Saturday, May 22, 2010

Ağ və qara Azərbaycan

Ölkə ərazisinin böyük bir hissəsinin su altında qaldığı bir 
vaxtda Azərbaycan rəsmilərinin Eurovision-2010 müsabiqəsinə 
milyonlarla dollar xərcləmək istəyinin arxasında nə dayanır? 

Özünün səmərəsiz  daxili və xarici siyasəti ilə dünyada bir qınaq obyektinə çevrilmiş Azərbaycan iqtidarı növbəti Eurovision-2011 festivalının Bakıda keçırılməsi üçün əlindən gələni edir. Hakimiyyətə yaxın mənbələrdən sızan məlumata əsasın, hansısa müəmmalı vasitəçilər Azərbaycan təmsilçisi Səfurə Əlizadəni böyük məbləğdə rüşvət müqabilində Eurovision-2010 yarışmasının qalibi edəcəklərini vəd ediblər. Bu barədə artıq xeyli öncə Türkiyə mətbuatı da yazmlşdl. Amma belə sövdələşmənin nə dərəcədə mümkünlüyü şəxsən məndə xeyli suallar doğurur. Əgər bu məlumat həqiqətdirsə, o zaman sual olunur ki, bu kimə və nəyə lazımdlr?  Minlərlə Azərbaycan vətəndaşının mülkünün, torpağının, əmlakının sel-sulara qərq olduğu və özlərinin də qaçqına çevrildiyi bir vaxtda, külli miqdarda vəsaiti (bəzi məlumatlara görə 70 milyon ABŞ dolları) beynəlxalq mütrüflüyə xərcləmək kimin maraqlarına xidmət edir? Belə ğörünür ki, artıq Azərbaycan hakimiyyəti ölkədə dəqiq bir bölgü aparıb: insanların çeşidlənməsi bölgüsü. Ölkə vətəndaşları "ağ" və "qara" azərbaycanlılara bölünür. "Ağ" azərbaycanlılar ölkənin sərvətlərini mənimsəyən, meşələri, dağları, çayları, gölləri ata mirası kimi özününküləşdirən, zavallı "qara" azərbaycanlıları talayanlardır. "Qaraların" isə payına düşən əzilmək, talanmaq, alçaldılmaq və təhqir olunmaq, həm də  onlara göstərilən bütün bu "diqqət və qayğılara" görə daima birincilərə yarınmaq və canını qurban deməkdir. Bu günün dünəndən yeganə fərqi isə odur ki, indi "ağlar" yalandan da olsa (əvvəllər olduğu kimi) "qaraların", guya, rifahının yüksəlməsi naminə durmadan çalışdıqlarını belə söyləmirlər. Bu da o deməkdir ki, artıq belə yalanlara heç ehtiyac da yoxdur. Rayonları su basdımı - daxili qoşunları göndər lazımi tədbirləri görsünlər, özün isə baş vur gül bayramına. Və yığ başına "agları", "qaraların" isə üzünə bütün yolları polis bağlayacaq. Çünki ğül bayramı onlar üçün deyil və indi yaltaqlanmaq üçün də hələ bu şərəfə nail olmaq lazımdır...
O ki, qaldı Sabirabadda, İmişlidə, Salyanda 1969-dan başlayan "təbii" fəlakət tərəfindən evindən-eşiyindən atılanlara, onlara büdcədən pul ayrılacaq və şübhəsiz ki, bu puldan onlara da nəsə çatacaq. Min bərəkət! Verməsələr nə etmək olar ki? Bu da belə. Əsas bu deyil. Əsas odur ki, ölkənin ortasında kənd təsərrüfatı üçün yararlı olan böyük bir ərazi insanlardan su qiymətinə alınacaq və sonra da həmin bu insanlar (yəni, qaralar) elə öz torpaqlarındaca muzdurluğa məruz qoyulacaq. Təbii ki, ağlar tərəfindən.

PS: Bir dəfə əməyini ucuz satan bir ağbirçəkdən soruşanda ki, niyə bu yaşında öz əməyini belə ucuz qiymətə satır, cavab verdi ki, şərait belədir, neynəyə bilərəm. Amma mənim fikrə getdiyimi gördükdə, əlavə etdi:
- Məyus olma, oğlum! Bir gün bu millətin də yiyəsi çıxacaq!

2 comments:

  1. Çox maraqlı yazıdır, təşəkkür!

    ReplyDelete
  2. Erestun bey, chox gozel yaziya gore teshekkurler. Blogunuz mubarekdi, ugurlu olsun!

    ReplyDelete