Monday, November 26, 2012

Putinin əsas müxalifəti hücuma keçir və ya Rusiya yeni "saray çevrilişi" ərəfəsində

Rusiya siyasəti hər zaman özünəməxsusluğu ilə seçilib. İnstitusional quruluşu və idarəçiliyi zəif olan superdövlətdə SSRİ dağıldıqdan sonra ictimai-siyasi sistemdə sabit, oturuşmuş, strateji hədəfləri müəyyənləşmiş siyasi partiya və birliklərin olmaması siyasi mübarizənin daim pərdəarxası getməsinə səbəb olub və bu münasibətlər sistemi hələ də davam etməkdədir. Buna misal olaraq deyə bilərik ki, sabit siyasi komandası olmayan ilk prezident Boris Yeltsinin rəhbərliyi dönəmində də, ondan sonra əsasən xüsusi xidmətlərin siyasi təmsilçisi olan Vladimir Putinin prezidentliyi dönəmində də Rusiya siyasətində qanunlara, əsasən də Konstitusiyaya söykənən real siyasət həyata keçirilməyib. Bu da son nəticədə özünü münasibətlərində real səlahiyyət bölgüsü olmayan hakimiyyət qanadları arasında balansın pozulmasında - əsasən də ali qanunverici və məhkəmə hakimiyyətlərinin zəifliyində və bu fonda icra hakimiyyəti qanadının dominantlığında göstərir. Rusiya siyasətinin digər bir spesifikliyi də bütün hakimiyyət qanadlarının legitimlik probleminin olmasıdır. Belə ki, mərkəzləşmiş avtoritar sistem və onun bütün elementləri əsasən qanunlar üzərində yox, onların icrasının imitasiyası üzərində fəaliyyət göstərir. Əlbəttə ki, belə bir şəraitdə funksional ictimai-siyasi münasibətlər sisteminin mövcud olmasından danışmağa belə dəyməz. Görünür məhz bu səbəbdən də Rusiyada müxalifətin özünün belə legitim statusu xeyli suallar doğurur və məhz bu səbəbdən də Dövlət Dumasında təmsil olunan partiyalar "sistem müxalifəti" adlandırılır, yəni mərkəzləşmiş avtoritar sistemin tərkib hissəsi. Amma siyasi məntiq belə bir şəraitdə "Bəs Rusiyadakı sistemin müxalifəti kimdir?" sualını gündəmə gətirir. Müxtəlif institut və analitiklərin dəyərləndirməsinə əsasən Rusiyada mərkəzləşmiş korrupsioner-avtoritar hakimiyyətin əsas opponenti də elə sistemin daxilindədir və bu ölkənin hərbi-sənaye kompleksidir. Bu cür hakimiyyətdaxili rəqabətin bünovrəsi hələ "xalqlar atası" İosif Stalinin dönəmində qoyulmuşdu və totalitar sistemin konkret məqsədlərinə xidmət edirdi. Əsas məqsədlər isə bunlar idi: cəmiyyətdə alternativ siyasi qüvvənin yaranmasına imkan verməmək və hakimiyyətdaxili mübarizəni 2-ci, 3-cü səviyyələrdə qapamaqla diktaturanın yuxarı eşolonlarının sabit hakim mövqeyini təmin eləmək. Stalin dönəmində nisbətən uğurlu olan bu modeli Nikita Xruşovun və Mixail Qorbaçovun rəhbərliyi dönəmində islah etmək iradəsilə yanaşı, Leonid Brejnev dönəmində onu tam funksional durumda qoruyub saxlamaq cəhdləri də boşa çıxdı. Nəticə isə bəllidir: SSRİ dağıldı. Lakin sistemin əsas elementləri öz mövcudluğunu qoruyub saxlaya bildi və müstəqil Rusiyada hakimiyyətdaxili mübarizənin əsas tərəfləri kimi aktuallığını itirmədi. Bu bir tərəfdən partiya-təsərrüfat nomenklaturası, digər tərəfdən isə hərbi-sənaye kompleksidir və bu pərdəarxası mübarizə bu gün də davam etməkdə, son zamanlar isə daha da kəskinləşməkdədir. Üzdə hər şey vaxtilə nomenklatura tərəfindən "Podmoskovyenin" qubernatoruna qədər "alçaldılmış" Sergey Şoyqunun Müdafiə naziri postuna gətirilməsilə başlasa da, əslində nomenklatura-generalitet mübarizəsinin ən kəskin dönəmi Putin-Medvedyev cütlüyünün hakimiyyətinin pik nöqtəsinə təsadüf edirdi. Xüsusilə dəMedvedyevin prezidentliyi dövrünə. Həmin dövrdə Rusiya hərbiyyəsi küncə sıxılmış kimi görünürdü və zəif prezident generalları dəstə-dəstə istefaya, pensiyaya göndərməklə nomenklaturanın mövqeyini gücləndirirdi. Bu möhkəmlənmənin nəticəsi olaraq Rusiyada hətta mülki şəxs də hərbiyyəyə rəhbərliyə gətirildi. Məhz həmin dövrü generalitetin ağır itkilər verdiyi dönəm kimi xarakterizə etmək olar. Belə itkilərdən biri də 2010-cu ilin yayında QRU (Rusiya hərbi kəşfiyyatı) rəisinin müavini general-mayor Yuriy İvanovun Suriyada çimərkən dənizdə "batması" oldu.  
Nəhayət, Vladimir Putinin ikinci dövrə prezidentliyə qayıtmasına Rusiya cəmiyyətində baş qaldıran etirazlar, elə həmin ərəfədə əsas ixracat məhsulu olan neftin qiymətlərinin düşməsi küncə sıxılmış hərbiyyənin özünə gəlməsinə imkan yaratdı və o (hərbi-sənaye kompleksi), elə küncdən də dəqiq zərbə endirdi. Öz  komandasının üzvü olan mülkü Müdafiə naziri Anatoliy Serdyukovun korrupsiya ittihamı ilə biabırçı şəkildə kənarlaşdırılması və onun yerinə dördulduzlu general Sergey Şoyqunun gətirilməsi qərarını verəndə prezident Putinin hansı sərt reallıqla üz-üzə qalmasını yalnız təsəvvür eləmək olar. Reallıqlar isə həm də bundan ibarətdir ki, artıq özünə sahib çıxmış generalitetin Rusiya siyasətində də mövqeləri təsəvvür edildiyi qədər zəif deyil. Rusiya siyasətində hələ də aktuallığını saxlayan sabiq Baş Nazirin müavini Aleksandr Şoxin, ondan daha yüksək dövlət postları tutmuş həmkarı, dördulduzlu general Sergey İvanov və Rusiya Federasiyası Baş Nazirinin müavini Dmitriy Rogozin generalitetin lobbiçilik etdiyi siyasi fiqurlardandılar. Bu hələ necə deyərlər,  aysberqin görünən hissəsidir. Onun suyun altında olan parçasına isə Rusiya cəmiyyətin və siyasətinin böyük bir hissəsini təşkil edən "milli-vətənpərvər qüvvələrin" aid olduğunu nəzərə alsaq perspektiv bir qədər də aydınlaşır. İstisna olunmur ki, Qərbdə davam edən iqtisadi böhran nəticəsində enerji daşıyıcılarının qiymətinin gözlənilən kəskin enməsi və bunun Rusiya üçün sosial-iqtisadi fəsadları hərbiyyəni ruhlandıra və bu dəfə daha ciddi hədəfi vurmağa sövq edə bilər. Bu hədəf isə yüksək ehtimalla Baş Nazir Dmitriy Medvedyev olacaq və bu addımın da uğurlu alınacağı təqdirdə hərbi-sənaye kompleksi de-fakto hökuməti nəzarətə götürmüş olardı. Belə bir durumda prezident Putinin real statusunu amerikan siyasi leksikonunda deyildiyi kimi "axsaq ördək" adlandırmaq olardı, amma bildiyimiz kimi Rusiya siyasətində "axsaq ördəklər"dənsə "ölü ördəklərə" üstünlük vermək ənənəsi mövcuddur. Ən azı ona görə ki, Rusiya siyasi reallığında ikinci variant daha etibarlı və zərərsiz sayılır...            

No comments:

Post a Comment