Monday, May 6, 2013

Saakaşvilinin Tiflis-Vaşinqton-Bakı turneləri: siyasi blef yoxsa real vasitəçilik?

Gürcüstan prezidenti yenidən Azərbaycana gəlir, Bu dəfə səfərin məqsədi kimi Azərbaycanda keçirilən "Cənubi Qafqaz Forumu" göstərilir. Ümumiyyətlə, prezident Saakaşvilinin son zamanlar Azərbaycana sistemli xarakter almış səfərlərinin hansısa pərdəarxası olub-olmaması təbii maraq doğurur. Bəs həqiqətdə vəziyyət necədir? Mixeil Saakaşvilinin voyajlarının əsl səbəbləri nədir? Şübhəsiz ki, bu səbəblər arasında ən önəmlisi və aktualı Gürcüstanda keçən ilin oktyabrında keçirilmiş parlament seçkilərindən sonra Saakaşvilinin məğlub durumu və Baş Nazır Bidzina İvanişvili hökumətinin rəsmi Bakı ilə hələ də alınmayan münasibətləridir. Əlbəttə, sonuncu məqam Saakaşviliyə az da olsa, Əliyev iqtidarını öz müttəfiqi kimi görməyə və bu müttəfiqlikdən daxili opponentinə qarşı mübarizədə yararlanmağa ümidlər verir. Heç kəsdən sirr deyil ki, Saakaşvilinın yaxın ətrafı ilə Əliyev iqtidarının oliqarxlarını sıx birləşdirən müştərək iqtisadi maraqlar da az deyil. Ətrafında gərginlik durmadan artan, sosial dayaqlarını sürətlə itirən və mərhum Baş Nazir Zurab Jvaniyanın müəmmalı ölümü ilə əlaqədar prokurorluq tərəfindən sorğulanmağa hazırlanan Saakaşvili üçün istənilən beynəlxalq əməkdaşlıq bu gün hava-su qədər vacibdir. Özü də təkcə Azərbaycanla deyil. Görünür elə bu səbəbdən də Gürcüstan prezidenti daha mürəkkəb konfiqurasiyaya əl atır və az qala bir qayda olaraq, hər Bakı səfəri öncəsi Vaşinqtona baş çəkir. Beləliklə də, Saakaşvili həm Vaşinqton üçün hələ də önəmli olduğunu vurğulamaqla, həm də Vaşinqton-Bakı münasibətlərində özünü mühüm vasitəçilərdən biri kimi təqdim etməyə çalışır. Bu dəfəki səfər də istisna təşkil eləmir. Belə ki, aprelin sonu-mayın əvvəllərində (27.04-01.05) ABŞ-da səfərdə olan Saakaşvili senator Con Makkeyn, dövlət katibi Con Kerri və vitse-prezident Cozef Baydenlə görüşmüş, Arizonada keçirilən forumda iştirak etmiş, Texasda Corc Buş Mərkəzinin açılışında iştirak etmişdir. Xarakterikdir ki, Gürcüstan prezidenti bu dəfə ABŞ prezidenti Barak Obama tərəfindən qəbul edilməmiş, digər rəsmilərlə görüşlərdə isə daha çox Saakaşvilinin Gürcüstanda demokratikləşmədə, NATO və ABŞ-la əməkdaşlığın inkişafında pozitiv rolundan danışılmışdır. Sanki, bir təşəkkür nitqləri, özü də keçmiş zamanda. O zaman sual olunur ki, Vaşinqtonun Saakaşviliyə ehtiyacı nədən ibarətdir? Doğrudanmı Gürcüstan prezidenti Bakı ilə Vaşinqton arasında vasitəçilik edir? Düzü bu versiya çox da inandırıcı görünmür. Əvvəla ona görə ki, elə Mixeil Saakaşvilinin də eynilə İlham Əliyev kimi demokrat ABŞ administrasiyası ilə münasibətləri idealdan xeyli uzaqdır, ikincisi-Vaşinqtonun Əliyev iqtidarı ilə həm yetərincə birbaşa münasibətləri, həm də xeyli vasitəçi seçimi imkanları var. Sadəcə, görünür Ağ Ev Saakaşviliyə münasibətilə öz müttəfiqliyinə sonadək sadiq olması mesajını verməklə yanaşı, həm də Rusiya ilə Qərb arasında vurnuxan Bidzina İvanişviliyə zəruri "dərs keçir". Gürcüstanın yeni Baş Naziri 6 ay əvvəl ilk səfərini ABŞ-a edəcəyini bildirsə də, belə bir rəsmi səfər hələ baş tutmayıb. Bakı-Vaşinqton münasibətlərində vasitəçiliyə gəlincə isə, bizə daxil olan məlumatlara əsasən, sonuncu səfər zamanı bu təşəbbüslər məhz Gürcüstan prezidenti tərəfindən irəli sürülmüşdür. Saakaşvili görüşdüyü ABŞ rəsmilərini İlham Əliyevlə danışıb, sonuncunu Rusiyaya meyllənməkdən çəkindirə biləcəyini vəd etmişdir. Digər maraqlı məlumat isə ondan ibarətdir ki, Vaşinqtonda heç bir səviyyədə bu təşəbbüsə xüsusi maraq ifadə edilməmişdir. Görünür yuxarıda qeyd olunan səbəblərdən.
Beləliklə, Gürcüstan prezidenti yenə də Bakıya gəlir. Əlbəttə ki, "Cənubi Qafqaz Forumunda" iştirak eləməyə...

No comments:

Post a Comment