Tuesday, March 1, 2011

Hakimiyyətin qanlı antiinqilab planı?

Ərəb ölkələrindəki xalq üsyanlarından qorxuya düşən Azərbaycan hakimiyyətinin təcili olaraq bir neçə bənddən ibarət özünümüdafiə planı hazırlaması barədə məlumatlar sızmaqda davam edir. Planın təfərrüatları tam bəlli olmasa da, artıq əsas fəaliyyət ardıcıllığı məlumdur. Beləliklə, hakimiyyətin məlumatına əsasən xalq etirazlarının əsasən Azərbaycanın qərb bölgəsindən başlanacağı gözlənilir. Məhz bu bölgədəki son dəyişikliklər də buna işarə edir. Azərbaycanın 2-ci şəhəri olan və uzun illərdir Azərbaycan Prezidentinin şəxsi mühafizə rəisi Bəylər Əyyubovun bir qrup ailə üzvünün nəzarətinə verilmiş Gəncədə narazılıqların səviyyəsinin yüksək olması və bu şəhərin üsyankar ənənəsi hakimiyyəti narahat etsə də, hakim dairələr narazılıqları aradan qaldırmaq üçün vaxtın az olduğunu əsas götürərək, bölgədə baş verəcək xalq etirazlarının silahlı güc vasitəsilə yatırılmasına hazırlaşırlar. Sadəcə bir fərq ondadır ki, bu dəfə xalqa qarşı güc amili olaraq təkcə polisin deyil, eyni zamanda, həmin regiona nəzarət edən Bəylər Əyyubov qruplaşmasının sərəncamında olan qanunsuz silahlı dəstələrin də iştirakı planlaşdırılır. Həmin dəstələrin təxminən 2 gizli təlim düşərgəzində yerləşdirildiyi və əsasən İran, İraq və Türkiyədən gətirilmiş xüsusi hazırlıqlı kürd yaraqlılarından təşkil olunduğu bildirilir. Müxtəlif mənbələrdən daxil olan məlumatlara əsasən bu yaraqlıların mütləq əksəriyyəti terrorçu Kürd İşçi Partiyasına (PKK) aid olan və barələrində öz ölkələrində axtarış elan edilmiş şəxslərdir. Qısa müddət ərzində bölgənin 2 mühüm şəhərinə (Gəncə və Daşkəsən) Əyyubov qruplaşmasına aid olan İcra Hakimiyyəti başçılarının təyinatı da belə niyyətlərin olmasına işarədir. Bir sıra xarıcı qaynaqlardan daxil olan bilgilərə əsasən, Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Bakıya son səfəri zamanı Azərbaycan rəhbərliyi ilə yuxarıda göstərilən təlim bazalarının təcili qapadılması, axtarışda olan terrorçuların həbs edilərək Türkiyə dövlət orqanlarına təhvil verilməsi və PKK-nın Azərbaycandakı infrastrukturunun sıradan çıxarılmasını müzakirə etmişdir. Amma, göründüyü kimi, məhz bu səfərdən sonra sürətlə kadr dəyişiklikliyi aparılmış və Azərbaycanın qərb bölgəsində Bəylər Əyyubov qruplaşmasının mövqeləri ciddi şəkildə möhkəmləndirilmişdir. Bu da bildirilir ki, Əyyubovun belə çevik addımlar atmasına WikiLeaks saytının ona işarə ilə yaydığı məlumatlar da səbəb olub (oxuculara xatırladım ki, sayt tərəfindən aşıqlanan həmin məxfi teleqramlarda İrandan keçən narkotrafikə Azərbaycanda kürd əsilli bir generalın rəhbərlik etdiyi bildirilirdi).  O da məlum olub ki, MİT rəhbərinin səfəri zamanı anlaşmanın əldə olunmaması səbəbindən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Işık Koşanerin Bakıya nəzərdə tutulan səfəri təxirə salınıb. Eyni zamanda, Göy-Göl (keçmiş Xanlar) rayonu ərazisindəki hərbi hissədə əsgərlərin kütləvi qətli, bu müəmmalı cinayətin müdafiə naziri Səfər Əbiyevin Əbu Dabi silah yarmarkasında olduğu zaman baş verməsi və bunun da ardınca təcili olaraq Milli Ordunun Şəmkir Korpusunun komandiri Çingiz Şəfiyevin daxili qiyamların yatırılmasına görə Milli Qəhrəman adı almış Rövşən Əkbərovla əvəzlənməsi də bölgə ilə bağlı məkrli və qanlı planların olmasından xəbər verir. Amma bütün bu planda anlaşılmayan bir məqam var: doğrudanmı Azərbaycan rəhbərliyi xalq etirazlarının qarşısını hər ikisi qanunsuz olan yollarla almağa hazırlaşır (Birinci halda, Silahlı Qüvvələrin daxili proseslərə cəlb edilməsinə Azərbaycan Konstitusiyası yol vermirsə, ikinci halda isə söhbət dünya tərəfindən terrorçu təşkilat kimi tanınmış PKK-nın cəlb edilməsindən gedir)? Hadisələrin bu ssenari üzrə inkişafı Azərbaycanda vətəndaş müharıbəsinə gətirib çıxara biləcək qədər təhlükəlidir. Digər tərəfdən isə, Azərbycan rəhbərliyinin bölgədə maraqları olan goesiyasi gücləri Dağlıq Qarabağ uğrunda müharibəyə başlayacağı ilə təhdid etməsi Dağlıq Qarabağ bölgəsinə sülhməramlı qüvvələr adı altlnda xarici hərbi müdaxiləyə rəvac verə bilər. Lakin bu təhlükəli planın bütün bölgədə sabitliyi poza biləcəyini nəzərə alan dünya gücləri pərdə arxasında olsa da artıq əks-fəaliyyətə keçiblər. Görünür "Bizim müstəqil siyasətimiz Azərbaycanın xaricində kimlərisə qane etmir" dedikdə, İlham Əliyev məhz onu bu tipli avantürist planlardan çəkindirmək istəyənləri nəzərdə tutur. Planlar isə doğrudan da çox təhlükəli və qanlı ola bilər.

1 comment:

  1. cox risklidir, amma bunun bas verme ehtimalina xarici quvvelerin mudaxilesi ne derecede olacaq?

    ReplyDelete