Thursday, September 5, 2019
Əsrin cinayətini törədənlər niyə cəzasız qalmaqdadır (3-cü yazı)
Son günlər əldə etdiyimiz yeni və faktlarla təsdiqlənən məlumatlara əsasən, 2017-ci ildə erməni kəşfiyyatına işləmək saxta ittihamı əsasında həbs olunan hərbçilərimizin mütləq əksəriyyəti 2016-cı ilin aprelində ön cəbhədə döyüşmüş əsgər və zabitlər olub. Olub, çünki hərbi prokuror Xanlar Vəliyevin və Baş Qərərgah rəisi Nəcməddin Sadıkovun birbaşa rəhbərliyi altında işgəncələrə məruz qalan bu insanlardan (200 nəfərdən artıq) 14-ü işgəncə verilərək öldürülüb, 200 nəfərə qədəri isə işgəncələrdən aldıqları ağır fiziki və psixi travmalar səbəbindən ordu sıralarından tərxis olunublar. Bir daha qeyd edim ki, həmin işgəncələrə rəhbərliyi Nəcməddin Sadıkovun bacısı oğlu, Müdafiə Nazirliyi Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik Ramil Əkbərov həyata keçirib. Öldürülənlərdən bir neçə nəfərinə artıq bəraət verilsə də, nə Xanlar Vəliyevdən, nə də Nəcməddin Sadıkovdan Azərbaycan Ordusuna qarşı bu miqyasda xəyanətkar əməli, qəddar və insan ləyaqətini alçaldan cinayətləri niyə törətdiklərini soruşan yoxdur. Bunu nəinki soruşan yoxdur, əksinə, son günlər hətta onların bu cinayətlərini ifşa eləmiş məmurların dövlət orqanlarından ən qətiyyətli şəkildə (başqa sözlərlə, heç bir səbəb göstərilmədən və izahat verilmədən) kənarlaşdırılması haqda tapşırıq verilib və proses də artıq başlayıb. Bunun daha böyük miqyas alacağı da şübhə doğurmur, çünki həmin "intiqam aksiyasının" arxasında çox güclü təsirə malik olan hakimiyyətdaxili qrupun durduğu deyilir. Məsələ burasındadır ki, ölkəyə yalnız müvəqqəti işğal olunmuş ərazi və gəlir mənbəyi kimi baxan, öz çirkin niyyətlərini rahat həyata keçirmək və kritik məqamda qarşıdurma yaratmaq məqsədilə Azərbaycanın müxtəlif bölgələrində və dövlət orqanlarının nəzdində çoxsaylı və faktiki qeyri-qanuni silahlı dəstələr yaratmış bu qrup Azərbaycan dövlətinin özünə və bu dövlətə sadiq azərbaycanlılara düşmən gözü ilə baxır, elə bu səbəbdən də ölkə ordusunu sındırmaq, alçaltmaq üçün öz cinayətkar təbiətinə uyğun olan ən yaramaz metodlara əl atır. Amma xəyanətkarların təxribat fəaliyyəti təkcə ön cəbhədə fədakarlıqla döyüşərək həyatını riskə atmış hərbçilərə qarşı erməni kəşfiyyatına işləmək kimi saxta və şərəfsiz ittiham verməklə bitmir. Azərbaycan Ordusunun iflic olunması, onun döyüş ruhunun öldürülməsi və "döyüşən cəzalandırılacaq" xofunun yaradılması bu dəstənin ölkəni tam ələ keçirmək planının çox kiçik bir hissəsidir. Həmin plana ölkə əhalisinə keyfiyyətsiz və müxtəlif xəstəliklər törədən maddələr qatılmış ərzaq məhsullarının satılması (kürd əsilli İran vətəndaşı Abdulbarı Goozal və onun "Azərsun" şirkətinin həmin əməlləri haqda ətraflı yazmışam) və ölkədə narkotik maddələrin yayılması da daxildir. Xainlərin niyyət və planları bəllidir, amma sual olunur ki, həmin cinayətkar əməllərə Azərbaycan rəsmiləri və ölkənin hüquq-mühafizə orqanları (DİN və Respublika Prokurorluğu) nədən reaksiya vermir? Prezident Administrasiyası rəsmiləri Ramiz Mehdiyev, Fuad Ələsgərov, Əli Həsənov və digərləri Azərbaycan xalqının soyqırımına xidmət edən bu cinayətkar əməllərə dair ölçü götürülməsi barədə niyə məsələ qaldırmır?
Gələn (4-cü) yazımda bütün bu baş verənlərə daha geniş rakursdan baxışımızı təqdim edəcəyəm.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment