Əslində, Akif Çovdarovun məhkəməsi boyu mediada onun törətdiyi cinayətlərin qabardılması xüsusi məqsədə xidmət edir. Qanqster Çovdarovun törətmiş olduğu cinayətlərdə mövcud hakimiyyətin mahiyyəti nöqteyi-nəzərindən qeyri-adi heç nə yoxdur. Əliyev hakimiyyətinin hansı qurumu öz imkan və səlahiyyətləri çərçivəsində sıradan insanlardan tutmuş sahibkarlaradək ölkə vətəndaşlarını talamır ki? Yoxsa "Akkord", "Gilan Holdinq", Paşa Holdinq", "ZQAN Holdinq" və ya "Ata Holding" ədalətli iqtisadi rəqabət şəraitində yaranmış biznes strukturlarıdır? Əlbəttə ki, yox. Sadalanan bu böyük bizneslərin yaranmasının kökündə və bugünkü fəaliyyətinin əsasında mənimsəmələr, talançılıq, korrupsiya, soyğunçuluq və oğurluq dayanır. Sadəcə bütün bu əməllərin reallaşdırılması forma etibarilə bir-birindən fərqlidir. Yəni, Vergilər Nazirliyinin, Gömrük Komitəsinin, Prokurorluğun və ya hansısa digər bir orqanın başında duranların topladığı sərvətin hamısı kriminal yollarla toplanmış sərvətdir, yeganə fərq isə onların bu talanşçılığı reallaşdırma yollarından ibarətdir. Burda da hər bir quruma rəhbərlik edən şəxs(lər) öz səlahiyyət və imkanları çərçivəsində hərəkət edib. Bu baxımdan MTN-nin şantaj, təhdid, təzyiq etmək imkanları daha çox, metodları isə daha kəskin olduğundan Akif Çovdarovun və digərlərinin törətdiyi iqtisadi xarakterli cinayətlər bu qədər sensasion görünür. Amma keçmiş MTN rəhbərliyi tərəfindən törədilmiş çoxsaylı cinayətləri sahibkarların Akif Çovdarov tərəfindən talanması üzərində qapamaq cəhdi başqa mətləblərdən xəbər verir. Buna aydınlıq gətirmək üçün əvvəlki yazıma bir daha müraciət etməli olacağam. 4-cü yazımda Mahmudov bandasının əvvəlcə Rusiya, sonra isə İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlığından yazmışam. Bu, bandanın əsas partnyorları olmuş iki ölkənin xüsusi xidmət orqanıdır. Əslində isə, Eldar Mahmudovun nazir olduğu dönəmdə MNT daha çox sayda kəşfiyyatla əməkdaşlıq edib. Bunların arasında İran İnqilab Keçikçiləri Korpusunun kəşfiyyat xidmətindən tutmuş Avropa ölkələrinin xüsusi xidmət orqanlarınadək müxtəlif casus qurumları olub. Əlbəttə, müştərək maraqların olduğu məsələlərə dair birgə kəşfiyyat əməliyyatları hər zaman olub və olacaq da. Xüsusilə də sürətlə qloballaşan bugünkü dünyanın əsas problemlərindən olan terrorizmə, narkotrafikə, insan və orqan alverinə və transmilli cinayətkarlığın digər formalarına qarşı mübarizədə. Amma hətta belə əməliyyatlar keçirilən zaman da xüsusi xidmət orqanı hər bir addımını ölkəsinin milli təhlükəsizliyini nəzərə alaraq atır. Mahmudov isə faktiki olaraq MTN-ni az qala bütün kəşfiyyatlar üçün karvansaraya çevirdi. Amma bu da İlham Əliyevin nazirinin ən böyük cinayəti deyil. Təsəvvür edin ki, Mahmudovun rəhbərliyi dönəmində yüzlərlə (kim bilir, bəlkə də minlərlə) Azərbaycan vətəndaşı yazılı iltizam alınaraq məxfi əməkdaşlığa cəlb olunub, lakin bunlar heç bir səviyyədə rəsmiləşdirilməyib. Başqa sözlərlə, ölkədə heç bir sənədləşmədə əks olunmamış böyük agentura şəbəkəsi yaradılıb. Hüquq-mühafizə orqanları da daxil olmaqla hakimiyyət strukturlarında, mediada, vətəndaş cəmiyyəti institutlarında çalışan, siyasi partiyalarda təmsil olunan bu insanların əksəriyyəti barələrində toplanmış ifşaedici materiallarla (kompromatla) təhdid, şantaj edilərək əməkdaşlığa cəlb olunub. Sayı və siyahısı bəlli olmayan həmin şəbəkə Mahmudov bandasının özü tərəfindən də idarə olunmaq üçün yaradıla bilərdi, amma eyni zamanda, bu insanların barəsində toplanmış materiallar (əməkdaşlıq haqda verdikləri iltizamlar da daxil olmaqla) müxtəlif xarici kəşfiyyatlara da ötürülmüş və ya satılmış ola bilər. İkinci ehtimal daha yüksəkdir. Bu, cinayətkar Mahmudov dəstəsinin törətmiş olduğu ən ağır dövləti cinayətlərdən biri olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin gələcəyi üçün ciddi təhlükə doğura biləcək məsələ isə bugünədək araşdırılmır. Həmin işi həyata keçirən əsas şəxslər isə keçmiş MTN-nin Antiterror Mərkəzinin (ATM) rəisi general Elçin Quliyev və onun keçmiş müavini polkovnik İlqar Əliyev idi. Odur ki, İlqar Əliyevin istintaq təcridxanasında "intihar etməsində" təəccüblü bir şey yoxdur. Növbəti "intihar edən" və ya "ürəktutmasından ölən" hal-hazırda həbsdə olan və barəsində heç bir məlumat verilməyən general Elçin Quliyev olarsa, buna da təəccüblənmək lazım deyil. Elə bu sətirləri xatırlamaq kifayət edəcək. Bunu da qeyd edim ki, MTN rəhbərliyi ifşa edildikdən sonra İlham Əliyevin yaxın ətrafındakı "görünməyən əl" məhz Elçin Quliyevi həbsdən qorumağa çalışırdı və ilkin mərhələdə hətta onu MTN-nin Akademiyasına kafedra rəisi də təyin etdirmişdi. Yalnız mediada adı ağır cinayətlərdə hallandıqdan sonra general Quliyevi "qurban verdilər", amma yuxarıda qeyd elədiyim kimi, onun haqqında aparılan cinayət işinin hansı mərhələdə olması haqda heç bir məlumat yoxdur. Bundan başqa, "MTN işindən" kənarda saxlanılan və istintaqdan himayə olunan şəxslərdən biri də keçmiş MTN-nin İstintaq Baş İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyevdir ki, onu da himayə edən İlham Əliyevin yaxın ətrafındakı eyni şəxsdir. Təbii ki, ondan alınmış böyük pul müqabilində (10 milyon manat). Halbuki, həmin idarənin istintaq təcridxanasında törədilmiş cinayətlərin sayı yüzlərlədir ki, bunlardan bir neçəsi də işgəncələr zamanı qətlə yetirmə hallarıdır. Elçin Quliyev və onun rəhbərlik etdiyi ATM-in aktivində onlarla ağır cinayət, o cümlədən bir neçə qətl işi var, Nəhayət, ATM-in İranın xüsusi xidmət orqanları ilə birlikdə şiə dindarlar arasında "ikili agentlər" şəbəkəsi yaratması və digər tərəfdən də sələfi radikallardan ibarət şəbəkənin qurulması ilə bağlı keçirdiyi əməliyyat tədbirləri ciddi istintaq-təhqiqat predmeti olmalıdır və bütün bu işlər Elçin Quliyev "intihar edənədək" araşdırılmalıdır. Çünki onların törətmiş olduğu əməllərin hamısı Azərbaycan dövlətinin təhlükəsizliynə ciddi təhdiddir. Onu da qeyd edim ki, ATM-in yaratmış olduğu dindar agentlərdən ibarət şəbəkəyə daxil olan və cəmiyyətdə hakimiyyətin kəskin tənqidçiləri kimi tanınan bir neçə belə "ikili agentə" dövlət büdcəsindən yüz minlərlə manat pul da ödənilib. ATM-in əlilə törədilmiş digər cinayətlər (NİDA-çılara, Rauf Mirqədirova və digərlərinə qarşı irəli sürülmüş saxta ittihamlar) isə hələ açılmayacaq, çünki onlar siyasi hakimiyyətin sifarişi ilə edilib.
Nəhayət, keçmiş deputat Anar Məmmədxanovun və ölümündən əvvəl onunla müntəzəm görüşən jurnalist İbrahim Bayandurlunun bir-birinin ardınca müəmmalı şəkildə ölməsi də istintaq və yeni təhqiqat predmeti olmalıdır. Bu barədə daha ətraflı bir qədər sonra.
No comments:
Post a Comment