2003-cü ildə hakimiyyəti atasından miras qəbul edən İlham Əliyev özünü son dərəcə narahat hiss edirdi. Bu da təbii idi - heç bir siyasi təcrübəsi, özünə inamı, iradəsi və nəhayət komandası olmayan bir şəxs başqa cür görünə də bilməzdi. Xüsusilə də bütün həyat və fəaliyyətini intriqalar üzərində qurmuş Heydər Əliyevdən sonra. Varis atasından qalmış ən arzuolunmaz mirası - onun komandasını idarə edə biləcəyinə əmin deyildi, odur ki, vəziyyətdən yeganə çıxış yolunu İlham Əliyev həmin bu komandanı dəyişməkdə görürdü. Amma onun olmayan təcrübəsi də deyirdi ki, bu, heç də göründüyü qədər asan olmayacaq. Elə bu səbəbdən də İlham Əliyev mühüm nazirliklərin başında ona sadiq, etibarlı və ən başlıcası sahibini qorumaq üçün hər şeyə hazır olan şəxslərin yerləşdirilməsini ilk addım kimi görürdü. Burda da bir problem vardı ki, KQB və partiya liderinin oğlu olmuş İlham Əliyevin dostlarının və tanışlarının dairəsi hər zaman çox məhdud olmuşdu, özü də təkcə kəmiyyət baxımından yox. Onun ətrafında daim "qızıl sovet gəncliyinin" tipik nümayəndələri olmuş bir qrup həmyaşıdı toplaşmışdı ki, bunlar da sovet partiya, hökumət, mədəniyyət və elm-təhsil nomenklaturası ierarxiyasında yuxarı mövqelər tutan atalarının dəyərsiz oğulları idi. Adətən, yalnız formal olaraq ali təhsilə, dayaz intellektə və kosmopolit təfəkkürə malik olan bu ərköyün balalar xüsusi qabiliyyətlərilə seçilmir, bir çox hallarda əyyaş və pozğun həyat tərzi yaşayır, vəzifəli atalarının kölgəsində "başlarını girləyirdilər". Həmin zümrənin nümayəndələrini xarakterizə edən tipik cəhətlərdən biri də rusdilli olmaları ilə qürur duymaq, bu səbəbdən də özünü elitar hiss göstərərək millət olaraq azərbaycanlılara yuxarıdan aşağı baxmaları idi. Rüşvət, oğurluq pulları ilə boya-başa çatmış, ali məktəbdə sessiya imtahanları qiymətlərindən tutmuş "çalışdıqları" iş yerlərinədək hər şeyi tapşırıqla və digər əyri yollarla əldə etmiş bu şəxslər həm də sovet nomenklaturası ailələri üçün xarakterik olan riyakarlıq, yaltaqlıq, özündən güclüsü qarşısında qorxaqlıq, əliəyrilik, əyyaşlıq, simasızlıq, qabiliyyətsizlik kimi keyfiyyətləri qazanmışdılar.
Beləliklə, 1987-ci ildə Heydər Əliyev Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyündən azad edildikdən sonra İlham Əliyevin ətrafında barmaqla sayılacaq qədər yuxarıda göstərdiyim keyfiyyətdə dostu qalmışdı. Burda bir haşiyə də çıxım ki, həmin dövrdə Moskvada İlham Əliyevin "kruquna" daxil olan şəxslərin demək olar ki, hamısı o dövlət başçısı postuna yiyələndikdən sonra dövlətdə yüksək vəzifələr alaraq öz mahiyyətlərini bütün çılpaqlığı ilə ortaya qoydular və bəziləri isə hələ da buna davam etməkdədir. Həmin şəxslərdən biri də akademik oğlu olan Eldar Mahmudov idi...
İlham Əliyev hakimiyyətə birdən gəlmədi, buna bir heçə il idi ki, hazırlıq gedirdi. Hakimiyyət intriqalarını və dövlətin başına gəlməyin yollarını yaxşı bilən, bunu öz təcrübəsində uğurla həyata keçirmiş Heydər Əliyev hakimiyyəti oğluna ötürməyə ilk növbədə beynəlxalq aləmin razılığını almaqdan başlamışdı. Əvvəlcə ABŞ prezidenti Bill Klintonla görüşə İlham Əliyevi də aparan Heydər Əliyev həmin görüşdə xoşagəlməz halla üzləşdi - Heydər Əliyevi salamlayan Klinton onun oğlu ilə əl tutub görüşmədi və bu da Azərbaycanın müstəqil və müxalif mətbuatının diqqətindən yayınmadı. Mətbuat səhifələrində İlham Əliyevin ABŞ prezidentilə əl tutub görüşmək səhnəsi əks etdirən fotolar deyil, bununla bağlı istehzalarla dolu çoxsaylı yazılar yer aldı.
Nəhayət, 2001-ci ilin aprelində ABŞ-ın dövlət katibi Kolin Pauellin təşəbbüsü ilə Florida ştatının Ki Vest şəhərində keçirilən Qarabağ danışıqlarından sonra Vaşınqtona gələn Heydər Əliyev yeni prezident Corc Buşla Azərbaycanda hakimiyyətin ötürülməsi məsələsini də müzakirə edir. ABŞ-ın Azərbaycandakı keçmiş səfirlərindən biri (2001-ci ildə həmin şəxs ABŞ-ın Qafqaz və Xəzər bölgəsi üzrə xüsusi nümayəndəsi olaraq bu görüşdə iştirak etmişdi) Bakıda olarkən bu barədə bir sıra media və vətəndaş cəmiyyəti nümayəndələrilə qeyri-formal görüşündə həmin söhbəti belə təsvir etmişdi: "Heydər Əliyev Corc Buşdan oğlunun onu əvəzləməsi üçün ABŞ-ın dəstək göstərməsini xahiş edəndə Buş gülüb dedi ki, sizdə məgər monarxiyadır? Amma sonra təyin elədilər..."
Hakimiyyətə hazırlaşan İlham Əliyev ona atasından miras qalacaq komandanı əvəzləmək üçün hələ Heydər Əliyevin prezidentliyi dönəmində bu istiqamətdə fəaliyyətə başlamışdı. Gələcək komandada əsas "vuran əl" vəzifəsi Eldar Mahmudova tapşırılmalı idi. Amma bir fərqlə ki, həmin dövrdə İlham Əliyev bu işi həyata keçirəcək əsas dövlət qurumu kimi MTN-i deyil, DİN-i görürdü. Ramil Usubova Eldar Mahmudovla əvəzləməyə hazırlıq mərhələsi kimi ilk addım olaraq Eldar Mahmudov DİN-də vəzifəyə gətirilməli idi və gətirildi də. DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin olunan uğursuz akademik oğlu çox qisa müddətdən sonra həmin vəzifədən atıldı. Bir sıra mənbələrin verdiyi məlumata görə bunun arxasında duran əsas səbəb Heydər Əliyevə Eldar Mahmudov barəsində çox ciddi "kompromatların" (ifşaedici materialların) təqdim edilməsi olmuşdu. Bununla da Mahmudovun gələcək hakimiyyətin daxili işlər naziri ulduzu parlamadan söndürüldü...
Amma cəmi bir neçə ildən sonra polis orqanlarında yarıtmaz və yaramaz kadr reputasiyası qazanmış Eldar Mahmudov Azərbaycanın təzəcə ayağa qalxmağa başlayan Milli Təhlikəsizlik Nazirliyinin rəhbəri edildi. Bu, təhlükəsizlik orqanlarının nəinki iş prinsiplərindən, fəlsəfəsindən, mahiyyətindən xəbərsiz olan, hətta mənəvi və əxlaqi baxımdan bu orqanlarda ən aşağı vəzifə tuta bilməkdən xeyli uzaq olan keçmiş OBXSS işçisi Eldar Mahmudov üçün başgicəlləndirici təyinat idi. Amma bu təyinat ona dost hədiyyəsi deyildi, Mahmudov həmin vəzifəyə İlham Əliyev tərəfindən onun hakimiyyətini qorumaq və möhkəmləndirmək üçün zəruri olan çirkli işləri görmək üçün gətirilmişdi. Təbii ki, burda xarici amilin də rolu vardı - hələ gənc yaşlarından SSRİ DTK-sı tərəfindən əməkdaşlığa cəlb olunmuş keçmiş OBXSS əməkdaşının dosyesi Moskvada idi...
No comments:
Post a Comment