- Ərəstun bəy, baş nazir Novruz Məmmədov istefa verdi və dərhal yerinə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təyin olundu. Sizcə, bu istefanın və təyinatın arxasında hansı görünən və görünməyən səbəblər dayanır?
- Əvvəla, Novruz Məmmədov istefaya göndərildi desək, məncə daha dəqiq olar və Əli Əsədovun da siz deyən kimi, dərhal təyin olunması da onu göstərir ki, hər şey artıq hazır imiş, qalıbmış həmin o, “ev tapşırığını” reallaşdırmaq. Səbəblərə gəlincə, burda görünən səbəblər görünməyənlərdən müqayisə olunmaz dərəcədə az olduğundan daha çox ehtimallara söykənmək lazım olacaq. Əlbəttə ki, söhbət bugünkü siyasi konyunkturanı əks etdirən reallığa söykənən ehtimallardan gedir. Bu mənada ilk diqqətçəkən məqam baş nazirin dəyişdirilməsinin hansı dövrə təsadüf etməsidir. Bu gün ölkənin media məkanında Azərbaycan-Rusiya münasibətləri ətrafında sözün həqiq mənasında bir toy-bayram əhvalı duyulur. Söhbət əlbəttə ki, ilk növbədə rəsmi mediadan və hakimiyyətə yaxın informasiya resurslarından gedir. Putn – Əliyev görüşü, İlham Əliyevin Qarabağ haqqında nida (!) işarəli bəyanatı, 2 ölkə arasında münasibətlərin guya, keyfiyyətcə yeni mərhələyə keçməsi və s. kimi mövzular ətrafında gedən və bəzən absurd həddə çatan müzakirələr bir sıra çox maraqlı mətləblərdən xəbər verir. Bu yerdə onu qeyd edim ki, şəxsən mənim üçün bütün bunlar nəinki sürpriz deyil, əksinə, 2 il yarım əvvəl “Azadlıq” radiosuna və ilyarım əvvəl də şəxsən sizə müsahibəmdə söylədiyim mümkün dinamikanın artıq aydın görünən təzahürləridir. Xatırladım ki, o zaman Azərbaycanda Rusiya təsirinin daha da artacağını, ölkənin digər xarici partnyorlarından təcrid olunacağını və son nəticədə də bütün bunların Azərbaycanda siyasi hakimiyyətin dəyişməsilə yekunlaşacağını demişdim. Bu gün bir daha eyni fikirləri təkrar edirəm və o zaman olduğu kimi, bu gün də deyirəm ki, əgər Azərbaycanda siyasi hakimiyyət Rusiyanın təsirilə dəyişəcəksə, buna da çox qısqanc yanaşmaq lazım deyil, çünki əvvəla, buna alternativ yoxdur, ikincisi də önəmli olan indiki “siyasi bataqlığın” tərpənməsinə təkan verəcək istənilən bir dəyişiklikdir, onun necə və kimin təsirilə baş verəcəyi yox. Xüsusilə də onun baş verməsi üçün zəruri olan təsir baxımından seçim imkanı olmayanda. Bəli, bu gün artıq əminliklə Azərbaycanın tam Rusiya təsir dairəsində olduğunu demək olar və ölkədə baş verən bütün görünən və ilk baxışdan görünməyən dəyişikliklərin də hamısı məhz həmin təsirdən qaynaqlanır. Bu yerdə haşiyə çıxmaq istərdim ki, bir vaxtlar mövcud olmuş Qərb-Rusiya rəqbəti indi artıq yalnız tarix kimi nəzərdən keçirilə bilər, reallıq isə tamamilə başqadır. Burda da təbii bir sual ortaya çıxır ki, baş nazirin kim olması bu mənada beləmi əhəmiyyətlidir? Cavab verirəm: bəli, hətta baş nazir postunun həm de jure, həm də de facto siyasi baxımdan nominal post olmasına rəğmən, bu, yetərincə təsiri olan bir postdur və həmin postda kimin əyləşməsi siyasi intriqalar baxımından kifayət qədər önəmlidir. Bu mənada da Əli Əsədov ya Rusiyaya daha loyal olduğu, ya da ssenariyə daha çox uyğun gəldiyi üçün baş nazir postuna məsləhət görülüb. Bundan başqa, yeni baş nazir mövcud siyasi konyunkturanın bütün zəruri tələblərinə cavab verir: dövlət dilində yumşaq desək, çox zəif danışır (belə görünür ki, dilimizə bir o qədər də sayğısı yoxdur, əks halda yüksək dövlət postlarında çalışdığı 20-25 ildə onu heç olmazsa bir çox xarici diplomatların mənimsədiyi səviyyədə öyrənərdi), bundan əvvəl prezidentin iqtisadi məsələlər üzrə müşaviri və sonra da iqtisadi məsələlər üzrə köməkçisi postlarında çalışıb və deyilənlərə görə, həm də Rusiyaya yetərincə loyaldır. İstisna eləmirəm ki, başqa səbəblər də var əlbəttə, amma fikrimcə, göstərdiyim amillərin bu dəyişikliyə az təsiri olmayıb.
- Bu təyinatı hakimiyyətdaxili klanlardan birinin yüksək postlardan birində qələbəsi kimi qələmə verirlər. Əli Əsədov necə biri kimi tanınır və onun hansı klanla daha yaxşı münasibətləri mövcuddur? Yəni hansı klanın üzvüdür?
- Azərbaycan hakimiyyətinin daxilində gedən və günü-gündən sərtləşən klanlararası mübarizədə qələbə və qalıb yoxdur. Hamı uduzur – ölkə də, onun vətəndaşları da, öz aralarında mübarizəyə cəlb olunmuş qruplar da. Səbəb isə budur ki, həmin mübarizə ölkənin onsuz da kövrək olan, heç bir fundamental hüquqi dayaqlara və mexanizmlərə söykənməyən, hakimiyyət qanadları arasında heç bir səlahiyyət bölgüsü olmayan siyasi sisteminin olan-qalan müxanizmlərini də sürətlə sıradan çıxarmaqdadır. Yəni, hərhansı bir qrupun hakimiyyət ierarxiyasında yüksək post əldə etməsi hətta qısa vadəli baxdıqda da qələbədən daha çox ilğım effektidir, illüziyadır. Bütün bu tip mübarizələr həmin qrupları bir-birindən daha da uzaqlaşdırır, onların bir araya gələ bilməsini getdikcə daha da çətinləşdirir və hakimiyyət daxilində baş vermiş çatı bir qədər də dərinləşdirir. Bura hakimiyyətdaxili mübarizə fonunda sosial-iqtisadi vəziyyətin durmadan ağırlaşmasını, özbaşınalığın və xaosun artmasını və parallel olaraq, ölkədəki olan-qalan müxalifət partiyalarının da məqsədyönlü dağıdılmasını əlavə etsək, ölkənin təhlükəli bir boşluğa və xaosa sürükləndiyini deyə bilərik. Bu isə son nəticədə hər kəs üçün məğlubiyyət, daha dəqiq desək, fəlakət demək olardı. Əli Əsədovun necə tanınmasına gəlincə, fikrimcə o, hər zaman daha çox kölgə fiquru kimi qalmağa çalışdığından xüsusi diqqətçəkən olmayıb və siyasi terminologiya ilə ifadə etsək, daha çox texnokrat təəssüratı bağışlayıb. Bu adamın hətta kifayət qədər əhatəli olan şəxsi biznesi haqda da ölkə mətbuatında elə də çox danışılmayıb, yazılmayıb. Eyni zamanda, Əli Əsədov hərhansı bir uğura imza atmış şəxs kimi də gündəmdə olmayıb, əksinə, fiaskoya uğramış “Bayraq Meydanı” layihəsi ilə və İlham Əliyev hakimiyyətinin ən uğursuz naziri olmuş, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun himayəçisi kimi adı hallanmış məmurdur. İstisna eləmirəm ki, hansısa qrup bu təyinatdan yararlanmağa çalışıb və ya çalışacaq, amma eyni zamanda onun təyinatında daha çox xarici amilin rolunun olduğunu düşünürəm.
- Əli Əsədovun Eldar Mahmudovla qohumluq əlaqələrinin olduğu deyilir. Amma Eldar Mahmudov vurulan ərəfədə Əli Əsədov ziyan görmədi. Və hətta həmin vaxtlarda prezidentin köməkçisi təyin olundu. Sizcə, Əli Əsədov həmin proseslərdən özünü necə sığortalaya bilib?
- Qohumluq əlaqəsi haqda deyə bilmərəm, amma düşünmürəm ki, Eldar Mahmudov həmin posta Əli Əsədovun təqdimatı və ya dəstəyilə gətirilmişdi. Mahmudovun güc strukturlarından birinin başına gətirilməsi hələ İlham Əliyevin atasının hakimiyyəti dövründəki təşəbbüsü olub. O zaman onu daha çox DİN-nin rəhbəri etmək istəyi vardı və Eldar Mahmudov bu məqsədlə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəis də gətirilmişdi, amma bildiyim qədər, nazir Ramil Usubovun və Ramiz Mehdiyevin təkidilə həmin postdan uzaqlaşdırıldı. İlham Əliyev o zaman artıq Heydər Əliyevdən sonra hakimiyyətə gəlməyə hazırlaşırdı və ona güc strukturlarında ciddi dayaqlar lazım idi. Bu məqsədlə də hələ Moskvada yaşadığı dövrlərdən tanıdığı Eldar Mahmudovu gələcəkdə hakimiyyətini qorumalı olan güc strukturu rəhbəri kimi görürdü. Xoşbəxtlikdən Mahmudova DİN orqanlarında irəli getməyə imkan verilmədi, daha doğrusu, o, qısa zamanda bu nazirlikdən kənarlaşdırıldı, yoxsa polis kimi güclü və təsirli bir struktura rəhbərlik etməklə onun nələr törədə biləcəyini təsəvvür eləmək belə qorxuludur. Bu plan baş tutmadıqda isə Mahmudov MTN rəhbəri təyin olundu və bunun nəticəsində ölkənin ən intellektual dövlət qurumunun hansı əməllərə cəlb olunduğunu, necə kriminallaşdığını yenidən xatırlatmağa məncə ehtiyac yoxdur. Azərbaycan həmin təyinatın ağrı-acısını çəkməkdədir və hələ çox çəkəcək. Odur ki, Əli Əsədovun bu təyinatda hansısa xüsusi rolunun olduğunu düşünmürəm, çünki elə olsaydı, onun üçün “xilas olmaq” xeyli çətin olardı.
- Novruz Məmmədovun vurulmasının səbəbi nədir? Versiyalardan biri istefaya Novruz Məmmədovun son verdiyi müsahibənin səbəb olduğu deyilir. Yəni bunun əslində istefa olmadığı da söylənilir. Deyilənə görə istefa ərizəsi yazmaq üçün tapşırıq yuxarıdan gəlib. Sizcə, hakimiyyət Novruz Məmmədov kimi sadiq bir kadrından belə rahatlıqla imtina edəcəkmi?
- Səbəblər çox müxtəlif ola bilər, amma yenə də o fikirdə qalıram ki, əsas səbəb Əli Əsədovu həmin vəzifəyə gətirmək olub. Belə görünür ki, bu, qaçılmaz bir şərt olub. İstefa olmadığını elə ilk sualınıza cavab verərkən mən də bildirmişəm. Novruz Məmmədovun son müsahibəsinə gəldikdə, həmin müsahibə ilə tanışam, amma o müsahibədə baş nazir postundan kənarlaşdırılmaq üçün elə bir ciddi səbəb yox idi. Həmin müsahibədə Novruz Məmmədov hər bir azərbaycanlının öz ölkəsi, xalqı haqda deməli olduğu, deyə biləcəyi fikirləri səsləndirib. Bəlkə də mən öz meyarlarımla yanaşdığımdan belə düşünürəm və ya əsas qıcıq yaradan müsahibənin məhz ailə tərəfindən sevilməyən “Space” telekanalına verilməsi olub, amma istənilən halda səbəbin bu müsahibə olduğu mənə inandırıcı görünmür. Hakimiyyət mətbəxində hazırlandığı açıq-aydın görünən və bir çox media vasitələrində yayılmış yazıda deyilir ki, Novruz Məmmədov işinin öhdəsindən gəlməyib. Bəli, Novruz Məmmədov baş nazir olduğu qısa müddətdə qeyri-populyar qərarlarla və onların bəzilərinin sonradan ləğv olunması ilə yadda qaldı, amma Azərbaycanda baş nazirin səlahiyyətləri hansısa uğurlu addımlar atmağa, nəyəsə nail olmağa da imkan vermir. Yuxarıda qeyd etdiyim kimi, bu, nominal postdur, çünki ali icra hakimiyyətinin başçısı olan prezident bütün icra qurumlarının, o cümlədən də nazirliklərin, komitələrin və dövlət şirkətlərinin fəaliyyətinə ya birbaşa özü rəhbərlik edir, ya da bunu köməkçisinin və ya mühafizəçisinin vasitəsilə həyata keçirir. Bundan başqa, ölkənin iqtisadi inkişafı ilə bağlı məsələlər də onun səlahiyyətlərinə aiddir. Belə olduğu halda baş nazir postu faktiki olaraq, formal mövcud olan vəziyifəyə çevrilir. İronik bir vəziyyət alınır: prezidentin köməkçisi və xüsusilə də onun mühafizə rəisi ölkənin yüksək siyasi postlar tutan rəhbərlərindən daha təsirli fiqura çevrilir. Belə olduqda isə baş nazir faktiki “toy generalına” çevrilir. Yəqin yadınızdadır, Novruz Məmmədovdan əvvəlki baş nazir Artur Rasizadəni ölkə əhalisi hətta unutmuşdu da. Qaldı hakimiyyətin ondan imtina edib-etməyəcəyinə, düşünürəm ki, bu, artıq elə də əhəmiyyətli məsələ deyil. Bəlkə elə Novruz Məmmədovun özü üçün də. Hər halda, onun yuxarıda qeyd etdiyimiz müsahibəsində özü də vəzifəyə can atan insan olmadığını dəfələrlə vurğulayıb. Üstəlik də ölkənin baş naziri kimi formal da olsa yüksək bir postu tutmuş şəxsin bundan aşağı və ya ola bilsin xeyli aşağı vəzifəyə gedə biləcəyi nə dərəcədə inandırıcıdır? Bilmirəm, yəqin ki, bu sualın ən dəqiq cavabını yalnız Novruz Məmmədovun özü verə bilər.
- Əli Əsədovun təyinatı nəyi dəyişəcək? Ölkədə, hakimiyyətdaxili siyasətdə hansı dəyişikliklər, yeniliklər olacaq?
- Bu təyinat ölkənin sosial-iqtisadi inkişafında heç nəyi dəyişməyəcək. Azərbaycanda nə normal bazar iqtisadiyyatı var, nə onun fəaliyyət göstərməsi üçün hüquqi şərait, nə də həmin şəraiti təmin edə biləcək dövlət və hakimiyyət institutları. Bazar iqtisadiyyatının fəaliyyəti üçün hüquqi mexanizmlərin işləkliyini qoruyan, mülkiyyət toxunulmazlığını, azad rəqabət mühitini təmin edən müstəqil məhkəmə sistemi yoxdursa, hansı yeniliklərdən və ya dəyişikliklərdən danışmaq olar?! Əgər ölkənin ali qanunverici orqaninda yeni baş nazirin təyinatına bir nəfər də olsun nəinki etiraz eləmir, hətta bitərəf qalmırsa bu, ölkədəki hakimiyyət bölgüsünün necə acınacaqlı bir durumda olduğunu əks etdirən real mənzərədir. Digər tərəfdən, uzun illər boyu prezidentin iqtisadi məsələlər üzrə müşaviri və sonra da iqtisadi məsələlər üzrə köməkçisi vəzifələrində çalışmış şəxs həmin dövrlərdə heç bir iqtisadi yeniliyə, inkişafa nail ola bilməyibsə, heç bir real səlahiyyətləri olmayan baş nazir postunda ondan nəsə gözləməyə dəyərmi? Əlbəttə ki, dəyməz və burda söhbət heç şəxslərdən də getmir, sistem budur, onun xarakteri, fəaliyyət prinsipləri və mexanizmləri yeniliyə, inkişafa xidmət edə bilməz. Sistem dəyişməyəcəksə, ölkədə əsaslı hüquqi, siyasi və iqtisadi islahatlar həyata keçirilməyəcəksə, institusional hakimiyyət bölgüsü təmin olunmayacaqsa, mülkiyyətin statusu müəyyən olunmayacaqsa və atılan bütün addımlar yalnız səmərəliliyini tam itirmiş ierarxiyanı qorumağa xidmət edəcəksə, artıq bütün əlamətlərilə açıq-aydın görünən sistem böhranı da öz məntiqi sonluğunadək davam edəcək. Bu halda da bölgəni nəzarətində saxlamaq istəyən xarici güclər üçün Azərbaycanı istədiyi istiqamətə yönəltmək hətta indikindən də qat-qat asan olacaq. Xüsusilə də onlara loyal şəxslərin aşağıdan yuxarı bütün hakimiyyət strukturlarına yerləşdirilmiş olduğu halda. Hal-hazırda Rusiyanın Azərbaycan da daxil olmaqla, əksər postsovet ölkələrdə həyata keçirdiyi plan məhz belə görünür. Həmin plan baş tutandan sonra isə yüksək ehtimalla, varlanmış, şişmiş və klanlaşmış oliqarxiyaya ehtiyac olmayacaq, çünki siyasi və iqtisadi dayaqları zəif olan hakimiyyətləri idarə etmək daha asandır.
No comments:
Post a Comment