Sunday, December 4, 2011

Rafiq Tağı niyə öldürüldü?

Bu yazı əslində bir həftə əvvəl "Rafiq Tağını kim öldürdü?" yazısının davamıdır. 
Hüquq və azadlıqların, demokratik dəyərlərin tapdandığı kriminal ailə-tayfa rejimli ölkələrdə qalxan üsyanlar əvvəlki anoloji proseslərdən əhəmiyyətli cəhətlərilə fərqlənir. Belə ki, illər boyu cinayətkar rejimlərlə ayrı-ayrılıqda mübarizə aparmağa cəhd edən (elə ayrı-ayrılıqda da asanlıqla əzilən) liberal və dini təmayüllü cərəyanlar sonda birləşərək vahid düşmən üzərində qələbə çaldılar. Ərəb ölkələrində bu birləşmə bir neçə səbəbdən baş verdi. Bu yerdə Azərbaycanla ərəb ölkələri arasında müqayisəli təhlil aparmağa ehtiyac yaranır. Beləliklə::


- Ərəb liberal-demokratları daha çox Avropa və ABŞ təhsilli (həm də təfəkkürlü) olduqlarından dünənki dinçi-siyasi rəqiblərinın etimadını qazanaraq, onlarla müttəfiqliyə nail ola bildilər. Özlüyündə dini icma hər zaman və hər yerdə daha qapalıdır və onunla əməkdaşlıq qurmaq uzun zaman və səylər tələb edir. Amma dindarın psixoloji durumu onun inancına hörmətlə yanaşanlara etimad və hörmət motivləri verir. Dini icmanın dəyərlərinin təhqir edilməsi, aşağılanması, bəzən isə hətta tənqid edilməsi dindarı da (fərd olaraq), icmanı da (toplum olaraq) daha qapalı və daha radikal olmağa sövq edir. Dini icma ilə əməkdaşlıq bu icmanın üzvlərini dünyəvi siyasi modelə meylləndirmək şansı yaratdığı kimi, onun (dini icmanın) təcrid edilməsi bu icmanı daha çox şəriət siyasətinə yönəldir. Bizdə münasibətlər daha çox ikinci variant üzrə gedirdi. Azərbaycanda liberal-demokrat kəsimin böyük bir hissəsi psevdodemokrat olmaqdan uzağa getməyib və demokratik təfəkkürü də olduqca çiy və natamamdır. Bir çox hallarda bolşevik və hətta faşist yanaşmalar demokratik təcrübə kimi təqdim edilir. Məsələn, liberal partiya üzvü olduğunu iddia edən bəzi FB istifadəçıləri, eyni zamanda, profilində Adolf Hitlerdən və ya İosif Stalindən sitatlar gətirir, onların fotolarını böyük məmnuniyyətlə öz səhifələrinə yerləşdirirlər.


- Ərəb dini partiya və hərəkatlarının mütləq əksəriyyətinın fəaliyyəti əvvəla ölkənin daxilindən tənzimlənirdi və onların az qala hamısının liderləri yüksək təhsilli, islami dəyərlərlə yanaşı azadlığı, demokratiyanı, liberal  dəyərləri də qəbul edən (bu dəyərlər arasında ziddiyyətlər axtarmayan) şəxslər  idi. Azərbaycanda durum fərqlidir: dini icmaların önəmli bir hissəsi müxtəlif olduqları kimi, həm də müxtəlif xarıcı cərəyanlar və icmalarla (bir sıra hallarda isə, hətta dövlətlərlə və onların çeşidli qurumları ilə) hərtərəfli ilişgilərə malikdirlər. Azərbaycandakı dini icmaların böyük bir hissəsi daha çox qaraguruhçu təəssürat bağışlayır. 


- Ərəb ölkələrində hər iki kəsimin hüquq və azadlıqların (istisnasız olaraq, hamısının) pozulmasına qarşı birgə mübarizə apardığı halda, Azərbaycanda onların hər biri digər tərəfin haqlarının hakimiyyət tərəfindən kobud şəkildə pozulmasına nəinki susur, bəzən hətta ürəyində buna bəraət də qazandırır. Ərəb ölkələrindən fərqli olaraq, Azərbaycanda insanların bir hissəsinin təfəkküründə düzgün olan və ya olmayan, mümkün olan və ya olmayan hüquq və azadlıqlar anlayışları var.


Yuxarıda qeyd etdiyim (bu hələ münasibətlərin tam mənzərəsi deyil) durumun mövcud olduğu Azərbaycanda kiçik bir nifaq qığılcımı iki kəsim arasındakı çatı uçuruma çevirməyə yetərli idi və görünür Rafiq Tağını qətlə yetirənlər situasiyanı tam real dəyərləndirə bildilər. Mərhum Rafiq Tağının yaradıcılığı kimi, onun ölümü (daha doğrusu, öldürülməsi) də cəmiyyəti parçalanmasına xidmət elədi. 
Bu parçalanmaya müstəsna xidməti isə hər iki tərəfdən qeyri-adekvat, emosional, bir sıra hallarda isə sifarişli və planlı  reaksiya verənlər göstərdilər. 
Odur ki, hər iki tərəfi təbrik etmək olar, çünki zəhmətləri hədər getmədi!

No comments:

Post a Comment