Saturday, December 28, 2013

"Bizdə hüquqi dövlət və qanunun aliliyi var" deyənlərin nəzərinə

Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyənin Qars aerportunda yerli polisin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları tərəfindən həbsindən 10 gündən çox keçib. Türkiyə istintaqından mətbuata sızan məlumatlara əsasən Seyidov Qars gömrük məmurlarına rüşvət verilməsi, qaçaqmalçılıq və korrupsiya cinayətlərinə görə saxlanılıb. Yəni, bu birbaşa onun vəzifə fəaliyyətilə bağlı olub. Türk mənbələrindən bizə daxil olan məlumatlarda isə bildirilir ki, istintaqda söhbət təkcə yuxarıda göstərilən ittihamlardan deyil, daha ağır cinayətlərdən gedir. Qanunla və məntiqlə həbsin ardınca Azərbaycanın hüquq-mühafizə orqanları Sədərək Gömrük İdarəsinin və onun rəisinin fəaliyyətilə bağlı təhqiqatlara başlamalı idi. Lakin belə təhqiqatın və ya hətta adi bir yoxlamanın olması barədə heç bir məlumat verilməyib. Dövlət Gömrük Komitəsi isə həbsdən sonra verdiyi açıqlamada bildirmişdi ki, Seyidov Türkiyədə şəxsi işlərilə əlaqədar olarkən saxlanılıb. Burdan dolayısilə belə çıxır ki, Türkiyədə ona qarşı irəli sürülən ittihamlar da gömrük rəisinin sırf şəxsi işlərilə bağlı olub. Məgər Sədərək Gömrük İdarəsi Mirməhəmməd Seyidovun şəxsi obyekti idi ki, orda baş verənlər də ölkənin hüquq-mühafizə orqanlarını maraqlandırmasın? Məgər belə cinayətlər hətta özəl firma və şirkətlərin rəhbərləri tərəfindən törədildikdə bunlar təhqiqat predmeti sayılmır? Bəlkə belə bir təhqiqatın başlanmaması buna siyasi qərarın olmaması ilə bağlıdır? Səbəb bu olsaydı təbii ki, anlaşılan olardı, çünki bəzi iddialara əsasən həmin idarə Naxçıvan ərazisində olduğundan "de-fakto" yalnız Naxçıvan rəhbəri Vasif Talıbova tabedir. "De-yure" isə Sədərək Gömrük İdarəsi Dövlət Gömrük Komitəsinin (DGK) struktur vahidlərindən biridir və bu komitənin də sədri Aydın Əliyevdir. Hərçənd ki, DGK-nin hələ də komitənin əvvəlki sədri, indiki FH nazırı Kəmaləddin Heydərovun "kurasiyasında" olması haqda da məlumatlar var.
Burdan belə qənaətə gəlmək olar ki, Sədərək Gömrük İdarəsi ilə bağlı təhqiqata başlanması haqda qərar yalnız yuxarıda adı çəkilən rəsmilərin barəsində siyasi qərar olacağı halda verilə bilər.
Bu kontekstdə gələn ilin əvvəllərindən hakimiyyətin sürətlə artmaqda olan sosial gərginliyi azaltmaq məqsədilə "gurultulu" antikorrupsiya əməliyyatları keçirəcəyini də ehtimal etmək olar. Təbii ki, belə ciddi bir əməliyyata start vermək siyasi iradə tələb edir.