2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror aktı ölkədə ciddi rezonans, insanlar arasında təlaş, qorxu və sarsıntı doğurdu. Cinayətin motivləri və kim tərəfindən törədilməsi barədə ilk günlər müxtəlif versiyalar dolaşsa da, Prezident Administrasiyasının baş verən hadisəyə heç bir aidiyyatı olmayan şəbəsinin müdiri Əli Həsənov elə ilk saatlardaca ADNA-da baş verənləri "xuliqanlıq zəminində qətl" adlandırsa da, bunun ciddi mesajlarla dolu terror aktı olması hər kəsə gün kimi aydın idi. Hər kəsə, o cümlədən də Azərbaycan hakimiyyəti və onun başçısı İlham Əliyevə. Elə ilk saatlardan apardığımız araşdırmalar nəticəsində terrorun son dərəcədə soyuqqanlılıqla həyata keçirilməsi və onu törədənlərin qurbanların sayının mümkün qədər çox olmasına çalışmaları haqda əldə etdiyimiz dəlillər 3 əsas nəticəyə gəlməyə əsas verirdi:
1. Terrorun arxasında siyasi və geosiyasi motivlər dayanır. Bu isə o demək idi ki, terror aktının arxasında sıradan bir terrorçu təşkilat deyil, hansısa dövlətin xüsusi xidmət orqanı dayanır. Elə bu səbəbdən də terrorçular yüksək psixoloji və atəş hazırlığı keçmiş şəxslərdən seçilmişdi. Terrorun törədildiyi vaxtın, yerin və onun törədilməsi üsulu da bu nəticəni gücləndirirdi. Lakin bu cür ağır cinayəti törədənlər nə dərəcədə güclü xarici dövlətin qurumları olsa da, onun açılmayacağına əmin olmalı idilər və deməli, terror aktının törədilməsində ölkə daxilindən kimlərsə iştirak etməli idi. Həm də bu iştirakçı tərəf cinayətin açılmasına mane olacaq qədər gücə, təsirə malik olmalı idi;
2. Terror aktının kim tərəfindən və hansı məqsədlə törədilməsi barədə Azərbaycan rəhbərliyinin və dövlət orqanlarının ətraflı məlumatı var. Bunu deməyə əsas verən amillərdən ən azı ikisi ortada idi. Əvvəla, Əli Həsənovun terror aktına "xuliqanlıq zəminində qətl" deməsi, ikincisi, mətbuatda terror aktı barədə sistemlı dezinformasıyaların dövriyyəyə buraxılması. Hər iki amil şübhələri MTN-nin üəzrinə gətirib çıxarırdı. Məsələ burasındadır ki, baş verən terror aktı "terror" adlandırılsaydı deməli onun istintaqını da MTN aparmalı idi. Görünür terror aktına "xuliqanlıq" adı vermək də bu işin MTN-nın tərəfindən aparılmasının qarşısını almaq üçün lazım idi. İrəli gedərək deyim ki, ADNA terrorunun istintaqını DİN və Prokurorluq aparsa da, sonda verilən saxta ittihamlar terrorçuluq maddəsi ilə irəli sürülmüşdü. İkinci amil - mətbuata bu həcmdə, sistemli və metodik dezinformasiyalar ötürmək imkanına yalnız bir qurum - MTN malik idi. Bir neçə belə dezinformasiya xarakterli yazının araşdırılması onların media sahəsində çalışan MTN agentləri tərəfindən ötürülməsini təkzibolunmaz faktlarla ortaya qoydu. Bundan əvvəlki yazımda qeyd etdiyim kimi, MTN əməkdaşlarının qeyri-peşəkarlığı və satqınlığı sayəsində bu orqanın ictimai-siyasi sektordakı agentlərinin xeyli hissəsi ən müxtəlif insanlara və qurumlara adbaad bəlli idi. O cümlədən də etibarlı məlumat mənbələri olan Şərq-Qərb Araşdırmalar Mərkəzinə.
3. Birinci və ikinci nəticədən çıxan üçüncü nəticə deyirdi ki, cinayətin əsl təşkilatçıları ifşa olunmayacaqlar və iş hansısa günahsız insanların üzərində qapadılacaq. Terror aktından 2 gün sonra media açıqlamalarımın birində demişdim ki, dövlət orqanları cinayəti hansısa əlçatmaz xarici qüvvənin ayağına yazıb işi bağlayacaqlar və elə həmin açıqlamada da mümkün variant kimi Ermənistanın adını çəkmişdim, Belə də oldu. Azərbaycan hakimiyyəti heç bir utanc, abır-həya çərçivəsi gözləmədən bəyan etdi ki, terroru Gürcüstanda yaşayan erməni taksi sürücüsünün əlilə Ermənistan xüsusi xidmət orqanları təşkil edib, icraçılar kimi isə üç azərbaycanlı gənc - avtobus sürücüsünün köməkçisi, dönərçi və maşınyuma məntəqəsinin işçisi mühakimə olundular. Məhkəmə adına ləkə olan Azərbaycan məhkəməsi, daha dəqiq desəm, Azərbaycan xalqının ən işıqlı nümayəndələrinin qanına susamış Bakı Ağır Cinayətlər Məhkəməsi simasızlıq simvolu olan "hakimi" Ramella Allahverdiyevanın əlilə işə nöqtə qoydu.
Bu yerdə qeyd edim ki, ADNA terrorunda MTN rəhbərlərinin iştirakının olmasını mətbuatda dəfələrlə açıq şəkildə bəyan eləsəm də, bir dəfə də olsun nə istintaq qrupu, nə polis və prokurorluq orqanları, nə də elə MTN-nin özü mənə bu ittihamlarımla bağlı bircə sual da verməyib. Yalnız bircə dəfə "Azadlıq" radiosunda çalışarkən əməkdaşlığa cəlb etdikləri sonradan isə "Kaspi" qəzetinə yerləşdirdikləri agentin yazdığı məqalə ilə cavab veriblər. Niyə? Əslində ən azı istntaqa çağırıb söylədiyim fikirlərlə bağlı şahid ifadəsi almalı idilər. Ən azı. Sübutum olmayacağı halda isə böhtana görə məhkəməyə verilməliydim. Amma bunun heç biri olmadı. Ola da bilməzdi, çünki ADNA-dakı terror aktı baş verən zaman MTN-nin ən azı 4 əməkdaşı hadisə yerində olmuşdu və əlimizdə bunun təkzibolunmaz sübutları var. Həmin 4 nəfərdən biri (polkovnik İlqar Əliyev) artıq "intihar edib", biri hadisənin şahidi olmasına görə ehtiyat edərək terror aktından həmən sonra xaricə köçüb. Qalan ikisi isə keçmiş MTN nazirinin müavini general Hilal Əsədovun sürücüsü və köməkçisi olub. Ölkə rəhbərinin ADNA cinayətini açmaq istəyi varsa və bununçün o, yetərincə siyasi iradəyə və cəsarətə malikdirsə, həmin iki nəfəri istintaqa çağırıb "Terror hadisəsi baş verəndə ADNA-da nə gəzirdiniz və sizi ora kim yollamışdı?" sualını vermək kifayət edəcək.
ADNA terroru barədə hələlik bu qədər...
No comments:
Post a Comment