Thursday, May 19, 2011

Beynəlxalq siyasətdə kişiliyi necə ölçmək olar?

Sayın Ziyafət müəllim beynəlxalq siyasətdə kişilik nəsələsinə toxunanda düşündüm ki, elə oradaca bu kişiliyi ölçmək üçün xüsusi bir komissiya yaradılmasını təklif edəcək. Bu baş vermədikdə düzü əvvəl bir az məyus olsam da, sonra razılaşdım ki, belə böyük və hələ araşdırılmamış bir sahəni öyrənmək üçün işə ciddi yanaşmaq lazımdır. Bu sizə Azərbaycan qanunlarının qəbulu deyil ki, elə oxumadan soxuşdurasan gedə. Məsələnin elmi-siyasi yenilik və dünyada hələ analoqu olmayan bir sahə olduğunu nəzərə alsaq, Azərbaycanın bu sahədə pionerliyi artıq mübahisə predmeti olmayacaq və mən əminəm ki, Nobel komitəsindəki ermənipərəstlər pəl qatmasalar, Ziyafət müəllim Nobeli təmin olunacaq. Əlbəttə ki, əgər namərd qonşularımız bu kəşfi də dolma və balaban kimi özlərinə çıxmasalar. Beynəlxalq siyasətdə kişilik qalmayıb! Bəyənatın özü mahiyyətcə ictimai-siyasi yenilik olmaqla yanaşı, məncə, həm də aktualdır. Amma öz aramızdır, Ziyafət müəllim də haqlıdır. Doğrudan da, əgər Avropa Şurasının rəsmisi gəlib deyirsə ki, niyə sizdə demokratiya, söz azadlığı yoxdur daha bunun harası oldu kişilik? Məğər qəzetlərdə ağzına gələni yazmaqdır kişilik? Yoxsa bəlkə durub "insanın ona haqqı var, buna haqqı var" deyə boş-boş danışmaq? Adama deyərlər, sənə nə mənim nəyim var, nəyim yoxdur? Dədədən-babadan görmüşük kişi daş daşıyar, yer belləyər, mal otarar. Kişi odur ki, yanından keçəndə tər, ya da ki, mal-təzək iyi versin. Yoxsa parfümnən-zaddan vurub, başlarına jele çəkib gəlirlər ki, "mən Avropadan gəlmiş kişiyəm". Lap belə gözüm aydın! "Kişisən, get kişi işiylə məşqul ol! Sənə nə var kimi tutmuşuq, kimin ağzını yummuşuq?" İndi deyin ki, Ziyafət müəllim haqlı deyil. Deyə bilməzsiniz, heç zaman! Kişisənsə, get öz xarabanda sənə ağzına qələni deyən özün kimi dəyusun cibinə narkotik atdır, sonra da bas içəri getsin çala-çala! Kişisənsə, sənin haqqında yazanların üzünə bir qadını qoy, zorlama üstündə bas getsin türməyə! Bunu da eləyə bimirsən? Budur sənin kişiliyin? 
Amma, öz aramızdır, Ziyafət müəllim düz deyir, bunların kişiliyini ölçsən bəlkə elə dillərini qoyarlar dinməz yerlərinə. Qalır bir onu necə və nəylə ölçmək. Əvvəl-əvvəl, gərək ölçü vahidini müəyyənləşdirəsən ki, sonra sənin gül kimi metodunun obyektivliyini şübhə altına almayalar. Yoxsa bir ağzıgöyçək deyəcək ki, gəlin beynəlxalq aləmin kişiliyini kiloyla ölçək, biri deyəcək metrə ilə, biri də ayrı nə bilim necə. Bunu da ki, Azərbaycanın legitim məclisi elə indidən qanuniləşdirsə daha yaxşı olar. Özü də hər iki halda bu bambılı avropalılar qalacaqlar siyahının sonunda. Kiloyla ölçsən təbii ki, bizim məmurlar daha sanballı kişilər çıxacaqlar, metrəylə hesablasan-bu bizim afrikalı qardaşlarımızın xeyrınə olacaq. Məsələn, həbəşlərin. Onların da ən balacası olur 2 metrə. Boyu əlbəttə ki! Avropalılar isə özlərini öldürsələr də santimetrlərdən o yana keçə bilməyəcəklər. Görək onda Ziyafət müəllimə etiraz eləməyə necə cəsarətləri çatacaq? Amma burda da bir təhlükə var: bu ölçülər Məzhir müəllimin səsləri saymaq, Ziya müəllimin yolları ölçmək və Samir müəllimin büdcə pullarını hesablamaq üsulları ilə aparılsa, onda batdıq. Çünki o zaman avropalıların 50-60 kilosu dönüb olacaq bir neçə ton, santimetrləri də ki,- kilometr. Sonra da gəl dur bunların kilometrinin qabağında, görüm necə durursan. Odur ki, Azərbaycanın legitim məclisində "Beynəlxalq siyasətdə kişilik haqqında" qanunu qəbul edən kimi, elə yerindəcə komissiyanı da formalaşdırmaq lazımdır. Özü də məbadə bu komissiyaya Məzahir müəllimi, Ziya müəllimi və Samir müəllimi yaxın buraxasan! Məncə, yaxşı olardı ki, bu işə elə bu başdan məclisin özündən bir neçə xanımı cəlb edəydilər, çünki onlar belə şeylərdə həm obyektiv, həm ədalətli, həm də daha qabiliyyətli olarlar. Yox, lütfən, başqa şey gəlməsin ağlınıza! Kişiliyin müəyyənləşdirilməsində qadın gözündən dəqiq nə ola bilər məgər?! O da ki, ola təcrübəli qadın gözü! Görüm onda bu dəyus beynəlxalq siyasətçilər ağızlarını aça biləcəklər ki, hələ nəsə desinlər də?

No comments:

Post a Comment