Saturday, January 21, 2017

6-cı yazı: keçmiş MTN-nin agentura şəbəkəsi və İranla işbirliyi

2004-2015 illər ərzində Mahmudov MTN-i ölkənin ictimai-siyasi, iqtisadi, maliyyə və digər sahələrinə kök atmış geniş agentura şəbəkəsi yaratmağa nail oldu. Əslində, agentura şəbəkəsinin genişləndirilməsi istənilən xüsusi xidmət orqanı üçün uğurlu işin nəticəsi hesab edilə bilər, amma MTN-nin yaratdığı agentura şəbəkəsinə bu qiyməti vermək qeyri-mümkündür. Bunun da bir neçə səbəbi var. Əvvəla, MTN tərəfindən əməkdaşlığa cəlb olunanların böyük əksəriyyəti hədə-qorxu, şantaj, kompromatla təhdid yolu ilə bu işə cəlb olunurdu ki, bu yollarla əldə olunmuş məxfi mənbələr də güvənli sayıla bilməz. Məxfi məlumat mənbələrinin güvənliliyi isə onların ən başlıca keyfiyyət göstəricilərindən biri sayılır. İkincisi, Mahmudov bandasının agentura ilə qeyri-peşəkar iş prinsipləri və metodları məxfi mənbələrin deşifrə olumasından tutmuş onların qətlinədək geniş risk spektrini əhatə edirdi. Belə ki, məsələn, 2011-2015 illərdə MTN-nin media və vətəndaş cəmiyyəti sıralarındakı agentlərinin böyük əksəriyyəti bizə adbaad bəlli idi. Bu məlumatlar isə həm sızmalar, həm də öz hesablamalarımız nəticəsində əldə olmuşdu. Digər bir səbəb MTN-nin bir çox hallarda öz agenturasına birdəfəlik istifadə prinsipi ilə yanaşması idi. Bundan əlavə MTN öz agentlərini xarici kəşfiyyatların əlaqəsinə ötürür (satır), bəzi hallrda isə onları nazirlik rəsmilərinin maraqları naminə öldürürdü. Məsələn, 2011-ci ildə MTN-nin Bakının Nİzami rayonunda radikal dindarlara qarşı keçirdiyi əməliyyat zamani bir qrup dindar həbs olunmuş, onlardan silahlı birisi isə qətlə yetirilmişdi. Araşdırmalarımız göstərdi ki, həmin dindar xeyli əvvəl MTN-nin keçmiş nazir müavinlərindən birinin əsaqəsində agent olub və sələfi dindarların toplantısına da həmin əməliyyatı hazirlayan MTN Antiterror Mərkəzinin rəis müavini polkovnik İlqar Əliyevin əməliyyat tapşırığı əsasında göndərilib. Təbii ki, əməliyyata rəhbərlik edən İlqar Əliyevin keçmiş rəisi, bu gün həbsdə olan general Elçin Quliyev olmuşdu. Agent əməliyyat tapşırıgına göndərilir, ardınca da xüsusi təyinatlılara onun silahlı olduğu bildirilir və güllələmək tapşırığı verilir. Belə hallardan başqa bir sıra məxfi əməliyyat mənbələrinə "obyektlə" intim əlaqəyə girmək tapşırılmış, sonra isə bu əlaqənin gizli kamera ilə çəkilmiş videogörüntüləri ya şantaj üçün istifadə olunmuş, ya da internetdə yayılmışdır. Hərçənd ki, MTN-nin belə çirkin "əməliyyatlarında" iştiraka razılıq vermiş agentlər arasında mükafatlandırılanlar da olub. Onlardan "ilin jurnalisti", "yazıçı", "hüquq müdafiəçisi" və s. düzəldilib. Acınacaqlısı isə budur ki, həmin şəxslərin bir çoxu bu gün də MTN-nin davamçısı olan DTX tərəfindən istifadə olunmaqdadır. Düzdür, hələlik yalnız məlumat mənbəyi kimi...
Əsasən İsrail kəşfiyyatı "Mossad"ın çətiri altında fəaliyyət göstərən MTN nə qədər təəccüblü də olsa, eyni zamanda İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat xidmətilə də sıx əlaqələrə malik idi. İran kəşfiyyatı ilə əlaqələr iki generala tapşırılmışdı. Onlardan biri uzun müddət İran xətti üzrə işləmiş Ədalət Əsədullayev (Eldar Mahmudovun qohumu), digəri isə Kəşfiyyat İdarəsinin rəisi Namiq Bağırov idi. İran kəşfiyyat orqanları ilə birlikdə keçirilən əməliyyatların qurbanları isə əsasən İrana qarşı olan azərbaycanlı fəal dindarlar idi, Belə əməkdaşlığın ən bariz nümunəsi "Səid Dadaşbəylinin qrupunun işi" kimi tanınan inanclı gənclərin şərlənərək tutulması idi. Əslində İrana qarşı olan Səid Dadaşbəyli və onun inanclı dostları İran kəşfiyyatına işləməkdə şərlənərək uzun müddətə həbs cəzası aldılar, "dəstənin" üzvlərindən biri isə MTN-nin istintaq təcridxanasında işgəncələrə tab gətirməyərək öldü. Bu işlə bağlı tanınmış jurnalist Natiq Cavadlının apardığı əhatəli və cəsarətli jurnalist araşdırması ölkədə və onun hüdudlarından kənarda geniş rezonans doğursa da, müəllif bu araşdırmaya görə yüksək beynəlxalq mükafata layiq görülsə də, ölkənin dövlət və hakimiyyət orqanları bunu görmədilər. Görə də bilməzdilər, çünki əvvəl də qeyd etdiyim kimi, Eldar Mahmudovun bütün cinayətlərinə, iyrənc əməllərinə "yaşıl işıq" şəxsən İlham Əliyev tərəfindən yandırılmışdı. Halbuki, vətənpərvər azərbaycanlı gənclərə qarşı təşkil olunmuş həmin qondarma əməliyyatı MTN İran kəşfiyyatı ilə birlikdə hazırlmışdı və İran tərəfdən bu işdə iştirakda İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri höccətülislam Ojaq Nejadın olması bildirilirdi. Höccətülislam Ojaq Nejadın İran kəşfiyyatının yüksək rütbəli nümayəndəsi olması isə Azərbaycanın xüsusi xidmət orqanlarına hələ 1993-cü ildən bəlli idi. Buna baxmayaraq o, uzun illər ərzində çox rahat şəkildə Azərbaycandakı İran casus şəbəkəsini genişləndirməklə məşğuldur. Bu da təbiidir, çünki Mahmudovun biznes şərikləri arasında yuxarıda adı çəkilən və bir çox Qərb ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınan İnqilab Keşikçiləri Korpusuna bağlı olan iranlı biznesmenlər az deyildi. Eks-nazirin Badamdar qəsəbəsindəki nəhəng imarətinin tikintisində onların pullarından da istifadə olunub. Başqa sözlərlə, İran kəşfiyyatının pullarından. Göründüyü kimi, əslində Eldar Mahmudov başda olmaqla keçmiş MTN rəhbərliyi ilk növbədə "casusluq" və "dövlətə xəyanət" maddələrilə ittiham olunmalıdılar. Amma bunun baş verəcəyi qətiyyən inandırıcı deyil. Əvvəla, ona görə ki, İlham Əliyevin şəxsən özünün nazir postuna gətirdiyi şəxsi bu maddələrlə ittiham etməyə siyasi iradəsi çatmır, ikincisi isə, Mahmudovun əlindəki kompromatlardan və onun xarici himayədarlarından çəkinməmək üçün cəsarəti.     
    

No comments:

Post a Comment