Bu haqda çoxdan yazmaq istəyirdim və bu günlərdə sosial şəbəkələrdə geniş yer alan "Dəlməmmədli piri" mövzusu buna əlavə təkan verdi. Bu yazımda keçən yay Bakıdakı həmsöhbətlərimdən birinin bu mövzuda danışıdıqlarını da bölüşmək istədim. Amma bu haqda bir qədər sonra.
"Şeyx Nəsrullah" kabusu başıbəlalı məmləkətimizin üzərindən heç vaxt əskik olmayıb və bu gün də 100 il (bəlkə də yüz illər) əvvəl olduğu kimi, dara düşən həmən özünü verir cadugərlərin, falçıların, baxıcıların yanına. Oturuşmuş bir fikir var ki, həmin o, şeyxnəsrullahların kliyentləri də əsasən çətin sosial-iqtisadi duruma düşmüş imkansız və təhsilsiz təbəqənin nümayəndələridir. Amma yaşadıqlarımız və gördüklərimiz deyir ki, onların arasında yetərincə təhsillilər də olur, zənginlər də, vəzifəlilər də və hətta sözün həqiq mənasında intellektuallar da.
Bunu deyim ki, lap erkən uşaqlıq illərimdən şeyxnəsrullah "fenomeninə" təkcə neqativ yox, həm də ikrahla yanaşmışam və bunun səbəbkarları da yaxın qohumlarım arasındakı şeyxnəsrullahsevərlər olub. Təsəvvür edin, adam Şəmkirdən Gəncəyə gedir (söhbət nəqliyyatın qıt olduğu 1969-70 illərdən gedir) və orda yaşayan baxıcı erməni "Tamara xalasından" aldığı təlimatları uşaqlı-böyüklü hər kəsin beyninə yeritməyə çalışır. Mən hələ o zamankı 6-7 yaşlı uşaq ağlımla bunun hamısının cəfəngiyyat olduğunu fikirləşirdim, amma bir neçə il sonra həmin qohumum cinlərlə söhbətlərini danışanda anladım ki, vəziyyət düşündüyümdən daha ağırdır. Bəli, cəhalətin intellektdən, elmdən daha sürətlə yayılmaq və durmadan "inkişaf etmək" kimi bir üstün cəhəti var. Və yaxud başqa bir misal: 5-6 il əvvəl Şəmkirdə başqa bir qohumum məni ağır seyid dediyi baxıcının yanına aparmaq istəyəndə cavab vermişdim ki, mən özüm külli-siyasət aləminə "baxıcılıq" edirəm, görən-bilən deməzmi ki, bunun burda nə ölümü var? Yeri gəlmişkən, diqqət yetirmisinizsə, bütün şeyxnəsrullahlar özünü seyid kimi təqdim edir. Bir neçə il əvvəl Avropa təhsilli gənc bir xanımın həyat yoldaşı ilə aralarında olan münaqişəni çozmək üçün onun fotosunu götürüb rayonlardan birinə falçıya getdiyini biləndə də təəccüblənmədim. Ona görə ki, şeyxnəsrullahsevərlik yuxarıda qeyd etdiyim kimi, nə təhsillə, nə sosial statusla, nə də maddi durumla bağlı deyil. Düşünürəm ki, bu, fərdi səviyyədə psixoloji, cəmiyyət səviyyəsində isə ictimai-siyasi fenomendir. Bəli, şeyxnəsrullah fenomeni məhz daim problemlər işərisində boğulan ölkələrdə sosial-iqtisadi və ictimai-siyasi böhran ərəfəsində "xortlayır". SSRİ dağılması ərəfəsində sovet TV-lərinin ekranları kaşpirovskilərlə, çumaklarla doldurulduğu kimi, Azərbaycan mediası da baxıcı məlahətlərlə, tofiqdadaşovlarla və digər şeyxnəsrullahlarla zənginləşmişdi.
Bilgili insanlar deyirdilər ki, yenidən hakimiyyətə qayıdan Heydər Əliyev də yanında baxıcı bir qadın gəzdirirmiş. Təbii ki, falçı və cadugər bir qədər köhnəlik qalığı kimi səsləndiyindən onları başqa adlarla - ekstrasens, telepat və s. adlandırırlar. Sonuncu məlumata inansaq, o zaman icra başçılarının, polis rəislərinin, nazirlərin müntəzəm olaraq və çox böyük mükafatlar müqabilində "şeyxnəsrullahların" xidmətinə müraciət etməsində qeyri-adi heç nə yoxdur.
Etiraf edim ki, keçən ilin yayında Bakıda eşitdiyim bir söhbət əvvəlcə mənə çox qeyri-ciddi görünsə də, onula təkrar-təkrar qarşılaşdıqdan sonra məsələni araşdırmağa qərar verdim. Beləliklə, yaxşı tanıdığım və ciddiliyinə güvəndiyim bir alim söhbət zamanı dedi ki, dövlət rəhbərlərinin tapşırığı ilə Yaxın Şərq ölkələrinin birindən Azərbaycana gətirilmiş ekstrasenslər (cadugərlər) insanlarımıza təsir edərək, onları müti vəziyyətdə saxlayırlar. Həmsöhbətim hətta bunu da bildirdi ki, onların 3-4 nəfəri gün ərzində ayrılmış maşınlarda şəhər boyu hərəkət edərək, Bakı sakinlərinə təsir edirlər. Digər bir qrup guya, Moskva Dövlət Universitetinin Bakı filialının zirzəmisinə yerləşdirilmiş hansısa mürəkkəb radioelektron qurğunun şüalandırdığı siqnallar vasitəsilə əhaliyə təsir edir və üçüncü qrupun cadu etdiyi suyu böyük qablarla aparıb Ceyranbatan su anbarına tökürlər. Həmsöhbətimə yerindəcə sual verdim ki, əgər belə metodlar varsa və onlar işləyirsə, o zaman İlham Əliyevin dostları niyə illərdir daş-kəsəklə silahlanmış fələstinlilərin əlində girinc qalıb, silahlanmaya milyardlarla pul xərcləyirlər? Elə onları mütiləşdirib 70 ildir həll edə bilmədikləri bütün məsələləri birdəfəlik yerbəyer eləmək daha ucuz və itkisiz başa gəlməzdimi? Deyəcəksiniz ki, cəfəngiyyatdır? Bəli, haqlı olacaqsınız və mən də həmən elə düşündüm, amma yuxarıda qeyd etdiyim kimi, araşdırdım da və çox təəssüf ki, fərqli mənbələrdən də oxşar məlumarlar aldım. Bütün bu məsələdə səhərdən axşamadək şəhəri avtomobildə dolaşan şeyxnəsrullahlardan və onların hardan, necə gətirilməsindən tutmuş guya, universitetin zirzəmisində yerləşdirilmiş mürəkkəb elektron qurğuyadək hamısı mənasız, cəfəng söhbətlər kimi qəbul edilə bilər, amma bir məsələ var ki, onu həqiqətən ciddi qəbul etməyə ehtiyac var və bu da "cadu edildikdən" sonra Bakını içməli su ilə təhciz edən su anbarına tökülən mayenin kimyəvi tərkibidir. Zənnimcə, bu, heç də üzərindən asanlıqla keçiləsi məsələ deyil, çünki söhbət əhalinin sağlamlığından və həyatından gedir. Ona görə də bu mövzunu təqib etmək təkcə jurnalistlərin və ya araşdırmaçıların işi deyil, həmin sudan içən hər kəsin marağında olmalıdır. Xüsusilə də Daxili İşlər və Dövlət Təhlükəsizlik Xidməti orqanlarında çalışanların.
P.S.: "Ərəb baharının" ilk başladığı Tunisin birinci xanımı Leyla Trabelsi ölkədə olan və xaricdən gətirilmiş onlarla baxıcı, ekstrasens, telepat və digər şeyxnəsrullahları başına yığıb Tunis xalqına təsir edirmiş. Amma bu, onların hakimiyyətini qoruya bilmədi, ölkədə inqilab baş verdi və illər boyu taladıqları sərvəti, mülklərini, gənə kimi xalqın canına daraşıb onun qanını içən qohum-əqrabalarını atıb Səudiyyə Ərəbistanına qaçmalı oldular...
No comments:
Post a Comment