Neft hasilatının və neft qiymətlərinin yüksək olduğu dövrdə özünü beynəlxalq aləmlə və xarici ölkələrlə siyasi əməkdaşlıqdan maksimum təcrid edən Azərbaycan hakimiyyəti prioritetləri olmayan xarici siyasətini "balanslaşdırılmış" ifadəsilə pərdələyirdi. Hələ o zaman biz də daxil olmaqla siyasi ekspertlərin bir çoxunun "bu, prioritetsiz xarici siyasət ölkəni təkcə təcrid etməyəcək, hətta çarpaz "atəş" altına atacaq" xəbərdarlığını heç cür qəbul etmək istəmirdi və bu da təbii idi. On milyardlarla neft gəlirlərinin mənimsənilməsi müttəfiqlik qurmaq, tərəfdaşlar qazanmaq, ölkənin maraqlarını qorumaq üçün onu mühüm beynəlxalq institut və qurumlara inteqrasiya etmək kimi məsələlərdən daha önəmli idi. Amma neft erasının bitməsilə üst-üstə düşən qlobal siyasi mənzərənin kəskin dəyişməsi öz fəsadlarını göstərdi. O zaman söylədiyimiz də elə bu gün baş verənlərdir. Bəs Azərbaycanda, onun ətrafında və dünyada bu gün nə baş verir ki, biz onların yaratdığı təhdidləri nəzərə almaya bilmərik? İlk baxışdan sadə görünən bu suala cavab tapmağa çalışaq.
Bir qədər əvvəl Azərbaycan rəhbərliyi yuxarıdan qeyd etdiyim kimi, yalnız sözdə mövcud olmuş "Balanslaşdırılmış xarici siyasət kursunun" başa çatdığını bəyan etdi. Deməli indi Azərbaycan tərəflərdən birini seçməlidir. Amma 2000-2010 illərin ortalarında həmin "tərəflər" əsasən 2 idisə (Qərb və Rusiya), bu gün onların sayını müəyyən etmək belə asan deyil. Əlbəttə ki, bizi ilk növbədə Cənubi Qafqaz bölgəsində maraqları olan və oraya can atan güclər maraqlandırmalıdır. Amma hətta bu halda da global geosiyasi amilləri və tendensiyaları nəzərə almamaq mümkün olmayacaq. Əvvəla, onu qeyd edək ki, nə dərəcədə təəccüblü səslənsə də, artıq vahid Qərb yoxdur. Donald Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-ın yürütdüyü özünütəcrid siyasəti (buna "antiqlobalizm" də demək olar) bu ölkənin ilk növbədə Avropa Birliyi və eyni zamanda NATO üzvü olan müttəfiqlərilə münasibətlərinə ciddi xətər yetirdi və tərəflər arasındakı ziddiyyətlər bu gün də durmadan dərinləşməkdədir. Bu isə İkinci Dünya Müharibəsindən sonrakı 70 il ərzində qlobal təhlükəsizliyə mühüm töhfələr vermiş Avroatlantik təhlükəsizlik sisteminin laxlaması deməkdir. Təsadüfi deyildi ki, Donald Trampın ABŞ prezidenti qismində ilk dəfə iştirak etdiyi NATO sammitindən həmən sonra Almaniya kansleri Angela Merkel "Son günlər biz əmin olduq ki, Avropa öz təhlükəsizliyi haqda özü düşünməlidir" bəyanatını verdi. ABŞ liderinin Brexiti dəstəkləməsi, Avropadakı sağ radikallara açıq simpatiya ifadə etməsi və bir sıra Avropa ölkələrinin liderlərinə (Fransa və Baltikyanı ölkələr) Avropa Birliyindən çıxmaq təklifi verməsi bu dezinteqrasiyanın ilk baxışdan göründüyündən daha ciddi və daha dərin olduğuna işarə edir. Əslində belə bir dinamika müəyyən şərtlər çərçivəsində bir sıra Avropa ölkələrini də qane edir. Məsələn, İkinci Dünya Müharibəsindən sonra qlobal siyasətdən kənarlaşdırılmış Almaniya üçün bu, bir növ qlobal gücə çevrilə bilmək mənasında tarixi şans deməkdir. Xüsusilə də onun bugünkü iqtisadi qüdrəti, texnoloji inkişaf templəri və müsbət beynəlxalq imici çərçivəsində. Bu məsələdə tərəfdaş olaraq Almaniyanı seçmək həm də Fransanın marağındadır. Nüvə dövləti və BMT TŞ-nın daimi üzvü olan Fransa Brexitdən sonra Almaniya ilə birlikdə eyni dividendləri əldə etmiş olur. Başqa sözlərlə, qlobal güc mərkəzlərindən birinin "həmtəsisçisinə" çevrilir. Bu isə hər iki dövlət üçün tamamilə yeni, fərqli status və imkanlar deməkdir. Təsadüfi deyil ki, iki ölkə artıq həmin istiqamətdə real addımlar atmağa da başlayıb. Məsələn, Almaniya ilə Fransa arasında 5-ci nəsil qırıcı-bombadmançı təyyarələrin və müasir tankların birgə istehsalı barədə anlaşma əldə olunub. Amma Tramp administrasiyasının xarici siyasətindəki ABŞ üçün yeni çalarlar bununla bitmir. Rusiya, Çin, Türkiyə və İran kimi ölkələrlə də eyni zamanda təzyiq və sanksiyalar dili ilə danışan ABŞ özünü təcrid etməklə yanaşı, həm də əvvəllər təsəvvür etmək belə mümkün olmayan yeni tərəfdaşlıq bloklarının yaranmasına təkan verir.
Belə bloklardan biri də Azərbaycanı və Cənubi Qafqazı əhatə edən Rusiya-Türkiyə-İran üçbucağıdır. Aralarındakı bütün ziddiyyətlərə rəğmən, bu, 3 ölkə bir məsələdə - ABŞ-ın artan təzyiqlərinə müqavimət göstərməkdə tərəfdaş olmağa məcburdur. Hələ 2 il bundan əvvəl bu geosiyasi konstruksiyanı "Azərbaycan üçün Bermud üçbucağı" adlandırmışdım. Bugünkü vəziyyətdə rəsmi Bakı həmin üçbucağa qarşı hansı alternativi seçə bilər? İlk növbədə bunu qeyd edək ki, alternativə ehtiyac var, çünki üçbucaq ölkələrinin Azərbaycana münasibətindəki sinxron neqativ çalarlar özünü açıq şəkildə göstərməkdədir. Məsələn, 3 ölkə prezidentinin bu il fevralın 14-də baş tutan Soçi görüşündə Qarabağ münaqişəsinin gündəliyə daxil edilməməsi və görüşün ardınca Azərbaycana qarşı atılan addımlar bunu söyləməyə əsas verir. Görünür, elə bu səbəbdən də (həmçinin hakimiyyətdaxili siyasi və sosial-iqtisadi səbəblərdən) Azərbaycan hakimiyyəti (daha dəqiq desək, onun bir hissəsi) daxili siyasətdəki davranışının kəskin şəkildə dəyişməsi imitasiyasına başladı. Amma bu, heç də Rusiya-Türkiyə-İran üçlüyü ilə münasibətlərin yaxşılaşdırılmasına hesablanmış addımlar deyildi. Azərbaycan Avropa Birliyi ilə illər boyu bütün mümkün olan yollarla yayındığı tərəfdaşlıq sazişini imzalamağa hazır olduğu mesajını verdi, Avropa institutlarının siyasi məhbus hesab etdiyi şəxslərin 52 nəfəri əfv edildi, İlham Əliyev xalqla daha yaxından ünsiyyətə başladı. Bu, hakimiyyətdaxili parçalanmanın əlaməti olmaqla yanaşı, həm də parçalanmış tərəflərin müxtəlif (bəlkə də diametral zidd) xarici siyasət prioritetləri, daha dəqiq desək, vektoru olmasının siqnalları idi. Bu siqnallardan biri də İlham Əliyev Avstriya səfərinə yollanan kimi onun təzəcə əfv etdiyi keçmiş siyasi məhbuslara təzyiqlərin (o cümlədən 2 həftə əvvəl həbsdən azad olunmuş "heykəl məhbusu" Bayram Məmmədova 1 aylıq inzibati həbs cəzasının verilməsi) başlanması oldu. İstisna deyil ki, bunlar həm də daha böyük müqavimətin ola biləcəyinə eyham vuran və İlham Əliyevin birbaşa özünə ünvanlanan mesajdır.
Maraqlıdır ki, İlham Əliyevin Avstriya səfəri ilə eyni vaxtda ona yaxın sayılan bir qrup MM üzvü də Vaşinqtona səfər etdi və qrupun üzvü Səməd Seyidov ABŞ-dan ölkədə keçirildiyini iddia etdiyi islahatlara dəstək istədi. Deputat Asim Mollazadə isə bir qədər də uzağa gedərək, qeyd etdi ki, dəyiçikliklər üçün islahatçılar lazımdır və bu mənada gəncliyə ABŞ-dan və Avropadan dəstək verilməlidir, bizə hər şeyə nəzarət etmək kimi sovet ənənəsinə bağlı olmayan məmurlar lazımdır. Deputat Mollazadənin hansı gəncliyə və hansı sovet tipli məmurlara eyham vurduğunu isə anlamaq heç də çətin deyil. Amma sual olunur ki, bu gün Vaşinqtonun Azərbaycana marağı nə dərəcədə böyükdür və o maraq ümumiyyətlə varmı? Başqa bir sual da Vaşinqtonda İsrailin vassalı kimi tanınan bir ölkəyə münasibətin necə olmasıdır, çünki bugünkü ABŞ siyasətində İsrailin özünə münasibət heç də birmənalı deyil. Nəhayət, deputatların keçirdikləri görüşlərin formatı da ən azı elə həmin iki məqamı bir daha açıq təsdiqlədi: Azərbaycana maraq yox dərəcəsindədir və deputatlar keçirdikləri görüşlər, verdikləri məlumatlarla da bəlkə də bilmədən (!?) Azərbaycanı elə vassal dövlət kimi təqdim etdilər. Bunu isə Azərbaycan hakimiyyətinə yaxın medianın yaydığı məlumatlardan da açıq-aydın görmək olar: deputatlar Vaşinqtonda İsrail lobbiçilərindən savayı faktiki olaraq heç bir ABŞ siyasi dairələri ilə görüşməyiblər. Amma elə həmin vaxt Nyu Yorkda erməni icması qarşısında çıxış edən Ermənistanın Müdafiə naziri Tonoyanın Azərbaycanı yeni ərazilərin işğalı ilə hədələməsi də nəzərdən qaçmamalıdır. Yüksək ehtimalla, Tonoyan Rusiyanın mesajını verirdi.
İnd isə qayıdaq Azərbaycanın Avropa Birliyi ilə mümkün əməkdaşlığının perspektivlərinə. Yuxarıda qeyd etdiyim kimi, bu gün ABŞ-la kifayət qədər soyuq münasibətlərdə olan Avropa Rusiya ilə münasibətlərini maksimal dərəcədə balanslaşdırmağa çalışır, çünki təsirli hərbi və siyasi güc mərkəzinə çevrilənədək Avropa ya mümkün Rusiya təhdidlərindən qorunmalı, ya da ABŞ-ın "yanına qayıtmalıdır". Amma belə görünür ki, Avropada bütün risklərə baxmayaraq, ikinci yolu seçiblər. Bu mənada kansler A. Merkelin ABŞ vitse-prezidenti M. Pensə Rusiya ilə enerji əməkdaşlığının (həmçinin də Çin və İranla əməkdaşlığın) davam etdiriləcəyilə bağlı sərt mesajı elə məhz həmin mətləbdən xəbər verir. Belə olduğu halda isə Avropa Rusiyanın öz maraq dairəsi saydığı bölgələrə, o cümlədən də Azərbaycana münasibətində kifayət qədər ehtiyatlı olacaq. Məsələn, Azərbaycanla tərəfdaşlığı rəsmiləşdirmək üçün qeyri-məqbul şərtlər irəli sürəcək və ya sadəcə, məsələni uzadacaq. Eynilə Azərbaycanın illər boyu etdiyi kimi...
Bütün bunları və son illər ölkənin həm iqtidar, həm də qismən müxalif siyasi kəsiminə Rusiya təsirlərinin artmasını nəzərə alaraq, bu gün də demək olar ki, Azərbaycanın siyasi gələcəyi daha çox Rusiyadan asılıdır. "Bu gün də" ona görə deyirəm ki, bu fikri hələ 2017-ci ilin iyununda Azadlıq Radiosuna müsahibəmdə söyləmişdim.
http://arastunorujlu.blogspot.com/2017/06/azadliq-radiosun-son-musahibm.html
Təəssüf ki, 2 ildən sonra fərqli qənaətə gəlmək üçün heç bir əsas görmürəm. Əksinə...
Sunday, March 31, 2019
Thursday, March 28, 2019
Əsrin cinayətini törədənlər niyə cəzasız qalmaqdadır?
2018-ci ilin əvəllərində Ermənistana casusluq saxta ittihamı ilə tutulan 6 hərbçinin işgəncələrdən öldüyünü yazmışdım. Bir müddət sonra bu mövzunun bir sıra media orqanlarında hallanmasına cavab olaraq, hərbi prokuror Xanlar Vəliyev artıq keçmiş APA agentliyinə müsahibəsində "satqınların" məhkəməsinin Novruz bayramınadək (2018-ci ilin) başlanacağını demişdi. Başqa sözlərlə, məhkəmə 1 il əvvəl başlamalı idi, amma bu günədək 1 nəfərin də casusluq ittihamı ilə bağlı mühakimə olunduğu məlum deyil. Əksinə,hərbçilərin öldürülməsinə reaksiyalar başqa bir məhkəmə prosesinin başlanmasına start verdi - saxta ittihamla həbs olunmuş hərbçilərə verilmiş işgəncələrin icraçısı olan digər hərbçilərin qapalı məhkəməsi. Bəli, məhz icraçıların. Həmin vaxt məsələni araşdıranda Bakıdakı mənbələr saxta ittihamla həbs olunanlara işgəncə verənlərin məhz Müdafiə Nazirliyinin xüsusi təyinatlıları olduğunu bildirmişdi və etiraf edək ki, bu, bizdə xeyli suallar doğurmuşdu. Amma zaman keçdi və məlum oldu ki, Azərbaycan Ordusunun saxta ittihamlarla həbs olunmuş hərbçilərinə işgəncələr verərək öldürənlər həqiqətən elə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin hərbçiləri olublar. Öz hərbçi yoldaşlarına sözün həqiqi mənasında vəhşicəsinə işgəncələr (bu işgəncələrin nədən ibarət olması haqda bir qədər sonra) verənlərin "hansı motivləri ola bilərdi?" və "həmin iyrənc işgəncələri icra edənlər belə vəhşiliyə necə sövq oluna bilərdi?" kimi suallar o dərəcədə anlaşılmazlıqlar yaradırdı ki, araşdırmanın hər addımında dönə-dönə bu qənaətə gəlirdik ki, bəlkə əldə etdiyimiz məlumatlar bizi əsas hədəflərdən yayındırmağa yönəlmiş məqsədyönlü dezinformasiyadır? Amma araşdırmamış göstərdi ki, xeyr, zərərçəkmiş əsgərlərə işgəncə verənlər məhz həmin Daxili Təhlükəsizlik İdarəsinin xüsusi təyinatlıları olub və işgəncələrə əmr verən də həmin idarənin rəisi, polkovnik Ramil Əkbərov olub. Bundan sonra Bakıda olduğumdan araşdırmanı daha dərindən və şəxsən aparmaq imkanı qazandım və hər dəfə əldə etdiyim məlumatlar məndə sözün həqiqi mənasında şok effekti yaradırdı. Amma əvvəlcə qayıdaq işgəncələrdən ölənlərin sayına və hərbçilərimizə verilmiş işgəncələrin xarakterinə. Həmin "casus əməliyyarı" dövründə Müdafiə Nazirliyinin 250-dən yuxarı hərbçisi Hərbi Prokurorluq tərəfindən Ermənistanın xeyrinə casusluqda şübhəli bilinərək istintaqa cəlb olunub. İstintaq zamanı onlardan 200 nəfərdən çoxu aldığı ağır fiziki və psixoloji travmalardan sonra faktiki əlillik durumuna çatdırılıb, 14 nəfər isə işgəncələr verməklə vəhşicəsinə qətlə yetirilib. İşgəncələrə məruz qalanların başına torba keçirilərək (işgəncə verənlərin öz əsgər yoldaşlarını üzdən tanıyaraq xüsusi qəddarlıq etməyəcəyindən ehtiyat edərək), əlləri-ayaqları bağlı vəziyyətdə ağır döyülməsindən tutmuş ac-susuz saxlanılmasına qədər, işgəncələr nəticəsində alınmış yaralara təkrar fiziki zərbələrdən tutmuş onların daxili orqanlarına butulka və digər cisimlərin yeridilməsinədək amansız və vəhşi əməllər törədilib. İşgəncələr zamanı əsgərlər öldükdə isə onların eybəcər hala salınmış cəsədlərini gizlincə gətirib (bir sıra hallarda ailələrinə belə öncədən xəbər vermədən) yaşayış yerlərindəki məzarlıqlarda dəfn ediblər. Amma bu da hələ məsələnin hamısı deyil Öldürülən hərbçilərin ailələri bir sıra hallarda Müdafiə Nazirliyinin rəsmiləri ilə yanaşı həm də yerli icra hakimiyyəti başçıları və polis rəsmiləri tərəfindən onlar səslərini çıxarsalar, daha pis vəziyyətə düşəcəklərilə təhdid olunublar. Qətlə yetirilmiş Azərbaycan hərbçilərinin bəzilərinin azyaşlı uşaqları "Vətən xaininin uşaqğı" adı ilə oxuduqları məktəblərdə psixoloji təzyiqlərə məruz qalmış, bəziləri isə hətta məktəbdən knarlaşdırılıblar. Və, bütün bunlar 21-ci əsrdə hüquqi dövlət adlandırılan Azərbaycan Respublikasında baş verib. Bundan başqa, saxta ittihamla həbs olunanların telefon zəngləri araşdırılarkən onlarla zəngləşmiş insanlar Hərbi Prokurorluq tərəfindən təhdid olunaraq külli miqdarda rüşvət verməyə məcbur ediliblər. Xatırladıram ki, söhbət yüzlərlə heç bir günahı olmayan insandan gedir. Heç bir halda istintaq adlandırıla bilməyəcəyimiz bu vəhşiliyə rəhbərlik edən və Rusiya ilə əlaqələri olan hərbi prokuror Xanlar Vəliyevin cinayətkar motivlərini anlamaq olar, amma sual olunur ki, bu quruma nəzarət səlahiyyətinə malik olan Respublika Prokurorluğu və şəxsən Baş prokuror Zakir Qaralov bütün bu cinayətlərə niyə göz yumub? Ölkənin digər hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizlik Xidməti niyə zamanında düşməncəsinə qətlə yetirilənlərin Ali Baş Komandanı olan dövlətin başçısını məlumatlandırmayıb? Əgər məlumatlandırıbsa, o zaman o, yəni, İlham Əliyev niyə tədbir görməyib və bu gün də həmin xinlərə qarşı hər hansı addım atacağı görünmür? Axı bu qətllər, işgəncələr bir neçə gün və hətta bir neçə həftə ərzində baş verməyib, aylar ərzində həyata keçirilib. Nəhayət, bu gün qətlə yetirilmiş hərbşilərin ailələrinin etirazları niyə eşidilmir?
Məsələ isə kifayət qədər sadədir. Bütün bu cinayətlər 2016-cı ilin aprelində Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlardan qaynaqlanır. Hələ o zaman ordunun real itkiləri və onların səbəbləri ictimai rəydən gizlədildi. İrəli gedən ordu hissələrinə nəinki dəstək olmamışdı, hətta onların koordinatları düşmənə ötürülmüşdü. Təbii ki, düşmənin hərbi müttəfiqi olan Rusiya vasitəsilə və bu "de facto" casusluq Müdafiə Nazirliyinin yüksək rəsmiləri tərəfindən edilmişdi. Məhz elə buna görə də həmin o saxta casusluq ittihamları verilən hərbçilərin hamısı Goranboy qarnizonunun hərbçiləridir. Deməli, satqınlar özünü qorumaq və ordunun ağır itkilərinin əsl səbəbini (özlərinin satqınlığını) gizlətmək üçün günahsız insanlara işgəncələr verməklə onların xəyanəti boynuna götürməsini istəmişdilər.O zaman başqa bir sual ortaya çıxır ki, əgər işgəncələr nəticəsində 14 insan ölübsə və 200-dən çoxu faktiki əlil edilibsə, bu işgəncələrə birbaşa rəhbərlik edənlər niyə həbs olunmurlar? Bunun cavabı isə çox sadədir: məsələ burasındadır ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, başqa sözlərlə baş cəllad, polkovnik Ramil Əkbərov Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bacısı oğludur və təbii ki, bütün bu amansızlığı dayısının tapşırığı olmadan həyata keçirə bilməzdi. Burdan da növbəti sual ortaya çıxır ki, Müdafiə Nazirliyində əsas söz sahibi olan, Rusiya general-qubernatoru Nəcməddin Sadıkov bu yolla kim(lər)in əsl satqın və xəyanətkar olması faktını gizlətməyə çalışırdı? Müdafiə Nazirliyindən Rusiyaya məxfi məlumatları kim ötürə bilərdi və ümumiyyətlə hərbi əməliyyatı sabotaj etməyə kimin səlahiyyəti və gücü çata bilərdi? Amma gürdüyümüz kimi, bütün bu suallar cavabsız qalmaqdadır və ən başlıcası da Azərbaycan Ordusuna qarşı törədilmiş ağlasığmaz miqyasda qeyri-insanı vəhşiliyə bu günədək İlham Əliyev niyə reaksiya vermir? Əminliklə deyə bilərik ki, bu sual da cavabsız qalacaq, amma bir şeyi də əminliklə deyə bilərik ki, biz, öz vətəndaşlıq borcumuzu anlayaraq bu dəhşətli cinayətin bütün detallarını açıqlamaqda davam edəcəyik, çünki cinayətkarlar azadlıqda, yüksək dövlət vəzifələrində, Müdafiə Nazirliyi və Hərbi Prokurorluq kimi dövlətin dayağı olmalı olan qurumların rəhbərliyində yox, həbsxanalarda olmalıdılar. Biz israrla buna nail olmağa çalışacağıq ki, 200-dən artıq mənəvi və fiziki işgəncələrə məruz qalmış hərbçimiz, 14 nəfər qətlə yetirilmiş əsgərimiz rəsmi qaydada bəraət alsınlar və onlardan üzr istənilməklə yanaşı, onlara həm də maddi kompensasiya ödənilsin. Halbuki, həmin o işgəncələrin nətcələrinin hansısa kompensasiyalarla aradan qaldırmaq mümkün olduğunu düşünmürük. Biz əlimizdə olan bütün faktları cəmiyyətin diqqətinə çatdıracağıq ki, insanlar bilsin ki, saxta ittihamlarla kütləvi həbslər ərəfəsində həmin Ramil Əkbərov Prezident Administrasiyasının təkidilə işdən kənarlaşdırıldıqdan sonra Nəcməddin Sadıkov cəmi bir neçə gün ərzində onun bərpasına kimin vasitəsilə, niyə və necə nail olubdur? Məgər bu faktın özü göstərmirmi ki, Azərbaycan Orudusuna qarşı bu cinayət əvvəlcədən planlaşdırılmış olub?
Hələlik isə son sualımız budur: cinayətkar əmri vermiş hərbi prokurur Xanlar Vəliyevin, Nəcməddin Sadıkovun, Zakir Həsənovun rəhbərlik etdiyi silahlı qüvvələrlə ölkənin təhlükəsiliyi, onun ərazi bütövlüyü təmin oluna bilərmi? Bu sualın cavabı isə hər kəsə məlumdur.
P.S.: Son günlər Azərbaycan Ordusuna qarşı bu ağır cinayəti törədənlər mediada əks-kampaniyaya başlayıblar. Adını "hərbi ekspert", "hərbçilərin hüquqlarının müdafiəçisi" qoymuş və "... son vaxtlar bir sıra elektron media resurslarında və sosial şəbəkələrdə bəzi valideynlərin Müdafiə Nazirliyini, Respublika Hərbi Prokurorluğunu hədəfə alan, yalan dolu müraciətləri və şərhləri geniş yayılmağa başlayıb..." kimi iddialarla çıxış edənlərə xarıtlatmaq istərdik ki, ağır dövləti cinayət törətmiş şəxsləri istənilən şəkildə müdafiə edənlər onların cinayətlərinə şərik çıxmış olurlar. Bir də, bunu unudanlara xatırlatmaq istərdik ki, orduda zabit şərəfi deyilən bir anlayış var. O, varsa əlbəttə...
(Davamı var)
Tuesday, March 26, 2019
Yaxın Şərq: Barıt çəlləyi partlayacaqmı?
Martın 25-də ABŞ prezidenti Donald Tramp 1967-ci ildən İsrailin işğal altında saxladığı və 1981-ci ildə İsrail parlamentinin (Knessetin) müvafiq qanun qəbul edərək, birtərəfli qaydada İsrail ərazisi kimi tanıdığı, əslində isə Suriyaya məxsus olan Colan Yüksəkliklərini İsrail ərazisi kimi tanımaq barədə sənəd imzaladı. Bu başdan qeyd edim ki, ABŞ prezidentinin ilk belə qanunsuz qərarı olmayan bu "tanıma" sürpriz deyildi, çünki Tramp və onun komanda üzvləri bu haqda artıq xeyli əvvəl dəfələrlə anons vermişdilər. Məsələnin həm qanunsuz, həm də ədalətsiz olmasını xüsusi vurğulamağa ehtiyac olmadığından, bu yazımda onun başqa aspektlərinə və mümkün nəticələrinə toxunmaq istərdim. Amma öncə ABŞ-ın qeyri-ordinar prezidentinin bir sıra eyni xarakterli qərarlarını da xatırlamaq burda tam yerinə düşərdi. Bir qədər əvvəl D. Tramp özünü ölkə prezidenti elan eləmiş Venesuela Milli Assambleyasının başçısı Xuan Quaydonu da prezident kimi tanımışdı. Ondan əvvəl isə ABŞ prezidenti Fələstinlə bağlı beynəlxalq sazişlərə tam zidd olaraq Qüdsü (Yerusəlimi) İsrailin paytaxtı kimi tanıyaraq, ABŞ səfirliyinin ora köçürülməsinə də qərar vermişdi. Bundan əlavə, prezident İranla 6 aparıcı dövlətin imzaladığı İranın nüvə proqramına dair sazişdən ABŞ-ın birtərəfli qaydada çıxmasına qərar vermişdi. Gördüyümüz kimi, prezident Tramp özünün ilk növbədə düşünülməmiş kimi görünən qərarları ilə dünyanın müxtəlif bölgələrində sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır. Amma zənnimcə "düşünülməmiş kimi" dəyərləndirməsi heç də dəqiq olmadı. Odur ki, məsələnin arxa planına, onun görünən və ilk baxışdan görünməyən səbəblərinə diqqət yetirmək yerinə düşərdi.
Bunun üçün Trampın necə və hansı şəraitdə prezident seçilməsi ilə bağlı bir sıra detalları yenidən xatırlamalı olacağıq. Hələ o zaman ABŞ siyasətində onillər ərzində formalaşmış və oturuşmuş siyasi etiketi və korrektliyi ən ağlasığmaz davranışlarilə və ən kobud şəkildə pozan namizəd Trampa demokratik dünya liderləri öz neqativ münasibətini gizlətmirdilər. Lakin elə həmin dövrdə onu tam açıq da olmasa dəstəkləyən məhz İsrailin indiki Baş naziri Benyamin Netanyahu idi ki, onun yaxın dostu və tərəfdaşı sayılan yəhudi əsilli Amerika milyarderi Natan Adelson da namizəd Trampın əsas sponsorlarından biri idi. Netanyahu Tramp prezident seçildikdən sonra Vaşinqtona səfər edərək, hələ vəzifəsinin icrasına başlamayan yeni ABŞ prezidenti ilə görüşən ilk xarici dövlət və hökumət başçılarından idi. Amma iki şəxsin münasibətlərində ən maraqlı mərhələ Tramp səlahiyyətlərinin icrasına başlayandan həmən sonra baş verdi. Yeni ABŞ prezidentinin İsrailin Baş naziri ilə yaxın şəxsi münasibətlərdə olan kürəkəni Cared Kuşner Ağ Evə Baş məsləhətçi, Ceyson Qrinblatt prezidentin müşaviri, beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndə və David Fridman isə ABŞ-ın İsraildəki səfiri təyin olundu. Xatırladım ki, hər 3 şəxs İsrailə xüsusi yaxın münasibəti ilə seçilməklə yanaşı, həm də ABŞ-ın Trampı dəstəkləyən mühafizəkar yəhudi kəsiminə mənsubdur. Onları birləşdirən digər ümumi bir cəhət isə ixtisasca hüquqşünas olan hər 3-nün bir gün də olsun siyasi fəaliyyətinin olmaması idi. İş o yerə çatdı ki, bir qədər sonra ABŞ prezidentinin administrasiya rəhbəri (artıq keçmiş) Con Kelli prezident Trampın kürəkəni baş müşaviri Jared Kuşnerin "tam məxfi" məlumatlara çıxış imkanını məhdudlaşdıraraq, "məxfi" dərəcəsinə endirdi. Təbii ki, onun İsrail rəhbərliyilə xüsusi yaxınlığına görə. Prezident Trampın yuxarıda qeyd etdiyim qərarlarına bu 3 şəxsin və onların təmsil etdiyi kəsimin təsirinin olmasını isə görməmək mümkün deyil. Məsələn, adətən üzə çıxmağa xüsusi həvəsli görünməyən Ceyson Qrinblatt Colan Yüksəkliklərilə bağlı məlum sənədin imzalanması ərəfəsində Colanın İsrailin mövcudluğu üçün həyatı əhəmiyyət kəsb etdiyini bəyan etdi. Devid Fridman isə öz bəyanatları ilə hətta israillilərin də böyük bir hissəsində ciddi qıcıq doğurur. Bu qıcığın səbəblərindən biri də onun İsrailin daxili işlərinə kobud müdaxilə edərək, Baş nazir Netanyahunu açıq dəstəkləməsidir. Amma bütün bunlar necə deyərlər, aysberqin yalnız görünən hissəsidir. Məsələni bir qədər də dərindən anlamaq üçün bəzi məqamları vurğulamağa ehtiyac var. Belə ki, ABŞ yəhudilərinin liberal hissəsi (sorğulara görə təxminən 80% qədəri) adətən Demokratlar partiyasına səs verir. Qalan mühafizəkar 20% isə Respublikaçıların stabil elektoratı sayılır. Burdan belə qənaətə gəlmək olar ki, ABŞ-ın İsrailə yönəlik siyasətinə bu gün əsas təsir edən həm də mühafizəkar yəhudi kəsiminin nümayəndələridir ki, onlar da birmənalı olaraq İsrail siyasətində sağ radikal "Likud"u və onun indiki lideri Benyamin Netanyahunu dəstəkləyirlər. Bu səbəbdən də həmin kəsimi narahat edən məqamlardan biri aprelin 9-da İsrail Knessetinə keçiriləcək seçkilər ərəfəsində Benyamin (Bibi) Netanyahunun və onun partiyasının reytinqinin ona müxalif olan mərkəzçi "Mavi və Ağ" koalisiya və onun lideri Benyamin (Benni) Qantsla müqayisədə daha aşağı olmasıdır. Korrupsiya ittihamları ilə üz-üzə qalan Bibi seçkilərdə qalib gəlmək üçün hətta faşist yönümlü kimi tanınan "Otzma Yehudit"lə (Yəhudi gücü) koalisiyaya getməli oldu ki, bu da ənənəvi olaraq İsrailin daxili siyasətinə qarışmayan Amerika Yəhudi Komitəsi (AJC) və Amerika-İsrail İctimai Əlaqələr Komitəsi (AIPAC) kimi ABŞ lobbi təşkilatlarını da xüsusi bəyanat verməyə məcbur etdi.
Beləliklə, gördüyümüz kimi, istər ABŞ-dakı, istərsə də İsraildəki mühafizəkarlar Baş nazir olaraq yenidən B. Netanyahunu görmək istəyirlər və məhz bu (amma tək bu yox) səbəbdən də Tramp administrasiyasına təsir edərək yuxarıda qeyd etdiyim qanunsuz qərarların qəbuluna nail olurlar. Dünənki qərarı isə D. Tramp Ağ Evdə B. Netanyahu ilə görüşü zamanı elan etdi. Mühafizəkarlar bir tərəfdən vaxtilə İsrailin işğal etmiş olduğu Fələstin və Suriya ərazilərinin ilhaqını faktiki olaraq leqallaşdırmağa çalışırlar, digər tərəfdən isə İsrail dövlətinin özünü mühafizəkar-dini modelə çəkirlər. Bu məsələdə təbii ki, onlar tək deyil və Tramp administrasiyasında bir neçə mühüm posta sahib olan "neokon" (yeni konservator) qruplaşması ilə sinxron fəaliyyət göstərirlər. Bu mənada, Trampın dünənki "tanıma" aktı ərəfəsində qruplaşma üzvlərindən olan dövlət katibi Mayk Pompeonun Yaxın Şərq ölkələrinə səfəri heç də təsadüfi deyildi. Livana və Küveytə səfərinin ardınca İsrailə baş çəkən Pompeonun "Purim" yəhudi bayramı ərəfəsində verdiyi bəyanat da spontan sayılmamalıdır: "Bir xristian olaraq, mən inanıram ki, İlahim prezident Trampı yəhudi xalqını iranlılardan qorumaq üçün yollayıb". Necə deyərlər, No comment.
Lakin burda bir incə məqam da var: Netanyahuya olan xüsusi münasibət və dəstəyin əks effekt verə biləcəyi də istisna deyil. Yuxarıda qeyd etdiyim kimi, israillilər ölkələrinin daxili siyasətinə müdaxiləni sevmirlər və bu, ABŞ-ın müdaxiləsinə də aiddir.
Bütün bu addımların bir məqsədi də bölgədəki ənənəvi tərəfdaşı və NATO müttəfiqi olmuş Türkiyə ilə münasibətlərinin əsaslı şəkildə soyumasından sonra ABŞ-ın Yaxın Şərqə öz təsirini artırmaq üçün Misir-İsrail-Səudiyyə Ərəbistanı hərbi-siyasi alyansı yatarmaq istəyi ola bilər ki, bu halda da həmin ölkələrin gücləndirilməsi zərurəti aktuallaşır. Digər bir məqsəd isə bununla Həması, Hezbollahı və son nəticədə də İranı münaqişəyə cəlb etməkdən ibarət ola bilər.
Amma Tramp administrasiyasının bu qərarları hər bir halda beynəlxalq hüquqa, müqavilələrə və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə qarşı olmaqla yanaşı, həm də kifayət qədər ciddi presedentlər ola bilər:
1.Belə ki, bu gün ABŞ və Avropa tərəfindən Rusiyaya tətbiq olunan sanksiyaların əsas səbəbi kimi onun Ukraynanın ərazi bütövlüyünü pozması və Krımı ilhaq etməsi göstərilir. Trampın Colan Yüksəkliklərini İsrail ərazisi kimi tanıması isə hüquqi baxımdan Rusiyanın Krımı ilhaqından daha qanunsuz addımdır. Krımda ən azı yalandan da olsa referendum keçirilmişdi.
2. Bu qərarlar ərazi və xüsusilə də etnik-ərazi münaqişələri, işğal altında torpaqları olan ölkələr üçün xüsusi siqnaldır. O cümlədən də Azərbaycan üçün, çünki heç bir qanuna, ölkələrin suverenliyinə məhəl qoymayan ekssentrik (daha dəqiq desək, başıpozuq) hansısa prezidentin və ya onun ölkəsinin belə münaqişələrdən öz siyasi və geosiyasi məqsədləri üçün istifadə edərək nələrisə, kimlərisə "tanıya" biləcəyi istisna deyil.
3. Venesuela məsələsində Tramp administrasiyasının atdığı addım legitimlik problemi olan bir çox hökumət və dövlət başçılarını anti-Amerika düşərgəsinə sığınmağa sövq edəcək. Belə tendensiyalar isə artıq özünü göstərməkdədir.
4. Bu addımlar ABŞ-Avropa münasibətlərinə də öz neqativ töhfəsini verməkdədir. D. Tramp öz qərarını hələ elan etməmiş Avropa liderləri bunun qanunsuz olduğunu bildirdilər.
5. Onların ABŞ-ın daxili siyasətinə mənfi təsiri də qaçılmaz olacaq və demokratlarla respublikaçılar arasındakı uçurum bir qədər də dərinləşəcək.
6. Nəhayət, Tramp administrasiyasının son addımı ərəfəsində İran, İraq və Suriya Müdafiə nazirlərini Dəməşqdə keçirilən görüşü, bunun ardınca da Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Dəməşqə səfər edərək, Bəşər Əsədlə danışıqlar aparması da nəzərdən qaçmamalıdır. Suriya ərazisində öz hərbi-strateji infrastrukturunu qurmuş Rusiya və xüsusilə də İranın bütün bu məsələlərdən Yaxın Şərqdə öz mövqelərini gücləndirmək üçün istifadə etməyəcəyinə heç bir təminat yoxdur. Bu isə öz növbəsində Yaxın Şərq "barıt çəlləyinin" partlamasına qədər gedə bilər.