Azərbaycan hakimiyyətinin ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi haqda təklifi və ABŞ-ın Milli Demokratiya İnsitutuna qarşı ittihamların səbəblərinin araşdırılması bizi çox maraqlı faktlarla üzləşdirdi. Öncədən qeyd edək ki, faktlar heç də ürəkaçan deyil və Aərbaycan siyasətinin hansı səviyyədə və hansı prinsiplərlə, meyarlarla formalaşdırıldığını bütün çılpaqlıqları ilə ortaya qoyur. Etiraf etməliyik ki, bu siyasət haqda ətraflı məlumatı olan bir araşdırma mərkəzi kimi son günlər əldə etdiyimiz məlumatlar hətta bizdə də dərin məyusluq doğurub. Baxmayaraq ki, fəaliyyət göstərdiyimiz illər ərzində hakimiyyətin siyasəti haqda heç zaman optimist proqnozlarımızın olmaması səbəbindən dəyərləndirmələrimizdə də pozitiv notlar yer almayıb.
Beləliklə, hələ 2008-ci ilin prezident seçkilərindən sonra Azərbaycan Konstitusiyasına dəyişikliklər edildikdə bildirmişdik ki, bu konstitusiya islahatları hakimiyyətdaxili qruplar arasında çəkişmənin doğurduğu zərurətdən yaranıb və nə zamansa real siyasi və geosiyasi durumla ayaqlaşmaya bilər. Başqa sözlərlə, 2 dəfədən artıq prezident seçilməyə tətbiq edilmiş konstitusion məhdudiyyətin keçirilmə şəraiti və nəticələri xeyli suallar doğuran referendum yolu ilə aradan qaldırılması hələ hakimiyyətin əbədiləşdirilməsinə təminat vermir. 2013-cü il reallığı 4 il əvvəlki proqnozlarımıza aydınlıq gətirməyə başladı. Belə ki, dünyanın nüfuzlu media qurumları tərəfindən 2012-ci ilin ilk günlərindən başlayan və bu günədək davam edən Azərbaycan hakimiyyətinin ifşası kampaniyası göstərdi ki, beyəlxalq aləmdə hakimiyyətdən ölkədə əsaslı dəyişikliklər gözləntiləri var və bu gözləntilər doğrulmadığı halda o (Əliyev hakimiyyəti) ciddi problemlərlə üzləşəcək. Bu yerdə onu da qeyd etmək yerinə düşərdi ki, həmin müddətdə bizim mərkəzin beynəlxalq təmsilçilərlə görüşlərində müzakirə olanan məsələlər də bu ehtimalı birmənalı olaraq təsdiqləyirdi. Həm bu görüşlərdə, həm də açıqlama və təhlillərimizdə biz hər hansı əsaslı islahatların baş verə biləcəyini istisna edirdik, çünki istənilən islahatın keçirilməsi ən azı islahatların hüquqi bazasının yaradılması, hakimiyyət qanadlarının legitimliyinin təmin edilməsi, strateji planlaşdırma və nəhayət, islahatlar üçün siyasi iradənin olması kimi obyektiv şərtlər tələb edir. Bu şərtlərin mövcud olub-olmaması isə fikrimizcə heç müzakirə predmeti də deyil. Göründüyü kimi, Azərbaycan hakimiyyəti həm daxili, həm də xarici siyasətdə imitasiya və dekorativ dəyişikliklər yolu ilə yaranmış vəziyyətdən çıxmağa cəhd edirdi və bu cəhdləri bu gün də davam etdirməkdədir. Hakimiyyətdaxili mübarizənin kəskinləşməsinin və mübarizə aparan qrupların geosiyasi dəstək axtarışlarının isə əvvəldə qeyd elədiyimiz olaylarla müşaiyət edilməsi konkret məqsədlərlə atılmış addımlar olması nəzərə çarpır. Belə ki, Qərbdə 3-cü prezidentlik müddətinə dəstək tapa bilməyən hakimiyyət öncə daxildə müzakirələr aparmış və 2 illik "keçid fiqur" taktikasını müəyyənləşdirmişdir. Yəni, İlham Əliyevin yerinə başqa bir hakimiyyət nümayəndəsinin namizədliyi irəli sürülür və o prezident seçilir, həmin müddətdə İlham Əliyev Baş nazir vəzifəsini icra edir, nəhayət 2 ildən sonra hansısa səbəbdən prezident istefa verir və yenidən İlham Əliyev prezident seçilir. Amma bu qədər mürəkkəb və qüsusrlu kombinasiya da beynəlxalq dəstək tapmadığından hakimiyyətdaxili qruplar arasında münasibətləri bir qədər də kəskinləşdirir ki, bu da rəsmi Bakını ənənəvi üsullara əl atmağa vadar edir. Yeni taktika təklif olunur və onun mahiyyəti beynəlxalq dəstəyi Rusiyada axtarmaqdan ibarətdir. Beləliklə də, Moskvaya təyyarələrlə nəğd şəkildə ənamların daşınması ilə yanaşı, əməkdaşlıq təklifinin siyasi komponentlərinin də təmin olunması məqsədilə rəsmi Moskvada ən çox qıcıq doğuran 2 beynəlxalq quruma - ATƏT-in Bakı ofisinə və ABŞ-ın Milli Demokratiya İnstitutuna qarşı yuxarıda qeyd etdiyimiz addımlar atılır. Bu addımlarla rəsmi Bakı heç də Qərblə körpüləri tam yandırmaq məqsədini ortaya qoymur, əksinə bu iki mövzunu ABŞ və müttəfiqləri ilə müzakirə mövzusuna çevirməyə ümid bəsləyir. Amma hətta Azərbaycan hakimiyyətinə münasibətdə bir qayda olaraq mülayim mövqe sərgiləyən ABŞ səfiri Riçard Morninqstarın hər iki məsələyə birmənalı olaraq mənfi münasibəti (oxu: ABŞ-ın rəsmi münasibəti) rəsmi Bakını çətin seçim qarşısında qoyur: indi hakimiyyət ya Qərblə kompromiss əldə etmək üçün daha ağır və risqli öhdəliklər götürməli, ya da Rusiya ilə münasibətlərini bir qədər də "səmimiləşdirməlidir". Şübhəsiz ki, ikinci halda Moskvanın da Bakıya münasibətində bir qədər daha səmimi olması vacibdir. Amma hətta bu halda yaranmış vəziyyətdən bir tək Rusiyanın dəstəyilə çıxmağın mümkün olacağı inandırıcı görünmür.
"Şərq-Qərb" Araşdırmalar Mərkəzi
No comments:
Post a Comment