Friday, February 16, 2018

Gerçəklər həqiqət ola bilməyəndə

Təxminən iki il bundan əvvəlin söhbətidir. Azərbaycan Yazıçılar Birliyində dostum Sevinc Səfərovanın "Günah" romanının təqdimatına toplaşmışdıq. Ziddiyyətli bir mövzuya həsr olunmuş romanda söhbət qeyri-ənənəvi münasibətlərdən - iki gənc oğlanın sevgi münasibətlərindən gedirdi. Tədbirdə çıxış edən yazıçılardan birinin sevgi haqqında danışarkən "Şərqdə sevgi Leyli və Məcnun, Qərbdə isə seksdir" deməsi mənə çox tanış gəldi. Yaddaşıma əziyyət verib xatırladım: əlbəttə, "Dərviş Parisi partladır" filmində Hatəmxan ağanın Fransa ilə Azərbaycanı müqayisəsi idi bu. Amma bu dəfə eyni fikirləri söyləyən 21-ci əsrin "Hatəmxan ağası" idi. Bəli, Hatəmxan ağa heç də hökmən çuxa, saqqal, buxara papaq deyil, bu, düşüncə tərzidir və həmin düşüncə tərzi mənə bir daha dahi Mirzə Fətəlinin nə qədər uzaqgörən olduğunu və mübarizə hədəflərini hansı dəqiqliklə seçdiyini göstərdi. Onda çıxışım zamanı çox korrekt şəkildə etiraz edərək Qərbim "Jizelini", "Romeo və Cülyettasını", "Otellosunu", bütün bu dramatik sevgi əfsanələrinin öz əksini təkcə romanlarda, poemalarda deyil, operalarda, baletlərdə, dünya mədəniyyətinin şedevrləri sayılan minlərlə təsviri sənət nümunələrində tapmasını xatırlatmalı oldum.Etiraf edim ki, elə o zaman da içimdə dərin bir narahatlıq, hətta qorxu da yarandı, çünki bu sözlərin müəllifi kitabları onlarla ölkədə çap olunmuş bir yazıçı idi. Belə bir 21-ci əsrin "hatəmxan ağası". Bu gün Azərbaycandakı hakimiyyəti seçkidə dəstəkləməyə çağıran "hatəmxan ağaların" bir nümayəndəsi. Dəhşətli o deyildi ki, bu cür yanaşma mühafizəkarlıqdır. Xeyr, qəbul edib-etməməyimizdən asılı olmayaraq, mühafizəkarlıq normal və geniş yayılmış, sabit dəyərlərə söykənən bir mövqedir, həyat və düşüncə tərzidir. Nəhayət, mühafizəkarlıq geniş yayılmış siyasi cərəyandır. Amma cəhalət mühafizəkarlıq cildinə girəndə bu, həqiqətən çox qorxuludur. Avropoid qiyafəsindəki cahilin özünü mühafizəkar kimi göstərməsi təsəvvür edə bilmədiyimiz dərəcədə qorxuludur. Belə bir "liberal-mühafizəkar-cahil" konqlomerat. Ana dilimizdə desək, həftəbecər.     
Bunu da birmənalı qeyd edim ki, xərçəng, vəba insan orqanizmi üçün nə dərəcədə öldürücüdürsə, söyüş, təhqir, böhtan da cəmiyyət üçün bir o qədər və bəlkə də onlardan qat-qat təhlükəlidir, çünki onlar ictimai şüuru aşındırır, cəmiyyətin mənəviyyatını pozur, yüz, min illər boyu oturuşmuş və ictimai münasibətləri tənzimləyən dəyərlər sistemini dağıdır. Bu baxımdan sosial şəbəkələrdə İlham Əliyevi dəstəkləməyə çağıran yazıçılara və digər yaradıcı peşə sahiblərinə qarşı təhqir və söyüşlər qətiyyətlə pislənməlidir. Belə epitetlər heç vaxt polemika vasitəsi olmayıb və ümid edək ki, olmayacaq da. Amma elə şeylər də var ki, cəmiyyət, xalq, fərd üçün daha təhlükəli və daha dağıdıcıdır. Məsələn, rüşvətxorluq, haqsızlıq, ədalətsizlik, özbaşınalıq, mənəvi və psixoloji nəhayət, fiziki zorakılıq. Bu haqda bir qədər sonra.
Hələlik isə bir neçə kəlmə ziyalılar haqqında. Məqsədim heç də kimin ziyalı olub-olmamasını müzakirəyə çıxarmaq deyil və heç özümü buna haqqı çatan birisi hesab etmirəm də. Həm də ona görə ki, ziyalı anlayışının özü vaxtilə sovet ideologiyası və sovet təbliğatı tərəfindən xüsusilə geniş istismar edilmiş və hətta sovet mənşəli bir məfhumdur. Düzdür, o zaman yaradıcılar özünə xalqın ziyalısı demirdilər, onları həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə sovet ziyalıları adlanırdılar və bu da tamamilə ədalətli idi. Çünki onlar sovet rejiminin ziyalıları idilər, həmin rejimə xidmət edirdilər. Xalqın ziyalıları isə ya Stalin düşərgələrində, ya da adsız məzarlarda çürüməkdə idi. Hüseyn Cavid, Mikayıl Müşviq, Əhməd Cavad və bir çoxları kimi. Bu da tamamilə təbii idi, hər qəbildən olan antixalq, antiinsani rejimlərin öz ziyalıları, xalqın isə öz ziyalıları olur və bu mənada bugünkü özünü ziyalı sayanların və arxaik rejimlərə xidmət edənlərin beşiyi olan stalinizm tək deyildi. Stalinistlərdən fərqli olaraq bu gün tarixdə hitlerizm ziyalılarının adı da qalmayıb, çünki onlar da xidmət etdikləri faşist rejimi ilə birlikdə əbədiyyətə qovuşublar. Bəzilərinə isə bu şərəfi yaşamaq hətta sağ ikən nəsib olub. Fiziki olaraq sağ, əlbəttə. Mənəvi və ruhən isə onlar artıq antiinsani rejimin maraqlarına xidmət edəndə ölü idilər. Necə ki, bu gün stalinizm ziyalı məktəbinin ölü məzunları yalnız fiziki mövcudluğunu davam etdirməkdədir. Çox misallar gətirmək olardı, amma məncə buna ehtiyac yoxdur. Görünən dağa bələdçi lazım deyil. Təhqirlərə, söyüşlərə məruz qalanların belə ağrılı reaksiya verməsi də, elə hərdən özlərinin də bənzər epitetlərə müraciət etməsi də anlaşılandır. Medianı günahlandırmaq, jurnalistin üzünə telefonu qapamaq, qəliz suallara sərt ittihamla cavab vermək və başqa vərdişlər də tanışdır, elə deyilmi? Amma çirkab leysanı yağdıran telekanallardan hakimiyyət siyasi opponentlərini küçə söyüşlərilə təhqir etdirəndə bu insanların səsi çıxmırdı və bu gün də həmin ənənələrə çox sakit, çox dözümlü yanaşırlar. Belə də olmalıdır, çünki onlar hakimiyyətin ziyalılarıdır. Korrupsioner, oğru, savadsız, antimilli hakimiyyətin ziyalıları. Qəribə səslənir, elə deyilmi? Amma nə qədər qəribə səslənsə də anlaşılandır. Anlaşılmayan isə onlardan nəsə umanların mövqeyidir. Əvvəla, nəyisə o kəsdən umarlar ki, o, həqiqətən ziyalıdır və xalqın ziyalısıdır. İkinci, rejimin kiçicik bir hacıbalasının qeyri-adekvat davranışı, aşağılayıcı təhdidləri qarşısında qınına çəkilənlərdən bu boyda rejimə qarşı çıxmağı tələb etməzlər. Özü də fəxri adlar, təqaüdlər, mənzillər verən bir rejimə. Bu, nankorluq olardı. Qaldı onların kimi dəstəkləməsinə, buna bir fərdin yaxşı tanıdığı başqa bir fərdə münasibətinin ifadəsi kimi baxmaq lazımdır. Özləri də "30 ildir yaxşı tanıyıram", "kitablarımı oxuyub" dedikdə elə bunu nəzərdə tuturlar. Qaldı xalqın güzaranına, 30 il ərzində üzünü də görmədikləri, onların kitablarını oxumayan Məmmədağa kişinin və ya Fatmanisə qarının işgəncə kimi həyatına, cəmiyyətdə baş verən eybəcərliklərə münasibət bildirmək məsələsinə, bunu hakimiyyətin ziyalılarından ummazlar. Onlardan yeganə uma biləcəyimiz özlərini sovet vaxtı olduğu kimi adlandırmaqları ola bilər. Məsələn, hakimiyyətin ziyalısı, amma xalqın yox. Çünki xalqın ziyalısı "hansı rejimə istəyirəm dəstək verirəm" ifadəsini dilinə gətirməz, xalqının yanında olub onun da maraqlarına dəstək verər, gənclərin şərlənib tutulmasına, insanlara işgəncə verilməsinə, pozğun həyat tərzinin məqsədli təbliginə etiraz edər. Bu gün bunu görə bilməməyimizin isə tarixi-ideoloji kökləri var. Hakimiyyət ziyalılarının mənəvi babası Lenin onun inqilab avantürasına dəstək verməyən aydınları "yumşaqbədən ziyalılar" adlandırıb onlara qarşə amansız mübarizəyə çağırırdı, Stalin isə həmin "yumşaqbədən ziyalıları" fiziki məhv edib əvəzində "bədənin yumşaq yeri olan ziyalıları" yaratdı. Ölü stalinizmin diri vücudu olan həmin o ziyalıları.
Nəhayət, korrupsiyaya, rüşvətxorluğa, ədalətsizliyə, özbaşınalığa münasibətə gəldikdə, yalnız şəxsi maraqlarına toxunulduqda etiraz edənlərdən ölkədəki talana, quldurluğa, mənəvi terrora, intiharlara münasibət gözləməyə dəyməz. Bütün bu bəlalar xalq üçün öldürücü epidemiyadır, rejim ziyalılarının müdafiə etdikləri üçün isə - statistika.
25 il əvvəl olmuş bir görüşün gündəliyinin bu gün təhrif olunmuş şəkildə ictimai şüura sırınmasını nəzərə alaraq bir faktı da xatırlatmaq çox yerinə düşərdi məncə. 1993-cü ildə Əbülfəz Elçibəylə görüşən keçmiş sovet və bugünkü rejim ziyalılarının dərdi xalq, Vətən, Qarabağ dərdi deyildi. O zaman onların məqsədi 20 yanvar cinayətində fəal işrirakına görə həbs olunmuş keçmiş Az.KGB sədri Vagif Hüseynovun həbsdən azad edilməsi idi. Hələ keçən əsrin altmışıncı illərindən "qızıl şəhər uşaqları" kimi tanınanların bir qrupu digərinin müdafiəsinə qalxmışdı. Bu isə artıq tarıxdır və tarixdə elə bu cür də qalacaq. KGB şinelindən çıxanlar öz məsləkdaşlarının himayəsinə qalxmışdı. Elə deyilsə, bu gün niyə İlham Əliyevlə görüşüb guya o vaxt Elçibəy qarşısında qaldırdıqları məsələləri müzakirə eləmirlər? Eləmirlər və eləyə də bilməzlər, çünki onlara belə bir hüquq, belə bir səlahiyyət verilməyib və hətta bu haqda düşünmək haqları da tanınmır. Qaldı "26" kafesini qorumaq uğrunda mübarizənin emosional fonunda deyilmiş "rüşvətxor məmur fahişədən pisdir" iddiasına, əmin edirəm ki, bu iddianın müəlliflərinə "bəs rüşvətxor məmurların hakimiyyəti və ona dəstək verənlər necə adlanır?" sualını versəniz ya telefon üzünüzə qapadılacaq ya da "kəs səsini, axmaq!" deyib sizi qapıdan qovacaqlar. Suala isə tarixdə yer iddiasında olanların əvəzinə elə tarixin özü cavab verəcək. Özü də kiminsə gerçəkləri prizmasından yox, həqiqətin gözlərilə.
Məşhur bir kəlamda deyildiyi kimi "hər kəsin öz gerçəyi var, həqiqət isə birdir". Həqiqət də gerçəklərdən doğur, gerçəklərdən qidalanıb böyüyür. Təbii ki, gerçəklər həqiqət ola biləndə. 

2 comments:

  1. xərçəng, vəba insan orqanizmi üçün nə dərəcədə öldürücüdürsə, söyüş, təhqir, böhtan da cəmiyyət üçün bir o qədər və bəlkə də onlardan qat-qat təhlükəlidir, çünki onlar ictimai şüuru aşındırır, cəmiyyətin mənəviyyatını pozur, yüz, min illər boyu oturuşmuş və ictimai münasibətləri tənzimləyən dəyərlər sistemini dağıdır --- bu təyinat bütün baş verənlərin diaqnozudur.

    ReplyDelete