2017-ci il may ayında Azərbaycan Ordusunda Ermənistan kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən casus şəbəkəsinin ifşa olunması ilə bağlı rəsmi məlumat yayıldı. Məlumatda deyilirdi:
"Azərbaycanın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə bəyanatında bildirilir ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat, xüsusi xidmət orqanları Azərbaycan ordusunun Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti hazırlayıb: “Bu məqsədlə bir qrup hərbi qulluqçu və mülki şəxs Ermənistan kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək, müxtəlif vaxtlarda öz maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə qarşı tərəfə ötürüblər”.
Bu məlumatın ardınca müxtəlif saytlarda hadisə ilə bağlı çoxsaylı "ekspert" rəyləri və jurnalist mülahizələri yayılsa da, nə həbs olunanların kimliyi, nə də onların sayı haqda heç bir rəsmi məlumat verilmirdi. Qeyri-rəsmi mənbələr isə həbs olunanların əksəriyyətinin Tərtər qarnizonunun hərbçiləri olduğunu, onların sayının isə 54-55 nəfərə çatdığını iddia edirdi. Hadisədən 1 ilə yaxın vaxt keçib, amma bu günədək rəsmi şəxslər tərəfindən bir neçə solğun açıqlama verilsə də, hadisənin nə təfərrüatları, nə də həbs olunanların adı, sayı heç bir rəsmi mənbədə öz əksini tapmayıb. DTX sədri Mədət Quliyevin və onun ardınca ölkənin hərbi prokururu Xanlar Vəliyevin açıqlamaları isə bu həbslərə bəraət qazandıran informativ baxımdan tamamilə tutumsuz söz yığını idi. Hərçən ki, Xanlar Vəliyevin nəhayət 10 aydan sonra APA-ya verdiyi açıqlamada bir detal diqqətçəkən idi. Xanlar Vəliyev bildirirdi ki, dövlətə xəyanət ittihamı ilə həbs olunan bu şəxslərlə bağlı istintaq artıq yekunlaşmaq üzrədir və tezliklə (Novruz bayramınadək) onların məhkəməsi başlayacaq. Açıqlama ilə bağlı məlumatlarda məhkəmənin qapalı keçiriləcəyi də bildirilirdi, hərçənd ki, bu, təəccüblü deyildi, əksinə, gözlənilən idi. Məhkəmə prosesi isə deyilən vaxtda başlanmadı.
Həbslərin ardınca başlatdığımız araşdırma çox ciddi və incə məqamları üzə çıxardı. Məlum oldu ki, həbs olunanların əksəriyyəti Tərtər qarnizonunun 2016-cı ilin aprel döyüşlərində fəal iştirak etmiş hərbçiləridir və onlardan 6 və ya 7 nəfəri istintaqın ilk ayları ərzində həbsxanada qətlə yetirilib. Öldürülənlərin xalq düşməni kimi doğulduqları yerlərdə gizli dəfn olunması və ailələrinin təhdid olunması barədə çoxsaylı xəbərlər yayılsa da, bu haqda nə rəsmi dövlət orqanları, nə də ölkənin əksər media qurumları bir kəlmə də məlumat vermədi. Məntiqi sual ortaya çıxır ki, əgər həbs olunan şəxslər dövlətə xəyanət etmişdisə onları qətlə yetirmək nəyə lazım idi və bu, hansı səbəblərdən edilirdi? Suallar əlbəttə ki, işin istintaqını aparan Respublika Hərbi Prokurorluğuna və onun rəhbəri Xanlar Vəliyevə şəxsən ünvanlanmalı idi və ünvanlanmalıdır. Ölkədə fəaliyyət göstərən və hakimiyyətdən məvacib alan "hüquq müdafiəçiləri" ilə yanaşı müxalifət fəallarının da bu haqda susması çoxsaylı suallar doğurmaya bilməzdi. Məsələni bir qədər də araşdırdıqda 2 müxtəlif versiya ilə üzləşdik:
1. Həbs olunan hərbçilər transmilli cinayətkar şəbəkənin əməlləri haqda məlumatlı olduqlarının qurbanı olublar.
Bu şəbəkə və onun fəaliyyəti haqda hələ bir neçə il əvvəl apardığımız ətraflı araşdırma göstərmişdi ki, Azərbaycanda fəaliyyət göstərən və kürd mənşəli xarici vətəndaşa məxsus olan böyük holdinqlərdən biri İran-Ermənistan-Qarabağ (ölkənin işğal olunmuş əraziləri)-Tərdər-Gəncə xətti üzrə narkotrafikə nəzarət edir və bu kanal üzrə narkotik maddələrin trafikinə bir çox hallarda Azərbaycan ordusunun hərbçiləri ilə yanaşı işğalçı Ermənistan Ordusunun da əsgərləri cəlb olunurlar.
Qeyd etdiyim kimi, bu məsələ tərəfimizdən xırda detallarınadək ətraflı araşdırılıb və təkzibolunmaz faktlar toplanıb, amma bu haqda bir qədər sonra və daha ətraflı yazacağam.
2. Azərbaycan Ordusunun çoxsaylı hərbçilərinin Ermənistan xüsusi xidmət orqanlarına işləmək saxta ittihamı ilə həbsinin arxasında hansısa xarici dövlət(lər) dayanır və məqsəd Milli Ordunu sındırmaq, növbəti 2016-cı il aprel əməliyyatı kimi aksiyalardan çəkindirmək və həmin əməliyyata görə cəzalandırmaqdir. Bu dəfə də Rusiya Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə yeridilmiş adamının vasitəsilə hərəkət etdi. Niyə "bu dəfə də"? Bu haqda bir qədər sonra.
Qeyd etdiyim kimi, həbs olunanların əksəriyyəti 2016-cı ilin aprel döyüşlərində fəal iştirak etmiş hərbçilər idi və ən acınacaqlısı da budur ki, əldə etdiyimiz məlumata əsasən onlara işgəncə verərək öldürənlər də Milli Ordunun xüsusi təyinatlıları olub. Belə ki, hərbi prokurorluğun rəhbərliyi həbs olunanların törətmədikləri cinayətləri boyunlarına götürməsi üçün onlara işgəncələr vermək məqsədilə cəlb etdiyi və cəllad funksiyasını yerinə yetirənlər də Milli Ordu hissələrindən gətirilmiş xüsusi təyinatlılar olub. Bu günədək 6 nəfərin öldürülməsi faktı dəqiq bəlli olsa da bununla bağlı nə xüsusi təhqiqat başlanıb, nə də kimsə ciddi cəza alıb. O cümlədən də bütün bu cinayətlərə görə şəxsən məsuliyyət daşıyan hərbi prokuror Xanlar Vəliyev və müdafiə naziri Zakir Həsənov. Zaman-zaman media qarşısında müxtəlif şoular düzəldən Zakir Həsənovdan fərqli olaraq, mediadan daim yarasa kimi gizlənən Xanlar Vəliyevin isə təxminən bir ay əvvəl gözlənilmədən peyda olması və yuxarıda qeyd etdiyim mənasız açıqlamanı verməsi heç də məsələnin mahiyyətilə bağlı deyil. Bizə daxil olan və etimad doğuran məlumata əsasən 11 aprel seçkilərindən sonra Bəylər Əyyubovun qruplaşmasına (bir çox hallarda şərti olaraq "kürd qruplaşması" adlanan) daxil olan və onun yaxın qohumu olan Xanlar Vəliyevin (vəliyevlər ailəsinin ağsaqqalı sayılan Şahmar Vəliyev Bəylər Əyyubovla qudadır) Azərbaycan Respublikasının Baş Prokuroru postuna gətirilməsi planlaşdırılır və elə bu səbəbdən də Azərbaycan Ordusuna ağır zərbələr vurmuş hərbi prokurora mediada "işıqlanmaq" və silahlı qüvvələrə qarşı törətdiyi cinayət əməllərinə bəraət qazandırmaq lazım olub. Əlbəttə, bu detaldır və İlham Əliyev hakimiyyətində kimin hansı postu tutması bəlkə də bir o qədər önəmli deyil, amma Azərbaycan Ordusuna qarşı törədilən bu amansız cinayəti araşdırmağa başladıqda məlum oldu ki, hələ 2013-cü ilin sonunda həmin hərbi prokurorluq və onun həmin rəhbəri tərəfindən başladılan və Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanı, kontr-admiral Şahin Sultanova qarşı açılan saxta cinayət işi mahiyyət etibarilə ağır dövləti cinayətdir və Rusiya tərəfindən sifariş olunub. Bundan başqa, mərhum Milli Qəhrəman Mübariz İbrahimovun məlum hadisə ərəfəsində hərbi prokurorluq tərəfindən təhdid olunması haqda da əlimizdə sübut-dəlilli məlumat var. Amma bu hadisənin və onun nəticələrinin ümumilli mənəvi-siyasi əhəmiyyətini nəzərə alaraq, mərhum Milli Qəhrəmanın işğalçılarla döyüşdə həlak olmasından həmən sonra bizə təqdim olunmuş sənədi o zaman ictimailəşdirmədiyim kimi, bu gün də bunu etmək fikrində deyiləm. Dövlət və hakimiyyət orqanları üçün maraqlıdırsa, həmin sənədin surətinin vaxtilə bizə ölkənin hərbi əks-kəşfiyyatındakı şəxslərdən biri tərəfindən ötürüldüyünü qeyd edə bilərəm.
2013-2014 illərdə Hərbi Dəniz Qüvvələri komandanı, ölkənin yeganə kontr-admiralı Şahin Sultanova qarşı qaldırılan və nətcədə admiralın həbsinə səbəb olan saxta cinayət işi isə qeyd etdiyim kimi, sözün həqiqi mənasında dövlətə xəyanət idi və hədəf heç də kontr-admiralın personası deyildi.
Həmin saxta cinayət işinin məqsədi Xəzərin Azərbaycan sektorunda Hərbi-Dəniz Qüvvələri tərəfindən ölkənin Xəzərdəki suverenliyini təmin etməli olan sualtı radar sisteminin quraşdırılmasının qarşısını almaq idi. Gördüyümüz kimi, hərbi prokurorluq həmin əməliyyatı da uğurla başa çatdırdı və nəticədə bu gün Azərbaycan faktiki olaraq Xəzərin ölkəyə məxsus sektorunda suverenliyini tam itirmək üzrədir.
Amma bütün bu baş verənlərlə bağlı maraqlı və çox vacib bir sual ortaya çıxır: bütün bu baş verənlər İlham Əliyevin susqunluğu fonundamı, yoxsa onun xeyir-duası ilə törədilir? Bunun cavabını axtardıqda isə incə bir məqamı anlamamaq mümkün deyil: bu gün İlham Əliyev növbəti 7 illiyə yenidən Azərbaycanın prezidenti olacaq. Bəli, seçilməyəcək, məhz olacaq. Sual olunur ki, 2016-cı ilin aprelində onun əmri ilə düşmənin üzərinə gedən əsgər və zabirlərini xainlərlə dolu və millətə düşmən kəsilmiş komandasından qoruya bilməyən və əminəm ki, qorumaq da istəməyən Ali Baş Komandan sayılan İlham Əliyevi buna vadar edən nədir? Sualın cavabı kifayət qədər sadədir: İlham Əliyev üçün daim prioritet olmuş şəxsi hakimiyyətini təmin etmək Xanlar Vəliyevin və onun mənsub olduğu klanın dəstəyindən birbaşa asılıdır. Azərbaycan admiralına, əsgərinə, zabitinə yalnız bu qrupa daxil olan şəxslər belə amansız divan tuta bilər. Elə bu səbəbdən də gün kimi aydındır ki, nə Zakir Həsənov, nə də Xanlar Vəliyev bu cinayətlərə görə heç vaxt cəzalandırılmayacaqlar. Ən azı İlham Əliyev hakimiyyətdən kənarlaşdırılanadək, çünki növbəti 7 ildə ölkədə hüquqi yolla heç bir dəyişiklik mümkün olmayacaq və Əliyevin "Əyyubov qruplaşmasının" təmsilçilərini əsas hakimiyyət postlarına gətirməsi planı da artıq bütün hakimiyyətdaxili qruplara bəllidir. Bu da hər kəsə bəllidir ki, sürətlə mürəkkəbləşən sosial-iqtisadi və geosiyasi fonda etirazlara qalxacaq əhaliyə ən amansız şəkildə divan tuta biləcək qrup məhz "Əyyubov qruplaşmasıdır". Elə bu səbəbdən də ilkin mərhələdə 3 mühüm posta onların nümayəndələrinin təyin olunacağı gözlənilir: DİN rəhbəri, DTX sədri və Baş Prokuror postuna, bu isə Azərbaycanda təkcə güc strukturlarının deyil, son nəticədə bütövlükdə hakimiyyətin həmin qrup tərəfindən tam zəbt olunması deməkdir. Belə idarəçiliyin nəyə və hara aparıb çıxaracağı isə heç kəsdən sirr deyil. İndiki mürəkkəb geosiyasi durumda belə yerdəyişmələrdə həm də bir sıra xarici faktorların maraqlı olması istisna deyil. Çünki ən yaxın zamanda Yaxın Şərqi alova bürüyəcək böyük müharibə təhlükəsi artıq reallığa çevrilməkdədir və bu kontekstdə də Azərbaycan İrana qarşı istifadə oluna biləcək ən mühüm hərbi meydançalardan biri kimi nəzərdən keçirilir. Bu mənada əksəriyyəti kəşfiyyat bağları ilə Rusiyaya bağlı olan hakimiyyətdaxili Əyyubov qruplaşması üzvlərinin Rusiya və Ukraynadakı orta həcmdə biznesi ilə yanaşı, milyardlarla dollar pulunun Qərb banklarında və böyük həcmdə daşınmaz əmlakının Avropa ölkələrində yerləşdirilməsi həmin qruplaşmanı Qərb üçün də "ipə-sapa yatan" edir. Amma görünən həm də budur ki, bu təhlükəni yaxşı anlayan Rusiya da bu tip plan və niyyətlərin qarşısını zamanında almağa cəhd edə bilər, çünki Azərbaycan Rusiya ilə hədəfdə olan İran arasında yeganə birbaşa quru yoludur. Rusiyanın Azərbaycan ərazisindən İrana çıxış əldə etmək istəyi isə faktiki olaraq Azərbaycanın suverenliyinin itirilməsi ilə nəticələnə bilər. Görünür elə məhz bu səbəblərdən də İlham Əliyev başlanacağı günü-gündən real olan müharibəyədək öz legitimliyini təmin etmək üçün "seçkiləri" payızdan yaza keçirdi.
(Davamı olacaq).
Bele gorunur Tramp onderliyinde Irana gore onlari wbaqat veziyyetine sala bilerler?! Maraqlidi Rusya bu klani ve maraqlarini nece qoruyacaq Qerbe qarwi ve hetta Iran meselesinde Izrailnende uzuluwseler veziyyetleri daha aqir olacaq
ReplyDeleteMəsələ birtərəfli və sadə deyil, amma düşünürəm ki, Rusiyanın bğlgəyə nəzarət imkanı kifayət qədər genişdir və bu da sonda onun bölgədəki rolunun dominantlığını təmin edəcək.
ReplyDeleteDominantliq oz yerinde.Sirf Iran meselesinde nece, duwunursuz onlar Qerbdeki emlak ve hesablari ile vidalawarlar? Tebii ki, eger Qerb bunu etse
DeleteErestun bey,Ermenistandaki bu son hadiseler baresinde ne duwunursuz?Yeni mitingciler uqur elde edecek yoxsa yox baximindan soruwmuram,daha geniw menada bu idareolunandir? ve bize ne kimi tesirleri ola biler-meselen Qarabaqda geniw emeliyyat ve s baximindan
ReplyDeleteYanıla bilərəm, amma mənə belə gəlir ki, bu etirazlar daha çox Kreml tərəfindən idarə olunan və Rusiya hərbi-sənaye kompleksinə (HSK) bağlı olan Sarqsyanı hakimiyyətdən kənarlaşdırmaq üçündür. Hal-hazırda (xüsusilə də Qərbin sanksiyaları fonunda) Rusiyada hakimiyyətdaxili mübarizə kəskinləşib və bu, özünü hələlik Rusiyanın öz əyaləti hesab etdiyi postsovet ölkələrdə gedir. Azərbaycanda hakimiyyət Putin tərəfdarlarının nəzarətindədir, Ermənistanda isə HSK-nin. Bu mübarizə eynilə SSRİ rəhbərliyində keçən əsrin 60-70 illərindəki daxili çəkişmələri xatırladır. İmperiyanın siyasətində isə ana xətt heç vaxt dəyişmir - metropoliyanı götürmək üçün öncə koloniyalarda möhkəmlənmək lazımdır.
DeleteMaraqli yanawmadi Erestun bey ve duzunu desem hadiselerin ilk gununde mende duwunurdumki bu Rusyanin nezaretindedi ve wiltaq Sarkisyani bawqasi ile evez etmek duwuncesinden ireli gelir ve hemde bu mitinqler fonunda Qerbin cox sakit sanki izleyici kimi goruntusu idi. Ve onlarin metbuatindada Qerbin reaksiyalarindan yazilar sethi idi.Amma musahibenizde bu gun qeyd olunduki diaspora polislere pul teklif edib, bu mueyyen menada sehne arxasinda gizlenmiw Qerbin uze cixmasi anlami deyil? Yoxsa diasporanjn pul meselesi dezodur?
ReplyDeleteAnladiqim qederi ile Putin terefdari komanda FSB ve oliqarxiyadir, HSK ise QRU-dur. Mudafie Nazirliyide yeqinki HSK ya aiddir?
Ve 1-de eger mulahizeniz doqru cixsa bele ve Serj devrilib yerine Putin terefdari adam otrulsa bunun ermenistanin demokratiklewmesine tesiri olacaq, axi kreslo onsuzda sadece eyni olkeden asili olaraq sadece el deyiwdirir.
Ve mence butun bunlarin fonunda hadiselerden once ermeni meybuatinda onlara daha 1 nece divizion Iskenderlerin gonderilmesi, rusya herbi bazasinin ozunun herbi polis patrullarinin olmasina ermeni hakimiyyetinin raziliq vermesi.Yeni bunlarin hamisi bu gunku hadiselere 1 hazirliq ve ya zencirin 1 halqasi ola biler? Yixsa temamile elaqesizdir?
Serj getse ve yerine Rusyanin diger klaninin adami otursa Ermenistanda demokratiklewe biler meger?
ReplyDeleteHSK-nə müdafiə nazirliyi, QRU, müdafiə sənayesi müəssisələri, bu sahədə çalışan elmi mərkəzlər, banklar, hökumətin bu sahəni kurasiya edən qurumları və bir sıra beyin mərkəzləri daxildir.Məncə "İsgəndər"lərlə bu hadisələrin birbaşa heç bir əlaqəsi yoxdur. Diaspora ilə bağlı məlumatlar dezinformasiya da ola bilər, amma diaspora istənilən siyasi fəallıqda maraqlıdır, çünki yalnız bu halda o, ölkədəki ictimai-siyasi proseslərə müdaxilə edə və təmsil olunduğu ölkələrin siyasi dairələrini də buna sövq edə bilər. Putin təmsilçisi hakimiyyətə gəlsə belə Ermənistanın demokratikləşəcəyini düşünmürəm, çünki bu halda ölkə Rusiyanın nəzarətindən çıxa bilər.
ReplyDeleteDünən İrəvandakı ABŞ səfirliyinin açıqlaması artıq əvvəlkindən bir qədər daha sərt idi. Qərb hadisələrə o zaman müdaxilə edəcək ki, real hərəkət görünsün, yoxsa indiki mərhələdə müdaxilə edib sonra hakimiyyətlə münasibətləri pozmaq qərb siyasətində rasional yanaşma sayılmır. Qərbin isə müdaxilə imkanları yetərincədir. Elə deyək ki, diaspora vasitəsilə.
Onda bele deyek Qerb fursetcildi: eger Serj devrilse ve seckilerle Baw Nazir Qerb meylli olsa Qarabaqda rus silahi qiziwa biler ermenileri cezalandirmaqcun. Yox eger rusun nezaretinde bawqasi otursa demkratiyanin sadece imitasiyasi olacaq, ve ya maksimum yungul vari acilim
ReplyDeleteBəli, Qərb fürsətcildi və bunu biz artıq neçə ölkənin timsalında görmüşük
ReplyDelete