Thursday, January 31, 2013

Etnik nifrət və etnik natamamlıq kompleksi

"Etnik nifrət çox iyrənc şeydir, onun ən iyrənc forması isə mənsub olduğun etnosa nifrətdir" (c) Ərəstun Oruclu
Nasistlər bəşəriyyət tarixində ən böyük etnik cinayəti törədəndə onların ən sadiq yardımçıları arasında digər etnosların nümayəndələri də vardı. Holokost qurbanları gettolara deportasiya olunanda onların üzərinə yəhudi nəazrətçilər qoyulurdu və bir sıra hallarda zavallı getto sakinləri alman SS-çilərin bu nəzarətçiləri əvəzləməsinə hava-su kimi ehtiyac duyurdular. 
Biz azərbaycanlılar etnik nifrətin nə olduğunu yaxşı bilirik, özü də təkcə tarix kitablarından yox... Zamanında bizim insanların yaşamış olduğu torpaqlarda bir nəfər də azərbaycanlı qalmayıb, çünki indi o torpaqlarda monoetnik Ermənistan qurulub. Erməni yazıçısı Sero Xanzadyan "Царица армянская" romanında yazır ki, guya bizim eradan iki min il əvvəl mövcud olmuş erməni dovlətinin xanım çarı Hayasenin məqsədlərindən biri də "qədim erməni torpağı olan Şamaxının vəhşı barbarlardan azad eləmək idi". Xanzadyan özü də bilirdi ki, yazdıqları cəfəng iddialardır, amma onun məqsədi heç də bu iddiaları sübut etmək deyildi. O, xalqına nifrətin səbəbini və onun ünvanını göstərirdi. Digər erməni yazarları Silva Kaputikyanın, Zoriy Balayanın yazdıqlarını isə məncə xüsusi vurğulamağa ehtiyac da yoxdur. Yuxarıda qeyd elədiyim etnik təmizləmənin və etnik nifrətin əsasında məhz bu kimi romanlar, poemalar, "tarixi araşdırmalar" dururdu və durur da. Erməni intellektuallarının öz mllətinə sevə-sevə aşıladığı etnik nifrət bu xalqın bütün zümrələrinin iliyinədək işləyib. 
Bir neçə il əvvəl Tiflisdə Cənubi Qafqaz ölkələrindən olan nümayəndələrin iştirak etdiyi konfransa dəvət almışdım. Həmin konfransda erməni iştirakçılar arasında İrəvanın keçmiş meri, iqtisadçı alım, ziyalı Vahaqn Xaçatryan da vardı. Vahaqn xatirimdə onu ilk dəfə Almaniyada görəndən qalmışdı. O zaman da Heidelberg-də konfransda idik və konfransın təşkilatçıları bizi şəhərin ən qədim restoranlarından birində şama dəvət eləmişdilər. Sakit canlı royal musiqisi olan bir yer idi və pianoçu fasilə verəndə Vahaqn royalın arxasına keçib Mozart-dan bir sonatanı elə ifa etdi ki, musiqiylə, mədəniyyətlə təəccübləndirmək çox çətin olan alman publikası onu ayağa qalxaraq alqışladı. Belə mədəni bir insanın, həm də onu müəyyən qədər tanıdığımdan, "erməni xəstəliyinə" yoluxa biləcəyini təsəvvür eləmək çətin idi. Amma Tiflisdə baş verən hadisə mənim bu təsəvvürümü alt-üst elədi. Konfrans iştirakçıları bizi "Köhnə dəyirman" restoranına şama dəvət eləmişdilər və orda canlı gürcü musiqisi vardı. Balabançalan "Sən gəlməz oldun"u ifa eləməyə başlayanda Vahaqn emosional tərzdə yerindən dik atılıb "Gözəl erməni-azərbaycan musiqisi!" deyə hayqırdı. Bəlkə də biz azərbaycanlılar orda olmasaydıq, Vahaqn Azərbaycanı heç xatırlamazdı da və mahnı olardı elə erməni mahnısı. Özümü saxlaya bilməyib yarızarafatla (əslində isə ciddi) dedim: "Vahaqn, mən səni mədəni, intellektual bir insan kimi təsəvvür edirdim, amma demə sən sadəcə ermənisənmiş ki! Bu mahnı bircə mənada iki millətin musiqisi ola bilər-əgər Ələkbər Tağıyevi bunu bəstələməyə hansısa erməni arvadı ruhlandırıbsa." Yadımdadır, bu sözlərimə ən ucadan və ürəkdən gülən gürcülər oldular...
Erməni intellektualının bəlkə də ən mütərəqqisi elə Vahaqndır. Erməni intellektualı öz millətinə o qədər bağlıdır ki, o öz millətinin nümayəndəsinin ən murdar əməlinə belə "sivil" don geyindirir. Erməni intellektualı Zoriy Balayan isə Xocalı qırğınında birbaşa iştirak edir. Terrorçu Monte Melkonyan (Avo) haqqında bir erməni yazarı çox təsirli bir səhnəni canlandırır: "Qarabağda döyüşlər zamanı qaçan azərbaycanlı silahlılar qoca bir azərbaycanlı qadını tənha buraxıb gedirlər. Qadın isə ölümdən xilas olmaq üçün əyilib erməni xilaskar Montenin əlindən öpmək istəyir. Bu zaman Monte hirslənərək cəld hərəkətlə qadını qaldırıb "Ana, sən nə edirsən?" deyə ona qayğı göstərir..." Çox təsirlidir, elə deyilmi? Erməni intellektualının "ağ əlcəkli", "insansevər", "humanist" ASALA terrorçusu olan Montesi belə nəcib hərəkət edə bilər. Çünki o, Azərbaycan ziyalısı Əkrəm Əylislinin "5-6 yeraz gədəsi. Bu köpək uşağı qaçqınlar"ı deyil axı. Biri var Kaliforniyada təhsil almış "əlicənab" Monte, biri də var "yeraz" Hüseynqulu xanın, "yeraz" Abbasqulu bəyin vəhşi yeraz törəmələri. Ümumiyyətlə, son zamanlar gəldiyim qənaətlərdən biri də bu olub ki, azərbaycanlı intellektualla onun sadə xalqı arasında dərin bir uçurum var. Və bu təkcə intellektual, sosial status uçurumu deyil. Bu həm də psixoloji uçurumdur. Həmin uçurumun olması  səbəbindən də o öz millətinə yaxınlaşa bilmir, onun ağrı-acısını duymur, onun mümayəndələrinin pis əməllərindən yazanda soyuqqanlı olaraq "ermənilər azərbaycanlılara qarşı belə qəddarlıq etməmişdilər" kimi "verdiklər" çıxararaq ifrata varır. Azərbaycan intellektualı öz sadə xalqını sevə bilmir, buna onun etnik natamamlıq kompleksi mane olur. Çünki o, özünü mənsub olduğu xalqdan kolonialist ideologiyanın yaratmış olduğu "yüksəkdə" görür. Elə olmasaydı o, bir əsrdir öz millətinin başına gətirilənləri "unudub", türklərin erməniləri qəddarcasına öldürməsi səhnəsini bu cür ürək ağrısı ilə təsvir eləməzdi. Sabah o, (Azərbaycan yazıçısı) yazsa ki, Hamazaspın, Andronikin dəstələri Naxçıvanı və Zəngəzuru məhz elə həmin türklərin törətdiklərinə cavab olaraq qan içində boğurdu, məncə təəccüblənməyə dəyməz. Axı onlar (Hamazasp və Andronik) öncədən bilmişdilər ki, bir qədər sonra həmin o "yeraz" Abbasqulu bəy Şadlinskinin "vəhşi diviziyası" gəlib zavallı məsum ermənilərə divan tutacaq... Bəlkə də bir gün bunu da yazan azərbaycanlı yazıçı tapılacaq. Kim bilir!?  
Mən heç də demirəm ki, bizim intellektual da öz millətinə erməni həmkarının öz xalqına aşıladığı zooloji nifrəti aşılamalıdır. Mən də millətimin nümayəndələrinin cinayətlərinə bəraət qazandırmağın və cinayətkarlardan qəhrəman düzəltməyin qətiyyən tərəfdarı deyiləm və etnik nifrətin istənilən formasının əleyhinəyəm, amma həm də öz etnosuna olan nifrətin... 

9 comments:

  1. təşəkkür edirəm, bu dəyərli yazı üçün!

    ReplyDelete
  2. Çox sağ olun! Bu mənim borcumdur, təşəkkür eləməyə dəyməz!

    ReplyDelete
  3. "....Azərbaycan intellektualı öz sadə xalqını sevə bilmir, buna onun etnik natamamlıq kompleksi mane olur. Çünki o, özünü mənsub olduğu xalqdan kolonialist ideologiyanın yaratmış olduğu "yüksəkdə" görür. Elə olmasaydı o, bir əsrdir öz millətinin başına gətirilənləri "unudub", türklərin erməniləri qəddarcasına öldürməsi səhnəsini bu cür ürək ağrısı ilə təsvir eləməzdi. ..."
    Gözəl, sadəcə gözəl.

    ReplyDelete
  4. Ərəstun bəy, sağlam, məntiqli və mədəni yanaşmadır. Məncə, Əkrəm Əylisli olayına məhz bu cür yanaşmaq lazımdır. Yoxsa, hakimiyyət bir tərəfdən, müxalifət də digər tərəfdən bu məsələyə öz siyasi rakursundan yanaşır və təbii ki, həmin yanaşmalar obyektivlikdən çıxır.

    ReplyDelete
    Replies
    1. Təşəkkür edirəm Azər bəy! Mən də məhz o iki ifrat yanaşmanı görüb bu yazıya qərar verdim. Alınıbsa, çox şadam buna!

      Delete