşmələr təşkil etmişdi. Belə silahlı birləşmələr adətən döyüş bölgələrində deyil, Bakı ətrafında (məsələn, Biləcəridə) yerləşdirilir və yalnız həmin siyasi müxalifət liderlərinə tabe olurdu. Digər tərəfdən də "Hərbi birlik" adlı zabitlər qrupunun fəallığı artır, bu birlik artıq siyasi bəyanatlar səsləndirirdi. Hakimiyyətin qətiyyətli addımlar atmaması bu cür zərərli təşəbbüsləri daha da ruhlandırır və separatçı mövqedən çıxış edən hərbi-siyasi qrupların təhlükə dolu nümunəsi Milli Ordu sıralarına da nüfuz edirdi. Belə təşəbbüslərdən birinin durmadan artan fəallığı xüsusilə nəzərə çarpırdı. "De-facto" korpus komandiri, polkovnik Surət Hüseynovun ətrafına toplaşmış kriminal və yarımkriminal qruplarda "Azərbaycanın gələcək prezidenti" haqda təbliğat xarakterli məlumatlar dövriyyəyə buraxılır, hətta bir sıra el şənliklərində bu şərəfə tostlar səsləndirilir, badələr qaldırılırdı. Elçibəy hakimiyyəti susur, cəzasızlıq isə yeni-yeni özbaşınalıqlar doğururdu...
Azərbaycanın müstəqilliyini ilk gündən aqressiv qarşılayan digər bir qonşu dövlər - İran da pozuculuq fəaliyyətini gücləndirir, bu ölkənin kəşfiyyat orqanları bir neçə istiqamətdə aktivlik göstərirdi. İran xəfiyyələri orduya nüfuz edir, dini dəyərlərin təbliği adı altında sərbəst olaraq məsçidlərdə antiazərbaycan təbliğatı aparır, qurduqları casus şəbəkəsinin vasitəsilə Elmlər Akademiyasının müxtəlif strukturlarında çalışan alimlərin iştirakilə müxtəlif "konfranslar" təşkil edir və hətta bəzən belə "elmi konfransların" iştirakçılarına qonorarlar verməyi də unutmurdu. Bundan başqa, İran xəfiyyələri sürətlə Azərbaycanın media məkanına nüfuz edir, bu işlərə son dərəcə səxavətlə "investisiyalar" yatırırdılar. Ümumiyyətlə müxtəlif mənbələrdən İranın 1992-93 illərdə Azərbaycandakı pozuculuq fəaliyyətinə 14-16 milyon ABŞ dolları məbləğində vəsait ayırdığı haqda məlumatlar daxil olmuşdu. Bu ölkənin xəfiyyə şəbəkəsinin üzvləri və onları idarə edən diplomatik pərdə altında çalışan kəşfiyyatçıları xüsusi həyasızlığı ilə fərqlənirdilər. Bəzən bu hətta ironik həddə çatırdı və Azərbaycan əks-kəşfiyyatı öz ölkəsində İran casuslarından daha ehtiyatlı davranmağa çalışırdı ki, bu da öz növbəsində İran casuslarını daha da ruhlandırırdı. 
Həmin dönəmdə ən sakit davranan isə Heydər Əliyevin komandası idi. Heydər Əliyevin özü sakitlik nümayiş etdirir, Türkiyəyə və Moskvaya səfərlər edir, onun komandasının üzvləri isə müntəzəm olaraq Naxçıvan Ali Məclisi sədrinin hələ kommunist partiyasına rəhbərliyi dönəmində köməkçisi olmuş Rəfail Allahverdiyevin evində toplaşaraq məsləhətləşmələr aparır, verilən tapşırıqlara uyğun planlar qururdu. Bu qrupun fəaliyyətini Heydər Əliyevin qardaşlarından biri koordinasiya edirdi. Bundan savayı, Heydər Əliyevin Türkiyənin bəzi siyasi çevrələrilə qurduğu münasibətlər də öz bəhrəsini verməkdə idi. Türkiyə banklarından biri Naxçıvana böyük həcmdə kredit ayırmışdı ki, bu da Azərbaycanın mərkəzi hökumətilə hətta müzakirə də olunmamışdı. Lakin Heydər Əliyevin fəaliyyəti bununla bitmirdi. O, 1993-cü ilin fevralında Bakıya gəlmişdi və səfərinin rəsmi səbəbi kimi qardaşı, akademik Həsən Əliyevin ölümünün 40-cı günü mərasimində iştirak etmək istəyi göstərilirdi. Lakin ilk baxışdan adi bir ailə-matəm tədbiri ilə bağlı olan bu gəlişin maraqlı bir detalı da vardı - həmin səfər zamanı Heydər Əliyevlə prezident Əbülfəz Elçibəy arasında bağlı qapılar arxasında 8 saatadək çəkən görüş olmuşdu. Yəqin ki, bu görüşdə nələrin müzakirə edildiyini biz daha heç vaxt bilməyəcəyik... İkinci belə görüş(lər) Tükiyədə, mərhum prezident Turqut Özalın dəfn mərasimi ilə bağlı səfər zamanı baş tutmuşdu. Bu görüşlərinsə bir şahidi hələ də var, amma Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl də yəqin ki, bu barədə heç zaman danışmayacaq. Maraqlı məqamlardan biri də budur ki, prezident Özalın dəfn mərasiminə qatılmaq istəyən bəzi Azərbaycan rəsmilərinin Türkiyəyə səfəri müxtəlif yollarla əngəllənmişdi. Bunların arasında Heydər Əliyevə qarşı xüsusi neqativ münasibətilə seçilən xarici işlər naziri Tofiq Qasımovun və daxili işlər naziri İsgəndər Həmidovun olduğu bildirilirdi. 
Üzdə görünən digər iki müxalifət partiyaları - AMİP (sədri Etibar Məmmədov) və MAP (sədri Nizami Süleymanov) isə əslində yetərincə zəif və sistemsiz mübarizə aparmaları ilə təklikdə və hətta tandemdə ciddi təhlükə mənbəyi hesab edilmirdilər. Bir amili - AMİP-ə bağlılığı iddia edilən bir sıra nəzarətsiz hərbi birləşmələri nəzərə almasaq. Daxil olan məlumatlarda iddia edilirdi ki, bunlardan biri yuxarıda qeyd etdiyim Biləcəridə dislokasiya olunmuş iki batalyondan ibarət idi.
Beləliklə, oyunlar genişləndikcə, çevrə daralır, manevr etmək imkanları məhdudlaşırdı. 1993-cü ilin yanvarında Surət Hüseynovun nəzarətində olan korpusun hərbi birləşmələrini Seyfəli poliqonuna çəkərək, Tərtər-Kəlbəcər yolunu müdafiəsiz qoyması və bunun ardınca aprelin ilk günlərində Kəlbəcərin Ermənistan qoşunları tərəfindən işğalı sürətlə daralan halqanı qapadı. Ölkədə fövqəladə vəziyyət elan edildi, amma bu hakimiyyətin süqutunu ən yaxşı halda bir qədər uzada bilərdi. Onu xilas etmək isə artıq gec idi...      

No comments:

Post a Comment