Əvvəlki yazılarımda da qeyd etdiyim kimi, Mahmudov bandasının ölkənin taleyinə görə məsuliyyət daşımalı olan bir qurumun rəhbərliyinə gətirilməsi və bu bandanın cinayətkar fəaliyyətinə uzun müddət göz yumulması təsadüfi deyildi. O cümlədən, bu cinayətkar dəstənin ömrünün nə az, nə çox, düz 11 il sürməsi də. Bu, bir növ zamanın tələbi və Azərbaycan xalqının normal dövlətə sahib olmaq istəyinin dəfn olunmasına dair böyük planın tərkib hissəsi idi. Bizə azad, ədalətli, demokratik dövlət kimi lazım olan Azərbaycan, bizdən daha güclülərinə korrupsiya, silah və narkotik tranziti, casusluq, sövdələşmələr məkanı kimi vacib idi. Elə buna görə də Azərbaycan adlanan bu dövlətin milli təhlükəsizlik maraqlarına xidmət edən qurum lazım deyildi. Eynilə 1-ci Dünya Müharibəsi zamanı Kasablankanın, 2-ci Dünya Müharibəsi zamanı isə Norveçin olduğu kimi. Həmin dövrün hətta səthi təhlili də maraqlı bir detalı ortaya çıxarır: Eldar Mahmudovun MTN-ə rəhbərlik etdiyi 11 il ərzində Azərbaycanın polis, prokurorluq, məhkəmə, cəzaçəkmə müəssisələrinə nəzarət orqanlarının qanunsuz əməlləri müxtəlif beynəlxalq təşkilat və qurumların yüzlərlə hesabatlarında öz əksini tapsa da, MTN-nin töpətdiyi çoxsaylı cinayətlər (o cümlədən də siyasi motivli cinayətlər) barədə belə hesabatlarda ya susqunluq nümayiş etdirilir, ya da heç bir siyasi və hüquqi məsuliyyət öhdəliyi tələb etməyən ümumi ifadələr işlədilirdi. Bunun təsadüf olması qənaətinə gəlmək üçün ən yaxşı halda sadəlövh olmaq lazımdır. Bəlkə də kəmağıllı... Dünyanın bütün beynəlxalq qurumlarında Azərbaycanda siyasi müxalifətin, vətəndaş cəmiyyəti qurumlarının, medianın sıradan çıxarılmasında Mahmudov bandasının müstəsna rol oynadığını bilirdilər. Bilirdilər, amma bunu nəinki ifşa eləmirdilər, hətta MTN-nin yaratmış olduğu "hüquq müdafiəçiləri", "QHT rəhbərləri" və digərlərilə üz-üzə əyləşib Azərbaycanda insan hüquq və azadlıqlarının durumunu, ölkənin demokratik inkişaf perspektivlərini müzakirə edirdilər. Başqa cür də ola bilməzdi, çünki bu, 2005-ci ildə start verilmiş planın tərkib hissəsi idi. Mahmudovun bandasının törətdiyi az qala bütün əməllər ən müxtəlif səviyyələrdə razılaşdırılmış işlər idi və burda da hər tərəfin öz şəxsi maraqları vardı. O cümlədən də MTN rəhbərinin. Bu məqsədlə də MTN quldurları agentura şəbəkəsini sürətlə genişləndirir, özünün siyasi və iqtisadi təsirini artırırdı. Lakin MTN əməkdaşlarının peşəkarlığı və müvafiq olaraq onların əməkdaşlığa cəlb etdiyi agentlərin keyfiyyət göstəricisi günü-gündən aşağı düşür, intellektual imkanları məhdudlaşırdı. Belə olduğu halda da Mahmudov MTN-i bəzən bir agentini bir neçə bir-biri ilə heç bir əlaqəsi olmayan sahə və məsələlərdə istismar edirdi. Həmin fenomenin bariz nümunələrindən biri vaxtilə MTN-ə bağlı media tərəfindən qabardılan və müntəzəm olaraq erməni saytlarını dağıtdığı iddia olunan "bacıoğlu" ləqəbli "haker" idi. Bu başdan qeyd edim ki, "Bacıoğlu" bir erməni saytını belə dağıtmamışdı və buna onun İT dair bilik və təcrübəsi də imkan vermirdi. Onun tərəfindən dağıdılan isə həmin saytlardan çıxarılmış surətlər idi. Amma əsas bu, deyildi. Əsas o idi ki, "Bacıoğlunun" erməni "saytlarını" dağıtması üçün MTN-dən pul ayrılır, "ələkeçməz haker" özü isə o puldan qəpik-quruşlar almaqla yanaşı, həm də guya reklam edilirdi. Müxalifət qəzetlərindən birində kompüterçi kimi çalışan və intellektual göstəriciləri yumşaq desək, bir qədər aşağı olan həmin agent qəzetlə bağlı olan partiya liderinin şəxsi internet səhifəsini və elektron poçt ünvanını da idarə edirdi. Onun bütün bu fəaliyyətinin kuratoru isə artıq bütün ölkənin çox yaxşı tanıdığı, "intihar etmiş" polkovnik İlqar Əliyev idi. Elə öz agentinə "Bacıoğlu" ləqəbini vermişdi də o vermişdi və "Bacıoğlu" "hakerin" agent psevdonimi deyildi (agentura işindəki psevdonim tamamilə başqadır). Sadəcə telefonla danışarkən (daha doğrusu, məlumat-tapşırıq mübadiləsi edərkən) İlqar Əliyev ona "Bacıoğlu", agenti isə polkovnikə "Dayı" deyə müraciət edirdilər. 2005-ci ildə AXCP Gənclər Komitəsinin sədri Ruslan Bəşirlinin həbsindən sonra deşifrə olunan agentin təyinatı dəyişdirildi və sonrakı 10 ildə o, ardıcıl olaraq alimə, yazıçıya, hakerə (həmin "Bacıoğlu"), deputat köməkçisinə, hüquq müdafiəçisinə və nəhayət, deputatlığa namizədə çevrildi. Əminliklə deyə bilərəm ki, 2015-ci il parlament seçkiləri ərəfəsində cinayətkar banda iş başından kənarlaşdırılmasaydı, bu gün bizə universal "superagenti" millətin vəkili qismində görmək də nəsib olacaqdı. Həmin seçkiləridə namizədliyi irəli sürülmüş və Mahmudovun siyasi hakimiyyətə yiyələnmək planında kiçik fiqurlar rolunu oynamalı olan onlarla digər MTN agentləri kimi. Mahmudovun siyasi hakimiyyətə yiyələnmək planları barədə bir qədər sonra.
Hələlik isə başqa bir misal: Anteterror Mərkəzinin keçmiş rəisi Elçin Quliyevin həm də agenti olan və beynəlxalq təşkilatların birində çalışan gənc xanıma gərgin əmək fəaliyyətinə görə Hyunday markalı avtomaşın bağışlamış ATM rəisi sonradan onu deputat eləmək fikrinə də düşmüşdü. Daha doğrusu, bu, Quliyevin öz təşəbbüsü deyildi, sadəcə gələcək general kuratoruna (daha doğrusu, həm də kuratoruna) yazdığı SMS-lərdə onu aşağılayan, küncə sıxan, bəzən isə hətta alçaldan iddialı agent-xanımın tələbi qarşısında aciz idi. Məsələn, SMS-lərin birində həmin xanım Elçin Quliyevə sual verirdi: "Ты что, не мужчина что-ли?", yəni, "Sən kişi deyilsən?" Bu yerdə Elçin Quliyevin fəaliyyətinin və "şəxsiyyətinin" bütün incəliklərinə bələd olan birisi kimi haşiyə çıxaraq deyim ki,sual heç də yersiz deyildi. Amma deputat mandatı məsələsinə "əli girməyən" Elçin Quliyevin bütün səyləri boşa çıxdı və siyasi hakimiyyətin həmin dairədən başqa namizədə mandat vermək qərarı azərbaycanlı "Mata Hari"nin "superagent" karyerasına son qoydu. Düzdür, ölkə rəhbərinə qarşı yönəlmiş əməllər də daxil olmaqla ən müxtəlif cinayətlərə cəlb olunmuş "Bacıoğlu"dan fərqli olaraq həmin xanımın heç olmazsa yaxın və ya uzaq perspektivdə həbs olunmaq təhlükəsi yoxdur.
Ümumiyyətlə isə göstərdiyim səviyyədə əməkdaşlar və agentura potensialına malik olmasına rəğmən, Mahmudov siyasi hakimiyyətə yiyələnməyə can atırdı və 2015-ci ilin parlament seçkiləri bu yolda həlledici mərhələ sayılırdı. Məhz bu səbəbdən də MTN-nin həmin seçkilərə diqqəti əvvəllkilərə olduğundan qat-qat çox idi. Mübarizə əksər seçki dairələrini əhatə edirdi və Mahmudov məqsədinə çatmaq üçün bütün vasitələrdən yararlanmağa çalışırdı. Mahmudovun planlarına uyğun gəlməyən namizədlər şantaj olunur, onların haqqında "kompromatlar" sızdırılırdı. Məsələn, 2015-ci il seçkiləri ərəfəsində deputat Azay Quliyev barəsində mətbuata atılan və sosial şəbəkələrdə geniş mübahisələrə səbəb olan "kompromat" MTN tərəfindən sızdırılmışdı. Məqsəd deputatı sıradan çıxararaq onu öz namizədilə əvəzləmək idi. Ədalət naminə qeyd edim ki, Mahmudovun siyasi iddiasını reallaşdırmaq şansları az deyildi və onun cinayətkar dəstəsi bunun üçün tələb olunan hazırlıqların böyük bir hissəsini artıq həyata keçirməyə müvəffəq olmuşdu:
1. Ölkənin yüksək siyasi rəhbərliyində təmsil olunan bəzi şəxslər də daxil olmaqla yuxarı çinli məmurlardan tutmuş xeyli müxalif siyasi fəal, jurnalist və vətəndaş fəallarınadək geniş bir şəbəkə "qarmaqda" idi;
2. Oğurluq, quldurluq, talançılıq, şantaj yolu ilə milyardlarla vəsait toplanmışdı;
3. Ölkə həyatının bütün sferaları nəhəng agentura şəbəkəsilə əhatə olunmuşdu;
4. Cəmiyyətdə MTN xofu yaradılmışdı;
5. Bir çox xarici ölkələrin kəşfiyyatlarına müntəzəm xidmətlər göstərilirdi;
6. Azərbaycanın yaxın və ölkənin daxili siyasətinə müdaxilə imkanı olan dövlətlərin bəzilərinin birinci şəxslərinin ailə üzvlərinə çoxmilyonluq rüşvətlər çatdırılmışdı;
və s.
Amma siyasət haqqında təsəvvürləri şantajdan, soyğunculuqdan, quldurluqdan və qanqsterlikdən o yana keçə bilməyən Mahmudovun planlarında çatışmayan bəndlər vardı ki, onlar da bandanın gözlənilən süqutuna gətirib çıxardı. Bunun 2015-ci il parlament seçkiləri ərəfəsində baş verməsi isə nəinki təsadüfi deyildi, hətta gözlənilən planlaşdırılmış addım idi.
Mahmudovun ən böyük yanlışı isə bu idi ki, o, cəmiyyətə nəzarəti və göstərdiyi xidmətlər sayəsində dünyanın taleyini cızanlar tərəfindən siyasi hakimiyyətə gətirilməklə mükafatlandırılacağını düşünürdü. Böyük güclərə isə nə ölkəyə nəzarət edən güclü rəsmilər, nə də xarizmatik liderlər lazım deyil. Sonra belələrini idarə etməkdə əlavə çətinliklər yaranır. Düzdür, o, hələ bu günədək sahibləri tərəfindən himayə olunur, çünki Azərbaycan hakimiyyətinə uzun illərdir lobbiçik edənlər Mahmudovdan Əliyevə qarşı hələ də istifadə edə biləcəklərini düşünürlər. Elə bu səbəbdən də onu həbsdən qouyurlar. Amma Azərbaycan hakimiyyətinə onun Mahmudovu da himayə edən ənənəvi lobbiçilərinin Vaşinqtonun siyasətinə təsir imkanlarının Donal Tramp prezident seçildikdən sonra sıfra bərabər olduğu çatanda Eldar Mahmudovun azadlıqda qalması səhifəsi də bağlanacaq. Bəlkə də bütövlükdə kitabı.
Odur ki, eks-nazirin taleyi həmin lobbiçilərin öz hüdudsuz təsirləri barədə bıef etdiyinin rəsmi Bakıya nə vaxt çatacağından asılıdır.
No comments:
Post a Comment