Beləliklə, sabiq millət vəkili, iş adamı və ya əvvəllər xalq arasında "Quska" kimi tanınan Hüseyn Abdullayev İlham Əliyevə müraciət yaydı. Etiraf edək ki, müraciətin təkcə "Yeni Müsavat"ın saytında sutka ərzində 125 min dəfə oxunması istənilən halda müsbət tendensiyadır və bunu son illərin rekordu hesab etmək olar. Müraciətin mahiyyəti, bəzi sətiraltı siyasi eyhamlar xaric, əsasən Hüseyn bəyin mülkiyyət hüququnun pozulmasına həsr edilib və indiki zamanda istənilən insanın öz haqlarını tələb etməsi yalnız alqışlanmalıdır. Üstəlik də bu hüquqları pozanlar ölkə rəhbərliyi səviyyəsində olduqda. İtirə biləcəyi xeyli şeyləri olan və artıq itirmək təcrübəsi olmuş bir insanın bu cür müraciəti doğrudan da cəsarət tələb edir və bununla razılaşmamaq da mümkün deyil. Bütün bunlar həqiqətdir. Amma diqqət çəkən bir məqam var və onu vurğulamamaq mümkün deyil. Bu məqam Hüseyn bəyin müraciətində elə onun özü tərəfindən də vurğulanıb. Hüseyn Abdullayev yazır:
"Möhtərəm cənab prezident!
Bilirsiniz ki, Sizin atanız, mərhum prezident Heydər Əliyevin və Azərbaycanın ən çətin vaxtlarında, müstəqilliyimizin təhlükə altında, ölkəmizin isə vətəndaş müharibəsi ərəfəsində olduğu vaxtlarda hər zaman onun yanında olmuşam. Bütün Azərbaycan xalqına məlumdur ki, hakimiyyətin güc strukturlarının zəif olduğu dönəmlərdə mən və ətrafımdakı vətənpərvər gənclər həyatımızı riskə ataraq Heydər Əliyevin təhlükəsizliyini təmin etmiş və əlimizdən gələn hər cür dəstəyi göstərmişik. Bu, mənim Tarix, Vətən və Millət qarşısında vətəndaşlıq borcum idi. Xahiş edirəm, bunu minnət kimi qəbul etməyin. Çünki mən mərhum Heydər Əliyevə haqqımı çoxdan halal etmişəm..."
Xüsusi ayırdığım bu cümlənin xüsusi də tutumu var. Bu tutumun nədən ibarət olduğunu Heydər Əliyevin 1993-cü ildə qiyam nəticəsində hakimiyyətə gəlişindən sonra, 90-ci illərin sonu və 2000-ci ildə keçirilmiş seçkilərin saxtalaşdırılmasına etiraz aksiyalarında iştirak etmiş silahdaşlarımız yaxşı xatırlamalıdılar. Həmin aksiyalarda "naməlum" mülki şəxslər tərəfindən xüsusi qəddarlıqla döyülənlər isə - xüsusilə...
Odur ki, o zamankı "Quska"nın və bugünkü Hüseyn Abdullayevin müraciətinə onun az qala hakimiyyətə qarşı çıxması kimi sevincək münasibətlər fikrimcə bir az tələskən eyforiyadır və heç kəsdən də qəhrəman düzəltmək lazım deyil. Xüsusilə də "Doğrudur, 2007-ci ildə Milli Məclisdəki çıxışımla bağlı Sizə yanlış məlumat verdilər" kimi etirafı edib, amma "Bütün Azərbaycan xalqına məlumdur ki, hakimiyyətin güc strukturlarının zəif olduğu dönəmlərdə mən və ətrafımdakı vətənpərvər gənclər həyatımızı riskə ataraq Heydər Əliyevin təhlükəsizliyini təmin etmiş və əlimizdən gələn hər cür dəstəyi göstərmişik" deməyin nə olduğunu etiraf eləməyən birisindən.
Qəhrəman, lider, öndər və s. düzəltmək praktikasından imtina eləməyin vaxtı çatıb bəlkə? Bəlkə də artıq keçib?
P.S.: Yaxşı yadımdadır, 1993-cü ildə Azərbaycan DTK-nın keçmiş şefi Vaqif Hüseynov mətbuata verdiyi və ortada sübutu olmayan bir açıqlamasından sonra həbs edildi və o zaman Rusiyada yaşayan tanınmış bir azərbaycanlı ziyalı mərhum prezident Əbülfəz Elçibəyin yanına gələrək ziyalılar adından köhnə dostunun və silahdaşının azad olunmasını tələb etmişdi. Sonra illər boyu əliyevlər rejimi bu ölkədə kütləvi həbslər, işgəncələr, qətllər, repressiyalar törədəndə bu ziyalıların səsi də çıxmadı. Amma yox, arada bir çıxırdı - rejimə mədhiyyələr deyəndə. Sonra rejimlə maraqları toqquşdu, millət yadına düşdü və demokrat dostlarımız yenidən "qəhrəmanyapma" maşınını işə saldılar. Sonra isə... Çoxlarına bəlkə də sonrası hələ də bəlli deyil, amma mənə bu "sonrası" elə ilk gündən bəlli idi. Hətta zamanında bu haqda yazmışdım da.
P.P.S.: Və nəhayət... 1993-cü ilin 4 iyununda ölkədə hərbi qiyam baş verdi. Qiyam ərəfəsində Elçibəy hökumətinin sabiq rəsmilərindən biri başının dəstəsini toplayaraq təzəcə şinelindən çıxmış olduğu milli hakimiyyətə qarşı etiraz mitinqi təyin eləmişdi. Bilirsiniz həmin o etiraz mitinqi hələ bir həftə əvvəldən hansı günə təyin olunmuşdu? Bəli, məhz iyunun 4-ə...
Bu son faktı elə-belə yazdım ki, bəlkə tarixi yaddaşımız bir azca təzələnə.
No comments:
Post a Comment