Sunday, March 31, 2019

Azərbaycan yolayrıcında

Neft hasilatının və neft qiymətlərinin yüksək olduğu dövrdə özünü beynəlxalq aləmlə və xarici ölkələrlə siyasi əməkdaşlıqdan maksimum təcrid edən Azərbaycan hakimiyyəti prioritetləri olmayan xarici siyasətini "balanslaşdırılmış" ifadəsilə pərdələyirdi. Hələ o zaman biz də daxil olmaqla siyasi ekspertlərin bir çoxunun "bu, prioritetsiz xarici siyasət ölkəni təkcə təcrid etməyəcək, hətta çarpaz "atəş" altına atacaq" xəbərdarlığını heç cür qəbul etmək istəmirdi və bu da təbii idi. On milyardlarla neft gəlirlərinin mənimsənilməsi müttəfiqlik qurmaq, tərəfdaşlar qazanmaq, ölkənin maraqlarını qorumaq üçün onu mühüm beynəlxalq institut və qurumlara inteqrasiya etmək kimi məsələlərdən daha önəmli idi. Amma neft erasının bitməsilə üst-üstə düşən qlobal siyasi mənzərənin kəskin dəyişməsi öz fəsadlarını göstərdi. O zaman söylədiyimiz də elə bu gün baş verənlərdir. Bəs Azərbaycanda, onun ətrafında və dünyada bu gün nə baş verir ki, biz onların yaratdığı təhdidləri nəzərə almaya bilmərik? İlk baxışdan sadə görünən bu suala cavab tapmağa çalışaq.
Bir qədər əvvəl Azərbaycan rəhbərliyi yuxarıdan qeyd etdiyim kimi, yalnız sözdə mövcud olmuş "Balanslaşdırılmış xarici siyasət kursunun" başa çatdığını bəyan etdi. Deməli indi Azərbaycan tərəflərdən birini seçməlidir. Amma 2000-2010 illərin ortalarında həmin "tərəflər" əsasən 2 idisə (Qərb və Rusiya), bu gün onların sayını müəyyən etmək belə asan deyil. Əlbəttə ki, bizi ilk növbədə Cənubi Qafqaz bölgəsində maraqları olan və oraya can atan güclər maraqlandırmalıdır. Amma hətta bu halda da global geosiyasi amilləri və tendensiyaları nəzərə almamaq mümkün olmayacaq. Əvvəla, onu qeyd edək ki, nə dərəcədə təəccüblü səslənsə də, artıq vahid Qərb yoxdur. Donald Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-ın yürütdüyü özünütəcrid siyasəti (buna "antiqlobalizm" də demək olar) bu ölkənin ilk növbədə Avropa Birliyi və eyni zamanda NATO üzvü olan müttəfiqlərilə münasibətlərinə ciddi xətər yetirdi və tərəflər arasındakı ziddiyyətlər bu gün də durmadan dərinləşməkdədir. Bu isə İkinci Dünya Müharibəsindən sonrakı 70 il ərzində qlobal təhlükəsizliyə mühüm töhfələr vermiş Avroatlantik təhlükəsizlik sisteminin laxlaması deməkdir. Təsadüfi deyildi ki, Donald Trampın ABŞ prezidenti qismində ilk dəfə iştirak etdiyi NATO sammitindən həmən sonra Almaniya kansleri Angela Merkel "Son günlər biz əmin olduq ki, Avropa öz təhlükəsizliyi haqda özü düşünməlidir" bəyanatını verdi. ABŞ liderinin Brexiti dəstəkləməsi, Avropadakı sağ radikallara açıq simpatiya ifadə etməsi və bir sıra Avropa ölkələrinin liderlərinə (Fransa və Baltikyanı ölkələr) Avropa Birliyindən çıxmaq təklifi verməsi bu dezinteqrasiyanın ilk baxışdan göründüyündən daha ciddi və daha dərin olduğuna işarə edir. Əslində belə bir dinamika müəyyən şərtlər çərçivəsində bir sıra Avropa ölkələrini də qane edir. Məsələn, İkinci Dünya Müharibəsindən sonra qlobal siyasətdən kənarlaşdırılmış Almaniya üçün bu, bir növ qlobal gücə çevrilə bilmək mənasında tarixi şans deməkdir. Xüsusilə də onun bugünkü iqtisadi qüdrəti, texnoloji inkişaf templəri və müsbət beynəlxalq imici çərçivəsində. Bu məsələdə tərəfdaş olaraq Almaniyanı seçmək həm də Fransanın marağındadır. Nüvə dövləti və BMT TŞ-nın daimi üzvü olan Fransa Brexitdən sonra Almaniya ilə birlikdə eyni dividendləri əldə etmiş olur. Başqa sözlərlə, qlobal güc mərkəzlərindən birinin "həmtəsisçisinə" çevrilir. Bu isə hər iki dövlət üçün tamamilə yeni, fərqli status və imkanlar deməkdir. Təsadüfi deyil ki, iki ölkə artıq həmin istiqamətdə real addımlar atmağa da başlayıb. Məsələn, Almaniya ilə Fransa arasında 5-ci nəsil qırıcı-bombadmançı təyyarələrin və müasir tankların birgə istehsalı barədə anlaşma əldə olunub. Amma Tramp administrasiyasının xarici siyasətindəki ABŞ üçün yeni çalarlar bununla bitmir. Rusiya, Çin, Türkiyə və İran kimi ölkələrlə də eyni zamanda təzyiq və sanksiyalar dili ilə danışan ABŞ özünü təcrid etməklə yanaşı, həm də əvvəllər təsəvvür etmək belə mümkün olmayan yeni tərəfdaşlıq bloklarının yaranmasına təkan verir.
Belə bloklardan biri də Azərbaycanı və Cənubi Qafqazı əhatə edən Rusiya-Türkiyə-İran üçbucağıdır. Aralarındakı bütün ziddiyyətlərə rəğmən, bu, 3 ölkə bir məsələdə - ABŞ-ın artan təzyiqlərinə müqavimət göstərməkdə tərəfdaş olmağa məcburdur. Hələ 2 il bundan əvvəl bu geosiyasi konstruksiyanı "Azərbaycan üçün Bermud üçbucağı" adlandırmışdım. Bugünkü vəziyyətdə rəsmi Bakı həmin üçbucağa qarşı hansı alternativi seçə bilər? İlk növbədə bunu qeyd edək ki, alternativə ehtiyac var, çünki üçbucaq ölkələrinin Azərbaycana münasibətindəki sinxron neqativ çalarlar özünü açıq şəkildə göstərməkdədir. Məsələn, 3 ölkə prezidentinin bu il fevralın 14-də baş tutan Soçi görüşündə Qarabağ münaqişəsinin gündəliyə daxil edilməməsi və görüşün ardınca Azərbaycana qarşı atılan addımlar bunu söyləməyə əsas verir. Görünür, elə bu səbəbdən də (həmçinin hakimiyyətdaxili siyasi və sosial-iqtisadi səbəblərdən) Azərbaycan hakimiyyəti (daha dəqiq desək, onun bir hissəsi) daxili siyasətdəki davranışının kəskin şəkildə dəyişməsi imitasiyasına başladı. Amma bu, heç də Rusiya-Türkiyə-İran üçlüyü ilə münasibətlərin yaxşılaşdırılmasına hesablanmış addımlar deyildi. Azərbaycan Avropa Birliyi ilə illər boyu bütün mümkün olan yollarla yayındığı tərəfdaşlıq sazişini imzalamağa hazır olduğu mesajını verdi, Avropa institutlarının siyasi məhbus hesab etdiyi şəxslərin 52 nəfəri əfv edildi, İlham Əliyev xalqla daha yaxından ünsiyyətə başladı. Bu, hakimiyyətdaxili parçalanmanın əlaməti olmaqla yanaşı, həm də parçalanmış tərəflərin müxtəlif (bəlkə də diametral zidd) xarici siyasət prioritetləri, daha dəqiq desək, vektoru olmasının siqnalları idi. Bu siqnallardan biri də İlham Əliyev Avstriya səfərinə yollanan kimi onun təzəcə əfv etdiyi keçmiş siyasi məhbuslara təzyiqlərin (o cümlədən 2 həftə əvvəl həbsdən azad olunmuş "heykəl məhbusu" Bayram Məmmədova 1 aylıq inzibati həbs cəzasının verilməsi) başlanması oldu. İstisna deyil ki, bunlar həm də daha böyük müqavimətin ola biləcəyinə eyham vuran və İlham Əliyevin birbaşa özünə ünvanlanan mesajdır.
Maraqlıdır ki, İlham Əliyevin Avstriya səfəri ilə eyni vaxtda ona yaxın sayılan bir qrup MM üzvü də Vaşinqtona səfər etdi və qrupun üzvü Səməd Seyidov ABŞ-dan ölkədə keçirildiyini iddia etdiyi islahatlara dəstək istədi. Deputat Asim Mollazadə isə bir qədər də uzağa gedərək, qeyd etdi ki, dəyiçikliklər üçün islahatçılar lazımdır və bu mənada gəncliyə ABŞ-dan və Avropadan dəstək verilməlidir, bizə hər şeyə nəzarət etmək kimi sovet ənənəsinə bağlı olmayan məmurlar lazımdır. Deputat Mollazadənin hansı gəncliyə və hansı sovet tipli məmurlara eyham vurduğunu isə anlamaq heç də çətin deyil. Amma sual olunur ki, bu gün Vaşinqtonun Azərbaycana marağı nə dərəcədə böyükdür və o maraq ümumiyyətlə varmı? Başqa bir sual da Vaşinqtonda İsrailin vassalı kimi tanınan bir ölkəyə münasibətin necə olmasıdır, çünki bugünkü ABŞ siyasətində İsrailin özünə münasibət heç də birmənalı deyil. Nəhayət, deputatların keçirdikləri görüşlərin formatı da ən azı elə həmin iki məqamı bir daha açıq təsdiqlədi: Azərbaycana maraq yox dərəcəsindədir və deputatlar keçirdikləri görüşlər, verdikləri məlumatlarla da bəlkə də bilmədən (!?) Azərbaycanı elə vassal dövlət kimi təqdim etdilər. Bunu isə Azərbaycan hakimiyyətinə yaxın medianın yaydığı məlumatlardan da açıq-aydın görmək olar: deputatlar Vaşinqtonda İsrail lobbiçilərindən savayı faktiki olaraq heç bir ABŞ siyasi dairələri ilə görüşməyiblər. Amma elə həmin vaxt Nyu Yorkda erməni icması qarşısında çıxış edən Ermənistanın Müdafiə naziri Tonoyanın Azərbaycanı yeni ərazilərin işğalı ilə hədələməsi də nəzərdən qaçmamalıdır. Yüksək ehtimalla, Tonoyan Rusiyanın mesajını verirdi.
İnd isə qayıdaq Azərbaycanın Avropa Birliyi ilə mümkün əməkdaşlığının perspektivlərinə. Yuxarıda qeyd etdiyim kimi, bu gün ABŞ-la kifayət qədər soyuq münasibətlərdə olan Avropa Rusiya ilə münasibətlərini maksimal dərəcədə balanslaşdırmağa çalışır, çünki təsirli hərbi və siyasi güc mərkəzinə çevrilənədək Avropa ya mümkün Rusiya təhdidlərindən qorunmalı, ya da ABŞ-ın "yanına qayıtmalıdır". Amma belə görünür ki, Avropada bütün risklərə baxmayaraq, ikinci yolu seçiblər. Bu mənada kansler A. Merkelin ABŞ vitse-prezidenti M. Pensə Rusiya ilə enerji əməkdaşlığının (həmçinin də Çin və İranla əməkdaşlığın) davam etdiriləcəyilə bağlı sərt mesajı elə məhz həmin mətləbdən xəbər verir. Belə olduğu halda isə Avropa Rusiyanın öz maraq dairəsi saydığı bölgələrə, o cümlədən də Azərbaycana münasibətində kifayət qədər ehtiyatlı olacaq. Məsələn, Azərbaycanla tərəfdaşlığı rəsmiləşdirmək üçün qeyri-məqbul şərtlər irəli sürəcək və ya sadəcə, məsələni uzadacaq. Eynilə Azərbaycanın illər boyu etdiyi kimi...
Bütün bunları və son illər ölkənin həm iqtidar, həm də qismən müxalif siyasi kəsiminə Rusiya təsirlərinin artmasını nəzərə alaraq, bu gün də demək olar ki, Azərbaycanın siyasi gələcəyi daha çox Rusiyadan asılıdır. "Bu gün də" ona görə deyirəm ki, bu fikri hələ 2017-ci ilin iyununda Azadlıq Radiosuna müsahibəmdə söyləmişdim.
http://arastunorujlu.blogspot.com/2017/06/azadliq-radiosun-son-musahibm.html
Təəssüf ki, 2 ildən sonra fərqli qənaətə gəlmək üçün heç bir əsas görmürəm. Əksinə...       

No comments:

Post a Comment