Wednesday, January 18, 2017

3-cü yazı: 2005 - keçid ili

Ümumiyyətlə, 2005-ci il barəsində danışdıqda əsas diqqətçəkən hadisə kimi Elmar Hüseynovun qətlə yetirilməsi yada düşür, əslində isə həmin il Azərbaycanın ictimai-siyasi həyatında keçid ili kimi xarakterizə olunmalıdır. Parlament seçkiləri ili olan 2005-ci il ölkənin siyasi sisteminin demontajının başlanğıcı idi. Özü də bu demontaj təkcə İlham Əliyev başda olmaqla Azərbaycan hakimiyyəti tərəfindən deyil, həm də beynəlxalq aləmin bəzən susqun, bəzən isə açıq dəstəyi ilə həyata keçirilirdi. Beynəlxalq dəstək Əliyev hakimiyyətinə həm bir sıra Qərb ölkələri, həm Rusiya, həm də Türkiyə tərəfindən göstərilirdi. Bu məsələdə xüsusi canfəşanlığı isə o zamankı bir qrup ABŞ rəsmisi həyata keçirirdi. Hələ 2003-cü il prezident seçkiləri ərəfəsində İlham Əliyevə açıq dəstək verən ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş alman həmkarı Klaus Qrevlixlə birlikdə 2003-cü il seçkiləri ərəfəsində faktiki olaraq İlham Əliyevin təbliğatçısına çevrilmişdilər və Azərbaycanda çalışan Qərb diplomatlarını da bu işə sövq edirdilər. Yeri gəlmişkən, hər iki səfirin diplomatik karyerası da çox ironik şəkildə yekunlaşdı: 2003 - 2005 illərdəki xüsusi canfəşanlıqdan həmən sonra hər iki səfir diplomatik xidmət müddətləri başa çatmamış geriyə çağrılaraq diplomatik xidmətdən biabırçı şəkildə xaric edildilər. Amma bu, heç də nə ədalətin təntənəsi, nə də taleyin ironiyası deyildi. Azərbaycanda müxalifət düşərgəsinin son həddə qədər çökdürülməsində fəal iştirak etmiş diplomatlar artıq heç kəsə lazım deyildilər. Üstəlik də Azərbaycan hakimiyyətilə bütün məsələləri lazımi şəkildə çözə biləcək yeni fiqur vardı. Bu, 2005-ci ildə ABŞ dövlət katibi müavinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi postuna təzəcə təyin olunmuş Metyu Brayza idi. Yuxarıda adı çəkilən hər iki səfirdən daha sinik olan Brayza Azərbaycanın tipik neft ölkəsinə çevrilməsi, ölkədə antidemokratik avtoritar hakimiyyət piramidasının möhkəmləndirilməsi strategiyasını reallaşdırmalı idi. Paralel olaraq, bir sıra Qərb ölkələrinin Azərbaycanın guya demokratik inkişafında maraqlı olması imitasiya olunmalı idi. Bu məqsədlə bir qrup QHT-nin onlara ayrılan qrantlar hesabına fəaliyyəti görüntüsü qabardılaraq bir növ onların guya müxalifəti əvəz edəcəyi mifi yaradılırdı. Əslində belə bir model mümkün idi və həmçinin də qonşu Gürcüstanda uğurla həyata keçirilmişdi. "Qızılgül inqilabı" müxalifətdən daha çox digər vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin nəticəsi idi. Amma belə bir plan Azərbaycan üçün nəzərdə tutulmurdu və QHT-lərin dəstəklənməsi də növbəti mərhələdə onların qurban verilməsilə başa çatmalı olan keçid faza idi. 2005-ci il ərəfəsində (2004-cü ilin yayında) MTN-nin peşəkar rəhbərinin dəyişdirilərək, onun yerinə xırda və qaydasız kriminal elementin gətirilməsi həmin planın tərkib hissəsi idi. Belə ki, Heydər Əliyevin hakimiyyəti illərində gücləndirilmiş və peşəkarlıq səviyyəsi artırılmış (bu sistemin yetirməsi olaraq, H. Əliyev MTN-nin əhəmiyyətini şübhəsiz ki, çox yaxşı anlayırdı) təklükəsizlik nazirliyi Azərbaycanı sürətlə xəfiyyələr məkanına çevirən xarici kəşfiyyatlara nəinki lazım deyildi, hətta ciddi maneə idi. Odur ki, MTN dağıdılmalı idi və bunu həyata keçirməyin ən optimal yolu həmin qurumun peşəkar xüsusi xidmət orqanından kriminallaşmış repressiv siyasi polisə transformasiyası idi. Bu, həm də  ölkənin siyasi sisteminin demontajı mərhələsinin tələblərinə tam uyğun idi. MTN-nin dağıdılmasında kleptokratik hakim oliqarxiya da maraqlı idi. Burnunun ucundan uzağı görmək qabiliyyəti olmayan hakim oliqarxiya sadəlövhcəsinə bundan sonra onun tükənməz tamahına nəzarətin xeyli zəifləyəcəyini düşünürdü. Başqa sözlə, Azərbaycanın siyasi institutlarının dağıdılmasına start MTN-nin dağıdılmasından verilmişdi və bu orqanın sıradan çıxarılmasında da bütün tərəflərin öz marağı vardı. Məhz bu səbəbdən də qəflətən vəzifəsindən azad edilən Namiq Abbasovun yerinə MTN rəhbərliyinə peşəkar xüsusi xidmət əməkdaşı və ya siyasətçi deyil, oğru-quldur mahiyyətli keçmiş OBXSS əməkdaşı gətirildi. 12 il ərzində addım-addım qurulan MTN bir neçə ay ərzində quldur yuvasına çevrildi. MTN zabitinin şərəf və ləyaqətini kodeksinə zidd əməllər sayıan "cibə narkotik maddə atmaq", işgəncələr tətbiq etmək, ailə üzvlərini girov götürmək, insanları ailəsilə şantaj etmək kimi əməllər MTN-nin gündəlik fəaliyyət vasitələrinə çevrildi. Artıq Milli Təhlükəsizlik Nazirliyinə işə yalnız rüşvətlə götürürdülər və bütün bu məsələlər barədə ölkə başçısının da, onun administrasiyasının rəhbərinin də ətraflı məlumatı vardı. Məlumatları vardı, amma tədbir görülmürdü. Daha dəhşətli hal isə bu idi ki, MTN rəhbərlərinin tapşırığı, iştirakı ilə törədilən və ictimai rezonans doğurmuş cinayətlərin təhqiqatı MTN-ə tapşırılırdı. Məsələn, Elmar Hüseynovun qətli kimi...
Amma yeni MTN rəhbərliyinin hədəfinə tuş gələnlər təkcə müxalifət, media və vətəndaş cəmiyyəti nümayəndələri deyildi. Elmar Hüseynovun qətli ərəfəsində Azərbaycan cəmiyyətini şoka salan daha bir xəbər gündəmi tutdu - həmin günədək ölkədə az qala heç kəsin tanımadığı Hacı Məmmədovun qanqster bandası ifşa olundu. MTN-nin keçirdiyi və cəmiyyətə sensasion şəkildə təqdim olunan "Qara kəmər" əməliyyatı nəticəsində uzun müddət qanqster kimi fəaliyyət göstərmiş bandanın üzvləri həbs olundu. Həmin əməliyyatın keçirilməsinin səbəbi kimi isə Beynəlxalq Bankın rəhbəri, hal-hazırda həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Haciyevanın həmin banda tərəfindən oğurlanması göstərilirdi. Əslində isə Hacı Məmmədovun bu işə heç bir aidiyyatı yox idi və Zamirə Hacıyevanın oğurlanması onu əvəzləməli olan yeni qanqster bandası tərəfindən həyata keçirilmişdi. Elə olmasaydı Hacı Məmmədovun həbs olunması onun yanına gələn Eldar Mahmudovla yarım saatlıq söhbətdən sonra həyata keçirilməzdi. Elə olmasaydı cəza müddəti bütün məhkəmə instansiyalarında təsdiq olunmuş Hacı Məmmədov hökmü oxunduqdan sonra 1o ildən artıq Mahmudov MTN-nin istintaq təcridxanasında saxlanılmazdı. Bütün bu məsələlərdən ölkə rəhbərliyinin xəbəri olmaya bilməzdi, çünki məhz Hacı Məmmədovu orada saxlamaq üçün həmin istintaq təcridxanasına cəzaçəkmə müəssisəsi statusu verilmişdi ki, bu da Eldar Mahmudovun nə statusuna, nə də səlahiyyətinə aid məsələ deyildi. Deməli, cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra "dilinin açıla" biləcəyi ehtimal olunan Hacı Məmmədovun danışması təkcə Mahmudov üçün təhlükəli deyildi. Burdan belə qənaətə gəlmək olur ki, Zamirə Hacıyevanın oğurlanmasının sifarişçisi də Hacı Məmmədovun sahibləri deyildi. Hacı Məmmədov və ya onun sifarişçiləri İlham Əliyevin bankirinin arvadını oğurlamaq üçün ən azı ağıllarını itirməli idilər. 2005-ci ildə baş vermiş bütün bu hadisələr göstərirdi ki, ölkədə siyasi hakimiyyətin kriminallaşması sürətlənmişdi və bu prosesin önündə də MTN gedirdi. Təbii ki, icraçı qismində...

2 comments:

  1. ""dilinin açıla" biləcəyi ehtimal olunan Hacı Məmmədovun danışması təkcə Mahmudov üçün təhlükəli deyildi." (sitat) Dilinin açılmasından qorxurdularsa onu niyə məhv etnirdilər?

    ReplyDelete
  2. Çünki onun da ehtiyatda hansısa məlumatlarının olması istisna deyil.

    ReplyDelete