Hələ 2008-2009 illərdə Mahmudovun bir sıra rəsmi tədbirlərdə İsrailin Azərbaycandakı səfiri ilə birlikdə görünməsi, bir sıra tədbirlərdə isə onunla yanaşı əyləşməsi məlumatlı insanlarda anlaşılmazlıq doğurmuşdu. Rusiyaya bağlı naziri İsrail səfiri ilə nə bağlaya bilərdi? Amma müəyyən zaman keçdikdən sonra məsələlər aydınlaşmağa başlamışdı. Bu barədə bir qədər daha ətraflı yazmaq istərdim.
Beləliklə, yuxarıda qeyd etdiyim kimi, 2005-ci ildən başlayaraq Azərbaycan hakimiyyəti sürətlə kriminallaşmağa başladı ki, bu da ölkənin bir çox ənənəvi, xüsusilə də qərbli partnyorlarını məsafələşməyə vadar etdi. Vaxtilə müxtəlif Qərb ölkələrində terrorla, transmilli cinayətkarlıqla mübarizə üzrə xüsusi peşə hazırlığı keçmiş yüzlərlə xüsusi xidmət əməkdaşının MTN sıralarından xaric edilməsi isə Qərb ölkələrinin xüsusi xidmətlərini MTN-lə əməkdaşlıqdan çəkindirdi. Digər tərəfdən də İlham Əliyev - Eldar Mahmudov MTN-nin Rusiyaya doğru yönəlməsi bu əməkdaşlığı heçə endirdi. Bir qədər sonra isə məlum oldu ki, Rusiya ilə əməkdaşlıq etmək ilk baxışdan göründüyü qədər sadə və asan deyil. Rusiya siyasətində bu ölkəyə sadiq tərəfdaşlara xidmətlərinin qarşılığını vermək ənənəsi yox dərəcəsindədir. Eyni zamanda Qərbdən xeyli uzaqlaşmış Azərbaycanı ram etmək, ondan istədiyi güzəştləri qoparmaq Moskva üçün xeyli asanlaşmışdı. Amma bu durum İlham Əliyevi qane ləmirdi və odur ki, bəyan olunmuş xarici siyasət kursunu təcili balanslaşdırmaq lazım idi. Elə həmin dövrdə xarici işlər nazirinin müavini Araz Əzimovun İsraildə Amerika yəhudi təşkilatlarının biri ilə danışıqlar aparması barədə məlumatlar yayılmağa başlamışdı. Bu, Amerika - İsrail İctimai Əlaqələr Komitəsi və ya qısa adı AIPAC (American İsrael Public Affairs Committee) olan təşkilat idi. Vaşinqtonda qərargahlanan bu lobbiçi təşkilatın əsas vəzifəsi ABŞ-ın Yaxın Şərq siyasətinə təsir edərək onu İsrailin maraqlarına yönəltməkdən ibarətdir. Təbii ki, bu AIPAC-ın çoxşaxəli fəaliyyətinin bir hissəsidir. Hələ o zaman mətbuatda bildirmişdim ki, ABŞ siyasətinə İsrail vasitəsilə təsir etmək mənasız və səmərəsiz işdir, amma , təzəcə hakimiyyətə gəlmiş ABŞ prezidenti Barak Obamanın siyasətində xarici siyasət vektorunun arxa plana keçirilməsi və bunun nəticəsi olaraq bölgədə geosiyasi vəziyyətin dəyişməsi Vaşinqtonun Azərbaycana olan marağını xeyli azaldırdı ki, bu da öz növbəsində yaranmış boşluğun müxtəlif lobbiçilər tərəfindən doldurulmasını xeyli yüngülləşdirirdi. Digər tərəfdən də İran faktoruna xüsusi önəm verən İsrail üçün hər zaman əhəmiyyətli olan Azərbaycanla indi daha sıx əməkdaşlıq qurmaq imkanları açılırdı. Məhz bu amillərin təsiri sayəsində 2009-cu ildən başlayaraq Azərbaycanla İsrail arasındakı əməkdaşlıq daha gemiş miqyas almağa başladı.Azərbaycan-İsrail əməkdaşlığı kənd təsərrüfatı, rabitə, enerji, müdafiə və təhlükəsizlik sahələrini sürətlə əhatə etməyə başladı. Maraqlıdır ki, bu əməkdaşlığın sürətli artımı təkcə İranı və Rusiyanı deyil, nə qədər təəccüblü görünsə da, həm də ABŞ-ı narahat etməyə başlamışdı. Amma ABŞ-da zaman-zaman baş qaldıran bu narahatlıq AIPAC və İlham Əliyevə lobbiçilik edən digər ABŞ təşkilatları tərəfindən aradan qaldırılırdı. Məhz həmin əməkdaşlığın bir istiqaməti də MTN - Mossad əlaqələrinin genişləndirilməsi idi. Bu əməkdaşlıq isə elə bir həddə çatmışdı ki, hətta ən yaxın müttəfiq dövlətlərin xüsusi xidmət orqanları arasında da belə münasibətlər olmur. Məsələn, bir neçə "Mossad" əməkdaşı açıq şəkildə MTN-nin binasında əyləşirdi və hər səhər hamı kimi "işə gəlib", axşam da binadan çıxıb gedirdi. Sadəcə bir o fərq vardı ki, MTN binasının "Mossad" əməkdaşlarının çalışdığı (daha doğrusu, casusluq elədiyi) hissəsinə kənar şəxslərin girişi qadağan idi. Kənar şəxslər isə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Azərbaycan vətəndaşı olaraq vəzifəsi dövlətin təhlükəsizliyini təmin etmək olan əməkdaşları idi...
Gördüyümüz kimi, İsrailin casus təşkilatına bu cür müstəsna imkanlar yaratmaq heç də Mahmudovun şəxsi təşəbbüsü deyildi və ola da bilməzdi. Bu, İlham Əliyevin İsrail "siyasətinin" tərkib hissəsi idi və normalda bunun adı xarici dövlətin xeyrinə casusluq və öz dövlətinə xəyanət etməkdir. Bəli, bu, Azərbaycan dövlətinə açıq xəyanət idi və eyni statusda Türkiyə də daxil olmaqla istənilən xarici dövlətin kəşfiyyatına belə bir imtiyaz vermək həmin dövlətin xeyrinə casusluq, öz dövlətinə isə xəyanət etmək deməkdir. Bunları həyata keçirən isə opponentlərini, tənqidçilərini, siyasi fəal insanları xarici kəşfiyyatlara işləməkdə, Azərbaycan dövlətinə xəyanətdə suçlayan, "antimilli ünsür" adlandıran İlham Əliyev və onun dostu-naziri Eldar Mahmudov idi. Lakin bu da hələ aysberqin görünən hissəsidir. Azərbaycanla İsrail arasında təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində İsraildən azı 600 milyon dollar dəyərində casusluq vasitələri alınmışdı ki, onların da arasında müasir dinləyici qurğularlarla yanaşı, interneti, xüsusilə də sosial şəbəkələri, elektron poçtları izləmək, onların kodlarını sındırmaq üçün müvafiq texniki avadanlıq və onun üçün proqramlar da vardı. Əlbəttə, bütün bunların məsələn, terrora qarşı mübarizə çərçivəsində istifadə olunduğunu iddia eləmək olar. Amma məhz bu avadanlığın sayəsində ölkədə siyasi fəalların, tənqidçi jurnalistlərin, gənclər təşkilatlarının üzvlərinin izlənməsi və sonrakı həbsi halları sürətlə artdı. İsraillə əməkdaşlıq məsələsinin bir aspektinə də toxunmağa xüsus ehtiyac var və bunu İlham Əliyevin lobbiçilərinin özlərinə də dəfələrlə açıq şəkildə demişəm. ABŞ və Avropadakı lobbiçi yəhudi təşkilatları daim İlham Əliyev rejiminin xeyrinə əsas arqument kimi Azərbaycanda antisemitizmin olmamasını göstərirlər. Bəli, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, yoxdur və olmayacaq da, amma bu, Əliyev rejiminin xidməti deyil. Tolerantlıq Azərbaycan xalqının yüzilliklər boyu formalaşmış milli düşüncəsinin və milli mədəniyyətinin tərkib hissəsidir, özü də bu, təkcə yəhudilərə münasibətdə deyil. Azərbaycanın hələ Çar Rusiyasının tərkibində olduğu vaxtlardan Avropadan mühacirət edən almanlardan tutmuş Rus Pravoslav Kilsəsi tərəfindən təqib olunan staroverlərə, molakanlaradək hamı məhz Azərbaycanda təminatlı sığınacaq tapmışdı. Amma antidemokratik və antimilli mahiyyəti olan rejimi beynəlxalq müstəvidə bu cür açıq və haqsız müdafiə etmək həmin ənənənəyə, mədəniyyətə dağıdıcı təsir göstərir. Çünki Azərbaycan xalqının yüksək və sabit milli dəyərlərini lobbiçilik pulu xatirinə antimilli rejimin xidməti kimi təqdim etmək həm də milli hisslərimizə, qürurumuza hörmətsizlikdir.
Beləliklə, görünən həm də budur ki, Eldar Mahmudov vaxtilə göstərdiyi müstəsna xidmətlərinə və bunun sayəsində əldə etmiş olduğu bilgilərinə görə İsrail tərəfindən də himayə olunur.
Beləliklə, görünən həm də budur ki, Eldar Mahmudov vaxtilə göstərdiyi müstəsna xidmətlərinə və bunun sayəsində əldə etmiş olduğu bilgilərinə görə İsrail tərəfindən də himayə olunur.
No comments:
Post a Comment