Friday, January 27, 2017

8-ci yazı: MTN-nin "kəşfiyyat" şəbəkəsi

Keçmiş MTN-də yuva salmış cinayətkar dəstənin hədəfində təkcə ölkə daxilində olan Azərbaycan vətəndaşları deyildi. Bu qurum kəşfiyyat adı altında hakimiyyətə müxalif olanların ölkənin xaricində olanların da nəzarətdə saxlanılmasını və təqib olunmasını, ən azı onların fəaliyyətinin izlənilməsini təmin etmək üçün bir sıra xarici ölkələrə yerləşdirilmiş agentlərdən istufadə edirdi. Bura xüsusilə azərbaycanlı siyasi fəal mühacirlərin çoxluq təşkil etdiyi Avropa ölkələri daxil idi. Əslində, istənilən ölkənin, o cümlədən Azərbaycanın öz milli təhlükəsizlik maraqlarını təmin etmək məqsədilə
xarici dövlətlərdə agentura şəbəkəsi qurması tamamilə normal praktikadır, amma bu, həqiqətən kəşfiyyat şəbəkəsi olduqda. Əliyev-Mahmudov MTN-nin isə hədəfləri tamamilə başqa idi və onlar da təhlükəsizlik orqanlarının ölkənin daxilində yerinə yetirdiyi funksiyanın tərkib hissəsi idi. Başqa sözlərlə, siyasi polis və qarət vasitəsinə çevrilmiş MTN ölkənin xaricində yerləşdirdiyi agentləri vasitəsilə siyasi mühacirlərin fəaliyyətini izləməyə çalışır, bu məqsədlə Avropadakı azərbaycanlıların yatardığı müxtəlif qurumlara Bakıdan yollanmış adamlarını (agentlərini) yerləşdirirdi, Normalda, öz sıraları xarici agentlərlə dolu olan Əliyev-Mahmudov MTN-i kimi başıpozuq quldur dəstəsinin məsələn, Fransa, Almaniya, İsveçrə və ya Hollandiya kimi ölkələrdə kəşfiyyat fəaliyyəti həyata keçirməsi yalnız fantaziya məhsulu ola bilərdi. Əslində, belə məqsəd də yox idi və hədəfdə yuxarıda qeyd elədiyim kimi, Avropa ölkələrində yaşayan siyasi mühacirlər idi. Odur ki, həmin şəbəkənin kəşfiyyat fəaliyyətinin effektivliyi də ən yaxşı halda sıfra bərabər idi. Bunu da qeyd edim ki, kəşfiyyat xüsusi xidmətin ən incə və zəhmət tələb edən sahəsidir. Hətta böyük və güclü kəşfiyyatlar da xaricdə bir agentini yerləşdirmək üçün buna uzun illər ərzində, peşə hazırlığı, böyük səylər və maliyyə vəsaitləri hesabına nail ola bilir. Hələ bunlar da kəşfiyyatçının qarşısına qoyulan vəzifələri yerinə yetirə biləcəyinə təminat vermir. Deməli, MTN-nin də "kəşfiyyat" şəbəkəsinin səmərəliliyindən söhbət gedə bilməzdi. Həm də ona görə ki, bu işi həyata keçirmək üçün kobud və primitiv ənənəvi üsullardan istifadə olunurdu. Maraqlı məqamlardan biri də budur ki, həmin şəbəkəyə daxil olan agentlərin mütləq əksəriyyətinin fəaliyyəti keçmiş MTN-nin Antiterror Mərkəzi (ATM) tərəfindən idarə olunurdu. Halbuki, ATM fəaliyyət sahəsinə görə kəşfiyyat yox, daha çox əks-kəşfiyyat qurumu idi. Amma bunun da öz maraqlı səbəbləri vardı. Əvvəla, həmin "kəşfiyyatçılar" elə əvvəldən ATM-in əlaqəsində olmuş və hələ Azərbaycanda yaşadıqları dövrdə bu quruma işləmiş adamlar idi. Onlar müxalifət partiyalarında, media qurumlarında, vətəndaş cəmiyyəti institutlarında və gənclər təşkilarlarında agen kimi istifadı olunmuş şəxslər idi. İkincisi, xarici ölkələrə göndərilən bu agentlər əsasən, ölkədəki fəaliyyəti zamanı deşifrə olunmuş və ya hansısa çirkli əməllərdə, cinayətlərdə istifadə olunmuş şəxslər idi. Bu şəxslər həm də MTN tərəfindən cəlb olunduqları cinayətlərin canlı şahidləri idi. Üçüncüsü, belə bir "kəşfiyyat" şəbəkəsi MTN-ə çox müxtəlif kontekstlərdə lazım idi. Beləliklə, MTN rəhbərliyi bununla ölkə başçısına sədaqətini nümayiş etdirməyi hədəfləyirdi, xaricdəki azərbaycanlıları izləyirdi və əlbəttə ki, "kəşfiyyat" üçün büdcədən böyük məbləğdə pulu mənimsəyirdi. Mənimsəmənin sxemi isə 2x2 qədər sadə idi. Məsələn, Almaniyada və ya İsveçrədə siyasi sığınacaq almış agentin fəaliyyətini maliyyələşdirmək üçün o, hələ Azərbaycanda olarkən adına bank hesabı açılır və kart alınırdı. Agent gedib xaricdə yerləşdikdən sonra isə ona bir növ aylıq məvacib verilirdi ki, bu məbləğ də onun hesabına yatırılırdı. Sonra isə agent yaşadığı ölkədə həmin pulu bankomat vasitəsilə əldə edirdi. Kəşfiyyat adı altında "fəaliyyət göstərən" belə bir agentin adına 3.000-3.500 Avro pul yazılsa da ona çatan məbləğ 600-750 Avro təşkil edirdi.  "Siyasi sığınacaq almış" kəlməsini təsadüfən işlətmədim. MTN agentlərinin mütləq əksəriyyəti məhz bu ad altında mühacirətə göndərilirdi. Üstəlik də onlara xaricdə olarkən daha fəal olmaq tapşırılırdı ki, guya deşifrə olunmasınlar. Halbuki, həmin agentlər yaşayacaqları ölkəyə hələ yetişməmiş dosyeləri Avropada yaşayan siyasi mühacirlərə çatdırılırdı, çünki yuxarıda qeyd etdiyim kimi, onların əksəriyyəti hələ Azərbaycanda yaşayarkən artıq deşifrə olunmuş primitiv xəbərdaşıyanlar idi. Bu şəxslərin Avropa ölkələrində yerləşdirilməsinə gəldikdə isə.burda da diqqətçəkən xeyli ziddiyyətlər var. Məsələn, hal-hazırda Almaniya Xarici işlər Nazirliyində çalışan xanım Haydrun Tempelin ölkəsinin Azərbaycandakı səfiri olduğu dövrdə MTN-nin bir neçə agenti həmin ölkəyə yerləşdirilmişdi . Azərbaycanda həqiqətən ciddi təqiblə üzləşən siyasi fəallar Almaniyaya giriş vizası ala bilmədikləri və ya həmin ölkədə bir ilə yaxın əziyyət çəkdikdən sonra siyasi sığınacaq ala bildikləri halda, MTN agentləri buna çox qısa müddətdə və asanlıqla nail olurdular. Burda təbii ki, əyləncə və yaxşı həyat həvəskarı olan diplomat xanımın Azərbaycan hakimiyyətinə xüsusi sevgisinin də rolu vardı, amma görünür bu, yeganə səbəb deyildi. Tanınmış bir siyasi məhbusdan müntəzəm olaraq MTN-ə xəbər ötürərək onun həbsində yardımçı olmuş agentin Almaniyada yerləşdirilməsi iki dövlət arasında anlaşmanın nəticəsi də ola bilərdi. Başqa bir misal: həbsdə "intihar etmiş" ATM-in rəis müavini polkovnik İlqar Əliyevin əlaqəsində ikən müxtəlif çirkli "əməliyyatlara" cəlb olunmuş, tanınmış bir siyasətçiyə seks-video çəkilişi məqsədilə yeridirilərkən isə deşifrə olunmuş, gənclər təşkilatlarından birinin üzvü olan agent xanımın da Almaniyada sığınacaq alması xeyli suallar doğurur. Bütün bunlar o zaman baş verirdi ki, Almaniyanın siyasi fondlarında çalışmış və saxta ittihamlarla istintaqa cəlb olunaraq həbs təhlükəsilə üzləşən şəxslərin qorunması üçün onların nəinki ölkədən çıxarılması təmin olunmurdu, hətta səfir xanım Tempel həmin şəxslərin görüşmək xahişini də qulaqardına vururdu. Halbuki, bu, alman dövlətinin mənəvi borcu və hüquqi öhdəliyi idi. Görünür, səbəb təkcə diplomat xanımın müntəzəm olaraq YAP-çı deputatların bağ evlərində istirahət eləməsi deyildi...   
MTN-nin ATM-nin müxtəlif Avropa ölkələrinə siyasi mühacir qismində yerləşdirdiyi agentlərin istifadəsi bunlarla bitmirdi. Bir sıra hallarda onlardan MTN-nin Əliyev ailəsi haqqında topladığı ifşaedici materialların (kompromatların) müxtəlif Avropa QHT və media vasitələrinə ötürülməsi üçün də istifadə olunurdu. İsveçrədə və Almaniyada yerləşdirilmiş agentlərin bu işlərə cəlb olunması barədə məlumatlar bizə hələ 3-4 il əvvəl daxil olmuşdu.
Yekun olaraq, bunu da qeyd etmək lazımdır ki, Avropa ölkələrində fəaliyyət göstərən təkcə agentura şəbəkəsinin deyil, azərbaycanlı mühacirlər tərəfindən yaradılmış bir sıra qurumların da fəaliyyətinin ikitərəfli ölkələrarası anlaşma əsasında tənzimlənməsi barədə çoxsaylı məlumatlar mövcuddur. Eynilə Avropa Komissiyası tərəfindən ayrılan qrantların Azərbaycanda hansı təşkilatlara verilməsilə bağlı Azərbaycanla Avropa Birliyi arasında olan anlaşma kimi. Burda da əsl məqsəd Əliyev hakimiyyətinə həqiqi müxalif mövqedə olan şəxs və qurumlarının fəaliyyətini kölgədə qoymaq, onları qondarma opponentlərlə əvəzləməkdir. 

1 comment:

  1. Borclarınızı təmizləmək üçün təcili bir kreditə ehtiyacınız var və ya işinizi yaxşılaşdırmaq üçün bir kapital krediti lazımdır? Banklar və digər maliyyə agentlikləri tərəfindən rədd edildinizmi? Kredit konsolidasiyasına və ya ipotekaya ehtiyacınız var? Bütün maliyyə problemlərinizi keçmişə çevirmək üçün burada olduğumuz üçün daha çox axtarış etməyin. Bizimlə elektron poçtla əlaqə saxlayın:

    oceanfmortgages@gmail.com
    oceanfmortgages@gmail.com

    Bu Ocean Finance İpotekadır. Məqbul faiz dərəcəsi ilə maraqlananlara kredit təklif edirik. Aralığı 5,000.00 Avrodan maksimum 100,000,000.00 Avroya qədərdir.

    ReplyDelete