Monday, November 7, 2011

İsrail-İran qarşıdurması gündəmdə.

İrana qarşı hərbi əməliyyatlar həyata keçiriləcəkmi?
Təəssüf ki, bu sual artıq bütün aktuallığı ilə yenidən gündəmə gəlib. Aparılan təhlillər və İran ətrafında baş verənlərin nəzərdən keçirilməsi suala cavab axtarışında xeyli pessimist olmağa əsas verir. Amma eyni zamanda belə bir müdaxilənin olacağı təqdirdə onun irimiqyaslı bir hərbi əməliyyat olacağını da söyləmək düzgün olmazdı. Belə ki, bu dəfə real müharıbə təhdidləri əsasən İsrail tərəfindən gəlir və İranın, guya ən yaxın zamanda bir neçə nüvə başlığı əldə edə biləcəyi ilə əsaslandırılır. İlk baxışdan İranın nüvə silahı əldə etmək cəhdinin İsraildə ciddi narahatlıq doğurması anlaşılan olsa da, fikrimizcə, bu məsələnin yalnız bir, özü də daha çox bəhanə tərəfidir. Əslində isə məsələnin İsrailin və İranın daxili siyasi konyunkturası kontekstində nəzərdən keçirilməsi də maraqlı olardı. Bunun üçün son gəlişmələrin xronologiyası ciddi təhlil predmeti ola bilər. Beləliklə, İsrailin İrana aviazərbələr endirəcəyi barədə ilk məlumatı "Guardian" yaydı və həmin məqalədə göstərilənlərə münasibət bildirən İsrailin xarici İşlər naziri Aviqdor Liberman bunu təkcə təkzib etməklə kifayətlənməyib, narazı tərzdə "bu cür fikirlərin ziyanlı olmasını və onların yaylmasının bölgədə sabitliyi poza biləcəyini" də ifadə etdi. Bunun ardınca ABŞ Pentaqon rəsmisinin dilindən verilən bəyanatla faktiki olaraq "Guardian"ın məlumatını təsdiqləməklə yanaşı, eyni zamanda da Obama administrasiyasının İranın nüvə proqramına dair danışıqlar yoluna üstünluk verməsini vurğuladı. Bununla da rəsmi Vaşınqton İsraildən "məsafələşdi". Buna bənzər, amma bir qədər ikibaşlı bəyanatı Fransanın Xarici İşlər naziri Allen Jüpe səsləndirdi. Məsələyə tam aydınlığı isə İsrail TV-2 kanalına müsahibəsində bu ölkənin prezidenti Şimon Peres gətirdi. Peres de-fakto "müharıbə qaşılmazdır və zəruridir" fikrini ifadə etməklə bütün dünyaya mesaj vermiş oldu. Bir çox hallarda İsrailin radikal Netanyahu-Liberman hökumətinə opponent movqedə dayanan prezident Peresi nə idi bu bəyanata vadar edən? Belə qənaətə gəlmək olar ki, burada iki səbəb mümkündür: birinci, Peres İrana qarşı hərbi əməliyyatlara başlayacağı halda İsrailin təklənməsinin qarşısını almaq istəyirdisə, ikincisi, mümkündür ki, prezident bununla dünyaya İsrail hökumətinin artıq müharibə qərarı verdiyini çatdırmaq istəyirdi və dünyanı bunun qarşısını almaq barədə təcili müzakirələrə başlamağa çağırırdı. Amma dünyanın reaksiyası yuxarıda qeyd etdiyimiz kimi, ilk növbədə İsraildən məsafələşmək oldu. Bu da təbiidir. Gələn ilin mart ayında İsrail Knessetinə (parlamentinə) keçiriləcək növbəti seçkilərin bugünkü Netanyahu-Liberman hakimiyyətinə uğur vəd etmədiyi artıq bəllidir. Radikal siyasət xəttinə sadiq olan bu koalisiyanın qarşıdan gələn seçkilərdə vəziyyəti öz xeyrınə həll etmək üçün İrana havadan zərbələr endirəcəyi istisna edilmir. Digər tərəfdən, Əhmədinejad hakimiyyətinin də ciddi daxili sosial-iqtisadi və siyasi problemləri  var ki, bu da hər iki ölkənin hakimiyyətləri üçün xarici düşmən amilini həyati zərurətə çevirir. Odur ki, müharıbənın real olduğu bir zamanda hər iki ölkə rəsmilərinin təhdidləri anlaşılandır. Deyilənlərdən belə qənaətə gəlmək olar ki, yaxın zamanlarda biz İsrail-İran qarşıdurmasının söz savaşından hərbi əməliyyatlara keçməsinin şahidi ola bilərik. İsrailin İranın nüvə obyektlərinə endirəcəyi hava zərbələrinə İranın genişmiqyaslı cavab verməyəcəyini düşünmək də sadəlövdlük olardı. Amma hərbi əməliyyatların geniş vüsət alacağı və uzanacağı da inandırıcı görünmür, çünki bu halda İsrail həm daha dağıdıcı silahlardan istifadə etməyə məcbur olub ciddi beynəlxalq təzyiqlə üzləşə bilər, həm də İranın cavab zərbələri İsraildə daxili siyasi durumu mövcud iqtidar koalisiyasının əleyhinə dəyişə bilər. Odur ki, hərbi qarşıdurmanın baş verəcəyi təqdirdə, onun qısamüddətli olması hər iki tərəfin ehtiyaclarına cavab verir: İsrail bəyan edir ki, o İranın nüvə proqramına ciddi zərbə vurub və artıq İranın nüvə silahı əldə edəcəyi nəzəri cəhətdən ehtimal edilə bilər, İran isə öz növbəsində İsrail üzərində qələbə çaldığını, onun aviasiyasını sıradan çıxardığını və sionist dövlətinə ağır raket zərbələri endirdiyi barədə təbliğatı daxili təbliğat dövriyyəsinə buraxır. Əlbəttə ki, bunlar sadəcə bir ehtimaldır, lakin ABŞ-ın, Fransanın yuxarıda qeyd edilən mövqeləri və bölgənin əsas geosiyasi oyunçularından olan Türkiyənin susqunluq nümayiş etdirməsi də mümkün hərbi fəallığın artacağı halda, bunun İranın və İsrailin daxili siyasi durumu ilə bağlı olacağını söyləməyə əsas verir.
   



Şərq-Qərb Araşdırmalar mərkəzi

No comments:

Post a Comment