Sunday, January 13, 2013

Görünən və görünməyən 12 yanvar

12 yanvar aksiyası hazırlananda onun necə alınacağını, hakimiyyətin hansı şəkildə müdaxilələr edəcəyini, necə işıqlandırılacağını, onun ictimai rəydə necə qarşılanacağını nəzərdən keçirirdik. Bizə müraciət edən gənclərə isə əsas tövsiyyəmiz zorakılığa rəvac verməmək, gənclərin döyülməsindən qaçmaq idi. Baxmayaraq ki, bölüşə biləcəyimiz daha çox bilgilər vardı, amma bunların hazırlıq prosesinə heç bir aidiyyatı yox idi. Ona görə yox idi ki, kütləvi aksiya təşkil etdikdə istəsən belə hər kiçik detalı nəzərə ala bilməzsən, o da ola 3 gün ərzində, üstəlik də Facebook üzərindən.
Azərbaycan hakimiyyətinin aksiyalara münasibəti hamımıza yaxşı bəllidir və onlara müdaxilə "texnologiyalarında" da yeni bir şey yoxdur. Bütün başqa sahələrdə olduğu kimi... Öncə aksiyaya qarşı kampaniya aparılır, sonra onu yaradan səbəbləri nüfuzdan salmaq istiqamətində iş görülür, daha sonra təşkilatçılara təzyiqlər olunur və s. Amma iş bununla bitmir, hələ aksiyanın kobud şəkildə qarşısını almağa hazırlaşan polis qüvvələri, qoçu dəstələri və onları buna təhrik etməli olan təxribatçı qruplar da var. Bütün bu "kompleks tədbirlər planına" start verən və nöqtə qoyan "Media" da var və məhz elə sonuncu da işin ən çirkli hissəsini görəndir. Ona görə ki, onun üzərinə prosesi həm öncədən, həm də sonradan gözdən salmaq kimi ürəkbulandırıcı bir vəzifə qoyulub. Etiraf edim ki, bəzi "Media qurumları" bu işin öhdəsindən layiqincə gəlirlər, çünki illər boyu bu yolda toplanmış təcrübələr, vərdişlər və sifarişçilərdən alınmış bilgilər işə yarayır.
Keçək mətləbə. Mətləb isə bundan ibarətdir: bir sıra şəxslər iddia edirlər ki, hakimiyyətin aksiyaya kobud müdaxilə etməməsinin əsas səbəbi 12 yanvar aksiyasının hakimiyyətə lazım olması idi (20 nəfərlik piketdən oddan qorxan kimi qorxan hakimiyyətə!?) və hətta az qala aksiyanı elə hakimiyyət özü təşkil eləmişdi. Yəqin belələri hələ tam özlərini itirməyiblər, yoxsa iddia edərdilər ki, hakimiyyət öz vətəndaşlarını xəbərdar etmək barədə ABŞ və Böyük Britaniya səfirliklərinə də müvafiq tapşırıqlar vermiş, "Bloomberg" agentliyinə isə aksiya haqda məqalə yazmağı tapşırmışdı. Aksiya haqqında mənfi auranı hakimiyyətin daxilində milyardlar uğrunda mübarizə haqda sətiraltı eyhamlarla yaratmağa cəhd edənlər öz yerində, amma bu dəfə də "doqquzluğa" "vuran" əlbəttə ki, Eynulla Fətullayevin qəzetidir. 
http://haqqin.az/news/3102
Eynulla bəyin qəzeti öz yazısında guya əsasən AXCP sədri Əli Kərimlinin aksiya haqda dəyərləndirməsini hədəfə aldığını göstərsə də, əslində bütün yazı aksiyanı nüfuzdan salmağa, gənclərin özünə və təşkilatçılara inamını sındırmağa və bəlli zümrəni təbliğ eləməyə xidmət edir. Məsələn, Eynulla bəyin qəzeti iki hakimiyyətə yaxın partiyanın gənclərinin və fəallarının aksiyadakı hansısa "radikal" davranışını qabardaraq bunu az qala bütün aksiya kimi təqdim etməyə cəhd göstərir. Aksiya haqda "müxalifətin mitinqi" yazan müəllif, məqalədə həmin o, "müxalifəti" də göstərməyə cəhd edir. Ruslar demiş: А вот это мы уже проходили! Qeyd edim ki, bəzi qrupların davranışını biz də müşahidə eləmişik və bu haqda hətta videoçəkilişlər də var. O cümlədən onlardan bir qrupun kənardan rabitə vasitələrilə yönəldilən polis kordonunun dəstəyilə aksiya iştirakçılarının kiçik bir hissəsini başqa istiqamətə yönəltməsini də. Eynulla bəyin qəzeti burda tam haqlıdır və bu meydanda iştirakçıların sayının az olmasını göstərməyə yönələn "texnologiyadır". Amma hakimiyyət meydanda az adam olmasını göstərməyə ehtiyac duyurdusa, demək meydanda insan çox idi. Bəli, sərt ifadələrlə, təhrikçi davranışla polisi zorakılığa sövq edənlər də vardı, aksiyanı başqa üsullarla ləkələməyə cəhd edənlər də. Amma bu bir ovuc insan idi və bunların hamısının gördüyü işlər onun üçün idi ki, sonda Eynulla Fətullayevin qəzeti bu haqda yazsın. Necə də ki, indi yazır. Bunun hamısısını anlayırıq və düşünmürəm ki, bu ölkədə hələ də nəyisə, kimisə anlamayanlar var. Əgər "konstruktiv müxalifət" partiyasının rəhbəri öz müavininin İlham Əliyev haqda yazdıqlarına görə cəmi 10-15 gün əvvəl prezident administrasiyasına çağrılaraq "tənbeh olunubsa", əlbəttə ki, indi o, öz günahlarını yumalı, sədaqətlə xidmət etdiyini göstərməlidir. Amma bunun aksiyaya nə dəxli var? Əgər rejimin içində kimlərsə Səfər Əbiyevi kənarlaşdırıb yağlı (həm də qanlı) bir tikəyə sahib olmağa can atırsa, bunun aksiyada iştirak edən minlərlə saf niyyətli gəncə nə dəxli var? Görünür birbaşa dəxli var. Dəxli budur ki, onlar həmin rejimə etiraz edirlər, orduda ölümlərin qarşısının alınmasını tələb edirlər, rüşvətsiz təhsil istəyirlər, hüquq və azadlıqlarını tələb edirlər və nəhayət, öz ölkələrinə sahib çıxmaq istəyirlər. Görünür "günahları" da məhz budur, yoxsa ölkənin gələcəyinə bu cür qara yaxılmazdı. Amma burada kiçik bir detal da nəzərdən qaçmır: əgər hakimiyyət öz adamlarını təxribata sövq edib, sonra da onları "öz əllərilə" ifşa eləməyə ehtiyac duyursa, demək onun durumu artıq qurbanlar verməyi tələb edir. O zaman Eynulla bəyin qəzetinin aksiyanın dağıdılmamasının səbəbləri  haqda konspiroloji iddiaları da anlaşılandır. Çünki ortada bir fakt var və bu faktın adı yeni ictimai-siyasi reallıqdır. Onu da yanvarın 12-də hamı gördü: aksiyanı yüksək səviyyədə təşkil etmiş və keçirmiş gənclik də, onu işıqlandıran vicdanlı jurnalistlər də, müşahidə edən diplomatlar da. Əgər bu tarixi aksiya haqda Eynulla Fətullayevin qəzeti belə bir məqalə yazırsa, deməli elə hakimiyyət də...
Elə bu səbəbdən də gənc dostlarımızı bir daha uğurlu başlanğıc münasibətilə təbrik eləməyə dəyər!

No comments:

Post a Comment