İkinci yazımın sonunda bunları qeyd etmişdim:
"Amma hakimiyyət bunu da anlamalıdır ki, ölkədə sosial-iqtisadi irəliləyiş olmayacağı halda atılan bütün digər addımlar əks-effekt verəcək və onu özünün illər boyu qazdığı quyuya daha sürətlə yaxınlaşdıracaq. Bu yol da sonsuz deyil. Əlbəttə ki, həmin yolda ona opponentləri tərəfindən yardım əli uzadılmayacaqsa."
Bu, həm də müxalifətə aiddir, çünki hakimiyyətə ən loyal ekspertlər də qarşıdan gələn ildə Azərbaycanın iqtisadi göstəricilərinin ürəkaçan olacağını iddia eləmirlər. Sosial-iqtisadi vəziyyət isə elə bu gün də yetərincə aydındır və deməli, iqtisadi göstəricilərin bir qədər də aşağı düşəcəyi qaçılmazdır. Hələ əvvəlki şərhlərimdə də göstərmişdim ki, hakimiyyəti növbədənkənar parlament seçkilərinə getməyə sövq edən əsas səbəblərdən biri, bəlkə də birincisi məhz budur. Şübhəsiz ki, iqtidar cəmiyyətdəki əhvalı da, əhalinin özünə münasibətini də yaxşı bildiyindən vəziyyət döməz nöqtəyə çatmamış bütün hakimiyyət qanadlarını növbəti müddətə legitimləşdirməyə çalışır. Parlament seçkiləri də onun istədiyi şəraitdə keçərsə yaxın 5 ildə Əliev hakimiyyətinə narahatlıq yarada biləcək siyasi hadisələr olmayacaq. Bu isə onun üçün hakim mövqeyini azı 5 il də qoruyub saxlamaq deməkdir. Şübhəsiz ki, müxalifət də bunu anlamamış deyil və həmçinin hakimiyyətin bu gün əvvəlki seçkilərdəkindən daha həssas durumda olduğunu da. Həssaslığı artıran amillərdən biri də son 26 il ərzində seçki saxtakarlıqlarını sistemli şəkildə həyata keçirmiş komandanın artıq iş başında olmamasıdır. Azərbaycanın bugünkü ictimai-siyasi reallığını əvvəlki seçkilər dövründən fərqləndirən daha bir səbəb isə xarici təsirlə bağlıdır. Belə ki, 2018-ci ilədək Azərbaycan hakimiyyəti balanslaşdırılmış xarici siyasət kursu yürütdüyünü iddia edirdi və bu da ona bölgəyə təsiri olan əsas güclər arasında manevr etməyə imkan verirdi. İndiki halda isə Azərbaycan birmənalı olaraq Rusiyanın təsir dairəsindədir və bu da ölkəni tam olaraq şimal qonşusundan asılı edir. Odur ki, Azərbaycan parlamentinin başı üzərində Rusiya kabusunun dolaşması (bəzi mənbələrdən verilən məlumatlara görə Rusiya Azərbaycan parlamentinin formalaşdırılmasında öz 60 mandatlıq "payını" istəyir) qaçılmazdır. Təkcə yuxarıda sadalanan amillər gələn ilin fevralında keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkisini əvvəlki seçkilərdən daha diqqətçəkən edir, amma təəssüf ki, müxalif düşərgədə ona bu cür münasibətin olması görünmür.
Azərbaycan müxalifəti niyə birləşə bilmir? Bu sual həm ölkə ictimaiyyətini, həm də beynəlxalq dairələri azı 20 ildir düşündürsə də, ona əsaslı cavab hələ yoxdur. Doğrudanmı, bu birləşə bilməmək sindromunun (artıq ona xroniki xəstəlik də demək olar) səbəbi müxalifət liderlərinin bir-birini həzm edə bilməməsi, qarşılıqlı qısqanclıq və ya sadəcə partiya maraqlarının bütün digər maraqlardan daha üstün tutulmasıdır? Bəli, bu səbəblər də var, amma fikrimcə əsl səbəblər daha dərindədir. Hətta belə bir cavabla da razılaşsaq, o zaman burda sadə bir həqiqəti etiraf etməliyik ki, daimi məğlub statusunda qalmağa məhkumdur. Amma bunun özündən də başqa bir sual doğur ki, müxalifət öz missiyasını bundamı görür? Yoxsa Azərbaycan müxalifətinin hədəfi elə 3, 5 və ya 10 deputatla saxta parlamentdə təmsil olunmaqdır? Məgər hətta bu, nəyisə dəyişməyə qadirdirmi? Əlbəttə ki, yox. Məntiqlə istənilən müxalifət partiyasının hakimiyyətə gəlmək istəyi onun apardığı mübarizənin əsas hədəflərindən olmalıdır və yəqin ki, Azərbaycan müxalifəti də bu mənada istisna deyil və ya olmamlıdır. Hər kəsə bəlli olan həm də budur ki, obyektiv və subyektiv səbəblərdən ölkə müxalifəti siyasi proseslərdən kənarda qalıb. Amma bu halda da Azərbaycan müxalifətinin əsas problemləri ilk növbədə onun daxilindədir:
1. Müxalifət partiyaları artıq 10-20 ildir ki, eyni liderlər tərəfindən idarə olunur. Bəli, məhz liderlər tərəfindən, çünki partiyaların heç birinin daxilində kollegial idarəçilik yoxdur. Bu, azmış kimi, üstəlik partiyalardan heç birinin daxilində daimi diskussiya şəraiti də yoxdur, çünki istənilən mövzuda diskussiya açan fərd və ya qrup tezliklə partiyanı tərk etməli olur;
2. Burdan belə qənaətə gəlmək olar ki, partiyadaxili demokratiya da yox dərəcəsindədir, bu isə sadəcə partiyadaxili məsələ deyil, həm də partiyanın cəmiyyətə təklif etdiyi modeldir. Deməli, öz daxilində demokratik dəyərlərin təşəkkül tapmasına imkan verməyən, fikir ayrılığına (bəzən ifrat) dözümsüzlük göstərən, daxili diskussiyaları beşiyində boğan partiyaların (daha doğrusu, partiya liderlərinin) hakimiyyətə sahib olacağı halda cəmiyyətə təqdim edəcəyi modeli də təsəvvür etmək bir o qədər çətin deyil;
3. Müxalifət partiyaları həm obyektiv, həm də subyektiv səbəblərdən cəmiyyətdən xeyli dərəcədə təcrid olunub və əksər partiyalarda cəmiyyət barədə təsəvvürlər ya partiyanın daxilindəki ab-hava ilə eyniləşdirilir, ya da bu, onları sadəcə maraqlandırmır. Bu səbəbdən də ortaya atılan populist ideya və çağırışlar da bir sıra hallarda əks-effekt verir, bəzən isə müxalifəti cəmiyyət qarşısında gülünc vəziyyətə qoyur;
4. Müxalifət partiyaları bir-birilə mübarizəyə daha çox güc, enerji, vaxt və resurs sərf edir, nəinki iqtidarla mübarizəyə. Belə təəssürat yaranır ki, mübarizə iqtidar yox, müxalifət olmaq uğrunda gedir, bu isə tamamilə fərqli mübarizə müstəvisində olmaq deməkdir. Daha dəqiq desək, siyasi mübarizə müstəvisindən kənarda olmaq;
5. Son illər uzunmüddətli mübarizə təcrübəsinə malik olan onlarla, yüzlərlə üzvünü və tərəfdaşını itirmiş müxalifət partiyaları təkcə kəmiyyətcə deyil, həm də keyfiyyətcə xeyli geriləyib. Bu isə həm də onun cəmiyyətdəki sosial bazasını nəzərə çarpacaq dərəcədə daraldıb;
Başqa amilləri də göstrəmək olardı, amma fikrimcə hətta bütün bunlar da müxalifətin vəziyyətini ümidsiz eləmir, onu ümidsiz duruma salan israrla yanlış addımlar atmaqda davam etməsidir.
Vəziyyətin yuxarıdakı qısa təsviri mövcud şəraitdə istənilən ölkədə müxalifətdən aşağıdakı addımları atmağı tələb edir(di):
- Seçkilərin saxtalaşdırılacağına əmin olaraq belə seçkidə mütləq iştirak etmək zəruri idi. Ona görə ki, hal-hazırki şərait (yuxarıda qeyd etdiyim kimi) əvvəlkilərdən əsaslı şəkildə fərqlənir və deməli, ona uyğun da taktika işləmək və müxalifətdaxili anlaşma əldə edərək, maksimum sayda namizədlə və vahid düşərgə şəklində seçkiyə qatılmaq;
- seçki kampaniyasını namizədlərin özü tərəfindən "evdən-evə" sxemi üzrə həyata keçirməklə maksimal sayda seçicini (əhalini) əhatə etmək və onları ölkədə baş verməsi həm zəruri, həm də qaçılmaz olan dəyişikliklərə hazırlamaq;
- heç bir halda müxalifətdaxili münaqişələrə yol verməmək;
- seçki kampaniyası üçün bütün bu məsələlərə dair müntəzəm qısa videoçarxlar və müraciətlər hazırlayıb yaymaq;
- mediada (o cümlədən də sosial mediada) durmadan dəyişikliklər olacağını vurğulamaqla cəmiyyətdə müvafiq əhvalı formalaşdırmaq;
- seçkilər saxtalaşdırılacağı halda ölkədə inqilabi dəyişikliklərin baş verəcəyini gündəmdən düşməyə qoymamaq, saxtakarlıq olduğu halda isə (bizdə bu, qaçılmazdır və son bələdiyyə seçkiləri də ona əyani sübutdur) etirazlara start vermək və s.
Amma bu gün Azərbaycanın müxalif düşərgəsinə nəzər salsaq, orada müşahidə olunan bundan tamamilə fərqli bir mənzərədir: Müsavat və REAL seçkidə iştiraka, Milli Şura (AXCP+) isə onlarla mübarizəyə start verib. Belə qeyri-siyasi mübarizə isə son nəticədə yalnız hakimiyyətin maraqlarına və onun ömrünün uzadılmasına xidmət edən texnologiyadır. Bu texnologiyada iştirak etməyin səbəblərinin məqsədli və ya kor-koranə olması isə başqa bir müzakirənin predmetidir.
Amma bir məqam artıq bu gün aydındır: biz bu dərsi artıq keçmişik, özü də dəfələrlə...
(davamı var)
No comments:
Post a Comment