Sunday, October 27, 2019

Etiraz eləmək niyə vacibdir.

Demokratik Qüvvələrin Milli Şurası noyabrın 2-nə yenidən etiraz aksiyası təyin etdi. Adətən, etiraz aksiyaları ərəfəsində sosial şəbəkələrdə "Aksiyalara qoşulmaq lazımdırmı?" mövzusunda müzakirələr açılır, müxtəlif şaiyələr yayılır, təşkilatçıları nüfuzdan salmaq, onlara etimadsızlıq yaratmaq məqsədilə bütün mümkün olan və olmayan vasitələrə əl atılır. Təəssüf ki, bir sıra hallarda belə çirkli texnologiyalar öz bəhrəsini verir və ayrı-ayrı insanları etiraz aksiyalarına qoşulmaqdan çəkindirir. Bunun üzərinə dövlət və hakimiyyət orqanları tərəfindən hədələnmələri, şərlənib həbsə alınmaları və s. təzyiqləri də gəlsək, nəticədə etiraz aksiyalarına qatılan vətəndaşların sayı kəskin şəkildə azalır. 19 oktyabr aksiyası ərəfəsində də belə oldu, amma buna baxmayaraq, etiraz aksiyası baş tutdu və bu aksiya hakimiyyətdə əsl xof yaratdı. Sosial şəbəkələrdə yayılan çoxsaylı foto və videolardan göründüyü kimi, polis əməkdaşları etirazçılara qarşı amansızlıq nümayiş etdirsə də, Bakının mərkəzinə çıxan etirazçılar geri çəkilmədi.
Bu mənada fikrimcə qarşıdan gələn 2 noyabr aksiyasına təşkilatçılar daha yaxşı hazırlaşarsa və insanlarımız daha mütəşəkkil, kütləvi qatılarsa, aksiyanın nəticəsi də əvvəlkindən dəfələrlə təsirli olar. İstənilən etiraz aksiyası, xüsusilə də illərdir sərbəst toplaşma azadlığı qadağan olunmuş Azərbaycanda, ən azı 2 məqsədə nail olmağa kömək edəcək:

1. Xalq öz gücünü duyacaq və öz gücünü qaytarmış xalqla əvvəlki kimi davranmaq, onu aşağılamaq, talamaq, döymək artıq mümkün olmayacaq. Belə xalqa bu gün hücum edənlər sabah onun gücünün qarşısından qaçacaqlar. Çox sadə səbəbdən: çünki öz gücünü duymuş xalq bütün bunlara görə layiqli cavab verə bilər və o zaman bu, həm də 26 ildə onun başına gətirilənlərin hamısına adekvat cavab ola bilər. Bu cavabın həmin 26 ildə xalqı talamış, hər addımda onun qürurunu sındırmağa, ləyaqətini alçaltmağa çalışmış hakimiyyətə nəyin bahasına başa gələ biləcəyini təsəvvür eləməmək mümkün deyil. Başqa sözlərlə, qalib xalqla yalnız tərəf kimi danışmaq mümkündür. Onda bu gün xalqı saymayanlar sabah onun ayağına gedəcəklər, onun qarşısında diz çökəcəklər, ona baş əyəcəklər. Yox, onu sevdiklərinə görə deyil, ondan qorxduqlarına görə. Bütün avtoritar, totalitar kriminal rejimləri idarə edən yeganə etibarlı vasitə isə əlahəzrət qorxudur.

2.  Xalqdan etiraz görməyən və xüsusilə də həmin xalqa yad olan hakimiyyət onun gücündən qorxmayınca tutduğu yoldan - talançılıqdan, zorakılıqdan, soyğunçuluqdan heç vaxt geri çəkilməyəcək, çünki bu əməllər birbaşa onun məqsədinə xidmət edir. Yalnız etirazın miqyasını görəndə o, mövqeyini, cinayətkar yolla toplamış olduğu sərvətini və hətta sağlamlığını itirə biləcəyini düşünəcək, çünki belə situasiya ekstremal vəziyyətdir, ekstremal vəziyyət isə insanları heç vaxt düşünə bilmədiyi kimi düşünməyə vadar edir. Yalnız bu halda hakimiyyəti zəbt edənlər onun əbədi olmadığını düşünə biləcəklər ki, bu da onlar üçün iflasın başlanğıcı olacaq.

Etiraz aksiyalarına divan tutanlara isə sərt müqavimət göstərmək lazım deyil, çünki bu, daha amansız zoraklığa rəvac verməklə və aksiya iştirakçılarının səhhətinə xələl gətirməklə yanaşı, həm də insanlarda ehtiyatlılıq və qorxu yarada bilər. Zorakılıq əmri verənlərə də, həmin cinayətkar əmrləri icra edənlərə də daim bir şeyi xatırlatmaq kifayət edər: Əliyev hakimiyyətinin sonu çatmaqdadır və onda təkcə zorakılıq haqda əmrləri verənlər yox, həm də bu əmrləri icra edənlərin hamısı cəzalandırılacaq, çünki Azərbaycan qanunvericiliyi deyir ki, heç kim qanunsuz əmri icra etməyə məcbur edilə bilməz. Öz konstitusion hüquqlarını təmin etməyə çalışan insanları döymək, onlara xəsarət yetirmək və işgəncə vermək isə təkcə qanunsuz əmrin icrası deyil, bu, ilk növbədə cinayətdir. Elə bunu da aksiya ərəfəsində həmin zorakılıq edənlərə dönə-dönə xatırlatmaq lazımdır. Həm sosial şəbəkələrdəki paylaşımlarda, həm də aksiyaya gedərkən plakatlarda yazılı şəkildə.
İnanıram ki, ən yaxın zamanlarda biz də qalib xalq olacağıq!

No comments:

Post a Comment