Monday, November 28, 2011

Rafiq Tağını kim öldürdü?

Bu yazını tanınmış yazarın qətlindən bir neçə gün keçdikdən sonra verməkdə məqsədim həm ilkin emosiyaların keçməsini gözləmək, həm də qətlə olan reaksiyaları təhlil eləmək idi.
Məncə, artıq bu müəmmalı qətllə bağlı bir çox suallara cavab axtarmaq zamanı yetişib. Odur ki, başlayaq mərhum yazarın qalmaqallı "Avropa və biz" yazısından. İndi bir çoxları yazarın ölümünə səbəb kimi bu yazını və ona olan reaksiyanı gətirir. Bu yazıya iranlı ayətüllah Lənkəranidən tutmuş İslam-ın müdafiəsində müstəsna səlahiyyəti olmasını hesab edən yerli "kadrlar" da reaksiya vermişdi: ayətüllah Lənkərani və bəzi yerli "dindarlar" ölüm fətvası ilə, bir qrup dindar isə məhkəməyə müraciətlə. İkinciyə sözüm yoxdur və "ədalətli", "çevik" Azərbaycan məhkəməsi də həmən reaksiya verib, Rafiq Tağını həbsə yollamışdı. Amma... "Avropa və biz" yazısına görə Rafiq Tağını həbsə yollayan Azərbaycan məhkəməsi, yazarın qətlinə fətva vermiş İran ayətüllahlarına və (ya) qətlə çağırış edən yerli İslam "müdafiəçilərinə" qarşı niyə cinayət işi açmadı və bu gün də açmır?  Yoxsa ölümlə hədələmə və ya zorakılığa çağırış Azərbaycan Respublikasında artıq müstəsna hallarda cinayət hesab edilir? Məsələn, belə bir aksiya millət vəkilinə (Sabir Rüstəmxanlıya) qarşı yönələndə. Niyə ölkənin hüquq-mühafizə orqanları Azərbaycanda Azərbaycan vətəndaşını qətlə yetirməyə çağırış edən iran klerikalları ilə əlaqədar İnterpola müraciət etmədi və bu gün də etmir? Bu ki, birbaşa İnterpolun səlahiyyətinə aiddir, yəni terror törətmə və terrora çağırış. Yoxsa bizimçün İran teokratiyasının daxili işlərimizə kobud müdaxiləsi artıq adiləşib? O zaman iranlı general Həsən Firuzabadi İlham Əliyevi təhdid edəndə qaldırılan rəsmi isteriyanı necə izah edəsən? Əlbəttə ki, nə Rafiq Tağı, nə də qalan 9 milyon orta statistik Azərbaycan vətəndaşı İlham Əliyev deyil, amma İran rejiminin ölkəmizin vətəndaşlarına qarşı artan təhdidləri sonda elə həmin İlham Əliyevin hakimiyyətinə təhlükə yaratmırmı? Bəli, məhz elədir! Təhdidlərinə, hədələrinə və nəhayət cinayətlərinə görə layiqli cavab almayanlar, sonda dövlətin təməlinə belə əl uzatmağı özlərinə borc biləcəklər. Çünki cəzasızlıq özbaşınalıq doğurur. O zaman bu nə susqunluqdur? Yoxsa kimlərinsə İranla cinayətkar biznesinə xələl gəlməsin deyə biz də cəmiyyət olaraq bunların hamısını "yeməliyik"?  Xeyr, o qədər də deyil. Əgər ölüm fətvası veriləndə və bu gün Azərbaycan hakimiyyəti İrandan izahat tələb eləmirsə, bunu bizlər tələb eləməliyik: təhdid edənlərdən və buna dözümlülük göstərənlərdən tələb eləməliyik. Mən ya İslamın, ya da hər hansı başqa dinin, etiqadın təhqir edilməsinin, aşağılanmasının qəti əleyhdarıyam, amma mən həm də ifadə və düşüncə azadlığının tərəfdarıyam. Mən hər hansı bir xarici ölkə vətəndaşının azərbaycanlılar haqqında ölüm hökmü vermək hüququnu tanımıram və buna susan hakimiyyəti qınayıram. Həm də təkcə günü-gündən harınlayan, əndazədən çıxan təcavüz qarşısında susduğuna görə yox, vətəndaşını müdafiə edə bilmədiyinə (və ya istəmədiyinə) görə. Mən ABŞ-a, Avropaya, Tükiyəyə, beynəlxalq təşkilatlara meydan oxuyan Azərbaycan iqtidarının İran qarşısında bu cür alçalmasına, acizliyinə görə məyus oluram və bunun səbəblərini tam anlaya bilmirəm.
Rafiq Tağını kim öldürdü? İran? İranla Azərbaycan arasında münaqişə istəyənlər? Hansısa kəmağıllı fanatik? Kim? Təəssüf ki, bu suallar cavabsız qalacaq. Bircə cavab odur ki, Rafiq Tağı siyasi irticanın qurbanı oldu. 
Rafiq Tagı artıq yoxdur... Amma bu Azərbaycanın nə ilk, nə də son itkisidir, bax buna dəqiq əminəm. Çünki ortada cəzasızlıq fenomeni var: Elmar Hüseynovun qətlindən tutmuş Rafiq Tağıyadək. Bu gün sual da verilmir ki, həcmli qarın boşluğu əməliyyatı keçirmiş yazarın "peritonit" diaqnozu ilə elə ertəsi gün reanimasiyadan adi palataya keçirmək kimə və nəyə lazım idi? Klinim xəstəxananın həkimləri təbabətin bu əlifbasını bilmirdilər, yoxsa onlar kimsə, daha "yaxşı bilən" tövsiyyə eləmişdi bunu? Bəs məhkəmə-tibb ekspertizasının ziddiyyətli məlumatları nəyə xidmət edirdi? Suallar çoxdur, amma çətin ki, bunlar cavablandırılsın. Ən azı, rəsmi səviyyədə. Nə qədər ki, bu sualların da cavabı yoxdur, cinayətə görə cəza yoxdur insana və insanlığa qarşı cinayətlər də  davam edəcək...


P.S.: Bu yazını yekunlaşdırmağa yaxınlaşanda Rafiq Tağının qətlilə əlaqədar ayətüllah şeyx Məhəmməd Lənkəraninin sevinc dolu müraciətini oxudum. İslam adına danışan bir şəxsin milyarddan yuxarı insanın inancını və müqəddəs hisslərini Azərbaycanda siyasi durumu gərginləşdirmək kimi bir missiyaya istifadəsi yalnız dərin təəssüf hissi doğura bilər. 
Möhtərəm ayətüllah diplomatik və etik stillə azacıq da olsa tanışdırsa, əminəm ki, bununla  demək istədiyimi anlamamış olmayacaq...

No comments:

Post a Comment