Artıq seçki (burda və sonra "seçki" kimi oxumalı) adlandırılan teatr arxada qalıb və gördüyümüz kimi, sürprizlər də olmadı. 11 aprel seçkisində əsas diqqətçəkən məqamlardan biri 1-ci yazımda qeyd etdiyim Azərbaycan uğrunda gedən geosiyasi mübarizənin əlamətləri oldu. Belə ki, seçkinin ssenarisinin Rusiyada hazırlanması Qərbdə adekvat reaksiya doğursa da (məsələn, ATƏT-in müşahidə missiyasının tənqidi ilkin hesabatı) digər tərəfdən siyasi baxımdan Qərb düşərgəsinin bir hissəsi sayılan İsrailin seçkilərə bu dəfəki marağı əvvəlkilərlə müqayisə olunmayacaq dərəcədə həssas idi. Maraqlı olan həm də əksəriyyəti ölkəsinin hərbi (istisna deyil ki, həm də kəşfiyyat) dairələrinə bağlı olan israilli "müşahidəçilərin" bir-birinin ardınca Azərbaycan mediasında İlham Əliyevin ünvanına mədhiyyələr deməsi idi. Bu "müşahidəçilərdən" bəziləri isə hətta bir qədər də uzağa gedərək "İlham Əliyevin qələbəsi İsrail üçün vacibdir" kimi siyasi etikadan uzaq bəyanatlar verməklə Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə edirdi. Bu da anlaşılandır, çünki Əliyev hakimiyyətinin israilpərəst lobbiçilərinin sayəsində Azərbaycan bəzi aparıcı dövlətlərdə artıq İsrailin vassalı kimi tanınır. Əliyev ailəsi yox, məhz Azərbaycan. Dərin təəssüf doğuran hal olsa da, amma faktdır və İlham Əliyevin tez-tez səsləndirdiyi "Biz müstəqil siyasət yürüdürük" iddiası ilə heç də üst-üstə düşməyən bir faktdir. Bəs İsrailin Azərbaycandan ümumiyyətlə və xüsusilə də bu gün umduğu nədir? Burda həmin bəndləri sadalamaqla qurtaran deyil, odur ki, ciddi əhəmiyyət kəsb edən əsas məqamların üzərində dayanaq:
1. Artıq qeyd etdiyim kimi İsrailin Azərbaycanı özünün vassalı kimi təqdim etməsi bu dövlətə xarici siyasətində (xüsusilə də böyük dövlətlərlə münasibətlərində) xüsusi status verir. Bir növ güclü dövlət statusu. Məhz bu səbəbdən İsrailə bağlı lobbiçilər bütün dünyada Azərbaycanı İsrailin strateji tərəfdaşı kimi təqdim edirlər. Əslində istənilən tərəfdaşı və o cümlədən də İsrail kimi tərəfdaşı olmaq heç də neqativ dəyərləndirilməməlidir. Amma bu amilin Azərbaycana hansı siyasi dividendlər qazandırdığına baxdıqda bizim itkilərimizin qazanclarımızdan qat-qat çox olduğunu asanlıqla görmək olur. Belə ki, Azərbaycanı vassal dövlət kimi tanıtmaqla yanaşı bu lobbiçilər Əliyev hakimiyyətinin insan hüquq və azdlıqlarına qarşı yürütdüyü sərt siyasətə neqativ və tənqidi beynəlxalq hesabatların qarşısını alır ki, bu da son nəticədə ölkənin müxtəlif ictimai-siyasi institutlarının sistemli şəkildə sıradan çıxarılmasına və siyasi sisteminin bugünkü iflic duruma düşməsinə gətirib çıxarıb. Bu hakimiyyətin dəstəklənməsi həm də xalqın daha da yoxsullaşması, onun hüquqlarınn əlindən alınması, əmlakının dağıdılması, çörəyə möhtac qoyulması deməkdir.
2. Ölkənin talanmış sərvətlərinin xarici şirkət, bank və offşor zonalarda gizlədilməsində israilli və İsraillə sıx bağlı işbazlar da yaxından iştirak edir və elə bu səbəbdən də onlara qanunlarla idarə olunan, azad bazar münasibətlərinə malik olan, demokratik Azərbaycan lazım deyil. Belələrinin bizə münasibətdə əsas hədəfi Bakıdakı korrupsionerlərlə əl-ələ verib Azərbaycana məxsus olan milyardlarla vəsaiti və ölkənin sərvətlərini talamaqdır.
3. Azərbaycan İrana qarşı həm kəşfiyyat, həm də hərbi müdaxilə üçün coğrafi və relyef baxımından ən uğurlu məkan sayılır və İsrailin bu istəyini yalnız Əliyev hakimiyyəti reallaşdıra bilər. Az da olsa millətinə, soyuna-kökünə bağlı bir hakimiyyət 30 milyondan yuxarı azərbaycanlının yaşadığı qonşu ölkəyə qarşı Azərbaycan ərazisindən təxribat və ya hərbi müdaxilələrin ümummilli maraqlar üçün (təkcə bu yox) hansı miqyasda fəlakətə gətirib çıxara biləcəyini nəzərə almaya bilməz. Belə təxribatlar isə artıq əvvəllər də olub. Bu haqda bəndənizin hələ 8 il əvvəl Londonda dərc olunan "The Times" qəzetinə böyük əks-səda doğurmuş açıqlaması olub ki, həmin açıqlamada Azərbaycan üzərindən İrana keçən Mossad agetlərinin İranın nüvə fiziklərini öldürməsindən bəhs edilirdi. Yəqin ki, bu yerdə 11 aprel seçkilərini izləməyə gələn israilli "müşahidəçilərin" nədən məhz ölkələrinin hərbi dairələrilə bağlı şəxslər olmasına dair artıq heç bir sual qalmır.
Amma yuxarıda qeyd etdiyim kimi 11 aprel seçkilərini diqqətlə izləyən digər bir dövlət də vardı ki, onun da Azərbaycanla bağlı plan və maraqları İsrailin maraqları ilə diametral ziddiyyət təşkil edir. Bu dövlət Rusiyadır. Bu mənada seçkilər başa çatar-çatmaz Rusiyanın atdığı 3 addım diqqət çəkməyə bilməzdi:
1. Rusiyanın 11 aprel seçkilərinin nəticələrini həmən tanıması və prezident Putinin İlham Əliyevi təbrik eləməsi;
2. Rusiya XİN sözçüsü M.Zaxarovanın keçirdiyi brifinqdə ATƏT-in seçkiləri tənqid edən ilkin hesabatını hədəfə alması və bir növ Azərbaycan hakimiyyətinə vəkillik eləməsi;
3. Rusiya xarici işlər naziri Sergey Lavrovun seçkilərin səhərisi günü Elmar Məmmədyarova zəng edərək Xəzərin statusu ilə bağlı tezliklə imzalanmalı olan anlaşmanın sənədlərinin hazırlığı ilə "maraqlanması".
Beləliklə, Azərbaycanı özünün vassalı kimi görən digər bir dövlət də eyni mövqeni dünya ictimaiyyatının diqqətinə təqdim edirdi. Bu arada qeyd edim ki, Rusiyanın Xəzərin resurslarından birgə istifadə ilə bağlı təklif etdiyi sazış Azərbaycanın təkcə Xəzərdəki sektoruna nəzarəti itirməsi demək yox, həm də yaxın gələcəkdə ölkəmizin Xəzərdəki karbohidrogen yataqlarına sahibliyinin də itirilmək və ya ən azı məhdudlaşa bilmək təhlükəsini ortaya qoyur. Bu yerdə 1-ci yazımdakı bir məqamı xatırlatmaq tam yerinə düşür: "Əyyubov qruplaşmasına" daxil olan hərbi prokuror Xanlar Vəliyevin Xəzərdə ölkənin suverenliyini təmin etməli olan sualtı radar sistemini quranlara qarşı başlatdığı saxta cinayət işi. Azərbaycanın Xəzərdə öz sektoruna suverenliyinin itirməsinin bünövrəsi məhz həmin təxribat nəticəsində artıq 2014-cü ildə qoyulmuşdu...
Beləliklə, bu gün Azərbaycana nəzarət uğrunda mübarizə əsasən 2 dövlət - İsrail və Rusiya arasında gedir və hər tərəf də öz maraqlarını təmin etməyə çalışır. Bu tərəflər arasında çaş-baş qalan Əliyev hakimiyyəti isə ən əsas məqamı heç xatırlamaq da istəmir: Azərbaycan bu ölkədə yaşayan 9 milyon yarım və dünyaya səpələnmiş daha 30 milyon azərbaycanlı üçün vətəndir və ölkənin sərvətləri də qanunla onun 9,5 milyon vətəndaşına məxsusdur. Bu mənada İlham Əliyevin seçkidən sonrakı təyinatları çox simvolikdir. Belə ki, heç bir yeni mövqe əldə edə bilməyən və siyasi arenadan sıxışdırılmaqda davam edən "Paşayevlər qruplaşmasından" fərqli olaraq hakimiyyətdaxili digər 2 qruplaşma - "Əyyubov qruplaşması" və "Mehdiyev qruplaşması" Azərbaycanı faktiki olaraq öz aralarında böldülər. Təbii ki, 1-2 kiçik istisnalarla. Təyin olunmuş yeni kadrların (onların demək olar ki, hamısı təcrübəsiz və təyin olunduqları sahədə tamamilə səriştəsizdir) onlara həvalə olunan sahələri necə idarə edəcəkləri isə heç müzakirə predmeti də deyil. Amma bir məqam tamamilə aydındır: hakimiyyət idarəetmə prinsiplərini dəyişməyəcək. Elə olmasaydı ASAN-xidmət rəhbərinin kənd təsərrüfatı naziri və ya bütün əmək fəaliyyəti boyu müxtəlif firmalarda çalışmış iqtisadçının təhsil naziri təyin olunması çoxsaylı suallar doğurmalı idi. Amma bu məqam da diqqət çəkməyə bilməz ki, təyinatlar haqda ən çox danışan məhz Rusiya 5-ci kolonunun lideridir və o, son açıqlamalarında ölkənin arxada qalan 15 ildəki uğurlarını qabartmaqla yanaşı (Heydər Əliyev hakimiyyətinin 10 ili sanki heç olmamışdı), sətiraltı da olsa artıq İlham Əliyevin özünü də ikinci plana keçirməyə cəhd edir. Bu isə heç də təsadüfi sayılmamalıdır, çünki 2 qrup arasında gedən mübarizənin bugünkü nəticəsi belədir ki, ümumi üstünlük Rusiyadadır ki, onun maraqlarını təmin edən bu gün də "Mehdiyev qruplaşmasıdır". İlk baxışdan əlavə cəmi bir post (ekologiya və təbii sərvətlər naziri) əldə etmiş "Əyyubov qruplaşmasının" güvəndiyi fiqur və ya elə həmin qruplaşmanın lideri isə İlham Əliyevin özüdür. Qruplar arasındakı bugünkü mübarizənin əsas, bəlkə də həlledici hədəfi isə hələlik boş qalan Bakı ŞİH-nin başçısı postudur ki, qruplaşmalardan hər biri bu posta nəzarəti ələ keçirməyə çalışır. "Əliyev-Əyyubov qruplaşması" bu posta artıq konkret namizədini də müəyyənləşdirib. Əlbəttə ki, söhbət Bəylər Əyyubovun qohumu və artıq brinci yazıdan yaxşı tanıdığınız respublikanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı, Gəncə ŞİH-nin başçısı Yelmar Vəliyevdən gedir. Bəli, Gəncənin tarixi arxitekturasından tutmuş onun ruhuna qədər hər şeyi dağıtmaq üçün əlindən gələni etmiş həmin Yelmar Vəliyev...
Amma bu plan yalnız bir halda baş tuta bilər - Mehdiyev geri çəkilərsə. Lakin Azərbaycana Rusiya təsirinin öz pik nöqtəsinə çatdığı bir vaxtda əvvəlkindən özünə daha inamlı görünənŞ mediaya açıqlamalarilə meydan oxuyan "boz kardinalın" bunu edəcəyi inandırıcı görünmür və deməli, hakimiyyətdaxili mübarizə də getdikcə kəskinləşəcək. Bu da öz növbəsində o deməkdir ki, ölkədə nə siyasi, nə də iqtisadi islahatlar aparılmayacaq və konturları hələ tam aydın görünməyən geosiyasi burulğanın mərkəzinə yaxın olan Azərbaycanda hətta yaxın zamanlarda nələrin baş verə biləcəyini söyləmək heç də asan olmayacaq.
Axi seckiden sonra BSIH ne kiminse(adi yadimda deyil) teyin olunduqu qeyd olunurdu amma sonradan elebil bele xeber olmamiwduda
ReplyDeleteMüvəqqətidir, yəni səlahiyyətləri icra edən
ReplyDeleteƏrəstun bəy, "Əyyubov qruplaşmasının" həm də Qaçqınkomu ələ keçirməsini unutmusunuz deyəsən.
ReplyDeleteİndi məlum oldu, niyə güllələdilər onu.
ReplyDelete