Wednesday, January 18, 2012

Milli mentalitetimiz və milli seçimimiz

İnkişaf strategilaları baxımından müasir dünyamızda müxtəlif modellər mövcuddur ki, bu gün də əsasən ideoloji dartışmalar əsasən iki cərəyan arasında gedir: liberal və mühafizəkar cəmiyyət modeli tərəfdarları arasında. Bu yerdə solçuluq tərəfdarları mənə etiraz edə bilərlər, amma qeyd eləməliyəm ki, solçuluğun əsas ideoloji qida mənbəyi olan sosial yönümlülük artıq həm liberallar, həm də mühafizəkarlar tərəfindən qismən də olsa həzm olunub. Bunun üçün hər iki cərəyanın Avropa modellərinə nəzər salmaq məncə kifayət edər. Sadəcə birində az, o birində bir qədər çox solçuluq elementləri var. Bizim misalda liberal və ya mühafizəkar cəmiyyətdən danışmaq hələ bir qədər tezdir. Yalnız oturuşmuş, mükəmməl ictimai-siyasi münasibətlər sisteminə malik olan cəmiyyətlər önə çıxır və dövlət-cəmiyyət münasibətlərini, onlar arasında balansı qoruyub saxlaya bilir. Bizdə hələlik həm önə çıxan, həm də cəmiyyətə yaşam qaydaları qəbul etdirən dövlətdir (və ya dövlət adından çıxış edənlər) Müasir cəmiyyətin modeli isə Azərbaycanda hələ yoxdur. Ümumiyyətlə formalaşmamış cəmiyyəti müxtəlif formalar ala bilən (və ya verilə bilən) plastik bir kütləyə bənzətmək olar. Bəzən bu formalar çox təhlükəli də ola bilir. Onun, yəni cəmiyyətin formalaşması isə öz formasının verilməsində özünün iştirakının, rolunun olması deməkdir. Zənnimcə, burda da kəşfə ehtiyac yoxdur. Məsələn, cəmiyyətin müasir Avropa modelində əsas amillər insan hüquq və aadlıqlarının təminatçıları olan vətəndaş cəmiyyəti institutları, həm onların, həm də şəxsin yerini və rolunu müəyyənləşdirən qanunlar, qanunların toxunulmazlığını (aliliyini) həyata keçirən isə müstəqil məhkəmə hakimiyyətidir. Bu üç amil arasında mövcud olan münasibətlər sistemi insan hüquq və azadlıqlarının, mülkiyyət toxunulmazlığının və dövlətin inkişaf strategiyasının əsasını təşkil edir. Fikrimcə, biz də elə əsas amillər kimi bunları qəbul etsək yanılmarıq. Bu gün Azərbaycan vətəndaşının düşüdüyü durumun əsas səbəbləri kimi mən bunların olmamasını görürəm. Müxtəlif əhali qrupları arasında gedən debatları model axtarışı kimi qəbul etsək, deməli həqiqətən də nə model var, nə də təbii ki, onun təminatçısı olan amillər və mexanizmlər. Bəzən bir çox axtarışlar milli adət-ənənəyə, inanca və tarixi təcrübəyə əsaslanmağa yönəlir, yəni insan hüquq və azadlıqlarının ikinci dərəcəli olmasına. Bu halda biz ciddi uğursuzluqlarla üləşə bilərik. Ən azı ona görə ki, həmin sferadakı kriteriyalar hamı üçün universal olmadığı kimi, hamı üçün məqbul da olmaya bilər. Xüsusilə də ictimai münasibətləri tənzimləyən dəyərlərin müəyyənləşdirilməsi məsələsində. Bu sahədə problemli məqamlardan biri də mentalitet adlandırılan amilə tez-tez istinad olunmasıdır. Çünki mentalitetin təməl komponentlərinə yanaşmada biz ciddi fikir ayrılıqlarının şahidi oluruq: biri bunun təməlində milli, digəri-dini, üçüncüsü isə milli-dini-tarixi təcrübədə qazanılmış ictimai münasibətləri və dəyərləri görür. Deməli ən azı bir neçə mentalitet modeli haqqında təsəvvürlər mövcuddur. O aman "mentalitet nədir?" sualının özü elə uzun illərin davamlı mübahisə predmeti ola bilər. Bunu da deyim ki, mənə görə mentalitet anlayışının ictimai-siyasi hədəfi cəmiyyəti çərçıvələrə salmaq cəhdidir və ən təhlükəlisi də budur ki, bu çərçıvələrin hüdudları çox nisbidir. Mentalitet abstrakt kateqoriya olduğundan onun çərçivələri də nisbidir. Qısası, hər kəsin mentalitet adlanan öz çərçivəsi var ki, qalanlarını da bu çərçıvəyə soxmağa çalışır. İnkişaf strategiyası baxımından "milli adət-ənənələrimiz, inancımız, tarıxımiz var" tezisini mən keçmişə baxış, nastolji kimi qəbul edirəm. Bir çox hallarda çox da yaxşı təsəvvür eləmədiyimiz keçmişə, təxəyyül üzərində qurulan keçmişə.
Mənsə keçmişə yox, gələcəyə getmək istəyirəm. İşıq gələn tərəfə.

Saturday, January 14, 2012

Hakimiyyətin "Yeni Avropa Projesi"

Beynəlxalq dəstəkdən sürətlə məhrum olan Azərbaycan iqtidarı öz hakimiyyətini qorumaq üçün yeni texnologiya və üsullara əl atmaqda davam edir. Beynəlxalq faktorun hakimiyyət üçün (həlledici) önəmini yaxşı anlayan rəsmi Bakı bu dəfə keyfiyyətcə yeni bir lahiyə həyata keçirməyə hazırlaşır. Əslində mahiyyətcə əvvəlki projelərdən prinsipial fərqlənməsə də "Yeni Avropa Projesi" fərqli fiqurlar və fərqli ideyalar üzərində qurulur. Belə ki, bu dəfə hakimiyyətə dəstək verən yeni Avropa şəbəkəsi Azərbaycanda və Qərbdə hakimiyyətə opponentlik edən şəxslər tərəfindən təşkil olunur və əvvəlkindən fərqli olaraq, Azərbaycan müxalifətinın öncə deyildiyi kimi, guya, zəif, sistemsiz, qeyri-demokratik və marqinal olması barədə mövqe ortaya qoymayacaq. Bu variant artıq istismar olunub və effekti də gözlənildiyindən qat-qat aşağı alınıb.  Avropada və Azərbaycanda sabit hakimiyyət opponentləri kimi tanınan bir neçə şəxs təşkilatlanaraq kollektiv şəkildə hakimiyyəti kəskin tənqid etməklə yanaşı, müxalifəti də qabiliyyətsizlikdə və.... İranla əməkdaşlıqda ittiham edəcək. Buna əsas olaraq fakt kimi Hacı İlqar İbrahimoğlunun İctimai Palatanın Koordinasiya Şurasında üzvlüyü və guya, bunun nəticəsi olaraq, bu qurumu ələ keçirməsi göstəriləcək.  Nəzərə alsaq ki, bu planı "dinçilərlə" münaqişədə olan və onlar tərəfindən "hədələrə", "təzyiqlərə" məruz qalmış siyasi fəalların iştirakılə reallaşdırmaq nəzərdə tutulur, müəyyən effekt istisna edilmir. Beləliklə, iqtidar demokratik müxalifətin əsas qurumu olan İctimai Palatanı Avropaya və dünyaya bu dəfə İran təsiri altında olan dinçi qurum kimi təqdim etməyi və özünə ölkədə dünyəvi alternativin olmadığını göstərməyi nəzərdə tutur. Bu məqsədlə yaxın zamanlarda "dinçilərin" "təzyiq və təhdidləri" ilə üzləşən bir neçə tanınmış dünyəviçilik tərəfdarının Avropada siyasi sığınacaq almaq üçün Avropa Birliyi ölkələrinə müraciət edəcəyi gözlənilir. Təşkilatda birləşən həmin şəxslər Avropanın müxtəlif ölkələrində dəyirmi masalar, konfranslar təşkil edərək Azərbaycanda dünyəvilik üzərinə çökmüş təhlükə barədə geniş müzakirələr aparacaqlar. Həmin tədbirlərdə hakimiyyət kəskin tənqid olunmaqla yanaşı, əsas müxalifət də dini meylli kimi təqdim olunacaq. Avropadakı Azərbaycan sekulyaristlərinin təşəbbüsü Azərbaycanda dəstək tapacaq, lakin həmin dəstək bu dəfə nə iqtidar, nə də iqtidaryönümlü düşərgədən gəlməyəcək. Bu məqsədlə illər boyu müxtəlif Avropa və ABŞ qurumlarına yerləşdirilmiş kadrlar işə salınacaq. Belə ki, həmin qrupa aid olan insanlar Azərbaycan cəmiyyətində sabit qərbpərəst imicə malik olmaqla yanaşı, eyni zamanda, onların bəziləri mütəmadi olaraq ölkəyə gələn yüksək çinli ABŞ və Avropa rəsmilərilə görüşlərə də cəlb olunublar. Bu görüşlərin iştirakçılarının adı adətən Qərb ölkələrinin müxtəlif missiyalarının görüşlər barədə hesabatlarına düşür. Beləliklə, qərbpərəstlərin Azərbaycanda dünyəviliyə təhlükə olması barədə müxtəlif müraciət və bəyanatları axın şəklində Qərbə doğru yönəldiləcək. Eyni zamanda, müxtəlif ABŞ və Avropa qurumlarında çalışan həmin şəxslərin yuxarıda göstərilən narahatlığı Azərbaycan cəmiyyətinə Qərbin mövqeyi kimi təqdim olunacaq. 
Təsvir edilən planın Avropa hissəsinin koordinasiyası Almaniyada biznes fəaliyyəti ilə məşğul olan və hakimiyyətə bağlı bir neçə şəxsin vasitəsilə birbaşa Bakıdan gələn təlimatlar üzrə həyata keçiriləcək. Səfirliklər və digər dövlət nümayəndəlikləri isə onların fəaliyyətini etirazlarla qarşılayaraq bu şəbəkənin fəaliyyətinə bu yolla piar dəstəyi verəcək. 
Lakin Avropa Birliyinin müxtəlif institutlarının və Avropa ölkələrinin dövlət qurumlarının məlum plan haqda məlumatlı olduğu da istisna edilmir və bəlkə də "Spiegel" jurnalının 4 yanvar tarixli nömrəsindəki məlum məqalə də elə Azərbaycan hakimiyyətinə bu fəaliyyətdən çəkinmək barədə mesaj xarakteri daşıyırdı...   

Sunday, December 4, 2011

Rafiq Tağı niyə öldürüldü?

Bu yazı əslində bir həftə əvvəl "Rafiq Tağını kim öldürdü?" yazısının davamıdır. 
Hüquq və azadlıqların, demokratik dəyərlərin tapdandığı kriminal ailə-tayfa rejimli ölkələrdə qalxan üsyanlar əvvəlki anoloji proseslərdən əhəmiyyətli cəhətlərilə fərqlənir. Belə ki, illər boyu cinayətkar rejimlərlə ayrı-ayrılıqda mübarizə aparmağa cəhd edən (elə ayrı-ayrılıqda da asanlıqla əzilən) liberal və dini təmayüllü cərəyanlar sonda birləşərək vahid düşmən üzərində qələbə çaldılar. Ərəb ölkələrində bu birləşmə bir neçə səbəbdən baş verdi. Bu yerdə Azərbaycanla ərəb ölkələri arasında müqayisəli təhlil aparmağa ehtiyac yaranır. Beləliklə::


- Ərəb liberal-demokratları daha çox Avropa və ABŞ təhsilli (həm də təfəkkürlü) olduqlarından dünənki dinçi-siyasi rəqiblərinın etimadını qazanaraq, onlarla müttəfiqliyə nail ola bildilər. Özlüyündə dini icma hər zaman və hər yerdə daha qapalıdır və onunla əməkdaşlıq qurmaq uzun zaman və səylər tələb edir. Amma dindarın psixoloji durumu onun inancına hörmətlə yanaşanlara etimad və hörmət motivləri verir. Dini icmanın dəyərlərinin təhqir edilməsi, aşağılanması, bəzən isə hətta tənqid edilməsi dindarı da (fərd olaraq), icmanı da (toplum olaraq) daha qapalı və daha radikal olmağa sövq edir. Dini icma ilə əməkdaşlıq bu icmanın üzvlərini dünyəvi siyasi modelə meylləndirmək şansı yaratdığı kimi, onun (dini icmanın) təcrid edilməsi bu icmanı daha çox şəriət siyasətinə yönəldir. Bizdə münasibətlər daha çox ikinci variant üzrə gedirdi. Azərbaycanda liberal-demokrat kəsimin böyük bir hissəsi psevdodemokrat olmaqdan uzağa getməyib və demokratik təfəkkürü də olduqca çiy və natamamdır. Bir çox hallarda bolşevik və hətta faşist yanaşmalar demokratik təcrübə kimi təqdim edilir. Məsələn, liberal partiya üzvü olduğunu iddia edən bəzi FB istifadəçıləri, eyni zamanda, profilində Adolf Hitlerdən və ya İosif Stalindən sitatlar gətirir, onların fotolarını böyük məmnuniyyətlə öz səhifələrinə yerləşdirirlər.


- Ərəb dini partiya və hərəkatlarının mütləq əksəriyyətinın fəaliyyəti əvvəla ölkənin daxilindən tənzimlənirdi və onların az qala hamısının liderləri yüksək təhsilli, islami dəyərlərlə yanaşı azadlığı, demokratiyanı, liberal  dəyərləri də qəbul edən (bu dəyərlər arasında ziddiyyətlər axtarmayan) şəxslər  idi. Azərbaycanda durum fərqlidir: dini icmaların önəmli bir hissəsi müxtəlif olduqları kimi, həm də müxtəlif xarıcı cərəyanlar və icmalarla (bir sıra hallarda isə, hətta dövlətlərlə və onların çeşidli qurumları ilə) hərtərəfli ilişgilərə malikdirlər. Azərbaycandakı dini icmaların böyük bir hissəsi daha çox qaraguruhçu təəssürat bağışlayır. 


- Ərəb ölkələrində hər iki kəsimin hüquq və azadlıqların (istisnasız olaraq, hamısının) pozulmasına qarşı birgə mübarizə apardığı halda, Azərbaycanda onların hər biri digər tərəfin haqlarının hakimiyyət tərəfindən kobud şəkildə pozulmasına nəinki susur, bəzən hətta ürəyində buna bəraət də qazandırır. Ərəb ölkələrindən fərqli olaraq, Azərbaycanda insanların bir hissəsinin təfəkküründə düzgün olan və ya olmayan, mümkün olan və ya olmayan hüquq və azadlıqlar anlayışları var.


Yuxarıda qeyd etdiyim (bu hələ münasibətlərin tam mənzərəsi deyil) durumun mövcud olduğu Azərbaycanda kiçik bir nifaq qığılcımı iki kəsim arasındakı çatı uçuruma çevirməyə yetərli idi və görünür Rafiq Tağını qətlə yetirənlər situasiyanı tam real dəyərləndirə bildilər. Mərhum Rafiq Tağının yaradıcılığı kimi, onun ölümü (daha doğrusu, öldürülməsi) də cəmiyyəti parçalanmasına xidmət elədi. 
Bu parçalanmaya müstəsna xidməti isə hər iki tərəfdən qeyri-adekvat, emosional, bir sıra hallarda isə sifarişli və planlı  reaksiya verənlər göstərdilər. 
Odur ki, hər iki tərəfi təbrik etmək olar, çünki zəhmətləri hədər getmədi!

Monday, November 28, 2011

Rafiq Tağını kim öldürdü?

Bu yazını tanınmış yazarın qətlindən bir neçə gün keçdikdən sonra verməkdə məqsədim həm ilkin emosiyaların keçməsini gözləmək, həm də qətlə olan reaksiyaları təhlil eləmək idi.
Məncə, artıq bu müəmmalı qətllə bağlı bir çox suallara cavab axtarmaq zamanı yetişib. Odur ki, başlayaq mərhum yazarın qalmaqallı "Avropa və biz" yazısından. İndi bir çoxları yazarın ölümünə səbəb kimi bu yazını və ona olan reaksiyanı gətirir. Bu yazıya iranlı ayətüllah Lənkəranidən tutmuş İslam-ın müdafiəsində müstəsna səlahiyyəti olmasını hesab edən yerli "kadrlar" da reaksiya vermişdi: ayətüllah Lənkərani və bəzi yerli "dindarlar" ölüm fətvası ilə, bir qrup dindar isə məhkəməyə müraciətlə. İkinciyə sözüm yoxdur və "ədalətli", "çevik" Azərbaycan məhkəməsi də həmən reaksiya verib, Rafiq Tağını həbsə yollamışdı. Amma... "Avropa və biz" yazısına görə Rafiq Tağını həbsə yollayan Azərbaycan məhkəməsi, yazarın qətlinə fətva vermiş İran ayətüllahlarına və (ya) qətlə çağırış edən yerli İslam "müdafiəçilərinə" qarşı niyə cinayət işi açmadı və bu gün də açmır?  Yoxsa ölümlə hədələmə və ya zorakılığa çağırış Azərbaycan Respublikasında artıq müstəsna hallarda cinayət hesab edilir? Məsələn, belə bir aksiya millət vəkilinə (Sabir Rüstəmxanlıya) qarşı yönələndə. Niyə ölkənin hüquq-mühafizə orqanları Azərbaycanda Azərbaycan vətəndaşını qətlə yetirməyə çağırış edən iran klerikalları ilə əlaqədar İnterpola müraciət etmədi və bu gün də etmir? Bu ki, birbaşa İnterpolun səlahiyyətinə aiddir, yəni terror törətmə və terrora çağırış. Yoxsa bizimçün İran teokratiyasının daxili işlərimizə kobud müdaxiləsi artıq adiləşib? O zaman iranlı general Həsən Firuzabadi İlham Əliyevi təhdid edəndə qaldırılan rəsmi isteriyanı necə izah edəsən? Əlbəttə ki, nə Rafiq Tağı, nə də qalan 9 milyon orta statistik Azərbaycan vətəndaşı İlham Əliyev deyil, amma İran rejiminin ölkəmizin vətəndaşlarına qarşı artan təhdidləri sonda elə həmin İlham Əliyevin hakimiyyətinə təhlükə yaratmırmı? Bəli, məhz elədir! Təhdidlərinə, hədələrinə və nəhayət cinayətlərinə görə layiqli cavab almayanlar, sonda dövlətin təməlinə belə əl uzatmağı özlərinə borc biləcəklər. Çünki cəzasızlıq özbaşınalıq doğurur. O zaman bu nə susqunluqdur? Yoxsa kimlərinsə İranla cinayətkar biznesinə xələl gəlməsin deyə biz də cəmiyyət olaraq bunların hamısını "yeməliyik"?  Xeyr, o qədər də deyil. Əgər ölüm fətvası veriləndə və bu gün Azərbaycan hakimiyyəti İrandan izahat tələb eləmirsə, bunu bizlər tələb eləməliyik: təhdid edənlərdən və buna dözümlülük göstərənlərdən tələb eləməliyik. Mən ya İslamın, ya da hər hansı başqa dinin, etiqadın təhqir edilməsinin, aşağılanmasının qəti əleyhdarıyam, amma mən həm də ifadə və düşüncə azadlığının tərəfdarıyam. Mən hər hansı bir xarici ölkə vətəndaşının azərbaycanlılar haqqında ölüm hökmü vermək hüququnu tanımıram və buna susan hakimiyyəti qınayıram. Həm də təkcə günü-gündən harınlayan, əndazədən çıxan təcavüz qarşısında susduğuna görə yox, vətəndaşını müdafiə edə bilmədiyinə (və ya istəmədiyinə) görə. Mən ABŞ-a, Avropaya, Tükiyəyə, beynəlxalq təşkilatlara meydan oxuyan Azərbaycan iqtidarının İran qarşısında bu cür alçalmasına, acizliyinə görə məyus oluram və bunun səbəblərini tam anlaya bilmirəm.
Rafiq Tağını kim öldürdü? İran? İranla Azərbaycan arasında münaqişə istəyənlər? Hansısa kəmağıllı fanatik? Kim? Təəssüf ki, bu suallar cavabsız qalacaq. Bircə cavab odur ki, Rafiq Tağı siyasi irticanın qurbanı oldu. 
Rafiq Tagı artıq yoxdur... Amma bu Azərbaycanın nə ilk, nə də son itkisidir, bax buna dəqiq əminəm. Çünki ortada cəzasızlıq fenomeni var: Elmar Hüseynovun qətlindən tutmuş Rafiq Tağıyadək. Bu gün sual da verilmir ki, həcmli qarın boşluğu əməliyyatı keçirmiş yazarın "peritonit" diaqnozu ilə elə ertəsi gün reanimasiyadan adi palataya keçirmək kimə və nəyə lazım idi? Klinim xəstəxananın həkimləri təbabətin bu əlifbasını bilmirdilər, yoxsa onlar kimsə, daha "yaxşı bilən" tövsiyyə eləmişdi bunu? Bəs məhkəmə-tibb ekspertizasının ziddiyyətli məlumatları nəyə xidmət edirdi? Suallar çoxdur, amma çətin ki, bunlar cavablandırılsın. Ən azı, rəsmi səviyyədə. Nə qədər ki, bu sualların da cavabı yoxdur, cinayətə görə cəza yoxdur insana və insanlığa qarşı cinayətlər də  davam edəcək...


P.S.: Bu yazını yekunlaşdırmağa yaxınlaşanda Rafiq Tağının qətlilə əlaqədar ayətüllah şeyx Məhəmməd Lənkəraninin sevinc dolu müraciətini oxudum. İslam adına danışan bir şəxsin milyarddan yuxarı insanın inancını və müqəddəs hisslərini Azərbaycanda siyasi durumu gərginləşdirmək kimi bir missiyaya istifadəsi yalnız dərin təəssüf hissi doğura bilər. 
Möhtərəm ayətüllah diplomatik və etik stillə azacıq da olsa tanışdırsa, əminəm ki, bununla  demək istədiyimi anlamamış olmayacaq...

Monday, November 7, 2011

İsrail-İran qarşıdurması gündəmdə.

İrana qarşı hərbi əməliyyatlar həyata keçiriləcəkmi?
Təəssüf ki, bu sual artıq bütün aktuallığı ilə yenidən gündəmə gəlib. Aparılan təhlillər və İran ətrafında baş verənlərin nəzərdən keçirilməsi suala cavab axtarışında xeyli pessimist olmağa əsas verir. Amma eyni zamanda belə bir müdaxilənin olacağı təqdirdə onun irimiqyaslı bir hərbi əməliyyat olacağını da söyləmək düzgün olmazdı. Belə ki, bu dəfə real müharıbə təhdidləri əsasən İsrail tərəfindən gəlir və İranın, guya ən yaxın zamanda bir neçə nüvə başlığı əldə edə biləcəyi ilə əsaslandırılır. İlk baxışdan İranın nüvə silahı əldə etmək cəhdinin İsraildə ciddi narahatlıq doğurması anlaşılan olsa da, fikrimizcə, bu məsələnin yalnız bir, özü də daha çox bəhanə tərəfidir. Əslində isə məsələnin İsrailin və İranın daxili siyasi konyunkturası kontekstində nəzərdən keçirilməsi də maraqlı olardı. Bunun üçün son gəlişmələrin xronologiyası ciddi təhlil predmeti ola bilər. Beləliklə, İsrailin İrana aviazərbələr endirəcəyi barədə ilk məlumatı "Guardian" yaydı və həmin məqalədə göstərilənlərə münasibət bildirən İsrailin xarici İşlər naziri Aviqdor Liberman bunu təkcə təkzib etməklə kifayətlənməyib, narazı tərzdə "bu cür fikirlərin ziyanlı olmasını və onların yaylmasının bölgədə sabitliyi poza biləcəyini" də ifadə etdi. Bunun ardınca ABŞ Pentaqon rəsmisinin dilindən verilən bəyanatla faktiki olaraq "Guardian"ın məlumatını təsdiqləməklə yanaşı, eyni zamanda da Obama administrasiyasının İranın nüvə proqramına dair danışıqlar yoluna üstünluk verməsini vurğuladı. Bununla da rəsmi Vaşınqton İsraildən "məsafələşdi". Buna bənzər, amma bir qədər ikibaşlı bəyanatı Fransanın Xarici İşlər naziri Allen Jüpe səsləndirdi. Məsələyə tam aydınlığı isə İsrail TV-2 kanalına müsahibəsində bu ölkənin prezidenti Şimon Peres gətirdi. Peres de-fakto "müharıbə qaşılmazdır və zəruridir" fikrini ifadə etməklə bütün dünyaya mesaj vermiş oldu. Bir çox hallarda İsrailin radikal Netanyahu-Liberman hökumətinə opponent movqedə dayanan prezident Peresi nə idi bu bəyanata vadar edən? Belə qənaətə gəlmək olar ki, burada iki səbəb mümkündür: birinci, Peres İrana qarşı hərbi əməliyyatlara başlayacağı halda İsrailin təklənməsinin qarşısını almaq istəyirdisə, ikincisi, mümkündür ki, prezident bununla dünyaya İsrail hökumətinin artıq müharibə qərarı verdiyini çatdırmaq istəyirdi və dünyanı bunun qarşısını almaq barədə təcili müzakirələrə başlamağa çağırırdı. Amma dünyanın reaksiyası yuxarıda qeyd etdiyimiz kimi, ilk növbədə İsraildən məsafələşmək oldu. Bu da təbiidir. Gələn ilin mart ayında İsrail Knessetinə (parlamentinə) keçiriləcək növbəti seçkilərin bugünkü Netanyahu-Liberman hakimiyyətinə uğur vəd etmədiyi artıq bəllidir. Radikal siyasət xəttinə sadiq olan bu koalisiyanın qarşıdan gələn seçkilərdə vəziyyəti öz xeyrınə həll etmək üçün İrana havadan zərbələr endirəcəyi istisna edilmir. Digər tərəfdən, Əhmədinejad hakimiyyətinin də ciddi daxili sosial-iqtisadi və siyasi problemləri  var ki, bu da hər iki ölkənin hakimiyyətləri üçün xarici düşmən amilini həyati zərurətə çevirir. Odur ki, müharıbənın real olduğu bir zamanda hər iki ölkə rəsmilərinin təhdidləri anlaşılandır. Deyilənlərdən belə qənaətə gəlmək olar ki, yaxın zamanlarda biz İsrail-İran qarşıdurmasının söz savaşından hərbi əməliyyatlara keçməsinin şahidi ola bilərik. İsrailin İranın nüvə obyektlərinə endirəcəyi hava zərbələrinə İranın genişmiqyaslı cavab verməyəcəyini düşünmək də sadəlövdlük olardı. Amma hərbi əməliyyatların geniş vüsət alacağı və uzanacağı da inandırıcı görünmür, çünki bu halda İsrail həm daha dağıdıcı silahlardan istifadə etməyə məcbur olub ciddi beynəlxalq təzyiqlə üzləşə bilər, həm də İranın cavab zərbələri İsraildə daxili siyasi durumu mövcud iqtidar koalisiyasının əleyhinə dəyişə bilər. Odur ki, hərbi qarşıdurmanın baş verəcəyi təqdirdə, onun qısamüddətli olması hər iki tərəfin ehtiyaclarına cavab verir: İsrail bəyan edir ki, o İranın nüvə proqramına ciddi zərbə vurub və artıq İranın nüvə silahı əldə edəcəyi nəzəri cəhətdən ehtimal edilə bilər, İran isə öz növbəsində İsrail üzərində qələbə çaldığını, onun aviasiyasını sıradan çıxardığını və sionist dövlətinə ağır raket zərbələri endirdiyi barədə təbliğatı daxili təbliğat dövriyyəsinə buraxır. Əlbəttə ki, bunlar sadəcə bir ehtimaldır, lakin ABŞ-ın, Fransanın yuxarıda qeyd edilən mövqeləri və bölgənin əsas geosiyasi oyunçularından olan Türkiyənin susqunluq nümayiş etdirməsi də mümkün hərbi fəallığın artacağı halda, bunun İranın və İsrailin daxili siyasi durumu ilə bağlı olacağını söyləməyə əsas verir.
   



Şərq-Qərb Araşdırmalar mərkəzi

Thursday, October 27, 2011

Yeni "Qarabağ savaşı"?

Hörmətli oxucu, ilk öncə Qarabağ savaşı kəlməsini dırnaq arasında yazmağıma aydınlıq gətirim: məsələ çox sadədir, İlham Əliyev hakimiyyəti öz içindən laxlayır və eyni zamanda, yanlış daxili və xarici siyasət də bu dağılmanı sürətləndirir. İndi hakimiyyətə, heç zaman olmadığı kimi, MÜHARİBƏ LAZIMDIR! Beləliklə, Azərbaycanı və hakimiyyəti yenidən tam nəzarətə götürməyin bir tək yolu kimi müharibə görünür. Bu o müharibədir ki, onun hədəfi işğal altında olan torpaqları azad etmək deyil, əksinə, anlaşma əsasında bu torpaqların bir qisminin azad edilməsi hakimiyyəti qorumaq üçün vasitə kimi nəzərdən keçirilir. 
Amma belə bir anlaşmanı Azərbaycan nə Qərblə, nə də Türkiyə ilə əldə edə bilməyəcək. Səbəblər isə yetərincə sadədir: əvvəla, onların Ermənistana təsiri yoxdur, ikincisi, belə bir müharibə onların bölgədəki maraqlarına tam ziddir. Deməli, qaldı Rusiya və onunla anlaşmağın yolları da bəllidir-bugünkü Rusiya siyasi rəhbərliyinə xərac ver və nə istəyirsən al, məsələn, 1 milyard dollara Ağdamı geri al və bunu da Böyük Xilaskar olan Azərbaycan rəhbərinin tarixi qələbəsi kimi ötür millətin boş süfrəsinə. Amma... Doğrudanmı Azərbaycan rəhbərliyi Rusiya siyasətini bu qədər sadəlövh və səmimi təsəvvür edir? Bəlkə də yox, sadəcə seçim qıtlığı buna vadar edir onu. O zaman bəlkə bəzi məqamlar üzərində düşünməyə də dəyər? Məsələn, əvvəlcədən bu razılığı verən Rusiya, savaş başlayan kimi, birdən mövqeyini dəyişdi və fürsətdən istifadə edərək bölgədə hərbi gücünü artırmaq istədi? Niyə də yox? Məncə Rusiya bunu eləməsəydi, o, bizim tanıdığımız Rusiya olmazdı. Dovşana-qaç, tazıya-tut deyən Rusiya. Odur ki, bəlkə belə bir ssenarini də istisna eləməyək: deyək ki, Azərbaycan hücuma keçir, Rusiya Ermənistanın hərbi gücünü artırır və Azərbaycana ağır hərbi zərbələr endirir (kim müəyyən edə bilər ki, işğal altında olan torpaqlardan Azərbaycana raket atan ermənilərdir, ya ruslar?), ölkə qarışır, Rusiya öz agentura şəbəkəsini var gücü ilə işə salıb daxili siyasi durumu bir qədər də gərginləşdirir və Azərbaycanda hakimiyyətin içindən saray çevrilişini həyata keçirir. Heç kəsdən sirr deyil ki, Rusiyanın Azərbaycandakı yeni komandası artıq hazırdır və son illər bu komanda sonsuz tamahı və imkanları sayəsində ölkə iqtisadiyyatının önəmli hissəsini tam nəzarətə keçirib. Amma bu komanda da artıq müharibədə məğlub olmuş Azərbaycanı götürür, məğlubiyyətin nəticələrini və ölkənin qarşısına qoyulacaq şərtləri isə, məncə, xüsusi təsvir eləməyə ehtiyac yoxdur. Xüsusilə də, müharıbə etdiyinə görə beynəlxalq aləmdən tərəfindən təzyiqlərə və təcridə məruz qalan ölkənin...
Bəs Azərbaycan iqtidarı bu perspektivə necə baxır? 
Müşahidələr göstərir ki, Rusiyadan dəstəklənən hər iki hakimiyyətdaxili qruplaşmalarda öz rəqibləri üzərində mütləq qələbə çalmaq ehtirası elə bir həddədir ki, artıq belə ssenarilərin mümkünlüyü onlara inandırıcı görünmür. Bəlkə də, sadəcə, buna inanmaq və hətta belə təhlükənin nəzəri cəhətdən mümkünlüyünü belə görmək istəmirlər... 

Monday, September 19, 2011

Afrika, Mossad və geydirmə çiplər

ABŞ-da dostlarımla kofe içib dünyanın gəliş-gedişini müzakirə edir, nıvbəti görüşün vaxtının çatmasını gözləyirdik. Həmsöhbətlərimdən biri dil boğaza qoymadan İsrailin Nigeriyadakı cinayətkar rejimi dəstəkləməsinə bəraət qazandırmağa çalışır, mənsə ona opponentlik edirdim. Həmsöhbətim and-aman edirdi ki, Nigeriya İsrailə qardaş dövlət, strateji tərəfdaş olduğundan, əmisi uşaqları oradakı rejimi təmənnasız müdafiə edirlər. Beləcə mübahisədə iştirak etməyən daha 2 dostumuz üçün bu üzücü dialoq başa çatdı və bizi dəvət etmiş başqa bir dostumuzun müasir İnformasiya Texnologiyaları sahəsində çalışan şirkətinə yollandıq. Hə, əziz oxucum, bax elə ən maraqlı əhvalat da bu şirkətdə baş verdi. Daha doğrusu, düz binanın girəcəyində. Elə təhlükəsizlik nəzarətindən keçmək istəyirdim ki, əməkdaşlardan biri mənə yaxınlaşıb dedi: 
- Ser, bağışlayın, amma sizin üzərimdə çip var. 
Mən cavab verməyə macal tapmamış, həmin şəxs:
- Telefonunuzu olar? - deyə soruşdu.
- Əlbəttə,- söyləyib, telefonumu uzatdım ona. Telefonu skanerdən keçirən təhlükısizlik əməkdaşı gülüb: 
- Hə, bu mənə tanışdır,- deməklə məni söhbətə təhrik etdi. 
- Nə mənada tanışdır?- sualıma kommunikativ amerikalı dilotu yemiş kimi başladı, nə başladı: 
- Bilirsiniz bu çiplər İsraildə istehsal olunurdu və çox köhnə, uğursuz model idi. Vaxtilə Mossad bunları "Hezbollah" və "Həmas" üzvlərinə qarşı istifadə edirdi, amma onlar bunu aşkarlamağı öyrəndiklərinə görə, başladılar Afrika ölkələrinə satmağa, özü də çox baha qiymətə. 
Bunları deyəndə o, təbəssümünü gizlədə bilmədi. Cüssəli və çox pozitiv olan bu təhlükəsizlik əməkdaşı danışdıqca bayaqdan yaxasını yırtıb İsrailin Nigeriya siyasətini müdafiə edən opponentimin qarabuğdayı şərqli bənizi məsumlaşır, rəngdən-rəngə keçir və onu qarşıda nələrin gözlədiyini başa düşmüş kimi yazıq görkəm alırdı. Dostum yaxşı bilirdi ki, Ərəstun belə şansı əldən verməz. Qeydirmə çip haqqında öz dərin biliklərini bitirən "pozitiv": 
- İstəsəniz onu çıxarıb sizə verə bilərik! 
- Xeyr, qətiyyən narahat olmayın, onu özümüz quraşdırmışıq, hər ehtimal üçün,-dedim.  
Bunu eşidən təhlükəsizlik əməıkdaşının amerikansayağı: 
- Siz də Afrikadansınız?- sualına "Demək olar ki.." cavabını verdim və getdik liftə sarı. İndi həmsöhbətimi intizardan çıxarmağın vaxtı gəlib çatmışdı. Mən dostumu incitməmək üçün maksimal dərəcədə diplomatik tərzdə dedim: 
- Hə dostum, bax görürsən, zavallı Afrikalıların səmimi inamından sənin kuzenlərin necə sui-istifadə edirlər? Afrikalılar onlara inanır, biznes imkanları yaradır, hətta Mossadın öz agentlərini Nigeriya hakimiyyətində nazir postlarına soxuşdurmasına belə dözümlülk göstərirlər, onlarsa birə beş qiymətə belə önəmli strateji tərəfdaşlarına geydirmə çiplər sırıyırlar. Sonra da Nigeriya kəşfiyyatçıları gətirib onu Bakıya, yeridirlər mənim telefonuma. Öz aramızdır, elə mən də bayaq bunu deyırdim ki, belə tərəfdaşlıq olmaz. Lap tutalım Afrikalı cinayətkar rəsmilər bu işə qol qoyurlar, xalqın neftdən, almazdan gələn pullarını talayırlar, bəs sənin qardaşlarının vicdanı hardadır? İnsaf da dinin yarısıdır axı... 
Dostumsa susur və çox uğursuz cəhdlərlə pərtliyini gizlətməyə çalışırdı.
Amma opponentimin boğzazının quruduğunu gördükdə söhbətə son qoymağa qərar verdim... və getdik görüşə. 
Maraqlı görüşdən sonra isə cibimdə telefonum, onun da içində Nigeriya xalqının neft puluna alınmış geydirmə çip qayıtdım hotelə. Səfərim başa çatdı və geydirmə çipin etibarlı nəzarəti altında gəldim Vətənə. Bilirsiniz çipi niyə çıxarıb atmadım? Çünki ona Nigeriya xalqının canı, qanı bahasına çıxardığı neftin pulları xərclənib... Nənəm deyərdi: Birin qədrini biməyən, beşinkini də bilməz.